Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Avqustun 27-də başlayan 82-ci Venesiya Film Festivalı Sentyabrın 6-da yekunlaşdı. Əlbəttə ki, bu bir neçə gündə biz də portal laraq festivalın gedişatı barədə, onun yekunları barədə söz açdıq.
Bir-birindən maraqlı 21 film qalib adı uğrunda mübarizə aparırdı. Bütün dünyanın diqqətini cəlb edən festivalda Azərbaycanda iştirakçılar sırasında idi və ölkəmizi rejissorluğunu Hilal Baydarovun, icraçı prodüserliyini isə Orxan Fikrətoğlunun etdiyi “Boşluğa xütbə” filmi təmsil edirdi. Nə olsun ki, müsabiqədənkənar. Əsas iştirakdır.
Favoritlər sırasında yer almayan və qalib olma yüzdəsi çox olmayan Hollivud rejissoru Cim Carmuşun “Ata, ana, bacı, qardaş” filmi Venesiya Film Festivalının ən yaxşı filmi seçildi və “ Qızıl Şir” mükafatını qazandı. Dueyn Consonun rol aldığı “Crash Machine” idman filmi “Gümüş Şir” mükafatını əldə etdi. Həmçinin Tunis rejissoru Kauter Ben Haniyanın “The Voice of Hind Rajab” filmi festivalın Qran-Pri mükafatının qalibi oldu. Bundan başqa, festivalın "Üfüqlər" proqramında Devid Pablosun "En el camino" (Yolda) filmi ən yaxşı film, "Songs of Forgotten Trees" filminə görə Anuparna Roy ən yaxşı rejissor, Cakomo Kovi ən yaxşı aktyor, Benedetta Porkaroli isə ən yaxşı aktrisa kateqoriyalarında qalib oldular.
Festivalda “Müsabiqədənkənar bədii filmlər” bölməsində rejissor Hilal Baydarovun ekran əsəri olan “Boşluğa xütbə” filminin möhtəşəm təqdimatı baş tutdu. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən ARKA-nın dəstəyi ilə Sentyabrın 5-də nümayiş olunan film mütəxəssislər və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Təqdimatdan sonra baş tutan mətbuat konfransı zamanı Azərbaycan mədəniyyəti və kinosu barədə söhbətlər edildi.
Hilal Baydarovun “Xütbə” trilogiyasının sonuncu filmi olan “Boşluğa xütbə”nin ideya-estetik məziyyətləri yüksək qiymətləndirildi. Qeyd edildi ki, Azərbaycan ədəbiyyatının, təfəkkür tərzinin, folklorunun dünyada təqdimatı baxımından film böyük və əhəmiyyətli yer tutur. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığının üzərində qurulan filmdə sevgililərin dirilik suyunu axtarması, əslində, insanın daxilindəki məni axtarması kimi mənalandırılır.
Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.
Dünyanın ən nüfuzlu üç festivalından biri olan Venesiya Festivalında sayca ikinci dəfə təmsil edilməyimiz filmimizin və mədəniyyətimizin nə dərəcədə inkişaf etdiyindən xəbər verir. “Tağıyev: Neft”, “Boşluğa xütbə” və yüzlərcə Azərbaycan tədrisatından keçmiş filmlərimiz gün gələcək, bu cür ali mükafatlardan birinə mütləq sahib olacaq və səsimiz bütün dünyada eşidiləcək.
O gün çox da uzaqda deyil.
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)