Super User

Super User

Bazar ertəsi, 28 Avqust 2023 10:15

Bakıda klassik avtomobillər sərgisi keçirilib

 

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi keçirilib.

 

AzərTAC xəbər verir ki, sərgidə avqustun 27-də keçiriləcək yürüş üçün qeydiyyatdan keçmiş klassik avtomobillər, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən avtomobil sərgisinin eksponatları sırasında olan bəzi nəqliyyat vasitələri yer alıb. Ümumilikdə sərgidə 140-dan çox avtomobil nümayiş olunub.

Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgidə unikallığı ilə seçilən avtomobil də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz “Qaz-M21 Volqa” avtomobili üzərində yaradılıb. Bu, avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.

Sərgidə 1983-cü ilədək istehsal olunmuş retro nəqliyyat vasitələri nümayiş etdirilib. Ən qədim avtomobil isə 1931-ci il istehsalı olan “Ford Model A” markalı maşın olub.

Sərgidə iştirak edən “Mercedes-Benz C-Class 170” avtomobilinin sürücüsü Azər Abıyev bildirib ki, bu avtomobil dünyada öz seriyasının birinci versiyasıdır. “2022-ci ildə Almaniyada keçirilən avtomobil sərgisindən almışam. Həftədə bir dəfə - yalnız bazar günləri istifadə edirəm. Bu avtomobildən Azərbaycanda bir dənədir”, - deyə o əlavə edib.

“Harley-Davidson” markalı motosikletin sahibi Vladislav Vologin nəqliyyat vasitəsinin 1938-ci ilə məxsus olduğunu söyləyərək bildirib: “Bu, mənə babamdan qalıb. Hazırda çox az adam bundan istifadə edir”.

Sərgiyə 1926-cı il istehsallı “Moskvich”i ilə qatılan Araz Kərimov isə nəqliyyat vasitəsini beş il əvvəl Polşadan gətirdiyini vurğulayıb. O deyib: “Avtomobili təxminən 1500 dollara almışam. Bu cür köhnə avtomobillərə uşaqlıqdan həvəsim var”.

Qeyd edək ki, klassik avtomobillər avqustun 27-də Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək “Sea Breeze” istirahət mərkəzinədək yürüş edəcəklər.

Əlli kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatacaq klassik avtomobillərin orada da sərgisi təşkil olunacaq. Tamaşaçılara, həmçinin tanınmış ifaçıların iştirakı ilə konsert proqramı təqdim ediləcək.

Əyləncə proqramına müsabiqələrin keçirilməsi, müxtəlif nominasiyalarda hədiyyələrin təqdimatı da daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2023)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İstirahət günlərinə daha bir təqvim hadisəsi düşdü. Seyid Cəfər Pişəvərinin doğum günü, anadan olmasının 132-ci ildönümü. 

 

Azərbaycan xalqının böyük oğullarından biri də Seyid Cəfər Pişəvəri olub. O, 26 avqust 1892-i il tarixində Cənubi Azərbaycan, Xalxal mahalının Zaviyə kəndində, yoxsul ruhani ailəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu kənddə alan Seyid Cəfər 12 yaşında ikən ailəsi ilə birlikdə Bakıya (Bülbülə kəndinə) köçüb. 1913-cü ildə Xırdalan kəndində məktəb açmışdı. ildə Pişəvəri "Ədalət" partiyasına daxil olmuş, Nəriman Nərimanovla sıx əməkdaşlıq etmişdir. Bu dövrdə o, həm də Bakıdakı "İttihad" mədrəsəsində dərs demişdir.

 

1918-ci ildə İran "Ədalət" partiyası Mərkəzi Komitəsinin üzvü seçilmiş və partiyanın rəsmi orqanı olan "Hürriyyət" qəzetinin məsul redaktoru təyin olunmuşdur. Bununla yanaşı, "Azərbaycan füqərası", "Zəhmət sədası", "Füqəra sədası", "Bakı fəhlə konfransının əxbarı" qəzetlərində məqalələrlə çıxış etmişdir. Pişəvəri bu dövrdə Gənc İşçilər İttifaqının orqanı olan "Yoldaş" jurnalının məsul redaktoru vəzifəsində də çalışırdı. 1918-20-ci illərdə İranın bir sıra şəhərlərində "Ədalət"in yerli təşkilatlarının yaradılmasında yaxından iştirak etmişdir. O, irtica və imperializm, müstəmləkəçilik və despotizm əleyhinə mübarizədə İran xalqlarının ittihad və ittifaqının təmin olunmasmı başlıca şərt hesab edirdi.

 

1920-ci ilin yanvarında, eyni zamanda, " Yoldaş" jurnalının redaktoru olan Pişəvəri "Yaşasın müstəqil Azərbaycan Şura Hökuməti" adlı məqalə ilə çıxış etmişdir. Pişəvəri Şura hökuməti uğrunda çıxış etsə də, o, Azərbaycanın müstəqilliyinin tərəfdarı idi.

 

Pişəvəri "Ədalət" partiyasının Gilan Respublikası hökumətinin sədri Kiçik xanla danışıqlar aparmaq üçün 1920-ci il mayın 23-də Rəştə göndərdiyi nümayəndə heyətinə başçılıq etmişdir. Uğurla keçən danışıqlardan sonra Pişəvəri Kiçik xan hökumətində xarici işlər komissarı vəzifəsinə təyin olunmuşdur. Həmin ilin iyununda İran Kommunist Partiyasının (İKP) Ənzəlidə keçirilən I qurultayında İKP MK-nın 15 üzvündən biri seçilən Pişəvəri 1922-ci ildə İKP MK Cənub bürosunun rəhbəri təyin edilərək, 1923-ci ilədək İsfahanda çalışmışdır. 1930-cu ilin dekabrında həbs edilmiş, 1940-cı ildə azadlığa buraxılaraq, Kaşana sürgün olunmuş, lakin az sonra burada yenidən tutulmuş, 1941-ci ilin sonlarında azadlığa buraxılmışdır.

 

1941-45-ci illərdə Cənubi Azərbaycanda demokratik hərəkatın öncüllərindən biri olmuş və Azərbaycan xalqının muxtar hüquqları uğrunda mübarizədə fəal iştirak etmişdir. 1943-45-ci illərdə Tehranda marksist məfkurəli "Ajir" qəzetini buraxmışdır. 1944-cü ildə İran Məclisinə seçilən Pişəvərinin deputatlıq mandatı məclisin mürtəce çoxluğu tərəfındən rədd edilmişdi.

 

1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi (ADF) təşkil olundu. Cənubi Azərbaycanda milli azadlıq hərəkatının qələbəsi nəticəsində 1945-ci il dekabrın 12-də (21 Azər) Təbriz şəhərində Azərbaycan Milli Məclisinin iclası açıldı. Milli Məclis Azərbaycan Milli hökumətinin təşkilini Pişəvəriyə tapşırdı. Məclis 10 nazirdən ibarət hökumətin tərkibini təsdiq etdi. Azərbaycan Milli hökuməti bir il yaşadı və İran şahlıq rejiminin hərbi təcavüzü nəticəsində 1946-cı il dekabrın 12-də süqut etdi. Pişəvərinin siyasi mövqeyi İran daxilində Azərbaycanın muxtariyyəti uğrunda mübarizədən onun tam müstəqilliyi ideyasınadək yüksəlmişdir. "12 şəhrivər", "Qızıl səhifələr" adlı bədii əsərlərin müəllifı və naşiri idi. Ana dili və ədəbiyyatına, pedaqogikaya və s. məsələlərə dair məqalələrin müəllifıdir.

 

1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşmüş və həlak olmuşdur. Hazırda Pişəvərinin özü Bərzəxdə, məzarı isə Fəxri Xiyabandadır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2023)

Bazar ertəsi, 28 Avqust 2023 09:30

“Arşın mal alan” Laçında

 

Bir vaxt güllə səsləri gələn diyardan indi çal-çalğı səsləri gəlir…

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçında keçirilən şəhər günü tədbirləri davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Laçın Şəhəri Günü” tədbirləri çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində, bulvar ərazisindəki əsas səhnədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib.

Aktyor heyətinin məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2023)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər.

 

AzərTAC xəbər verir ki, şəhərin Mənzərəli terrasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” studiyası müxtəlif tamaşalar nümayiş etdirib. Burada, eyni zamanda, xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunub, şəbəkə, həsir sənəti, dulusçuluq, misgərlik, xalçaçılıq, tikmə, papaqçılıq və digər sənət növlərinin də daxil olduğu incəsənət sərgisi və “Laçın mənzərələri” adlı rəsm sərgisi açılıb. Laçının mənzərəli məkanlarından birində qurulmuş “I love Lachin” bölməsində isə qonaqlar şəhərin füsunkar təbiətini seyr edə, bu gözəlliyi öz telefonlarının və fotoaparatlarının yaddaşına köçürə biləcəklər. İncəsənət düşərgəsində isə rəsm əsərlərinin çəkilməsi və ceyran maketlərinin boyanmasını izləmək mümkün olacaq.

Bayraq Meydanının qarşısında isə gün ərzində “Sarı Aşıq və Yaxşı” dastan-tamaşası nümayiş olunub, Laçın çay ənənələrinin təqdimatı məqsədilə “Çay dəstgahı”, müxtəlif sənətkarlıq nümunələri, suvenirlər, zərgərlik, keramika və sair məmulatların satışı üçün “Laçın bazarı” qurulub, milli geyimdə olan aktyorların ifasında immersiv oyunlar, milli personajlardan hazırlanan maskotların gəzintisi təşkil edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Laçın Şəhəri Günü” bayram şənliklərində təşkil olunan sərgilərlə tanış olub, sənətkarlıq nümunələrinə baxıb, tamaşalar izləyib, tədbir iştirakçıları ilə söhbət ediblər.

Prezident İlham Əliyev: Salam uşaqlar.

Uşaqlar: Salam, necəsiniz?

Prezident İlham Əliyev: Gəlin, şəkil çəkdirək.

Reza Deqati: Bunların şəkilləridir. Bunların 100 şəklini çəkmişəm.

Müəllim: Bunlar hamısı laçınlıdır. Hamısı köçüb gəlib yaşayırlar.

Prezident İlham Əliyev: Hamısı köçüb gəlib, çox gözəl.

x x x

Uşaqlarla xatirə şəkli çəkdirildi.

x x x

Prezident İlham Əliyev: Məktəb 15 sentyabrda açılacaq. Biz dünən gördük, məktəb də gözəldir, 2 nömrəli məktəb, məktəb avtobusu var. Yəqin ki, gələn ilə çatdıracağıq, çalışacağıq 1 nömrəli məktəb də inşa edilsin. Ona görə uşaqlar da sentyabrın 15-dən məktəbə getməyə hazır olsunlar. Siz Bakıda yaşamısınız, Sumqayıtda yaşamısınız yəqin ki, elə deyilmi? Yəni, böyük şəhərlərdə yaşamısınız. Amma indi gəlmisiniz nisbətən kiçik olan belə şəhərə. Özünüzü yaxşı hiss edirsiniz?

Uşaqlar: Kiçik olsa da, çox gözəldir. Çoxlu gəzirik.

Uşaq: Allah Sizi qorusun ki, Siz bu cənnəti almısınız.

Prezident İlham Əliyev: Doğrudan da cənnətdir.

Müəllim: Bəli, uşaqların sevinci bəsdir.

Mehriban xanım Əliyeva: Cənnətdir.

Prezident İlham Əliyev: Laçın şəhəri indi gündən-günə daha da gözəlləşir. Azad edilmiş bu ərazilərdə şəhərlər elə olacaq ki, heç paytaxt şəhərlərdən də fərqlənməyəcək.

Balaca oğlan: Cənab Prezidentimiz, izn verirsinizsə, Sizə Türk marşının, yəni, “İstiqlal marşı”nın iki kupletini deyim.

Prezident İlham Əliyev: Hə, de.

x x x

Uşaq Türkiyənin Dövlət Himnindən iki bəndi söylədi.

x x x

Mehriban xanım Əliyeva: Sağ olun.

x x x

Dövlətimizin başçısı və birinci xanım “Laçın mənzərələri” adlı rəsm sərgisi ilə tanış oldular.

x x x

Prezident İlham Əliyev: Biz Kəlbəcərdən gəlmişik. Orada da çox gözəl mənzərəli yerlər var.

Rəssam: Şərait yaransın, orada da çəkərik, çox gözəldir.

Mehriban xanım Əliyeva: İnşallah.

Prezident İlham Əliyev: Siz buraya biz təzə gələndə də gəlmişdiniz, ermənilərin qoyduqlarını görmüşdünüz nə gündəydi. Bir il, heç bir il keçməyib, oktyabrda başlamışıq bərpa işlərinə, siz burada olmusunuz.

Rəssam: Bilirəm, üç dəfə olmuşam.

Digər rəssam: Bu, “Qasımuşağı” - Laçının ənənəvi xalçasıdır. “Çələbi” Qarabağın simvolu olduğu kimi, “Qasımuşağı” da Laçının ənənəvi xalçasıdır. O nəsil yaşayırdı, Zülfi əmi var idi, rəhmətə getdi.

Prezident İlham Əliyev: Kimsə var o nəsildən?

Sakin: Var o nəsildən var, Qasımuşağı.

x x x

Rəssamlarla xatirə şəkli çəkdirildi.

x x x

Rəssam: Bizə çox xoşdur ki, Siz ad gününüzü Laçının bayram günü ilə bir yerdə qeyd edirsiniz.

Mehriban xanım Əliyeva: Sağ olun. Mənim üçün də ən gözəl ad günlərimdən biridir ki, buradayam.

Sakin: Çox sağ olun, minnətdarıq Sizə.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2023)

SEYFƏDDİN DAĞLININ ANADAN OLMASINDAN 102 İL ÖTDÜ

 

Azərbaycan ədəbiyyatı tarixində həqiqətən də kütləvi roman statusu daşıyan, yüz minlərlə, milyonlarla evlərdə stolüstü kitaba çevrilən kitablar olub. Təbii ki çox az sayda. Bunlardan Cəmşid Əmirovun “Qara Volqa” və “Brilyant məsələsi”, İmran Qasımovla Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə”, Vidadi Babanlının “Vicdan susanda”, Əlibala Hacızadənin “İtgin gəlin”, Salam Qədirzadənin “Qırx altı bənövşə” romanlarını göstərmək olar. Və o sırada bir roman da qərarlaşıb, Seyfəddin Dağlının “Kəcil qapısı” romanı. 

Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biridir nasir və dramaturq Seyfəddin Dağlı. Və ötən gün yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasından 102 il ötdü.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də də Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz kimi söz ustalarını bəxş etmiş Xızıda anadan olub.

O, yaradıcılığa məktəbdə oxuyarkən şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda oxuyanda "Kommunist" qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin ədəbi işçisi, şöbə müdiri, məsul katibi olub.

Böyük Vətən müharibəsi başlayanda o, Sovet Ordusu sıralarına çağırılıb və ömrünün on beş ilini hərbi xidmətə həsr edib. "Ordu" qəzetinin ədəbi işçisi, "Diviziya" qəzetinin redaktoru olub. 1944-1946-cı illərdə sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçib.

Seyfəddin Dağlı jurnalistikaya 1938-ci ildə maraqlı felyetonları ilə gəlib. İlk kitabı “Dəniz kəşfiyyatçısı” on il sonra, 1948-ci ildə işıq üzü görüb. Onun əsərləri ilk gündən geniş oxucu kütləsinin rəğbətini qazanıb. İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri "Vətən uğrunda" jurnalında, "Ədəbiyyat", Təbrizdə çıxan "Vətən yolunda" qəzetlərində çap olunurdu.

S.Dağlı 1952-1956-cı illərdə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının Redaktorluq fakültəsinin müdavimi olub. 1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olunub və Vətənə qayıdıb. Bakıda o, jurnalist və ədəbi fəaliyyətini davam etdirib. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru, sədr müavini işləyib.

Seyfəddin Dağlı həmkarlarından özünəməxsus üslubu ilə seçilirdi. Onun yaradıcılığı zəngin və çoxşaxəli idi. O, bir çox hekayə, oçerk, povest, romanın müəllifi idi. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır", "Bahar oğlu" romanı (Cəfər Cabbarlının həyatı haqqında), "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" adlı ədəbi şedevrlər yaratdı. Lakin çoxşahəli yaradıcılığında o, satirik-yumoristik janra üstünlük verirdi. Bu sahədə o, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tanınırdı. Onun pyesləri bir çox teatrlarda dəfələrlə səhnəyə qoyulub.

S.Dağlı həm satirik, həm də yumoristik povestlər, hekayələr ustası idi. Onun əsərləri oxucuda şüurlu və mənalı gülüş yaradır, ona görə də onların süjet xətti, quruluşu, ifadə tərzi, dilinin sadəliyi və şirinliyi ilə yadda qalırdı. Onun yaradıcılığında məhz satirik axar xüsusilə seçilir. Yazıçının tənqid və satira hədəfi müasir cəmiyyətin eybəcərlikləri idi, bütün qəhrəmanları həyatdan götürülüb. Müəllif tərəfindən yaradılmış hər bir obrazın öz bədii xüsusiyyətləri var və bir-birindən xeyli fərqlənir.

Yazıçının fəaliyyətinin ən mühüm mərhələsi “Kirpi” satirik jurnalına rəhbərlik etdiyi dövr olmuşdu. O, 1959-cu ildən 1976-cı ilədək bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərib. Jurnal zamanın tələbinə uyğun olaraq 1952-ci ildə məşhur "Molla Nəsrəddin" ənənələrinin davamçısı kimi çıxmağa başlayıb. Məhz bu jurnalda işlədiyi illərdə yazıçının istedadı özünü daha parlaq göstərib.

Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatı isə onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, “Kirpi” jurnalının bir-birindən maraqlı onlarla nömrəsidir.

Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2023)

 

 

Bu həftə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvətilə ölkəmizə iki günlük dövlət səfərinə gəldi. Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini gücləndirən, əməkdaşlığın əsas istiqamətlər üzrə dərinləşməsini hədəf götürən bu səfərdə bir sıra ikitərəfli sazişlər imzalandı. Səfərin əhəmiyyətinə toxunan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bu səfəri mediaya şərh edərkən bildirib ki, öncə Azərbaycan Prezidenti İlham Əliyevin ötən il iyun ayında Özbəkistana səfərini və bu səfər çərçivəsində imzalanan sənədlərə baxmaq lazımdır:

 

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin qəbul olunması ölkələrimiz üçün olduqca vacib bir məsələ idi. Bu sənədlərin bir çoxunu əhatə edən məsələlər yalnız Azərbaycan-Özbəkistan deyil, eləcə də demək olar ki, loqistika baxımından Cənubi Qafqazla Orta Asiya regionunu əlaqələndirmək baxımından da əhəmiyyətli idi. Çünki bu gün regionda Rusiya-Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda qarşılıqlı komunnikativ əlaqələri, birgə əməkdaşlığı təşviq edən bu cür əməkdaşlıq sənədlərinin imzalanması həm də bütün dünya üçün bir mesaj idi. Ayrıca Özbəkstanla bağlanmış sənədlərin içində hərbi və hərbi-texniki sahədə birgə əməkdaşlıqla bağlı məsələnin olması hər iki Türk ölkəsi üçün, eyni zamanda bütün Türk Dünyası üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu cür sənədlər bizi həm gücləndirir, həm də regionda Türk dövlətlərinin nüfuzunu artırır, onları bölgənin əsas söz sahiblərinə çevirir”.

 

İlham İsmayılov bildirib ki, Özbəkistan Qarabağ məsələsində bütün dövrlərdə Azərbaycanı bir mənalı dəstəkləyən ölkə olub: “Hətta, Ermənistanla heç bir zaman diplomatik əlaqə qurmayıb. Ona görə də, bizim 44 günlük Vətən müharibəsindəki qələbəmiz qardaş özbək xalqı üçün də əsl bayram oldu. İki gün əvvəl Özbəkstan prezidentinin özbək xalqı adından hədiyyəsi olan və Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı özlüyündə çox anlamlı, açıq mesajlarla dolu bir hadisədir. Üstəlik, qardaş Türk dövlətlərinin bu cür layihələri dəstəkləməsi və ermənilər tərəfindən dağıdılmış bölgələrdə bərpa-quruculuq işlərində iştirakı olduqca vacibdir. Bu həm də xülyalar içində bu torpaqlara bir daha göz dikməyə qalxan ermənilər üçün çox açıq və aydın bir ismarıcdır”.   

 

İlham İsmayılov Özbəkistan prezidentinin Şuşa səfərinə də toxunaraq, bildirib ki, iki il əvvəl Şuşada bağlanmış Azərbaycan-Türkiyə hərbi ittifaqı və birliyi digər qardaş Türk dövlətləri üçün də bir stimul olmalıdır: “Təbii ki, biz ictimayyət nümayəndələri olaraq arzu edərdik ki, Şuşada bağlanmış Azərbaycan-Türkiyə hərbi-texniki və strateji tərəfdaşlıq müqaviləsi bütün qardaş Türk dövlətləri, Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələrin hər biri ilə ayrı-ayrılıqda bağlansın. Bu qardaş ölkələrin hər birinin Şuşada konsulluq açması da çox müsbət addım olardı.Ümid edirəm ki, bu addımların atılması üçün vaxt və zaman yetişməkdədir. Bu bizim birliyimizi daha da möhkəmləndirər, regionda əsas söz sahibinə çevirər. Proseslərin isə ona doğru getdiyinə tam əminəm”.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabah - avqustun 26-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. 

 

Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 26-29° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı bildirilir.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

Cümə, 25 Avqust 2023 18:00

Birinci ledi

 

Avqustun 26-sı Mehriban Əliyevanın növbəti ad günüdür

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

(25.08.2023)

 

Allah-Təala müqəddəs kitabımızda çox yerdə vurğulayır ki, hər şeydən xəbərdardır və yerin–göyün, bütün kainatın da Sahibi özüdür. Yəni Onun iradəsindən kənarda kainatda heç nə baş verə bilməz. 

Əl–Bəqərə surəsinin, 116-cı ayəsində yazılıb: – “Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!”. Və Hədid surəsinin, 57-ci ayəsi isə daha konkret olaraq insanın alın yazısının əvvəlcədən təyin olunduğuna bir işarədir: – “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir hadisə yoxdur ki, Biz onu yaratmamışdan əvvəl, o “lövhi-məhfuzda” yazılmamış olsun. Bu, Allah üçün çox asandır!”

Hesablamalara görə dünyada mövcud olan yeddi milyard altı yüz milyondan çox insanın yaşadığı 245 ölkə var. Onlardan cəmi 193-ü rəsmi tanınan dövlətdir. Sizə zarafat gəlməsin, səkkiz milyarda yaxın adamın arasından 193 insandan biri olmaq təsadüfi ola bilməz. Bu təyinatda hökmən Allahın iradəsi var. O, istəməsə heç bir təyinat baş tutmaz…

Müdrik, uzaqgörən, zəkalı xanımdır. İpək kimi qəlbi var, xeyirxah və mərhəmətlidir, insanları sevindirməkdən, ehtiyacı olanlara yardım etməkdən zövq alır. Daxili dünyasının zənginliyi onu daha da nurlu, işıqlı göstərir. Məqsədə doğru əzmlə addımlamağı bacarır və taleyinə yazılan təyinatı icra edir…

Deyir ki,- “Anam orta məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutaraq, nəticədə görkəmli filoloq, şərqşünas-alim olmasına səbəbkar oldular. Və anam Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda müxtəlif vəzifələrdə çalışaraq, sonda həmin institututa rəhbərlik etdi. Bax, onun bu baş tutmayan arzusu mənim seçimimi müəyyənləşdirdi və mən həkim oldum…”

İki qız, bir oğul anası, bir neçə nəvənin nənəsidir. Evinə, ailəsinə çox bağlıdır. Onun olduğu yer ideal təmiz, təravət qoxusu ilə dolu olmalıdır. Səliqə-səhmanı xoşlayır. Nizam-intizama önəm verir, qarışıqlığı sevmir…

“Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla! İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram…”- söyləyir.

Mehriban, nəzakətli xanımdır. Son dərəcə diqqətlidir. Yaxşılara dəyər verməyi, diqqət göstərməyi bacarır. Onun üçün dürüstlük çox əhəmiyyətlidir. Əmin olmadan heç zaman qərar vermir. Qərar verdisə, tərəddüt etmədən həyata keçirməyə tələsir. Ətrafdakılara soyuq münasibət göstərmir, biganə deyil, həssas və şəfqətli insandır. Ona pənah gətirən hər kəsə dəstək verməyə, yardım etməyə çalışır…

Deyir ki,- “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır…”

Dövlətini, xalqını sevən, vətənpərvər insandır. Dünyada rəsmən tanınan dövlətlərin sırasında Azərbaycanın da bayrağının olmasından qürur duyur…

“Biz 31 ildir ki, müstəqil dövlətik. Müstəqillik xalqımız üçün çoxdan gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü motivasiyadır. Eyni zamanda, beynəlxalq aləmdə müasir Azərbaycanın real və obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə, dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sahələrdə çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi ölkədir. Bu, qədim ənənələrin müasir meylidir. Ölkəmizə gələn hər bir qonaq möhtəşəm inkişafla yanaşı, azərbaycanlıların məxsusi qonaqpərvərliyini və genişürəkliliyini qeyd edir. Bizim yaşıdlarımızın bəxti gətirib ki, Azərbaycanda həqiqətən böyük dəyişikliklər və zəfərlər dövründə yaşayırıq, bütün quruculuq proseslərinin iştirakçısı ola bilərik. Sadəcə, Vətəni sevmək və onu qiymətləndirmək lazımdır…”- söyləyir…

Qürurlu və ləyaqətlidir. Əsilzadələrə xas olan davranış qaydaları var. Xaraktercə ciddi olduğundan yalanı, qeyri-səmimiliyi sevmir. Bəli, haqqında söhbət açdığım Mehriban xanım Əliyevanı düşmən üzərində zəfər çalmış ölkənin birinci xanımı kimi hamı çox sevir və ona inanırlar…

Avqustun 26-sı Mehriban xanımın növbəti ad günüdür. Bu ölkənin sadə bir vətəndaşı kimi, mən də Onu ad günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat, işlərində müvəffəqiyyətlər arzulayıram…

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

Cümə, 25 Avqust 2023 17:45

Sənin də öz filmin olacaq!!!

Diqqət! Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu avqustun 29-da Natəvan  klubunda “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqsəd keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino industriyasına daha yaxından cəlb edilməsidir. 

Məruzəçi mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu olacaq. 

Görüşə həm kino sahəsində öz sözünü demiş ssenaristlər, həm də bu sahəyə marağı olan yazıçılar, xüsusən gənc yazıçılar dəvət olunur. 

Başlama vaxtı: 15.00

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

Cümə, 25 Avqust 2023 17:15

Allah qapısını açsın!

“Ədəbiyyat və incəsənət” Cavid Zeynallının bu günün təqvimiylə bağlı olan bir yazısını diqqətinizə çatdırır. 

 

Əjdər Ol 65 illik yubileyini qeyd edir. İnanıram ki, inşallah, növbəti doğum gününü azadlıqda, doğmalarının yanında qeyd edəcək. 

Allah qapısını açsın! Şairi bu gözəl şeiri ilə təbrik edirəm. 

 

Ömür

 

Ağrılara, əzablara darılma,

Öz işindən bərk-bərk yapış, yorulma,

Çalış ölmə, çalış itmə, vurulma,

Canım-gözüm, ömür elə budur, bu!

Tale, qismət deyirdin ha, odur bu!

 

Yağlı vədlər, yaman "ayır-buyur"lar,

Demə mənə nə ad, nə san qıyırlar,

Tez artmağa axı kimi qoyurlar?!

Canım-gözüm, ömür elə budur, bu!

Yarışmağa meydan budur, cıdır bu!

 

Adamsan də, incidərlər adamı,

O dünyadan haraylama atanı,

Alan yoxsa, dur özün al qadanı,

Canım-gözüm, ömür elə budur, bu!

Dadına bax, gör nə şirin dadır bu!

 

Neynəsən də, hər gələn gün xoş olmaz,

Adam gedib ağlağana qoşulmaz,

Fors eləmə, dünya sənsiz boşalmaz,

Canım-gözüm, ömür elə budur, bu!

Səni, məni diri-diri udur bu!

 

Keçmək olmur payızından, yazından,

Üzülürsən bir gözəlin nazından,

Əşşi, yüz yol mən demişəm azından,

Canım-gözüm, ömür elə budur, bu!

Ürəkdə od, gözümüzdə sudur bu!

 

Hər istəkdə, hər diləkdə düyün var,

Nə istəsəm, olmasa da, deyin: "Var!",

Əjdər Olsan, kimsən, boş hay-küyün var,

Canım-gözüm, ömür elə budur, bu!

Adəm budur, Nəbi budur, Xıdır bu!

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.