Tariximizin bələdçisi – MANAF SÜLEYMANOV Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Xüsusən milli azadlıq hərəkatı başlayanda – ötən əsrin 90-cı illərində Xalq Cumhuriyyətimiz barədə bilgiləri onun kitabından alırdıq. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından. Bestsellerlər bestselleri idi bu kitab.

O, bizlər üçün müstəsna işlər görmüş bir yazardır Azərbaycan Yazıçılar Birliyinin üzvü Manaf Süleymanov.

 

O, 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Etnik tatdır. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirib, sonra M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib, kəşfiyyatçı-dağ mühəndisi adını alıb.

Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlayıb. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent, institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olub. Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr edib, dövri mətbuatda məqalələrlə də çıxış edib, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirib.

Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y. A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olublar.

 Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilib.

Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.

Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur. Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilib.

 

Əsərləri

1. Yerin sirri

2. Fırtına

3. Dalğalar qoynunda

4. Zirvələrdə

5. Eşitdiklərim, oxuduqlarım, gördüklərim

6. Neft milyonçusu (sənədli roman)

7. Şagirdlik illərim

8. Son bahara çatdıq

 

Tərcümələri

- Ana heykəli

- Ernest Heminquey, Qoca və dəniz

 

Təltifləri

1. "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı

2. "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

3. Hacı Zeynalabdin Tağıyev adına xatirə medalı

 

Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.