Super User
BDU hekayə müsabiqəsi qaliblərinin hekayələri - Nurlanə Şirinova (3-cü yer)
Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.
Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.
İlk olaraq “Ədəbiyyat və incəsənət” sizlərə müsabiqədə 3-cü olmuş Nurlanə Şirinovanın “Bir həyatın xülasəsi” hekayəsini təqdim edəcək.
Nurlanə ŞİRİNOVA
BİR HƏYATIN XÜLASƏSİ
Gözləri yumulu idi. Ətrafında ağlaşma səslərini eşidirdi, lakin reaksiya verə bilmirdi.
Qollarını qaldırmaq istədi, amma tərpənə bilmədi.
Səslər getdikcə daha da qarışırdı. İndi eşitdiyi, sadəcə, uğultu idi.
Sonra içində olduğu qaranlıq birdən aydınlandı. Qabağında bir işıq gördü, sürətlə o işığa tərəf çəkilirdi. İşıq onun ətrafına yayıldı və hər yer ağappaq oldu.
***
“Uşaqlar, Novruz bayramı ilə bağlı qiraət yarışı keçiriləcək. Qoşulmaq istəyənlər adını yazdırsınlar”- Müəllim bunu deyib dərsə başladı.
Cəlal o vaxt gənc idi, 14-15 yaşı olardı. Bu xəbəri eşidən kimi yerindən dikəldi.
“Qiraət yarışı...” – deyə düşündü. Novruz bayramı, baharın gəlişi, təbiətin oyanışı insanların həyatına yenilik, canlanma gətirir. Novruzda küsülülər barışır, insanlar bir masanın ətrafına toplaşaraq bayram sevincini bölüşürlər.
Cəlal bunları düşünərkən dostunun səsi onu xəyallarından ayırdı:
– Qoşulacaqsan?
– Necə?
– Deyirəm, qoşulacaqsan yarışa?
– Əlbəttə. Məncə, sən də qoşul.
– Yox, hara qoşuluram?! O sənsən e, yazasan, pozasan, yaradasan...
Ağlına gələn ilk xatirə bu olmuşdu. Məktəb illəri... Necə şirin vaxtlar idi. Cəlal elə uşaqlıqdan yaşıdları arasında seçilirdi. Kim bilərdi ki, Gəncənin bir tərəfində boy atan istedad gələcəkdə milyonların qəlbinə yol tapacaq.
***
1928. Darülmüəllimi bitirməsini, son dərs gününü xatırladı. Cəlal həmin ildən sonra bədii yaradıcılığa başlamışdı. O həm də şeirlər yazırdı. Yazdıqları müəllimləri, yoldaşları tərəfindən rəğbətlə qarşılanırdı.
***
1940. Yaş 32. Çap evinin qarşısında durub gülümsəyir. O indi xoşbəxtdir, çünki “Bir gəncin manifesti” romanı ilk dəfə çapdan çıxıb.
“Gəl, ey gözlədiyim xilaskarım, gəl!
Ey azad həyatım, ilk baharım, gəl!”
Ürəyindən bu misraları keçirir, romandakı obrazları xəyalında canlandırırdı. Mir Cəlal bu romanı yazarkən çox müşahidə aparmış, dövrün qüvvətli, iradəli, mübariz gənclərinin timsalında Mərdan obrazını yaratmışdı. Sarsılmaz Sona... Zəhmətkeş Azərbaycan qadını...
Xatirələr gözünün önünə gəldikcə qəlbi fəxarətlə dolurdu.
– İtə ataram, yada satmaram!
– Oxudun? – Cəlal sevinc dolu təəccüblə dostuna çevrildi. Çapdan bir həftə keçmişdi.
– Doğrusu, lap əntiqə yazmısan! Sənin bacaracağını bilirdim, amma bu qədər də gözləmirdim.
Sonralar bir çox ədiblər bu əsər haqqında fikirlərini bildirmiş, roman oxucular tərəfindən bəyənilmişdi.
“Bədii təfəkkürlə elmi təfəkkürün sintezi, qovuşuğu Mir Cəlal müəllimin həm yazıçılıq, həm də alimlik fəaliyyətinə təkrarolunmaz bir vüsət və qüvvət vermiş, onun hər iki sahədəki böyük uğurlarının əsası olmuşdur”.
Mir Cəlal romanları, povestləri, hekayələriylə neçə-neçə insana ilham oldu, yol göstərdi.
Sonra Püstə ilə olan xatirələri yadına düşdü. “Qadın qəlbi qapalı bir ağacdır, açarı da qadının özündədir. Bu açarı qəlbdə yanan sevgi fanarı ilə arayıb tapmalı”, – deyirdi Mir Cəlal.
“Püstə... Sən mənim dünyam idin. Amma heyif, artıq həyatda deyiləm... Kim bilir, bəlkə, bir gün dünyanın bir ucunda kitablarımı oxuyanda məni, səni xatırlayarlar, Sonanı anlayar, Baharı unutmazlar...”
Başını yuxarı qaldırdı. Xatirələr zehnində canlandıqca onu düşüncələrə qərq edirdi. Sonra qabağına bir az əvvəl gördüyü işıq çıxdı. İşığın o tərəfindən nəğmə səsi gəlirdi. Diqqətlə qulaq asdıqda bunun anasının laylası olduğunu xatırladı.
İşığa bir az da yaxınlaşdı.
Birdən hər yer bəmbəyaz oldu...
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)
“Solğun çiçəklər” tamaşası oynanılacaq
Sentyabrın 8-də yeni teatr mövsümündə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə teatrsevərlərin qarşısına çıxacaq.
Səhnə əsəri teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb.
Dəfələrlə teatrlarımızın yaradıcı kollektivləri tərəfindən səhnəyə qoyulan “Solğun çiçəklər” əsəri Cəfər Cabbarlının istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və yeni keyfiyyətlər gətirdiyini bir daha sübuta yetirir. Bütün bunlar görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsərində özünəməxsusluğu, ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından yanaşmasını önə çəkir.
Qeyd edək ki, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var dövlətini də ələ keçirmək istəyir. Bütün bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Nəticədə Sara vəfasızlığın qurbanı olur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)
Məti Osmanoğludan “Gənc yazarlar üçün nəzəriyyə dərsi”
İPPOLİT TEN: “SƏNƏTDƏ İDEAL HAQQINDA” -2-cı hissə
“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyytaşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərslərini davam etdirir. Bu gün o, sizlərə İppolit Tenin “Sənətdə ideal haqqında” adlı məqaləsini tərcümə edərək təqdim edir.
Bu gün sizə məqalənin 2-ci hissəsi çatdırılacaq.
İppolit TEN
SƏNƏTDƏ İDEAL HAQQINDA
(Sent-Bövə həsr olunur)
Bu araşdırmanın mövzusu və metodu. – İdeal sözünün mənası.
II
Müxtəlif əsərlərin daha çox və ya daha az dəyəri. – Zövqlərin uyğunluğu və bir çox məsələlərdə yekun hökm. – Fikrin irəli sürüldüyü üsulla təsdiqlənən nüfuzu və ya çəkisi. – Onun sonuncusunun ən son tənqid üsulları ilə möhkəmləndirilməsi. – Doğrudan da, sənət əsərinin dəyərini müəyyən edən qanunlar var.
Yenə də – gerçək, real dünyada olduğu kimi – eynilə fantaziya aləmində də müxtəlif səviyyələr və ya yerlər var, çünki dəyərlər fərqlidir. Camaat və bilicilər birincini göstərir, ikincini isə müəyyənləşdirir. Üç il ərzində beş əsrlik İtaliya rəssamlığından qaçaraq biz də eyni şeyi etdik. Biz hər yerdə, hər addımda hökm oxuduq, qiymət verdik. Ancaq özümüz də bilmədən ölçünü əlimizdən buraxmadıq. Başqaları da bizim kimi davranır, ümumiyyətlə, hər bir işdə olduğu kimi, tənqiddə də hazır, artıq deyilmiş həqiqətlər var. İndi hər kəs etiraf edir ki, Dante və Şekspir kimi məşhur şairlər, Motsart və Bethoven kimi məşhur bəstəkarlar aid olduqları sənətdə mühüm yer tuturlar. Çağımızın bütün yazıçıları arasında birinci yer yekdilliklə Göteyə verilir. Onu fleminqlər arasında Rubenslə, hollandlar arasında Rembrandtla, almanlar arasında Albrext Dürer ilə, venesiyalılar arasında Titsianla heç kim müqayisə etmir. İtalyan İntibah dövrünün üç rəssamı Leonardo da Vinçi, Mikelancelo və Rafael, yekdil fikrə görə, hamıdan üstündür. Nəsillərin elan etdiyi bu yekun hökmlər, onların irəli sürülmə üsulu ilə qəbul edilmiş avtoritetə haqq qazandırır. Əvvəla, sənətklar haqqında mühakimədə müasirlər razılığa gəliblər və bu qədər fərqli düşüncələrin, temperamentlərin və tərbiyənin qarşılıqlı təsirindən doğan bu fikir artıq özlüyündə əhəmiyyətlidir, çünki hər bir fərdi zövqdəki çatışmazlıq öz aralarında mübahisə edən başqa mülahisələrin müxtəlifliyi ilə tamamlanır, nəhayət, tarazlaşır və bu daimi qarşılıqlı tənzimləmə yekun rəyi get-gedə həqiqətə daha çox yaxınlaşdırır.
Bunun ardınca tamamilə yeni bir ruhla başqa bir dövr gəldi və ondan sonra yenə başqa bir dövr gəldi; onların hər biri iddiaya öz nöqteyi-nəzərindən baxır və onu yoxlayır; bunların hamısı eyni zamanda həm dərin düzəlişlər, həm də güclü təsdiqlərdir. Beləcə, müxtəlif məhkəmələr qarşısında dayanan əsər onlardan eyni qiymətlə çıxdıqda və neçə əsrlər boyu qırılmayan zəncir kimi dayanan hakimlər eyni hökmü verməyə razılaşdıqda, yəqin ki, onların hökmü ədalətlidir: əgər bir əsər başqalarından, həqiqətən, üstün olmasaydı, bu qədər müxtəlif rəğbəti öz üzərinə çəkməzdi. Müəyyən dövrlərə və xalqlara xas olan idrakın məhdudluğu bəzən ayrı-ayrı şəxslər kimi dövlətləri və xalqları da yanlış mühakimə yürütməyə və dərk etməyə sövq etsə belə, burada da baxışlardakı fərdi fərqlər aradan qaldırılır, tərəddüdlər bir-biri tərəfindən məhv edilir və tədricən o qədər sabitlik və düzgünlük əldə edilir ki, biz belə möhkəm və qanuni əsaslara söykənən rəyə əsaslı şəkildə etibar edə bilərik. Nəhayət, insanların fitrətindəki bu instinktiv zövq həmrəyliyinə əlavə olaraq, tənqidin ən son üsulları sağlam düşüncənin avtoritetinə elmin də avtoritetini əlavə edir. Hazırda tənqidçi onun şəxsi zövqünün heç bir əhəmiyyət daşımadığını, öz xasiyyətini, öz meylini, öz partiyasını, öz maraqlarını tamamilə kənara qoymalı olduğunu, istedadının hər şeydən öncə rəğbət olduğunu yaxşı bilir. Yaxşı bilir ki, tarixdə ilk iş özünü mühakimə etmək niyyətində olduğu insanların yerinə qoymaq, onların instinkt və vərdişlərini mənimsəmək, onların hisslərinə nüfuz etmək, fikirlərini yenidən yaratmaq, onların daxili vəziyyətini öz daxilində canlandırmaq, özünü onları əhatə edən mühitdə hərtərəfli və olduqca aydın şəkildə təsəvvür etmək, daxili vəziyyətini özündə əks etdirmək, fitri xarakterləri ilə birləşərək onların fəaliyyətini təyin edən və həyatlarını istiqamətləndirən şərait və təəssüratları təxəyyül vasitəsilə izləməkdir.
Belə bir əsər bizi sənətkarların nəzər nöqtəsinə qoyaraq onları daha yaxşı başa düşmək imkanı verir və bu əsər bir sıra təhlillərdən ibarət olduğundan, hər hansı digər elmi əsər kimi, yoxlama və təkmilləşdirmə üçün əlçatandır. Bu metoda istinad edərək məşhur bir sənətkarı bəyənə, yaxud bəyənməyə bilərik, eyni əsərdə bir hissəni pisləyib digərini tərifləyə bilərik, hər şeyin qiymətini müəyyən edə bilərik, uğur və sapmaları göstərə bilərik, çiçəklənmə və tənəzzül dövrlərini tanıya bilərik və bütün bunları özbaşına deyil, hamıya məlum ümumi qaydalar əsasında edə bilərik. Mən də elə bu sirli qaydanı aydınlaşdırmağa, dəqiq müəyyənləşdirməyə və sizə sübut etməyə çalışıram.
DAVAMI VAR
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)
Vüsalə Fərzullayeva: “Nida qoyub gedəcəm!”
ÖZÜNƏNAŞİR rubrikasında sosial mediada paylaşılan tanınılmayan imzaların ən maraqlı bildiyimiz şeirlərinin dərcini davam etdiririk. Növbədə 3 bəndlik şeiri ilə Vüsalə Fərzullayevadır.
Bir təşəkkür məktubu
Yazıb, vida edəcəm.
"Nə yaxşı sonluqlar var!"
Nida qoyub gedəcəm!
Özümlə aparacam
Bütün xatirələri.
Arzuyla yaşadığım
Bütün sənli günləri...
Yağış dili danışıb,
Külək səsli güləcəm.
Dünyanin cod əlindən,
Əllərimi üzəcəm...
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)
“Yevgeni Onegin” monotamaşası BMA-da təqdim olunacaq
Oktyabrın 21-də Bakı Musiqi Akademiyasının (BMA) nəzdində Opera Studiyasında Rusiyanın Əməkdar artisti Aleksandr Dyujevin ifasında A.Puşkinin ən məşhur, parlaq əsəri təqdim olunacaq.
BMA-dan verilən məlumata görə, Dmitri Dyujev tərəfindən ifa olunacaq “Yevgeni Onegin” valehedici monotamaşadır.
Tamaşaçılar dünya ədəbiyyatının şah əsərini yeni tərzdə dəyərləndirmək imkanı əldə edəcəklər.
Səhnə əsərində görkəmli bəstəkar Sergey Prokofyevin bu tamaşa üçün xüsusi olaraq yazılmış musiqisi səsləndiriləcək. Tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti Antonina Kuznetsovadır.
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)
“Təhsilimizi kişiləşdirməliyik, yoxsa erkəkləşdirməli?” - Şəmil Sadiq yazır
“Ədəbiyyat və incəsənət” portalı Aktual rubrikasında bu gün yazıçı, pedaqoq, ictimai fəal Şəmil Sadiqin mülahizələrinə yer ayırır.
Nədənsə həmişə müəllim dedikdə, cins olaraq hamının ağlına kişi cinsi gəlir. Dilimizdəki “kişi” sözü isə artıq öz mənasını dəyişib, başqa dona girib. Bu söz daha çox mərd, ağzıbütöv, ləyaqətli, namuslu insana ünvanlanan bir etalondur. Bu cür insan isə erkək də olur, qadında da. Deməli, izahlı lüğətimizdə bu sözün ilk mənası olaraq yuxarıda qeyd etdiyimiz və bir çoxunu da unutduğumuz müsbət yüklü sözlərin daşıyıcısına verilən ad olmalıdır.
Türkiyə türkcəsində “kişi” sözü nəfər mənasında işlədilir. Deməli, bizim dildə də bu söz cins anlayışından uzaqlaşıb və yeni məna kəsb elədiyini qəbul etməliyik.
Hə, gələk mövzuya. Mən də “təhsilimizi kişiləşdirməliyik” dedikdə hamımız kimi “erkəkləşdirməyi” nəzərdə tutmuşdum. Amma məqalənin adını yazan kimi və “kişi” sözünün mənasına varan kimi fikrimi dəyişdirdim. Çünki mən düşünürdüm ki, orta məktəbdə dərs deyən müəllimlərin çoxluğunu kişi cinsindən etsək, ürəyimdə tutduğum bütün problemlər həll olunmuş olar. Fəqət “arvad kimi kişidənsə, kişi kimi arvad yaxşıdır” deyimi də fikrimin dəyişməsinə səbəb oldu. Qaldım çaşbaş. Əlimi klaviaturadan götürüb düşündüm, qərara gəl, kişiləşdirməliyik, yoxsa erkəkləkləşdirməli? Çox düşünsəm də, qərara gələ bilmədim. Lənət şeytana, nə olardı ki, bütün erkək insanlar kişi olardı, mən də bu məqalədə mətləbdən uzaqlaşmaya idim. Amma oxucunun intellektinə və məntiqinə güvənərək “onlar başa düşərlər, mən nə deyirəm”, – deyib keçirəm mətləbə.
Orta məktəb təhsilimizdən narazı olmayan insanımız yoxdur demək olar ki… Sıravi vətəndaşlar düzgün təhsil verilmədiyindən, müəllimlərin məsuliyyətsizliyindən, müəllimlər kurikulumdan, maaşın azlığından, Təhsil Nazirliyi müəllimlərin işinə vicdanla yanaşmamasından, özlərini təkmilləşdirməməsindən narazıdır. Sözün düzü, hamısı haqlıdır. Amma mən elə bilirəm ki, bunların yeganə baiskarı boş-bikar xanımların məktəblərdə kişilərin yerini tutmasıdır.
Bu gün istənilən orta məktəbin müəllimlərinin statistikasını çıxartsaq, ən yaxşı halda 90-nın 10-a olar. Yəni 10%-i kişi olar. O da başqa bir yerdə iş tapa bilməyən, iş qabiliyyətini itirən ahıl kişilər. Yerdə qalanlar isə qadınlardır. Şair təbiətli insan olduğuma görə qadınlara qarşı bir antipatiyam yoxdur. Çünki şeirlərimin baş qəhrəmanları xanımlar, ilham pərimin də cinsi zərifdir.
Birinci olaraq bunun necə baş verdiyini araşdırmaq istərdim. Necə oldu ki, məktəbdə işləyən insanların çoxu qadınlar oldu? Hamımıza məlum olan səbəblərdən biri orta məktəbdə maaşın az olmasıdır. Elə buna görə də ailə dolandırmaq kimi ağır bir yükü çiyninə götürən kişilər bu az maaşlı, az “xalturalı” işdə işləməkdən yayındılar. İkincisi isə mentalitetimizin günahlarıdır. Hamımız məktəbə ən axırıncı iş kimi baxdıq və müəllimlik sənətinə daha çox qızlarımızı göndərdik. – Qadındır da nə edəcək, qoy gedib müəllimdən-zaddan işləyib başın girələsin, – dedik. Beləcə, bu sənət “arvad peşəsi” kimi formalaşdı. Sonra da qadın müəllimlərin ərləri ən təmiz, namuslu bir yer kimi məktəbi seçdi. Savadlı, savadsız xanımlarını məktəbə düzəltdilər. Sənin mənə pulun lazım deyil, get başını qat, gününü keçir, – dedilər. Hə, bir də ona görə ki, hamı əxlaq baxımından ən saf yer məktəbi bilir axı. Ona görə xanımlarını məktəbə göndərməklə gözləri arxalarınca qalmadı. Bizim üçün əxlaqsızlıq daha çox bir evli kişinin bir qadından və ya bir evli qadının bir kişidən xoşu gəlməsi hesab edildiyindən, qeybət, ara vurmaq, kiminsə ayağının altını qazmaq, evini yıxmaq o qədər də əxlaqsızlıq hesab edilmir.
Və beləcə həm məktəblərimiz, həm tədrisimiz, həm əxlaqımız, həm də oğlanlarımız arvadlaşmağa başladı. Əslində bu da avropa standartlarına yaxınlaşma demək idi. Axı müasir dünyada din, millət ayrımı olmadığı kimi, cinsi ayrım da yoxdur.
Sadəcə bu peşəni sevənlər və bu peşəyə hörmət bəsələyənlər, ən azından bu peşəyə çörək ağacı kimi baxanlar müəllimliyə qayıtsa, bəlkə, onda təhsilimizdə də kişiləşmə gedə. Sözümün üstündə dururam, kişiləşmə ha, erkəkləşmə yox.
Xanımlar məndən inciməsin, amma qəlbimin dərinliyində təhslin erkəkləşməsini də istəyirəm. Çünki ha axtarıram Aristoteldən, Nizamidən, Mirzə Şəfidən, Mirzə Cəlildən, Hüseyn Caviddən, Abdulla Şaiqdən bu yana adlı-sanlı qadın müəllim yadıma düşmür. İstisnalar qaydaları pozmur…
P.S. Müəllimin cinsi olmaz. Ona görə də dilimizdə “müəllimə” ifadəsi yoxdur. Amma təəssüf ki, yazıq uşaqların dili elə vərdiş edib ki, qabaqlarına kim çıxır “müəllimə” deyirlər. Belə getsə, dilimizdə cins kateqoriyası yaranacaq.
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)
Quşların sevgisi haqqında heyrətamiz faktlar
“Ən çox oxunan” rubrikasının növbətçisi Könül bu xəbərin aylar öncə getdiyini, lakin hazırda yenidən paylaşıldığını qeyd edir və Reytinqdə ən çox adının hallanmasını əsas gətirib onu “Ədəbiyyat və incəsənət” oxucuları üçün də əlçatan edir.
Mənbə: The Guardian
Çin və Almaniyadan olan ornitoloqlar 200-dən çox quş növünün davranışını təhlil edərək sensasiyalı açıqlamalar veriblər. Məlum olub ki, quşlar arasında “uzaq məsafədən sevgini” dəstəkləməyənlər və “xəyanəti bağışlamayanlar” var, dişi quş buna görə öz cütündən ayrıla bilər.
Elm adamlarının sözlərinə görə, monoqam quşların 90%-i ən azı bir cütləşmə mövsümü üçün bir quşla yaşayır. Bunlar arasında “nümunəvi ailə başçısı” roluna tab gətirməyib, hələ də “başqalarına baxanlar” da olur. Belə olanda öz yuvasına gedən yol onun üçün əbədi olaraq bağlanır.
Alimlər “xəyanət”in daha çox erkəklərdə müşahidə olunduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu “xəyanəti” aşkar edən dişi erkəyi “bağışlamır” və “xəyanətkarı” özündən uzaqlaşdıraraq “boşanır”.
Bəli, bu halları ilə quşlar canlıların ən alisi olan insanlarla eyniləşirlər.
Ən maraqlısı isə, dişilərin “xəyanətinə” bu cür cavab verilməməsidir, onlara xəyanət etmək olar sən demə. Bax burda isə quşlar insanların tam ziddinə gedirlər.
Alimlər həmçinin daha uzun miqrasiya məsafəsi olan növlərin ayrılma nisbətinin daha yüksək olduğunu aşkar ediblər.
Dünyanın nə qəribə işləri var imiş.
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)
BİRİ İKİSİNDƏ - Müşfiq Cəbinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Poeziya saatıdır, oxucularımıza Müçfiq Cəbinin şeirləri təqdim edilir.
***
(Tərlan Əbilova sms əvəzi)
Baxışlar asılıb bu çərçivədən,
Çəkilə biləydim bircə bu şəklə.
Göy belə dəyişib tərzini, qardaş,
Döşənib yoluna yer bu şəkildə...
Biçdin öz əyninə kürkünü belə,
Sevmədin taleyin ərkini belə.
Bir an dəyişmədin görkünü belə,
Otur bu şəkildə, dur bu şəkildə...
Sən sözdən, şeirdən umdun təsəlli,
Bir fikrə getmisən gör neçə ildir
Rəssamı bəllidir, ustası bəlli,
Götür divarını hör bu şəkildə...
Təbin dövrə vurdu, çağladı ilham,
Az qala başına çökmüşdü bu dam.
Şəhərin görkəmin korlayan adam,
Nə gözəl düşmüsən gör bu şəkildə.
QAYIDIB QAPINI DÖYSƏM BİR GECƏ
Nə mənə, nə də ki heç hara yazma,
Sənsiz darıxıram, hər şey çətindir.
Baş vurub gedirəm lap uzaqlara,
Xəyalınla qalmaq daha şirindir.
Qayıdıb qapını döysəm bir gecə,
Mənim gəlişimə sevinərsənmi?..
Sevincdən qəlbimdən bir haray qopsa,
Çəkdiyim bu ahla isinərsənmi?..
Ah, yenə xəyaldır, bu dediklərim,
Hardasa adınla adım qovuşur!
Bir oğlan dolaşır tək küçələri,
Hardasa təklikdən bir qız üşüyür...
Dizin göynəyirmi başımdan ötrü?
Saçın darıxırmı sığalım üçün,
Bir az yastığında yer saxla, gülüm,
Gecə qəfil gələn xəyalım üçün...
O KÜLƏK, ÇƏTİN Kİ, QAPINI DÖYƏ
Açılan pəncərəm səndən danışır,
Örtülən qapıma səni yazmışam.
İynənin ucundan keçə bilməyən
İpimə, sapıma səni yazmışam.
Hissimin çözulməz qəzəbi sənsən,
Ruhumun hər zaman tələbi sənsən,
Ürək ağrımın da səbəbi sənsən,
Könül əzabıma səni yazmışam.
Sağım qubarlanir, solum daşlanır,
Bütün ümidlərim sənə tuşlanıb.
Birinci səhifəm səndən başlanır,
Ən son hesabıma səni yazmışam.
O külək, çətin ki, qapımı döyə,
O bulud mənimdir, sancılıb göyə.
Bir ömür dillərdə oxunsun deyə,
Ömür kitabıma səni yazmışam.
AXTARMA, TAPMAZSAN CAN YERİ MƏNDƏ
Gecəsi üstünə çökmüş səhərəm,
Bir daha qızarmaz dan yeri məndə.
Səni axtarmağa gedirəm, gülüm,
Axtarma, tapmazsan can yeri məndə.
Özümdən içəri gedirəm, çəkil,
Əriyib qanıma qarışım təki...
Sən də gəl üstümdə elə ağla ki,
Zərrə də qalmasın qan yeri məndə.
Qarışıb gecəyə çəkdiyim bu ah,
Yaman çox gecikir bu gələn sabah.
Sənə də bir canlıq borcum var, Allah,
Onu da gəl alıb yan yeri məndən.
SƏNİ UZAQLARA APARAN GƏMİ
Səni uzaqlara aparan gəmi
Gəlib, gözlərimin yaşından keçir.
Burda bir qadın var, xəbəri yoxdur,
Hər gün ürəyimin başından keçir.
Dər məni nəfəstək, könlünə dolum,
Bir də gözlərindən salmayım yolu.
Gəl tut əllərimdən, qurbanın olum,
Ömrün payızından, qışından keçir.
Daha yolun da heç düşməz yanımdan,
Sən getdin, sanma ki, qopdun canımdan.
O itmiş xəyalın bir qız donunda
Gəlib səhər-axşam qarşımdan keçir...
NƏSƏ DÜZ ÇIXMADI BU YAZIN, ALLAH
Ölüb-diriləsən yatdığın yerdə,
Üstündə bir yuxu yozanın ola.
Deyirəm, yuxuda gördüklərini
Götürüb alnına yazanın ola.
Daha gözlərimin gecə vaxtıdır,
Daha gəncliyim də düşübdür taxtdan.
Dağılıb bu ömrün qara saçları,
Açılıb taleyin yaxası çoxdan.
Elə kar olmuşam mən bu həyata,
Çatmır qulağıma avazın, Allah.
Mən ayaq üstündə çoxdan olmüşəm,
Nəsə düz çıxmadı bu yazın, Allah.
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)
Bakıda “Türk serialları dünyası” layihəsi təqdim olunub
Heydər Əliyev Sarayında “BN Team Orchestra” simfonik orkestri növbəti dəfə “Türk serialları dünyası” adlı unikal layihə təqdim edib.
Qazaxıstandan olan bu orkestrin ifasında “Möhtəşəm yüz il”, “Qara sevda”, “Çalıquşu”, “Çuxur”, “Min bir gecə”, “Hərcai” və başqa serialların musiqiləri səsləndirilib.
Eyni zamanda, böyük ekranda sevimli seriallardan ən yaxşı fraqmentlər göstərilib. Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, bu musiqilər, sadəcə, serialları müşayiət etmir, həm də tamaşaçını ovsunlayan, kino dünyasına qərq edən, həmçinin ekran qəhrəmanlarının bütün hisslərini yaşadan və həmişəlik yaddaşlara həkk edən bütöv bir simfoniya aləmidir. Müxtəlif mövzularda lentə alınan ekran əsərlərinin ideyası simfonik orkestr və xor kollektivlərinin ifası ilə daha dərin məna kəsb edir, qəhrəmanların romantik hissləri, həyəcanlı səhnələri qabarıq şəkildə təqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)
“MasterChef Türkiye”nin Azərbaycana həsr etdiyi buraxılışın tam versiyası yayımlanıb
Dövlət Turizm Agentliyi və Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türkiyənin "TV8" telekanalına məxsus “MasterChef Türkiye” kulinariya yarışmasının Azərbaycana həsr edilmiş buraxılışı yayımlanıb.
Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən Qarabağ kətəsi, şah plov, kütüm balığı ləvəngisi, göy qutabı və dovğa hazırlamaq üzrə yarışıblar.
Proqramda qonaq qismində iştirak edən ölkəmizin milli kulinariya və turizm təmsilçiləri yarışmaçılar tərəfindən hazırlanan yeməklərin dadına baxıblar, Azərbaycan təamları, onların hazırlanma texnikaları haqqında məlumat veriblər.
Həmçinin veriliş çərçivəsində Bakı şəhərinin, eləcə də Şuşanın füsunkar mənzərələrindən kadrlar təqdim olunub, Azərbaycanın turizm potensialı zəngin olan bölgələri haqqında məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)