Araz axar lil ilə... Featured

Azadə Novruzova,

şair, publisist. “Ədəbiyyat və incəsənət”

 

   Tamxil müəllimi tanıyandan Vətəni, yurdu necə əziz tutduğunun şahidiyəm. Hələ çoxdan “Bütöv Azərbaycan” deyib durub. Deyir niyyətimə o qədər kəm baxanlar olub. Amma arzuya, niyyətə qoruq-qəytağ yoxdur. Gəlir könüldən keçir və səni rahat qoymur. Ürəyin o istək üçün atdanır.

 

Bir ağbirçəkdən eşitmişdim deyərdi ki, könlündən həmişə gözəl istəklər keçir. Allah verəcək, nəsib edəcək. Sən eləcə sidq ürəkdən arzula.

 Deyirəm Tanrı sənə gözəl bəxt-tale yaza, fələk görə oddana. Götürüb ağ kağıza qara dağıda. Sən də bir ömür qaragün olasan. Qanın bir, canın bir, dilin bir, xeyir-dıvan (duan) bir, oturub-durduğun bir ola gavır gələ aradan məftilli hasarlar çəkə. Və həmən gündən o tay o tayda qala, bu tay bu tayda. Olasan indən belə o tay Azərbaycan, bu tay Azərbaycan.

Düz (1828-2025) 197 il ayrılıq odunda qovrulasan, yanasan. Hadisənin cəbrini hesablamaq adi, yazmaq asandır. İki min iyirmi beş çıx min doqquz yüz iyirmi səkkiz bərabər oldu yüz doxsan yeddiyə. İndi gəl bu illərdə yaşananları yaz. 197 kitab da bəs etməz. Heç cürə sadələşmir ki, sadələşdirəsən, ortaq məcrəc tapasan, qüvvətə yüksəldəsən, kokaltına alasan, kəsrə çevirəsən, kəsirdədirsə kəsirdən azad edəsən, vurasan, böləsən, toplayıb, çıxasan. Yüz minlərlə taledən bəhs edəsən, milyonlardan söz açasan.Yerində qalan doğmalarına ara açılanda gedib qardaşımı, bacımı, əmimi, dayımı, xalamı, bibimi axtarın tapın vəsiyyəti ilə dünyasını dəyişənlərin ruhları hələ də sərgərdan, hələ də Arazın üstündə dolanırlar. Bu dərdin dəvasını niyyət edirik ki, ara açıla, get-gəl ola üstüaçıq, qaysaqsız yaralar qəvr edə yavaş-yavaş sağala. Heç buna kəm baxarlar, ay gavır?

    Yaxşı adamın səni arayıb, axtarmağı sevincdir. Tamxil müəllimin zəngi həmişəki kimi xoş oldu. Xudafərinə bir səfərimiz olacaq, Sizi də ürəyimizdən keçirtdik, uyğun olacaq? Götür-qoy etmədən bəli dedim. Elə isə hazırlanın gedib Xudafərini ziyarət edəcəyik. Təşəkkür etdim, sağollaşdıq. Bir iki gün sonrakı zəngində səfərimiz Laçına olacaq deyəndə yenə bəli dedim, niyə belə oldusunu soruşmadım. Çünki, niyə sualı çoxdan bilirəm ki, cavabsız olur. O sualı heç kimə vermirəm. Bu gün gəldi, o gün də gələcək. Laçına deyib gülə-gülə getdiyimiz kimi Xudafərinə də gedəcəyik. Araz Həkəri kimi sevincdən coşub daşacaq.

   Ortancılımız Nicatın tələbə adı qazanmağı, Laçın səfərimizin sevincinə qarışdı. Nicatla çıxdıq yola. Yazımızı yazana şükürlər olsun. Qərib bacım səfərimizdən xəbər tutub ismarıc yolladı. Laçının nəfəsinə toxunan 38 ildir ki, dağın o üzündə qalan və Minkənddən əlimizin içi kimi görünən Şəkimizdən əsən mehi doyunca ciyərlərinizə çəkin. Mənim də payımı gətirin. Bu əmanət payın boxcasın Nicat könlündə bağlayıb quşun qanadında xalasına yetirdi. İlahi bizi bütün arzu, niyyətlərimizə beləcə tez yetir. Yazının əvvəlində etdiyim niyyətimizə də işıq sürəti ilə elə yazının sonunda yetək. 

     Araz axar gül ilə, Həkəri coşar sevincdən... Ay Laçın, can Laçın! Biz sənə mehman Laçın!

    Laçınla aramızda çox bağımız var. Dədə-baba qohumluğumuzdan çox əziz günləri xatırlayıram. Ərrəhman babamın qohum əqrabası Minkəndə Şəkidən gedənlərdən idi. Feyzullah baba əli dolu, paylı-püşlü gəlib gedərdi. Yaşıl iri çamadanı bu günkü kimi yadımdadır. Ərrəhman babam ona əmioğlu deyərdi. Misir əmini, İbrahim əmini də xatırlayıram. Evimizdən, isti ocağımızdan hər dəfə bizi özləri özlərinə hay, bizim isə erməni dediklərimiz didərgin salanda üz tutduğumuz tutalgah Laçın və Naxçıvan olub. Kimin gümanı hara çatıb quru canlarını götürüb ora gediblər. Pis günümüzün yiyəsi olublar. Eviniz, eşiyiniz həmişə abad olsun, dar gündə olanın üzünə həmişə açıq qapınızda Allah toy-düyün havasın əskik etməsin. Laçında, Şahbuzda, Naxçıvanın özündə Şəki əsillilərimiz xeylidir. Səs-sədalarını eşidib, yüksək məqamlarından xəbər tutanda şad oluruq.

    Şəki deyəndə əksəriyyət Nuxa Şəkisini düşünür. Yox e mən əzəl Şəkidən, Zəngəzurun qədim Şəkisindən deyirəm. Yaşı tarixin yaddaşına eramızdan əvvəl yazılan, hər daşı tarix olan, əsrarəngiz təbiəti, füsunkar gözəlliyi olan sanki Tanrının öz qələmi ilə çəkdiyi şəkil Şəkimizdən...

    Bakıdan ta Laçınacan keçdiyimiz yolu-izi yaddaşıma köçürdüm. Elə qəribsəmişdim... Bizim Bakıya yolumuz -  Qarakilsə-Bakı avtobusunun gediş-gəlişi Laçından, Şuşadan keçirdi. Yenə də keçəcək!

     Sübh namazına cəm olub, əsr namazına Laçına çatdıq. Səfərdə iştirak edənlər bir-birimizi daha yaxından Laçında tanıdıq. Çoxumuz qahım çıxdıq. Amma bu günə kimi bir-birimizdən xəbərimiz olmayıb. Deportasiya bəlasına bizi düçar edənlər elə özləri bu zülmə düşsünlər. Dünyadan köçənlərindən, qalanlarından xəbərsiz-ətərsiz, diyarbadiyar olsunlar. Laçında şərqi qərbi bütövləşdi Zəngəzurun. Bizim təhər deyim,  “Bitəv Zəngəzur” olduq. Laçın bəxtəvər gəlin kimi bərbəzəkli, üzü gülər qarşıladı bizi.  Bəylik kəndində köçümüzü saldıq. İlahi, şükür sənə. Gül-çiçək, ot-ələf, daş-qaya, dərə-təpə, Həkəri çayı üzümüzə gülürdü. Hələ Laçına qayıdan laçınlıları demirəm. Gözləri gülürdü. Ərk edib sağ əlinizi başımıza qoyun, ay laçınlılar, bizdə yurdumuza qayıdaq dedim. Susub eləcə bir-birimizin dolan gözlərinə baxırdıq. Birimiz sevincdən, birimiz həsrətdən. Bəylik kəndinin ağsaqqalı  Asif müəllim, irəli gəlib qızım, sağ əlimi sənin başına qoyub, sidq ürəkdən deyirəm, Allah sizi arzunuza çatdırsın. Bizim kimi öz evinizə yığışasınız. Hər kəs bir ağızdan Amin dedi.

      Uzaq yolun yorğunluğun alıb, axşamüstü çay qırağına endik. Adaşım Azadə xanımla çayboyu səssiz-səmirsiz aşağı-yuxarı xeyli gəzdik. Həkərinin laylası könlümü dilə gətirdi.

                                        Əzizim nə çəkirəm,

                                        Kim bilir nə çəkirəm.

                                        Şəki, səndən aralı

                                        Gor əzabı çəkirəm.

                                           

                                                  *

                                        Əzizim Taxtakörpü,

                                        Çox gördüm taxtakörpü.

                                        Şəki, yadımdan çıxmır

                                        Səndəki taxtakörpü.

                                                  *

                                        Şəki səni istərəm,

                                        Həsrətindən xəstəyəm.

                                        Üzüm sənə sarıdır,

                                        Gəlirəm at üstəyəm.

                                          

     Bu heyində uzun illər bir yerdə çalışdığımız indi isə Laçına geri dönən əziz Zülfiyyəm Laçında olduğumu eşidib görüşümüzə gəldi. Sevinc içində sevinc yaşadıq. Laçına xoş gəlmisiniz, bacı! Gözüm güldü, könlümün çiçəyi çırtdadı. Bu xoş gəldin ürəyimə yağ kimi yayıldı.

   İlk ziyarətimiz Laçında tənha şəhidin məzarı oldu. Şəhid Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları 44 günlük Vətən Müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonunun Xudafərin kəndində tapılaraq doğulduğu Laçın rayonunda torpağa tapşırılıb. Camal Quliyev könüllülər dəstəsində Laçın, Qubadlı, Zəngilan rayonlarının müdafiəsində fəal iştirak edib. Bu tənha şəhid məzarı günaltında od kimi alışıb-yanırdı sanki. Laçının girəcəyindəki bulaqdan su gətirmişdik, gülə-çiçəyə bələndi bir an içində tənha məzar. Elə hiss etdim ki, göy-yerə birləşəcək bu an. Əl uzatsan buludlara çatacaq. Bu  müqəddəs ziyarətdə hisslərimi olduğu kimi  ifadə edə bilmədiyimi etiraf edirəm. Sevinc, göynəlti, qəhər, sızıltı, qürur daha nələr yaşatdın İlahi!  Vətən uğrunda yola çıxan hər bir şəhidimizi hörmət və ehtiramla anıb, əziz ruhlarına rəhmətlər oxuduq.   

   Şad gündə gəlmişdik, bu ziyarətə. Torpağa tökülən müqəddəs şəhid qanından gül-çiçək boy atıb üzümüzə gülürdü azad Laçında.

   Anam həmişə deyir ki, 37 ildir ki, üzü Şəkiyə sarı yatıram. Atamın dağılan məzarı yuxumdan çıxmır... Bu gecə mən də üzü Şəkiyə sarı yuxuya getdim. Şəki qibləm oldu. Can Vətən, sərin meh nəfəsini nəfəsimə toxundurdu. Könlüm gecənin səssiszliyinə pıçıldayırdı... Bu meh Vətəndən əsir...

 

Bir meh əsdi, basdı məni bağrına

Elə bildim,

ayrılığı əsir alıb, anam qucdu ruhumu.

Elə bildim,

zindan çəkib, qandal qırıb atam sardı boynumu.

Elə bildim,

qonaq gəldi əsgər gedən qardaşım.

Elə bildim,

Tanrı payım balam öpdü əlimi.

Elə bildim,

qərib düşən əzizlərim, doğmalarım, yığışdılar başıma.

Aman Allah, bu meh Vətəndən əsir,

dilim-dodağım əsir,

əlim ayağım əsir,

Bu meh vətəndən əsir,

Əsir vətəndən, əsir.

Çiçəkdən-güldən əsir,

Obadan-eldən əsir,

Dağılan məzarlıqdan

Qəbirdən-gordan əsir

Əsir vətəndən, əsir

Bu meh Vətəndən, əsir...

 

  Onu da bildirim ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin təşkilatçılığı ilə -“Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində həyata keçirilən görüşdə Laçın ictimaiyyətinin nümayəndələri, Bəylik kəndinin ziyalıları, ağsaqqalları, gəncləri ilə də yaddaqalan xoş anlarımız oldu. Taxtakörpüdə Laçınlılarla görüşümüzdə etdiyim niyyətim hasil olmuşdu. Laçınlılarla Laçında görüşmək arzulamışdım. Elə əziz laçınlılardan da Şəkidə görüşərik, deyib ayrıldım...!                                         

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.