Super User

Super User

Çərşənbə axşamı, 09 Sentyabr 2025 13:34

MARAQLI SÖHBƏTLƏR Habil Əliyevlə Arif Babayevin əhvalatı

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu maraqlı və gülməli söhbəti Habil Əliyev edibdir.

Elə gəlin onun dilindən eşidək:

 

Arif Babayevlə rayona toya getmişik. Bir nəfər Arifə "Ana ürəyi"ni sifariş verdi. Arif dedi ki, o mahnını bilmirəm. Dedi ki, bəs sən xanəndə deyilsən? Arif dedi ki, xanəndəyəm, amma "Ana ürəyi"ni bilmirəm.

O məclisdən çıxıb başqa bir rayona toya getdik. Yenə bir nəfər yaxınlaşıb "Ana ürəyi" sifariş verəndə, Arif dedi ki, Habil, bir segah köklə.

Məəttəl qaldım. Axı bu, onu oxuya bilmirdi.

Başladım ifaya. Hiss eləyirdim ki, Arif mən tərəfə baxmır, qavalın dalında gizlənir. Bu "Ana ürəyi"ni də kim yazıbsa... orda deyilir ki, payız axşamıydı, yağış yağırdı. Nəysə bir oğlan anasının ürəyini çıxarır, yolda ayağı ilişir, yıxılır. Ananın ürəyi dilə gəlir ki, ayağın ağrımadı? Belə bir yöndəmsiz əhvalatdı.

Arir başladı oxumağa ki, payız axşamıydl, oğlan yıxıldı, ananın ürəyi dedi ki, ayağın ağrımadı? Mahnıdan bixəbər idim, məəttəl qaldım ki, hansı ananın ürəyi?

İndi məni bir gülmək tutdu, oturduğum yerdə axıb gedirdim. Camaat da başa düşmürdü ki, mən niyə gülürəm.

Mənim gülməyim Arifi də çaşdırdı.

Nə isə. İfa tamamlandı.

Yerdən bir ağsaqqal kişi dedi ki, ay kamança çalan, o oğlan gül kimi oxuyurdu, nə oldusa sən güləndən sonra oldu.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

Çərşənbə axşamı, 09 Sentyabr 2025 13:03

Onu çoxunuz tanıyırsınız, Spartakı, yəni Füzuli Hüseynovu

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, elə bircə rolu bəs edər onu tanımağa. Azərbaycan kinosunun ən kütləvi baxış qazanan “Təhminə” filmində o, Spartak obrazını yaradıbdır.

Söhbət Azərbaycan Respublikasının əməkdar artisti Füzuli Hüseynovdan gedir.

 

Füzuli Hüseynov 9 sentyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə görülüb.

Burada çalışdığı illər ərzində F. Hüseynov bir çox müxtəlif janrlı əsərlərdə maraqlı obrazlar yaratmaqla, öz istedadını büruzə verib. O, V. Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, İ. Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, F. Q. Lorkanın "Qadın faciəsi"ndə Viktor, Anarın "Təhminə və Zaur"unda Spartak, S. Rəhmanın "Yalan"ında Şamil, N. Xəzrinin "Gecə döyülən qapılar"ında Səfər, V. Şekspirin "Kral Lir"ində Edmond kimi sanballı rollar silsiləsi yaradaraq, tamaşaçı rəğbətini qazanıb, onun sevimli sənətçisinə çevrilib.

Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F. Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə də çəkilib. "Təhminə"dəki Spartakı qeyd etdik, bundan əlavə, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.

 Azərbaycan Televiziyasında çəkilən ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Sonuncu şahid", "Kimdir haqlı?" və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər, və ən başlıcası, yaradıcılıq imkanlarının çoxşaxəliyini aça bilib.

Sonralar səhhəti ilə bağlı F. Hüseynov sənətdən ayrı düşüb, lakin 2004-cü ilin aprel ayından yenidən Akademik Milli Dram Teatrına qayıdıb. N. Hikmətin "Yusif və Züleyxa"sında Yusif, V. Şekspirin "Antoni və Kleopatra"sında Antoni obrazlarını, M. Fərzəlibəyovun quruluşunda hazırlanmış "Misir gecələri" tamaşasında oynayıb. 9 dəfə Prezident mükafatına layiq görülüb.

 

Filmoqrafiya

1. Bəyin oğurlanması

2. Cavid ömrü

3. Qapalı orbit

4. Qızlar

5. Qisas almadan ölmə. Keçmişdən məktublar

6. Müqəddəs oda yanaram

7. O dünyadan salam

8. Satko

9. Sənsiz

10. Sirr

 

Teatr səhnəsindəki rolları- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

1. Teleskop

2. Generalın son əmri

3. Sinif yoldaşları

4. Sənsiz

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

Çərşənbə axşamı, 09 Sentyabr 2025 12:34

ŞEİR SAATI- Pərviz Axundun şeirləri

“Ədəbiyyat və incəsənət” portalı Şeir saatı rubrikasında sizlərə Pərviz Axundun şeirlərini təqdim edir.                                               

 

 

NAHAQDA SAXLAYIRSAN

 

Yeri gəlməmişkən, deyim: Darğınam sənə, Tanrım,

İstədiyim nəsnələri uzaqda saxlayırsan.

Yağan həsrət yağmurundan illər doldu, boşaldı,

Heç demədin, vüsalımı nə vaxta saxlayırsan?

 

Heç demədin, nə yaşandı, nə haldayam – sormadın,

Çarxı dönmüş gərdişində canımı az yormadın,

Ruhun yüksələn yerində bir dayanıb durmadın,

Elə ki ruhdan düşəcəm, qabaqda saxlayırsan.

 

Ötən günlər xəyalıma eyni rəngdə yansıdı,

Axtaranda bilmədim ki, yaxşı günüm hansıdı.

Nə qatdın ömür payıma, ağzım zəhər tamsıdı?!

Çəkdirdiyin hər acını damaqda saxlayırsan.

 

Bu görünən Axund deyil, o vaxtkından qalıqdır,

Uzağa getmiş olmaram, hələ sözüm ilıqdır.

İlahi, söndür ömrümü, bu nə israfçılıqdır?!

Haqqa varan qafiləmi nahaqda saxlayırsan.

 

 

KÖHNƏ DOSTLARA

 

Nə qədər dost-tanışla yollarımı ayırdım,

Bəzən də öz yanından çoxları çıxdı getdi.

Kimisi razı qaldı söhbətimdən, sözümdən,

Kimisi yoldan oldu, boşuna vaxtı getdi.

 

Yaxınım bildiklərim durub baxınca gendən,

Qapqara saçımın da rəngi dəyişdi dən-dən.

Üzünə güldüyüm yar üzün döndərdi məndən,

Əlini sıxdığım dost qəlbimi sıxdı getdi.

 

Ağrı elə ağrıdır – ya böyükdür, ya xırda,

Yaşananlar insanı qaldırır da, yıxır da.

Baxarsan, keçmişindən kimsə gəldi axırda

Və bütün günahları üstünə yıxdı getdi...

 

 

TƏKİ GƏLƏSƏN

 

Gözlərimin qabağında

Sərili qoyub getdin

Səbrimi kəsən yollarını.

Ya mən yığım gözlərimi,

Ya sən – yollarını.

 

Nə olsun ki, səni sevirdim,

Nə olsun ki, sevirdin məni.

Bir qış günü

Ömrümü çıxarıb çiyninə atdım,

Bir yay günü

Astar üzə çevirdin məni.

 

Nə olar ki,

Hər gün ölüb-dirilməyimə

Bir az şərik olasan –

Sən də bir az öləsən.

Səni lənətə gələsən,

Təki gələsən.

 

 

CANIN SAĞ OLSUN

 

Sən gedəli açılmadı

Eynim, canın sağ olsun.

Düşünməkdən burxulubdur

Beynim, canın sağ olsun.

 

Ayrılığın əynimə

Biçilməsi dərd deyil,

Biçilibdir ayrılığa

Əynim, canın sağ olsun. 

 

Olan olub, şirin sözüm,

Girək eşqin təkinə,

Görək kim qorxub çəkinə...

Tablaşmazsa qəm yükünə

Çiynim, canın sağ olsun...

 

Gözləmədən yasaq eşqin

Çulğadı hardan məni?!

Tez-tez ilğımtək görünüb –

Yox oldun, yordun məni.

SOL yanımdan vurdun məni,

Neynim, canın SAĞ olsun.

 

 

SƏN VƏ MƏN

 

Səndən hicran yolu başlar,

Dolanıb da keçər məndən.

Yazdığım eşq məktubunu

Dimdiyindən salar quşlar,

Atıb qaçar, qaçar məndən.

 

Bir ağacam dərd bağıma,

Bərkimişəm torpağıma.

Toxunarsan budağıma,

Qarğa-quzğun uçar məndən.

 

Əcəl kəsdirib yanımı,

Tələsir alsın canımı.

Bir tərəfdən də həsrətin –

Başına çəkib qanımı,

Qurtum-qurtum içər məndən.

 

Halal yaşadım, ya haram,

Geriyə dönüb baxaram.

Mən talan olmuş mahalam,

Ağır ellər köçər məndən.

 

Daha vaxtdır, geyin, gedək,

Gedənlərdən yeyin gedək.

Köhnə evin divarları

Göydən-yerə cadarladı,

Təzə mənzil deyib gedək –

Qıfıl səndən, açar məndən.

 

 

SƏNƏ DAİR

 

Siqaret qutusu üstündə

Bir şeir başladım

Sırf sənə dair.

Üstəlik,

Üfüqlərə sancılan baxışlar-filan –

Şair-şair…

 

Bir şeir ağladım "west" qutusuna

Gecənin bu şər vaxtında.

Təki sənin hər vaxtın xeyir olsun,

Gözəl gözlüm, hər vaxtın xeyir.

 

Mənə sərf etməyəcək

Nyutonun qanunları,

Bilirəm, amma

Qəfil yadıma düşdün.

Yadıma elə düşdün ki, alma yanaqlım,

Bir şeir kəşf etdim sənin adına

Və öz qanunlarımı yazdım

Nyutonun inadına.

 

Siqaretin dumanında

Bir şeir başladım sənə dair,

Başladım, bitirə bilmədim

Və sair...

 

 

QƏNDİL OLASAN

 

Dünyanın dərdinə ağlayan ola,

Sənsə dərd əhlinə həmdil olasan.

Saraylar köşkündə boyun büküncə,

Qaranlıq damlara qəndil olasan.

 

Dərziyəm, gödəkdir iynədən sapım,

Üryan əyinlərə açıqdır qapım.

Özünü asasan bir kəndir tapıb,

Ya da birasımlıq kəndir olasan.

 

Yığ saxla özündə, sənə nə dəysə,

Qaç qurtar əllərdən, yaxan yedəksə.

O üzü görməzsən, boyun gödəksə,

Gərək hər əngəldən hündür olasan.

 

 

DÜŞMƏZ

 

Ox atsam bir ümid deyib,

Daşdan keçib ora düşməz.

Tor qursam, səndən gələsi

Bir baxış da tora düşməz.

 

Kimsə tapılmaz soruşum –

Harda qalıb ağlım, huşum.

Elə qarışıb ki başım,

Ömür, billah, vərə düşməz.

 

İstəmirəm, al bu dərdi,

Dərdini çəkmək hədərdi.

Məndə bundan o qədərdi –

İynə atsan, yerə düşməz.

 

 

HƏYAT QƏMLİ ZÜMZÜMƏDİR

 

Haqq yolunda nökər bəndə

Şah gedər haqq dərgahına.

İnsan gah qalar ərafda,

Gah gedər haqq dərgahına.

 

Gələn, gedən kimdir, nədir?..

Mədət umma, kim kimədir?!

Həyat qəmli zümzümədir,

Ah gedər haqq dərgahına.

 

Uyar olduq batilə biz,

Cahilə biz, qafilə biz.

Axund, ömür qafiləmiz

"Nah" gedər haqq dərgahına.

 

 

TANRININ YOLU DÜZ QALAR

 

Dillə dişin arasında

Neçə mənalı söz qalar.

Ötən günün arxasınca

Həmişə iki göz qalar.

 

Dərdi, qəmi görürsən də,

Biri məndə, biri səndə.

Əyri-əyri yerisən də,

Tanrının yolu düz qalar.

 

Neynim, haqqı başa düşmə,

Ömür çürüt əyri işlə.

İnanmıram, bu gedişlə

Səndən dünyada iz qalar.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR

 

VARİS

 

QAR YAĞMASIN...

(Hekayə)

 

Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.

                                                             Helen Keller

 

Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər içində oyanması var idi. Üstünə şığıyan nəhəng tank qabağına qatıb onu bağrı yarılınca qovduğundan, özünü salamat görəndə “şükür” deyib Allaha dua edərdi. Amma bu gecəki yuxusu daha dəhşətli alınmışdı, uğultu qoparan zirehli maşın onu haqlayıb altına almış, tikə-parça etmişdi, həmin bu tikə-parçalar havada qan axıda-axıda uçuşur, sanki rəqs edirdilər.

Ayılandan sonra daha yata bilməmişdi. Pəncərənin zülmət qaranlıq rəsmi işıq naxışlarıyla əvəz olundu nəhayət ki.

İşdən bir günlük icazə almışdı. Müdirinə demişdi, sabah rəhmətə gedənimin ildönümüdür, rayona gedib qəbrini ziyarət eləyəsiyəm. Müdir bir kəlmə “Kimdir ki” sualını verəndə “Doğmamdır” cavabını ünvanlamışdı. Müdir də daha dərinə getmədən “Get, Allah rəhmət eləsin” söyləmişdi. Amma hər halda, ardınca “Məktubları çox da nəzarətsiz qoyma” tapşırığını da vermişdi.

Məvacibi aşağı olsa da işindən razıydı, şirkətə gələn məktubları saf-çürük edər, üç yerə bölər, sonra da ən əhəmiyyətliləri barədə xülasəni müdirinə çatdırardı, müdiri də kefi düşəndən-düşənə dördqat buxağına sığal çəkə-çəkə tərif və təkliflərin bəzilərinə, öz aləmində ən tutarlılarına, cavab verərdi, şikayətlər isə üzü qara halda qara zibilqabına tullanardı. N.İ.-nin fikrincə, məktublar sözlərdən xeyli kəsərlidirlər. Sözü deyirsən, keçib gedir. Tutalım, biri səni sözlə yamanladı, bir tərs sillə kimi dəyib getdi. Məktubsa daha uzunmüddətli təsir gücünə malikdir. Ta ki məhv etməyincə dəfələrlə gözünə soxulub səni incidə bilər.

İşini çox sevir, necə də olmasa çörək ağacıdır. Müharibə qurtarandan bura düzəlib. Bir qolu olmadığından bu cür yüngül iş lap göydəndüşmədir onunçün. Yeganə narahatçılığı bir diliqurumuşdan eşitdiyi “elektron məktublar kağız məktubları sıradan çıxaracaq” kəlmələridir, “görəsən haçan” müəmması ilə baş-başa qaldıqca üzülür.

Evdən ertədən çıxmalıydı, beş yaşlı oğlunun başını tumarladı, növbəti dəfə içindən inilti qopdu. İtirirdisə, barı az işlək olan sol qolunu itirərdi. Nə etmək istəyirsə, qeyri-ixtiyari, on iki santimetrlik çıxıntıdan ibarət sağ qolu irəli atılır...

Həyat yoldaşına bir az xərclik verdi, dedi, rayona gedirəm, il mərasiminə, evə ayın-oyunu özün alarsan, ağ köynəyimi də ütülə.

Həyat yoldaşı onun əsəbi olub da bəzən boş yerdən bomba kimi partlamasına vərdiş etdiyindən, kimin yas yerinə getdiyini soruşmadı, “əlbət, iş yoldaşlarından kiminsə nəyidirsə ölən” düşünərək “sağ-salamat” söylədi. Və paltar dolabından ağ uzunqol köynəyi götürüb ona ütü çəkməyə başladı. Köynəyin sağ qoluna keçəndə qadının doluxsunması, dodağının səyriməsi N.İ.-nin gözündən yayınmadı.

Kədər bəzən insanın üzündə olur, bəzən içində. Üzdəki anidir, içdəkisə daimi.

O, əslində həyat yoldaşının xətrini istəyirdi, üstünə qışqırması da özündən asılı deyildi. Bir sinifdə oxumuşdular, elə ilk dərs günündə əsmər bənizli bu qızdan xoşu gəlmişdi. Evlənəndə Leyli və Məcnun sevgisiylə evlənmiş, müharibəyədək tək balalarını bəxtəvərlik içində böyüdərək bir-birinə can deyib can eşitmişdilər. Elə ki müharibəyə getdi, ağır yaralanıb, qolunu da itirib geri döndü, sanki tamam başqa birisi oldu. Əsəbi, səbirsiz, deyingən...

Oğlu idi, salamat qolunu dartırdı. “Mənə avtomat alarsan” deyə arzusunu dilə gətirdi. Avtomat?  Elə bil, N.İ.-nin üzünü qarsıya-qarsıya bir alov keçdi. “Yox, avtomat yox, sənə maşın alacam!”, - dedi. Çox ucadan dedi. Təmirsiz divarın suvağından bir parçanın qopub düşməsi ilə telefonunun mesaj siqnalı bir-birini necə tamamladısa, öz səs tembrinə təəccüblənməyə macal tapa bilmədi.

Əmin idi, yazan həmin o əcnəbi araşdırmaçı jurmalist xanımdır, o qır-saqqızdır.

“Axı necə bir hissdir, sap-sağlam gedirsən, bir əzanı – özü də ən vacib əzanı itirib gəlirsən? Və heç şikayətlənmirsən? Bunun psixoloji şərhini açın, çox xahiş edirəm. Tutuquşu kimi təkrarlamayın amma, “vətənə borcumu verirdim” kəlmələri mənə əsla səmimi görünmür...”

Səs yolladı: “Mən tam səmimiyəm”.

Həyat yoldaşının “yenə odur” sualına başını tərpətməklə cavab verdi, qapıdan çıxhaçıxda gözü divara vurulmuş rəsmə sataşdı. Ev sahibinin dediyinə görə, rəsmi rəssam əmioğlusu çəkmişdi. Qışın bəyaz qar örtüyünün hökmranlığı altında daxma və bir neçə şam ağacı olduqca bəxtəvər görünür. Günəşin şəfəqləri qar hüdudsuzluğunda əks-səda verməkdədir... Hər kimdisə, bərəkallah, gözəl çəkmişdi.

Dərindən düşündükcə anlayırsan ki, sevdiklərindən başqa, hansısa bir canlı olmayan əşyanı, cismi də sevirsən. O da qarı sevirdi. Bəlkə də, dünyaya qarlı gündə gəldiyindən, bəlkə də bir vaxtlar qarın üzərinə uzanıb səmanın hüdudsuzluğuna baxdıqca xoşbəxtlik duyduğundan idi bu. Qar yağdımı, heç nə onu qəhvəyi rəngli meşin əlcəklərini taxaraq qarı topalayıb qar adamı düzəltməkdən, qartopu oynamaqdan saxlaya bilməzdi. Hətta müharibə zamanı da qarlı ərazidən keçid edəndə hamının təəccübünə rəğmən qarın üzərinə atılıb qar adamı düzəltdiyi, əsgər yoldaşlarına qartopu atdığı olmuşdu...

Kəsik qolu sızıldadı.

...Qarabağ səmtə gedən avtobuslar çox seyrək hərəkət edir. Avtovağzala çatıb xeyli gözlədi, sonra daha gözləyə bilməyib bədxərclik elədi: bir boş yeri qalmış yol maşınına mindi. İli xeyli köhnə olan dördgöz idi.

Gözlərini yumdu.

Ötən il birinci ildönümündə qəbristanlığa getməsini xatırladı. Onda getmək daha məşəqqətli idi. Necə çətinliklə icazə almışdı, neçə saat nəqliyyat gözləmişdi, yoxlamaları necə zülümlə adlayaraq gedib mənzil başına çatmışdı. Məzarın sinədaşı əvəzi qoyulmuş mişar daşını silib təmizləmişdi, ot-ələfi, tikanları yolub bir kənara atmışdı...

Gecə yuxusuzluğu özünü göstərirdi. Bir anlıq mürgülədi. Yenə üstünə zirehli maşın şığıyanda necə dik atıldısa yanında əyləşmiş orta yaşlı kişini də səksəndirdi.

Başını qatmaq, yolun uzunluğunu gödəltməkçün istədi yol yoldaşı ilə söhbətləşsin. Zalım oğlunun sifətindən zəhrimar yağır. Beləsiylə kəlməmi kəsmək olar? Fikrindən daşınıb gələcək haqda düşünməyə başladı. Özü heç, özü yazılıb qurtarmış, nöqtəsi qoyulmuş məktub kimidir. Oğluyla bağlı düşündü. Onu mahir bir güləşçi eləmək, çempion kürsüsündə görüb qürrələnmək ən böyük arzusuydu. Arzu çox böyük olmalıdır ki, özünə də yetməsən, barı həndəvərində daldalana biləsən.

Özü vaxtı ilə çox ümidverici güləşçi olmuşdu. İç yarışları da qazanmışdı, dış yarışlarda da uğurları az olmamışdı. Medallarını, kuboklarını, diplomlarını evin bir küncünə düzüb fəxrlə nümayiş etdirərdi. Müharibədən yarıcan qayıtdıqdan sonra hamısını dolaba basıb gizlətdi. Bədbəxt olduğu düzəngahdan xoşbəxt olduğu zirvəyə baxmaq insanı çox incidər.

“Naşükür olma. Buna da şükür de. Özündən yaxşıları görüb dərd çəkməkdənsə özündən betərləri görüb ovun. Tetraameliya deyilən bir xəstəlik var, insan anadangəlmə əllərsiz və ayaqlarısz olur...” Həyat yoldaşı bir dəfə onu zorla psixoloq yanına aparmışdı, bunları psixoloqdan eşitmişdi.

 “Britaniyalı Rik Allen tək əllə mahir zərb alətləri ifaçısı, alman Klaus Ştauffenberq tək gözlə məşhur sərkərdə, rus Aleksey Meresyev hər iki ayağı olmadan as təyyarə pilotu olub. Avstraliyalı Nik Vuyçiç isə hər iki ayağı və hər iki əli olmadan xarici ölkələri gəzib, kitablar yazıb, üzüb, dünyanın ən uğurlu motivasiya kouçu olub...” Bunları da.

Üçyolda dayandılar. Sürücü elan etdi ki, kim istəyir çay içsin, kim istəyir gedib təlabatını ödəsin, amma iyirmi dəqiqəyə çıxasıyıq.

Bir tərəfi bürüşmüşdü, maşından düşdü, var-gəl elədi. Susuzlamamışdı əsla, di gəl, susatan oğlanın suyu şirin gəldi, eynən rəhmətlik qardaşına oxşatdı onu. Müharibəyə hər ikisi birlikdə, könüllü getmişdilər. Bu, yalnız müharibə qurtarhaqurtarda yaralandı, ora kimi gedib çıxa bildi. O yazıqsa on günün əsgəri oldu, səngərdən çıxarkən snayper gülləsinə tuş gəldi. Müharibənin öz qanunları var. Silah açılmağa bir an yubansa, daha əsgər əlində deyil, torpaqda - şəhid yanında atılıb qalasıdır.

Susatandan suyu alanda yenə salamat sol qolu gözünü döyüb qaldı, topal sağ qolu ondan qabaq irəli atıldı.

Bu qədər bənzərlikmi olar? Nə səbəbdənsə, qardaşıyla adaş olub-olmadığını yoxlamaq üçün susatanın adını da soruşdu. Yox, adaş deyildilər.

Qardaşı tələbəydi. Fizikanı mükəmməl bilirdi. Hətta ixtiralar da edirdi. Deyirdi, fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Deyirdi, orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.

N.İ.-nin yenə oğlu var, davamçısı var. Yazıq qardaşı heç evlənməyə belə macal tapmadı. Ailə qurmadan ölənlər tək özləri ölmür ki. Dünyaya gətirməli olduqları övladlarını da özləri ilə torpağa gömürlər. Həyat deyilən nəsnə əslində ən böyük zordur, doğulanda da sənin istəyin nəzərə alınmır, öləndə də. Hər şeyi sənin əvəzinə həll edirlər. Birini valideyinlərin, digərini əcəl.

“Siz səmimi deyilsiniz bu cavabınızla. Necə yəni, “Vətənə canım da qurbandır”? Bu pafos, bu taftalogiya nəyə lazımdır axı? İnsan canını - ən əziz mövcudiyyatını niyə versin? Əsaslandırın görək də. Bir fakt deyim. İkinci Dünya Müharibəsindən sonra Sovet şəhərləri müharibədən şikəst qayıtmışlarla doldu. Əllərini, ayaqlarını itirmiş bu insanların çoxu mövcud halları ilə daha heç kəsə lazım olmayacaqlarını sanıb evlərinə qayıtmır, bomj həyatı sürürdü. Medallarını sinələrinə düzüb küçələrdə dilənir, qənimət əldə etdikcə içkiyə verirdilər. Pulları azlıq eləyəndə vodka və samaqon əvəzinə “Troynoy” odekalon içirdilər. Onlardan kəsif tər, çirk, sidik  qoxusu gəlirdi...”

Yola düzəldilər.

“...Dövlət məxvi qərarla bir gecədə bütün ölkə boyu onların hamısını yığıb pasportlarını, hərbi biletlərini, orden və medallarını əllərindən alaraq Xarkovdakı, Krımdakı, Yerevandakı, Barnauldakı, Sibirdəki internat evlərinə doldurdu... Onları həm müharibə qəhrəmanı statusundan, həm də ümumən insan statusundan məhrum etdilər. Bu cür aqibətdən qorxmursuz yəni?...”

Bir kəlmə “Xeyr, qorxmuram” səsini atdı.

Az keçmiş işğal edilmiş ərazilərə - düşmənlə təmas xəttinə çatdıqca addımbaşı postlar başladı, yoxlanışlar səngimək bilmədi. Otuz il düşmən əsarətində qalmış yurd yerlərinin çox dəhşətli və miskin görünüşləri var. Dörd tərəf xarabalıqdı, damsız, qapı-pəncərəsiz divarlar əlsiz, ayaqsız, gözsüz əsgərlərdir sankı...

Qəbristanlıq şosse yoldan azacıq aralıda yerləşir, maşından düşən kimi torpaq yolla ora səmt aldı. Tez də səbirsizlənib kol-kosun arasıyla kəsə getməyə başladı. Belə baxanda, on addım da on addımdır.

...Çatdı.

Qara qarğalar qarr deyə-deyə qırıldaşır, yerə cumub təzədən fəzada qanad çalırdılar.

Ətrafa nəzər saldı. Ondan başqa daha bir nəfər vardı, hardasa iyirmi addım aralıda, bir məzarın qarşısında əlil ağaclarına dirənib dayanmışdı.

Burda məzarlar hamısı bir-birinin ekiz qardaşıdır sanki. Burda sərdabələr, bahalı-ucuz mərmərlər, qranitlər, dekorativ hasarlar, ağaclar, gül-çiçək fərqlilik yaratmır əsla. Bütün qəbirlər bir-birinin oxşarıdır: kiçicik bir qum təpəsi, üzərində dik qoyulmuş mişar daşı. Daşın üzərinə də sahibinin cızılaraq yazılmış adı.

Bu qadın usanmadımı yazmaqdan?

“Minetik rəqabətin fəlsəfi-antropoloji kateqoriyaları arasında qurbanvermə təzahürü xüsusi çəkiyə malikdir. Ümumən, insan cəmiyyətindəki mədəni institutların genezis problemləri daim olub və olacaqdır. Zira, sakral və profan dünyalar arasındakı vasitəçi kimi təkgözlü, təkayaqlı və təkqollu əcaib və qorxunc qəhrəmanların yaradılması...”

Gerisini oxumadı. Yadına Təpəgözün nağılı düşdü.

...Ziyarət edəcəyi qəbrin yanına çatan kimi daşı öpdü, sonra diz çökdü. Qəhərli səslə xitab etdi:

-Xoş gördük. Necəsən?

-....

-Bizsiz necə yaşayırsan? Darıxmırsan ki?

-...

-Biz hamımız bir yerdəyik. Amma səni burda yalqız qoymuşuq. Vəfasızıq biz. Çox vəfasızıq.

Sol qolunun barmaqlarını sağ qolunun kəsik yerinə sürtə-sürtə, sanki o yeri ovudaraq bir xeyli dayandı. Qəhvəyi rəngli meşin əlcəyin sağ tayını cibindən çıxarıb qəbrin üstünə qoydu, “əlcəyini gətirdim, qışda üşüməyəsən deyə” söyləyəndə qəhər onu necə boğdusa, zülüm-zülüm ağlamağa başladı.

Heç keçən il gələndə bu qədər dərdlənməmiş, bu qədər göz yaşı tökməmişdi. Bəlkə keçən il ilk il idi, hələ təzəydi, isti-istiydi dərdi. Baxırsan, bəzən yaralar zaman keçdikcə sağalmaq, qaysaq bağlamaq əvəzinə daha da qövr edirlər...

Çiyninə əl toxunanda əmin oldu ki, həmin o digər ziyarətçidir. Meh onun kəsilmiş ayağının boşluğuna sarılmış şalvarının balağını yelləməkdəydi.

-Sənin qolundur, elə?

Gələn soruşdu. O başını tərpətdi. Gələn başı ilə ayağına deyil, iyirmi addım aralıdakı qəbrə işarə elədi:

-Mənim də ayağımdır.

Sonra da içini çəkib “Bilmirəm, qola-qıça rəhmət düşürmü. Allah bütün ölənlərə rəhmət eləsin” söylədi. N.İ.-dən çox şeylər soruşacaqdı, kimsən, nəçisən, haralısan, hansı döyüşdə itirmisən qolunu və sair və illaxır. Özü barədə danışacaqdı, kimdir nəçidir, haralıdır, hansı döyüşdə itirib ayağını... Ətrafdakı bəzi qəbirlər barədə də məlumatlıydı, bir-bir anladacaqdı, bu filankəsin sağ ayağının qəbridir, bu bəhmənkəsin sol qolunun... Bu, nisbətən enli qəbirdəsə filan bədbəxtin hər iki ayağı yatır...

N.İ. anidən yadına saldı, sağ qolunu bükərdi, əzələləri qabarardı, uşaqlar gəlib barmaqlarını basaraq “uy da, dəmirdir, dəmir” deyərdilər. Həyat yoldaşı də o əzələni oxşamağı çox sevərdi... Ürəyi necə qübar etdi. Əlini get-gedə hamarlanmaqda olan qəbir-təpəliyə sürtüb pıçıldayaraq soruşdu:

-Əzələn durur?

Ardınca lap qara fikir dolandı başında. Yəqin iki ilə qolunun əti də çürüyüb, tək sümüyü qalıb.

Həmdərdi danışmaqdaydı: -Sən ildə bir kərə gəlməyinə baxma, mən tez-tez gəlirəm. Nə işdisə, kəsik ayağımın yeri yay-qış buz kimi olur, təkcə bura gələndə qızınır.

Onunsa indi fikri burdan çox-çox uzaqlardaydı. Yeddincidə oxuyurdular. Həmin qış dizəcən qar yağmışdı. Həyatında gördüyü ən bol qar idi bu. Evlər həm aşağıdan, həm yuxarıdan qarla örtüldüklərindən nazik zolaq kimi görünürdülər. Qızlı-oğlanlı hamısı dərsə girməyib məktəbin həyətində qartopu oynayırdı. O, hamıdan çevikiydi, əllərini tam aralayıb qara dirəyərək bir-birinə yaxınlaşdırdıqca böyük qar topası yaradır, xışmalayıb iri-iri qartopuları düzəldir, sinif yoldaşlarını nişan alıb vururdu. Və əsmər bənizli bir qız üçün də qartopu düzəldib verməyə macal tapırdı...

Dərindən ah çəkdi. İnnən belə bir qolla qaradamımı düzəldəsiydi, qartopumu oynayasıydı?

“Hər halda mən bu sirri açmaqda acizəm. Qəhrəmanımın portretini tam yaratmaq üçün hətta sizin orta məktəbdəki sinif rəhbərinizlə də danışmışam. O xatırlayır ki, bir dəfə dərsdə söz orqan transplantasiyasından, könüllü donorlardan düşübmüş. Siz demisiniz, insanın hər bir əzası onun üçün o qədər dəyərlidir ki, nəyinsə xatirinə onlardan imtina etmək ağlasığmaz görünür. “Yüz min nədir, milyon olsun, milyard olsun, mən heç nəyimdən imtina etmərəm” demisiniz. Bəs necə oldu, cəmi bir neçə ildən sonra...”

Yanındakı şəxs yasın oxuyurdu. Oxuyub bitirdi. Bununla sağollaşıb getməyə başladı. Bir qədər getmişdi, dayandı, qəbirlərdən birinin qarşısından geriyə qanrılaraq söylədi:

-Naşükür olma. Bizə şükür. Bu bədbəxt oğlu bədbəxtin yanında mərmi necə partlayıbsa gözü pırtlayıb çıxıb. Gözünün qəbridir.

Üşəndi. Tükləri biz-biz oldu.

Növbəti mesaj özünü çox gözlətmədi:

“Cənab qəhrəman, istəyərsinizmi, sizə ən bahalı bionik protez hədiyyə edilsin? İstəyərsinizmi, bank hesabı açılıb ora pul yatırdılsın? Nəsə bir istəyiniz varmı?”

Qarğalar lap fəallaşmışdılar, cəmləşib yerdə nəyisə dimdikləyirdilər.  Uşaqkən nənəsindən eşitmişdi ki, qarğalar aşağıdan uçuşanda, bir yerə toparlaşanda qış sərt gəlir.

Görən, bu qış qar yağacaqdımı...

Gözü “Nəsə bir istəyiniz varmı?” sözlərinə ilişib qaldı. Bir xeyli keçəndən sonra – artıq yavaş-yavaş çıxışa doğru getməkdəydi - cavab yazdı. Yazdı ki, “Bəli, var istəyim. Elə edin, bu qış qar yağmasın...”

Şosse yoluna çatdı. Yol maşını ilə rastlaşmaq fikriylə bir xeyli üzüaşağı piyada irəlilədi. Təpəni aşanda qarşısına ilginc bir mənzərə çıxdı. İnsanlar, texnika bir-birinə qarışmışdı. Nəhəng bir ərazidə tikinti işləri gedirdi. Xarabalıqların yerində sırayla ağappaq, üstü qırmızı damlı evlər tikilirdi.

Birdən haradansa içinə ümid axını dolmağa başladı. Sanki qanadlandı, səmanın əngilliklərinə qalxdı. Fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.

Bax ora səmt aldı.

 

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

 

Çərşənbə axşamı, 09 Sentyabr 2025 11:46

REDAKSİYANIN POÇTUNDAN – Çoşqun Xəliloğlunun şeiri

“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın Poçtundan rubrikasında bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun bir şeiri təqdim edilir.

 

SALAM ALLAH SALAMIDIR

 

Unutma, saxla yadında,

Salam Allah salamıdır.

Dua, "barışıq" adında-

Salam Allah salamıdır.

 

Önu söyləmək savabdır,

Sözdür- yükü bir kitabdır.

Neçə suala cavabdır,

Salam Allah salamıdır.

 

O söz qəlbi sevindirər,

Nifrəti, kini söndürər.

Dilsizləri də dindirər,

Salam Allah salamıdır.

 

Böyüyüb dolursan yaşa,

Dünya sirli bir tamaşa.

Salam ver dosta- sirdaşa,

Salam Allah salamıdır.

 

Salamsız-kəlamsız olsan,

Deyəcəklər, “Bala, "kalsan".

Fərqi yoxdur-versən, alsan,

Salam Allah salamıdır.

 

Coşqun, dünya gör-götürdü,

Kim qazandı, kim itirdi...

Adi söz yox, inci, dürdü-

Salam Allah salamıdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

 

Çərşənbə axşamı, 09 Sentyabr 2025 11:33

Bir kitabın ömrü: kağızdan elektron mətbəəyə

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Kitab, insan düşüncəsinin ən etibarlı daşıyıcısıdır. O, yalnız söz yığını deyil, xalqın yaddaşı, mədəniyyətin aynası, gələcək nəsillərə ötürülən bir ruh mirasıdır. Hər səhifəsi bir səs, hər fəsli bir dünya deməkdir. Lakin çağımızın sürətli ritmi kitabın ömrünü də yeni bir mərhələyə gətirib – kağızın sehrindən elektron ekranların işığına.

 

Kağızın sehri: oxumağın zövqü

 

Kağız kitabı əlinə aldıqda onun qoxusunu, vərəqlərin səslərini, səhifələrin toxumasını hiss etmək mümkündür. Bu sadəcə nostalji deyil, oxuma təcrübəsinin mahiyyətidir. Çünki kitabla insan arasında yaranan bu fiziki əlaqə düşüncəni dərinləşdirir, diqqəti cəmləyir, oxunanları qavramağa və yadda saxlamağa kömək edir. Elektron ekranlar rahat və sürətlidir, amma kağız kitab oxumağın yaratdığı duyğu və diqqət ritmini tam əvəz edə bilmir.

 

Kitab oxumağın mahiyyəti

 

Oxumaq yalnız sözləri gözlə görmək deyil. Oxumaq, insanın dünyagörüşünü formalaşdırmaq, düşüncə sərhədlərini genişləndirmək, empati və yaradıcılığı inkişaf etdirməkdir. Klassik ədəbiyyatın, poeziyanın və tariximizin əsərləri bu mahiyyətin ən güclü vasitələridir. Hər oxucu kitab vasitəsilə bir səyahətə çıxır – bəzən keçmişə, bəzən gələcəyə, bəzən isə öz daxili dünyasına.

 

Kitabxanalar: mədəniyyətimizin qalası

 

Kitabxanalar yalnız kitab saxlama yeri deyil, mədəniyyətimizin, bilik dünyamızın qalasıdır. Orada hər bir kitab oxucu üçün bir açardır. Uşaqlıqdan gəncliyə qədər kitabxanalara gedən insan həm bilik, həm də zövq alır. Bu məkanlar cəmiyyətin düşüncə mərkəzi kimi fəaliyyət göstərir və oxucunun sərbəst seçimi ilə onun dünyagörüşünü zənginləşdirir. Dövlətin və mədəniyyət qurumlarının kitabxanalara diqqət göstərməsi isə yalnız infrastrukturun deyil, ruhun, bilik irsinin qorunması deməkdir.

 

Elektron kitablar və çağın tələbi

 

Texnologiyanın inkişafı kitabı daha əlçatan edib. Elektron kitabxanalar, mobil tətbiqlər və audiokitablar gənclərin diqqətini cəlb edir, oxumağı asanlaşdırır. Lakin sürətli istehlak elektron mətbəədə klassiklərin unudulma təhlükəsini də gətirir. Burada balans vacibdir – texnologiya kitabı yayımlayır, amma onun ruhunu qorumaq oxucunun seçimində, müəllifin və kitabxanaların rolunda yatır.

 

Sözün əbədiliyi

 

Bir kitab yalnız yazıldığı gündən yaşamağa başlamır, oxucunun onu kəşf etdiyi anla yeni nəfəs qazanır. Kağız da, ekran da sadəcə vasitədir; əsil dəyər, içində daşınan sözdədir. Kitab oxumaq insanı zənginləşdirir, düşüncəni genişləndirir, milli və bəşəri dəyərlərə bağlılığı artırır. Kağız kitablar, kitabxanalar və oxuma mədəniyyəti isə bu dəyərin davamlılığının təminatıdır. Çağımız sürətlə dəyişsə də, kitabın ruhu və insanla olan sadiq bağ heç vaxt köhnəlməyəcək.

 

“Ədəbiyyat və İncəsənət”

(09.09.2025)

 

Çərşənbə axşamı, 09 Sentyabr 2025 11:16

Şəhidlər barədə şeirlər - Nicat Mənəfov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Nicat Mənəfov 

Nicat Mənəfov 2000-ci ilin 18 yanvarında Qax rayonunun Qaradolaq kəndində anadan olub. 2007-ci ildə Qaradolaq kənd orta məktəbində təhsil almağa başlamışdır. 2016-ci ildə 9-cu sinfi bitirib, Qax Peşə Liseyinə qəbul olmuş. Peşə Liseyini Meliorasiya ixtisası üzrə bitirdikdən sonra 8 may 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə yollanmışdır. Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 4 noyabr 2020-ci ildə Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

 

Şuşa alınmaz qala,

Şuşa qəhrəman şəhər.

Şəhidlərin canıyla,

Cana gələn can şəhər.

 

Ey qəhrəman şəhidim,

Sən Şuşanı almısan,

Bu xalqın tarixində,

İgid kimi qalmısan.

 

Qalmısan ürəklərdə,

Daş üstə yazı kimi.

Koroğlunun nərəsi,

Qorqudun sazı kimi.

 

Sən on doqquz yaşında,

Belə qəhrəman oldun,

Bu vətənin canından,

Ayrılmayan can oldun.

 

Hələ yaran göynəyir,

Hələ ovutmamışıq.

Tarix səni unutmaz,

Biz də unutmamışıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

 

Çərşənbə axşamı, 09 Sentyabr 2025 11:01

82-ci Venesiya film festivalı bizə hansı ümidlər bəxş etdi?

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

Avqustun 27-də başlayan 82-ci Venesiya Film Festivalı  Sentyabrın 6-da  yekunlaşdı.  Əlbəttə ki, bu bir neçə gündə biz də portal laraq festivalın gedişatı barədə, onun yekunları barədə söz açdıq.

 

Bir-birindən maraqlı 21 film qalib adı uğrunda mübarizə aparırdı. Bütün dünyanın diqqətini cəlb edən festivalda Azərbaycanda iştirakçılar sırasında idi və ölkəmizi  rejissorluğunu Hilal Baydarovun, icraçı prodüserliyini isə Orxan Fikrətoğlunun etdiyi “Boşluğa xütbə” filmi  təmsil edirdi. Nə olsun ki, müsabiqədənkənar. Əsas iştirakdır.

Favoritlər sırasında yer almayan  və qalib olma yüzdəsi çox olmayan  Hollivud rejissoru  Cim Carmuşun  “Ata, ana, bacı, qardaş”  filmi  Venesiya Film Festivalının ən yaxşı filmi seçildi    “ Qızıl Şir” mükafatını qazandı.  Dueyn Consonun rol aldığı “Crash Machine” idman filmi “Gümüş Şir” mükafatını əldə etdi.  Həmçinin Tunis rejissoru   Kauter Ben Haniyanın  “The Voice of  Hind Rajab”  filmi  festivalın   Qran-Pri mükafatının qalibi oldu.  Bundan başqa, festivalın "Üfüqlər" proqramında Devid Pablosun "En el camino" (Yolda) filmi ən yaxşı film, "Songs of Forgotten Trees" filminə görə Anuparna Roy ən yaxşı rejissor, Cakomo Kovi ən yaxşı aktyor, Benedetta Porkaroli isə ən yaxşı aktrisa kateqoriyalarında qalib oldular. 

Festivalda  “Müsabiqədənkənar bədii filmlər”  bölməsində  rejissor Hilal Baydarovun  ekran əsəri olan  “Boşluğa xütbə”  filminin möhtəşəm təqdimatı baş tutdu.  Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət  göstərən  ARKA-nın  dəstəyi ilə  Sentyabrın 5-də  nümayiş olunan film mütəxəssislər və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.  Təqdimatdan sonra baş tutan mətbuat konfransı zamanı Azərbaycan mədəniyyəti və kinosu barədə söhbətlər edildi. 

Hilal Baydarovun  “Xütbə” trilogiyasının  sonuncu filmi olan  “Boşluğa xütbə”nin  ideya-estetik məziyyətləri yüksək qiymətləndirildi. Qeyd edildi ki, Azərbaycan ədəbiyyatının,  təfəkkür tərzinin, folklorunun dünyada  təqdimatı baxımından film böyük və əhəmiyyətli yer tutur.  Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığının üzərində qurulan filmdə sevgililərin dirilik suyunu axtarması, əslində, insanın daxilindəki məni axtarması kimi mənalandırılır.

Filmin ssenari müəllifləri Hilal Baydarov və  Aysu Akcan,  prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.

Dünyanın ən nüfuzlu üç festivalından biri olan Venesiya Festivalında sayca ikinci dəfə təmsil edilməyimiz filmimizin və mədəniyyətimizin nə dərəcədə inkişaf etdiyindən xəbər verir.  “Tağıyev: Neft”, “Boşluğa xütbə” və yüzlərcə Azərbaycan tədrisatından keçmiş filmlərimiz gün gələcək, bu cür ali mükafatlardan birinə mütləq sahib olacaq və səsimiz bütün dünyada eşidiləcək.

 O gün çox da uzaqda deyil. 

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

Çərşənbə axşamı, 09 Sentyabr 2025 10:46

Hanoyda Azərbaycanın turizm potensialı təqdim olunub

 

Azərbaycanın Vyetnamdakı səfirliyi, Azərbaycan Turizm Bürosu və Hanoy Ticarət və Turizm Kollecinin birgə təşkilatçılığı ilə Hanoyda “Azərbaycanı kəşf et” adlı mədəniyyət və turizm tədbiri keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Azərbaycan mədəniyyətinin və turizm potensialının Vyetnamda tanıdılması məqsədilə təşkil olunan tədbirə Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid, Vyetnam Milli Turizm Qurumunun sədr müavini xanım Nquyen Ti Hoa May, səfirlər, turizm mütəxəssisləri, Vyetnamın müxtəlif qurumlarından nümayəndələr və kollecin tələbələri qatılıblar.

Hanoy Ticarət və Turizm Kollecinin rektoru xanım Çin Ti Tu Ha çıxışında iki ölkə arasında dostluğun gücləndirilməsində mədəni mübadilənin vacibliyini vurğulayıb.

Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın ölkəmizə dövlət səfəri ilə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsindən sonra əlaqələrin daha da inkişaf etdiyini qeyd edib.

Xanım Nquyen Ti Hoa May çıxışında Vyetnam ilə Azərbaycan arasında turizm əməkdaşlığının böyük perspektivlərinin olduğunu vurğulayıb. O, Azərbaycanın zəngin mədəni irsi, tarixi abidələri və təbii gözəlliklərinin vyetnamlı turistlər üçün cəlbedici istiqamət ola biləcəyini bildirib. Eyni zamanda, turizm sahəsində qarşılıqlı təşviqatın aparılmasının, birgə layihələr və mübadilə proqramlarının iki xalq arasında qarşılıqlı anlaşmanı daha da gücləndirəcəyi qeyd olunub.

Florian Zenqstşmid Azərbaycanın turizm strategiyasını təqdim edərək, vyetnamlı turistləri qədim mədəni irs, müasir həyat tərzi və zəngin təbiəti özündə birləşdirən Azərbaycanı kəşf etməyə dəvət edib.

Azərbaycan Turizm Bürosunun nümayəndəsi Günel Ələkbərova isə “Azərbaycanı kəşf et” mövzusunda ölkəmizin turizm potensialı və istiqamətləri haqqında ətraflı təqdimatla çıxış edib.

Tədbir sual-cavab sessiyası və Vyetnamın çay mədəniyyətinin təqdimatı ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

Çərşənbə axşamı, 09 Sentyabr 2025 10:29

O, hər şeydən əvvəl, Səməd Vurğunun qızıdır

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

1937-ci il idi. Səməd Vurğun qəddar Stalin repressiyasına tuş gəlmək təhlükəsi ilə yaşayırdı, çamadanını hazlr qoymuşdu ki, enkevede deyilən qəddar qurumun dəmir üzlü qeyri-insanları gəlib onu aparacaqlar. Ziyalılarımızı gecəylə gəlib sorğu-sualsız aparır, iki erməni və bir rusdan ibarət üçlük onlara səyyar qaydada ölüm hökmü çıxarırdı.

Həmin o 37-ci ildə Səməd Vurğunun tək bir sevincli günü oldu. Dünyaya qızı gələn gün. Adını Aybəniz qoydu.

Onda da sentyabrın 9-u idi. Beləliklə, bu gün Aybəniz Vəkilovanın anadan olmasının 88-ci ildönümüdür.

 

 

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində oxuyub (sonra 132 saylı məktəbə dəyişilib), 1954-cü ildə oranı bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bitirib.

Nizamiadına ƏdəbiyyatMuzeyində kiçikelmiişçivəzifəsində çalışıb. 1975-ci ilin oktyabr ayında Səməd Vurğunun ev-muzeyi açılan vaxtdan burada baş mühafiz olub. O, 2006–2009-cu illərdə Səməd Vurğunun ev-muzeyinin direktoru vəzifəsində çalışıb.

Beynəlxalq Muzeylər Şurasının üzvü kimi Amerika, Norveç və İspaniyada konfranslarda iştirak edib. Səməd Vurğunun yubileyləri münasibətilə 1966, 1976 və 1986-cı illərdə nəşr edilmiş kitablarının tərtibçisi, 1976-cı ildə çəkilmiş "Səməd Vurğun" sənədli filminin elmi məsləhətçisi olub.

1994-cü ildə təsis etdiyi "Səməd Vurğun Fondu"nun prezidenti olub.

Fond tərəfindən muzeyin fəaliyyətinə həsr olunmuş "Vurğun ocağı-25" adlı albom və "Sözləri Səməd Vurğunundur" adlı mahnı diski yaradılıb, internetdə şairin həyat və yaradıcılığına və muzeyin fəaliyyətinə həsr olunmuş sayt açılıb (www.samedvurgun.com).

Şairin 90 illik yubileyi ilə əlaqədar çap edilmiş Ş. Nəzirlinin "Vurğun ömrü məktublarda" kitabının və A. Bayramovun "Vurğun ocağı" kitabının elmi məsləhətçisi və rəyçisi olub. 2003-cü ildə çap edilən İ. Umudlunun "Vəkiloğulları" kitabının da elmi məsləhətçisi olub.

 SSRİ Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunub. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Şərəf nişanı" ordeninə layiq görülüb.

Aybəniz Vəkilovanın muzey fəaliyyəti ümummilli lider Heydər Əliyev tərəfindən də qiymətləndirilib, 1997-ci ildə anadan olmağının 60 illiyi münasibətilə ona təbrik məktubu göndərib.

 2002-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına, 2003-cü ildə isə "Prezident təqaüdü"nə layiq görülüb.

2007-ci ildə Türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adını qazanıb.

Aybəniz Vəkilova 2009-cu il iyun ayının 13-də, ömrünün 71-ci baharında həyata gözlərini qapayıb.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

9 -dən səhifə 2421

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.