Super User

Super User

Cümə axşamı, 31 Avqust 2023 15:27

Uşaqların sevimli bəstəkarı

 

BU GÜN ONUN ANIM GÜNÜDÜR

 

Bəli, uşaqlar onu çox sevirdilər. Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay Zülfüqarov onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb. Ona görə də onu kiçikdən böyüyə hamı tanıyırdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 7 il ötür.

Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violonçel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.

1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb.

O, uşaqlar üçün yazılan “Qız-ulduz”, “Pişik və Sərçə” və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.

2010-2012-ci illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, eyni zamanda, musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı görkəmli sənətkarın rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.

Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.

Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Oktyabrın 15-də Heydər Əliyev Sarayının səhnəsində İrlandiyanın əfsanəvi “Rhythm of the Dance” qrupu çıxış edəcək.

 

Bu dəfə tamaşaçıları orijinal kelt melodiyaları, möhtəşəm İrlandiya stepi, canlı musiqi və solistlərin heyranedici ifalarından ibarət sehrli bir performans gözləyir. İnanılmaz hərəkət enerjisi, dəqiqlik və sinxronluq, xalq elementlərinin böyük şəhərin müasir ritmləri ilə birləşməsi - bütün bunlar “Rhythm of the Dance” qrupunu dünyada daha da məşhurlaşdırır.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Bundan gözəl nə xəbər ola bilər? Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən müəllifin vətənində səhnəyə qoyulur.

 

Və sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı keçiriləcək. Balet möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə vəhdət təşkil edərək Milli Musiqi Günündə əsl bayram yaşadacaq.

Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcək. Əsər Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənəcək.

Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.

Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini görkəmli türk şairi Nazim Hikmətin “Fərhad ilə Şirin” pyesi əsasındakı librettoya bəstələyib. Arif Məlikov 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu 2 ilə bitirib.

“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.

Balet bu günədək dünya səhnələrini fəth edir. Əsər müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda təqdim olunub. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.

Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfsanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması da təsadüfi deyil. 2023-cü il dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif Məlikovun isə 90 illik yubileyidir. Ümummilli Lider Heydər Əliyev Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Arif Məlikov isə Ümummilli Lider Heydər Əliyevə olan sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirib və bəstəkarın “Əbədiyyət” adlı 8-ci simfoniyası Ulu Öndərə ithaf olunub.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Cümə axşamı, 31 Avqust 2023 16:30

Cərrah olmaq üçün doğulan insan...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu gün “Facebook” internet platformasında minlərlə həkimə rast gəlmək olur. Böyürəkdən tutmuş kor bağırsağa qədər hər cür cərrahi əməliyyatların video görüntülərini çəkib, reklam edirlər. Hər dəfə onlara baxanda yadıma köhnə bir deyim düşür: "Gəl, ay müştəri!.. "

 

Amma mənim qəhrəmanım heç zaman özünü reklam etməyə can atmayıb, heç vaxt “hamıdan gözəl mənəm, mən” iddiası ilə inad göstərməyib. Necə deyərlər, başını aşağı salaraq, öz peşə öhdəliklərini ləyaqətlə icra edib. Neçə-neçə insana şəfa verib, ölümün pəncəsindən qurtarıb...

 

Söhbət Azərbaycan Tibb Universitetinin cərrahiyə şöbəsinin professoru, tibb elmləri doktoru, cərrah Şakir İbrahimlidən gedir. O Şakir İbrahimlidən ki, qəlbi insan sevgisi ilə doludur. Onu deyib, yanına kimsə gəldisə, uşaq kimi qabağına düşüb, həmin adama ümumi müayinə mərhələsindən tutmuş, cərrahi əməliyyata qədər qardaş nəvazişi, doğma münasibət göstərir. Olduqca sadə və mehriban insandır, içindəki “MƏN”ə çoxdan qalib gəlib. Nə davranışında, nə də ki, hərəkətlərində təkəbbürdən əsər-əlamət yoxdur. Amma məğrurdur, necə deyərlər, heç kimin qarşısında baş əyməz...

 

Atası Feyruz kişi yaşadığı ucqar dağ kəndində sayılıb-seçilən insanlardan olub. Halal süfrəsində doqquz övlad böyüdüb- beş oğul, dörd qız. Oğullarından üçü elmlər doktoru, professordur...

1978-ci ildən 1994-cü ilədək Rusiyada, Ukraynada cərrah işləyib. 1995-ci ildən Vətənə dönüb, o vaxtdan həm tibb universitetində və həm də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının cərrahiyə şöbəsində çalışır...

Həkimlik nüfuzlu peşədir. Şəninə bir sıra şeirlər, yazılar qələmə alınıb. Bu peşənin sahiblərinə həmişə ümid yeri, şəfa mələyi kimi baxıblar. Həkim məclisə daxil olanda hörmətlə qarşılanıb, ehtiram görüb. Bəli, hər dəfə Şakir həkimi məclislərdə görəndə ətrafına xeyli adamın yığışdığının şahidi olmuşam, hamı onunla söhbətdən zövq alır...

 

Çox diqqətli adamdır. Gözündən heç nə yayınmaz. Hadisələri düzgün təhlil etmək qabiliyyəti var. Hamını olduğu kimi qəbul etməyi bacarır. İnsanlara mənfi yox, müsbət cəhətlərinə görə dəyər verir...

Deyir ki,- “Məndən ötrü bu dünyada bir meyar var- İnsanlıq! Və mən bütün ömrüm boyu bu amala xidmət etmişəm...”

Ömür-gün yoldaşı Təranə xanım evdar qadındır. Üç övladın atası, üç nəvənin babasıdır...

Təpədən dırnağa türk oğlu türkdür. Türkün tarixini gözəl bilir. Və ən əsası öz peşəsinin mükəmməl USTAsıdır. Sanki anadan cərrah olmaq üçün doğulub...

Azərbaycanda cərrahiyənin zirvəsi sayılan bir sıra həkimlər olub, bu gün də var. Tibb elmləri doktoru, professor Şakir İbrahimli bu zirvələrdən biridir...

Avqustun 31-i Şakir həkimin 69 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, işlərində uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyanın "Wealth & Finance International" təşkilatı tərəfindən keçirilmiş “FinTech Awards 2023” müsabiqəsinin qalibi seçilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DOST RİM müsabiqədə “Proaktiv ödənişlər mexanizmin mahiyyəti, sxemi və cəmiyyət üçün əhəmiyyətini əhatə edən məlumatlar” kateqoriyası üzrə iştirak edib və “Dövlət sektoru üzrə proaktiv texnologiyanın aparıcı təminatçısı - 2023” mükafatına layiq görülüb.

Müsabiqədə Azərbaycanın sosial sahə üzrə elektron uğurları, habelə ölkədə pensiya, müavinət və təqaüdlərin e-sistem üzərindən proaktiv təyinat mexanizmlərinin qurulduğu diqqətə çatdırılıb. Müsabiqənin tədqiqat komandası ölkəmizin təcrübəsini yüksək qiymətləndirib və mükafata layiq görüb.

"Wealth & Finance International" maliyyə və ödənişlər sahəsində yenilikləri araşdıran və 2014-cü ildən eyniadlı jurnalda bu sahədə yeni uğurlu təcrübələri paylaşan bir təşkilatdır.

Bundan bir neçə gün əvvəl e-sosial.az portalı ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində qalib seçilib və mötəbər beynəlxalq təşkilatların rəsmi saytlarında e-sosial.az, “Əmək və məşğulluq” altsistemi, nazirliyin təqdim etdiyi e-xidmətlərin əlçatanlığı ilə bağlı məqalələr dərc olunub.

 

 “Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Cümə axşamı, 31 Avqust 2023 15:30

Aynamız! - orda hər kəs özünü görəcək

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Hər hansı bir tədbirdə (toy, nişan, ad günü və s.) xanımların toplaşdığı yerə nəzər salsanız, siz orda təkcə ailənin xoş gününə yığışan həmsöhbətləri deyil, eyni zamanda ailənin və onunla təmasda olan yaxın qonşularının da ailə-məişət problemlərinin həllinə şahidlik edə bilərsiniz. 

 

Və bir də zərgərlərin əl işlərinin nümayişinə də baxa bilərsiniz, fərqi yoxdur, bu həmin şəxsin özünündü, ya qonşudan bir günlük alıb, amma əsas odur ki, nümayiş üçün və "qonşudan qalma dala" prinsipi ilə alıb. 

 

Azərbaycanda "Müdir" anlayışı, qədim Misirdəki "Firon" anlayışı ilə demək olar ki, eyniyyət təşkil edir. Firon Allah səviyyəsində görülürdüsə, bizdə isə ilahi ruhları özündə cəmləşdirən "bütlər" şəklində öz əksini tapır.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Cümə axşamı, 31 Avqust 2023 15:00

Xalq artisti Azər Zeynalovun solo konserti olacaq

Oktyabrın 20-də Heydər Əliyev Sarayında Xalq artisti, professor Azər Zeynalovun "Bir son bahar" adlı solo konserti olacaq.

Gecədə sənətçi öz könül oxşayan ifaları ilə musiqisevərlərin qarşısına çıxacaq.

 

Qeyd edək ki, "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı”, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. Həmçinin öz ifası ilə xeyli sayda xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxışlar edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.

 

Konsertə olan biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

9-CU DƏRC

 

 

, Baş Hakim cəld sözünə düzəliş etdi:

-Erməni terroru dedikdə ilk olaraq fikrə dünyanın dörd tərəfində türklərə qarşı yönəli qanlı aksiyalar gəldiyindən mən də az öncə türk millətindən olanlara yönəlmiş erməni terrorunu şiddətlə qınadım. Amma həmkarım indicə mənə irad bildirdi ki, bu gün müttəhimlər kürsüsündə əyləşəcək erməni  terrorçu  Stepan Zatikyan heç də türklərə qarşı deyil, rus millətindən olanlara qarşı terror aktının təşkilatçısıdır. Proseslərimizin sonuna yaxın isə daha bir terrorçunu mühakimə edəcəyik ki, Monte Melkonyan adlı həmin terrorçu bu dəfə məhz türklərə qarşı törədilən terrorların əsas simasıdır. Amma onu, bu dəfə terror aktında yox, 1992-ci ildə Azərbaycan türklərinə qarşı törəddilmiş Xocalı soyqırımına görə mühakimə edəcəyik. Beləliklə, mən bayaqkı fikrimi korrektə edirəm: milliyyətcə türklərə və ruslara qarşı olan erməni terrorizmi...

Tamaşaçılar sırasından narazılıq sədaları eşidildi. Baş Hakim sözünü yarımçıq kəsib yerdən alovlu-alovlu çıxış edən şəxsdən mikrofona yaxınlaşıb fikrini aydın izah etməsini xahiş edəndə həmin şəxs – orta yaşlı kişi mikrofona yaxınlaşıb söylədi:

-Möhtərəm hakim, siz fikrinizi korrektə yox, tam redaktə etməli olacaqsınız. Belə ki, erməni terroru dedikdə tək türklər və sonradan əlavə etdiyiniz kimi, ruslar bu terrordan əziyyət çəkməyiblər. Bu işin kökü daha dərinlərə gedib çıxır. Biz isveçrəlilər, eşidəndə ki, erməni canilərə Divan tutulur, böyük sevinclə bura təşrif buyurduq. Və indi görürük ki, dünyada erməni millətçiliyini kimlərinsə birtərəfli məzmunda göstərməsi kimi zərərli tendensiya öz işini görüb. Siz də bu tendensiyanın təsiri altında məsələyə səthi yanaşırsınız. Niyə yalnız türklər və ruslar? Kim məsələni dalana dirəyir axı? Biz isveçrəlilər erməni terrorundan o qədər əziyyətlər çəkmişik ki. Mən Divandan xahiş edirəm ki, həmin terror aktları ardıcıllıqla bu tribunada səsləndirilsin.

Mikrofon arxasında dayanmış orta yaşlı kişinin yanında bir neçə qadın peyda oldu. Kişi onları Baş Hakimə göstərib söylədi:

-Bu isveçrəli qadınlar 1981-ci ilin 21 iyul tarixində Lozanna şəhərinin univermağında qadın qeyimləri bölməsində özləri üçün şad-xürrəm halda alış-verişlə məşğul idilər. Qəfildən "9 iyun təşkilatı"  adlı mənfur erməni terror təşkilatı univermaqda dəhşətli partlayış həyata keçirdi, 20 nəfər qadın alıcı müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Ömürlük şikəst qalanlar da oldu. Niyə dünya ermənilərin təkcə türklərə qənim kəsildiyini iddia edir? Onlar şəxsən biz isveçrəlilərə də qənim kəsiliblər. Ölkəmizdə nə qədər terror həyata keçiriblər, dünyadakı nə qədər vətəndaşımıza, diplomatlarımıza xəsarət yetiriblər. Mən bir daha tələb edirəm, bütün İsveçrə xalqı tələb edir, erməni terrorunun İsveçrəyə yönəli qatları bu Divan zamanı tam açılsın.

Tamaşaçılar isveçrəlini alqışlara bürüyəndə bu zaman daha bir şəxs mikrofona yaxınlaşdı, sakitlik yaranan kimi söz aldı:

-Möhtərəm hakimlər, möhtərəm xanımlar və cənablar. Mən isveçrəli cənabın çıxışına ürək ağrısı ilə qulaq asdım. Çünki o yaşayanları bir fransız olaraq mən də, mənim xalqım da yaşayır. Təkcə 70-ci, 80-ci illərdə mənim ölkəmin Paris, Marsel, Lion kimi şəhərlərində erməni terrorçuları saysız- hesabsız terror aktları həyata keçiriblər. Hətta Eyfel qülləsi, Yelisey çölləri belə onların dəhşətli terrorlarına şahidlik edib. Nə qədər fransız həyatını qeyb edib, nə qədəri ömürlük şikəst qalıb. Siz indi deyirsiniz ki, erməni terrorizmi təkcə türk millətinə qarşı yönəlib? Əsla xeyir! Yüz dənə də nida! 15 iyul, 1983-cü il. Parisin "Orli" hava limanında baş vermiş dəhşətli partlayışı mən, mənim xalqım necə unutsun? Erməni terroru nəticəsində 8 nəfər həlak olub, 60 nəfər yaralanmışdı. Həlak olanlar arasında Fransa, ABŞ, İsveç və Türkiyə vətəndaşları vardı. Fransa bir neçə gün bu hadisəylə bağlı matəmə büründü, xəbəriniz varmı? Biz fransızlar da tələb edirik ki, erməni terrorizmi tam mahiyyəti ilə burada açılsın.

Yenə də meydanı alqış səsləri bürüdü. Bu zaman bir neçə nəfərin də mikrofona sarı gəldiyini görən Baş Hakim tamaşaçılara səsləndi:

-Mən görürəm, müxtəlif xalqların nümayəndələri də söz istəyir, demək, onlar da erməni terrorundan çəkiblər, Divan ən ədalətli bir yerdir, burda heç vaxt ədalətsizliyə yol verilməz. Biz tamaşaçıların, əslində onlara şahid deyək, İsveçrə və Fransa terroru şahidlərinin tələbini nəzərə alırıq, mən Divan ekspertlərindən xahiş edirəm ki, erməni terroru xronologiyasının bu mötəbər kürsüdən səsləndirilməsini təmin etsinlər.

Alqış sədaları altında xırda məşvərətdən sonra Divan ekspertlərinin gənc bir üzvü bir arayış səsləndirdi:

-Möhtərəm Hakim, möhtərəm izləyicilər, erməni terror təşkilatları tərəfindən həyata keçirilmiş əsas terror aktlarının xronologiyasını çox təəssüf ki, burada tam səsləndirə bilməyəcəyik. Bu xronologiya 1892-ci ildən ta ki 2001-ci illərə qədər – olduqca böyük bir dövrdə həyata keçirilmiş yüzlərlə qanlı aktı özündə birləşdirir, 1626 səhifəlik bir məlumatdır, prosesdən sonra kim istəsə yaxınlaşıb onunla tanış ola bilər. Bir belə məlumatı oxumağa bizə günlər lazımdır, əfsus ki, məhkəmənin belə bir imkanı yoxdur. Odur ki, Divanın işçi qrupu təkcə ASALA, "3 oktyabr"  və ESƏD terror təşkilatlarının 1975-1991-ci illər ərzində həyata keçirdikləri terror aktları listəsini təqdim edir. Buradakı çıxışlarda toxunulan terror aktları məhz həmin dövrə təsadüf etdiyindən bizim seçimimiz belə oldu. Üstəlik, bu gün məhkum olunan Stepan Zatikyanın həyata keçirdiyi terrorun da tarixi həmin vədəyə - 1977-ci ilə təsadüf edir. Bizcə, elə 16 il də kifayətdir ki, erməni terrorunun necə genişmiqyaslı və necə qanlı olmasını sübut etsin.

Sonra Divan üzvü üzünü diktorlar əyləşən sıraya tutdu:

-Diktorlar, siyahı çox uzundur, mümkünsə hamınız çıxıb növbəli şəkildə onu oxuyun.

Səhnəyə 4 kişi və 2 qadın diktor çıxdılar. Sıra ilə düzülüb əllərindəki kağızı hazır vəziyyətə gətirdilər. Birinci dayanan kişi diktor oxumaq istəyəndə Baş Hakim onu saxlayıb söylədi:

-Reqlamentə görə biz təqsirləndiriləni bir qədər gec bura gətirməli idik. Amma əgər uzun bir terror siyahısı oxunursa, nəyə görə bu terrorun törədicilərindən biri onu öz qulaqları ilə eşidib arlanmasın? Odur ki, mən Divan heyətindən xahiş edirəm ki, reqlamentə dəyişiklik edilsin, Zatikyan məhz bu anda Müttəhim kürsüsündə əyləşdirilsin.

Divan heyəti təklifi qəbul etdi. Səhnədəki portretinin örpəyi açılınca üzü qara örtüklü iki mühafizəçi Müttəhimlər sırasında əyləşmiş bir gənci gətirib Müttəhim kürsüsündə əyləşdirdilər. Onun arıq sifətini uzun qıvrım saçları və upuzun bakenbardları xeyli sıxıb görünməz etməkdəydi. Tipik 70-ci illər sovet gənci idi.

Baş Hakimin işarəsi ilə hazır vəziyyətdə dayanmış kişi diktor mətn oxunuşuna başladı:

-Beləliklə ötən əsrin 1975 – 1991-ci illərinə aid erməni terrorları siyahısı. 20 yanvar, 1975-ci il. Beyrut, Livan. Ümumdünya kilsə şurasının mənzil qərargahı partladılıb.

7 fevral, 1975-ci il. Beyrut, Livan. Türkiyə informasiya və turizm bürolarının ofisində quraşdırılmış bombanı zərərsizləşdirmək istərkən bomba işə düşüb və bir nəfər livanlı polis ağır xəsarət alıb.

20 fevral, 1975-ci il. Beyrut, Livan. Türkiyə avia şirkətinin ofisinin qarşısında partlayıcı qurğu işə düşərək ofisin binasına ciddi ziyan vurub.

14 oktyabr, 1975-ci il. Paris, Fransa. Türkiyənin Fransadakı səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilib, ESƏD məsuliyyəti öz boynuna götürüb, lakin sonra ASALA bu terror aktını özünün təşkil etdiyini bildirib. Mütəxəssislərin fikrincə bu aksiyanın təşkilində hər iki terror təşkilatı birlikdə iştirak edib.

22 oktyabr, 1975-ci il. Vyana, Avstriya. Türkiyə səfirliyinə daxil olan üç nəfər erməni terrorçu səfir Danış Tunalıgili avtomatik silahla qətlə yetiriblər.

28 oktyabr, 1978-ci il. Beyrut, Livan. Türkiyə səfirliyi raketlərlə atəşə tutulub.

1976-1979-cu illər. Türkiyə. İqtisadi və hərbi xarakterli obyektlərdə ardıcıl olaraq diversiyalar və obyektlərə hücumlar həyata keçirilib.

16 fevral, 1976-cı il. Beyrut, Livan. Türkiyə səfirliyinin birinci katibi Oktar Sirt  qətlə yetirilib.

2-ci kişi diktor:

-17 may, 1976-cı il. Frankfurt, Köln, Essen şəhərləri, Almaniya Demokratik Respublikası. Türk konsulluqlarında partlayışlar həyata keçirilib.

8 yanvar, 1977-ci il. Moskva, SSRİ. Eyni gündə şəhərin üç yerində - bir metro stansiyasında və iki ərzaq mağazasında güclü partlayışlar törədilib, 7 nəfər ölüb, 27 nəfər yaralanıb. Həmin bu cinayəti bizim Divanımızın bugünkü təqsirləndiriləni Zatikyan törədib.

Zatikyan şoumen kimi yerindən durub publikaya əl elədi. Publika onun bu jestini anlaşılmazlıqla qarşıladı, narazılar hiddət səslərini çıxartdılar.

2-ci diktor mətnin davamını oxudu:

-2 mart, 1977-ci il. Beyrut, Livan. Türkiyə səfirliyinin hərbi və inzibati məsələlər üzrə attaşesi  Nahit Karakay və İlhan Özbabakanın avtomobilləri partladılıb.

6 iyun, 1977-ci il. Sürix, İsveç. Güclü partlayış nəticəsində milliyyəti türk olan Hüseyn Bülbülə məxsus mağaza tam dağıdılıb.

2 iyun, 1978-ci il. Madrid, İspaniya. Avtomatik silahla silahlanmış üç erməni terrorçusu türk səfiri Zəki Küneralpın maşınını atəşə tutub, bunun nəticəsində səfirin həyat yoldaşı Neqla Küneralp, maşında olan keçmiş səfir Bəşir Balsoğlu həlak olub, milliyətcə ispan olan sürücü Antonio Torres aldığı yaralardan xəstəxanada keçinib.

17 dekabr, 1978-ci il. Cenevrə, İsveçrə. Şəhərdə yerləşən türk aviaşirkətlərindən birinin ofisində partlayıcı qurğu işə düşüb, partlayış nəticəsində ofisə ciddi ziyan dəyib.

7 avqust, 1979-cu il. Frankfurt-na-Odr, Almaniya Demokratik Respublikası. Türk aviaşirkətinin ofisində partlayış baş verib, partlayış nəticəsində küçədən keçən alman vətəndaşı yaralanıb.

22 avqust, 1979-cu il. Cenevrə, İsveçrə. Türkiyənin Cenevrədəki konsulu Niyazi Adalının maşınına qoyulmuş partlayıcı qurğu işə düşüb, bunun nəticəsində küçədən keçən bir neçə isveçrəli yaralanıb.

4 oktyabr, 1979-cu il. Kopenhagen, Danimarka. Türk aviaşirkətinin ofisi yaxınlığında baş vermiş partlayış nəticəsində ofisə ciddi ziyan dəyib, iki nəfər danimarkalı yaralanıb.

3-cü kişi diktor:

-12 oktyabr, 1979-cu il. Haaqa, Niderland. Türkiyənin bu ölkədəki səfiri Özdəmir Benlərin oğlu 27 yaşlı Əhməd Benlər öz maşınında qətlə yetirilib, bu qətlə qörə məsuliyyəti ASALA və ESƏD birlikdə öz üzərilərinə götürüblər.

30 oktyabr, 1979-cu il. Milan, İtaliya. Türk aviaşirkəninn ofisində partlayış törədilib.

8 noyabr, 1979-cu il. Roma, İtaliya. Həyata keçirilmiş partlayış nəticəsində Türkiyə səfirliyinin binasına ciddi ziyan dəyib.

18 noyabr, 1979-cu il. Paris, Fransa. Üç aviaşirkətin ofisinin qarşısında partlayışlar baş verib, bunun nəticəsində Türk hava yolları, KLM və Lufthanza şirkətlərinin ofislərinə ciddi ziyan dəyib, iki fransız polis isə yaralanıb...

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Sentyabrın 23-də yeni teatr mövsümündə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tanınmış ingilis dramaturqu Rey Kuninin “Qarışıqlıq” əsəri əsasında səhnələşdirilmiş “Kişi, qadın, pəncərə... məşuq” adlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

 

 Və tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, rəssamı Aleksandr Fyodorovdur. Səhnə əsərinin musiqi tərtibatı Vladimir Neverova məxsusdur.

Qeyd edək ki, tamaşa qəhrəmanların aramsız olaraq düşdüyü ekssentrik situasiyalar kaleydoskopuna çevrilir. İngiltərə parlamentinin üzvü ser Uilli beşulduzlu “Vestminster” hotelində nömrə kirayələyir ki, burada ürəkaçan bir axşam keçirsin. Pəncərələri “Biq-Ben”ə baxan 13 nömrəli otaqda gərginliklər məhz həmin rəqəmin ucbatından başlayır.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Cümə axşamı, 31 Avqust 2023 13:30

Jurnalistikamızın generallarından biri...

BU GÜN ONUN DOĞUM GÜNÜDÜR

 

Təqvimdə 2010-cu il idi. Təsədüfən onun təşkil etdiyi treninqlərdən birində iştirak edirdim. Fasilə zamanı dəhlizdə həmsöhbət olduq. Yaddaşımda peşəsini dərindən bilən, müasir təfəkkürlü, təcrübəli bir insan kimi qaldı. Kübarlığı, yüksək mədəniyyəti davranışında öz əksini tapmışdı. Sonralar özüylə üz-üzə gəlməsəm də qələmə aldığı müxtəlif yazılarını oxudum. Həmin yazılar müəllifinin peşəkar jurnalist olduğunu açıq-aşkar biruzə verirdi. Bəli, peşəkarlıqla səmimiyyət üst-üstə düşəndə və bunlar istedaddan qaynaqlananda ərsəyə gətirilən yazılar da gözəl, oxunaqlı olur...

 

Əslində, yazmaq həm çətin və həm də asandır. Çətindir ona görə ki, yazı müəllifi tərəfindən zamanında təbii şəkildə doğulmalıdır, natamam və ya süni olmamalıdır. Asandır ona görə ki, yazmağı bacarırsan, əlin qələm tuta bilir. Məni qınamayın, bir yazı insanı yorursa ölü, düşündürürsə canlıdır. Canlı yazıları oxumaq adama zövq verir, unutduqlarını yada salır, bilmədiklərini isə öyrədir…

 

Özündən soruşmamışam, amma yazılanlara görə Qazaxda doğulsa da Bakıda böyüyüb böya-başa çatıb. Lomonosov adına Moskva Dövlət Universitetində jurnalist ixtisasına yiyələnib. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olub. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, bir sıra televiziya və radio verilişlərinin, sənədli filmlərin ssenaristidir. Ona yaxın kitabın müəllifi və tərtibatçısıdır. “Zərdabi mükafatı” laureatıdır…

 

Deyir ki,- “1960-cı ildə doğulmuşam, amma bioqrafiyam haqqında danışarkən 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da çalışmışam. Televiziyadan başqa.”

 

Bəli, söhbətimin qəhrəmanı jurnalist Arif Əliyevdir. Yeri gəlmişkən, dünyanın hər yerində jurnalistika müqəddəs peşələrdən biri sayılır və hər bir cəmiyyət jurnalisti təmiz, vicdanlı, dürüst insan kimi qəbul edib, ona inanır. Azərbaycan jurnalistikasında da təmiz, vicdanlı insanlar az deyil. Onlardan biri də Arif Əliyevdir. Məhz bu göstəricilərinə görədir ki, o, ölkə mətbuatında yeni cığır açmağı bacarıb. Şəxsi keyfiyyətləri ilə istedadına rəng qatan bu insanın son uğuru bizi çox sevindirir. Onun ssenarisi əsasında mərhum reşissor Rövşən Almuradlının quruluş verdiyi "Əsgərlər unudulanda ölürlər" sənədli filmi Xorvatiya və İstanbulda keçiriləcək festivallara vəsiqə alıb. Kanadada nümayiş etdirilib...

 

Bu gün Arif Əliyevin 63 yaşı tamam olur. Siyasi məqalələrində bəzən sərt, bəzən də yumşaq olsa da, bütün ömrünü həqiqəti söyləməyə çalışıb, dövətə, xalqa xidmət göstərib. Maraqlı yazıları, layihələri ilə zaman-zaman gündəmə gələ bilib. Neçə-neçə jurnalistin yetişməsində əməyi var. Bu xidmətlərini nəzərə alanda, Arif Əliyevin dövlət səviyyəsində mükafatlandırılmasının vaxtı çoxdan çatıb. O isə hələ də “Əməkdar junalist” fəxri adını almayıb. Gəlin etiraf edək, Azərbaycan jurnalistikasını döyüşən orduya bənzətsək, Arif Əliyev bu ordunun elitasında yer alan, GENERALlarından biridir... 

63 yaşın mübarək, cənab GENERAL!

 

Fotonu Elçin Şıxlinski çəkib

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.