Super User

Super User

Xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün

 

Ölüm… hər bir şeyin süquta uğrayacağı bir proses, fanilikdən əbədiliyə qovuşmanın başlanğıç nöqtəsi.

O nöqtə ki, hər bir canlının taleyinə yazılan və pozulması qeyri-mümkün olan bir nöqtə.

Yaradılmışların hər biri elə yarandığı dövrdən etibarən ona doğru gedir, yolun o biri tərəfində ölüm gözləyir hər kəsi.

Ondan qurtulmaq mümkün olmadığı kimi, onun haqqında düşünməmək belə mümkün deyildir.

Elə bir canlı, hər hansı bir fərd tapa bilməzsən ki, ölümün varlığını bilə-bilə onun haqqında bir anlıq belə fikirləşməsin, düşünməsin “ölüm” adlı bir sonluğun mövcudluğunu.

Axı necə, necə ola bilir ki, insan oğlu bu qara qüvvənin varlığını dərk edə-edə ona biganə qalır, onu bir ömür boyu iztiraba döndərib özünə əzab vermir, istər az, istər çox, istər kədərli, istər sevincli yaşamaq istəyir, ancaq yaşamaq.

Əcəl qapımızı döydüyü zaman insan üçün bir saniyə belə yüz illər qədər qiymətli və heç bir ölçüyə gəlməyəcək qədər şirin və əlçatmazdır.

Nədəndir bu təzadın sirri görəsən, nədəndir ölümün bizə hər an, hər saniyə yaxınlaşdığını duya-duya, yaşamaq, yaratmaq, bir sözlə bizə verilən bu ömür payının heç bitməsini istəməyərək yaşamaq marağı, yaşamaq arzusu?

Bir dəfə gəlir dünyaya insan və bu gün bir daha heç bir zaman təkrarlanmayacaq. Əvəzedilməzdir bu gün.

Ondan başqa hər şey təkrarlanacaq. Ad günləri, bayramlar, işləmək, xülasə, eyni sevinc, eyni kədərlər. Ancaq bir şey təkrarlanmayacaq, yalnız bir şey… doğum günü.

Bu gün həyat yolunda bizə verilən ən böyük, ən şirin ərmağandır. Acısı, qəmi olmağına rəğmən, kim doyub ki ondan.

 

Bu gözəllikdən danışılan zaman bir məfhumun xəyala gətirilib, göz önündə azacıq canlanması belə yaradılışın qəlbini titrədir, onun cismini qan-tərə qərq edir, həyəcanlandırır.

Bu məfhum ölümdür. Ölümdən öncə əcəl döyür qapımızı, əcəl zənginin sədası gəlir qulaqlarımıza.

O, bizlərdən, özümüzdən asılı olmayaraq, elə zamanda yaxamızdan tuta bilər ki, nə bilim, ən sevimli çağımızda sevincimizi burnumuzdan gətirər, bizi bədbəxtliyə düçar edə bilər.

Ruhumuzun dərinliklərinə işləyib ümidimizi sındıra bilər. Əcəl…qaçılması mümkün olmayan yeganə məfhum.
İstər şərqdə ol, istər qərbdə, istər yerdə ol, istər marsda, haqlayacaq o səni, mütləq haqlayacaq və haqladığı zaman sənin yaşamına son qoyacaq, bu son sənin ölümün olacaq.
O ölüm ki,sən onu fikirləşirdin, qorxurdun ondan.
Ancaq haqladı səni, yaxaladı. Sənə verilən ömür payı qırıldı.
Bu günün sabahı gəlməyəcək, kölgən belə səni izləməyəcək bir daha, sənə hamıdan daha yaxın olan, sənin yaşama mexanizmin olan ürək belə səndən əl çəkəcək, döyünməyəcək bir daha və sən olmamış kimi olacaqsan.
Bunu da dərd etməyə dəyməz ki, bu yoxluq sənə acı verməyəcək.
Çünki sən bir heç olacaqsan, yer üzündə ən xırda molekullar, ionlar olacaq, ancaq bir sən, yalnız sən olmayacaqsan. Bax budur ölüm, bax budur əcəl!
Elə budur insanı yandıran, qəmləndirən. Bunu öz-özündə həzm edə bilmir insan, danışmaq istəmir bu barədə. Nədənsə paxıllığı tutur yaradılışın bu cür məhv olmasına.
Düşünündə ki, ölümündən, bəli, məhz sənin ölümündən sonra həyat davam edəcək, günəş hər səhər yer üzünü salamlayacaq, ulduzlar parlaqlığı ilə sayrışacaq, dənizlərdə dalğalar coşub-çağlayacaq, quşlar ötəcək, bir sözlə təbiət öz əlvanlığı ilə insanları, ümumiyyətlə bütün canlıları məftun edəcək, necə qısqanmayasan bu gözəlliyi?
Bax budur insanın acizliyini göstərən! Bunun sübutu isə ölümdür.
Ancaq yenə təkrar edirəm, ölümün var olmasını anlaya-anlaya yaşamaq istəyirik və yaşaya-yaşaya da hər an ona doğru getdiyimizi anlayırıq.
Belə isə sual doğur. Nədən yaşayırıq?
Nədən bu həqiqəti dərk edə-edə yaşamaq istəyirik? Çünki yaşamaq arzusu, ölümə olan nifrət nisbətində daha böyükdür, daha qüvvətlidir.
Beləisəyaşasınyaşamaqarzusuiləyaşayanlarınvarlığı!

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

 

 

 

Çərşənbə, 30 Avqust 2023 12:45

Bakıda “Nürnberq” filminin premyerası olacaq

Sentyabrın 4-də Bakıdakı Rus Evində “Rusiyanın Hərbi Şöhrət Günü” münasibətilə İkinci Dünya müharibəsinə həsr olunan “Nürnberq” filminin premyerası olacaq.

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə rejissor Nikolay Lebedevin “Nürnberq” filmi (2023-cü il) nasist Almaniyasının elitasının beynəlxalq tribunalın qarşısında çıxdığı və məhkum olunduğu məşhur proses haqqında dünya kinematoqrafında ilk bədii filmdir. Filmdə müxtəlif ölkələrdən aktyorlar iştirak edirlər, lakin baş rollarda Rusiyanın kino ulduzları çəkiliblər, onların arasında Sergey Bezrukov, Lyubov Aksenova, Yevqeni Mironov, İqor Petrenko var.

Filmin nümayişi çərçivəsində “Nürnberq prosesi: Moskvadan baxış” adlı tarixi-sənədli sərginin açılışı olacaq, sərgi və filmin nümayişinə hüquqlar “Aleksandr Peçerskinin xatirə Fondu” qeyri-kommersiya təşkilatı tərəfindən təqdim olunub.

Film Rus Evində (Üzeyir Hacıbəyli küçəsi, 77b) saat 20:00-da nümayiş etdiriləcək.

 

Və zəruri bir qeyd: Çox təəssüf ki, bir vaxtlar dünyanı faşizm bəlasından xilas edən rus hərbi gücü bu gün özü Ukraynanın işğalına rəvac verməkdədir. 

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Nigar Arifin özüylə söhbəti və şeirləri təqdim ediləcək. Nigar Arifin zəriflik və saflıq yağan şeirlərini kim bəyənməz ki?

 

 

Öncə özüylə söhbəti…

 

Hərdən hansısa bir həqiqətin altından stulu dartmaq istəyirəm ki, yerə dəysin… Hərdən də eşitdiyim yalanların qulağından tutub küncə qoymaq istəyirəm…q oy günahlarını başa düşsünlər… Əslində, özüm də fərqindəyəm, qəribə istəklərim var….

İçimdəki uşaq elə hey o tərəf-bu tərəfə qaçır, hələ də şıltaqdır, nə qədər “yoruldum” deyirəm, gülüb dil çıxarır… Bu “qaçdı-tutdu” oyunlarında həyata “mən qalib gələcəm” deyir. Bəzən əhvalım pozulub kədərlənəndə bir də baxıram, yoxa çıxıb, başlayıram axtarmağa o uşağı. Baxıram ki, bu dəfə də hansısa ümiddən boylanır, sən demə, darıxıbmış, indi də “gizlənpaç” oynamaq eşqinə düşüb. Nə vaxt əlimə kitab alıb oxuyuram, başlayır fikirlərimi dartışdırmağa ki, onlar da danışsınlar… Hə, mən heç vaxt dəcəl olmamışam, ancaq bu uşaq mənə oxşamayıb, ya da uşaqlığımda mən ondan qaçmışam, indi də qovalayıram… Bəzi gecələr başımı yastığa qoyanda bir də görürəm bütün fikirlərimi, xəyallarımı, duyğularımı toplayıb orduyla gəlib yenə…

Səhəri gün stolumun üstündə bir qələm olur, bir də vərəq, oxuyub “pis şeir deyil haa” – deyərək mənə göz vurur… 

 

P.S. Bəs siz nə deyirsiz, necə şeirlərdir, pis deyil ki?

 

 

...və şeirləri

 

 

XATİRƏLƏR OTAĞI

 

Bilmirəm neçədi saat,

necə keçib vaxt.

Oturmuşam beləcə,

sakitcə, kirimişcə,

quzu balası kimi,

səhərdən oturmuşam

fikirlərin içində,

yandırıram özümü.

Əlimdəki siqaret

tüstüsündən karıxır.

Əlimin altındakı

külqabı da elə bil

qaçmağa yer axtarır...

Tütün-tütün fikirlər

boylanır başım üstdən

Yanan odu, yoxsa mən?

Ürpənirəm qəfildən,

dodağımda can verən

siqaret kötüyündən

bu kibrit bədənimdən.

Yanan kimdi, İlahi?

kimdi, kimdi, görəsən?

közərir varaq-varaq,

tökülür sətir-sətir

gözümdəki güzgüdən.

Çılpaqlaşır bu güzgü,

soyunur yavaş-yavaş,

Pərdələr arxasında

xatirələr otağı

oyanır yavaş-yavaş...

Açılır pəncərələr,

açılır bircə-bircə.

hardasa xəyalların

gizlənpaç oynadığı

o qocaman dalanda

yaddaşımdan asılmış,

yel vurduqca yellənən,

ağlımın kəsmədiyi

toz-dumanlı səhnələr...

O səhnələr içindən

uçur kəpənək kimi,

bir eşq uçur, hey uçur,

uçub qonur çiynimə,

çiynimdən ürəyimə,

atır özünü oda...

Hələ o cavan eşqin

qolları arasından

asta-asta sürüşüb

görüşlər düşür yada...

Sərçə öpüşləriylə

cilvələnir duyğular,

o gizlin, nəşə dolu,

o saf, körpə qayğılar...

İsti təbəssümlərə

bürünür vüsalımız.

Bir yastığın ucunda

toxunur sabahlara

arzumuz, amalımız...

Bir bulud ömür keçir,

yağış kimi sellənir,

üst-başıma çilənir.

Bir gün gəlir, ayrılıq

gözlərimdən su içir...

Bir ömür bulud keçir...

Görüşürük nə vaxtsa,

salam da vermirəm heç,

qürurum üstələyir.

Ürəyimdə nə varsa,

yanıb-yanıb eləcə

əlimdə tüstüləyir...

 

 

GEDƏK ÜZÜ KÜLƏYƏ?

 

Ay mənim dünənim, bugünkü günüm,

Sevəndən küsməzlər, başına dönüm.

Puldan da kəsərlər, çörəkdən də adamı,

Ümiddən kəsməzlər, başına dönüm...

Təəssüf bürüyüb dörd bir yanımı,

Ağlımdan keçənə şübhə asırsan.

Sözlərim sinəmdən daşır çay kimi,

Divar dilə gəlir, sənsə susursan...

Hay-haray içində fikirlər keçir,

İncik baxışların dönmür səs-küyə.

Heç bilmirəm nə deyim,

xoşuna gəlsin deyə,

Daha bəsdir, əzizim,

Dur əlini ver mənə,

Bunca uşaqlıq niyə?

Yadındadı o mahnı?

“Gedək üzü küləyə...”

Gedək üzü küləyə?..

 

 

BİR QUCAQ ŞEİR

 

Tənha adamlar tez üşüyür, bilirəm,

Bir qucaq şeirim var odun əvəzi...

İstəməzsən? Bəlkə, isidə bildi

Don vurmuş ürəyini... 

Tənha adamlar tez üşüyür, bilirəm,

Bir stəkan çay, bir az musiqi.

Bir də belə soyuq havada,

şeir olur yalnızların şirniyyatı, çərəzi...

Tənha adamlar tez üşüyür, bilirəm,

Bölüşməyə söhbət gəzir arada.

Dindirməyə kimisə axtaranda

Şeir olur ən doğması, əzizi...

Tənha adamlar tez üşüyür, bilirəm,

Bilirəm...

 

 

NİGARAN

 

Nəsə tikan üstə, nəsə narahat,

bir hiss var elə bil daşlı, qayalı.

ürəyin içində durub farağat

görən, neyniyirsən soruşmayalı?

çoxdandı işinə qarışmayalı,

o gözlər yolumu gözləyirmi heç?

Darıxıb yol çəkir, de, axtarırmı,

ya kəsib ümidi barışmayalı?

Bəlkə də fikrindən qovmusan məni,

Dözməyib yuxuna gəlmişəm sənin,

Bəlkə də, çox olub güldürənlərin,

Bircə mən qalmışam kədərin, qəmin...

Qəlbində hələ də varmı mənə yer,

Unudub bu eşqi, yoxsa ki sevir?

Ayrılıb o gündən küsəndən bəri,

Bir də bu sevgidə yarışmayalı.

Nələrsə dəyişib görüşməyəli,

Nələrsə eynidi soruşmayalı?

Mən də ki... mənəm də ...nə vecimədi?

Bütüncə arzumu pay saxlamışam.

Nə vaxtdır bir kəlmə danışmasaq da,

Hər gün xəyalını qucaqlamışam...

Mən də ki... mənəm də... həmişəki mən...

Yox, sərxoş deyiləm, yox, içməmişəm...

Həmin küçədəyəm, həmin evdəyəm...

Dönmək istəmirsən? Gecikməmisən...

 

 

TƏSƏLLİ

 

Ölmürəm... yaşamaq yenə gözəldi,

Hər yada düşəndə xatirəmizin

tutub uşaq kimi yanaqlarını,

təbəssüm toxunan dodaqlarını,

üzünü oxşamaq yenə gözəldi...

Uzun saçlarına bənzər gecədə,

Ayaq izlərinə həsrət küçədə

Dönərkən qaranlıq, sənsiz keçidə,

Nə qədər əzablı, çətin də olsa,

Əhvalım pozulsa, bənizim solsa,

Səbrimin sonuncu kasası dolsa,

Qırıq ürəyimdə təmiz su kimi

Sevgini daşımaq yenə gözəldi.

Ayrıldıq... taleyin qisməti də...

Üzüntü çox eşqin isməti də ...

Dünya dağılmadı, yer dəyişmədi,

Kədərdi, qüssədi, olan işdi də ...

Ölmürəm... yaşamaq yenə gözəldi...

Hərdənbir qarşıma çıxanda, əşi,

“balaca şəhərdi, təsadüf” deyib,

o ötən yaramı deşib qaşımaq,

lap elə kafede bugünkü kimi,

içib ta ürəkdən gülənə qədər,

səni yaddaşımdan silənə qədər,

axır öz qədrimi bilənə qədər,

gözüm doyanacan göz yaşlarımdan,

qəlbimdən sən boyda dərdi boşamaq

bəlkə, öləndə də səni yaşamaq,

yenə gözəldi... yenə gözəldi...

 

 

YAXŞI YOL

 

Məni sevmirsənsə, sevmə, əzizim,

Qınaya bilmərəm, canın sağ olsun.

Əzəldən qaraymış bəxti bu eşqin,

Nə deyim, yaxşı yol, üzün ağ olsun...

 

Mənim nəyim var ki, bir ürək sevgim,

Sənə dünyaları verə bilmərəm.

Quru məhəbbətim asan alışar,

Yaş edib önünə sərə bilmərəm.

 

Gözlərim yoluna dikilməz daha,

Dəyişər fikrini, çatar bir zaman,

Töküb həvəsini o dar ovcuna,

Tum kimi çırtlayıb atar bir zaman...

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

 

Günün fotosu: Sel Giləzi-Xızı avtomobil yolunu bağlayıb

 

Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib. Sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar olub. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.

Foto: AzərTAC

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.

 

«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!

Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 13-cü qanundur:

13.Yetişdirmə qanunu

«Lider yetişdirmək üçün lider lazımdır»

Con Maksvel liderlik məsələləri ilə bağlı seminarlarda sorğu keçirərək insanları lider olmağa nəyin təhrik etdiyini öyrənməyə çalışıb. Nəticə belə olub:

Krizisə görə – 5 faiz.

Anadangəlmə qabiliyyətinə görə – 10 faiz

Başqa liderin təsiri altında – 85 faiz.

Bütün rəyi soruşulanların 85 faizinin başqa liderlərin təsiri altında lider olmaları məhz bu qanuna əsaslanır: lider yetişdirmək üçün lider lazımdır.

Con Maksvel özü öz liderlik istəyini atası – əsl lider olan Melvin Maksvellin hesabına yarandığını bəyan edir. Atası ona şəxsiyyətin inkişaf prioritetlərini, insanlarla münasibətləri birbaşa öyrədirdi. Çox şeyi də o, atasının yanında olduğundan, onu müşahidə edərək öyrənirdi. Ona görə də artıq kollecə qəbul olunanda Con liderlik məsələlərini hamıdan gözəl bilir, gözəl intuisiyası ilə qürrələnirdi.

Liderlər özləri lider yetişdirməyin qeydinə qalmalıdırlar. Bilməlidirlər ki, onların idarələri, işləri orada işləyən işçilərin arasından yeni liderlər yetişdirməkdən çox asılıdır. Daha çox güclü lider yetişdirilsə ümumi nəticədə idarənin uğur şansı da yüksək olacaq. Bütün potensial liderləri prosesə cəlb etmək, liderliyə yüksəlmək lazımdır.

«Ceneral elektrik» korporasiyası öz sahəsində dünya üzrə birinci olmaqla yanaşı, həm də lider ardınca lider yetişdirməklə məşhurdur. Bu gün onlarca kompaniyalara başçılıq edən çox güclü liderlər (Uilyam Anders, Larri Bossidi, Stenli Qoutt, Fred Qarri, Klayd Kiton, Alva O.Uey, Rodcer Şipka, Corc Cskofild və s.) «Ceneral elektrik»də yetişmişlər. Lider yetişdirmək bu kompaniyanın ən yüksək prioritetindən sayılır, hər il də kompaniya bu məqsəd üçün 500 milyon dollar xərcləyir. Kompaniyanın özünün başında isə böyük lider Cek Uelç dayanır.

Yetişdirmə qanununun məğzi çox sadədir: Konkret bir insan başqa birisini tanımalı, ona vacib olan hər şeyi öyrənməli, onu tərbiyələndirməlidir.

 

***

Digər 11 qanunla isə ötən günlər tanış olmuşdunuz:

1.Tavan qanunu.

«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».

Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.

Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.

2.Təsir qanunu

«Liderliyin həqiqi ölçüsü təsirdir».

Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.

3.Proses qanunu

«Lider bir gün ərzində deyil, günbəgün olurlar».

Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.

Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.

«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».

Liderlik – inkişaf qanunlarına tabedir.

4.Naviqasiya qanunu

«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».

Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.

Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.

Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.

Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.

Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.

«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».

Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:

 - Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;

 - məqsədi lokallaşdırmaq və sistemləşdirmək;

 - prioritetləri ünvanlı korrektə etmək;

 - əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;

 - planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;

 - reallaşdırmaya fəal qoşulmaq;

 - gözlənilən problemlərə uyğunlaşmaq;

 - uğurları təbii şəkildə görmək və qeyd etmək;

 - hər gün öz planına nəzarət etmək.

Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.

5.     E.F.Xatton qanunu.

«Əsl lider danışanda insanlar ona qulaq asır».

Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.

«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.

Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.

Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.

Vəzifəcə lider birinci danışır, real lidersə sonda.

 - Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;

 - Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;

 - Lider çoxlu informasiyaya malik olur;

 - Liderlik intuisiya qabiliyyəti tələb edir;

 - Liderlik təcrübədən qaynaqlanır;

Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:

 - Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?

 - Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?

6.Möhkəm özül qanunu

«Liderliyin əsası etibardır»

Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.

Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.

General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».

Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.

Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.

Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.

7.Hörmət qanunu.

«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».

1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.

O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.

1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.

Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.

Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.

Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.

8.İntuisiya qanunu

«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».

Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.

Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.

İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.

Liderlik elmdən daha çox incəsənətdir.

9.Maqntizm qanunu

«Siz özünüz kimi olanları cəzb edirsiniz»

Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.

Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.

İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.

10.Əlaqə qanunu

«Liderlər öncə ürəkləri tərpədirlər»

Ünsiyyət qurmaq bacarığı, hər bir kəslə dost ola bilmək qabiliyyəti qiymətli keyfiyyətdəir. Əsl liderlər gözəl bilir ki, insanları öz ardlarınca aparmaq üçün öncə ürəkləri tərpətmək lazımdır. Böyük liderlər həm ayrı-ayrı individlərlə, həm də insan qrupları ilə, kütləylə sıx əlaqə saxlamaq qabiliyyətinə malik olurlar.

ABŞ prezidentlərindən olan Ronald Reyqan Böyük Kommunikator təxəllüsünü auditoriyada harmonik anlaşma anlayışı yaratdığına, ayrı-ayrı fərdlərin ürəklərini tərpədə bilməsinə görə almışdı.

Qrupdakı insanlarla əlaqə yaratmaq üçün tezliklə hər bir insana müraciət etmək lazımdır. Liderin məqsədi onu əhatə edən adamlarla əlaqə qurmağın təşəbbüsçüsü olmaqdır.

11.Yaxın çevrə qanunu

«Liderin potensialı onun yanında olan insanlarla ölçülür».

Hər bir liderin potensialını onun yanında, çevrəsində olan insanlarla təyin etmək mümkündür. Əgər bu insanlar mənən güclüdürlərsə, onda həmin lider bütün təşkilata böyük təsir göstərmək qabiliyyətində olacaq. Yox, əgər, onlar zəifdirlərsə, lider heç nə eləyə bilməyəcək. Məhz bu da yaxın çevrənin qanunudur.

Personal düzgün seçiləndə potensial sanki raket kimi göyə yüksəlir.

Con Maksvell yazır: «Tanrı məni ən yaxşı əməkdaşlardan ibarət çox gözəl komanda ilə mükafatlandırıb. Amma mən hələ nöqtə qoymuram. Mən bundan sonra – növbəti onillikdə də ondan sonra da bu komandanı möhkəmləndirəcəyəm, öz yaxın ətrafıma digər yaxşı adamları cəlb edəcəyəm. Mən axı bilirəm ki, məndə çoxlu istifadə olunmamış potensial qalıb. Əgər mən öz imkanlarımı tam realizə etmək istəyirəmsə, mütləq özümü ən yaxşı insanlarla əhatə etməliyəm. Bu, qarşıda qoyulmuş məqsədlərə çatmağın yeganə yoludur».

Yaxın çevrə qanunu da məhz budur.

12.Səlahiyyətlərin bölünməsi qanunu

«Yalnız özünə tam güvənən liderlər hakimiyyəti başqalarına verirlər».

Yalnız müəyyən səlahiyyətlər almış insanlar öz potensialını tam aça bilirlər. Əgər lider işçilərə bu səlahiyyətləri vermirsə, onda o, öz əli ilə təşkilatında maneələr yaradır, maneələr uzun ömürlü olanda işçilər öz potensiallarını maksimal dərəcədə realizə etmək üçün işdən çıxıb başqa təşkilatlara keçirlər.

Səlahiyyətləri bölməyin bir nömrəli düşməni liderliyi itirə bilmək qorxusudur. Zəif lider həmişə güclü işçilərdən qorxur, onlara səlahiyyətlər vermir, onları sıxışdırır.

Əsl lider o qədər əvəzolunmaz olmalıdır ki, öz yerini itirməkdən heç vaxt qorxmasın.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

 

 

“Euronews” saytında Qəbələ Beynəlxalq Musiqi festivalı barədə “Qoy gözəl musiqiyə öyrəşsinlər!”: Qəbələ festivalı gəncləri seçir” sərlövhəli məqalə dərc edilib.

 

AzərTAC xəbər verir ki, məqalədə Qəbələdə keçirilən beynəlxalq tədbirin başa çatan yay mövsümünün ən parlaq musiqi hadisələrindən biri olduğu qeyd olunur. Onun vizit kartı həm tanınmış, həm də çox gənc ifaçılar üçün bərabər çıxış etmək imkanlarıdır.

 

Afişaların müxtəlifliyi təsiredicidir: mənzərəli Qəbələ festivalına Azərbaycan, eləcə də Böyük Britaniya, Türkiyə, Estoniya, Litva, Rusiya və Polşanın müxtəlif guşələrindən ifaçılar, dirijorlar, bütöv musiqi kollektivləri gəlmişdi.

 

Yay musiqi bayramına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Viva Opera”nın konserti ilə start verildi.

 

Tədbirin bədii təşkilatçısı Fərhad Bədəlbəyli ifaçıları qürurla təqdim edərək deyib: “Sayca 13-cü festival adları bütün dünyada tanınan ulduzlarımız Yusif Eyvazov və Dinara Əliyevanın ifası ilə açılır. Lakin gənclər üçün də proqram mövcuddur”.

 

Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri Fuad İbrahimov qeyd edir: “Gənc istedadlara festivalda xüsusi diqqət yetirildi. Onlar hər konsertdə iştirak edirlər. Festivalda onlara çox yüksək dəstək göstərilir. Hər bir ölkənin gələcəyi onun gəncləridir və əlbəttə ki, gənclərin belə tədbirdə iştirakı çox dəyərlidir”.

 

Gənc istedadların müşayiət edilməsi respublikada sistemli xarakter daşıyır. Qəbələ festivalı “Gənclərə dəstək” layihəsinin xətti ilə seçilmiş musiqiçilərə də şərait yaradır. Festival 2016-cı ildən keçirilir və həmin vaxtdan miqyaslı məsələni həll edərək, böyük səhnəyə aparan yolda istedadları aşkar etməyə və yetişdirməyə kömək edir.

 

Fərhad Bədəlbəyli əlavə edir: “Festival həm də maarifləndirici xarakter daşıyır. Hər bir konsertdən öncə mühazirəçi çıxış edir. Arxamdakı zalda uşaq səsi eşidirsiniz. Qoy yaxşı musiqiyə öyrəşsinlər!”.

 

“Peşəkar ustadlarla görüş və gənc musiqiçilərin yetişməsi: Qəbələ festivalı Heydər Əliyev Fondu tərəfindən yaradılıb və Mədəniyyət Nazirliyi xətti ilə dəstək alır. Bu tədbir bütün fəaliyyəti ərzində dünyada bir neçə yay günləri və axşamlarında iştirakçıları və tamaşaçıları sevindirən klassik, xalq, caz və rəqs musiqisi bayramı kimi tanınıb”, - deyə “Euronews” nəşrində qeyd olunur.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2023)

Çərşənbə, 30 Avqust 2023 11:30

KİNOBƏLƏDÇİ-də “Şindlerin siyahısı”

Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”

 

İkinci Dünya müharibəsi – XX əsrdə baş vermiş böyük dünya savaşı. Altı milyon yəhudinin ölümünə səbəb olan Adolf Hitler. Dəhşətli bir müharibənin amansızlıqları Yəhudi xalqı üçün dağıdıcı bir zərbə idi. “Ölüm düşərgəsi” adlanan məkan milyonlarla yəhudinin ölümünə bais olmuşdu. 

 

Bütün insanlıq tarixinin ən dəhşətli, əzabverici hadisələrindən xəbərsiz olan yəhudilər Auşvitsdə başlarına gələcəklərdən xəbərsiz idilər. İrqçiliyin eybəcər simasını göstərən Nasislərin isə törətdikləri banditizm tarixdə görülməmış vəhşilik kimi yaddaşlarda qalmışdı. Holokost zamanı Nasistlərin yaratdığı ”Ölüm düşərgəsi” sırf yəhudilərin aradan qaldırılması üçün tikilmiş ən böyük ölüm düşərgəsi idi. Kütləvı qırğın ilk dəfə 1941-ci ilin sentyabrından başladı. Heyvan vaqonlarına doldurulan yəhudilər ölüm fabriklərinə aparılır və ən ağır işgəncələrlə qətlə yetirilirdilər. Bu da bir çox alman həkimləri üçün  insanlar üzərində təcrübə aparmaq imkanları qazandırırdı. Yəhudilər buzlu suda saxlanılır, bədənlərinə neft yeridilir, zəhərli qazlarla məhv edilir, ölüm hökmü ilə güllələnir, infeksiyalara yoluxur, ən agır işlərə cəlb olunaraq qul kimi işlədilirdilər.

Tarixin bu dəhşətli vəhşilikləri haqqında eşitdikcə daha da ətraflı məlumatlar əldə etmək üçün internet şəbəkələrində araşdırmalar aparmağa başladım. Bu haqda ktablar oxudum, filmlərə baxdım. “Ölum düşərgəsi”nə həsr edilmiş filmlərin hər biri çox təsirli idi. Lakin bu filmlər arasında daha çox diqqətimi çəkən və təsirli anlar yaşadan “Şindlerin siyahısı” filmi idi. Film real hadisələr əsasında çəkilmişdi. “Oskar”ı qazanan bu film II Dünya Müharibəsi illərində Polşa yəhudilərinın  düşərgələrdə ağır qətliamından bəhs edilirdi. Milliyətcə alman olan Nasist partiyasının üzvü Oskar Şindler var dövlətini ortaya qoyaraq 1200 yəhudini ölümdən xilas etmişdi. O, böyük bir fabrik qurur. Fabrik mətbəx üçün metal qablar istehsal edən bir müəssisə idi. Fabrikin iş-gücü məhz Yəhudilər tərəfindən yaranmışdı. Şindler işçi qüvvəsi olan yəhudilər üzərində təzyiqləri görüb onları qurtarmaq üçün kömək etməyə başlayır. Fəhlələrin həbsi Şindlerin narahatlığına səbəb olur. Hər yəhudi üçün rüşvət verib işçilərini azad etməyə çalışır. 

 ”Xilaskar Şindler” romanı əsasında çəkilən bu film “Ən Yaxşı Film Oskarı”na layiq görülür. Drammatik döyüş filmi müharibə əleyhinə çəkilmiş filmlərdən sayılır.

“Bir nəfəri xilas edən kəs, bütün dünyanı xilas etmiş olar” şüarı altında tanınan filmə baxdıqca rejissor Stiven Spielberqin unudulmaz şedevrinin, o cümlədən də amansız alman Nasistlərinin yəhudilərə olan zülmünün şahidi oluruq. Mənşəcə yəhudi olan ssenarist bu filmin çəkilişlərini Polşanın Krakov şəhərindən başlamaqla onu 72 gün ərzində ərsəyə gətirir. Filmin çəkiliş ptosesi də özü kimi ağır olur. Çəkiliş zamanı psixoloji sarsıntılar yaşayan rejissor və aktyorlar yaratdıqları obrazlar ilə Adolf Hitler və Nasistərin törətdikləri Yəhudi soyqrımı tarixinin ğerçək üzünü ortaya gətirən bir sənət nümunəsi idilər. Filmdəki faktlar, hadisələr və təsvirlər isə gələcək nəsillərin yaddaşı üçün bəşəriyyətin tarixində ağır və misli görünməmiş bir cinayət idi.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə özbək dilində “Vətən üçün can fəda edən qəhrəmanlar” (“Vatan uchun jon fido qilgan qahramonlar”) adlı kitab işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı mərkəzə istinadən xəbər verir ki, müəllifi tanınmış tədqiqatçı-jurnalist Mövlan Şükürzadənin araşdırmaları nəticəsində ərsəyə gələn nəşr Birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edir.

Nəşrdə Milli Qəhrəmanın ailəsi, yaxınları, cəbhə yoldaşları ilə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzü, Birinci Qarabağ savaşı haqqında da geniş məlumatlara yer verilib. Müəllif kitabda erməni daşnakları tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı qətliamı, onun dəhşətli nəticələrindən də bəhs edir.

Kitabda İ.Aznaurovun dostları, ailə üzvləri, silahdaşları, yaxınlarının onunla bağlı xatirələri də verilib. Geniş oxucu kütləsinin marağına səbəb olacaq kitabda Milli Qəhrəmanın həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə yanaşı, valideynlərinin, övladlarının, dostlarının, ailə fotoşəkilləri də yer alıb.

"Ön söz"ün müəllifi Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. “Ön söz”də qeyd olunur ki, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycan ərazilərinə iddiaları və təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi pozulmuş, ölkə ərazisinin yüzdən iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovulmuş, şəhər və kəndlərimiz viran olunmuş, dağıdılmış, soydaşlarımız isə etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün düşmüşlər. Bu ədalətsizliklə barışmayan xalqımızın qeyrətli, mübariz oğulları Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı və toxunulmazlığı üçün vuruşaraq, öz canlarını fəda ediblər.

Bu cür qəhrəmanlardan biri də əslən Axıska türklərindən olan, Özbəkistanın qədim Buxara şəhərində dünyaya göz açan, ömrünün böyük bir hissəsini Özbəkistanda yaşayan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovdur. Qədim köklərə malik üç qardaş türk xalqı – axıska, özbək və Azərbaycan xalqlarının ortaq qəhrəman övladı olan İ.Aznaurov Azərbaycanın Gədəbəy rayonunda erməni işğalçıları ilə gedən döyüşlər zamanı, işğal altında olan bir çox yurd yerlərimizin azad edilməsində xüsusi şücaət və igidlik göstərərək, qəhrəmancasına şəhid olub.

Nəşrdə vurğulanır ki, İ.Aznaurov kimi qəhrəman oğullarımızın başlatdığı müqəddəs mübarizəni doğulan, yetişən, formalaşan vətənpərvər Azərbaycan gəncləri davam etdirmiş, rəşadətli Azərbaycan Ordusunun əzmkar döyüşü, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 ilə yaxın işğal altında olan Vətən torpaqları azad edilmişdir.

Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan Respublikasının ozamankı Prezidenti Heydər Əliyevin 1995-ci il 15 yanvar tarixli Fərmanı ilə baş leytenant İsgəndər Söhrab oğlu Aznaurov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Eyni zamanda, kitabda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fikrinə isnad edilir: "Bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaqlar".

“Vətən üçün can fəda edən qəhrəmanlar” adlı kitab gənc nəsillərə Vətənə sədaqət, xalqa məhəbbət, vətənpərvərlik hissləri aşılayan nəşr nümunəsi kimi də oxuculara tövsiyə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

Çərşənbə, 30 Avqust 2023 11:00

İppolit Ten: “Sənətdə ideal haqqında”

Məti Osmanoğludan “Gənc yazarlar üçün nəzəriyyə dərsi”

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyytaşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərslərini davam etdirir. Bu gün o, sizlərə İppolit Tenin “Sənətdə ideal haqqında” adlı məqaləsini tərcümə edərək təqdim edir.

Bu gün sizə məqalənin 3-cü hissəsi çatdırılacaq.

 

 

 

İppolit TEN

 

 

SƏNƏTDƏ İDEAL HAQQINDA

(Sent-Bövə həsr olunur)

 

Bu araşdırmanın mövzusu və metodu. – İdeal sözünün mənası.

 

 

 

III

 

Bədii yaradıcılığın tərifi. – Yerinə yetirməli olduğu iki şərt. – Bu iki şərtin necə yerinə yetirilməsindən asılı olaraq, bədii əsərlərin böyük və kiçik dəyəri. – Təqlid sənətinə tətbiq. – Necə və hansı məhdudiyyətlərlə eyni qayda qeyri-təqlidi sənətlərə aiddir?..

Bunun üçün əldə etdiyimiz tərifi hissə-hissə nəzərdən keçirəcəyik. Hansısa nəzərəçarpan, görkəmli xarakterə üstünlük vermək – sənət əsərinin məqsədi budur. Deməli, əsər həmin məqsədə nə qədər yaxınlaşsa, şübhəsiz ki, bir o qədər mükəmməl olacaqdır; başqa sözlə: bu şərtlər nə qədər dəqiq və dolğun ifadə olunsa, həmin əsər bədii əsərlərin ümumi miqyasında və ya ierarxiyasında bir o qədər yüksək yer tutacaqdır. Burada zəruri şərt var: xarakterin mümkün qədər üstün olması və mümkün qədər görkəmli olması. Sənətkarın qarşısındakı bu iki öhdəliyə daha yaxından nəzər salaq. Yığcamlıq üçün yalnız təqlid sənətini, heykəltəraşlığı, dramatik musiqini, rəssamlığı və ədəbiyyatı, əsasən də sonuncu ikisini təhlil edəcəyəm. Bu, kifayətdir, çünki sizə təqlidi sənətlər ilə qeyri-təqlidi sənətlər arasında əlaqə məlumdur. Onların hər ikisi xüsusilə nəzərə çarpan bir xarakteri üstün tutmağa çalışır. ...Yeganə fərq ondadır ki, təqlidi sənətlər, rəssamlıq, heykəltəraşlıq və poeziya üzvi və əxlaqi əlaqə formalarını əmələ  gətirir və real predmetlərə uyğun əsərlər yaradır, digər incəsənət növləri, yəni dar mənada musiqi və memarlıq isə real mövzulara uyğun gəlməyən əsərlər yaratmaq üçün riyazi münasibətləri bir araya gətirir. Lakin bu cür qurulmuş simfoniya və ya məbəd də yazılmış bir şeir və ya təsvir edilmiş bir sima kimi canlı varlıqlardır, çünki onlar da mütəşəkkil varlıqlardır, onların bütün hissələri bir-birindən asılıdır və eyni rəhbər prinsiplə idarə olunur; onların da öz fizionomiyası var, onlar da müəyyən niyyət nümayiş etdirirlər, həm də özünəməxsus ifadə ilə danışırlar, eləcə də məlum təsiri yaradırlar. Bütün bunlara görə onlar da digərləri kimi ideal yaradılmışlardır, eyni yaranma qanunlarına və tənqidin müəyyənləşdirdiyi eyni qaydalara tabedirlər; onlar bütün sənət əsərləri sırasında ayrıca bir qrupu təmsil edirlər və bəzi məlum məhdudiyyətlərlə əvvəllər onlardan kənarda aşkar edilmiş həqiqətlər onlara da aiddir.

 

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Dalğalan, ay-ulduzlu, al qırmızı Türkiyə bayrağı. Türk dünyasının birlik rəmzi! 1936-cı ilin Avqustu! Türkün var olan günü!

Türkiyə Cümhuriyyətinin şanlı tarixində bir çox önəmli gün və bayramlar var. Bunlardan biri 30 avqust Zəfər bayramıdır. Bu bayram şanlı türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir. Türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qəti mübarizə aparmış, humanist bəşəri dəyərləri həmişə özünə ideal seçmiş və onların uğrunda ölümdirim savaşına qalxmışdır. Bu savaşlar gedişində 50 milyondan artıq şəhid vermiş türk milləti hər dəfə tarixə yeni səhifələr yazmışdır. Bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır.

O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər. Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb.

Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. Hər il avqustun 30-da qeyd olunur. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) anmaq üçün qeyd olunan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qutlanıb. Rəsmi olaraq Zəfər bayramı 1936- ci ilin may ayında elan olunub.

Zəfər bayramı günü bütün ölkədə təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edib, Mustafa Kamal Atatürkə, silahdaşlarına, bütün əsgərlərin ruhuna dualar oxuyurlar. Bütün şəhərlərdə hərbi birliklər nümayiş keçirirlər, bundan başqa səfirliklərdə mərasimlər təşkil olunur. 30 avqust Türkiyədə rəsmi tətildir, hər il Quru Qoşunları Hərb Məktəbində məzun buraxılışı olur, zabit rütbələri məhz bu gün verilir. Bu gün Türkiyə, Kıbrıs ilə yanaşı, çiyin-çiyinə qardaş Azərbaycan da Zəfər bayramını böyük sevinc hissilə qeyd edir.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.