Super User

Super User

Sentyabrın 1-də Mədəniyyət Nazirliyinin və “CBC FM” radiosunun birgə təşkilatçılığı ilə yeni mövsümdə “Mədəniyyət dalğası” verilişi ictimaiyyətə təqdim ediləcək.

Nazirlikdən verilən məlumata görə, layihə Azərbaycanın zəngin mədəniyyətini təbliğ etmək, mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə daha yaxından tanıtmaq, mədəni həyatımızda baş verən yenilikləri efirdən səsləndirmək və dinləyiciləri maarifləndirmək məqsədi daşıyır.

Radio verilişi hər həftənin cümə günü saat 11:00-da “CBC FM”də yayımlanacaq. Verilişdə həftənin ən son mədəniyyət xəbərləri təqdim ediləcək, həmçinin qonaqlarla mədəniyyət sahəsində baş verən yeniliklər müzakirə olunacaq.

Qeyd edək ki, “Mədəniyyət dalğası” verilişi, eyni zamanda, “CBC FM”in rəsmi sosial media hesabında da canlı izlənilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Sentyabrın 2-də Amerikanın dünyaca məşhur “Imagine Dragons” rok qrupu “Mercury World Tour” dünya turnesi çərçivəsində Bakı Olimpiya Stadionunda çıxış edəcək.

 

Dünyanın hər bir guşəsində stadionları pərəstişkar kütləsi ilə doldurmaqda çətinlik çəkməyən, hər addımda rekordlara imza atan, “Qremmi” musiqi mükafatına layiq görülmüş Las Veqas kvarteti öz möhtəşəm ifaları ilə pərəstişkarları qarşısına çıxacaq.

Qeyd edək ki, “Imagine Dragons” 2008-ci ildə Las-Veqasda (Nevada ştatı) yaradılan amerikan pop-qrupudur. Qrup dörd nəfərdən ibarətdir: frontmen Den Reynolds, bas-gitaraçı Ben Maki, gitaraçı Ueyn Sermon və təbilçi Den Platsman. Qrup 2012-ci ildə “Night Visions” debüt studiya albomunun buraxılmasından sonra məşhur olub. Amerikanın “Billboard” jurnalı onları 2013-cü ilin ən parlaq ulduzları adlandırıb, “Rolling Stone” jurnalı isə onların “Radioactive” mahnısını ilin ən böyük rok hiti olduğunu qeyd edib. “Imagine Dragons” buraxdığı beş alboma görə 53 nüfuzlu musiqi mükafatı və 160 nominasiyaya layiq görülüb. Qrup, həmçinin üç “American Music Awards”, doqquz “Billboard Music Awards”, ən yaxşı rok ifasına görə “Qremmi” mükafatı, “MTV Video Music” mükafatı və ən yaxşı rok qrupuna görə “World Music” mükafatına layiq görülüb. 2018-ci ildə qrup dünyada ən populyar qrup kimi “Believer”, “Thunder” və “Radioactive” mahnıları ilə milyarddan çox baxış toplayan ilk rok qrup olaraq “Spotify”də rekord vurub.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Matruska JK, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Qədim zamanlarda, amma həqiqətən ən qədim zamanlarda insanlar yaradılıb, ya da var olub. Birdən birə yaranan bu varoluş anında bir sıra insanlar yarandıqları yerdən başqa yerlərə  razı halda köç ediblər, yavar olduqları yerdə məskən salıblar, ya da məcbur qalıb qaçıblar. Bəzən gedilməli yolun əksinə, bəzən də gedilməməli yola tərəf gediblər. Bəzən nə etməli olduqlarını bilmədən sürü şüurunun arxasınca düşüblər. Bəzən məsuliyyət hissini, vicdan ağırlığını çəkmək istəməyiblər. Bəzən heç kimin arxasınca getməyib öz yollarıyla gediblər. Ya bilərək, ya da bilməyərək.

 

Düzü, insanlığı ilbizə bənzədirəm. İlbiz kimi gedərkən arxalarında iz qoyurlar deyə. İzlər görünməyə bilər. Bəziləri iz buraxdığından xəbərsiz, bəziləri necə iz buraxdığından  xəbərsizdir. Bəziləriysə heç buraxdığı izin dərdində də deyil.  Nəticə olaraq o izlə rastlaşan hansısa bir həşərat ya yolunu dəyişdirər, bəlkə izdə sıxışıb qalar( boğular),  bəlkə də başqa bir həşərat o izi izləyib öz yolundan ayrılar.

 

İnsan da elədir. Birisi özsevgi nədir bilməz, dərk etməz. Çünkü özsevginin məlumat kitabçası onun şüuraltında yoxdur, qeyd olunmayıb. Kimilərində qərar, istək düyməsi işləməz, çünki mükəmməliyyətçi və tələbkar insanlar əhatəsində böyüyüb və ya ünsiyyətdə olmaq məcburiyyətində qalıb. Kimiləri də vecsiz. "Uzağı, vaxtı çatanda ölüb gedəcəm də nə olacaq ki, niyə nəyinsə dərdini çəkim ?" deyə düşünüb yaşayanlar. Bunlar da tənbəl və günü günə satan insanlar əhatəsində var olanlardır.

 

Doğrudur. Hər kəs, hər şey  kimlərəsə, nəyəsə görə daim dəyişir. Heç nə sabit qalmır. Ya da bəziləri özünü yaxşıca manipulyasiya edir, ya da manipulyasiya edən insanlara məruz qalır. Amma bəzən də bu, yaxşı nəticə verir. Çünki bəzi insanlar qərarsızdırlar. Eyni fikri dəfələrlə deməyə hövsələm də çatmır. Buna səbəb ailə, mühit, maraq dairəsidir. Lakin belə insanlar da cəmiyyətin üzvü olduqlarından, çiban deyillər ki, sıxıb partladasan, sonra yerinin sağalmağını gözləyəsən. Belə insanları da motivasya koçları, psixoloq, ekstrasens, rejissor, yazıçı və.s  idarə edir. Lakin bu uğur da gətirə bilər. Əgər həmin öncü olan kəs  xarakteri müsbət və Dünyaya faydalı biridirsə həmin kəslərə də xeyri dəyəcəkdir. Başıboş ortalıqda gəzməklərindənsə, onun - bunun pəncərəsinə daş atmaqdansa, bəlkə də özlərinə, həyatlarına, vərdişlərinə xeyirləri dəyəcək. Kim bilə bilər ki. 

 

Bütün insanlığa yüklənən xüsusiyyət olan müqayisələndirmək, özü elə bəşəriyyətin məhvinə  səbəb ola bilər. Yeridilən düşüncə isə budur. Yaradıcılıq, qabiliyyət yaradılışından varsa vardır, yoxsa yoxdur. Ya da genetikdir. Mən isə heç birinə qatılmıram. Qəbul edilən demək olar ki, çox düşüncəni də rədd edirəm. Hazırkı, şüur vəziyyətimə gələnədək də şüuraltı kassama nə qədər düşüncə  yığmışdım.  Lakin indi başa düşürəm ki, bu dünyada niyə qonağıq. Çünkü tum çırtlayaraq ətrafda və içimizdə başverənləri izləyirik sadəcə. Varoluşdan ölənədək bu belədir. Belə də olacaq. Qeyri - ixtiyari bir şeylər hiss edəcək, eşidəcək, görəcək, yığacaq, paylaşacayıq. Həyatın açması budur. Bu bəzilərinə ağırlıq, bəzilərinə yüngüllük bəzilərinə də boşluq hissi verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət” 

 

Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri  Darhan Kıdıralı bu günlərdə bəşəriyyəti narahat edən sosial problemlər haqqında öz ölkəsinin saytlarına müsahibə verib. Müsahibədə toxunulan sualların bütün cəmiyyətlər və ölkələr üçün, eləcə də Azərbaycan üçün aktual olduğunu nəzərə alaraq, həmin müsahibənin bəzi hissələrini oxucularımıza təqdim edirik.  

Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri  Darhan Kıdıralının müsahibəsini dilimizə mən uyğunlaşdırmışam. 

 

Nazir Darxan Kıdıralı əvvəlcə cəmiyyətdə müzakirə olunan məktəblilərin hicab geyinmək məsələsinə aydınlıq gətirib: 

-Bir çox bloqerlər, ictimaiyyət nümayəndələri öz səhifələrində hicab probleminin beynəlxalq aləmdə bütünlüklə həll olunduğunu yazmaqla, əslində cəmiyyətdə və insanlarda çaşqınlıq yaradırlar. Mən bu informasiyaları feyk sayıram. Çünki özünü  sivil və demokratik sayan Avropa ölkələri, eləcə də Fransa, Avstriya  hicabın müəyyən yaş dövrünə qədər örtülməsinə qadağa qoyub. Əlbəttə elə ölkələr var ki, orada buna qadağa yoxdur. Biz görürük ki, beynəlxalq təcrübə burada  birmənalı deyil. Hər ölkə bu problemi öz qanunlarına, qaydalarına görə tənzimləyir. Yəni problemə yanaşma birmənalı deyil. Müxtəlif ölkələrin hicab məsələsində qəti qaydaları və təcrübələri vardır. Bu məsələdə bizim də öz Konstitusiyamız və sekulyarizmdən irəli  gələn mövqeyimiz vardır. Qazaxıstanda isə din azadlığı hökm sürür, burada insanların dini seçiminə hörmətlə yanaşırlar. Mədrəsələrimiz, liseylərimiz var, ki, burada qızlar da dini təhsil ala bilirlər. Təhsil verən qurumun əsas işi öyrətməkdir. Əsas odur ki, radikallaşmasınlar.  Bizim təhsildə məqsədimiz uşaqlara elm və bilik öyrətməkdir. Hətta Quranın da ilk sözü  “Oxu, öyrəndir!”. 

Din özü də təhsili dəstəkləyir və təbliğ edir. Əsas odur ki, bu məsələni siyasiləşdirmək olmaz. Biz görürük ki, belə məsələlərin siyasiləşdirilməsi və radikallaşdırılması Yaxın  Şərqdə nələrə gətirib çıxardı.

 

Qazaxıstanlı nazir, eyni zamanda  qadınlara, qızlara qarşı olan şiddətdən, gənclərin bəzən intihar yolunu seçməsinə gətirən səbəblərdən danışıb:

-  Siz bilirsiniz ki, qazaxlar çox sakit , mərhəmətli və süllhsevər xalqdırlar. Bayramlarda, ağır günlərdə Qohuma, qardaşa və qonşuya, yetimə hər zaman əl tutub, mehriban olublar.  İndi isə qlobal dünyada və bütün cəmiyyətlərdə zor və güc, şiddət çoxalıb. Bu çox acı bir həqiqətdir. Bu da insanlara təsirsiz ötüşmür.  Məsələn son 6 ayda gənclərin tərəfindən 252 cinayət törədilib. Biz uşaqların ətrafını öyrənməliiyik, onları qorumalıyıq. Əlbəttə bu hallar bizi narahat etməyə bilməz.

Bizim  ənənlərimizə, mədəni məişət adətlərimizə görə bəzən baş verən elə cinayətləri ailələr açıb-ağartmaq istəmirlər., fikirləşirlər ki, qonum-qonşu, qohum-əqraba qarşısında biabır olacaqlar. Susmağa üstünlük verirlər. Ailədə uşaq da bundan psixoloji sarsıntı keçirir və onun psixologiyasında pozulmalar başlayır. Buna görə də uşaq əlacsız qalıb intihar yolunu seçir.  Yaxın keçmişimizdə olduğu kimi, bu gün də valideyn uşağına çox diqqət göstərməlidir, yanında olmalıdır.

 

Darxan Kıdıralı müsahibəsində eyni zamanda  gənclərin azart və qumar oyunlarına da meyillənməsinin çox pis nəticələr verdiyini qeyd edib. Və deyib ki, hazırda  azart oyunlara cəlb edən klublar və  qaydasız döyüş klubları da bağlanacaq. Nazirin fikrincə:

- Bizim nazirlik monitorinq apararaq bu məsələni də araşdırdı. Məsələn, internet saytlarını deyim. 8 ay ərzində 3 min qanunsuz fəaliyyət göstərən azart oyunlar aşkar etmişik. Biz onlara xəbərdarlıq  etdikdən sonra, həmin oyunları silmişik. Lakin onların hər gün çoxalması bizi narahat etməyə bilməz. Belə vərdişlərin çoxalmasının qaraşısını almaq üçün yüngül qazanc dalınca qaçanların reklam bazarlarını bağlamaq lazımdır. Buna görə də bukmeker şəbəkələri və azart oyunları təbliğatını birmənalı şəkildə bütün informasiya vasitələrindən yığışdırmaq lazımdır.

Bu epidemiya ilə bütün cəmiyyət olaraq elliklə mübarizə aparmalıyıq. Hazırda bu istiqamətdə kompleks işlər görürük.

Şiddər, zor oyunlarını təbliğ edən idman növlərinə də qadağa qoyacağıq. Çünki sosila şəbəkələrdə və internet saytlarında məktəblilər qaydasız döyüşləri maraqla izləyirlər. Və gördüklərini də adi həyatda tətbiq edirlər. Nəticədə qızlar bir-birini döyür və ya oğlanlar vəhşicəsinə davaya çıxırlar. Nəticədə zorakı münasibətlərdən qəddarlıq doğulur.  

Və özümüz də bilmədən belə şiddət oyunlarının  Whatsapp, Tiktok vasitəsilə yayılmasında yardımçı oluruq.  

Bütün bunlar çox düşündürücü və həyəcanlı problemlərdir. Bu hadisələrin fonunda ən əvvəl ailələr əziyyət çəkir. Bu gün ailələrin çoxu qumar, azart oyunlarına görə dağılır. Gənc bir adam  bukmeker şəbəkəsinə qoişulur, sonra da borcunu qaytara bilməyib özünə qəsd edir.

Bu mənfi tendensiya və təsirlərin altına isə ilk növbədə işsizlər, dağılmış ailələrin uşaqları, intihara meyilli zəif xarakterli , işləmək istəməyən, asan yolla pul qazanmaq istəyənlər düşür.

Əlbəttə ilk növbədə belə təsirlərin altına işsizlər, dağılmış ailələrin uşaqları, intihara meyilli adamlar, işləmək istəməyib asan yolla pul qazanmaq istəyənlər düşürlər. Bütün bu meyillər gənclərə pis təsir edir. Biz azart oyunlarına görə yeni qanun tətbiq etmək istəyirik.

 

Müsahibəsinin sonunda Qazaxıstanın  İnformasiya və Sosial İnkişaf naziri qeyd edib ki, Məclisdə bu məsələni müzakirəyə çıxarmışıq ki, qumar oyunlarına qadağa qoyulsun.  

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bu gün sənə bu məktubu taleyüklü bir qəza nəticəsində yazıram. Qəribədir ki, ilk dəfədir danışacaq elə də çox sərgüzəştlərim yoxdur. Bu aralar heç kədərli deyiləm, bəlkə də, səni zamanla unutduğum üçündür. Doğrusu, heç bilmirəm niyə sənə bu məktubu yazıram? 

Ya da niyə bu sualı düşünərək özümə dərd edim ki? 

 

Yazmaq istəyirəm, yazıram. Bir müddət sonra yenə yazmaq istəsəm, onda da yazacağam. Məgər, yazmaq da pulladır? 

Məktubun əvvəlində qeyd etdiyim kimi bu məktubu taleyüklü bir qəza nəticəsində yazıram. Narahatlığa heç bir əsas yoxdur. Sadəcə uzun müddət sonra ani olaraq səni xatırladım. Böyüklərimiz, ölmüş birini yuxuda gördüyü zaman oyanıb "Həmd surəsi " oxuduğu kimi, mən də səni xatırladıqdan sonra istədim ki, bu sətirlərlə səni yad edim. İstəklər bəzən çox qəribə olur, bunu özüm də qəbul edirəm. Bəlkə də, bu istək deyil, kiçik bir bəhanədir. Amma bunu bilməyini istəyirəm ki, əvvəlki kimi sıxlıqla bəhanələr uydurmuram. İndi bəhanələr yerini daha dolğun və inandırıcı fikirlərə verib. Ötüb keçən zaman mənə bir məsələni çox yaxşı öyrədib ki, unutmaq unutmağa çalışmaqdan daha asan imiş. Bu aralar asana doğru qaçıb, çətindən uzaqlaşmağa çalışıram. Halbuki, bu mənim xüsusiyyətimin tamamilə əksinədir. Məhz indi qəbul edirəm ki, insan yaş artdıqca etmərəm dediyi hər şeyi edərək özünə belə yad olan birinə çevrilir. Xatırlayırsansa, dedim ki, unutmağı seçmişəm. Buna istəsən nümunə də göstərə bilərəm. Məsələn, artıq bilmirəm ki, səni bu lazımsız canımın hansı hissəsinə gömmüşəm. Bir onu bilirəm ki, hələ də mənimləsən. Elə ən kədərlisi də budur ki, sənin olanı, səninlə olanı nə qədər axtarsan da, həndəvərində tapa bilmirsən. Bəzən düşünürəm ki, bəlkə də bütövlüklə ruhuma hopmusan? 

Hər necə olursa olsun, bir mövzu dəqiqdir ki, səni axtarmaqdan yorulmuşam. Bütün bu sətirlər ağuşunda elə bil özümlə mübarizə aparıram. İndi yeni bir sual yarandı, -"Bu unutmaqdır, yoxsa yorulmaq? " Ola bilərmi ki, heç biri olmasın? Tamamilə fərqli bir nəticəyə gəlsək, bu, təslim olmaqdan başqa bir şey deyil. Bəli, mən deyəsən əqidəmin gücünə təslim olaraq sənsizliyə alışmağı seçmişəm. Sənsizliyə alışmağın mənə nəyi qazandıracağını deyə bilmərəm, amma uduzdurmayacağını da bariz görür və bilirəm. Həm də artıq uduzsam da, vecimə belə deyil. 

İlahi, bunlar necə də boş sətirlərdir! 

O qədər qarışıq duyğular içərisindəyəm ki, yazdığım sətirlər də qarmaqarışıqdır. Deyəsən, aclıq başıma vurub. Desəm, bəlkə də, heç inanmayacaqsan, amma sən çox yaxşı bilirsən ki, mən fikirlərimi ifadə etmək məsələsində aciz biri deyiləm. Artıq əvvəlki kimi çox yemək yeyə bilmirəm. İlk oxuyanda çox güləcəyini təsəvvür edə bilirəm. Lakin unutma ki, mən sənə heç vaxt yalan danışmamışam. Bir də artıq əvvəlki kimi çox danışan biri deyiləm. Zaman sanki bütün alışılmış hisləri, duyğuları, qaydaları öz ağuşuna alaraq bizdən qoparır. Doğmalar zamanla yada çevrilir. İndi dərin bir sükut dənizinin içində üzməkdəyəm. Həyat mənə mənfur şillələrini bir-biri ardına vurur! 

Məncə, artıq dayanmaq vaxtıdır. Çünki, nə yazacaq, nə də illərin mənə verdiklərini danışacaq qədər taqətə sahib deyiləm. Qələmi əlimə almağa sövq edən bu kiçik taleyüklü qəza yenə səninlə mənim arama uzun bir körpü inşa etdi... 

İndi unutmaq alışmaq qədər asandır. 

İndi uzaqlıq təslim olmaq qədər acizdir. 

İndi əqidəm iradəmə məğlub olmağı seçir. 

Sən isə cismimə hopmuş ruhun ilə hər zaman mənimləsən!

(©️Jalə İslam)

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.

 

«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!

Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 15-ci qanundur:

15.Qələbə qanunu

«Liderlər komandalarının qalib gəlməsi üçün yolu tapırlar».

Qalibiyyət qazanmış liderlə məğlubiyyətə uğramış lider arasındakı fərq barədə heç düşunmusünüz? Əlbəttə, bunun üçün konkret bir keyfiyyətin adını çəkmək olmaz. Liderlik ətrafındakı hər bir situasiya fərqlidir, spesifikdir. Ancaq Can Maksvell, hər halda, bütün qalib gəlmiş liderlərə xas bir xüsusiyyət göstərə bilib: «Onlar üçün qələbənin alternativi tam yolverilməz görünür, odur ki, onlar qələbənin yolunu ciddi səylə düşünürlər, sonra da seçdikləri yolla əllərində olan bütün resurslardan istifadə edərək irəliləyirlər».

İkinci dünya müharibəsində Hitler İngiltərəni bombalayanda İngiltərənin lideri Uinston Çörçil heç nədən çəkinmədən nasist Füreri ilə qarşı-qarşıya dayandı, onun separat danışıqlara getmək təklifinə rədd cavabı verdi. Çörçil səylə qələbə qazanma yollarını axtarmağa başladı. O deyirdi: «Bizim məqsədimiz nədir? Bircə sözlə cavab verim – qələbə. Hansı vəclə olursa olsun qələbə, bütün mövcud dəhşətlərə baxmayaraq qələbə, yolu nə qədər uzun və çətin olsa da qələbə. Çünki qələbəsiz bizə yaşamaq mümkünsüzdür». Qələbəyə aparan yol – Franklin Ruzveltin liderlik etdiyi Amerika ilə müttəfiqlik oldu, bu tandem Hitler ordusunun kapitulyasiyasını bayram edə bildi.

Təzyiqlər artanda böyük liderlər özlərini ən yaxşı cəhətdən göstərə bilirlər. Onların bütün yaxşı cəhətləri üzə çıxır.

Qələbə üç tərkib hissəsindən ibarətdir:

 - Komanda o zaman qalib gəlir ki, üzvlərin hamısının baxışları eyni olsun;

 - Üzvlərin müxtəlif cür bacarıq və qabiliyyətləri olsun;

 - Lider qələbəyə tam köklənərək üzvləri elə tərbiyələndirsin ki, onlar öz potensiallarını aça bilsinlər.

Liderlər qələbə qanununa köklənəndə bir şeyə əmin olurlar: onların ehtiyat variantları yoxdur. Bu, onlarda qələbə əzmini qoruyub saxlayır.

 

 

***

Digər 14 qanunla isə ötən günlər tanış olmuşdunuz:

1.Tavan qanunu.

«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».

Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.

Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.

2.Təsir qanunu

«Liderliyin həqiqi ölçüsü təsirdir».

Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.

3.Proses qanunu

«Lider bir gün ərzində deyil, günbəgün olurlar».

Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.

Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.

«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».

Liderlik – inkişaf qanunlarına tabedir.

4.Naviqasiya qanunu

«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».

Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.

Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.

Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.

Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.

Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.

«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».

Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:

 - Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;

 - məqsədi lokallaşdırmaq və sistemləşdirmək;

 - prioritetləri ünvanlı korrektə etmək;

 - əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;

 - planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;

 - reallaşdırmaya fəal qoşulmaq;

 - gözlənilən problemlərə uyğunlaşmaq;

 - uğurları təbii şəkildə görmək və qeyd etmək;

 - hər gün öz planına nəzarət etmək.

Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.

5.     E.F.Xatton qanunu.

«Əsl lider danışanda insanlar ona qulaq asır».

Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.

«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.

Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.

Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.

Vəzifəcə lider birinci danışır, real lidersə sonda.

 - Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;

 - Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;

 - Lider çoxlu informasiyaya malik olur;

 - Liderlik intuisiya qabiliyyəti tələb edir;

 - Liderlik təcrübədən qaynaqlanır;

Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:

 - Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?

 - Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?

6.Möhkəm özül qanunu

«Liderliyin əsası etibardır»

Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.

Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.

General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».

Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.

Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.

Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.

7.Hörmət qanunu.

«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».

1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.

O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.

1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.

Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.

Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.

Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.

8.İntuisiya qanunu

«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».

Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.

Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.

İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.

Liderlik elmdən daha çox incəsənətdir.

9.Maqntizm qanunu

«Siz özünüz kimi olanları cəzb edirsiniz»

Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.

Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.

İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.

10.Əlaqə qanunu

«Liderlər öncə ürəkləri tərpədirlər»

Ünsiyyət qurmaq bacarığı, hər bir kəslə dost ola bilmək qabiliyyəti qiymətli keyfiyyətdəir. Əsl liderlər gözəl bilir ki, insanları öz ardlarınca aparmaq üçün öncə ürəkləri tərpətmək lazımdır. Böyük liderlər həm ayrı-ayrı individlərlə, həm də insan qrupları ilə, kütləylə sıx əlaqə saxlamaq qabiliyyətinə malik olurlar.

ABŞ prezidentlərindən olan Ronald Reyqan Böyük Kommunikator təxəllüsünü auditoriyada harmonik anlaşma anlayışı yaratdığına, ayrı-ayrı fərdlərin ürəklərini tərpədə bilməsinə görə almışdı.

Qrupdakı insanlarla əlaqə yaratmaq üçün tezliklə hər bir insana müraciət etmək lazımdır. Liderin məqsədi onu əhatə edən adamlarla əlaqə qurmağın təşəbbüsçüsü olmaqdır.

11.Yaxın çevrə qanunu

«Liderin potensialı onun yanında olan insanlarla ölçülür».

Hər bir liderin potensialını onun yanında, çevrəsində olan insanlarla təyin etmək mümkündür. Əgər bu insanlar mənən güclüdürlərsə, onda həmin lider bütün təşkilata böyük təsir göstərmək qabiliyyətində olacaq. Yox, əgər, onlar zəifdirlərsə, lider heç nə eləyə bilməyəcək. Məhz bu da yaxın çevrənin qanunudur.

Personal düzgün seçiləndə potensial sanki raket kimi göyə yüksəlir.

Con Maksvell yazır: «Tanrı məni ən yaxşı əməkdaşlardan ibarət çox gözəl komanda ilə mükafatlandırıb. Amma mən hələ nöqtə qoymuram. Mən bundan sonra – növbəti onillikdə də ondan sonra da bu komandanı möhkəmləndirəcəyəm, öz yaxın ətrafıma digər yaxşı adamları cəlb edəcəyəm. Mən axı bilirəm ki, məndə çoxlu istifadə olunmamış potensial qalıb. Əgər mən öz imkanlarımı tam realizə etmək istəyirəmsə, mütləq özümü ən yaxşı insanlarla əhatə etməliyəm. Bu, qarşıda qoyulmuş məqsədlərə çatmağın yeganə yoludur».

Yaxın çevrə qanunu da məhz budur.

12.Səlahiyyətlərin bölünməsi qanunu

«Yalnız özünə tam güvənən liderlər hakimiyyəti başqalarına verirlər».

Yalnız müəyyən səlahiyyətlər almış insanlar öz potensialını tam aça bilirlər. Əgər lider işçilərə bu səlahiyyətləri vermirsə, onda o, öz əli ilə təşkilatında maneələr yaradır, maneələr uzun ömürlü olanda işçilər öz potensiallarını maksimal dərəcədə realizə etmək üçün işdən çıxıb başqa təşkilatlara keçirlər.

Səlahiyyətləri bölməyin bir nömrəli düşməni liderliyi itirə bilmək qorxusudur. Zəif lider həmişə güclü işçilərdən qorxur, onlara səlahiyyətlər vermir, onları sıxışdırır.

Əsl lider o qədər əvəzolunmaz olmalıdır ki, öz yerini itirməkdən heç vaxt qorxmasın.

13.Yetişdirmə qanunu

«Lider yetişdirmək üçün lider lazımdır»

Con Maksvel liderlik məsələləri ilə bağlı seminarlarda sorğu keçirərək insanları lider olmağa nəyin təhrik etdiyini öyrənməyə çalışıb. Nəticə belə olub:

Krizisə görə – 5 faiz.

Anadangəlmə qabiliyyətinə görə – 10 faiz

Başqa liderin təsiri altında – 85 faiz.

Bütün rəyi soruşulanların 85 faizinin başqa liderlərin təsiri altında lider olmaları məhz bu qanuna əsaslanır: lider yetişdirmək üçün lider lazımdır.

Con Maksvel özü öz liderlik istəyini atası – əsl lider olan Melvin Maksvellin hesabına yarandığını bəyan edir. Atası ona şəxsiyyətin inkişaf prioritetlərini, insanlarla münasibətləri birbaşa öyrədirdi. Çox şeyi də o, atasının yanında olduğundan, onu müşahidə edərək öyrənirdi. Ona görə də artıq kollecə qəbul olunanda Con liderlik məsələlərini hamıdan gözəl bilir, gözəl intuisiyası ilə qürrələnirdi.

Liderlər özləri lider yetişdirməyin qeydinə qalmalıdırlar. Bilməlidirlər ki, onların idarələri, işləri orada işləyən işçilərin arasından yeni liderlər yetişdirməkdən çox asılıdır. Daha çox güclü lider yetişdirilsə ümumi nəticədə idarənin uğur şansı da yüksək olacaq. Bütün potensial liderləri prosesə cəlb etmək, liderliyə yüksəlmək lazımdır.

«Ceneral elektrik» korporasiyası öz sahəsində dünya üzrə birinci olmaqla yanaşı, həm də lider ardınca lider yetişdirməklə məşhurdur. Bu gün onlarca kompaniyalara başçılıq edən çox güclü liderlər (Uilyam Anders, Larri Bossidi, Stenli Qoutt, Fred Qarri, Klayd Kiton, Alva O.Uey, Rodcer Şipka, Corc Cskofild və s.) «Ceneral elektrik»də yetişmişlər. Lider yetişdirmək bu kompaniyanın ən yüksək prioritetindən sayılır, hər il də kompaniya bu məqsəd üçün 500 milyon dollar xərcləyir. Kompaniyanın özünün başında isə böyük lider Cek Uelç dayanır.

Yetişdirmə qanununun məğzi çox sadədir: Konkret bir insan başqa birisini tanımalı, ona vacib olan hər şeyi öyrənməli, onu tərbiyələndirməlidir.

14.Tam etibar qanunu

«İnsanları öncə liderin özü, sonra isə onun böyük ideyası cəlb edir»

Lider böyük arzusunu tapır, sonra insanları tapır. İnsanlar öncə lideri tapırlar, sonra onun arzusunu.

Çox insanlar liderlik məsələsində hər şeyi baş-ayaq qoyurlar. Onlara elə gəlir ki, qoyduqları ideya cəzbedici olsa, insanlar mütləq bunun ardınca gedəcək, onları lider kimi qəbul edəcəklər. Halbuki liderlik tam əksinə işləyir. İnsanlar layiq bildikləri liderlərin ardınca gedirlər. Liderin ideyası isə sonra gəlir. İnsanlar «Nike» firmasının krossovkalarını ona görə almırlar ki, çox keyfiyyətlidir, ona görə alırlar ki, bu krossovkaları məşhur basketbolçu Maykl Cordan reklam edir. İnsanlar məşhur aktyor Çarlton Xestonun Milli Odlu Silah Assosiasiyasının dəstəyinə yönəli mövqeyini ona görə maraqla dinləmirlər ki, Xeston bu mövzunun gözəl bilicisidir, ona görə dinləyirlər ki, ona böyük inam bəsləyirlər. Əgər insanlar bir dəfə bir insana inanıblarsa, onun rəyinə, nöqteyi nəzərinə həmişə şans verməyə hazırdırlar.

İnsanlar, hətta ideyanı bəyənsələr belə bəyənmədikləri liderin ardınca getməyəcəklər. Bu aksiomdur. Onlar başqa lider axtarışında olacaqlar. Amma lideri bəyənib ideyanı bəyənməyəndə, yenə də liderin ardınca gedəcəklər, amma ideyasına narazılıq bildirəcək, dəyişdirilməsinə can atacaqlar.

 

 “Ədəbiyyat və incəsənət”

(01.09.2023)

 

Cümə, 01 Sentyabr 2023 12:30

“Bir dəfə dəli olmuşdum…”

BİRİ İKİSİNDƏ – QİSMƏT MƏSİMİN ŞEİRLƏRİ

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yenidən Şeir vaxtı yetişdi. Bu gün sizlərə Qismət Məsimin şeirlərini təqdim edəcəyik.

Bəri başdan deyək ki, bu şeirlər bizi təəccübləndirdi. Bəlkə də bütün redaksiyanın eyni yazıdan məftun olmasına heç rast gəlinməmişdi.

 

Hər halda,

Mən sizə əl salladım, əlvida, dəli yollar,

Bu əl boyda bəxtimin mən boyda fəryadı var.

Çox şey əldən bulaşır, çox şey əldən yoluxur,

Kəndir hörən barmağın boğmaq istedadı var.

-deyən Qismət Məsimin adını yadınızda saxlayın.

 

Hər halda,

Adamlar niyə belə,

Allah niyə belədi?

Ən çox sevdiyim kəslər

məni sevsinlər deyə,

məni dəli elədi..

-deyən bu şairi hökmən yadınızda saxlayın.

 

Və hər halda,

Ömrü yığıb bir küncə, hara qaçır adamlar?

Nədir bu ayaqların yalınlığı, İlahi?

Çox da uzaq deyilmiş yerlə göyün arası,

Adi kəfən qədərmış qalınlığı, İlahi.

-deyən şairi unutmaq günahdır.

 

 

 

ŞEİR VAXTI

 

Qismət MƏSİM                                                                                                                                                           

 

 

NƏ GÖZƏL GÜLÜMSƏYİR AYRILIQ GÖRMÜYƏNLƏR

 

Dəlixanada güzgülər

Qadın həbsxanasında dırnaq boyaları.

Yetimlər evində soyad.

Qocalar evində arzular...

 

Dilənçi təşəkkürü, dilənçi duası.

Düşün, pul versən də, var,

Verməsən də, var.

Əla gülürsən,

Təbii gülür ayrılıq görmüyənlər.

 

Nə şirin ağıdı bu,

Bu ağının hamısını indi demə, olarmı?

Sanki başdaşının da saçları sığal istər,

əllərin daş hörüyə çəkdiyi daş sığalmı?

Baxırsan gözlərində bir yaşıl gülüş donub,

Güldüyü həqiqətlər yaxalayıb adamı.

Sinəmdə daş dikəlib,

Qoyma bu daş üstünə işləsinlər adını…

Mən itirmış adamam,

Sən həsrət qatılmayan təbii sevgi qadını.

 

Nə gözəl gülümsəyir ayrılıq görmüyənlər,

Bir qəlbə yara vurub

Bir qəlbdə ölmüyənlər.

 

 

BİR DƏFƏ DƏLİ OLMUŞDUM...

 

Bir dəfə dəli olmuşdum,

hamı məni sevirdi.

Hamı bir-bir pəncərədən

Evimi seyr edirdi…

Elə bil dünya idim,

Hər kəs baxıb keçirdi.

İt də mənimlə birgə

Bir qabdan su içirdi.

Salam verməyən qadın

Mənə salam verirdi.

Məni bağışlayırdı,

Ürək-dirək verirdi.

Allah da o vaxt məni

Ovcunda  saxlayırdı.

Çiynimdə günah yazan

İşsiz yuxulayırdı.

Adamlar niyə belə,

Allah niyə belədi?

Ən çox sevdiyim kəslər

məni sevsinlər deyə,

məni dəli elədi..

 

 

***

 

Çatıb gördüm həyətimiz çöldədi,

Çatıb gördüm başqalaşıb evimiz.

Çoxdan bəri getməmişəm, küsüblər:

Həyətimiz, darvazamız, itimiz…

Qapı necə inciyərmiş, ilahi!

Döydüm, döydüm, cınqırı da çıxmadı.

İt yerindən dəbərmədi bir qram,

Qoz ağacı üzümə də baxmadı.

Allah məni daş edəydi, düşündüm,

Daş edəydi, burda qala biləydim.

Pilləkənin qalaqları od tutub

Məni necə yandırırdı, görəydin.

Ağ saçımı güzgümüzə göstərib,

Guya məni bağışlasın sanırdım.

Mən anamın örpəyinə bürünüb,

Bilsəz necə, bilsəz necə yanırdım.

Nə qazandım, nə itirdim, bilmirəm,

Amma gördüm

                     izsizlikdən çatlayıb

                      həyətdəki cığırların dodağı.

Amma gördüm adam kimi küsürmüş

Getməyəndə ana vətən torpağı.

 

3 D şeir...

 

Ömrü yığıb bir küncə, hara qaçır adamlar?

Nədir bu ayaqların yalınlığı, İlahi?

Çox da uzaq deyilmiş yerlə göyün arası,

Adi kəfən qədərmış qalınlığı, İlahi.

 

Göz yaşı imza atır son vidanın altına,

Hansı tutdu gedənin, ya qalanın naxışı?

Ədəbiyyat müəllimi, sənə də sualım var:

Feilin hansı növüdür başdaşının baxışı?..

 

Mən sizə əl salladım, əlvida, dəli yollar,

Bu əl boyda bəxtimin mən boyda fəryadı var.

Çox şey əldən bulaşır, çox şey əldən yoluxur,

Kəndir hörən barmağın boğmaq istedadı var.

 

 

***

 

Ürəyi min dəfə yerlərə vurub

"Baxma!" söyləmişdim gözümə guya.

Qapımı çırpırsan, divarım uçur,

Ömür düzəltmişəm özümə guya,

 

Sökür bu tənhalıq arzularımı

Hamısın hirsimdən çaxıram ömrə.

Bir divar saatı xoşuma gəlir,

Başımı dik tutub baxıram ömrə.

 

Səni unutmuşam, başım pozulub,

Aptekdən başıma kül soruşuram.

Hansımız ölmüşük, başa düşmürəm,

Kimin qəbri üçün gül soruşuram?

 

Bədheybət tənhalıq, nəhəng, darıxma,

Mənəm o təpəgöz divin yerinə.

Hər səhər oyanıb yola düşürəm

Köhnə çarpayımdan evin yerinə.

 

 

***

 

Alçanın ən yeməli vaxtı,

Adam ölməz, ömrüm-günüm.

İnanmırsan qızımızdan soruş, desin,

Üç ikiyə tam bölünməz, ömrüm-günüm.

 

Qolumuzdan tutub dartır zaman bizi,

Saata bax, bizə qalıb.

Ömür gedir, şərab gedir,

Adam elə darıxır ki…

Baxma belə getməyinə,

Belə getməz, belə getməz, ömrüm-günüm.

 

Tanrı bizi bağışlamaz belə getsə,

Çevrilərik qurd olarıq.

Ulaşarıq…

Tənhalığa bulaşarıq.

Bakı da çox böyükləşib,

Unutmağa gücüm çatmaz.

Adam belə ürək atmaz,

Adam belə əl götürməz, ömrüm-günüm.

 

Alçanın ən yeməli vaxtı,

Adam ölməz, ömrüm günüm.

İnanmırsan, qızımızdan soruş desin,

Üç ikiyə tam bölünməz, ömrüm-günüm.

 

 

***

 

Açıb çəmən üstə bu lal süfrəmi,

Sənə bal süzərdim susqunluğumla.

Saçına şeh kimi düşərdim, heyif,

Pis vaxtda getdin.

 

Kəpənəyə dönüb dəli baxışım,

Toxunardı şirin təbəssümünə,

Nazını qoyardı gözünün üstə.

Öpüb o utancaq səssizliyini,

Qonardı açılmış dizinin üstə.

ən şirin gecənə dönərdim, heyif,

pis vaxtda getdin.

 

Payızı seçmişdim səni sevməyə,

Elə sevərdim ki, bahar olardın.

Xəzəl xışıltısı... unutqan cığır...

Axır ki, hər bir şey gözəl olardı,

Pis vaxtda getdin..

 

 

***

 

Adamın adamla təkcə söhbəti yox,

Gərək susmağı da tuta...

Məsələn, zirvəylə duman kimi,

Ulduzla asiman kimi,

Çiçəklə başdaşı kimi,

Qürurla göz yaşı kimi...

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Cümə, 01 Sentyabr 2023 12:45

Təbii yağlar bizə nə verir?

HƏM QİDA, HƏM KOSMETİK VASİTƏ KİMİ ÇOX ŞEY

 

Yenidən mövzumuz sizlərin sağlamlığı barədədir. Sirr deyil ki, mədəni elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir. 

“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq. 

 

Ölkəmizin qida əlavələri və kosmetik məhsullar bazarında son vaxtlar sensasiyalı xəbərlər dolaşır. Millət vəkili Rüfət Quliyev bir neçə dəfə bitki yağı adı altında insanlara tərkibi məlum olmayan qatqılar sırıyan, bununla da insanlarımızın sağlamlıqlarına zərbə vuran işbazları sosial qınaq müstəvisinə çıxarıb. 

Bu arada sözügedən bazara qısa müddətdə ildırım surəti ilə daxil olan, üstün keyfiyyəti və nəfis tərtibatı ilə seçilən, apteklərdə böyük təlabat duyulan “Ataşah” yağ məhsulları diqqətimizi çəkməkdədir. Hazırda bu yağlar 6 çeşiddə alıcıya təqdim olunur. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı şirkət rəsmiləri Paşa Məcidova və Fuad Nəsrullayevə müraciət edərək “Ataşah” yağları barədə ayrı-ayrılıqda oxucularımıza məlumat verməyi xahiş etmişdir. Və bir də, öyrənmək istəmişdir ki, niyə məhz bu yağlara alıcılar üstünlük verirlər. 

 

Həmsöhbətlərimiz bildirmişlər ki, “Ataşah” yağları ənənəvi soyuq sıxım üsulundan da irəli gedərək kriogen üsulla sıxımı həyata keçirir, bu da yağın sıxım zamanı faydalı xüsusiyyətləri tam qorumasına dəlalət edir. Bundan başqa, ölkə bazarındakı yağlarda əsas məhsula az qala yarıbayarı digər - daha ucuz başa gələn, aşağı keyfiyyətli bitki yağları (bəzən hətta pambıq yağı) əlavə edildiyi halda, “Ataşah” yağlarına üçdə bir nisbətdə keyfiyyətli zeytun yağı əlavə edilir. Və bu da yağın mükəmməlliyini təmin edir.

Paşa Məcidov və Fuad Nəsrullayev bildirmişlər ki, hazırda bazara çıxarılan 6 bitki yağı çeşidi aşağıdakılardır: 

Nar çəyirdəyi yağı;

Qara zirə yağı;

Üzüm çəyirdəyi yağı;

Balqabaq tumu yağı;

Çaytikanı yağı;

Kətan yağı.

 

Nar çəyirdəyi yağı

 Sağlamlığın əvəzsiz eliksiri!

 Orqanizm hüceyrələrini zərərli təsirlərdən qoruyan, ürəyin sağlamlığına kömək edən, bir çox xəstəliklərin yaranması riskini azaldan, dərinin keyfiyyətini yüksəldən, yaşlanma əlamətlərinə maneə törədən nar çəyirdəyi yağını ölkədə ilk dəfə “Ataşah” şirkəti ən son texnologiya ilə, heç bir qatqısız, 500 kiloqram xammaldan vur-tut 1 litr məhsul almaqla sizlərə çatdırır.

Bu məhsuldan necə imtina etmək olar?

 

Qara zirə yağı

 Günümüzün trendi

 Ümumi tonusu və iş qabiliyyətini yüksəldən, allergik reaksiyaları azaldan, çəkini normallaşdıran, qanda qlükozanın səviyyəsini salan, bakteriyalara, viruslara, parazitlərə, göbələklərə təsir göstərə bilən, qaraciyərin keşikçisi sayılan qara zirə yağı immun sistemini də möhkəmləndirən çox qiymətli bir vasitədir.

Stressli, viruslu dövrümüzdə bu yağ əvəzsizdir.

Təsəvvür edin ki, hətta müqəddəs “Quran” kitabında da bu yağın hədsiz faydalarından bəhs edilib.

 

Üzüm çəyirdəyi yağı

 Əsl gözəllik vasitəsi!

Tərkibində bol-bol andioksidant toplanan, ürək-damar sisteminin qüsursuz fəaliyyətinə kömək edən, yaşlanma əleyhinə güclü təsir xüsisiyyətlərinə malik olan, qida əlavəsi və kosmetoloji vasitə kimi əvəzsiz sayılan üzüm çəyirdəyi yağını soyuq sıxım vasitəsilə sizlərə əlçatan etdik.

Təki sağlam və gözəl olasınız!

 

Balqabaq tumu yağı

Kişilərin əsl dostu

Mütəmadi istifadədə immuniteti möhkəmləndirən, maddələr mübadiləsini stimullaşdıran, dərinin və saçın vəziyyətini yaxşılaşdıran, mədə göynəmələri, piylənmə zamanı hədsiz faydalı olan, qurdlarla və parazitlərlə mübarizədə analoqu olmayan balqabaq tumu yağının xüsusi bir özəlliyi də var: E vitamininin, sinkin, bioloji aktiv maddələrin bolluğu bu unikal qidanı xüsusən kişilər üçün əhəmiyyətli edir.

Kişilər, qərarı dərhal qəbul edin!

 

Çaytikanı yağı

İnsan orqanizminin havadarı

 Əbəs yerə çaytıkanı yağı ən faydalı yağlardan hesab edilmir ki? Həm həzm sisteminə kömək edir, həm iltihab, şiş və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, üstəlik, dərinin, saçların və dırnaqların sağlamlığına da müsbət təsir göstərir.

Azərbaycanın ən saf təbiətində yetişən çaytikanını toplayaraq yağını sizlər üçün əlçatan etdik!

 

Kətan yağı

Universal vasitə

Omeqa 6 və Omeqa 3-lə tam zəngin olan, ürək-damar sistemində, iltibah və əqli problemlərdə olduqca böyük faydası duyulan kətan yağı iştahanı azaldaraq arıqlamağa da kömək edir, dərinin vəziyyətini də yaxşılaşdırır, üstəlik, beynin və qan dövranı sisteminin dostu hesab edilir.

Bir sözlə, sağlamlıq üçün əsl universal vasitədir.

 

“ATAŞAH” YAĞLARI – HƏM FAYDALI QİDA ƏLAVƏSİ, HƏM TƏKRARSIZ KOSMETİK VASİTƏDİR! 

Onu şəhərin apteklərindən soruşun!

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Dünyaşöhrətli italiyalı bəstəkar Ludoviko  Einaudi Heydər Əliyev Sarayında pərəstişkarları ilə görüşəcək. 

Bu ilin oktyabrının 2-nə nəzərdə tutulan görüşdə tamaşaçılar bəstəkarın ən məşhur filmlər üçün yazdığı əsərlərini canlı dinliyə biləcəklər. 

 

Ludoviko Einaudi dünya klassikası tarixinə daxil olmuş italyan bəstəkarıdır. Dövrümüzün ən çox axtarılan bəstəkarlarından biri, musiqidə neoklassik istiqamətin simvolu, bir çox məşhur filmlərin musiqi müəllifidir.

Onun yaradıcılığında klassiklərin sarsılmaz ənənələri, etnik motivlər, müasir elektron səs və populyar musiqinin dinamizmi harmonik şəkildə birləşir.

Musiqiçinin diskoqrafiyasında 15-dən çox studiya albomu və ümumilikdə 40-dan çox musiqi buraxılışı var. Bir çox musiqilərin müxtəlif ölkələrdə qızıl və platin statusu var. Dahi bəstəkarın saundtreklərini ən məşhur Hollivud və Avropa filmlərində dinləmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib böyük kinoaktyor, bu günlərdə gündəmdən düşməyən Rasim Balayevdir. Onunla müsahibə 1998-ci ilin martında götürülüb.

 

 

“MƏN HƏLƏ SƏNƏTDƏ SÖZÜMÜ DEYƏ BİMƏMİŞƏM”

O, yetmişinci illər Azərbaycan kinosunun günəşi idi. Yarı-yaraşığı ilə qızların-qadınların, Nəsimi, Beyrək, Babək obrazları ilə çoxmilyonlu tamaşaçı kütləsinin qəlbini fəth eləmişdi. Milli kinomuz tarixində onun qədər sevilən, onun qədər populyar ikinci aktyor təsəvvür eləmək çətindir. Ozü ilə tanış olandan sonra görürsən ki, bu ad-sanın, bu şan-şöhrətin qarşılığında onun qədər sadə, təvazökar insan da yoxdur. Söhbət 50 yaşını qeyd etməyə hazırlaşan sevimli aktyorumuz, Xalq artisti Rasim Balayevdən gedir.

 

-Rasim müəllim, son vaxtlar hansı filmlərə çəkilmisiniz?

-Rasim Ocaqovun quruluş verdiyi “Otel otağı” filmində əsas rollardan birini oynayıram.

-70-ci illərin əvvəllərində ekranlara çıxan, festivallara gedən və müxtəlif nominasiyalar üzrə qalib olan “Nəsimi” filmindəki Nəsimi obrazı Azərbaycan və SSRİ məkanında sizi populyar bir aktyora çevirdi. Nəsimi adı ilə Rasim Balayev adı xalqımızın nəzərində qoşalaşıb. İndi bu hadisələrin üstündən 25 ildən çox keçib. Yenidən dönüb “Nəsimi” filminə baxanda film sizə yenə də eyni dərəcədə mükəmməl görünürmü?

-Dünya standartlarına uyğun texnikanın olmaması filmin çəkilişində müəyyən nöqsanlar doğurmuşdu. Amma əsas o idi ki, filmdə səmimiyyət var idi. Odur ki, zaman sənətə qalib gələ bilmir. Söhbət, əlbəttə ki, ciddi sənətdən gedir. Filmin çəkildiyi tarixdəın uzaqalşdıqca, daha yaxşı baxılır. Bir şeyə təəssüflənirəm ki, sovet dövrü olduğuna görə ideoloji yasaqlar, qadağalar Nəsimi obrazının həqiqi təcəssümünü yaratmağa mane oldu. Allaha, Peyğəmbərə şeirlər həsr edən Nəsimi filmdə az qala ateist kimi verilib. Amma bu nə ssenaristin, nə rejissorun, nə də aktyorların günahı deyildi.  Filmin yaradıcı heyəti ideoloji yasaqlar içində tapşırılan işi yerinə yetirmiş və buna uğurla nail olmuşdu. Bu film şəxsən mənim həyatımda həlledici dönüş nöqtəsi oldu, aktyor taleyimə təsir etdi. Əgər bu filmə çəkilməsəydim, yəqin ki, biz indi sizinlə burada oturub söhbət etməzdik.

-Təməlində islam zehniyyəti duran mistik Nəsimi və islamı odla, qılıncla rədd edən Babək. Bir-birinə zidd olan bu obrazları yaratmaq eyni bir aktyor üçün çətin deyildimi?

-Düzünü desəm, çətin idi. Nəsimi və Babək həm fiziki, həm də psixoloji baxımdan fərqli obrazlardır. Amma onları birləşdirən bir hiss var – vətənpərvərlik. Təəssüf ki, bu indi çoxlarımızda çatışmır.

-Siz 70-ci illərdə üç parlaq tarixi obraz yaratmısınız -  Nəsimi, Beyrək və Babək. Bunlardan hansı sizin üçün daha qiymətlidir?

-Nəsimi ilk tarixi rolum, Babək isə ən möhtəşəm tarixi obrazım kimi mənə qiymətlidir. Amma Beyrək də onlardan az önəmli deyil. Bunların hər biri tariximizin bu və ya digər məqamı ilə bağlıdır. Babək bizim zərdüştiliyimiz, Beyrək türklüyümüz, Nəsimi isə müsəlmanlığımızla bağlıdır. Bu üçünün vəhdətindən Azərbaycan xalqı yaranıb. Bu obrazların hər biri Azərbaycan bayrağının bu və ya digər rəngi ilə bağlıdır. Babək qırmızı, Beyrək göy, Nəsimi isə yaşıl rəngi simvolizə edir. Bu obrazlar bütövlükdə Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqını rəmzləşdirir. Bu obrazlarla mən bütövlükdə Azərbaycanın obrzını  yaratmışam.

-Siz Azərbaycan kinosu tarixində bəlkə də ən təhlükəli vəziyyətlərlə üzləşən bir aktyorsunuz. Beyrək rolunda şirlə pəncələşirsiniz, Tahir rolunda buruqdan dənizə tullanırsız.

-Tahir rolunda mənim əvəzimdən kaskadyor dənizə tullanmışdı. Beyrək rolunda isə şirə yuxu iynəsi vurulmuşdu. O yatmağa beş-on saniyə qalmış mənim üstümə buraxılmışdı. Amma bəzən nəinki şir, hətta ceyran da qorxulu olur. “Dədə Qorqud” filmində ceyranı tutanda ehtiyat edirdim. Çünki ceyranın qılınc kimi buynuzları olur və kiçik bir ehtiyatsızlıq məni kor edə bilərdi. Ceyran kino çəkilişində iştirak edənlərdən birinə buynuzu ilə elə zərbə vurdu ki, burnu ortadan iki yerə bölündü. Təbiidir ki, ceyran bunun bir kino olduğunu başa düşmür, vəhşi bir instinktlə özünü qoruyurdu. Bu kadrı üç dəfə dubljay etdik. Sonuncu dəfə ayaqlarını bağlayanda o, ürəyi partlayıb, əlimdəcə ölmüşdü.

-Şirlə qarşılaşmağınız daha təhlükəli olardı.

- O Berberov familiyalı bir yəhudini evində böyümüş şir idi. Mənə ürək-dirək verirdilər ki, qorxma, ev şiridi. Amma onun zarafatla bircə pəncə vurması kifayət idi ki, mən birtəhər olum. Sonra bu şir ev sahibinin oğlunu parçaladı, arvadını yaralayıb, qaçdı küçəyə. Polislər onu gülləylə vurub öldürdülər.

-Sizi indi də şirlə zindana salsalar, çəkilərsinizmi?

-İndi yəqin ki, ehtiyat edərəm. Yaş artdıqca, adam çox şeylər görür, ehtiyatlı olur.

-Bəlkə, yaş artdıqca sənətin gətirdiyi uğur və sevinclər sizin üçün əvvəliki mənasını itirir.

-Qətiyyən! Əksinə, yaş artdıqca adamın məsuliyyəti daha da artır.

-İndiki yaşınız və indiki düşüncənizlə Babək kimi bir ateistin rolunu yenə də oynardınızmı?

-Hansı rolu oynamağımdan asılı olmayaraq, mən Rasim Balayevəm. Odur ki, belə təklif olsa, yenə Babəki oynayardım.

-“Babək” filmində Amaliya Pənahovanın Zərnisə, Tamara Yandiyevanın Pərvin obrazını o vaxtkı kino tənqidçiləri uğursuz saymışdılar. Sizcə, bu tənqidlər nə dərəcədə haqlı idi?

-Məncə, hər iki aktrisa rolun öhdəsindən yaxşşı gəlmişdi. Mənim haqqımda da deyirdilər ki, guya mən cılız görünürəm, Babək canlı, cüssəli bir adam olub. Amma, məncə, Babəkin gücü onun cüssəsində yox, ruhundadır.

-İndiyədək neçə filmə çəkilmisiniz?

-Əvvəllər sayırdım indi daha saymıram. Təxminən 70-ə yaxın filmə çəkilmişəm.

-İnstitutu bitirəndən sonra uzun müddət sizi nə teatra, nə də kinoya dəvət etdilər. Sonra birdən-birə kinoya dəvət almağınız necə oldu?

-İnstitutu bitirəndən sonra Dram Teatrında işləmək istəyirdim. Qəbul etmədilər. Bir neçə il Tədris Teatrında işləsəm də, ürəyimcə olan heç bir iş görə bilmədim. Əsəblərim tədricən korlandı. Elə bu vaxt atam vəfat etdi. Düşdüm xəstəxanaya. Xəstəxanada olanda Həsən Seyidbəyli gəldi ki, səni Nəsimi roluna çəkmək istəyirəm.

-Həsən Seyidbəyli Nəsimi roluna məhz sizi çəkməklə, yəqin ki, hansısa amillərə söykənirdi.

-Onu cəlb edən mənim zahiri görünüşüm olmuşdu. Həmişə deyirdi ki, Rasimin üzündə nəsə bir qədimilik var. Həm də istəyirdi ki, Nəsiminin ifaçısı yeni sifət olsun ki, xalq onu Nəsimi kimi qəbul etsin.

-Filmdəki uğurunuz səhhətinizə necə təsir etdi?

-Filmin uğuru məndə yenidən həyata qayıtmaq arzusu doğurdu. Özümə inam yarandı. Sonrakı uğurlarım isə məni müalicə elədi.

-Və sizə çoxlu sevgi məktubları axıb gəlməyə başladı...

-(gülür) Yüzlərlə məktub alırdım. Eşq elan edənlər də olurdu.

-Siz Dram Teatrında Hüseyn Cavidin “İblis” faciəsində Arif rolunu oynamısınız. Sonra yeni tamaşalara niyə dəvət almadınız?

-Mən teatra “İblis” tamaşasının rejissoru Mehdi Məmmədovun dəvəti ilə getdim. İndi orada məni qane edən rejissor yoxdur. Amma çox istəyirəm ki, teatrda oynayım.

-Teatrlarımızın bugünkü durumu sizi qane edirmi?

-Bəzən görürsən ki, teatr artistləri qışqırmağa üstünlük verirlər. Çünki qışqırıqsız rol oynamaq çox çətindir. Bunun üçün gərək professionalizm çox yüksək olsun.

-Özünüzə qədərki aktyorlardan kimin sənəti sizə çox təsir edib.

-Səməndər Rzayev, Mikayil Mirzə və mən Ağsuda bur məktəbdə oxumuşuq. O vaxtlar söhbətlərimizin əsas məzmununu Barat Şəkinskaya, Ələsgər Ələkbərov, Hökümə Qurbanova kimi aktyorlarımızın yaradıcılığı təşkil edirdi.

-Məktəb yoldaşlarınızdan bəziləri deputat oldular. Sizin bu ali mənsəbə şansınız heç də onlarınkından az deyildi.

-Mən özümü siyasətçi hesab etmirəm.

-Özünüzü necə adam hesab edirsiniz?

-Bir az romantik təbiətli, emosianal adamam. Hər hansı bir faciəvi hadisə ilə üzləşəndə bir neçə gün özümə gələ bilmirəm.

-Gənc Rasimin arzularını 50 yaşlı Rasim yerinə yetiribmi?

-Çoxları qorxurdu ki, mənim şöhrətdən başım gicəllənəcək. Amma mən həmişə sadəlik tərəfdarı olmuşam. 50 yaşımda da elə hesab edirəm ki, hələ sənətdəə sözümü deyə bilməmişəm.

-Bütün məşhur adamlar kimi sizi də sevənlərlə yanaşı, gözügötürməyənlər də olmamış olmaz. Paxıllarınız haqqınızda şaiyələr yayıbmı?

-Deyirdilər ki, guya möhkəm içənəm, arvadbazam. Brejnev sonuncu dəfə Bakıya gələndə söz yaymışdılar ki, guya mən aeroportda Brejnevi söymüşəm, tutub basıblar içəri. Həbs olunmadğımı göstərmək üçün məni şeir oxumaq bəhanəsilə “Səhər görüşləri” verilişinə dəvət etdilər.

-Hazırda sizi qane edən aktyor varmı?

-Məncə, Fuad Poladov düşünən və düçündürən aktyordur.

-50 yaşda hansı rolu oynamaq istərdiniz?

-Qəribə də gəlsə, Qacarı oynamaq istərdim.

-Nə üçün məhz Qacarı?

-Çünki ona məhəbbət oyatmaq istəyirəm.

Sənətdə qazandığınız uğurlara görə özünüzü kimə borclu hesab edirsiniz?

-Allaha!

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

-Azərbaycanı.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.