“Heç zaman nə mədhiyyə demişəm, nə də yazmışam” - Flora Xəlilzadə Featured

BU GÜN ONUN DOĞUM GÜNÜDÜR

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Vaqif poeziya günlərində Şuşaya səfərimiz zamanı oğlu Bəhruz Niftəliyevlə eyni avtobusla gedirdik. O, məndən qabaqdakı sırada, gənc yazıçılardan biri ilə əyləşmişdi. İstədim münasibət yaradam, sonra düşündüm ki, qalsın növbəti dəfəyə. Amma özümə söz vermişəm, sağlıq olsun, hər il bu xanımın ad gününü təbrik edib insanların da yadına salmağa çalışacam. Çünki o, Mədəniyyət kanalında apardığı verilişdə dünyasını dəyişən çox şəxsiyyətləri adamların yadına salır...

 

 Son dərəcə qürürludur, idarə olunmağı xoşlamır. Xarakteri olduqca güclüdür. İradəli və inadkardır. Fəaliyyət göstərdiyi sahədə özünü yüksəyə qaldırmağı bacarır. Nə istədiyinin fərqindədir və istədyinə çatmaq üçün yolundakı bütün maneələri dəf edə bilir. Qarşısına çıxan şansı dəyərləndirir. Onun hər bir hərəkəti daxilindən gələn bir davranışdır. Onu aldatmaq mümkün deyil, yalanı tez hiss edir. Onun sevgisini, diqqətini qazanmaq çox çətindir. Azadlığın aşiqidir. Bununla belə çox intizamlıdır…

 

Deyir ki,- “Heç zaman nə mədhiyyə demişəm, nə də yazmışam. Həmişə inandığım məsələləri qələmə almışam, təqdir etmişəm. Mədhiyyə yarışına qoşulmamağa çalışmışam. Qəlbən inandığım adamları tərifləmişəm. Ola bilsin ki, ürəyimin məni aldatdığı məqamlar olub. Hər halda hesab edirəm ki, bununla da günah yox, səhv etmişəm. Çünki bayaq dediyim kimi, inanıb yazmışam. Kimsə məni ustalıqla aldada bilibsə bu onun günahıdı. Onsuz da Allah hər şeyi görür…”

 

Olduqca zəhmətkeş və məsuliyyətli xanımdır. Çətinliklərə təslim olmağı xoşlamır. İncəliklərə varmaq, öyrənmək, araşdırmaq onun həyat tərzidir. Nəzakətli, həsas xarakterə malikdir. Hər parlaq görüntüyə allanmaz, təbii gözəlliyə önəm verir. Səliqə-səhmanı xoşlayır. Evdə olmaq, ailəsi ilə vaxt keçirmək onun üçün ən böyük rahatlıqdır…

 

“Mənim ruhumda böyük Məmməd Araz var. Məmməd Araz şinelindən çıxan, Qulu Xəlilovdan dərs alan Flora Xəlilzadə başqa cür yaşaya bilməz. Bu iki böyük şəxsiyyət həmişə ürəklərinin hökmü ilə yazıb-yaradıblar. Qulu müəllim ədəbi tənqidimizin cəngavəri idi, təkcə məzmun, mükəmməllik yox, hərfin, sözün uğrunda döyüşürdü. Məmməd Araz və Qulu Xəlilov mənim həyat ideallarımdı. Bu gününün özündə də onları oxuyur, öyrənirəm. Onların mənəvi varisi bu iki şəxsiyyətə xəyanət edə bilərmi?

Bayaq qeyd elədiyim kimi, bu gün ədəbi tənqid nüfuzunu itirib. Yerində isə tost demək ənənəsi yaranıb. İstedadı olanı ən yaxşı halda yubileydən-yubileyə yada salırlar. Fəndgirliyi, fərasəti, maddi imkanı istedadından çox olanlar haqqında isə qalaq-qalaq kitablar yazılır, yalançı tərif dolu məqalələr dərc edilir. Bu gün falçı haqqında kitab yazan, onu mədh edən tənqidçilər var. Mənim də, sənin də tanıdığımız elələri var ki, ildə 10-15 kitabı çıxır. Bir insan başdan-ayağa istedaddan yoğrulsa belə ildə bu qədər kitab çap etdirməyə fiziki gücü yetməz. Həmişə belələrinə qarşı çıxmışam, ədəbiyyata səlib yürüşü elan edənlərə yazılarımda etirazımı bildirmişəm. Belə deyək də, gücüm çatan qədər vuruşmuşam.”- söyləyir…

 

Zahirən çox ciddi görünsə də şən xanımdır, gözəl yumor hissinə malikdir. Ətrafında xeyli insanlar olsa da dostlarını diqqətlə seçir. Səy göstərməkdən yorulmur və heç vaxt bundan şikayət etmir. Qarşısına qoyduğu məqsədə, arzuladığı uğura çatana kimi dayanmadan çalışır. Diqqətli, dütüst, hissiyatlıdır. Mükəmməlliyi xoşlayır, elə buna görə də tələbkardır…

 

Deyir ki- “Düzdür, zamanın ən yaxşı hakim olduğunu deyirlər, amma elə məsələlər var ki, seyrçi qalıb münasibət bildirməmək mümkün deyil. Bu gün yazmasaq, fikir bildirməsək gələcək nəsillər bizi qınamazmı? Susmaq razılıq əlaməti sayılır. Ona görə də susmaq olmaz. Zövqlərin korlanmasına, ədəbiyyatda baş alıb gedən bu hərc-mərcliyə biganə qalmaq mümkün deyil. Hamı bir-birini təkrarlayır, necə deyərlər, özgəsinin ayaqqabısını geyinir, amma uzağa gedə bilmirlər. Bu yaxınlarda teatrlarımızın birinin səhnəsində tamaşaya baxdım. Xalq artistləri özlərini oda-közə vurdular, lakin tamaşaçı heç bir zövq ala bilmədi. Çünki əsər çox zəif yazılmışdı. O qədər zəif əsər idi ki, səhnədəki bər-bəzək də onu xilas etmədi. Mən də öz fikirlərimi qəzetimiz vasitəsi ilə bildirdim. Müəlliflə münasibətlərimiz var idi, hər bayramda zəng edib təbriklərini çatdırırdı. Həmin tənqidi yazıdan sonra daha zəng etmir. İndi vəziyyət belədi, tənqid etdiyin adam səninlə düşmən olur. Bütün bunlara baxmayaraq ədəbi tənqidi yaşatmaq, ədəbi tənqidin itirilmiş nüfuzunu özünə qaytarmaq lazımdı. Telefon zənglərinin, təbriklərin sayının azalması faciə deyil. Faciə ədəbi tənqidin nüfuzdan düşməsidi. Mən onsuz da balıq üçün yox, Xaliq üçün yazıram. Ədəbi tənqid həmişə ədəbiyyatı çör-çöpdən təmizləyib…”

 

Nə qədər tələbkar olsa da mərhəmətli qadındır. Maddiyyata önəm vermir, amma rahat yaşamaq üçün ailə büdcəsinin güclü olmasını arzulayır. Yardıma hər zaman hazırdır, bu yolda əlindən gələni əsirgəmir…

 

Haqqında söhbət açdığım Flora Xəlilzadəni Azərbaycanda tanımayan az adam tapılar. 23 avqust 1955-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür. 1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib. 20-yə yaxın kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir çox mükafatların sahibidir. 4 mart 2013-cü ildə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar Jurnalist" Fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Ailəlidir, 2 oğlu və 5 nəvəsi var... Və elə burdaca ikinci oğlunun da adını çəkim - ASAN xidmətin mətbuat katibi, tanınmış jurnalist Elnur Niftəliyev! 

 

İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, hər dəfə yada düşəndə, Flora xanımın adı ədəbi tənqidin qadın zirvələrindən biri kimi həmişə yaşayacaq…

Bu gün Flora xanımın növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.