Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ”ƏDƏBİYYATIMIZIN HƏQİQƏT GÜNÜ”
(Yusif Səmədoğlunun ilk romanı barədə)
İstər təbiətdə, istər ictimai həyatda elə hadisələr, elə vaqeələr olur ki, onlar yaddaşlarda uzun zaman yaşayır, hafizələrə iz salır, şüurlara hakim kəsilirlər. İncəsənətin, ədəbiyyatın da belə hadisələri, belə vaqeələri var. Mötəbər ədəbi məclislər, təntənəli yubileylər, başqa tədbirlər mədəni həyatın əlamətdar mərhələləridir. Amma sənətin, ədəbiyyatın ən mühüm hadisəsi – böyük təsir gücünə malik yeni bədii əsərin yaranmasıdır. Belə əsərlər, şübhəsiz, hər gün, ya günaşırı yaranmır, odur ki, onların dünyaya gəlməsini xüsusi qeyd etməyə dəyər. “Azərbaycan” jurnalının builki dördüncü nömrəsində Yusif Səmədoğlunun “Qətl günü” adlı romanı dərc olunmuşdur. Mən bu romanı ədəbi hadisə hesab edirəm.
Bəzən sadə mətləblərdən bəhs edən sadə, hətta bəsit əsərlər meydana çıxır. Bəzən mürəkkəb, qəliz mətləblərə həsr olunmuş, amma formaca çox sadə, asan qavranılan, yüngül dərk olunan əsərlərlə rastlaşırıq, bəzənsə qəliz mətləbləri, mürəkkəb məzmunu ifadə etməkçün ancaq və ancaq qəliz, mürəkkəb, çətin qavranılan forma tələb olunur. Bu formanı məzmunun özü müəyyənləşdirir. Elə hisslər, fikirlər, elə həyat materialları var ki, onları yalnız xüsusi bədii vasitələrlə ifadə etmək mümkündür.
“Qətl günü” çətin əsərdir. Daha doğrusu, qavranışı çətinlik törədən əsərdir. Roman ilk oxunuşdan bəlkə də tam dərk olunmur. Dərin müəllif qayəsi yüngül, asan oxunuşla açılmır. Bunu öz təcrübəmlə təsdiq edə bilərəm. Romanla ilk dəfə əlyazması şəklində tanış oldum. Əsər dərhal məni tutdu, qüvvətli təsiri altına aldı. Amma yalnız əsəri ikinci dəfə jurnal səhifələrində mütaliə edəndə gördüm ki, ilk oxunuşda çox şeyi bütün dərinliyiylə duya bilməmişəm. Bəlkə haçansa əsəri yenidən oxumalı olsam, onun yeni-yeni qatları açılacaq, həqiqi bədii əsərin xüsusiyyətlərindən biri də elə bu – pünhanlıq, mübhəmlik deyilmi? O, bütün sirlərini birdən-birə açmır, bizi uzun müddət ərzində, ömrümüzün müxtəlif məqamlarında təzədən ovsunlayır.
60-cı illərdə Fransada başlamış ədəbi mübahisənin əks-sədası hər tərəfə yayıldı – söhbət romanın süqutundan gedirdi; roman bir janr kimi öləcəkmi, qalacaqmı? Romanı basdırmağa çalışanların yanıldıqları qısa bir müddətdən sonra hamıya, hətta bu iddiada olanların özünə də aşkar oldu. Roman qaldı, roman qalacaq və insanın bədii sözə, tarix haqqında, bugün haqqında, keçmiş və gələcək haqqında, zaman haqqında geniş ümumiləşdirmələr, həyatın yerli-yataqlı nəsr təsvirinə ehtiyacı durduqca, müxtəlif talelərin, xarakterin toqquşmasına marağı sönmədikcə – roman janrı da yaşayacaq. Amma bu mübahisələr də hər halda göydəndüşmə deyildi. Roman məhv olmurdu, roman bir janr kimi dəyişirdi, yeniləşirdi və həmin mübahisələr də bu təbəddülat, başqalaşma ərəfəsində meydana çıxmışdı. İyirminci yüzilliyin məhz elə bu çağında keyfiyyətcə yeni olan roman forması geniş şöhrət tapdı. Daha doğrusu, forması yox, formaları, çünki ənənəvi janr xüsusiyyətinə bir yandan sırf fantastik və tam realistik ünsürlərin qəribə calağından bəhər gətirmiş, folklordan, əsatirdən, qədim aldanış və inanclardan qidalanmış, cilovsuz müəllif təxəyyülüylə bəzənmiş roman meydan oxuyurdusa, digər tərəfdən çılpaq, yalın, sərt faktoqrafiyaya əsaslanan sənədlərdən, həqiqətən olmuş hadisələrdən təsirlənən yazılar ona rəqib çıxırdı. Avropada başlanmış bu mübahisəni roman janrının xeyrinə həll edən əsərlər başqa qitələrdə, uzaq ölkələrdə ortaya çıxdılar. Sovet nəsri, Latın Amerikası ədəbiyyatı, müasir yapon yazıçıları romanın yeni, gözlənilməz və qeyri-adi formalarını nümayiş etdirdilər. Bir tərəfdən Bulqakovun çox illər qabaq yazılmış, amma məhz bu dövrdə oxuculara çatdırılmış “Usta və Marqarita” romanı, Markesin “Yüz ilin tənhalığı” əsəri, Aytmatovun povestləri, o biri tərəfdən D.Qranin və A.Adamoviçin “Blokada kitabı”, T.Kapotenin “Adi cinayət” adlı sənədli yazısı iri nəsr janrlarının tamamilə yeni və tükənməz imkanlarını göstərirdilər.
Klassik Avropa roman ənənəsi müəyyən durğunluq, yaxud bəhrəsiz eksperiment dövrü keçirirdisə, müxtəlif iqlimlərdə, bəzən bir-birindən çox uzaq qaynaqlardan qidalanan dünya romanı keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyurdu. Miflə, əsatirlə, folklorla qaynayıb-qarışan, həyata, tarixə, insan taleyinə qeyri-adi görüm nöqtəsindən baxan bu romanda real vaxt anlayışı, zaman ardıcıllığı başqalaşdı, tamamilə yeni ölçülər kəsb etdi. Real vaxt axarı bədii vaxt dolaşıqlığıyla əvəz olundu. “Gün var əsrə bərabər” – bu qədim və müdrik deyim Aytmatov romanının bədii zaman ölçüsü oldu. Yeni roman formalarının mayası müxtəlif janr ünsürlərindən, rəngarəng ifadə səpgilərindən yoğrulurdu.
Çağdaş romançılıq axtarışlarının uğurlu nəticələrini “Qətl günü”ndə də görmək olar. Bu əsər Azərbaycan tarixiylə, ictimai həyatımızın həm iki yüz ili, həm əlli-altmış il bundan qabaqkı, həm də bugünkü dövrləriylə bağlıdır. Romanda uzaq və yaxın keçmişimizin, müasir yaşayışımızın, taleyimizin, milli mənəviyyatımızın bir çox mühüm məsələləri qaldırılır. “Qətl günü” bütün bu problemləri içəridən bilən və dərindən duyan, bu məsələlər haqqında ciddi, ağrılı fikirlərə dalan müəllifin qələm məhsulu, qəlbinin səsidir. Müəllif cəmiyyətin tarixi inkişaf yollarını da izləyə bilir, ən sadə adamların adi məişət, həyat qayğılarına da bələddir. Hardasa XVIII əsr Qarabağ xanlığının tarixi, Qacar basqını, Molla Pənah Vaqif taleyilə səsləşən, amma heç vəchlə bu hadisələrin real salnaməsi olmayan səhnələrdə də, müasir kənd feldşeri Mahmudun, tatar Temirin güzəranını təsvir edən, dəmiryol stansiyası bufetinin koloritini canlandıran epizodlarda da dəqiq yazıçı müşahidəsi, plastik ifadə ustalığı var, personajlar müəyyən tezislərin tərcümanı kimi deyil, canlı, ətli-qanlı, diri nəfəsli insanlar kimi durub-oturur, davranır, danışırlar. Həm də hərə öz real varlığına, yaşadığı dövrə, mənsub olduğu zümrəyə, aldığı təhsil və təlim xüsusiyyətinə uyğun olaraq danışır. Şübhəsiz ki, dialoqlardakı bu leksik zənginlik, dürüstlük romanın mühüm məziyyətlərindəndir.
Xalq həyatının, psixologiyasının, dilinin incəliklərini üzvi surətdə mənimsəmiş yazıçı dünya ədəbiyyatının müxtəlif istiqamətlərindən də agahdır, müasir nəsr texnikasından, ayrı-ayrı roman axtarışlarının ifadə əlvanlığından bacarıqla istifadə edə bilir. “Qətl günü” bir daha təsdiq edir ki, heç vaxt ədəbi bilikləri, peşəkar hazırlığı, kitablardan, mütaliədən, savaddan gələn xüsusiyyətləri xəlqiliyə qarşı qoymaq olmaz. Bu süni dilemmanı, qarşılaşdırmanı ortaya atanlar iddia edirlər ki, yazıçı ya xəlqi olmalıdır, ya savadlı. Əgər savadlıdırsa, deməli, xəlqi deyil. Mən heç cür başa düşə bilmirəm ki, nəyə görə kəmsavadlıq xəlqiliq əlaməti olmalıdır. Təbiidir ki, xalq özü də bu sayaq yarımçıqlığı qəbul etmir və “dad yarımçıq əlindən” deyir.
“Qətl günü” yüksək humanist pafosla yazılmış əsərdir. Burda zorakılığın, ölümün hər hansı şəklinə qarşı, insan mənliyini tapdayan, mənəviyyatını əzən hər hansı cəbrə qarşı acı bir etiraz var. “Qətl günü” müəyyən tarixi hadisələri əks etdirən, real ictimai faktordan doğulmuş, konkret zaman aşırımlarıyla bağlı əsərdir. Amma romanda bir əbədilik havası, zamanın fövqündə yaşayan bir ruh var ki, ötən əsrləri, illəri, günləri, situasiyaları, xarakterləri nə isə ümumbəşəri, əzəli mövqedən seyr etmək imkanı yaradır. XVIII əsrin hadisələri də müəyyən və dəqiq müəllif mövqelərindən təqdim olunur.
Əsərin humanist pafosu insana qahmar durmaq, insan dəyərlərini qorumaq, hifz etmək əzmidir. İnsanı alçaldan, onu sıxma-boğmaya salan, təkləyən, pisikdirən – hər şey müəllifin qəzəbinə keçir.
Romanda müxtəlif dövrlərdə ömür sürmüş real və xəyali personajlardan başqa bir məşum obraz da var – hadisələrin başı üstündə duran bu obrazı Tale adlandırmaq olar. Ona “qismət”, “aqibət”, “qəzavü-qədər” də demək olar. Taleyin gücünü, əzəmətini, qaçılmazlığını təcəssüm etdirən bu obraz müxtəlif rəmzlər, təşbehlər, şərti ifadə vasitələrilə təqdim olunur. Bu rəmzlərin, təşbehlərin içində ən görümlüsü Baba Kaha, daha doğrusu, Baba Kahanın gizlin, qaranlıq mağaralarında yatan, ya da yatmayıb pusquda duran, məqamını gözləyən qəfil külək, gözlənilməz qasırğa, amansız rüzgardır. Tarixin hansı günündəsə, insan ömrünün hansı saatındasa bu rüzgar qəfil qara yel kimi “kahadan bayıra sıçrayır, rastına nə çıxırsa yıxıb dağıdır, “ikiayaqlılar”, “bəni-Adəmin” zalımını da, məzlumunu da, fatehini də, əsirini də, qalibini də, məğlubunu da haqlayır, kəmənd olub boğazlara dolanır, taleyin əfvsiz qətl hökmünü yerinə yetirir. Müxtəlif taleli insanların və müxtəlif dövrlərin insanlarının ölüm ayağında duyduqları buz soyuqluğu – romanın başqa bir şərti, rəmzi obrazıyla – Zirzəmi obrazıyla bağlıdır. O zirzəmiylə ki, neçə ölkəyə qan uddurmuş XVIII əsrin fatehi də öz əcəlinə belə bir rütubətli zindanın buzlu şaxtasında qovuşur. Romanda şər qüvvələr, yamanlığa, qara yelə, ölüm şaxtasına, suyu qurumuş çayın məşum məcrasına qarşı duran dəyərlər hansılardır? Xeyir, Yaxşılıq, Ümid çırağının işığı hardan süzülüb gəlir? Həyat, Xeyir, Ümid çırağının daşıyıcıları müxtəlif dövrlərin yanar zəka sahibləri, münəvvərlər, sadə, namuslu, saf adamlardır, öz ləyaqətini, dəyanətini, mənəvi bütövlüyünü hər hansı şəraitdə qoruyub saxlamağı bacaran insanlardır. Məhz bu insanların ilıq nəfəsləri qorxulardan, vahimələrdən buz bağlamış qəlblərin, beyinlərin buzunu əridir, donunu açır. Roman səhifələrində doğma qalasının hərbi sirlərini işğalçı sərkərdəyə satan, ənam əvəzinə öz yurdunun ən məşhur şairinin başını istəyən XVIII əsr “əhli-qələmləri” varsa, paxıllığa, biganəliyə qarşı sinə gərənlər də var. Əbədi həqiqətləri, dəyişməz bəşəri dəyərləri XVIII əsrin sonunda məşhur şair yaşadırsa, ondan yüz əlli il sonra Sədi Əfəndi də böyük ziyalı missiyasına sədaqətini saxlayır. Romanda təsvir olunan Sədi Əfəndinin təbiəti sakit, xasiyyəti mülayim, ruhu isə əyilməzdir.
“Usta və Marqarita” romanında çox vacib bir fikir ifadə olunub: əlyazmanı oda atırlar, alışmır. Demə, əlyazmalar yanmırlarmış. Bu fikir “Qətl günü”nün də təməl fikirlərindəndir. XVIII əsrdə məğrur şairin boynu vurulur, amma şairin həqiqi qiymətini və dəhşətli aqibətini bilən saray təlxəyi Üfləmə Qasım onun əlyazmalarını hifz eləyir, arabanın içində, otun-ələfin altında gizlədir, işğal olunmuş yurdundan uzaqlara qaçırdır.
Taleyin bütün keşməkeşlərinə baxmayaraq, Sədi Əfəndinin yazdığı roman da məhv olmur. “Qətl günü” adlanan bu tarixi romanın əlyazması uzaq bir yerdən tapılır, doğrudan da, əlyazmalar yanmırmış, itmirmiş, batmırmış. Həqiqətən, ədalətin, sənətin sönməz çırağı estafet kimi nəsildən-nəslə, əsrdən-əsrə keçirmiş. Mənəvi dəyərlər ölümsüzdür. İnsan ləyaqəti bütün qasırğalardan, qara yellərdən güclüdür. İnsanların dövranların başı üzərindən bir-birlərinə göndərdikləri ismarışları hökmən ünvana çatası, mənzilə yetəsidir. Oxucunun romandan çıxardığı nikbin, ümidli, həyatı təsdiqedici nəticə belədir.
Romanda ağır, faciəvi söhbətlər var. Finalı da yalançı, saxta gümrahlıqdan uzaqdır. Amma “Qətl günü” bir oxucu kimi məndə ən işıqlı, ən xoş duyğular oyatdı, fikrimə yeni təkan verdi, düşüncələrimi arıtladı, durultdu. Hisslərimi, mülahizələrimi yalnız əsər müəllifiylə deyil, başqalarıyla bölüşmək istədim.
Bəzən biz ürəyimizi açan, döşümüzə yatan əsər oxuyanda gözləyirik ki, təsadüfən küçədə müəllifinə rast gələk, ona xoş sözlər deyək. Bəzən ətalətimizi üstələyib telefonla zəng vurur, təbrik edirik. Ərinməsək, hətta məktub da yazıb rəyimizi bildiririk. Xoş sözlə də, xeyirxah telefon zəngi də, səmimi məktub da çox yaxşıdır. Amma şəxsi rəyimizin geniş ədəbi ictimaiyyətə çatdırılmasının ən səmərəli şəkli mətbuatdır. Odur ki, mən Yusif Səmədoğlunun yeni və ən böyük əsəri haqqında fikrimi qəzet vasitəsilə ifadə etməyə çalışdım.
“Ədəbiyyat və incəsənət” qəzeti
21 iyul 1984
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)