Super User

Super User

 

 

Sentyabrın 3-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş etdirilməsi məqsədilə tədbir təşkil olunub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbirdə Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.

Konsert proqramı ilə davam edən tədbirdə Vətənə, doğma yurda aid mahnılar səsləndirilib, Qərbi Azərbaycanın aşıq havaları ifa olunub.

Tədbirdə Milli Məclisin deputatları, media nümayəndələri, paytaxt sakinləri və xarici qonaqlar iştirak ediblər.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli  tədbirin önəmini xüsusi vurğulayaraq deyib: “Qərbi Azərbaycan İcması olaraq əsas məqsədimiz tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irs nümunələrinə sahib çıxmaq, bunu dünya ictimaiyyətinə çatdırmaqdır. Bu tədbir də həmin silsilədən atılan addımlardan biridir. Şübhəsiz ki, biz bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq. Sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək. Belə sərgiləri xarici ölkələrdə də təşkil etməyi nəzərdə tutmuşuq. Qarşımızda Ermənistan kimi hər cür yalana, üsula əl atan düşmən dayanır. Biz onların qarşısına ancaq faktlarla, sənədlərlə, sübutlarla, mənbələrlə çıxmalıyıq ki, ermənilərin yüz illər ərzində dünya ictimaiyyətinin beyninə yeritdiyi yalanları, saxtakarlıqları qazıb çıxaraq və Qərbi Azərbaycan həqiqətlərini qəbul etdirə bilək”.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin məqsədinin Qərbi Azərbaycanın etnomədəni mühitinin rekonstruksiya edilməsi, o cümlədən vaxtilə həmin torpaqlarda, mahallarda, yaylaqlarda xalqın keçirdiyi bayram şənliklərinin əhval-ruhiyyəsinin canlandırılması olduğunu vurğulayıb. Qeyd edib ki, bu tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısında keçirilməsi də rəmzi xarakter daşıyır. Ümummilli Lider inanırdı ki, nə vaxtsa, ədalət bərpa olunacaq və Qərbi azərbaycanlılar öz yurdlarına qayıda biləcəklər.

Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra keçmiş məcburi köçkünlərin Qarabağa, Şərqi Zəngəzura dönmək imkanı əldə etdiklərini diqqətə çatdıran nazir müavini bildirib: “Şanlı Qələbədən sonra Qərbi azərbaycanlıların da öz ata-baba ocaqlarına qayıtmaq ümidi yaranıb. Dövlətimizin başçısının çıxışlarında Qərbi azərbaycanlıların da öz yurdlarına qayıdacağını bildirməsi ümidlərin, xəyalların reallığa çevriləcəyi günün çox da uzaqda olmadığına bir işarədir. Həmin imkan sülh müqaviləsi imzalanandan sonra yaranacaq. Vaxt gələcək həmin doğma torpaqlara da qayıdacağıq, qurub yaradacağıq və Azərbaycan mədəniyyətini çiçəkləndirəcəyik”.

Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu xüsusilə indiki dövrdə bu sərginin təşkilinin önəmli olduğunu qeyd edib: “Qərbi Azərbaycanın etnomədəni mühitini əks etdirən sərgidə təqdim olunan maddi-mədəniyyət nümunələri bir daha onu göstərir ki, Qərbi Azərbaycan xalqımızın milli-mədəni inkişafının formalaşdığı coğrafiyalardan biridir. Qərbi azərbaycanlıların ermənilər tərəfindən soyqırımına, etnik təmizləmə siyasətinə məruz qalmasına baxmayaraq, bu gün yenidən böyük coşqu ilə öz hüquqlarını tələb etmələri məhz bu mədəniyyətdən, tariximizdən və milli yaddaşımızdan aldığımız güclə əlaqədardır. BMT və digər beynəlxalq təşkilatlar, strukturlar Qərbi azərbaycanlıların müraciət və çağırışlarını cavabsız qoymurlar. Gec-tez Paşinyan da Qərbi azərbaycanlıların çağırışlarına cavab vermək məcburiyyətində qalacaq. Qərbi azərbaycanlılar ləyaqətlə doğma torpaqlarına qayıdaraq tarixən yaratdıqları bu mədəniyyəti yenə də öz torpaqlarında inkişaf etdirəcəklər”.

Qeyd edək ki, Qərbi azərbaycanlıların onilliklərlə pozulmuş hüquqlarının bərpası, onların tarixi yurdlarına qayıtmaları istiqamətində hazırda yüksək səviyyəli sistemli iş həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il dekabrın 24-də - doğum günündə məhz Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə İcmanın qərargahında görüşməsi və çox vacib mesajlar verməsi bu istiqamətdə işlərin daha mütəşəkkil və ardıcıl şəkildə reallaşdırılmasını təmin etdi. Qərbi Azərbaycandan olan əhalinin pozulmuş hüquqlarının carçısına çevrilmiş İcma bu prosesə öncülük edərək, Ermənistanın xalqımızın tarixi-mədəni irsini məhv etməsi ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması işində fəal çıxış edir, on minlərlə Qərbi azərbaycanlının doğma yurdlarına qayıtması üçün yorulmadan çalışır.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Bazar ertəsi, 04 Sentyabr 2023 16:09

Tarixi romanlarla tarixdə qalacaq!

Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin anım günüdür

 

Azərbaycanın Sovet nəsri tarixində tarixi roman janrı tanınmış ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə qələmi ilə xeyli inkişaf edib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin vəfatından 20 il ötür.

 

1921-ci ildə Bakıda anadan olan Ə.Cəfərzadə 38 nömrəli məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr məktəbində oxuyub. Əlaçı olduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundzadə mükafatına birinci o layiq görülüb. 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Ə.Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1937-ci ildə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra nəşr olunmuş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb.

Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-1978-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib.

1980-ci ildə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayan romantik şair Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini özündə əks etdirən “Bakı-1501” tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” romanı məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi”, “Gülüstandan öncə”, “Zərrintac-Tahirə”, “İşığa doğru”, “Bəla”, “Rübabə sultanım” tarixi romanları Ə.Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur.

Əzizə Cəfərzadənin 2003-cü ildə qələmə aldığı “Xəzərin göz yaşları” adlı povesti isə 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasına həsr olunub. Ə.Cəfərzadə, eyni zamanda, Şərqin dühası Məhəmməd Füzuli yaradıcılığına gözəl bələd olduğundan, ölümündən bir az əvvəl onun həyatı haqqında “Eşq sultanı” adlı romanını yazıb.

Yazıçının “Sahibsiz ev”, “Əllərini mənə ver”, “Sənsən ümidim”, “Xəyalım mənim” əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Uşaqları da yaddan çıxarmayan Əzizə Cəfərzadə “Qızımın hekayələri”, “Anamın nağılları”, “Çiçəklərim”, “Pişik dili” kimi hekayə və nağıllar yazıb.

Azərbaycan dilinin saflığını qoruyan və onu təbliğ edən ədəbiyyatşünas alimin elmi əsərləri də bədii ədəbiyyat nümunələri kimi daim oxunur. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları” (iki nəşrlə), “Şirvanın üç şairi”, “Mürcüm Kərim Vardani. Sünbülüstan”, “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kitabları yazıçıya xüsusilə şöhrət gətirib.

Ana və qadın mövzusuna xüsusi önəm verən yazıçının folklor araşdırmaları, etnoqrafik yazıları da maraq doğurur. Onun “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa əsərlər bu qəbildəndir. Ə.Cəfərzadə iştirak etdiyi beynəlxalq konfranslarda, xarici səfərlərində daim Azərbaycan və onun tarixini təbliğ etməklə yanaşı, həmin ölkələrin kitabxana və fondlarında Vətənimizlə bağlı məlumatları araşdıraraq toplayıb. Bu məqamlar Əzizə xanımın səyahət gündəliklərində öz əksini tapıb.

Əzizə xanım 1965-1966-cı illərdə pilot olan həyat yoldaşı ilə birlikdə Qanada (Afrika) yaşamalı olub və həmin illərin xatirələri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” kitabında toplanıb. Kitabda yazıçı afrikalı insanların həyat tərzini, fəaliyyətlərini, kənardan görünə bilən və bilinməyən tərəflərini məharətlə təsvir edib.

Əzizə Cəfərzadə 1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləyib. Tutduğu sosial statusdan asılı olmayaraq, qadın və uşaqların hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərib. 1979-cu ildə kitablarından qazandığı qonorar hesabına Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib. Azərbaycanın tarixi torpaqları olan Qarabağda erməni separatizmi baş qaldıranda ilk səsini ucaldan ziyalılar arasında Ə.Cəfərzadə də olub. Yazıçı dəfələrlə ön cəbhəyə gedərək, əsgərlərlə görüşüb, onlara ana nəvazişi göstərib. Xalqına bağlılığı nəticəsində ömrünün 80-ci ilində “Azərbaycan Anası” adını alıb.

Xalq yazıçısı Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Sentyabrın 4-də Bakıdakı Rus Evində “Rusiyanın Hərbi Şöhrət Günü” münasibətilə İkinci Dünya müharibəsinə həsr olunan “Nürnberq” filminin premyerası olacaq.

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, rejissor Nikolay Lebedevin “Nürnberq” filmi (2023-cü il) nasist Almaniyasının elitasının beynəlxalq tribunalın qarşısında çıxdığı və məhkum olunduğu məşhur proses haqqında dünya kinematoqrafında ilk bədii filmdir. Filmdə müxtəlif ölkələrdən aktyorlar iştirak edirlər, lakin baş rollarda Rusiyanın kino ulduzları çəkiliblər, onların arasında Sergey Bezrukov, Lyubov Aksenova, Yevqeni Mironov, İqor Petrenko var.

Filmin nümayişi çərçivəsində “Nürnberq prosesi: Moskvadan baxış” adlı tarixi-sənədli sərginin açılışı olacaq, sərgi və filmin nümayişinə hüquqlar “Aleksandr Peçerskinin xatirə Fondu” qeyri-kommersiya təşkilatı tərəfindən təqdim olunub.

Film Rus Evində (Üzeyir Hacıbəyli küçəsi, 77b) saat 20:00-da nümayiş etdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

ŞAMAXIDA VƏ BAKIDA KEÇƏN 3 YADDAQALAN GÜN

 

Dilə nə lazımdır? Daim işlək olsun, alınma sözlərlə çox çirklənməsin. Ədəbiyyata nə lazımdır? Oxunsun, təbliğ olunsun, sevilsin. 

Bu il Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirildi. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutdu. 

“Ədəbiyyat və incəsənət” portalı Forum barədə geniş icmal hazırlayaraq oxucularının ixtiyarına verir. 

 

VACİB TƏŞƏBBÜS

Ondan başlayaq ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak etdiyi foruma Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində (Shamakhi Palace Sharadil otelində) sentyabrın 1-də start verildi, sentyabrın 2-3-də isə Bakı şəhərində - “Gülüstan” sarayında forum davam etdi. 

Son illər ana dilinin qorunması, ədəbiyyatımızın təbliği mənasında bu, ilk nüfuzlu və sanballı tədbir idi, ona görə də təşkilatçılara - Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə alqış demək labüddür. 

 

QƏDİM ŞAMAXIDA ƏSL TOY-BAYRAM

Açılış günündə ilk öncə Ümummilli lider Heydər Əliyevin məzarı önünə tər güllər düzüldü.

Bu mərasimdən qabaq qonaqları salamlayan Şamaxı rayonunun icra hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd etdi ki, bu cür yüksək ranqlı şəxslərin, ölkənin ən görkəmli yazarlarının Şamaxıya təşrif buyurması Şamaxı üçün əsl toy-bayramdır. Söz vətəninə böyük söz adamları gəlməklə buranın necə dəyər daşıdığını bir daha sübut edirlər. 

 

FORUMUN ŞAMAXIDA KEÇİRİLMƏSİNİN RƏMZİ MƏNASI VAR

Shamakhi Palace Sharadil otelinin konfrans zalında Mədəniyyət naziri Adil Kərimli Forumu rəsmən açdıqdan sonra təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, AYB-nin birinci katibi Çingiz Abdullayev, MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva foruma təbrik nitqləri səsləndirdilər. 

Mədəniyyət naziri Adil Kərimli tədbirin açılış mərasimində çıxış edərək Forumun əhəmiyyətini vurğuladı. Nazir bildirdi ki, Ümummilli Liderin 100 illiyinə həsr olunan Forumun açılış mərasiminin Şamaxıda keçirilməsi rəmzi məna daşıyır. Ulu Öndərin Şamaxının tarixi və ədəbi irsi haqqında dediyi sözlər tədbirin açılışının bu şəhərdə keçirilməsinə təkan verən əsas amildir.

Ədiblər şəhəri sayılan Şamaxının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirdi ki, belə forumların keçirilməsi cəmiyyətin inkişafı, mədəniyyətimizin zənginləşdirilməsi, gələcəkdə daha geniş üfüqlər açılması baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Dili və Ədəbiyyatı Forumu mühüm mövzuların mütəxəssislərin iştirakı ilə müzakirəsi və əldə edilən nəticələri həyata keçirmək məqsədi daşıyır. Azərbaycan dili çox vacib sahələrdən biridir. Ümummilli Lider hər zamanı ana dilimizi yüksək qiymətləndirib, onun qorunmasına, saflığının təmin edilməsinə, inkişaf etdirilməsinə önəm verib. Ulu Öndərin azərbaycançılıq və dövlətçilik fəlsəfəsində Azərbaycan dilinə xüsusi yer verilib. Onun siyasi fəaliyyətinə nəzər saldıqda bunu açıq şəkildə görmək mümkündür. Bu səbəbdən Azərbaycan Dili və Ədəbiyyatı Forumunun Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilməsi önəmlidir. Hazırda isə dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü davamlı tədbirlər, xüsusilə Azərbaycan dilinin saflığının qorunması, onun kənar təsirlərdən mühafizə olunması, dilin tərkibinin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli siyasət həyata keçirilir. Bu istiqamətdə Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə böyük məsuliyyət düşür.

Hazırda bu məsələ ilə bağlı mədəniyyət strategiyasının hazırlandığını qeyd edən nazir dedi: “Mədəniyyət anlayışının sahələşdirilməsi istiqamətində layihələrin həyata keçirilməsinə xüsusi önəm verilir. Bu məsələ işçi qrupu səviyyəsində müzakirə olunub. İlk dəfə Azərbaycan dili mədəniyyətin başlanğıc və əsas sahəsi kimi ayrılıb. Bu barədə geniş fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Azərbaycan dili mədəniyyətin digər sahələri üçün istiqamətverici mövqeyə malikdir. Bu baxımdan Forumun məhz bu sahədə mövcud problemlərin üzə çıxarılması, onların geniş müzakirə edilməsi və gələcəkdə həlli istiqamətində səmərəli nəticələrə nail olacağına inanıram”.

 

YANLIŞ MİF

Elm və təhsil naziri Emin Əmrullayev bildirdi ki, Azərbaycan dilinin inkişafı, dilimizin saflığının qorunması və ana dilimizdə danışmaq olduqca vacib məsələlərdəndir. Ana dilində təhsil almağın önəminə toxunan nazir dedi ki, Azərbaycanda uşaqların bir çox dillərdə təhsil almaq imkanı var. Lakin ölkədəki şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir. Bu, olduqca sevindirici haldır. Təhsil sisteminin əsas məqsədi şagirdlərə ana dilində yüksək səviyyədə təhsil verilməsidir. Azərbaycan məktəbləri və universitetlərində son illər ərzində ana dilində tədrisin keyfiyyətinin artırılması istiqamətində bir çox işlər görülüb. Eyni zamanda, digər dillərdə təhsil alan şagirdlərə Azərbaycan dilində dərslər keçirilir. Bu il həmin dərslərin sayı digər illərə nisbətən artırılıb.

“Təəssüf ki, dilimizin Azərbaycandan kənarda yaşayan daşıyıcılarının təhsili ilə bağlı problemlər var. Bu tədris ilindən etibarən xarici ölkələrdə yaşayanlar üçün onlayn Azərbaycan dili dərsi keçiriləcək. Sevindirici haldır ki, artıq 400-dən çox müraciət daxil olub. Düşünürəm ki, bu, Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz üçün vacibdir. Cəmiyyətdə belə bir “mif” var ki, tədrisin Azərbaycan dilində aparıldığı məktəblər guya digərlərindən geri qalır. Bu, yanlışdır. Sözügedən “mif”i cəmiyyət olaraq dağıtmaq lazımdır və məlumatlandırma zamanı statistikaya istinad etmək vacibdir. Tədris dilindən asılı olmayaraq, ölkəmizdəki bütün məktəblər Azərbaycan məktəbləridir. Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixinin ana dilində aparılması bu il bütün məktəblərdə tətbiq olunacaq. Bu, Zəfər tarixi və Hərbi hazırlıq fənlərinə də aiddir”, - deyə Emin Əmrullayev vurğuladı. 

 

AZƏRBAYCAN DİLİNİN QORUNUB SAXLANILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli çıxışında diqqətə çatdırdı ki, Azərbaycan dili hər zaman olduğu kimi, bu gün də aktuallığını və funksionallığını qoruyur. Ulu Öndər Heydər Əliyevin ana dilimizin inkişafına hər zaman diqqət yetirdiyini deyən İ.Həbibbəyli bu siyasətin bu gün də davam etdirildiyini söylədi. Akademik Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin, mədəniyyətinin qorunub saxlanmasının ziyalıların hər zaman diqqət mərkəzində olduğunu və bu istiqamətdə AMEA tərəfindən bir sıra işlərin görüldüyünü dedi: “Lüğətçiliklə bağlı nə qədər müzakirə və mübahisələr olsa da, hazırda bu istiqamətdə ən yüksək səviyyədə iş gedir. Dilçilik İnstitutunda fonetika, morfologiya, sintaksis və digər bölmələrlə bağlı fundamental elmi əsərlər hazırlanır”.

Azərbaycan Yazıçılar Birliyinin sədrinin müavini, Xalq yazıçısı Çingiz Abdullayev və Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışlarında Azərbaycan dilinin inkişafı ilə bağlı aktual məsələlərdən, o cümlədən dilimizin müasir problemləri, reallıqlar barədə danışdılar. Çıxışlarda məktəblərdə Azərbaycan dilinin tədrisi ilə bağlı fundamental yanaşmanın önəmi xüsusi vurğulandı. 

Açılış çıxışlarından sonra Azərbaycan dilinə həsr olunmuş videoçarx nümayiş etdirildi. 

 

QLOBALLAŞMANIN DİLİMİZƏ TƏSİRİ

Forum çərçivəsində “Qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması mexanizmləri” mövzusunda ilk panel iclası keçirildi.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın moderatorluq etdiyi iclasda akademik Nizami Cəfərov, Xalq yazıçısı Kamal Abdulla, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, İnstitutun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova, şairlər Səlim Babullaoğlu və Aqşin Yenisey iştirak edirdilər. Panel iclasında “Azərbaycan dilinin qloballaşma şəraitində inkişaf etdirilməsi mexanizmləri”, “Dildə elmi üslubun inkişafına təsir edən amillər: elmi sahələrin inkişafı və dillərin inteqrasiyası”, “Azərbaycan dili Azərbaycan ədəbiyyatının qoruyucusu kimi: dünən, bu gün, sabah”, “Söz yaradıcılığı prosesi: dilin daxili imkanlarının canlandırılması və geniş ictimai istifadəsi olan xarici mənşəli sözlərə vətəndaşlıq statusunun verilməsi”, “Xaricdə yaşayan azərbaycanlılar arasında dilin qorunması” və “İnternet məkanında Azərbaycan dilinin funksionallığı” mövzularında məruzələr dinlənildi.

Müzakirələrdə dilimizi folklordan azad etməklə, dilə texnoloji terminologiyanın sürətli axınının təmin eləməklə onu inkişaf etdirməyin labüdlüyü kimi yanlış fikirlər dominantlıq edəndə Nizami Cəfərov və Kamal Abdulla müdaxilə edərək mövzunu öz axarına qaytarmışlar. 

 

ƏDƏBİYYATIMIZ ZAMAN KONTEKSİNDƏ

Forumun ikinci panel iclası “Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər” mövzusuna həsr olunmuşdu. 

Yazıçı-publisist Azər Qismətin moderatorluq etdiyi iclasda Xalq şairi Sabir Rüstəmxanlı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov, yazıçılar Aqil Abbas, Şərif Ağayar, Sayman Aruz və şair Qismət Rüstəmov iştirak edirdilər. 

Panel iclasında “Çağdaş Azərbaycan ədəbiyyatı: mövcud vəziyyət, problemlər və perspektivlər”, “Zamanın ədəbi-bədii dəbi: ənənəvi təmayüllər və müasir trendlər”, “Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası: Beynəlxalq təcrübədə istifadə olunan modellər”, “Ədəbi yaradıcılığın stimullaşdırılması: beynəlxalq və milli ədəbiyyat mükafatları”, “Müasir ədəbiyyat və milli-mənəvi dəyərlər. Bölgələrdə ədəbi proses” mövzularında məruzələr dinlənildi, müzakirələr aparıldı. 

Axşam forum iştirakçıları qonaqpərvər Şamaxı ilə sağollaşıb Bakıya döndülər. 

 

FOKSFORDUN EV MƏKTƏBİ

Paytaxtın əzəmətli “Gülüstan” sarayında keçirilən ilk panel iclası “Teatr və kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə, səhnədən ekrana” mövzusuna həsr olunmuşdu.

Moderatoru kinodramaturq İlqar Fəhmi olan panel iclasda Əməkdar incəsənət xadimi Əli Əmirli, yazıçılar Elçin Hüseynbəyli, Varis, ədəbi tənqidçi Əsəd Cahangir və “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan iştirak edirdilər. 

Paneldə “Müasir Azərbaycan dramaturgiyası və onun problemləri”, “Azərbaycan ədəbiyyatında teatr və kino platforması”, “Mütaliə və tamaşaçı mədəniyyətinin formalaşmasında medianın rolu”, “Kino sənətində dil və tərcümə problemləri”, “Ədəbiyyatın cəmiyyətə çatdırılması metodikası: beynəlxalq təcrübədə bu istiqamətdə tətbiq olunan innovasiyalar” mövzularında məruzələr dinlənildi.

Xüsusən Azər Turanın repressiya dövrü ədəbiyyatının kinematoqrafiyaya daşınması mövzusunda çıxışı maraqla qarşılandı. Bu, həm kinematoqrafiyamızı rəngarəng edər, həm tamaşaçı zövqünü formalaşdırar. 

Panelin sonunda sual olundu ki, kitablar az oxunan, kino və teatr zalları, konsert salonları yalnız yarıyacan dolan məmləkətdə çıxış yolu hansıdır? 

Yazıçı Varis İKT inqilabı, mobil telefon və internetin basqısı şəraitində eyni problemi yaşayan və tənəzzüldən çıxmağa başlayan Qərb dünyasında tətbiq olunan innovativ metoda diqqət çəkdi. Foksfordun ev məktəbi adlanan bu metod hər şeyi körpələrlə işdən başlamağa yönəldib. Yəni, nə əkərsən, onu da biçərsən. 

 

UŞAQLAR NİYƏ KİTAB OXUMASIN Kİ?

Forum çərçivəsində ikinci günün son panel iclası “Uşaq və yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti” mövzusuna həsr olunmuşdu. 

Moderatoru yazıçı Günel Əsgərova olan panel iclasda Elm və Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqubova, yazıçılar Zahid Xəlil, Raqif Yusifoğlu, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, şair Qəşəm Nəcəfzadə və Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Elnarə Akimova iştirak edirdilər.

Paneldə “Uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri”, “Mədəni və ədəbi qaynaqların müəyyənləşməsində uşaq ədəbiyyatı nə dərəcədə rola malikdir?”, “Uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması üçün hansı maarifçi islahatlara ehtiyac var?”, “Uşaq ədəbiyyatına xüsusi dövlət qayğısının mexanizmləri: oxucu - naşir -müəllif qayğısının vəhdəti gözlənilən nəticəni verirmi?”, “Təhsildə ana dili və uşaq ədəbiyyatının rolu” mövzularında məruzələr dinlənildi. 

Dərsliklərdə bayağı ədəbiyyatın təqdim edilməsi məsələsini gündəmə çıxaran Qəşəm Nəcəfzadə Vəfa Yaqubovadan cavab istədi, təhsil yetkilisinin verdiyi cavabı Elnarə Akimova adekvat adlandırmayaraq dərsliklərin nöqsanlı olmasını bir daha diqqətə çatdırdı. 

 

FUNKSİONAL KİTAB BAZARI FORMALAŞDIRMALI

Forum sentyabrın 3-də işini Bakıda “Gülüstan” sarayında “Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları” mövzusunda panel iclas ilə davam etdirdi. 

Yazıçı Əkbər Qoşalının moderatorluğu ilə keçən iclasda Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Nəşriyyatları Assosiasiyasının İdarə Heyətinin sədri Şəmil Sadiq, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, “AudioKitab”ın direktoru Əhliman Ərşadlı iştirak edirdilər.

Paneldə “Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət və hədəflər”, “Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər və düşüncə sisteminə təsiri”, “Kitab satışı sistemi: innovativ həllər və kredit mexanizmləri”, “Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri”, “Vətəndaşların ədəbi, elmi və informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr” mövzularında çıxışlar olub, məruzələr dinlənildi.

"Yazıçı kitab nəşrinə pul verməməlidir, o qonorar almalıdır" - bunu Çingiz Abdullayev söylədi. 

Onun sözlərinə görə, Azərbaycanda yazıçı kitab yazır və özü çap etməyə pul axtarır: "Dünyanın heç bir yerində belə hal yoxdur. Yazıçı pul tapır və nəşriyyat deyir ki, sənə bunu çap etmişəm və özün satmalısan. Bu, düzgün deyil. Bizim ölkədə də bu sahə ilə bağlı fond olmalıdır. Nəticədə yazıçı kitaba pul verməməli, qonorar almalıdır".

Funksional kitab bazarı formalaşdırmaq yollarını açıb göstərən Şəmil Sadiq və Şahbaz Xuduoğlu nəşriyyatların mətbəə funksiyasından çıxmalarını, yazıçıların işinin də nəşriyyata sifariş vermək deyil, sifariş almaq olduğunu diqqətə çəkdilər. 

 

XÜSUSİ MİNNƏTDARLIQ

Bu arada forumun təşkilati işlərini tam olaraq çiyinlərində daşıyan Mədəniyyət Nazirliyinin əməkdaşlarına: Akif Marifliyə (Kitab sənayesi şöbəsinin müdiri), Xəyal Məmmədova (Kitab sənayesi şöbəsinin Nəşriyyatlarla iş sektorunun müdiri), Lalə Məmmədovaya (Kitab sənayesi şöbəsinin əməkdaşı), Kamran Musayevə (Kitab sənayesi şöbəsinin əməkdaşı), Günay Rəhimovaya (Təşkilat Komitəsinin üzvü), Ramil Əhmədə (Təşkilat Komitəsinin üzvü) və İsmayıl Nəsirova (Təşkilat Komitəsinin üzvü) forum iştirakçıları adından xüsusi minnətdarlıq bildiririk. 

 

TARİXİ FORUM

Beləcə, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Forum başa çatdı. Onu da deyək ki, forum çərçivəsində mütəxəssislərin səsləndirdiyi fikir və təkliflər ümumiləşdirilərək, “Azərbaycan mədəniyyəti–2040” Dövlət Proqramında öz əksini tapacaq.

Bəli, üçgünlük forum başa çatdı, təəssüratlar isə hələ uzun müddət qalacaq.

Nəticə isə mütləq olacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Rəsm qalereyası: Kamal Novruz (12 yaşında) “Mr.Qumanoid”

Sentyabrın 1-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Bakı Fotoqrafiya Evində 11 yaşlı Kamal Novruzun əl işləri sərgilənib.

 

Sərgi barədə təəssüratlarını AzərTAC-la bölüşən K.Novruz deyib: “Bakıda ilk dəfədir oluram. İlk sərgimi də doğma şəhərimdə keçirməyi qərara aldım. “Yeni İncəsənət” adlanan sərgimdə əks olunan rəsmləri Leonardo da Vinçi, Hokusai, Rene Maqrit kimi məşhur rəssamlardan ilhamlanaraq ərsəyə gətirmişəm”.

 

Qeyd edək ki, Nyu-York Art Studio məktəbinin 5-ci sinif şagirdi K.Novruz incəsənətə həsr olunan müxtəlif yarışlarda iştirak edib. O, oxuduğu orta məktəbin art yarışmasında birinci yeri tutub. Buna görə də məktəbin nəşr olunan illik jurnalında, eləcə də köynəklərinin üzərində çap olunan rəsmlərin müəllifidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Bazar ertəsi, 04 Sentyabr 2023 18:00

“Qaraca qız” Şuşa Teatrında nümayiş olunacaq

Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi yeni teatr mövsümündə - sentyabrın 16-da Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa ilə yenidən balaca tamaşaçıların görüşünə gələcək.

 

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.

 

Qeyd edək ki, 1948–ci ildə Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulub. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti səhnə əsərində daha mənalı şəkildə əks olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Bazar ertəsi, 04 Sentyabr 2023 16:30

Yer kürəsi fırlanır - xeyir əməllərə doğru

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

Yer kürəsi fırlanır. Biz də bu kürə ilə birlikdə... Beynimizdəki fikirlər, qəlbimizdə niyyətlər fırlanır. Deyəsən, bəzilərinə sərf edir axı bu fırlanış... Deyirlər : "başımız fırlandı, nə etdiyimizi bilmədik. Yaxşılıq adında bülluru  salıb sındırdıq". Axı biz belə deyilik. 

Günahkar "Yer kürəsidir". O fırlanmasaydı, biz də fırlanıb əlimizdə olanı itirməzdik.

 

Ay insan, niyə yaxşılığı itirirsən? Olmaz ki, bu fırlanışda pislik adlanan zahiri parlaq, içərisi üfunət dolu bir vərdişini salıb itirəsən? Nə olub axı, ay insan adı altında qorxunc məxluqat? Nə olub sənə? Ömrünün müddətini müddətsizmi almısan? Kimdə görmüsən ki, dünya həyatını müddətsiz müqavilə ilə alsın? Hə, de görüm. Hansı xəyalla yaşayırsan, ey adını qoya bilmədiyim məxluq.

Fırlan, fırlan, Yer kürəsi, fırlan. Gecə və gündüz əvəzlən...

Gecə və gündüzü düşün. Hər gecənin bir gündüzü var. Sənin isə gündüzün şərtidir axı... Sənin gündüzün müvəqqəti inci parlaqlığıdır, ilğımdır, yoxdur. Nəyə inandın? Olmayan bir reallığamı? Sən bu dünya həyatında əbədi varolma  nağılını kimdən eşitdin? Öz babandanmı? Hanı bəs o baban? De görüm hanı? Göstər mənə...Ya da bir xoş əməlini göstər. Özündən sonra nə qoydu? Yenə bir xoş əməli olsaydı, cismi olmasa belə, əməli yaşayardı. Təəssüf ki, o əməli də yoxdur. 

Gəl bu Yer kürəsinin vəfasızlığından şikayətlənmə. Əlində şəri yox, xeyri möhkəm tutub saxla. Xeyri sev, onu əlindən salma. Xeyirdən ikiəlli yapış, o biri əlindəki Şəri tulla, at əbədi qaranlıqlara.

Görəcəksən vücudun necə rahatlıq tapacaq. 

İnan nənə, xeyrə bir addım at, o sənə yüz addım atacaq. 

Yer kürəsi fırlanır, sən də xeyir əməllərinin müsbət aurası ilə fırlan. Daxilində xeyirdən "Gülüstan" yarat. Bu "Gülüstanın" möcüzəsini hiss et.

Dünyanı, zamanı müqəssir etmə sən. Dəyiş, xeyirlər toplusundan qala düzəlt. Bu qalan əlçatmaz olacaq. Qəlbini imanla geyindir. Bu zaman qəlbinə şər adında  bir zərrə keçə bilməz.

Bu qala dünyanın ən alınmaz qalası olacaq. Sən isə bu qalanın daimi sakini. 

Qoy Yer kürəsi fırlansın, sən də öz xeyir qalanda fırlan, fırlan, fırlan. Xeyirlərinlə əbədi rahatlığa qovuş, əmin ol, xeyir xeyrə aparacaq. Mütləq aparacaq...

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

“Ədəbiyyat və incəsənət” portalının Ev həkimi rubrikasında bu gün sizlərə Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məsləhətlər verəcək.

 

 

 

“Tibbi təcrübədə hiperhidroz dedikdə, fiziki amillərdən: hərəki fəallığın artması, istilənmə, ətraf mühitin yüksək temperaturu və sairdən asılı olmayaraq baş verən qarışıq tərləmə başa düşülür. Hiperhidrozun müxtəlif növləri arasında daha çox yayılanı ovucların hiperhidrozudur. Dünya əhalisinin təxminən 3% -i bu xəstəlikdən əziyyət çəkir”.

 

Bu sözləri sözyləyən Nərminə Abbasova daha sonra bildirdi ki, bəzən hiperhidroz o qədər ağır olur ki, tər sanki xəstənin ovcundan axır və insanın toxunduğu bütün əşyalar dərhal yaş olur. Onun sözlərinə görə, bu məhdudlaşdıran vəziyyət, xəstələrin həyat keyfiyyətinə mənfi təsir göstərir, onların tam dəyərli həyat keçirmək, xüsusilə də ünsiyyət imkanlarını məhdudlaşdırır:

“Hiperhidroz tez-tez insanların həyat keyfiyyətinə mənfi təsir göstərən ciddi narahatlığa səbəb olur. Öz problemini bilən bir insan bunun ən namünasib anda baş verə biləcəyini və başqalarına narahatlıq gətirəcəyini gözlədiyindən, daimi gərginlik içərisində olur. Bu əsəbi intizar tərləməni daha da artırır”.

Həkim deyir ki, yerli hiperhidroz ovucun, dabanın, qoltuqaltı nahiyənin, alnın və bədənin digər hissələrinin güclü tərləməsi şəklində təzahür edir:

“Aşkar səbəbi məlum olmayan generalizə olunmuş hiperhidroz dərhal həkim müayinəsini tələb edir. Çünki bu, ciddi bir xəstəliyin əlaməti ola bilər. Hiperhidroz tər ifrazını tənzimləyən sinir sisteminin periferik və mərkəzi şöbələrinin zədələnmələri, hormonal pozuntular və ekzogen intoksikasiya zamanı meydana çıxır. Həddindən artıq tərləmənin səbəbini müəyyən etmək üçün xüsusi testlər və nevroloji müayinə aparılır, hormonal profil yoxlanılır. Xoşagəlməz simptomları aradan qaldırmaq üçün sedativ preparatlardan, fizioterapiya və psixoterapiya metodlarından istifadə olunur”.

Hiperhidrozun yaranma səbəblərindən bəhs edən Nərminə xanım bildirdi ki, bu xəstəliyin meydana gəlməsinin arxasında duran amilləri aydınlaşdırmaq üçün bütövlükdə tərləmə prosesinin fiziologiyasını başa düşmək lazımdır:

“Tərləmə insan bədənində daim meydana gələn sulu sekresiyanın, yəni tərin tər vəziləri tərəfindən ifraz olunması fizioloji prosesidir. Tər - dərialtı piy təbəqəsində yerləşən tər vəziləri tərəfindən istehsal olunur. Ən çox tər vəziləri qoltuqaltı çuxurda, ovucda və ayağın altında yerləşir. Kimyəvi tərkibinə görə tər 97-99% müxtəlif duzların su ilə qarışığından və digər mürəkkəb üzvi maddələrin qarışığından ibarətdir. Bu maddələrin tər mayesində mövcud olması və konsentrasiyası müxtəlif insanlarda fərqlidir, buna görə də ayrı-ayrı insanlara xas olan tərin fərdi qoxusu olur. Bundan əlavə, dəri səthindəki piy vəzilərinin ifrazatı və bakteriyalar da tərin tərkibinə qarışır. Tərin xoşagəlməz iyi, məhz bakteriyalara görə olur”.

Həkim onu da qeyd etdi ki, hiperhidroz bir sıra sinir-əsəb, somatik xəstəliklərin əlamətlərindən biri və ya şəxsi gigiyena qaydalarına əməl olunmamasının nəticəsi ola bilər. Onun sözlərinə görə, klinik olaraq birincili və ikincili hiperhidroz ayırd edilir:

“Birincili hiperhidroz daha çox yetkinlik dövründə, sürətli cinsi yetişkənlik mərhələsində rast gəlinir və insanların 1%-də baş verir. İkincili hiperhidroz bir qayda olaraq, nevroloji, endokrin və ya somatik xəstəliklərin nəticəsində meydana çıxır. Hiperhidroza səbəb olan amillərin müəyyənləşdirilməsi, xəstənin sonrakı müayinə və müalicəsi üçün proqramı müəyyənləşdirir. Tər vəziləri təri əmələ gətirir və dəri səthindəki məsamələr vasitəsilə xaric edir. İnsan orqanizmində tərləmənin normal tənzimlənməsi, metabolik proseslər, qan dövranı, ifrazat və çoxalma üçün cavabdeh olan vegetativ sinir sistemi tərəfindən təmin edilir. Vegetativ sinir sistemi 2 hissəyə bölünür: simpatik və parasimpatik.

Tərləmə prosesi simpatik vegetativ sinir sistemi tərəfindən tənzimlənir. Simpatik sinir sisteminin hiperfunksiyası zamanı tər vəzilərinin normal işində dəyişiklik baş verir: ən kiçik həyəcan nəticəsində insanı dərhal tər basır”.

Nərminə xanım vurğuladı ki, ümumi hiperhidrozun yaranmasına müəyyən amillər səbəb ola bilər. Bunlar endokrin xəstəliklər, tireotoksikoz, feoxromositoma, qadınlarda menopauza və sairdir. Həkim yerli hiperhidrozun səbəbləri kimi isə insan bədənində tərləmə prosesindən məsul olan simpatik sinir sisteminin patoloji fəaliyyətini qeyd etdi.

Həkim deyir ki, əgər hiperhidroz vaxtaşırı olaraq baş verirsə, onda bu barədə narahat olmaq lazım deyil. Lakin həddən artıq tərləmə daimi şəkildə olduqda, həkimə müraciət etmək və hiperhidrozun səbəbini təyin etmək barədə düşünmək lazımdır:

“Hiperhidroz - subyektiv bir şikayətdir. Yəni xəstələr digər insanlara nisbətən daha çox tərlədiklərini hiss edirlər. Xəstə paltarlarının üzərində tərdən nəm ləkələri tapır, özü də yalnız qoltuqaltı nahiyədə deyil, həmçinin sinəsində və ya kürəyində də bu izlər olur. Tərləmə dərinin soyuması və uzaqdan aşkar hiss olunan xoşagəlməz, kəskin tər qoxusu ilə müşahidə olunur. Xəstələr çox miqdarda tərin yalnız bədənin müəyyən hissələrində - məsələn, ovucda və ayağın alt səthində, sifətdə meydana çıxdığını bilirlər. Onu da bilsinlər ki, artan tərləmə stress, əhəmiyyətsiz fiziki yüklənmələr və qida qəbulu ilə də mümkündür. Eyni zamanda, şəkərli diabet zamanı tez-tez piylənmə müşahidə olunur. Digər bir səbəb isə hiperhidrozun psixoloji pozuntulara da səbəb olmasıdır. Məsələn, bir insan utancaqlıq və narahatlıq hissi keçirməyə, başqaları ilə təmasdan qaçmağa başlayır. Xəstənin peşə fəaliyyətlərinə maneçilik törədən, insanlarla tanış olmağı və əlsıxmanı çətinləşdirən ovuçların artan tərləməsi böyük narahatlıq yaradır. Fiziki əməyə və ya emosional gərginliyə cavab olaraq tər ifrazının qısamüddətli güclənməsi normal bir variant hesab olunur. Buna baxmayaraq, həyat keyfiyyətini pozan daimi hiperhidroz zamanı mütləq mütəxəssisə müraciət etmək lazımdır”.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilmiş tədbirdə Azərbaycan-Özbəkistan dostluğu, mədəni-ədəbi əlaqələrində xidmətləri olan Özbəkistan Respublikasının bir qrup mədəniyyət xadimi “Dostluq” ordeni ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət” portalının mərkəzdən aldığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin 30 avqust tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeninə Sırdəryada yaşayan soydaşımız, Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair Əli Nəsirli, Özbəkistanın Xalq artisti Haşimjon İsmayılov və Əməkdar artist Kamoliddin Urunbayev layiq görülüblər.

 

Sözügedən mükafatların bir qismi Bakıda keçirilən Özbəkistan mədəniyyət günləri çərçivəsində təqdim edilib.

Tədbir çərçivəsində, həmçinin diaspor fəaliyyətlərindəki xidmətlərə görə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya və Mərkəzi Asiya Beynəlxalq İnstitutunun baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Azər Adıgözəlova Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnamələri təqdim olunub.

 

Mükafatlara layiq görülən Özbəkistanın alim və xadimləri fəaliyyətlərinə verilən qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirərək, gələcəkdə də iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylə çalışacaqlarını vurğulayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.