Super User
“Kardeş Kalemler”in İyun sayı işıq üzü görüb
Türk Dünyasının Ortaq Ədəbiyyat Dərgisi olan “Kardeş Kalemler”in iyun sayı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Avrasiya Yazarlar Birliyinin başqanı, dərginin redaktoru Yakup Ömeroğlu məlumat verib.
İyun dərgisi İdil-Ural Türklüyünün mücadiləsi və Türk Dünyası ilə özdəşləşmiş M. AYAZ İSHAKİ İDİLLİ Ərməğanı olaraq çıxdı.
Bu sayda Prof.Dr. Mustafa İsen Türk mədəniyyətinə önəmli hizmətlər verən və keçən ay vəfat edən Türkiyə Cumhuriyəti Ləyaqət Nişanı sahibi Prof.Dr. Cornell Fleicher üçün bir vida yazısı qələmə aldı.
AYAZ İSHAKİ-nin şəxsi arxivini qoruyan Prof.Dr. İsmail Türkoğlunun seçdiyi məktublar qiymətli tarixi mənbələr qismindədir.
Dərginin bu sayına əmək verən araşdırmaçı, yazar ve çevirmenlər bunlardır: Çulpan Zaripova Çetin, L. Ş. Garipova, Bekzat Bekbolat , İsmail Türkoğlu, İ. M. Galimcanova, Erkan Karagöz, Daniya Zahidullina, Alp Eren Demirkaya, Kim Miñnullin, Fatih Ekici, Rkail Zaydulla, Mihriye Çelik, Alsu Kamalıeva, Flün Muslahoviç Musin, Gülşah Yılmaz, Hatim Miñnegulov, Neslihan Yaşar, Zöfer Remiyev, İlsever Rami, Fatma Canpolat Canal, Rife Rahman, Muhammet Karataş, Feniye Feyzullina, Gülçire Hannanova, Esranur Aydoğan, Ramilya Yarullina Yıldırım, Cabbar Eşankul və Veli Savas Yelok.
“Kardeş Kalemler” həqiqətən də oxunur, bəyənilir, sevilir. Əməyi keçənlərə alqış olsun!
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Akademik Milli Dram Teatrı 150-ci mövsümü başa vurub
Akademik Milli Dram Teatrı 150-ci teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə başa vurub.
Teatrın mətbuat xidmətinin yaydığı məlumata görə, bədii rəhbər, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və teatrın direktor əvəzi, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yaradıcı heyətlə görüşüb, məzuniyyətə yollanan truppa üzvlərinə xoş istirahətlər arzulayıblar.
Qeyd olunub ki, yeni mövsümdə - ilin sonunadək Akademik Milli Dram Teatrında üç yeni tamaşanın premyerası keçiriləcək.
Yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləridir. 2024-cü ildən isə kollektiv dünya və Azərbaycan dramaturgiyasının ən maraqlı nümunələri ilə tamaşaçıların görüşünə gələcək.
“Qarabağnamə” tamaşası Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Firəngiz Mütəllimova, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Nəzrin Abdullayeva, Cavidan Novruz, Nigar Güləhmədova, Firuzə Balayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov ifa edib.
Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Akademik Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib. Həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
“Qar adamı” - Güneyli yazar İlqar Müəzzinzadənin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla sizlərə İlqar Müəzzinzadənin maraqlı bir hekayəsini təqdim edir.
İlqar 18 oktyabr 1985-ci ildə Xiyav şəhərində anadan olmuşdur. O, ilk təhsilini bitirdikdən sonra İnşaat Mühəndisliyi, Ümumi Psixologiya üzrə bakalavr dərəcəsi və Klinik Psixologiya magistri almışdır. Onun 2017-ci ildə “Ürəyində dönüşsüz bilet” adlı şeirlər kitabı, 2020-ci ildə “Caddə” adlı hekayələr kitabı və 2021-ci ildə isə “Kaizen planlaşdırma” adlı psixologiya üzrə kitabı çap olunmuşdur. O, hekayə, poeziya, ədəbi tənqid və psixologiya sahəsində çalışır.
QAR ADAMI
Yuxuda bir qar adamı görürəm. Mənim nə qar ilə problemim var idi, nə də qar adamı ilə! Söz burda idi, evə girmişdi, çıxmaq fikri də yox idi.
Otuz il subay qalmamışdım ki, sonunda bu buza oxşar qar ilə evlənəm. Pis-pis kobud və soyuq heykəli ilə qucaqlamaq da istəyirdi. Bir təhər qopmalı idim. Baş açmırdım, qadın bir qar adamından çox, erkək bir cinə bənzəyirdi. Sanki damlarda olanları da bu yönəldir kimi davranırdı. Bir an dama sarı qaçıb qar adamlarına baş çəkdim. Hərəkətsiz və düzənli bir sırada dayanmışdılar.
Yenə pəncərə qırağına getdim. Saat gecə biri sovuşmaqda idi. Evdə zalın bucağındakı balkonun qırağında, soyuq kafelin üstündə lüt ayağımla dayanmışdım, sazaq ayağımı sancırdı. Qar dənələri getdikcə yekəlirdilər. Qoz boyda, qırıq-qırıq, havada fırlayaraq, hər yerə yox, balkona çox yağırdı, beş metr otaylığa isə az. Dam ilə balkonda hər yerdən çox gəzişirdilər.
Balkonda özünü tərpədib, üst-başını silkələdi. İrəli gəldi. Qarnının ortasından bir təpik geydirdim. Yerə tökülüb dağılsa da, yenə qar adamı şəklinə qayıdırdı. Vurduğum təpik heç vecinə də deyildi. Peyk antenası boşqabının böyüründən sovuşub, qırmızı dəmir qapıya söykəndi. Evə girmək istəyirdi. Ayaqlarım donuxub, əllərim keyimişdi. Dəmir qapının soyuq qıfıl yerini çəkib açdım, içəri keçdi. Boyu bir metr olardı. Başını yuxarı qaldırıb üzümə zilləndi.
Qar qırmızı çırağın işığında işıldayırdı. Yumşaq və pambıq telefon telinə, xiyaban qırağında sıralanmış ağacların xollarına düşür, qırmızı işıq altında şəhərə sərilirdi. Xiyaban qırağındakı ağacların budağı arasında uçuşub üşüyən sərçələr isti yer axtarırdılar, amma nə isə, bu isti heç də qar adamının könlücə ola bilməzdi. Çıxıb dam yolundan kürəyi götürdüm, başını bədənindən ayırmaq istəyirdim. Damın üstündən yerimək səsi gəldi. Səsin olub-olmamasına şübhələndim. Səs getdikcə ucalırdı, pəncərə qırağından ayrılıb, dama sarı getdim. Bir neçə qar adamı damın üstündə oturmuşdu. Başqa qonşu damlar və balkonlarda da habelə.
Qara asfaltın çirkin sir-sifəti, yavaş-yavaş qar quşunun altında itirdi. Ötən ay, damda manqalda bişirdiyim kababın közləri də, qar dənələri altında itməkdə idi. Qar dənələri, hansısa bir şəhəri təsxir etmək istəyən komanda paraşütizmləri kimi kirpiklərimə qonduqca, ürəyimə soyuq bir şübhə sarılırdı. Sevirdim qarı, yağmasına varam, qarışam, qaynayam, zarafatlaşam. “Hooooy gözümə ala-bula dəyirsən ha!” bir-bir tutub öpəm. Dodağımda soyuq yaş oturmuşdu, dişlərim üşüyürdü, amma nə isə bu qar adamı çox nanəcib birisinə oxşayırdı, zərrə-zərrə göydən yağan gözəl qar dənələrindən düzəldilmiş qar adamı deyildi sanki.
Dam yolunun soyuq qara mərmərli daşlarının üstündən, ayaq yalın sovuşub evə düşdüm. Qar adamı openin üstündə sırtıqca oturmuşdu. “Mənə qızıl almırsan, mənə lap son moda olmuş paltarlar hədiyyə etmirsən, xarici səfərlərə aparmırsan” deyən qadınlara bənzəyirdi. Nə papağı var idi, nə burnunda yerkökü, hər nəyi qardan düzələn yalnız ağappaq bir heykəl idi. Onun kristallarının arasında narın sarı-narıncı işıltılar parlayırdı. Yuxu gözümü çıxardırdı, davalarımı atmışdım, amma dama papaqsız çıxdığım üçün, sinüzitim yenə incitməyə başlamışdı. Bilmirəm elə doğurdan ağrıyırdı, yoxsa yuxu idi! Başıma ağrı sıçrayırdı.
Gecə saat 01:30 olardı. Mən isə hələ də qar dənələrinin ovsununda idim, sehirli yağmasına dalmışdım. Pəncərənin arxasından bir an belə qopa bilmirdim. Nəfəsimdən şüşə buğlanmışdı. Qar adamı məni qucaqlayıb öpmək istəyirdi. Çox zorlu olsaydı da müsibətlə ayrılıb kürəyi əlimə götürmüşdüm. “Mənim səninlə heç bir sabahım yox, açıl get burdan” deyə bağırmışdım. Kürək ilə başını bədənindən ayırmaq istəyirdim. Üstünə yürümüşdüm. Çırpışmışdıq. Çilçırağın qırılıb yerə düşməsini də vecinə almamışdı, qucaqlamaq istəyirdi. Soyuqluğunu mənə təqdim etmək üçün. Pəncərənin şüşəsini silib ara-sıra eşiyə baxırdım. Qar dənələri balkon üstünə toplanmaqda idi. üst-üstə qalandqdan sonra, təzədən dönüb qar adamına dönüşürdülər.
Pəncərədən ayrılmışdım, qar adamı zalın bucağına getmişdi. Əlində bir kubik var idi. sarı-narıncı rəngində. Qarın böyümüş kristalları kimi idi. O, kristalın işıqla sayrışan əşyasını, xırıltı, xırpıltı, cırınq-cırınq səslər içində, qabağına qoyub başını üzərinə əymişdi. Yuvasını oğurluq qır-qızıldan doldurmuş qarğa kimi idi. Ara-sıra balkona çıxıb, bir qucaq qar gətirirdi və uşaqlarımızdır deyirdi, sonra da qabağına töküb qovurğa kimi hərdən birini ağzına atırdı.
Yenə də dam yolunu soyuq mərmərindən keçib, evə qayıtdım. Soyuq, cırıq corabımdan dabanıma süzüb sancırdı. Qar adamı yox idi. Balkona sarı getdim. Otağı, şkafı, vannanı, tualeti, hər yeri alt-üst elədim; kaş yenə də dədəsi evinə cəhənnəm olmuş qadınlar kimi olaydı. Kəbini icraya qoymayıb, çıxıb gedənlər kimi. Evdə bir yaş da görmədim. Demək su olub yerə də getməmişdi. Zala qayıtdım. Mebelin bazası qırağında səkkiz bucaqlı kristalı işıldayırdı. Əlimə götürdüm. Göz qırpımında əriyib yox oldu. Əlim üşümürdü. Sanki əlimə isti su dağıldı. Aşpazxanaya gedib əlimi soyuq suya tutdum. Üzümə su vurdum. Yuxu içində yuxu görürdüm, qorxu canıma çökürdü. Openin altındakı üst-üstə qalanmış şey-şüylərə gözlərim sataşdı, soyuducunun içində hər nə var idisə, eşiyə tökülmüşdü, meyvə, tomat pastası, mürəbbə, limonada kimi. Soyuducunun öz-özünə açılması ilə diskindim. Ansızın ağ bir əl yaxamdan yapışdı. Uzun barmaqlarını boğazıma sardı. Gözlərim kəlləmə çıxdı. Nəfəsim kəsildi. Bir an danışmağa belə fürsət vermədi. Sonra da öz şikarını çəngəlləri arasında boğub göylərə aparan qartal kimi, yuxarı qovzayıb aşağı çırpdı, yerdə sürüyüb soyuducunun içinə təpdi. Qapını bağlayıb bağrına basdı, dayanmadan öpməyə başladı. Başım gicəllənir, nəfəsim kəsilməkdə idi. Lap boğulurdum, həm soyuqdan, həm havasızlıqdan. Soyuducunun içi qap-qaranlıq idi. Və həmişə uşaqlığımdan soyuducu qapısının açılıb-bağlanmasında, çırağının necə yanıb-sönməsi mənim üçün sual idi. İndi soyuducunun içində bu fikirləri bir anlıq belə beynimdə dolandırsam da, yalnız buraxılıb eşiyə qaçıb canımı qurtarmağa çalışırdım. Demək qapı bağlananda çırağın necə sönüb-sönməmək tapmacasını kəşf etməyə heç də yaxşı fürsət deyil idi. Kvant fizikində kvark zərrələri kimi bir şey idi, baxsan var, baxmasan yox! Qar adamına baxmamağa çalışırdım. Bu həçəldən necə olursa olsun qurtarmalı idim. Bağrına basıb dodağımı yeməyə çalışsa da, başa sala bilmirdim ki, mənim sənin ilə heç sabahım ola bilməz. Qışqırdım. Səsim çıxmadı. Bir neçə dəqiqə soyuducunun içində qucağında dartındım. Qaranlıq və soyuq hər tərəfimi keyitmişdi. Soyuducu yerə aşdı, çətinliklə eşiyə çıxıb ayağa durdum. Başını bədənindən qoparmaq istəyirdim, hər nə qədər zor verdim tərpənmədi. Çox yoğun, qoca və köklü bir ağac kimi idi. Tez başını mənə sarı tutub qucağına götürdü. Qıçlarımdan yapışıb yuxarı qaldırdı, sonra son gücü ilə kitabxanaya tərəf tulladı, sifəti kitablara öz günüsü kimi yanaşan qadınlar kimi olmuşdu. Soyuducunun qulpu belimə keçdi, bağırtım göyə ucaldı. Özümə gələnə kimi yenə yox oldu. Soyuducunun içindən çıxıb zalın bucağına qayıtdım. Soyuducuya sarı addımlayıb qapısına yaxılan qar dənələrinə əlimi sürtdüm. İşıldayıb sarı işıqla yox oldular. Yerdə bir zərrə belə su qalmamışdı.
Soyuducunun qapısını örtüb zala qayıtdım. Əlini sinəsinə salıb bir başqa səkkiz bucaqlı kristal çıxartdı. Onun kristalları alma boyda olardı. Qarın sarı-narıncı dənələri balaca lampalar kimi yanıb-sönürdü. Elə bil şəhərdə bir iş görüləcəkdi. Yoxsa bu qədər qar ordusunu mənə görəmi tökmüşdü dam üstə? İşıq dalğaları səkkiz bucaqlı kristalın ortasına süzüb Savalan dağının rəsmini yaradırdı. Sonra da şəhərin damlarını göstərirdi. Sanki damlarda olanlara siqnal verirdi.
Ayağa qalxıb soyuducuya sarı getdi. Qapısını açıb içinə keçdi. Daha təcrübəli idim, bayaqkı oyun başıma gəlməsin deyə, bu dəfə soyuducuya yaxın düşməyəcəkdim. Bir daha çıxıb zalın bucağındakı qara mebelə qayıtdı. Saat beş, səhər açılıb dan sökülüncə, hər yarım saatdan bir, soyuducuya girib zalın bucağına qayıdırdı.
Dama çıxdım. Qar adamları başqa damlarda olanlar ilə yer dəyişirdilər. Binada ərləri ilə yatmayıb, başqa evlərdəki kişilərin yatağına gedən qadınlar kimi idilər. Sərçələr qrupunun uçuşunu xatırladan qar dənələri, dama qonduqda, yenə də qar adamı formasına qayıdırdılar.
Pillələrdən qaça-qaça evin içinə qayıtdım. Zaldakı qar adamını damlarda olanların başqanı olduğunu sanırdım. Dama çıxanda zal ilə otağın sobası sönmüşmüş, çıraqlar da habelə. Evdə soyuq hökm sürməkdə idi. nəfəsim qaranlıq evin soyuğunda buğlanırdı. Xalçanın qıraqlarında zalın divarına yapışıq sərilmiş yorğanı qucağıma aldım. Mebelin üstündə dizlərimi qarnıma yığarkən, yorğana bürünüb, qar adamının işlərinə baxırdım. Mən ilə rahatlıq hiss etməsini düşünürdüm. O isə məni təsxir etmiş sanırdı, bəlkə də təhlükəsizliyimə özünü inandırıb vücudunu toxunulmaz düşünürdü. Bəlkə də elə ilk evə girdiyində mənim çevrilmə sürəcimi başlamışdı; məni də özü kimi bir qara çevirib, ömürlük sevgi yaşatmaq istəyirdi.
Yorğan içində tərləmişdim. Bəlkə də əriməkdə idim. Varlığımın nə olduğuna yavaş-yavaş şübhələnirdim, barmaqlarım keyiyib, dırnaqlarım ağarmaqda idi. gözlərim qaranlıq çalırdı.
Yorğandan ayrılıb otaqdakı güzgüyə sarı getdim, qırov bağlamışdı. Qar adamının səkkiz budaqlı kristalında Savalan ətəklərini görə bilirdim. Savalan sığınacağında hərbi təlim görən əsgərlərin düzülüşünə bənzəyən bir formada minlər qar adamı düzülmüşdü, dağın başında dörd qatlı bina ucaldıqda yüzlər katapult kimi sistemlər, qartal daşının çevrəsinə yerləşirdi. “Ağa pox yedim” deyə ucadan bağırsaydım da, səsim çıxmırdı. Qucaqlayıb mən səninəm desəydim də eşitməz, görməz kimi öz işini görürdü. İş belə qabağa gedirdi ki, biraz sonra bütün şəhər qar altına getsin.
Qara buludlar Qartal daşının üstündə toplaşıb vur hay qar yağdırmaqda, maşınlar boyda qar topuları yetişdirməkdə idilər. Qar topular oluşduqdan sonra şəhərə sarı tuş tuturdular. Şəhər qar ilə basdırılacaqdı. Qartal daşı getdikcə qar talalarının altında itməkdə, bir qarlı dağa çevrilməkdə idi...
*
Bilmirəm haçan yuxudan durmuşdum. Səhər çağı idi, acıxmışdım. Belimin ağrısından tərpənə bilmirdim. Barmaqlarımın da ikisi çıxmışdı. Çətinliklə paltarımı geyinib evdən çıxdım. Saat səhər 10:00 zad olardı. Çörəkçi Hüseynəlidən sümü almağa getdim. Ordan da sınıqçı Əlinin yanına gedib çıxığı saldıracaqdım. Hüseynəli ağappaq rəsim dəftəri kimi olmuşdu. Daha çörək bişirmişdi, yarım metrlik buz qaliblərini kürənin qabağına uzatmışdı. Kürədən şaxta eşiyə püflənirdi. İki dənə yarım metrlik buz alıb evə döndüm.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Opera və Balet Teatrı Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edib
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hər il keçirilən “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının ilk günü bəstəkar Firəngiz Əlizadənin “İntizar” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi tərəfindən nümayiş olunub.
AzərTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev mübahisəli dramaturji xətti, həmçinin Azərbaycanın milli mənəvi dəyərlərini tamaşada təqdim edib.
Teatrın simfonik orkestrı Əyyub Quliyevin rəhbərliyi ilə bəstəkarın müasir polifonik, zəngin, fəlsəfi, klassik və milli çalarlarla dolu əsərini yüksək səviyyədə səsləndirib. Sevil Hacıyevanın rəhbərlik etdiyi teatrın xor kollektivi yalnız ifaları ilə deyil, xoreoqrafik səhnə hərəkətləri ilə yadda qalıb. Tamaşada Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Ramil Qasımov, Səbinə Vahabzadə, İlahə Əfəndiyeva, Tural Ağasıyev, Samir Səmədov, gənc solistlər Taleh Yahyayev, Fəhmin Əhmədli, Aysel İbrahimova, Vüqar Əliyev çıxış etdilər. Baş rolların ifaçıları İnarə Babayeva ilə Ramil Qasımovun duetləri, Əkrəm Poladovun Ata obrazını səmimi canlandırması, Səbinə Vahabzadə ilə Tural Ağasiyevin emosional ifası, ilk dəfə yad adam obrazında çıxış edən Taleh Yahyayevin inandırıcı oyunu, İlahə Əfəndiyeva və Aysel İbrahimovanın nazlı-qəmzəli gəlinlər obrazlarını canlandırması tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Həmçinin tamaşada dərviş rolunda çıxış edən balet artisti Əməkdar artist Samir Səmədovun, gənc xanəndə Anar Ömərovun ifasında “Qarabağ şikəstəsi” Şəki sakinləri, həmçinin ölkəmizə təşrif buyuran xarici qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Festival çərçivəsində TURKSOY-un 30 illiyi münasibətilə solistlərə və tamaşanın bədii heyətinə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, festivalda Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
DİQQƏT! 125 yaşı olan unikal kitaba sahib olmaq şansınız var
Həqiqi ədəbiyyat biliciləri üçün Eurasian Creative Guild təsisatından super təklif var! Əfsanəvi Amerika yazıçısı Harriet Beecher-Stounun yazdığı "Tom dayının daxması" nadir antik kitabının (Uncle Tom’s Cabin; or, Life Among the Lowly) sahibi olmaq üçün unikal fürsətiniz yaranıb. Bundan ötrü online hərracda iştirak edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab 1898-ci ildə, yəni 125 il əvvəl Londonda nəşr edilmişdir.
"Tom dayının daxması" XIX əsrin ən çox satılan romanı və müqəddəs “Bibliya” kitabından sonra ikinci ən çox satılan kitabdır.
Auksion iyulun 10-da başa çatacaq. Auksionun başlanğıc qiyməti 1 funt sterlinq müəyyənləşib, siz də öz təkliflərinizi göndərmək istəyirsinizsə, “Ədəbiyyat və incəsənət” portalının email ünvanına yazın və sizə auksionun şərtləri, eləcə də vatsapp nömrəsi təqdim ediləcək.
Sonda ən böyük məbləğ təklif edənə kitab satılacaq. Hərracın qalibinə kitab istəyinə görə ya poçtla göndəriləcək, ya da, Londonda və ya digər seçilmiş şəhərdə şəxsən təqdim ediləcək.
Eurasian Creative Guild təsisatı bundan öncə Elvis Presliyə məxsus pul sikkəsini online auksionda satmaq təcrübəsinə malikdit, hərraclardan əldə edilən vəsait mədəniyyətin təbliği işlərinə xərclənir.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Sumqayıt Dövlət Dram Teatrı Bakıda çıxış edib
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının yaradıcı kollektivi Turqut Özakmanın "Ocaq" adlı səhnə əsəri ilə Bakıda çıxış edib.
Sumqayıt Dövlət Dram Teatrının 55 illiyinə həsr olunan və Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında göstərilən tamaşadan əvvəl İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov "Qonaq teatr" layihəsindən və onun əhəmiyyətindən danışıb.
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Sumqayıt Teatrına göstərilən diqqətə görə İttifaqa və tamaşaçılara dərin təşəkkürünü bildirib.
Çıxışlardan sonra istedadlı aktyorların iştirakı ilə nümayiş olunan tamaşa teatr mütəxəssisləri, media nümayəndələri və sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Tamaşanın sonunda Sumqayıt Dövlət Dram Teatrı və teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olunub.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən "Qonaq teatr" layihəsi çərçivəsində bir çox bölgə teatrlarının yaradıcı kollektivləri Bakıya səfər edərək, maraqlı səhnə əsərləri ilə çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Portalımızın ötən iyun ayında ən çox oxunan 15 yazısı müəyyənləşib
“Ədəbiyyat və incəsənət” portalında həmişə olduğu kimi, iyun ayında da bir-birindən maraqlı yazılar sıralandı. Əlbəttə, ən yaxşı yazını müəyyənləşdirmək bir başqadır, bunu gərək peşəkar münsiflər öz subyektiv baxışları ilə müəyyənləşdirsinlər. Bizsə ay ərzində ən çox oxunan 15 yazını sizlərə təqdim etmək istəyirik. Hansı sizdə maraq doğursa və onu oxumamışsınızsa, axtarışa verib tapıb oxuya bilərsiniz əlbəttə.
1.
“Məni bircə nəfər duyan olaydı” -İbrahim İlyaslının yazısı, 23 iyun. (Yazı mərhum gənc şair Xaliq Oğuzdan bəhs edir)
2.
“Qırmızım” - Mahmud Kaşğari hekayə ödülünü qazanmış Qəfur Xiyavlının hekayəsi, 20 iyun. (Hekayə portalın Güney Azərbaycan təmsilçisi Əli Çağlının “Güneydən gələn səslər” rubrikasında təqdim edib)
3.
“Əllərinin yadına düşdümü saçlarım?” - Təranə Dəmirin şeirləri, 20 iyun.
4.
“Həmişə hər yerdə iz qoymağa çalışıram” - Elman Eldaroğlunun yazısı, 7 iyun. (Yazı yazıçı Varisin doğum gününə həsr edilib)
5.
“Taleh Həmid - unudulmaz misraların müəllifi” - redaksiya yazısı, 16 iyun. (Yazı mərhum şairin yeni kitabları da təqdim ediləcək anım günü mərasimindən bəhs edir)
6.
“Gizlən-qaç” - Jalə İslamın hekayəsi, 19 iyun.
7.
“Sükutdan hədəfə - Türkiyə xatirələrim” - Habil Yaşarın Türkiyə səfəri təəssüratları, 16 iyun.
8.
“Səsdən könüllərə təqdim olundu” - Redaksiya yazısı, 20 iyun. (Yazı Beynəlxalq Kouçluq layihəsinin təqdimatı barədədir)
9.
“Yenə nağıl danış mənə, ay ana” - Ülviyyə Əbülfətqızının şeirləri, 23 iyun.
10.
“5 yaşlı məktəbli, qızıl medalçı, həkim-terapevt, lirik şair, Moskva həyatı və daha nələr” - Elman Eldaroğlunun yazısı, 25 iyun. (Yazı Moskvada yaşayan soydaşımız Afaq Şıxlının doğum gününə həsr edilib).
11.
“Arzularımıza baxanda hələ körpəyik” - Səhər Manafovanın şair Yusif Nəğməkarın yaradıcılığı barədə qeydləri, 19 iyun.
12.
“Azərbaycan Ədəbiyyat Fondunun təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədəbiyyatı” mövzusunda konfrans keçirilib - redaksiya informasiyası, 9 iyun.
13.
“Bu dünyada bir Əbil var idi” - Sabir Rüstəmxanlı, 5 iyun. (Xalq şairi bu yazıda vaxtsız vəfat etmiş şərqşünas Əbil İmamverdiyev barədə xatirəsini paylaşıb).
14.
“Şəhrizad - milli-tarixi yaddaş romanı sənət və qadın idealının təcəssümü kimi” - Mətanət Vahid, 21 iyun. (Yazıda yazıçı Vahid Məmmədlinin “Şəhrizad” romanı təhlil olunur)
15.
“Natalya Xarlampyeva və Semyon Danilov - yakut ədəbiyyatının iki zirvəsi” - Aida Eyvazlının məqaləsi, 16 iyun.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq edilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.
Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiqlənib.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)
Elçin Qafarlı: “Ən mühüm layihə elə TÜRKSOY-un yaradılmasıdır”
30 İLLİYƏ 25 İLLİKDƏN BAXIŞ
Ötən ayın sonunda türk dünyası TÜRKSOY təşkilatının 30 illiyini böyük təntənə ilə qeyd etdi. Belə bir ənənə var, bir yubileyə digərindən nəzər yetirmək. “Ədəbiyyat və incəsənət” portalı da bu ənənəyə riayət edib TÜRKSOY-un 30 illiyinə 25 illiyindən nəzər yetirmək fikrinə düşdü. Bunun ən yaxşı yolu Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı ilə 5 il öncəki müsahibəyə nəzər yetirməkdir. Xatırladaq ki, Elçin Qafarlı təkcə Azərbaycanı qurumda təmsil etmir, ümumən qurumun fəaliyyətində ciddi rol oynayır.
İndi isə Parafr.az saytında dərc edilən sözügedən müsahibəni diqqətiniə çatdırırıq.
- TÜRKSOY hansı zərurətdən yarandı?
- Bildiyiniz kimi, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqil dövlətlər yarandı. Sözügedən dövlətlərdən beşi türkdilli idi. Bu ölkələrin ortaq tarixi və mədəniyyəti onlar arasında əlaqələrin inkişaf etdirilməsi üçün bir təşkilat altında birləşməsini labüd edirdi.
TÜRKSOY-un yaradılması haqqında ilkin fikirlər hələ 1992-ci ildə irəli sürülüb. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilib, nəhayət, 12 iyul 1993-cü ildə Qazaxıstanın paytaxtı Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalanıb.
TÜRKSOY-un yaradılması zərurəti ondan irəli gəldi ki, təşkilatçı ölkələrin dilləri, xalqları, mədəniyyətləri bir-birinə çox yaxın və bir çox xalqların hətta dinləri də eyni idi. Məlumdur ki, bəzi türk xalqları müxtəlif dinlərə sitayiş edirlər. Ancaq TÜRKSOY-un yaradılmasında əsas olaraq dil prinsipinə üstünlük verilib. Yəni təşkilat dil birliyi üzərində qurulub. TÜRKSOY-un əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandır. Qalan 8 üzv isə (Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Xakas, Saxa-Yakut, Tıva və Tatarıstan Respublikaları, Qaqauz Yeri (Moldova) və Şimali Kipr Türk Respublikası) əsasən, müşahidəçi qismində iştirak edirlər. Amma təşkilatda hər bir üzv bərabər hüquqa malikdir.
- İndiyədək hansı layihələrə imza atmısınız?
- TÜRKSOY-un fəaliyyət dairəsi çox genişdir. Sibirdən Balkanlara qədər olan coğrafiyadakı ortaq mədəniyyətimizi bütün rəngləri ilə dünyada təmsil və təbliğ etməyə çalışırıq. Hər il üzv ölkələrimizin zəngin mədəniyyətini təmsil edən nümayəndələrini keçirdiyimiz müxtəlif tədbirlərə dəvət edirik. Bu illər ərzində rəssamlar, yazıçılar, şairlər, heykəltəraşlar, fotoqraflar, teatr və kino sənətçiləri, incəsənət nümayəndələri bizim tədbirlərdə bir-birilərilə tanış olub, əlaqələr qurublar. TÜRKSOY-un üç kollektivi qurulub. Gənclik Kamera Orkestri, Gənclik Kamera Xoru və Xalq Çalğı Alətləri Orkestri. Hər kollektivdə üzv ölkələrimizin incəsənət nümayəndələri təmsil olunurlar. Bu kollektivlər həm üzv ölkələrimizdə, həm də Avropa və Amerikanın mötəbər salonlarında, festivallarında türk dünyasının zəngin musiqisini nümayiş etdirirlər. 2010-cu ildən başlayaraq hər ili türk dünyasının bir dahi şəxsiyyətinin adına elan edib, onunla bağlı silsilə tədbirlər keçirir, nəşrlər edirik. Məsələn, 2012-ci il "Mirzə Fətəli Axundzadə ili" və 2017-ci il "Molla Pənah Vaqif ili" elan olunub. Bundan əlavə, 2012-ci ildən etibarən türk dünyasının önəmli tarixi və mədəni şəhərlərini türk dünyasının mədəniyyət paytaxtı elan edirik. 2016-cı ildə Şəki şəhəri bu ada layiq görülüb və il boyu TÜRKSOY-un tədbirlərinin bir çoxu məhz Şəkidə keçirilib. Bu tədbirlər vasitəsilə dahi şəxslərimiz və mədəniyyət paytaxtlarımız həm qardaş xalqlarımız arasında, həm də dünyada daha geniş tanınmağa başlayıblar.
Azərbaycanla bağlı fəaliyyətlərimizlə əlaqədar böyük layihələrdən dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasını qeyd edə bilərəm. Bu TÜRKSOY-un bu günədək həyata keçirilən ən böyük layihəsidir. Bu layihədə üzv ölkələrin 6 opera teatrının 250 sənətçisi iştirak edib və 4 ölkənin 5 şəhərində (Bişkek, Almatı, Ankara, Bakı və İstanbul) tamaşalar böyük uğurla göstərilib.
2013-cü ildə Üzeyir bəyin məşhur "Arşın mal alan" operasının 100 illiyi ilə əlaqədar TÜRKSOY və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı nəticəsində operettanın konsert versiyası YUNESKO səhnəsində göstərilib. Bu layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə opera sənətçiləri yer alıblar.
TÜRKSOY-un quruluşundan bu günə kimi hər il Türkiyədə təşkilatımız tərəfindən Novruz şənlikləri keçirilir. Bu proqramlara da türk dünyasından rəqs qrupları, musiqiçilər, aşıqlar və folklorçu alimlər dəvət edilir. Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edildikdən sonra Parisdə YUNESKO mərkəzində və Strasburqda Avropa Şurasında konsertlər verdik. 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən 21 mart günü "Beynəlxalq Novruz Günü" kimi elan olunduqdan sonra Nyu-Yorkda BMT mərkəzində və Vaşinqtonda Novruz konsertlərimiz keçirildi.
- Gələn il qurumun 25 illiyi qeyd olunacaq...
- Bəli, gələn il TÜRKSOY-un tarixində mühüm il olacaq. Təşkilat yaranmasının 25 illiyini qeyd edəcək. Biz qurumun 10, 15 və 20 illik yubileyləri zamanı Türkiyədə üzv ölkələrimizdən dəvət edilən mədəniyyət xadimlərinin, incəsənət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirdik. Gələn il isə bu yubileyi həm Türkiyədə və üzv ölkələrimizdə, həm də əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlar nəzdində müxtəlif səpgili tədbirlərlə qeydetməyi planlaşdırırıq.
- Keçən il Azərbaycanda "Multikulturalizm ili" elan olunmuşdu, bununla bağlı nümayəndəlik hansı addımlar atdı?
- Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə Azərbaycanda həyata keçirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasını nümayiş etdirir.
2016-cı ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə Şəki şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan olundu. Paytaxt ilinin Şəkidə keçirilən açılış mərasiminə digər rəsmi qonaqlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin gəlişi və çıxışında tarixi ipək yolu üzərində yerləşən və zəngin mədəniyyətin yaşayan simvolu olan Şəkinin mədəniyyət paytaxtı elan edilməsinin "Multikulturalizm ili"nə gözəl töhfə verəcəyini vurğuladı. Şəkidə keçirilən "İpək Yolu" Beynəlxalq Musiqi Festivalında türk dünyasının müxtəlif xalqlarını təmsil edən kollektivlərin göstərdiyi mədəni tədbirlər multikulturalizm ilinin unudulmaz tədbirlərindən idi.
- Bəs "İslam həmrəyliyi ili" münasibətilə nə kimi işlər həyata keçirdiniz?
- Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Buna görə, Azərbaycanda "İslam həmrəyliyi ili"nin elan olunması heç də təsadüfi deyil. TÜRKSOY da İslam aləmi ilə əlaqədar Bakıda təşkil olunan qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların iştirakçısı olub. 2009-cu ildə "Bakı İslam mədəniyyəti paytaxtı ili"nin açılış tədbirlərində TÜRKSOY heyəti iştirak edib.
Bu il isə "İslam həmrəyliyi ili"ndə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə aprelin 12-də Bakıda keçirilən "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda beynəlxalq konfransda TÜRKSOY nümayəndə heyəti və qurumun baş katibi Düsen Kaseinov bu konfransda çıxış edərək Azərbaycanın həm türk, həm də İslam mədəniyyətinə əvəzsiz töhfələr verdiyini vurğulayıb.
Əlavə olaraq qeyd etmək istərdim ki, TÜRKSOY və İSESKO təşkilatları arasında qarşılıqlı faydalı münasibətlər qurulub, həm İSESKO mərkəzində, həm də üzv ölkələrimizdə müştərək silsilə tədbirlər keçirilib.
- Türk ölkələri arasında əlaqələrin istənilən səviyyədə olmaması hər fürsətdə vurğulanır. Çatışmazlıqlar nələrdir və necə aradan qaldırmaq lazımdır?
- TÜRKSOY tərəfindən üzv ölkələrimiz arasında mədəni əlaqələrin qurulması və genişləndirilməsi istiqamətində mütəmadi işlər görülür. Türk dünyasını təmsil edən mədəniyyət və incəsənət xadimlərimiz arasında TÜRKSOY-un tədbirləri sayəsində əlaqələr qurulur və bu əlaqələr dalğa şəklində genişlənir. Sözsüz ki, çatışmazlıqlar ola bilər. Amma buna da müəyyən zaman lazımdır. Unutmamaqda fayda var ki, bir çox üzv ölkələr müstəqilliklərinin 26-cı ilini yaşayırlar.
- TÜRKSOY V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunurdu...
- Artıq ikinci dəfədir Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunuruq. Bu dəfə də təşkilatımız tərəfindən nəşr edilən, türk xalqlarının ədəbiyyatını, folklorunu, dastanlarını, poeziyasını, musiqisini, yəni zəngin mədəniyyətini əks etdirən, son yayımlarımızı ayrıca stenddə nümayiş etdirdik. TÜRKSOY-un stendinə maraq böyük idi. Açılış günü stendimizi baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmilər ziyarət etdilər.
Builki iştirakımızı Azərbaycanla bağlı yayımladığımız iki kitabla vurğulamaq istərdim. Birincisi, TÜRKSOY-Azərbaycan kitabı. Bu kitabda təşkilatın ölkəmizlə bağlı son on ildə keçirdiyi tədbirlər haqqında məlumatlar əhatə edilir. İkincisi isə Molla Pənah Vaqiflə bağlı kitab idi. Məlum olduğu kimi, bu il şairin anadan olmasının 300 illiyi qeyd olunur və bununla əlaqədar TÜRKSOY Daimi Şurasının qərarı ilə üzv ölkələrimizdə "Molla Pənah Vaqif İli" elan edilib. İl çərçivəsində keçirdiyimiz tədbirlərlə yanaşı, şairin seçmə şeirlərini tərcümə etdirərək "Dünya dillərində Molla Pənah Vaqif şeirləri" adlı kitab nəşr etdik. Hər iki kitabla bağlı sərgi salonunda mətbuat konfransı keçirdik.
"Dünya dillərində Molla Pənah Vaqif şeirləri" kitabı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və TÜRKSOY-un birgə əməkdaşlığı sayəsində işıq üzü gördü. Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Milli Kitabxanada təqdimatı keçirilən kitabda Vaqifin şeirləri Azərbaycan, qazax, qırğız, özbək, türk, türkmən, başqırd, tatar, ingilis, italyan, rus və Ukrayna dillərində nəfis şəkildə nəşr olunub. Düşünürəm ki, bu kitab XVIII əsrin böyük şairi, filosofu və dövlət adamı Vaqifin xatirəsinə ən yaxşı hədiyyədir.
- Bundan əvvəl də teatrla bağlı almanax təqdim edilmişdi...
- Yeni nəşrlərimizdən biri də "Teatr almanaxı"nın 3-cü kitabıdır. Bu almanaxda türk xalqlarının uşaq pyesləri toplanıb. Azərbaycan bölümündə Abdulla Şaiqin "Qaraca qız" və "Fitnə" pyesləri öz əksini tapıb. Bundan başqa, almanaxa türk, qazax, qırğız, çuvaş və xakas dramaturqlarının uşaq əsərləri daxil edilib. İlk iki kitabda türk dünyasının dramaturqlarının əsərləri yer almışdı. Bu kitab-almanaxlar TÜRKSOY nəzdində qurulmuş üzv ölkələrin teatr rəhbərləri Şurasının aldıqları qərarlar əsasında nəşr olunub.
- Daha bir kitab sərgisi - İstanbul fuarı geridə qaldı. Bu sərgidə hansı yenilikləriniz oldu?
- Bu ilin 4-12 noyabr tarixlərində 36-cı Beynəlxalq İstanbul Kitab Sərgisi keçirildi. Sərginin açılış günü TÜRKSOY Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxana ilə birlikdə Azərbaycan stendində Molla Pənah Vaqifə həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə akademik Nizami Cəfərovun "Molla Pənah Vaqif", Milli Kitabxananın yayımladığı "Molla Pənah Vaqif. Biblioqrafiya" və TÜRKSOY-un nəşr etdiyi "Dünya dillərində Molla Pənah Vaqif şeirləri" kitablarının İstanbulda təqdimatı keçirildi.
- İndiyədək ən uğurlu layihə hansı olub?
- Düşünürəm ki, indiyədək ən uğurlu addım, ən mühüm layihə elə TÜRKSOY-un yaradılmasıdır.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
Mədəniyyət Nazirliyində kinorejissor Cəmil Quliyevlə görüş olub
İyulun 3-də kinorejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Film Fondunun direktoru, professor Cəmil Quliyevin 60 yaşı tamam oldu. Bu münasibətlə Mədəniyyət Nazirliyində Cəmil Quliyevlə görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimli 60 illik yubileyi ilə əlaqədar rejissora nazirliyin kollektivi və ölkəmizin mədəniyyət ictimaiyyəti adından təbriklərini çatdırıb.
Cəmil Quliyev fəaliyyətinə göstərilən diqqətə görə nazirə təşəkkürünü bildirib.
Qeyd edək ki, gənc yaşlarından taleyini kino sahəsinə bağlayan Cəmil Quliyev “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi bir sıra bədii və sənədli filmləri lentə alıb. O, eyni zamanda 35 ildən çoxdur Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, yeni kinematoqrafların hazırlanmasına öz töhfəsini verir.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)