Super User

Super User

BU GÜN ONUN DOĞUM GÜNÜDÜR

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Vaqif poeziya günlərində Şuşaya səfərimiz zamanı oğlu Bəhruz Niftəliyevlə eyni avtobusla gedirdik. O, məndən qabaqdakı sırada, gənc yazıçılardan biri ilə əyləşmişdi. İstədim münasibət yaradam, sonra düşündüm ki, qalsın növbəti dəfəyə. Amma özümə söz vermişəm, sağlıq olsun, hər il bu xanımın ad gününü təbrik edib insanların da yadına salmağa çalışacam. Çünki o, Mədəniyyət kanalında apardığı verilişdə dünyasını dəyişən çox şəxsiyyətləri adamların yadına salır...

 

 Son dərəcə qürürludur, idarə olunmağı xoşlamır. Xarakteri olduqca güclüdür. İradəli və inadkardır. Fəaliyyət göstərdiyi sahədə özünü yüksəyə qaldırmağı bacarır. Nə istədiyinin fərqindədir və istədyinə çatmaq üçün yolundakı bütün maneələri dəf edə bilir. Qarşısına çıxan şansı dəyərləndirir. Onun hər bir hərəkəti daxilindən gələn bir davranışdır. Onu aldatmaq mümkün deyil, yalanı tez hiss edir. Onun sevgisini, diqqətini qazanmaq çox çətindir. Azadlığın aşiqidir. Bununla belə çox intizamlıdır…

 

Deyir ki,- “Heç zaman nə mədhiyyə demişəm, nə də yazmışam. Həmişə inandığım məsələləri qələmə almışam, təqdir etmişəm. Mədhiyyə yarışına qoşulmamağa çalışmışam. Qəlbən inandığım adamları tərifləmişəm. Ola bilsin ki, ürəyimin məni aldatdığı məqamlar olub. Hər halda hesab edirəm ki, bununla da günah yox, səhv etmişəm. Çünki bayaq dediyim kimi, inanıb yazmışam. Kimsə məni ustalıqla aldada bilibsə bu onun günahıdı. Onsuz da Allah hər şeyi görür…”

 

Olduqca zəhmətkeş və məsuliyyətli xanımdır. Çətinliklərə təslim olmağı xoşlamır. İncəliklərə varmaq, öyrənmək, araşdırmaq onun həyat tərzidir. Nəzakətli, həsas xarakterə malikdir. Hər parlaq görüntüyə allanmaz, təbii gözəlliyə önəm verir. Səliqə-səhmanı xoşlayır. Evdə olmaq, ailəsi ilə vaxt keçirmək onun üçün ən böyük rahatlıqdır…

 

“Mənim ruhumda böyük Məmməd Araz var. Məmməd Araz şinelindən çıxan, Qulu Xəlilovdan dərs alan Flora Xəlilzadə başqa cür yaşaya bilməz. Bu iki böyük şəxsiyyət həmişə ürəklərinin hökmü ilə yazıb-yaradıblar. Qulu müəllim ədəbi tənqidimizin cəngavəri idi, təkcə məzmun, mükəmməllik yox, hərfin, sözün uğrunda döyüşürdü. Məmməd Araz və Qulu Xəlilov mənim həyat ideallarımdı. Bu gününün özündə də onları oxuyur, öyrənirəm. Onların mənəvi varisi bu iki şəxsiyyətə xəyanət edə bilərmi?

Bayaq qeyd elədiyim kimi, bu gün ədəbi tənqid nüfuzunu itirib. Yerində isə tost demək ənənəsi yaranıb. İstedadı olanı ən yaxşı halda yubileydən-yubileyə yada salırlar. Fəndgirliyi, fərasəti, maddi imkanı istedadından çox olanlar haqqında isə qalaq-qalaq kitablar yazılır, yalançı tərif dolu məqalələr dərc edilir. Bu gün falçı haqqında kitab yazan, onu mədh edən tənqidçilər var. Mənim də, sənin də tanıdığımız elələri var ki, ildə 10-15 kitabı çıxır. Bir insan başdan-ayağa istedaddan yoğrulsa belə ildə bu qədər kitab çap etdirməyə fiziki gücü yetməz. Həmişə belələrinə qarşı çıxmışam, ədəbiyyata səlib yürüşü elan edənlərə yazılarımda etirazımı bildirmişəm. Belə deyək də, gücüm çatan qədər vuruşmuşam.”- söyləyir…

 

Zahirən çox ciddi görünsə də şən xanımdır, gözəl yumor hissinə malikdir. Ətrafında xeyli insanlar olsa da dostlarını diqqətlə seçir. Səy göstərməkdən yorulmur və heç vaxt bundan şikayət etmir. Qarşısına qoyduğu məqsədə, arzuladığı uğura çatana kimi dayanmadan çalışır. Diqqətli, dütüst, hissiyatlıdır. Mükəmməlliyi xoşlayır, elə buna görə də tələbkardır…

 

Deyir ki- “Düzdür, zamanın ən yaxşı hakim olduğunu deyirlər, amma elə məsələlər var ki, seyrçi qalıb münasibət bildirməmək mümkün deyil. Bu gün yazmasaq, fikir bildirməsək gələcək nəsillər bizi qınamazmı? Susmaq razılıq əlaməti sayılır. Ona görə də susmaq olmaz. Zövqlərin korlanmasına, ədəbiyyatda baş alıb gedən bu hərc-mərcliyə biganə qalmaq mümkün deyil. Hamı bir-birini təkrarlayır, necə deyərlər, özgəsinin ayaqqabısını geyinir, amma uzağa gedə bilmirlər. Bu yaxınlarda teatrlarımızın birinin səhnəsində tamaşaya baxdım. Xalq artistləri özlərini oda-közə vurdular, lakin tamaşaçı heç bir zövq ala bilmədi. Çünki əsər çox zəif yazılmışdı. O qədər zəif əsər idi ki, səhnədəki bər-bəzək də onu xilas etmədi. Mən də öz fikirlərimi qəzetimiz vasitəsi ilə bildirdim. Müəlliflə münasibətlərimiz var idi, hər bayramda zəng edib təbriklərini çatdırırdı. Həmin tənqidi yazıdan sonra daha zəng etmir. İndi vəziyyət belədi, tənqid etdiyin adam səninlə düşmən olur. Bütün bunlara baxmayaraq ədəbi tənqidi yaşatmaq, ədəbi tənqidin itirilmiş nüfuzunu özünə qaytarmaq lazımdı. Telefon zənglərinin, təbriklərin sayının azalması faciə deyil. Faciə ədəbi tənqidin nüfuzdan düşməsidi. Mən onsuz da balıq üçün yox, Xaliq üçün yazıram. Ədəbi tənqid həmişə ədəbiyyatı çör-çöpdən təmizləyib…”

 

Nə qədər tələbkar olsa da mərhəmətli qadındır. Maddiyyata önəm vermir, amma rahat yaşamaq üçün ailə büdcəsinin güclü olmasını arzulayır. Yardıma hər zaman hazırdır, bu yolda əlindən gələni əsirgəmir…

 

Haqqında söhbət açdığım Flora Xəlilzadəni Azərbaycanda tanımayan az adam tapılar. 23 avqust 1955-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür. 1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib. 20-yə yaxın kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir çox mükafatların sahibidir. 4 mart 2013-cü ildə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar Jurnalist" Fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Ailəlidir, 2 oğlu və 5 nəvəsi var... Və elə burdaca ikinci oğlunun da adını çəkim - ASAN xidmətin mətbuat katibi, tanınmış jurnalist Elnur Niftəliyev! 

 

İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, hər dəfə yada düşəndə, Flora xanımın adı ədəbi tənqidin qadın zirvələrindən biri kimi həmişə yaşayacaq…

Bu gün Flora xanımın növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

Çərşənbə, 23 Avqust 2023 12:00

Zəlzələdən öncə torpaq sürüşmüşdü…

“Ədəbiyyat və incəsənət” portalı Aysel Aslanın “Sel, sürüşmə, uçqunlar zəlzələ xəbərçisidir?” adlanan yazısını diqqətinizə çatdırır. Belə ki, burda çox maraqlı məsələyə baxış bucağı əks olunub.

 

 

Türkiyədə dəhşətli zəlzələ oldu. Ardınca ötən ay Azərbaycanda da zəlzələ həyəcanı yaşandı. Xəzər dənizi sahili boyunca bir çox ərazilərdə ciddi şəkildə hiss edilən zəlzələnin 5,7 bal gücündə olduğu qeyd edildi. Bundan bir müddət əvvəl isə Bakı dairəvi avtomobil yolunun aktiv hissəsinə iri qaya parçaları dağılmışdı. Hadisənin fəsadları aradan qaldırılsa da, səbəbləri açıqlanmadı. Zəlzələdən öncə daha bir qeyri-adi hadisə Bakı-Şamaxı-Qəbələ yolunda müşahidə olunmuşdu. Bu ərazidə qəfildən sürüşmə baş vermişdi. Bu təbiət hadisəsinin də fəsadları aradan qaldırıldı, lakin səbəbi haqqında məlumat verilmədi.

 

Sadalanan hadisələrin bir-birinə çox yaxın müddətdə baş verməsi insanlarda bunların zəlzələnin xəbərçisi olması haqqında fikir formalaşdırıb. Hətta sosial şəbəkələrdə yayılan iddialarda ekzogen proseslərin davam edəcəyi, sel, sürüşmə, zəlzələ kimi hadisələrin təkrarlanacağı qeyd edilib.

Bu iddiaların əsası varmı? Yer səthində ani baş verən belə hadisələr zəlzələ xəbərçisi sayıla bilərmi?

Bununla əlaqədar Oxu.Az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib ki, qlobal miqyasda gedən tektonik proseslərlə Yer səthi hərəkətləri arasında müəyyən əlaqənin olması danılmazdır:

“Amma konkret olaraq, xırda ekzogen proseslər, Yerin səthində gedən hadisələr zəlzələnin xəbərçisi ola bilərmi sualına gəlincə, bu, kifayət qədər mübahisəlidir. Zəlzələnin nə zaman baş verəcəyinin təyin edilməsi mümkün olsaydı, onda dağıntıları önləmək də olardı.

Əslində Yer səthində gedən proseslər həm tektonik durumla, həm də istilik mübadilələri, rütubət dövranı, hətta troposferdə gedən proseslərlə sıx bağlıdır. Abşeron yarımadasından Pirallahı rayonu və “Sədərək” Ticarət Mərkəzi istiqamətindəki yolun, digər tərəfdən Bayıl qəsəbəsinə qədər uzanan yamacların qaş hissəsində uçqunlara qarşı tədbirlər görülməlidir. Bunu dəfələrlə demişik. Həmin ərazilər sürüşmə və uçqun təhlükəli ərazilər kimi tərəfimizdən qeyd edilib. Xarici ölkələrdə sərt yamaclarla əhatələnən yolların necə çəkildiyini görəndə anlamırıq ki, bizdə bu sahədə etinazsızlıq var. Bunların fəsad törətməyəcəyinə heç bir zəmanət yoxdur.

Bu, təkcə paytaxt ətrafında deyil, bölgələrdə də belədir. Məsələn, İsmayıllı yolunda uçqun, sürüşmə təhlükəsi olan yerlər çoxdur. Masallı-Yardımlı, Lerik yolunda uçqun və sürüşmə təhlükəli yollar var. Bu yolların bəziləri 500 metr-bir kilometr uzunluğunda olsa da, insan həyatı üçün istənilən halda təhlükə yaradır. Ən böyük təhlükəli hissə isə elə “Sədərək” Ticarət Mərkəzi istiqamətindəki yol və Bibiheybət-Bayıl arasındakı yerlərdir”.

M.İsmayılov düşünür ki, sürüşmə, uçqun, sel fəlakətləri fiziki aşınma yaradan məqamlardır:

“İqlim dəyişmələri, Yerin həddindən artıq qızması, gecələr birdən-birə soyuması, nəticədə süxurların tədricən aşınması çatların əmələ gəlməsinə səbəb olur. Ona görə, adi kiçik titrəyişlərdə belə, həmin yamaclarda uçqun, sürüşmə əmələ gələ bilir. Hətta bəzən ağır yüklü avtomobillərin hərəkətindən də süxurlar yerindən oynayıb, uça bilər.

Şamaxı yolunda baş verən sürüşmə də əvvəldən mütəmadi vurğulanır. Bu istiqamətdə tədbirlərin görülməsi üçün lazımi addımların atılması çox xərc tələb edən məsələdir. Yol boyu salınan süni terraslar beş-on il tab gətirə bilər. Ona görə proses yenidən təkrarlanmalıdır. Asfalt qalın, ağır çəkildikcə, onun altında rütubət toplanır.Bu, sürüşmələr üçün müəyyən şərait yaradır.

Yollarda baş verən prosesləri zəlzələnin xəbərçisi kimi düşünmək o qədər də real deyil. Dediyim kimi, proseslər bir-biri ilə əlaqədar ola bilər, amma hər birinin öz səbəbləri var”.

Zəlzələnin mövcud olan ekzogen prosesləri intensivləşdirə biləcəyini istisna etməyən alimin sözlərinə görə, sürüşmə riskli ərazilərdə zəlzələdən sonra güclü sürüşmələrin baş verməsi mümkündür:

“Belə hallar dəfələrlə müşahidə və qeyd edilib.Bu ərazilərdə gözləmək lazım deyil ki, mütləq zəlzələ olsun, sürüşməni tətikləsin.Həmin prosesi görürük və xəritələşdirib məlumat veririk.Buna baxan texniklər, mühəndislər mütləq həmin xəritələrlə hərəkət etməli, zəlzələ olana qədər proseslərin qarşısını almalıdırlar.

Son zamanlar ekzogen proseslərdə iqlim dəyişmələri ilə bağlı olaraq intensivləşmə artıb.Bu, qəfil baş verən sinoptik proseslərlə əlaqədardır.Çaylarda güclü sellərin gəlməsi kimi məsələlər də gözlənilən idi.Qəfil meteoroloji hadisələr, sinoptik proseslər selləri, sürüşmələri intensivləşdirir, eroziya prosesini aktivləşdirir.Bu, hadisələrin atmosferdəki, Yerin təkində və Yer səthindəki proseslərlə sıx əlaqəli olduğunun əsas göstəricisidir”.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

 

 

 

Bəli, təbiətə qənim kəsilənlərlə bağlı xəbərləri daim izləyib paylaşacaq, oxucuları təbiəti sevməyə daim səsləyəcəyik. 

Növbəti belə xəbər gənclik şəhəri Sumqayıtla bağlıdır. Şəhərin Nəriman Nərimanov küçəsi, 5-ci mikrorayonla 45-ci məhəllə arasındakı yaşıllıq ərazidə gecəylə ağacların kəsilməsini görən sakinlər bununla 

bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil şikayət ediblər, şikayət yerində araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov mediaya bildirib ki, araşdırma zamanı ərazidə 17 ədəd sağlam, təzətər ağacın qanunsuz kəsildiyi müəyyən edilib. Yaşıllıq sahəsinə xidmət göstərən Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən ərazidəki ağacların mühafizəsinin düzgün təşkil olunmadığı və ağacların bir qisminin İdarə tərəfindən götürüldüyü qənaətinə gəlinib. 

Bəli, təəccüblü də olsa məhz belədir.

Faktla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Xidmət rəsmisinin sözlərinə görə, götürülmüş ağacların əvəzinə yeni ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilməsi üçün Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinə müvafiq göstəriş verilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

“Ədəbiyyat və incəsənət” portalınin “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Nəsr saatıdır, sizlərə Könül Məmmədovanın “Möcüzələr diyarı” hekayəsi təqdim edilir.

                                     

 

Kral həmişəki kimi saray əyanları, kral əshabələri, zadəganları ilə birlikdə dəniz qırağında səhər gəzintisində idi. Dalğaların ləpədöyənə, sonra da kralın əbasının ətəyinə dəyməsi, məiyyətini islatması heç kimi narahat etmirdi. Kral Qızıl Henri səltənətinə güvənib heç kimi sıxmırdı, sadə vətəndaşlar kimi azad və rahat yaşayırdı. Krallığında qoyduğu qayda-qanunu isə heç kim pozmağa cəsarət etməzdi. Bu, kralın qəddarlığından yox, ədalətindən irəli gəlirdi. Yeni doğan günəşin işığında kralın yaşıldan qəhvəyiyə doğru dəyişən ala gözləri dənizin üzündə cansız qalan qızı gördü. Kral qara saçlarının ön hissəsində xal kimi görünən sarımtıl saçlarını əli ilə axraya atıb, diqqətlə dənizə baxdı. Həyəcanla qızı dənizdən çıxartmağı əmr etdi. Əl-ayağa düşən əyanlar qızı dənizdən çıxartdılar. Kral ilk dəfə gözünü bir qızdan çəkə bilmirdi. Əyanlar kralın qıza baxdığını görüb daha da vəlvələyə düşdülər, bir-birlərinin qollarına vurub pıçıldaşdılar. Kralın istəyi ilə naməlum qızı ayıltmağa çalışdılar.

Möcücələr diyarının kralı Qızıl Henri 13 yaşında taxta çıxmışdı. Atası kral III Uzunsaçlı Lotharın illərlə uşağı olmurdu. Övlad həsrəti ilə yaşayan III Uzunsaçlı Lothar illərlə özünə baxmır, saçları uzandıqca uzanırdı, fikir etməkdən gözlərinin əti o qədər sallanmışdı ki, gözləri açıq olanda da yumulu görünürdü.  Kralın varisi yox idi deyə, hamının gözü var-dövlətində, hakimiyyətində idi.  III Uzunsaçlı Lotharın uzun saçlarını qınasalar da, bu saçlar ona döyüşlərdə uzun kəndir kimi kömək edirdi. 24 il sonra kral III Uzunsaçlı Lothar saçlarını kəsdi, oğlu Henri dünyaya gəldi. O, dünyaya gələndə ölkələrində möcüzə baş verdi. Bu ölkədə daha heç vaxt fəsil dəyişmədi. Həmişə yaz oldu. Elə o gündən günəşin qızılı şəfəqlərindən ilhamlanıb Henrini “Qızıl Henri” deyib əzizlədilər. Günəşin şüaları ölkədə kimsə xəstələndiyi vaxt batardı. O zaman möcüzələr diyarında yağış yağardı. Qızıl Henrinin 13 yaşı olanda ildırımlar çaxdı, yağış dayanmadan yağdı, qar yağanda atası böyrək çatışmazlığından dünyasını dəyişdi. Kralın yoxluğuna dözməyən kraliça həmin gün kral ilə əbədi qovuşdu. O gündən taxta çıxan kral Qızıl Henri ölkədə xəstələnməyi qadağan etdi. Heç bir ölkədən bu ölkəyə qonaq gələ bilməzdi, krallıqdan heç kim kənara çıxmazdı. Möcüzələr diyarının əhalisi 36 il idi həmişə yaz fəsli olan ədalətli ölkələrində şadlıq, bolluq, firavanlıq içində yaşayırdı. Hamı ölkə əhalisini ailəsi bilirdi. Tək dərdləri kral Qızıl Henrini evləndirmək idi. Kral indiyənə qədər heç bir qızın üzünə gülümsəməz, heç bir qıza elçi gözü ilə baxmazdı. Ta bu günə kimi...

 Kral Qızıl Henri ilk dəfə idi bir qızın üzünə baxıb gülümsədi. Bütün saray əhli həm sevinirdi, həm də sevincdən göz yaşlarını gizlədə bilmirdi. Kralın üzünə gülümsədiyi su pərisi kimi gözəl qız dənizdə boğulmuşdu. Sarayın təbibləri qızı ayıltmağa çalışdılar. Nəhayət, qız gözlərini açdı. Su pərisinin dəniz gözlərində öz əksini görən kral, gözünü o gözlərdən çəkə bilmirdi. İlk dəfə idi illlər sonra ölkəyə yad insan gəlmişdi. Ölkə əhalisi bundan narahat olmurdu, əksinə, xoşhal idilər. Ümid edirdilər ki, kral su pərsi ilə evlənəcək. 18 yaşlı su pərisi Abelya başına gələnləri nəql edib dedi ki, onun ata-anası yoxdur. Anası o, dünyaya gələndə dünyasını dəyişib, atası da bir qəza nəticəsində əbədi olaraq gözlərini yumub. Nənəsinin himayəsində böyüyən su pərisi Abelya dənizin dibindən yosunları yığarkən burulğana düşüb, sonrası yadında deyil. İndi gözünü bu diyarda açıb.

Kral əshabələri Abelyanı saraya gətirdilər. Abelya libasını dəyişib kral ilə bərabər şam etdi. Kralın ürəyindəki sevgini artıq hər kəs hiss etmişdi. Kral baş vəzirə bildirdi ki, Abelyanı möcüzələr diyarının kraliçası kimi görmək istəyir. Bu şad xəbər dildən-dilə gəzdi. Abelyanı kraliçalıq taxtına hazırlayırdılar. Qəfil Abelyanın temperaturunun yüksəlməsi, gözünün qızarması, qanlı nəfəsi hamını təşvişə saldı. İlk dəfə aşiq olan Kral bu xəbəri bilsəydi, Abelyanı krallıqdan uzaqlaşdıracaqdı. Əyanlar qərar verdilər ki, Abelyanı gizlədib sağaltmağa çalışsınlar. Abelyanı zirzəmidə gizlətdilər. Təbiblər Abelyanın dərdinə dərman tapa bilmirdilər. Təbiblərdən birinin də halı pisləşdi. Məlum oldu ki, Abelyanın xəstəliyi keçiçidir. Kralın sərt reaksiyasından qorxan əyanlar əl-ayağa düşdülər.  Bütün xəstəliklərdən uzaq olan təbiblər, kral əshabələri Abelyanın ölkəyə gətirdiyi Yustinian vəbasından da xəbərsiz idilər. Xəstəliyin səbəbi, bir millimetrdən kiçik olan, siçanların tükləri arasında gizlənən, uçucu bir həşəratın mədəsində ölümcül vəba bakteriyasını daşıması idi. Bu böcəklər ətrafdakı digər siçanların tükləri arasında uçaraq yerləşir, sürətlə çoxalırdılar və bu yoluxucu xəstəlik onlardan insana taun çöpü vasitəsilə keçirdi. 

Bir neçə gün idi krallıqda günəşsiz səhər açılırdı. Göy üzü tutqun idi, buludlar qaralmışdı.  Kral Qızıl Henri nə baş verdiyini təxmin edirdi. Amma öz səbrini basaraq əyanlardan cavab gözləyirdi. Abelyanın halı getdikcə pisləşirdi. Əl-ayağa düşən təbiblər nə edəcəklərini bilmirdilər, artıq özləri də xəstəliyin daşıyıcısı idilər. Nəhayət, çarəni qapılar arxasında gizlənməkdə tapdılar. Yağış yağmağa başladı. Əhali narahat idi, hamı bir-birinə şübhə ilə yanaşırdı. Kral krallığında ilk dəfə baş verən hadisədən təlaşlı idi, əsəblə o tərəf-bu tərəfə gedirdi. Qurtuluş yolu yox idi. Vəziyyəti bilən baş vəzir xəbəri krala çatdırdı. Kral beyni ilə ürəyi arasında savaşırdı. Ürəyi Abelyanın ölməyini istəmirdi, onun ölkədən getməsini də istəmirdi, amma beyni öz qoyduğun qanuna ilk özün əməl et deyirdi. Sarayda həyacan təbili çalındı. Təbiblər qaçaraq gəldi: “Artıq Abelyanın halı çox pisdir. Ona qulluq edən xidmətçi də, aşpaz da xəstələnib. Nə xəstəlikdisə, yoluxucu xəstəlikdir”.  Kral təcili qərar verməli idi: Abelya getsin, yoxsa qalsın. Əslində, qərar bəlli idi, amma kralın sevgisi imkan vermirdi ki, onu dilinə gətirsin. İki daş arasında qalan kral təkliyə çəkildi.  Göy üzünə zillənən ala gözləri tünd-qəhvəyi rəngə büründü. Gözündən axmayıb ürəyinə süzülən göz yaşlarını içində boğaraq məşvərət otağına gəldi. Kralın əmrindən əvvəl vəzirin çıxışı kralın narahatlığını daha da artırdı: “Kral həzrətləri, mən belə fikirləşirəm ki, Abelyanın dəniz vasitəsilə gəlişi bizim düşmənlərimizin işidir. İllərdir ölkəmizə gələ bilməyən düşmən içimizə xəstəlik salıb bizi zəiflətmək, işçi qüvvəmizi, əsgər sayımızı azalmaq istəyir. Sonra da hücum edib torpaqlarımızı zəbt etmək niyyətindədir”.  Vəzirin dedikləri kralın beyninə batdı, ürəyinə daş basaraq casusun edamına əmr verdi və yenə otağına çəkildi. Hər kəs kral Qızıl Henrinin əzab çəkdiyini bilirdi, amma heç kim cürət edib bir kəlmə danışa bilmirdi. Edam anında cəlladın əlləri qızdırmadan titrəyib yerə yıxıldı, artıq cəllad da Yustinian xəstəliyə yoluxmuşdu. II cəlladın vəzifəsi qəddarlıq olsa da ürəyi çox yuxa idi, kralını dünyada hər kəsdən çox sevirdi. Kralın sevdiyini öldürməyə əli gəlməyən II cəllad tələsik Abelyanı krallığın ən ucqar nöqtəsinə – dağ zirvəsindəki qalaya apardı. Hər kəsə dedi ki, Abelyanı öldürdüm, basdırdım.  Kralın artıq üzü gülmürdü, gözündən tökə bilmədiyi yaşlar yağış damlaları kimi buluddan torpağa tökülürdü. Xəstəliyin yoluxma sayı günü-gündən artırdı. Bu vaxt krallığa gələn məktub Kralın iztirabını daha da artırdı. Məktubda buyrulurdu: “Əziz kral Qızıl Henri həzrətləri, ölkənizə giriş-çıxış qadağası olsa da, bildirmək istəyirik ki, dünyada ölümcül Yustinian vəbası yayılıb. Əhalinizi hər ehtimala qarşı qoruyun. Siz insanlara giriş-çıxışa qadağa qoya bilərsiz, amma böcəklərə, siçovullara, siçanlara yox”. Kral aldığı məktubdan sonra özünə gələ bilmədi. Yemir, içmir, verdiyi qərara görə əzab çəkirdi. Abelyanın, sevdiyi ilk qadının edamına nahaq qərar vermişdi. İlk dəfə verdiyi ədalətsiz qərar ilə barışa bilmirdi. Saray əhli də,  əhali də kral qədər məyus idi. Vəzir kralın hüzuruna gələrək üzr istədi. Artıq heç bir üzr krala kömək edə bilməzdi, nə etmək olardı, olan olmuşdu. Kralın susqunluğu vəzirə cavab idi. Kral bir insan qarşısında susurdusa, o adam ölkəni tərk etməli idi. Vəzir də cavabını almışdı.

Kral yaman dərdə düçar olmuşdu. Bir yandan sevdiyinin həsrəti, bir yandan da ölkəsində xəstəliyin günü-gündən artması. Bütün təbiblər xəstəliyə dərman axtarırdı. Bu vəziyyətdə tək xoşbəxt olan II cəllad idi. O, Abelyanın sağ olmasına sevinirdi, amma cəsarət edib krala deyə bilmirdi. Artıq kral da yoxlucu xəstəliyə tutulmuşdu.

Abelya da vicdan əzabından qovrulurdu. Möcüzələr diyarına gətirdiyi xəstəliyin qurbanları dayanmadan artırdı. Abelya səbəb olduğu xəstəliyə dərman tapmaq istəyirdi. II cəlladın da xəstəliyə yoluxması onun istəyini daha da artırdı. II cəllad onun gözü qarşısında əriyib gedirdi. Abelya qızdırma içində yansa da cəsarətini toplayaraq ayağa qalxdı. Dağ başında olan şəfalı otlardan dərman düzəltməyə çalışdı.  Düzəltdiyi dərmanları cəlladın üzərində sınayırdı, amma bir nəticə yox idi. Abelya məyus olsa da, dərman axtarmağa davam edirdi. Cəllad kralın ölüm ayağında olduğunu eşidib tez saraya gəldi. Fikirləşdi ki, Abelyanın sağ olduğunu desə, kral bəlkə, sağalar. Amma yağan qar cəlladın son sözünü ürəyində qoydu.

Kralın halı saatbasaat pisləşirdi. O, Abelya deyib sayıqlayırdı. Baş vəzir dünya təbiblərini gətirsə də, kralın dərdinə çarə tapılmırdı. Bu vaxt saraya gələn Abelya hər kəsi təəccübləndirdi. II cəlladın yalanı üzə çıxdı, ilk dəfə əhali bir yalana sevindi. Kralın otağına daxil olan Abelya ona heyrətlə baxdı. Toqquşan baxışlardan ətrafa qığılcımlar səpələndi. Kral Qızıl Henri isə elə bildi ki, havalanır, gözünə adam görünür. Abelya ona toxunanda yerindən dik atıldı. Abelyanın sağ olduğuna inana bilmirdi, onun əlindən tutub son nəfəsinədək dəniz gözlərinə baxmaq istəyirdi. Abelya bu vaxt çantasından sonuncu düzəltdiyi dərmanı çıxarıb kralın dodaqlarına sürtdü. Kralın can verdiyini görən Abelya göz yaşları içində qaşıq-qaşıq dərmanın hamısını ona verdi. Qəfil kralın gözündə işıqlar parlamağa başladı. Dərman kralı sağaldırdı. Abelya xəstəliyə çarə tapdığına, kralın sağaldığına elə sevindi ki, ilk öpüşünü kralın dodağına qondurdu.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

 

 

 

Ötən il bu gün “Ədəbiyyat və incəsənət” portal bu xəbəri paylaşmışdı: Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənətinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq şairi, mərhum Zəlimxan Yaqubun "Zarafat gəlməsin sənə bu dünya" adlı şeiri qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən "Hece Taşları" aylıq şeir dərgisinin 90-cı sayında dərc olunub. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına şair, jurnalist Kamran Murquzov məlumat verib. “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Koordinatoru və məsul katibi Kamran Murquzovdur.

Qeyd edək ki, bundan öncə gerçəkləşdirilən eyniadlı layihə çərçivəsində sevimli Xalq şairimiz Zəlimxan Yaqubun şeirləri "Usare" (Ebrar Vakfı Kültür yayın organı) və "Kardelen" üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisində dərc olunaraq Türkiyə oxucularına çatdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)

 

Dünyaşöhrətli britaniyalı müğənni və bəstəkar Tom Odell Antalya şəhərində konsert proqramı ilə çıxış edib. 

 

Anadolu agentliyi xəbər verir ki, "BRIT Awards" mükafatı laureatı olan müğənni konsertə “Heal” mahnısı ilə başlayıb.

Sonra bu səhnədə çıxış etdiyi üçün xoşbəxt olduğunu bildirən müğənni yeni ərsəyə gətirdiyi “Black Friday” və “Best day of my life” mahnılarınl ifa edib.

Konsertin finalını məşhur "Another Love" mahnısı ilə edən T.Odell tamaşaçılarına xoş istirahətlər arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

Çərşənbə, 23 Avqust 2023 10:45

Bartlebi sindromu nədir?

“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas, şair Ramil Əhmədin yazısını təqdim edir. 

 

Bir çox yazarlar həyatlarının müəyyən bir dövründə yaza bilmək problemi yaşayıblar. Bəziləri nə qədər istəsələr də yeni bir əsər yaza bilməyiblər, bəziləri isə öz seçimləri ilə yazı macəralarını sonlandırıblar.

 

Bu sindromun adı Amerikalı yazıçı Herman Melvilin (1819-1921) “Katib Bartlebi” hekayəsindən yaranıb. 1853-cü ildə nəşr olunan bu hekayənin qəhrəmanı hüquq bürosunda işləyən bir katibdir. O, işə olan həvəsini tamam itirmiş, heç nə yazmayan, qəzet və kitab oxumayan bir personajdır. Bu personajla H. Melvil özünün portretini yaradıb. 34 yaşından sonra Melvil demək olar ki, aktiv yazarlıq fəaliyyətini sonlandırıb və hekayədəki personaj kimi bir ofisdə ömrünün sonuna qədər işləyib.

 

Ədəbiyyat tarixində bir çox məşhur yazıçı ömürlərinin bir mərhələsindən sonra yazmaqdan imtina edib. Onlar arasında Artur Rembo, Selincer, Mopassan, Oskar Uayld, Xuan Rulfo kimi böyük ədiblər də var. 

 

❗Oskar Uayld: “Həyatı tanımamışdan əvvəl yazırdım, indi yazmağa heç nəyim yoxdur, çünki həyatın mənasını bilirəm.”

 

❗Xuan Rulfo: “Yaza bilmirəm, çünki bu hekayələri mənə danışan əmim Celerino ölüb.”

 

❗Selincer: Bartlebi sindromuna tutulan yazar ömrünün son 45 ilində heç nə yazmadı və təkliyə çəkildi.

 

❗Artur Rembo: 19 yaşında böyük şöhrət qazansa da, elə gənc yaşında da yazmaqdan imtina etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.

 

«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!

 

Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 8-ci qanundur:

8.İntuisiya qanunu

«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».

Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.

Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.

İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.

Liderlik elmdən daha çox incəsənətdir.

 

***

Digər 7 qanunla isə ötən günlər tanış olmuşdunuz:

1.Tavan qanunu.

«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».

Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.

Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.

2.Təsir qanunu

«Liderliyin həqiqi ölçüsü təsirdir».

Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.

3.Proses qanunu

«Lider bir gün ərzində deyil, günbəgün olurlar».

Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.

Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.

«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».

Liderlik – inkişaf qanunlarına tabedir.

4.Naviqasiya qanunu

«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».

Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.

Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.

Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.

Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.

Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.

«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».

Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:

 - Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;

 - məqsədi lokallaşdırmaq və sistemləşdirmək;

 - prioritetləri ünvanlı korrektə etmək;

 - əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;

 - planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;

 - reallaşdırmaya fəal qoşulmaq;

 - gözlənilən problemlərə uyğunlaşmaq;

 - uğurları təbii şəkildə görmək və qeyd etmək;

 - hər gün öz planına nəzarət etmək.

Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.

5.     E.F.Xatton qanunu.

«Əsl lider danışanda insanlar ona qulaq asır».

Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.

«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.

Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.

Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.

Vəzifəcə lider birinci danışır, real lidersə sonda.

 - Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;

 - Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;

 - Lider çoxlu informasiyaya malik olur;

 - Liderlik intuisiya qabiliyyəti tələb edir;

 - Liderlik təcrübədən qaynaqlanır;

Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:

 - Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?

 - Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?

6.Möhkəm özül qanunu

«Liderliyin əsası etibardır»

Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.

Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.

General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».

Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.

Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.

Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.

7.Hörmət qanunu.

«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».

1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.

O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.

1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.

Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.

Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.

Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.

 

 “Ədəbiyyat və incəsənət”

(23.08.2023)

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri Rusiyanın Yekaterinburq şəhərində IX Beynəlxalq Nəfəs Alətləri Orkestrləri Festivalında ölkəmizi təmsil edib.

 

Mədəniyyət Nazirliyindən verdiyi xəbərə görə, festivala bədii rəhbər-direktor, dirijor, Əməkdar incəsənət xadimi Əlibala Rzayevin başçılığı ilə 36 nəfərlik heyət qatılıb. Eyni zamanda Əməkdar artist Aqil Cəfərovun rəhbərliyi ilə Rusiyanın Krasnoyarsk vilayətində fəaliyyət göstərən “Odlar yurdu” Azərbaycan Xalq Mahnı və Rəqs Ansamblı və beynəlxalq və respublika müsabiqələri laureatı, Prezident mükafatçısı, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin solisti Mahir Tağızadə də festivalda orkestrlə birgə çıxış ediblər.

Festivalda Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub və böyük maraqla qarşılanıb. Konsertin sonunda orkestr festivalın təşkilat komitəsinin diplomu ilə təltif olunub.

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri nümunəvi çıxışları ilə festival boyu mədəniyyətimizin yüksək səviyyədə təqdimatına nail olub.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Heydər Əliyev Mərkəzində olub. 

 

AzərTAC xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov Ziroatxon Mirziyoyevaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə xidmət edir.

Qonaq “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

“Mini Azərbaycan” sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.

Özbəkistan Prezidentinin xanımı Heydər Əliyev Mərkəzində, eyni zamanda, “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi ilə tanış olub. 

Qeyd olunub ki, burada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti sərgilənir.

Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.

Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə də geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilir.

Özbəkistanlı qonaq “Kukla incəsənətdə” sərgisi ilə də tanış olub. Diqqətə çatdırılıb ki, burada nümayiş etdirilən sənət əsərlərinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.

Sonra Özbəkistan Prezidentinin xanımı “Azərbaycan xalçası - ilmələrin rəqsi” adlı xalça kolleksiyasına baxıb. 

Məlumat verilib ki, Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu günümüzə qədər gəlib çatıb. 

Kolleksiyada “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəstxalı - gəbələri kimi bənzərsiz sənət nümunələri qonağın marağına səbəb olub.

Özbəkistan Prezidentinin xanımına, həmçinin “Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat verilib.

Daha sonra qonaq Heydər Əliyev Mərkəzinin Auditorium zalında olub. Bildirilib ki, bura müxtəlif tədbirlərin – konfrans, simpozium, forum, konsert və s. keçirilməsi üçün ideal məkandır.

Ziroatxon Mirziyoyeva Mərkəzdə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıb.

Sonda Özbəkistan Prezidentinin xanımı xatirə kitabına ürək sözlərini yazıb.

Qonağa “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı kitabı hədiyyə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.