BİRİ İKİSİNDƏ – Nigar Arifin özüylə söhbəti və şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Nigar Arifin özüylə söhbəti və şeirləri təqdim ediləcək. Nigar Arifin zəriflik və saflıq yağan şeirlərini kim bəyənməz ki?

 

 

Öncə özüylə söhbəti…

 

Hərdən hansısa bir həqiqətin altından stulu dartmaq istəyirəm ki, yerə dəysin… Hərdən də eşitdiyim yalanların qulağından tutub küncə qoymaq istəyirəm…q oy günahlarını başa düşsünlər… Əslində, özüm də fərqindəyəm, qəribə istəklərim var….

İçimdəki uşaq elə hey o tərəf-bu tərəfə qaçır, hələ də şıltaqdır, nə qədər “yoruldum” deyirəm, gülüb dil çıxarır… Bu “qaçdı-tutdu” oyunlarında həyata “mən qalib gələcəm” deyir. Bəzən əhvalım pozulub kədərlənəndə bir də baxıram, yoxa çıxıb, başlayıram axtarmağa o uşağı. Baxıram ki, bu dəfə də hansısa ümiddən boylanır, sən demə, darıxıbmış, indi də “gizlənpaç” oynamaq eşqinə düşüb. Nə vaxt əlimə kitab alıb oxuyuram, başlayır fikirlərimi dartışdırmağa ki, onlar da danışsınlar… Hə, mən heç vaxt dəcəl olmamışam, ancaq bu uşaq mənə oxşamayıb, ya da uşaqlığımda mən ondan qaçmışam, indi də qovalayıram… Bəzi gecələr başımı yastığa qoyanda bir də görürəm bütün fikirlərimi, xəyallarımı, duyğularımı toplayıb orduyla gəlib yenə…

Səhəri gün stolumun üstündə bir qələm olur, bir də vərəq, oxuyub “pis şeir deyil haa” – deyərək mənə göz vurur… 

 

P.S. Bəs siz nə deyirsiz, necə şeirlərdir, pis deyil ki?

 

 

...və şeirləri

 

 

XATİRƏLƏR OTAĞI

 

Bilmirəm neçədi saat,

necə keçib vaxt.

Oturmuşam beləcə,

sakitcə, kirimişcə,

quzu balası kimi,

səhərdən oturmuşam

fikirlərin içində,

yandırıram özümü.

Əlimdəki siqaret

tüstüsündən karıxır.

Əlimin altındakı

külqabı da elə bil

qaçmağa yer axtarır...

Tütün-tütün fikirlər

boylanır başım üstdən

Yanan odu, yoxsa mən?

Ürpənirəm qəfildən,

dodağımda can verən

siqaret kötüyündən

bu kibrit bədənimdən.

Yanan kimdi, İlahi?

kimdi, kimdi, görəsən?

közərir varaq-varaq,

tökülür sətir-sətir

gözümdəki güzgüdən.

Çılpaqlaşır bu güzgü,

soyunur yavaş-yavaş,

Pərdələr arxasında

xatirələr otağı

oyanır yavaş-yavaş...

Açılır pəncərələr,

açılır bircə-bircə.

hardasa xəyalların

gizlənpaç oynadığı

o qocaman dalanda

yaddaşımdan asılmış,

yel vurduqca yellənən,

ağlımın kəsmədiyi

toz-dumanlı səhnələr...

O səhnələr içindən

uçur kəpənək kimi,

bir eşq uçur, hey uçur,

uçub qonur çiynimə,

çiynimdən ürəyimə,

atır özünü oda...

Hələ o cavan eşqin

qolları arasından

asta-asta sürüşüb

görüşlər düşür yada...

Sərçə öpüşləriylə

cilvələnir duyğular,

o gizlin, nəşə dolu,

o saf, körpə qayğılar...

İsti təbəssümlərə

bürünür vüsalımız.

Bir yastığın ucunda

toxunur sabahlara

arzumuz, amalımız...

Bir bulud ömür keçir,

yağış kimi sellənir,

üst-başıma çilənir.

Bir gün gəlir, ayrılıq

gözlərimdən su içir...

Bir ömür bulud keçir...

Görüşürük nə vaxtsa,

salam da vermirəm heç,

qürurum üstələyir.

Ürəyimdə nə varsa,

yanıb-yanıb eləcə

əlimdə tüstüləyir...

 

 

GEDƏK ÜZÜ KÜLƏYƏ?

 

Ay mənim dünənim, bugünkü günüm,

Sevəndən küsməzlər, başına dönüm.

Puldan da kəsərlər, çörəkdən də adamı,

Ümiddən kəsməzlər, başına dönüm...

Təəssüf bürüyüb dörd bir yanımı,

Ağlımdan keçənə şübhə asırsan.

Sözlərim sinəmdən daşır çay kimi,

Divar dilə gəlir, sənsə susursan...

Hay-haray içində fikirlər keçir,

İncik baxışların dönmür səs-küyə.

Heç bilmirəm nə deyim,

xoşuna gəlsin deyə,

Daha bəsdir, əzizim,

Dur əlini ver mənə,

Bunca uşaqlıq niyə?

Yadındadı o mahnı?

“Gedək üzü küləyə...”

Gedək üzü küləyə?..

 

 

BİR QUCAQ ŞEİR

 

Tənha adamlar tez üşüyür, bilirəm,

Bir qucaq şeirim var odun əvəzi...

İstəməzsən? Bəlkə, isidə bildi

Don vurmuş ürəyini... 

Tənha adamlar tez üşüyür, bilirəm,

Bir stəkan çay, bir az musiqi.

Bir də belə soyuq havada,

şeir olur yalnızların şirniyyatı, çərəzi...

Tənha adamlar tez üşüyür, bilirəm,

Bölüşməyə söhbət gəzir arada.

Dindirməyə kimisə axtaranda

Şeir olur ən doğması, əzizi...

Tənha adamlar tez üşüyür, bilirəm,

Bilirəm...

 

 

NİGARAN

 

Nəsə tikan üstə, nəsə narahat,

bir hiss var elə bil daşlı, qayalı.

ürəyin içində durub farağat

görən, neyniyirsən soruşmayalı?

çoxdandı işinə qarışmayalı,

o gözlər yolumu gözləyirmi heç?

Darıxıb yol çəkir, de, axtarırmı,

ya kəsib ümidi barışmayalı?

Bəlkə də fikrindən qovmusan məni,

Dözməyib yuxuna gəlmişəm sənin,

Bəlkə də, çox olub güldürənlərin,

Bircə mən qalmışam kədərin, qəmin...

Qəlbində hələ də varmı mənə yer,

Unudub bu eşqi, yoxsa ki sevir?

Ayrılıb o gündən küsəndən bəri,

Bir də bu sevgidə yarışmayalı.

Nələrsə dəyişib görüşməyəli,

Nələrsə eynidi soruşmayalı?

Mən də ki... mənəm də ...nə vecimədi?

Bütüncə arzumu pay saxlamışam.

Nə vaxtdır bir kəlmə danışmasaq da,

Hər gün xəyalını qucaqlamışam...

Mən də ki... mənəm də... həmişəki mən...

Yox, sərxoş deyiləm, yox, içməmişəm...

Həmin küçədəyəm, həmin evdəyəm...

Dönmək istəmirsən? Gecikməmisən...

 

 

TƏSƏLLİ

 

Ölmürəm... yaşamaq yenə gözəldi,

Hər yada düşəndə xatirəmizin

tutub uşaq kimi yanaqlarını,

təbəssüm toxunan dodaqlarını,

üzünü oxşamaq yenə gözəldi...

Uzun saçlarına bənzər gecədə,

Ayaq izlərinə həsrət küçədə

Dönərkən qaranlıq, sənsiz keçidə,

Nə qədər əzablı, çətin də olsa,

Əhvalım pozulsa, bənizim solsa,

Səbrimin sonuncu kasası dolsa,

Qırıq ürəyimdə təmiz su kimi

Sevgini daşımaq yenə gözəldi.

Ayrıldıq... taleyin qisməti də...

Üzüntü çox eşqin isməti də ...

Dünya dağılmadı, yer dəyişmədi,

Kədərdi, qüssədi, olan işdi də ...

Ölmürəm... yaşamaq yenə gözəldi...

Hərdənbir qarşıma çıxanda, əşi,

“balaca şəhərdi, təsadüf” deyib,

o ötən yaramı deşib qaşımaq,

lap elə kafede bugünkü kimi,

içib ta ürəkdən gülənə qədər,

səni yaddaşımdan silənə qədər,

axır öz qədrimi bilənə qədər,

gözüm doyanacan göz yaşlarımdan,

qəlbimdən sən boyda dərdi boşamaq

bəlkə, öləndə də səni yaşamaq,

yenə gözəldi... yenə gözəldi...

 

 

YAXŞI YOL

 

Məni sevmirsənsə, sevmə, əzizim,

Qınaya bilmərəm, canın sağ olsun.

Əzəldən qaraymış bəxti bu eşqin,

Nə deyim, yaxşı yol, üzün ağ olsun...

 

Mənim nəyim var ki, bir ürək sevgim,

Sənə dünyaları verə bilmərəm.

Quru məhəbbətim asan alışar,

Yaş edib önünə sərə bilmərəm.

 

Gözlərim yoluna dikilməz daha,

Dəyişər fikrini, çatar bir zaman,

Töküb həvəsini o dar ovcuna,

Tum kimi çırtlayıb atar bir zaman...

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.