“Ədəbiyyat və incəsənət” portalı Redaksiyanın poçtundan rubrikasında sizlərə Aytən Ağasıyevanın “Sevgimizin qəbzi” adlı hekayəsini təqdim edir.
Sevgimizin qəbzi
gör məhəbbət ona nə qədər baha başa gəlir..
Kassada sıra gözləyən beşinci adam idim. Təndirdə bişən çörəyin yandırıcı istisi adamın üzünə necə vurursa, bu günün istisi də elə idi. Ona görə də su almaq üçün marketə gəlmişdim.
Məndən öncə sırada duran dörd uşaq marketdən nə almışdılarsa hamısını tükətmişdilər, əllərində boş kağızlar və butulka var idi. Kassir boş kağız və butulkaları sistemə vuranda uşaqlarla birlikdə gülməyə başladı. Mənsə onları kənardan izləyib gülümsəyirdim. Bu gülüş kassirin üzünü örtən yorğunluğu, qaşlarının düyününü bir müddətlik yox eləmişdi. Elə mənim də yazacağım yazımın sərlövhəsinə ipucu vermişdi.
Suyun qəbzini də götürüb, evə gəldim. Əlimdəki qəbz mənim susuz olduğumu, su almağa getdiyimi, ordakı uşaqların sərgüzəştini həmişə mənə xatırladan təsdiqləyici kağız parçası olmuşdu artıq.
Dəftərimi açıb, qəbzi qoymaq istəyəndə bir kağız parçası daha gördüm. Uzun müddətdi vərəqlərin arasında yaşayan bu kağız parçası isə ən xoşbəxt günlərimdən yadigar idi, üstünü oxudum:
Cappy pulpy portağal – bir manat otuz qəpik.... Eti cin portağal – bir manat... moskva peçenye- bir manat..... Ödəniş üsulu nəğd-beş manat otuz qəpik..
Qəbzi oxuduqca Təhminənin səsi ilə ahəng olan sözlər beynimdə sanki akkord yürüyüşü edirdi:
........On sentyabr..iyirmi beş manat sıfır sıfır qəpik.. Yaazıq Zaur, gör məhəbbət ona nə qədər baha başa gəlir.. Cırma, qoy yadigar qalsın. Bu bizim ən xoşbəxt günlərimizin qəbzidir, Zaur....
Akkord yürüyüşü tamamlananda başa düşdüm ki, elə bu qəbz də bizim sevgimizin qəbzi idi..
“Ədəbiyyat və incəsənət”
(11.09.2025)