Super User
Aşıq Avdının doğum gününə
“Ədəbiyyat və incəsənət” portalı “Qazax Xeyriyyə” İctimai Birliyinin mətbuat katibi Səbinə Yusifin Aşıq Avdı Musayevin doğum gününə həsr etdiyi yazısını təqdim edir.
Bu gün hamımızın əzizimiz, mahalımızın sevilən Aşığı Avdı Musayevin doğum günüdür.
“Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, Qazax mahalının ziyalıları doğum günü münasibətilə Aşıq Avdını təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır.
Aşıq Avdı 49 yaşını tamamladı. Gələn il onun 50 yaşı tamam olacaq. "Qazax" Xeyriyyə İctimai Birliyinin tədbirlər planına əsasən noyabr ayında yazıçı-publisist, uzun illər "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbu orqanı olan "Dəli Kür" qəzetinin redaktoru olmuş Fəridə Ləmanın 70 illik yubileyi, gələn il Rafail İncəyurdun 70 illik və Aşıq Avdı Musayevin 50 illik yubileyləri keçiriləcək.
"Qazax" Xeyriyyə İctimai Birliyinin və Qazax RİH-nin birgə tədbirlər planına əsasən Fəridə Ləmanın, Rafail İncəyurdun, Avdı Musayevin yubileyləri həm də Qazax rayonunda keçiriləcəkdir.
Var olsunlar elimizi, obamızı ucaldanlar.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Yunus Oğuzun yeni kitabı işıq üzü görüb
Yazıçı - publisist, tarixi romanlar yazarı Yunus Oğuzun yeni kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müəllifin müxtəlif illərdə yazdığı felyetonları “Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir" bölümü, esseləri isə "Mən Şuşada yazıram" adı ilə nəşr edilib.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
“Təbiətimizin sovqatı” müsabiqəsinə əsər qəbulu davam edir
“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir.
Yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-na qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.
Ölçü və texnika sərbəstdir. Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.
Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. Seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.
Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Sumqayıtlı Səbinə Feyzullayeva İlin Tələbəsi oldu
Növbəti 2022-2023-cü təhsil ili arxada qaldı və Azərbaycan Universitetləri üzrə 2023-CÜ İLİN TƏLƏBƏSİ elan edildi. Bu, həmişə hər işdə öndə getməsinə alışdığımız Sumqayıt şəhərinin sakini Səbinə Feyzullayevadır.
“Ədəbiyyat və incəsənət” portalı “Azərbaycan Universitetləri” sosial şəbələ səhifəsinə istinadən xəbər verir ki, 4 yaşında səlis oxumağı və yazmağı bacaran, 5 yaşında ingilis dilini öyrənməyə başlayan vunderkind Səbinə Feyzullayeva Azərbaycan Tibb Universitetini 98,21 balla bitirib.
O, 6 il öncə Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla ATU-nu seçib. Prezident təqaüdçüsü olub və 6 il ərzində ən yüksək akademik göstəricilərlə Prezident təqaüdü statusunu özündə saxlamağı bacarıb.
Səbinə Feyzullayeva iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.
Təbrik edirik! Qürur duyuruq!
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Qazaxıstanın folklor və rəqs ansambllarının Şəki festivalında çıxışı maraqla qarşılanıb
TÜRKSOY MUSİQİÇİLƏRƏ HƏDİYYƏLƏR TƏQDİM EDİB
Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı üçüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir. Və festival barədə sizləri məlumatlandırırıq.
Festival çərçivəsində iyulun 5-də “Marxal” kompleksinin Yay Teatrında Qazaxıstan Respublikasının Ükili Ibıray adına Akmolin vilayət filarmoniyasının “Aynakol” folklor və “Qəkku” rəqs ansambllarının konserti olub. Bu barədə AzərTAC-ın bölgə müxbirinin xəbərində deyilir.
Konsert başlamazdan əvvəl Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Türkiyənin Safranbolu bələdiyyəsinin sədri xanım Elif Köseyə festivalın xatirə hədiyyəsini təqdim edib.
Konsertin əvvəlində məlumat verilib ki, Qazaxıstanın Akmolin vilayətinin ən parlaq musiqi kollektivlərindən olan “Aynakol” folklor ansamblı 2004-cü ildə vilayət filarmoniyasının bazasında yaradılıb. Ansambl istedadlı və peşəkar musiqiçilərdən ibarətdir. Kollektivin özünəməxsus bədii üslubu, ifa tərzi, zəngin və orijinal repertuarı var. “Aynakol”un qastrol xəritəsi də zəngindir. Almaniya, Türkiyə, Çin, Tayvan, Rusiya, Baltikyanı ölkələrin dinləyiciləri ansamblın yaradıcılığından zövq alıblar. Ansambl 2005-ci ildən başlayaraq bir çox beynəlxalq festivalların, müsabiqələrin iştirakçısı və laureatıdır.
Həmçinin diqqətə çatdırılıb ki, Akmolin vilayətinin incisi olan “Qəkku” rəqs ansamblı 2007-ci ildə Mədinə Tleulina tərəfindən yaradılıb. Kokşetau şəhərində yeganə peşəkar xoreoqrafiya qrupu olan ansamblın 2008-ci ildən daimi rəhbəri Gülmira Ordabayevadır. Ansamblın heyətini təcrübəli rəqqaslar təşkil edir. Kollektiv peşəkar rəqs ansamblı, eyni zamanda, Kokşetau rayonunun mədəniyyət kollecinin xoreoqrafiya şöbəsinin məzunlarını öz sıralarına cəlb edir.
“Qəkku”nun əsas missiyası rəqsə məhəbbəti aşılamaq və bunun vasitəsilə nəinki qazax mədəni irsini, həmçinin dünya xalqlarının rəqslərini öyrənməkdir. Ansamblın repertuarı çox zəngin və rəngarəngdir. Repertuara incə bal rəqsləri və nəfis tarixi əsərlər, xalqın alovlu ritmləri, oynaq estrada rəqsləri, vətənpərvərlik mövzusunda hərbi tamaşalar və unudulmaz rəqs kompozisiyaları daxildir. Ansambl, həmçinin klassik əsərlərin musiqisi üzərində qurulmuş bir çox xoreoqrafik kompozisiyalar nümayiş etdirib. Əllidən çox tamaşası olan kollektiv çoxsaylı mükafat və nailiyyətləri ilə seçilir. Ansambl Qazaxıstanın mədəni irsinin təbliğatçısı kimi, bir çox yerli, respublika əhəmiyyətli və mötəbər beynəlxalq festival və müsabiqələrin iştirakçısı və qalibi olub.
“Aynakol” folklor və “Qəkku” rəqs ansambllarının çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kollektivin rəhbəri xanım Nurgul Şaikenovaya festivalın simvolunu təqdim edib. Eyni zamanda, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı tərəfindən folklor və rəqs ansambllarının rəhbərlərinə xatirə hədiyyələri təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Bu gün Akif Səmədin anım günüdür
Azərbaycan poeziyasından bir Akif Səməd də keçib. 2004-cü il iyulun 6-da vəfat edib bu gözəl şairimiz. Kulis.az Ulucay Akifin atası Akif Səmədin anım günü münasibətilə yazdığı "Atamın öldüyü gün" yazısını təqdim edib. “Ədəbiyyat və incəsənət” yazını oxucularına təqdim edir, Akif Səmədə “Allah rəhmət eləsin” deyir.
Bu gün atamın öldüyü gündür. Yəni ən çox ağladığım gün.
Həmin gün həmişə mənimlədir. Hər yerdə, hər an... Ən xoş günümdə belə...
Qardaşım, bacılarım... Cizgi filminə baxırdıq o gün. Anam bazardaydı.
Ev telefonumuza zəng gəldi.
Dəstəyi qardaşım götürdü...
Qardaşımın üzü... O ifadə... "Papa ölüb, gətirirlər" – dedi.
Bacılarımın təlaşı...
Özümü xatırlamıram.
Balaca idik, bapbalaca...
"Ölməyib, yalan deyirlər"
"Bəlkə, kimsə zarafat eləyir?"
"Mama gəlsin, biləcəyik də…"
Həmin cizgi filmini də xatırlayıram: "Casper" – ruh haqqında cizgi filmi.
19 il...
Dördbucaqlı stolun baş tərəfində həmişə atam oturardı. O gündən sonra masadakı yeri boş qaldı. Heç vaxt onun yerində oturmadıq.
İşlətmədik, işlətmədik, televizorumuz da xarab oldu.
Bir dəfə unutdum, atamın yerində oturdum, bacım yaman əsəbiləşdi, üstümə qışqırdı… Sonra o biri bacımı çağırdı. Böyük bacım aranı sakitləşdirdi.
Bir müddətdən sonra anam qardaşıma dedi ki, keç otur atanın yerində. Qardaşımı atamın yerində görüncə sevindim.
Əvvəl atam tez-tez yuxuma girirdi. Həmişə mənə yol göstərirdi. Mən də onun məsləhətlərinə uyğun qərar verirdim, sözləriylə toxtayırdım.
Çoxdandır, atam yuxuma gəlmir. 10 il olar… Niyə belə edir, bilmirəm.
Və mən onun üçün darıxıram...
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
18 min unsiya qızıl, 42 min unsiya gümüş!
Qiymətli metallar gözəllik mənbəyi hesab edilir. Bu dəfə Açıq portfeldəki statistika onlar barədə olacaq. Mənbə “AzərGold” QSC-dir.
Bu ilin ilk 6 ayı ərzində Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdə aparılan hasilat işləri nəticəsində ümumilikdə 18 min unsiya qızıl, 53 min unsiya gümüşün istehsalı həyata keçirilib.
Qızıl hasilatı plandan 3 faiz, gümüş hasilatı isə 53 faiz artıq yerinə yetirilib. Hesabat dövründə 18 min unsiya qızıl, 42 min unsiya gümüşün dünya birjasında satışı təmin edilib. Qızıl və gümüş ixracı isə müvafiq ardıcıllığa uyğun olaraq plandan 31 faiz və 74 faiz artıq icra edilib. Birinci yarımil ərzində qiymətli metalların daxili və xarici bazarlarda satış əməliyyatları nəticəsində 73 milyon manat gəlir əldə edilib. Bu vəsaitin 61 milyon manatını ixrac gəlirləri təşkil edib.
Birinci yarımildə dövlət büdcəsinə vergi formasında ödənilən vəsait isə 15 milyon manata yaxın olub. Hesabat dövründə təqribən 2 milyon manat DSMF-yə vəsait köçürülüb.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi həbs olunub
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Ağayev Rahim Əlifağa oğlunun qanunsuz əməlləri ifşa olunub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.
Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətlə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə kömək göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşdirilib.
Rahim Ağayevin xidməti otağında axtarış aparılmaqla iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Rahim Ağayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin və cinayətə aidiyyəti olan şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Günün fotosu: Taliblər qadın salonlarını bağlayırlar
Günün fotosu: Taliblər qadın salonlarını bağlayırlar
Öncələr əfqan qızlarına məktəbə getmək, qadınlarına bir çox sahələrdə çalışmaq, yanlarında kişi olmayanda səyahət etmək qadağan edilmişdi.
İndi isə Talibistan hökuməti qadın gözəllik salonlarının bağlanılması göstərişini verib. Bu həm ölkə daxilində, həm də xaricdə böyük narazılıqlar yaradıb.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)