Zamanla dost olan sumqayıtlı saatsaz Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

İnsanlar zaman anlayışını min illər boyu başa düşməyə, ölçməyə çalışıblar. Əvvəl kölgə ilə, sonra su ilə, qumla və nəhayət mexanizmlərlə...

 

Qədim Misirdə günəş saatı vardı. Kölgənin düşdüyü yerə görə vaxt təyin edilirdi.

Su saatları Babil və yunan mədəniyyətlərində istifadə olunurdu.

Ən qədim mexaniki saatlar isə orta əsrlərdə Avropada kilsələr üçün düzəldilmişdi (təxminən 13-cü əsr).

1600-cü illərdə ilk dəfə yayla işləyən mexaniki cib saatları meydana gəldi.

17–18-ci əsrlərdə saatçılıq sənəti bir sənət növü kimi İsveçrə, İngiltərə və Almaniyada çiçəkləndi.

Sovet dövründə, Azərbaycanda da saat ustalığı peşə məktəblərində öyrədilirdi. O dövrün saatları - "Победа", "Луч", "Слава", "Восток" bir çox ailənin evində bu gün də işlək vəziyyətdədir.

Zaman dəyişdi, amma saat ustaları dəyişmədi. Zamanla eyni səbrlə, eyni diqqətlə işləməyə davam etdilər.

Yolum Sülh prospektindən düşmüşdü. Divar saatımı təmir etdirmək niyyətindəydim. Buradakı saatsaz köşkünə yaxınlaşdım. Ata-övlad bir yerdə çalışırdı. Ustad övladından şəyird olmaz, deyirlər. Hiss etdim ki, Nurlan da atası Müşfiqin yolunu davam etdirərək həvəslə və inamla çalışır.

O dedi:

Uşaq vaxtı atamın köşkünün qapısından içəri girəndə sanki başqa bir dünyaya düşürdüm. Tıqqıltıların, mexanizmlərin, susqun saatların danışdığı bir aləmə. O, sanki zamanla danışırdı. Hər saatın içində bir həyat, bir xatirə gizlənmişdi. Mənə elə gəlirdi ki, atam sadəcə saatları yox, insanların zamanla olan münasibətini düzəldir.

Öyrəndim ki, Müşfiq Səttər oğlu Məmmədov 1972-ci ildə Qubadlının Mərdanlı kəndində doğulub. Sadə bir kolxozçu ailəsinin övladı kimi zəhmətə kiçik yaşlarından alışıb. 1989-cu ildə orta məktəbi bitirib, Bakı Tədris Kurs Kombinatında saat ustalığını öyrənib. O gündən zamanla münasibəti artıq peşə yox, bir sənət, bir sevdaya çevrilib.

Sonra hərbi xidmət, ardınca Qarabağ döyüşləri... 1992–93-cü illərdə Topağac uğrunda döyüşlərdə yaralanıb. Amma nə ağrı, nə də zaman onu sındırmayıb.

1993-cü ildən Sumqayıtda gördüyünüz kiçik bir köşkdə çalışır. Otuz iki ildir ki, bu köşkdə saatlar susmur. Onların dilini atamdan yaxşı anlayan olmur.

O, mənə saatsazlığı öyrətmədi. Mən özümdən asılı olmadan öyrəndim. Çünki bu sənət bizdə peşədən çox bir yaşama tərzidir. Mənim üçün bu köşk sadəcə iş yeri deyil, vaxtla bağ qurulan bir məkandır.

Bəzən düşünürəm ki, insanın vaxtı pozularmı? Pozular. Atam onu düzəltməyi bacarır.

Bəziləri tarix yazır, bəziləri zamanı düzəldir. Atam ikinci qrupdandır. Amma məncə, o da bir tarix yazır: səssiz, təmkinli və tıqqıltılarla.

 

Saatsaz köşkündən ayrılarkən düşündüm ki, Müşfiq Məmmədov kimi insanlar cəmiyyətin səs-küysüz, lakin ən sabit təbəqəsini təşkil edir. Onlar göz önündə deyillər, amma onlarsız gündəlik həyatın axarı pozular. Hər təmir etdikləri saatda zamanla dostluq edən bir ustanın əli, səbrin və hörmətin izi qalır.

Bəzən bir saat sadəcə bir mexanizm deyil. O, keçmişi, bu günü və gələcəyi birləşdirən körpüdür. Müşfiq ustanın köşkünə baş çəksəniz, bunu özünüz də hiss edərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.