Super User
Musiqili Teatr mövsümü “Sən elə bir zirvəsən” adlı tamaşa ilə açacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 114-cü mövsümü Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” tamaşası ilə açacaq.
Teatrdan verilən məlumata görə, tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Sentyabrın 15-də nümayiş olunacaq musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.
Xatırladaq ki, ilk dəfə Ümummilli Liderin doğum günündə Musiqili Teatrın səhnəsində nümayiş etdirilən bu tamaşa daha sonra Gəncə və Şəki şəhərlərində də uğurla təqdim olunub. Kollektiv bu layihə ilə Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində də çıxış edəcək.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
Tətil “Oskar”ı da haqladı
ABŞ Kino Akademiyası fəxri “Oskar” mükafatlarının təqdimat mərasimini təxirə salıb.
Xarici KİV xəbər verir ki, ssenaristlər və aktyorların tətili səbəbindən mərasim 2024-cü ilə keçirilib.
Fəxri mükafatların qaliblərinin aktrisa Ancela Basset, rejissor, ssenarist və prodüser Mel Bruks, redaktor Kerol Littleton və Sundance İnstitutundan Mişel Satter olacağı bildirilib.
Qeyd edək ki, mükafatları təqdim edən qurumun məlumatına əsasən, bu proseslə bağlı mümkün dəyişikliklər olduğu təqdirdə mediaya ümumi məlumat veriləcək.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
MUSİQİ BƏLƏDÇİSİ - “Al məndən gülüşlərini…”
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Hər bir dövrdə baş verən hadisə və yeniliklərə uyğun olaraq ədəbi və incəsənət cəhətdən fərqliliklər yaranır. Müxtəlif musiqi zövqlərinə aid müsiqi növləri yaranmışdır. Məsələn: klassik, caz, pop, hip-hop, rock and roll və s.
Müasir dövrdə də bu belədir. Gənc təbəqə adətən pop, rep, bəziləri də klassik musiqi dinləyir. Ayrılıq, sevgi, hərbi intizar və s. mövzulu musiqilər dinlənilir. Nisbətən yaş almış təbəqə isə klassik və XX əsr musiqilərini üstün tutur. Ölkəmizdə yerli, türk, rus, ingilis, fransız və s. dillərdə olan müsiqilər dinlənilir.
Mən isə klassik musiqiyə üstünlük verirəm. Akif İslamzadə ("Ala gözlüm"), Eyyub Yaqubov ("Əzizim"), Kərim Novruzov ("Günahkar Mavi Xəzərdir"), Rəşid Behbudov ("Nazəndə sevgilim"), Hüseynağa Hadıyev ("Al məndən gülüşlərini") kimi musiqilərin vurğunuyam.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
Filarmoniya növbəti mövsümün anonsunu etdi
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası növbəti yaradıcı mövsümlə tamaşaçıların görüşünə gəlir.
Filarmoniyanın yaydığı məlumata görə, yay aylarında böyük tədbirlər planı hazırlamış, onları yüksək səviyyədə təqdim etmək üçün dayanmadan çalışan kollektivlər və inzibati işçi qrupu çoxsaylı festival və müsabiqələr, beynəlxalq və yerli layihələrə imza atmağa hazırdırlar.
Azərbaycan Dövlət Akademik Filarmoniyası və Kamera Orqan Musiqisi Zalında keçiriləcək tədbirlərdə müxtəlif solo konsertlər, eyni zamanda, yaradıcılıq gecələrin təşkili planlaşdırılır.
Filarmoniyanın nəzdində fəaliyyət göstərən çoxsaylı kollektivlərin hər birinin xüsusi konsert repertuarları daha da genişləndirilib, eləcə də ifaçı tərkibi yenilənib.
Yeniliyə daim açıq olan Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəhbərliyi gənc ifaçıları da unutmur. Təcrübə ilə müasirliyin tandeminə əsaslanan layihələrə dəstək olmaqda davam edərək səhnəni daim gənc, yaradıcı nəsil nümayəndələrinə həvalə etməyə hazırdır.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
Adil Kərimli moldovalı həmkarı ilə görüşüb
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
3-9 sentyabr tarixlərini əhatə edən səfər çərçivəsində mədəniyyət naziri Adil Kərimli sentyabrın 6-da Moldova Respublikasının mədəniyyət naziri Sergiu Prodan ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Görüşdə iki ölkə arasında mədəni əlaqələrin mövcud vəziyyətinə nəzər salınıb, bu sahədə gələcək əməkdaşlığın daha geniş potensiala malik olduğu vurğulanıb.
Sergiu Prodan gələn il Azərbaycanda Moldova mədəniyyəti günlərinin keçirilməsi təklifi ilə çıxış edib. Bu təkliflə bağlı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
Bakıda 6-cı “Animafilm” festivalı davam edir
DAHA GENİŞ
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyası və “Peri Film” MMC-nin təşkilatçılığı ilə 6-10 sentyabr tarixlərində Bakıda 6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı festivalın ilk günü barədə geniş icmalı təqdim edir.
Sentyabrın 6-da Nizami Kino Mərkəzində festivalın açılış mərasimi oldu.
“Qadın haqları” mövzusuna həsr olunan builki festivalın tərəfdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Çexiya və Fransanın ölkəmizdəki səfirlikləri, Azərbaycandakı Fransız İnstitutu, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı, “Shahmaran Metaceramica”, “Gender Hub Azerbaijan” və digər qurumlardır.
Açılış tədbirində Mədəniyyət Nazirliyinin nümayəndələri, ölkəmizdən və xaricdən kino xadimləri və kinosevərlər iştirak edirdi.
Əvvəlcə festivalın treyleri nümayiş olundu.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyətin bütün sahələrində olduğu kimi, auidovizual sahənin də inkişafına xüsusi önəm verilir. Həyata keçirilən islahatlar, 2022-ci ildə dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması müasir çağırışlara cavab olaraq milli kinematoqrafiyanın yeni inkişaf perspektivlərini müəyyənləşdirir: “Qarşımızda duran əsas vəzifələrdən biri zəngin milli kino ənənələrini daha da inkişaf etdirmək və dünyaya yeni açılım etməkdir. Həmçinin kinematoqrafiyanın müasir təbliğat və təşviqat potensialını, mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi mədəni diplomatiyanın rolunu nəzərə alaraq ölkəmizdə dayanıqlı, müasir kino sənayesini yaratmaqdır. Hazırda yeni mədəniyyət konsepsiyası üzərində iş gedir. Konsepsiyada kino sənayesinin inkişafı üçün əlverişli mühitin yaradılması məsələləri əksini tapacaq”.
Animasiyanın kino sənayesinin müstəqil qollarından biri olduğunu vurğulayan nazir müavini ölkəmizdə bu sahənin də sənayeləşməsi, kommersiya baxımından cəlbedici olması, dövlət-özəl əməkdaşlığı kontekstində onun inkişafının təmin edilməsinin qarşıya məqsəd qoyulduğunu dedi.
Festival haqqında məlumat verən Səadət Yusifova bildirdi ki, festivala 46 ölkədən ümumilikdə 174 film daxil olub. Seçim komissiyası müsabiqə proqramı üçün 13 ölkədən 39 film qəbul edib: “Hər il olduğu kimi, builki festival günlərində də tamaşaçılar yaxın-uzaq ölkələrdən təqdim edilən onlarla müasir animasiya filmi ilə tanış olmaqla yanaşı, bu sahənin peşəkarları ilə fikir mübadiləsi apararaq ustad dərslərində iştirak etmək imkanı qazanacaqlar. Ümid edirik ki, artıq ənənə halını almış bu festival dünyanın ən nüfuzlu animasiya festivalları sırasında özünəməxsus yer tutacaq, ölkəmizdə animasiya sənətinin inkişafına və populyarlaşdırılmasına töhfə verəcək”.
Nazir müavini çıxışının sonunda festivalın işinə uğurlar arzuladı.
Daha sonra İsveçrə Konfederasiyasının Azərbaycandakı Səfirliyinin nümayəndəsi Alberto Hernandez, Niderland Krallığının ölkəmizdəki səfiri xanım Paulin Eizema və “Oscar” mükafatlı Niderland əsilli kinorejissor Maykl Dudok de Witt çıxış edərək festival haqqında fikirlərini bölüşdülər.
Çıxışlardan sonra rejissor Nəzrin Ağamalıyevanın İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Cənubi azərbaycanlı Hədis Nəcəfi haqqındakı “Hədis”, isveçrəli rejissor İzabel Favezin “Hava poçtu” (Air Mail), niderland əsilli rejissor Maykl Dudok de Wittin “Ata və qız” (Father and Daughter), gürcüstanlı rejissor Ana Çubinidzenin müsəlman aləmində qanunverici orqana demokratik yolla seçilmiş ilk müsəlman (azərbaycanlı) qadın millət vəkili Pərixanım Sofiyeva haqqında “Pərixanım Sofiyeva” filmləri, həmçinin “Alove” animasiya studiyasının “Sehrli xalça” animasiya filminin treyleri nümayiş etdirildi.
Sonda 6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalının 1-ci günü ilə bağlı videoçarx təqdim edildi. Bildirək ki, bu il festival tamaşaçılara müsabiqə, müsabiqədənkənar və peşəkarlar olmaqla üç əsas proqram təqdim edəcək. Filmlər 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə yarışacaq. “Ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə 11, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” üzrə 10, “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” üzrə 8, “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə isə 10 film proqrama salınıb. Filmlər iki münsif heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.
Festivalın ümumi mükafat fondu 2300 ABŞ dolları təşkil edir. Bundan əlavə, qaliblərə xüsusi keramik heykəlciklər təqdim olunacaq. Yerli kateqoriyanın qalibi, hər il olduğu kimi, bu il də Fransada keçirilən “Annecy” Beynəlxalq Animasiya Film Festivalında iştirak haqqı qazanacaq. Həmçinin İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramının xüsusi mükafatı da nəzərdə tutulur. Mükafatın fondu festivalın bilet satışından əldə etdiyi gəlirdən formalaşacaq. Qeyd edək ki, festival çərçivəsində Nizami Kino Mərkəzində 20-yə yaxın tədbirin keçirilməsi və 60-dan çox animasiya filminin nümayişi nəzərdə tutulub.
Festivalın bilet satışlarından əldə olunacaq vəsait gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq.
Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.
O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
“Bu ay üçünsə oxucular sürpriz bir kitabımla tanış olacaqlar…”
Əməkdaşımız Heyran Zöhrabova Qonaq otağında oxucularının müasir Azərbaycan ədəbiyyatının "Parlaq Günəşi" adlandırdığı yazıçı, tərcüməçi, publisist və hazırda naşir və psixoloq kimi də fəaliyyət göstərən Ülviyyə Tahirlə söhbətləşir.
-Ülviyyə xanım, bizə bir qədər yaradıcılığınızdakı yeniliklər barəsində məlumat verə bilərsinizmi ? Bu yaxınlarda oxucularınızı sevindirəcək planlarınız varmı ?
-“Şükriyyə Taleyim" romanından sonra bir sıra tarixi əsərlər yazıldı. Noyabrda onlardan biri çap olunacaq. 1918-ci il mart soyqırımına həsr olunan bu roman uzun və ağır araşdırmalardan sonra meydana çıxıb. Bu ay üçünsə oxucular sürpriz bir kitabımla tanış olacaqlar.
-Maraqlıdır, görəsən, sevimli yazarımızın özünün mütaliəsi hansı yöndədir ?
-Hazırda həm yazıçı, həm naşir, həm də psixologiya sahəsindəki fəaliyyətimə görə saysız kitablarla tanış oluram. Yazıçı kimi bütün yeni çıxan kitablardan və tendensiyalardan xəbər tutmaq, naşir kimi çap edə biləcəyimiz əsərləri seçmək və psixoloq kimi isə bilgilərimi daha da artırmaq məqsədi ilə mütaliə edirəm. Bu hər gün, hər saat kitab, bilgi və informasiya ilə təmasdı.
-Bəs, siz gənclərə daha çox hansı əsərləri oxumağı məsləhət görərdiniz?
-Gənclərə daimi mütaliəni tövsiyə edirəm. Çünki beynimiz yeganə orqanımızdı ki, informasiya ilə qidalanır, əgər onun üçün faydalı olanı seçməsək, təmin etməsək o öz istədiyini hər yerdən, hətta məişətdən olsa əldə edəcək. Bu baxımdan onun üçün informasiyanın keyfiyyətindən daha çox, yeniliyi mühümdür. Ona görə də mütaliə çox vacibdir.
Bədii əsərlərin mütaliəsi bizim xəyal dünyamızı, elmi kitablar dünyagörüşümüzü inkişaf etdirir. Bu mütaliə paralel aparılanda ortaya intelektual bazası olan və eyni zamanda özünü ifadə etməyi bacaran şəxslər çıxır. Elə bu prinsip kifayətdir ki, gənclər nələri oxumağın vacibliyini sezə bilsinlər. Adətən, dəqiq hansısa kitabları tövsiyə etmirəm, çünki bu tamamilə zövq və daha çox nələrə ehtiyacımızın olmasından qaynaqlanan bir məsələdir.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Milli Kitabxanasında olub
Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti sentyabrın 7-də Çin Milli Kitabxanasını ziyarət edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Kitabxananın kitab fondu, nəşrlərin qorunması, oxuculara xidmət prosesi və burada fəaliyyət göstərən muzeylə tanışlıq olub.
Direktor xanım Çen Yin qonaqlara kitabxananın fəaliyyəti haqqında nümayəndə heyətinə məlumat verib.
Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası ilə Çin Milli Kitabxanası arasında əməkdaşlıq əlaqələri mövcuddur.
Azərbaycan Milli Kitabxanasında iki kitabxana arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədə əsasən, Azərbaycan Milli Kitabxanasında Çin daimi guşəsi yaradılıb. Çin Milli Kitabxanasında da Azərbaycan daimi guşəsinin yaradılması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)
Tanınmış publisist Flora Xəlilzadə “Şöhrət” ordeni ilə təltif olunub
F.F.Xəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Fətula qızı Xəlilova “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 sentyabr 2023-cü il