Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyanın "Wealth & Finance International" təşkilatı tərəfindən keçirilmiş “FinTech Awards 2023” müsabiqəsinin qalibi seçilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DOST RİM müsabiqədə “Proaktiv ödənişlər mexanizmin mahiyyəti, sxemi və cəmiyyət üçün əhəmiyyətini əhatə edən məlumatlar” kateqoriyası üzrə iştirak edib və “Dövlət sektoru üzrə proaktiv texnologiyanın aparıcı təminatçısı - 2023” mükafatına layiq görülüb.
Müsabiqədə Azərbaycanın sosial sahə üzrə elektron uğurları, habelə ölkədə pensiya, müavinət və təqaüdlərin e-sistem üzərindən proaktiv təyinat mexanizmlərinin qurulduğu diqqətə çatdırılıb. Müsabiqənin tədqiqat komandası ölkəmizin təcrübəsini yüksək qiymətləndirib və mükafata layiq görüb.
"Wealth & Finance International" maliyyə və ödənişlər sahəsində yenilikləri araşdıran və 2014-cü ildən eyniadlı jurnalda bu sahədə yeni uğurlu təcrübələri paylaşan bir təşkilatdır.
Bundan bir neçə gün əvvəl e-sosial.az portalı ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində qalib seçilib və mötəbər beynəlxalq təşkilatların rəsmi saytlarında e-sosial.az, “Əmək və məşğulluq” altsistemi, nazirliyin təqdim etdiyi e-xidmətlərin əlçatanlığı ilə bağlı məqalələr dərc olunub.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)