Super User
BİRİ İKİSNDƏ – Taleh Mansurun İbrahim İlyaslı ilə söhbəti
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə sizlərə müsahibə təqdim edirik, Taleh Mansurun şair İbrahim İlyaslı ilə müsahibəsini.
“QƏLƏMİMİN BEŞİYİ O MÜRƏKKƏBQABIDI…”
Sizin də məhləyə yağış yağırmı,
Sular söyləşirmi navalçalarda?
Ala gözlərinə qonan buludun
Neçə yaşı olur bu son baharda?
Son bahara hələ bir az var... Qızmar yay günlərinin birində bu dörd misranın sərinliyinə sığınıb Bakıdan Sumqayıta – şair İbrahim İlyaslı ilə müsahibəyə gedirəm. Görüş yerimiz Əli Kərim adına Poeziya evidir...
Həmişə olduğu kimi, yol boyu müsahibə öncəsi yazacaqlarımı düşünürəm. Yol üstə doğulan fikirlərin mənzili yaxın, hədəfi uzaq olar. Ürəyim doludu, fəqət ürəyin karvan yükünü cümləyə çevirmək çətinliyini çəkirəm. Çox çəkmir bu çətinliyin cəfası. Şairin şeiri çatır köməyimə. Nə yaxşı ki, şeir var, adamın əlindən tutur. Ürək tutan bütün misralar adamın əlindən də tutur. Fürsət bilib düşüncələrimi bu dörd misra ilə əhatəyə alıram. Qara düşüncələrin başının üstünü Çingiz xanın uğur buludlarına – ağ buludlarına bənzər buludlar alır. Düşüncəm ağ günə çıxır. Bir də baxıram ki, düşüncəmə şıdırğı yağış yağır. Göy çəmənin ot üstə doğulan çiçəkləri kimi şeir cümlələr doğulur kağızın ağ sinəsində. Şairi ya şeir misraları tərif edər, ya da şeir cümlələr. İbrahim İlyaslı, sözsüz, şairdi, eyni zamanda sözlü şairdi, sözün əsl mənasında. Niyəmi? Çünki əli ürəyinin üstündə sözün qayğısına qalır, sözün başına dönür, sözü şeirə sevərək çevirir. Məncə, onun ürəyi sözün şeir, qələminin yükü qanın mürəkkəb halıdı. Məhz buna görədir ki, qələmindən qopanlar dolanıb ürəkdən keçir, cismlə ruhun arasında qırılmaz bir könül körpüsü yaradır. O körpüdən təkcə oxucuları yox, özü də keçir. Bəlkə də, o, yeganə şairdir ki, hansı şeirini oxusan, onun öz səsində, nəfəsində eşitmiş olursan. Şair öz səsini, nəfəsini qələmə alanda diri misralar doğulur. Ölən ümidlərə, nakam arzulara həyat verən də elə bu misralar olur. Bu mənada İbrahim İlyaslının mübarək misraları özü kimi xeyirxah və təəssübkeşdir. Altmış yaşlı şairlə həmsöhbət olmalıyam. Bilmirəm təsadüfdür, ya nə, son zamanlar yaşı altmışı haqlamış söz adamları ilə həmsöhbət oluram. Allah axırını xeyrə, yaşımı altmışa calasın.
– Sizə şeirdən, sözdən qeyri bircə sual belə vermək istəmirəm. İlk dəfədir ki,
suallarımın bir-birinə bənzəməsindən zərrə qədər də narahatlıq keçirmirəm. Söz
suallarıma İbrahim İlyaslıdan şeir cavablar istəyirəm. Çətin olmaz ki?
– Yaddaşım etibarsızlıq eləməsə, olmaz. Əslində, ömrün altmışına söz suallara şeir
cavablar axtara-axtara gəlib çıxmışam. Gücüm çatan sualları cavablandırmışam, gücüm çatmayan suallar haqda isə, sadəcə, düşünüb-daşınmışam. Axı elə suallar var ki, cavabı yoxdu. O suallar haqda düşünüb-daşınırsan, vəssalam. Misal üçün, bəşəriyyət “Şeir nədir?” sualına cavab tapmaqda acizdi. Sözə, şeirə bağlı suallara cavablar axtararkən gərək bunu da nəzərdən qaçırmayasan. Bu, natamamlıq və ya bilgisizlik deyil, əksinə, qanunauyğunluqdu. Qanunauyğundur ona görə ki, bütün anlayış və məfhumlara sözlə tərif verilir. Sözlə sözə nə cür tərif vermək olar? Amma sual sözə bağlıdırsa, yəqin, onların cavabını bilməmiş deyiləm. Sənin bu söz sualına, dediyin kimi, şeir cavabı verəcəm. Onsuz da şeirdən başqa heç nədə və heç yerdə özümü ürəyim istəyən kimi ifadə eləyə bilmirəm.
Nə baxarsan ağ varağa umudnan,
Görmürsənmi ilham səndən qaçaqdı.
Əlin saza, dilin sözə yatmırsa,
Şair qardaş, demək, ruhun naçaqdı.
Demək, qəlbin qələminlə düz deyil,
Deyəcəyin sağ-əməlli söz deyil.
Görmürsənmi göylər hələ döz deyir,
Qanmırsanmı qara damın alçaqdı.
Niyyətini qat gözünün yaşına,
Sürt üzünü torpağına, daşına.
Bir də dolan, beş də hərlən başına,
Nə bilmişdin, şeir pirdi, ocaqdı.
– Müsahibələrinizin birində oxumuşam, 50 yaşınızda şeir kitabları oxumadığınızı
deyir, az şeir yazmağınızdan şikayətlənirdiniz. On ilə nə dəyişdi?
– Heç nə dəyişmədi, yenə də nəsri daha çox oxuyuram. Qaldı şeirə, şeir kitablarına,
bilirsən, insan bir şeyin mahiyyətini bütövlüklə biləndən sonra heyrətlənməkdə çətinlik çəkir. Heyrət yoxdursa, maraq da azalır. Həm də düşünürəm ki, şeiri özüm də yazıram, burda heyrətlənəcək və çətin nə var ki (gülür). Demirəm poeziyada diqqətimi çəkən heç nə yoxdu. Var, amma çox azdı. Ona görə çağdaş nəsr çağdaş poeziyadan daha çox yeni və maraqlı görünür mənə. Bəlkə də, nəsr oxumaq ehtiyacı onu yaza bilməməyimdən irəli gəlir. Ədəbiyyatı azdan-çoxdan oxuyandan, mahiyyətinə varandan sonra qənaətə gəlirsən ki:
Qələm-dəftər, dörd divar,
Sevinc, qəm, giley-güzar.
Şeir qoşmağa nə var,
Şair olmaq zülümdü.
Yazmağa gəlincə, yenə də az yazıram. Özüm az yazıram deyə, buna haqq qazandırmıram. Çox adam deyir ki, az yaz, saz yaz. Niyə ki? Elə çox yaz, həm də saz yaz. Görünür, az olsun, saz olsun ifadəsi elə qafiyə xatirinə deyim halına gəlib. Bəzən qafiyə olmayan fikirlər belə həqiqəti əks etdirə bilir. Həm də indi şeirin orbitinə, qəbuluna düşmək çox çətindi. Bilmirəm, müqayisəsi caizsə, tutaq ki, ibadətə gedirsən, sən ibadətə o qədər saf, o qədər təmiz, o qədər duru getməlisən ki, etdiyin dualar, ibadətin qəbul olunsun. Bəzən cəmiyyətdə elə şeylərlə qarşılaşırıq ki, kənar durmaq, halal yaşamaq mümkün olmur. Nə qədər qaçsan da, könüllü olmasa da, bu və ya digər şəkildə, cəmiyyətin o çirkablarına bulaşmalı olursan. Misal üçün, adicə bir şey deyim, olur ki, nəyəsə və kiməsə haqsız yerə qəzəblənirsən, könlünə dəyirsən, bunun özü belə insanı pak halından çıxarır. Mən şeiri ancaq təpədən-dırnağa pak olanda yazıram. Bəlkə də, elə buna görə az yazıram...
– Nəqşibəndi müridlərinin dizinin dibində böyümüsünüz. Bu mövzuda sual
verməsəm, İbrahim İlyaslı şeirinin sufi qəlbinə toxuna bilərəm. Nəqşibəndliyin on bir təməl prinsipinin üçüncü – “Vukufi-Kalbi” müddəasının əsas məğzi qəlbə vaqif olmaq, onu oyaq tutmaqdır. Qəlbimizə vaqif ola, onu oyaq saxlaya bilirikmi?
– Öncə onu deyim ki, kimlərsə nəqşibəndliyi elm kimi öyrənir. Nəqşibəndlik, mənə görə, bilgi hadisəsi deyil. Bu artıq fəhmlə, duyğuyla, hisslə bağlı olan bir məqamdı. Elə nəqşibəndi müridləri tanıyırdım ki, çoban idilər. Adam var, irfanla, nəqşibəndliklə bağlı kitablar oxuyur, amma gerçək çoban müridin məqamına çata bilmir. Dediyim odur ki, məsələnin bu tərəfi mənim üçün həqiqət və məqbuldur. Mənim şeirlərimdə də bu təriqətin əsintiləri duyulmaqdadır. Hətta Aftandil Ağbaba bu haqda “Tənhalıqdan təsəvvüfə gedən yol” adlı yazı yazmışdı. Adilə Nəzər altmış illiyimlə bağlı yazısında da bu məqamlara toxunmuşdu. Bunu bir çox ədəbiyyatşünas da duyub yazıbsa, razılaşmaya bilmərəm. Bütün bunlar mənim bilgimdən, məqsədimdən irəli gələn şeylər deyil. O əsintilər təriqət əhlinin nəfəsi ruhuma dəyib deyə, şeirlərimdən boy göstərir. Konkret yozumum belədir. Bunu çox yerdə demişəm, rəhmətlik Mustafa babam bu təriqətin bilicilərindən, müridlərindən idi. Babamgilə çoxlu müridlər gəlirdi. Rəhmətlik Hilal nənəm namaz qılsa da, bu elmə dərindən bələd deyildi. Amma müridlərə yorulmadan qulluq edirdi. Rəhmətliyin bir sözü var idi, Allaha müraciətlə deyirdi ki, bilən bildiyinə ümidlidi, mən də sənə ümidliyəm. Müridlər nənəmə deyirdilər ki, sən etibarlı yerə ümidlisən. Ümid olanda nə olar, gərək etibarlı mənzilə ünvanlansın. Suala gəlincə, insanın düşüncəsi qaranlıq və yuxuludursa, nəinki başqalarının, heç özünün də qəlbinə vaqif ola bilməz. Düşüncən günəşli və ayıq olanda, bütün könülləri öz qəlbin biləndə vaqif olursan öz qəlbinə. Bizi oyaq tutan da, ayıq tutan da qəlbimizdi. Bir də ki mükəmməl cavab almaq üçün bu sualı Məhəmməd Astanbəyliyə ünvanlamaq lazımdı. O, sənin sualını yetərincə cavablandıra bilər. Məhəmməd Astanbəyli yeganə şairdi ki, o təriqəti həm də həyat idealına çevirə bilib. Mənim bir şeirim var, orda belə bir misralar var:
Röyada pir babam sözünü dedi,
Söz demədi, sözün özünü dedi.
Yığma göy üzündən gözünü, dedi,
Yerə şah, göylərə nökərəm indi.
Dərviş olamadım, dərviş misalam,
Ayıbıma koram, ağlıma lalam.
Hörülüb hasarım, qurulub qalam,
Adım İbrahimə şikaram indi.
– Təriqətdən söz düşmüşkən, sufi şeyxi Tapdıq Əmrə deyirdi, madam ki, niyyətin
eşqdir, ən ağır imtahan da onunla olmalıdır. Mənə görə, İbrahim İlyaslının eşqi sözdür. Bəs İbrahim İlyaslıya görə, eşqin-sözün ən ağır imtahanı nədir?
– Eşqin ən ağır imtahanı elə o eşqi yaşamaqdı. Eşq sözü də söz kəlməsi kimi qısadı. Üç hərfdən, üç səsdən ibarətdi. Amma eşqin də, sözün də məğzi-mahiyyəti geniş, ömrü daha uzundu, müdriklər demiş, ölüncədi. Yəni eşqi bu gün duydum, sabah hiss etmədim, vaz keçdim, eşqə nöqsandır. Ümumiyyətlə, şairin ən ağır imtahanı şairliyi müəyyənləşdirən kriteriyalara bağlıdı. Bu imtahan halallıq və azadlığın müaşiqəsində keçir. Bu imtahandan çıxmaq üçün düşüncə və cəsarətin də olması mütləqdi. Aydın məsələdi ki, şeir ilk növbədə duyğu hadisəsidi, ikinci planda dil hadisəsidi. Şairin özünə inamı və halallığı yoxdursa, azad və düşüncəli deyilsə, yazdığı şeirdən bir şey hasil olmayacaq. Sözü şeir halına salıb narahat etməyin də ahı, günahı var. Mən heç bir şairi bu mənada günahkar görmək istəmirəm. Ən sevdiyim və ən ciddi şairlərimizdə belə bir qüsurlu misra, bənd görəndə ağrıyıram. Ürəyimdə deyirəm ki, nə olar, etmə bunu, sən ki bilirsən bunu etmək olmaz. Sadaladığım bütün bu yanlışları özüm etməməyə çalışıram. Şeirlərim var ki, yazıldıqları halına təkrar dönə bilmirəm deyə, yarımçıq qalıb. Əlbəttə, peşəkarlığımdan və təcrübəmdən istifadə edib onu başa çatdıra bilərəm, amma ürək və ağıl deyir ki, etmə!
– Öz ömrünüzün böyük hissəsi Sumqayıta, söz ömrünüzün az qala küllü Sumqayıt
ədəbi mühitinə, daha doğrusu, Əli Kərim adına Poeziya evinə bağlıdır. Bu yaxınlarda “Sizin də məhləyə yağış yağırmı?” misrasıyla başlayan bir şeirinizi dinlədim öz ifanızda. Gördüm ki, Sumqayıtda yazılan şeirləriniz hələ də İncə Dərəsindən, İncə çayından nəm çəkir.
– O sualına bir balaca düzəliş etmək istəyirəm. Mənim yazdıqlarımın tutduğum vəzifəyə heç bir dəxli, aidiyyatı yoxdu. Vəzifə ədəbiyyata xidmət işidi və bunu edirik. 33 ildir ki, poeziya evinə rəhbərlik edirəm və heç vaxt məmur masamda bir misra belə yazmamışam. Yaza da bilmirəm. Ümumiyyətlə, gərək adam masaya da mehrini salsın. Bir haşiyə çıxım, yəqin, bilirsən, indi taxta kəsmək üçün çox dəqiqliklə işləyən müasir aparatlar var. Bilmirəm, fikir vermisənmi, bütün dülgərlər o dəqiq işləyən müasir aparatlardan çıxan taxtalara sonda əlləri ilə sığal çəkirlər, sanki düzlüyünü yoxlayırlar. Sual oluna bilər ki, millimetrinə qədər dəqiq işləyən aparatda çəkmisən bu taxtanı, niyə əlinlə yoxlayırsan? Cavabı və açıqlaması sadədir, hamarlığı, düzlüyü yoxlamaq bəhanədir, dülgər o sığalla taxtaya məhəbbətini, enerjisini ötürür, imzasını, möhürünü qoyur. Harda olursan-ol, sevgi içində, eşq içində olmalısan. Sən o sevgi içində tarazlaşıb qələmə sarılmalısan. Yazdıqların ruh və enerji daşıyıcısı, ötürücüsü olmalıdır. Qələmi götürdüm və yazdımla bitmir işlər. Anlamalısan ki, hələ qələmə qədər uzun bir yol var. Qaldı Sumqayıtda yazılıb İncə çayından nəm çəkən şeirlərimə, insan dünyaya çılın-çılpaq gəlir, həm də müəyyən bir çəkiylə. Hətta dünyaya gəlincəyə qədər ana bətnində anası vasitəsiylə bir bəlli coğrafiyanın havasını udur, suyunu içir, orda yetişən bitkilərdən yeyir. Bağlılıq elə burdan başlayır. Sonra dünyaya gəlir, ilk addımlarını atır, yalın ayağını torpağa basıb o torpaqdan enerjisini alır. 2-3 kiloqram çəkili bir adam böyüyüb olur 70-80 kiloqram. Anadan olduğu çəkidən başqa yerdə qalan çəkisi insandan deyil, torpaqdı, torpağın verdiyidi. Torpaq onun əlidi, ayağıdı... Və həmin adamın vətəninə, torpağına toxunan olanda sanki onun qolunu, ayağını kəsirlər, başına gürz vururlar. Beləliklə də, insan torpağın bir parçasına çevrilir. Nəhayətdə vətənpərvərlik hissi, vətən sevgisi yaranır. Üstəlik, mənə görə, hər bir coğrafiya təkcə yerüstü, yeraltı sərvətləriylə mövcud deyil, həm də bilmədiyimiz, ağlımızın almadığı ruhani məkandı. Təkcə göylərdə deyil, yerdə də ruhlar dolaşırlar. Və hansı ruh hardan qopub, hansı səmada dolaşır, o haqda da məlumatımız azdı. Amma hər halda, hansısa ruhani məkandan qopur, aid olduğu məkana, vətənə göndərilir və bağlanır. Nə zamansa, istəsə də, qopa bilmir. İndi mən də Qazaxda-Aslanbəylidə doğulsam da, Sumqayıtda həyata atılıb yaşa dolmuşam. Sumqayıt mənim taleyimin şəhəridi. Mən taleyimi özümə doğma hesab edirəm, lap elə doğulduğum yer kimi. Qırx il yaşayasan və doğmalaşmayasan, bu da insafdan deyil. Bu doğmalığı daha geniş açıqlamaq üçün, görünür, köməyimə yenə şeir çatmalı olacaq. Sən göz açdığım Aslanbəyli kəndini xatırladan “Sizin də məhləyə yağış yağırmı?..” misrasıyla başlayan şeirimi xatırlatdın. İş ki belə gətirdi, gərək bu məqamda doğma şəhərin də könlünü alaq, elə “Sumqayıt” şeirimlə:
Doğma ağuşunda sevdik, sevildik,
Sevgilər yaşadıq sulardan təmiz.
Qubalı, qazaxlı, qəbələliydik,
Sumqayıtlı oldu körpələrimiz.
Qan-qada da gördük, qələbəlik də,
Şanlı tarixini yazdıq kitaba.
Bağçada şəninə şeirlər deyən
Qızlar nənə oldu, oğlanlar baba...
– İlk dəfə özümlə bağlı müsahibimə sual verməli oluram. Ümumiyyətlə, belə bir şey olubmu, rastlaşmamışam. İllər öncə bir müsahibənizdə mənim timsalımda öz gəncliyinizi gördüyünüzü demişdiniz. Ömrün altmış dayanacağını geridə qoymuş biri kimi soruşmaq istərdim, sizə bənzəyənlərin qocalığında da özünüzü görə bilirsinizmi?
– Mən yenə də o fikrimdə qalıram, hələ də səndə öz gəncliyimi görürəm. O üzdən indi həm də Talehin timsalında öz gəncliyimlə söhbətləşir və belə demək mümkünsə, həm də müəyyən mənada hesabat verirəm. Mənə bənzəyən gənclərin halal və azad yaşamasını arzu edirəm. Razıyam, indi çətindi o cür yaşamaq. Bir də aşırı halallığı övliyalar, tam azadlığı da sərkərdələr bacarır. Bütövlükdə azad və halal olmasan belə, heç olmasa bunlardan bir az pay götürüb yaşamalısan. Nə zamansa nəfs aldadarsa, yaxud qorxu hissi qədərindən artıq güc gələrsə, ordaca qələmlə vidalaşmalısan. Gəncliyimi gördüyüm gəncə də ilk növbədə mənim yaşıma gəlib çıxmasını arzu edirəm. Və bu gəlişigözəl söz deyil, çox istərdim ki, o gənc mənim indiki yaşımda məndən də böyük uğurlar əldə etsin. Gəncliyi həm də ona görə çox istəyirəm ki, vətənimi, millətimi sevirəm. Vətənimin, millətimin gələcəyini niyə sevməyim ki? Gəncliyi sevməyən adamları anlaya bilmirəm. Gəncliyi niyə sevməyəsən ki? Bizim gəncliyimiz çətin dönəmlərə, ictimai formasiyların dəyişdiyi dövrə təsadüf elədi. Belə bir ortamda duruş gətirmək, dürüst qalmaq çox çətin idi. Amma görünür, elə də kövrək, dözümsüz olmamışıq, ayaqda qalmağı bacardıq. O üzdən gəncliyimdən də, altmış qocalıqdırsa, qocalığımdan da rahatam. İnsan içi rahat olanda rahat yaşayır. Ömrü uzun olur, sağlamlığı yerində, canı da rahat olur.
– Arabir saz da ifa edirsiniz, hətta bir balaca irəli gedib deyə bilərəm ki, ustad
aşıqlar kimi ləngərli oxumağınız da var. Bəlkə də, şairə belə bir sual vermək artıqdı, amma şairdən yaxşı mənada nə desən, gözləmək olar. Ürəyin söz rəsmini çəkmək hansıyla asandı, qələmin mürəkkəbiylə, ya sazın mizrabıyla?
– Bir çox şeirlərim saz havaları ilə əkiz doğulub. Belə demək mümkünsə, saz havalarının vəhdətində yaranıb. Təbii ki, saza qalxmayacaq şeirlərim də var. Mənə elə gəlir ki, aşıq olsaydım, sıradan yox, yaxşı sənətkar olardım. Hətta şair dostumuz Xaqani Qayıblı saz ifaçısı kimi məni özünə ustad hesab edir (gülür). Sözsüz ki, saz mənə doğmadı. Sazla pis anlaşmıram. Saz məni, mən də sazı başa düşürəm. Ancaq həqiqət budur ki, özümü qələmlə daha rahat hiss edirəm. Qələmlə özümü rahat hiss etməsəydim, həmən bu yoldan çəkinər və heç düşünmədən aşıq olardım. Qələmin mürəkkəbiylə daha sadə dildə anlaşıram. Qələm mürəkkəbi demişkən, birinci sinifdə məktəbdə istifadə elədiyim mürəkkəbqabım indi də yazı masamın üstündədi. Hərdən elə bilirəm ki, qələmimin beşiyi o mürəkkəbqabıdı, bəlkə, elə son mənzili də. Saz çalmaq, oxumaq şairlikdən irəli gələn bir şey deyil, ruhun ehtiyacındandı. Mən hələ aşağı siniflərdə oxuyanda, evdə heç kim olmayanda Aşıq Ədalətin plastinkada ifalarına qulaq asıb ağlayırdım. Onda hələ şeir yazmırdım. Belə demək mümkünsə, ilk şeirlərim saz havalarının təsirindən doğulan göz yaşlarımdan göyərməyə başladı. Ümumiyyətlə, saz səsi mənim şeirlərimin melodiyasıdır. Bir də ki qələm də ürəyin mizrabıdı da. Mizrab sazı dindirdiyi kimi, qələm də ürəyi dilləndirir.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
Kukla Teatrı 92-ci mövsümə start verib
Azərbaycan Dövlət Kukla Teatrı özünün 92-ci teatr mövsümünə start verib. Bu münasibətlə kollektivin geniş tərkibli toplantısı keçirilib.
Teatrın mediaya açıqlamasına görə, tədbiri sənət ocağının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə açaraq, yeni mövsümün başlanması münasibətilə kollektivi təbrik edib, hər kəsə yeni yaradıcılıq uğurları arzulayıb.
Məhsuldar keçən ötən mövsümdən danışan, yaradıcı heyətin uğurlarını sadalayan teatr rəhbəri bu mövsümdə də maraqlı layihə və yeni yaradıcı ideyaların realizə olunacağını, cari repertuar tamaşalarının hazırlanması ilə yanaşı, yeni mövsüm üçün nəzərdə tutulan təşəbbüslərin anonsunu da verib.
Teatrların məzuniyyəti müddətində də kuklaçıların səyyar tamaşalar, mədəni-sosial layihələrdə, böyük maraqla iştirak etdiklərini də xatırladıb.
O, avqust ayında işğaldan azad olunmuş Laçında keçirilən “Laçın Şəhər Günü” tədbirləri çərçivəsində teatrın və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının tamaşa-konsertlə çıxış etdiyini qeyd edib.
Görüşdə, həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar ilin sonunadək görüləcək işlərə nəzər salınıb, yeni mövsümün başlanma tarixi elan olunub.
Direktor bildirib ki, teatr özünün yeni mövsümünə sentyabrın 15-də - “Bilik günü”ndə start verəcək. Həmin gün balacalar teatrın yepyeni səhnə nümunəsini – “Melisa” adlı (rejissor S.Haqverdiyeva) maraqlı tamaşanı izləyəcəklər.
İlin sonunadək daha iki tamaşanın hazırlanacağını da deyən R.Əhmədzadə kollektivə beynəlxalq festivallara dəvətlər ilə bağlı ünvanlanan çoxsaylı məktublar barəsində də məlumat verib.
Tamaşaların hazırlanması, teatrın saxlanması üçün mövcud bazar qiymətləri nəzərə alınaraq bilet qiymətinin 5 manat müəyyən edildiyini və artıq sentyabr ayından etibarən bilet satışının İticket vasitəsilə olunduğunu da diqqətə çatdırıb.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
“ O vaxt mən on beş yaşında idim…”
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Salam, necəsən? Uzun zamandır danışa, dərdləşə bilmirdik. Bilirəm, günah da məndədir, buraxıb getmişdim səni. Axtarmadım, gəlmədim arxanca. Gəlsəm tapardım, onu da bilirəm. Amma nələr olduğunu danışsam, anlayacaqsan məni. Nələr oldu, nələr bitdi... Doğrudan, gör nə zamandır danışmırıq səninlə. Danışmıram heç kimlə, qəlbim doludur... Danışası o qədər sözüm var ki sənə... Təxmini iki ildir ki yoxam, amma artıq gəldim. Ümid edirəm ki, bir daha keçmiş təkrarlanmayacaq. Çünki artıq yaxşıyam. Yaşayıram...
Qoy başdan başlayım o zaman.
Təxmini 7-8 ay əvvəl Elxanla tanış olandan sonra həyatımdakı hər şeyin yoluna girəcəyi haqqında bir ümid yarandı içimdə. Artıq nələrisə dəyişə bilərəm deyə düşünməyə başladım. Hətta gündəlik yazmağı, mahnı oxumağı belə tərgitdim. Niyə də davam edəsi idim ki? Bunlar mənim ruh halımın pis olduğu zamanların təskinliyi, vərdişi idi.
Elxanla gəzmək, kitab oxumaq, rəqs etmək mənə o qədər yaxşı gəlirdi ki. İstəyirdim başqa heç nə düşünməyim.
Heç yadımdan çıxmaz, avqustun 14-ü idi. Ortada bir səbəb yoxkən problem yaratmağa başladı. Sonra heç nə demədən mənə sarıldı və məni itirməkdən qorxduğunu dedi. O an elə bildim ki, mənə xəyanət edib, deyə bilmir. Özümü o qədər aciz hiss etdim ki. Bunu görmədiyim, anlaya bilmədiyim, ona etibar etdiyim üçün. Heç nə deyə bilmədən çıxıb getdim oradan. Neçə gün zənglərinə cavab belə vermədim. Bir gün evimin qapısında onu görəndə nə deyim, nə edim, hara gizlənim, bilmədim. "Sadəcə dinlə, get desən gedəcəyəm”, - dedi.
Birlikdə keçirdiyimiz gözəl anların xatirinə son dəfə onu dinləmək istədim. Həm də içimdən bir səs mənə elə hey deyirdi ki, danış onunla.
Elxan mənə ilk dəfə idi ki, həyatından danışdı. Keçmişindən, yaralarından... Qaranlıq, qorxuducu uşaqlığından... Və sonda mənimlə birgə qovuşduğunu dediyi işıqlı günlərdən...
Onun dediyi sözləri başqası desə, gülməli gələrdi, inanmazdım, boş romantizm adlandırıb keçərdim. Amma xəyanət etdiyinə belə axmaq kimi inandığım insanın əslində əsla yalan deməyəcəyinə çox inanırdım, onu tanıyırdım. Doğrudan, mən niyə uşaq kimi inciyib getmiş, onu dinləməmişdim ki?
~Elxan
"Yasəmən, qurban olum, mənə bir dəfə sözümü bölmədən qulaq as, sonra nə desən edəcəm. Sadəcə bir dəfə."
İndiyə qədər heç kimi itirməkdən bu dərəcə qorxmamışdım mən. Yasəmən mənə itirdiyim uşaqlığımı, qazana biləcəyim gələcəyimi göstərən tək qadın idi. Ümid işığım idi. Onu sırf bir yanlış anlamaya görə itirə bilməzdim. İtirəcəkdimsə də, gerçəklərə görə, öz zibillərimə görə itirəcəkdim. Ən azından bilsin ki, onu həqiqətən sevmişəm.
Başdan sona, bütün hekayəmi danışacaqdım ona. Bu qərarı vermək o qədər çətin olmuşdu ki mənə. Ona necə iyrənc bir insan olduğumu demək, onun gözlərinə baxıb, gözlərimin nə qədər ölümə şahid olduğunu, bu ölümlərə səbəb olduğumu danışmaq….
Yasəmən sanki mələk kimi idi, tərtəmiz. Yəqin ki, bir də baxa bilməyəcəkdim onun gözlərinə. Son dəfə, sonsuzadək boğulmaq istədim o mavi gözlərində...
-Danışacaqsan? Yoxsa ancaq susub üzümə baxacaqsan…
Sözünü kəsib danışmağa başladım...
-Mən 15 yaşında idim. Sevdiyim bir qız var idi, guya ciddi olduğumu göstərmək üçün onu anamla tanış etmək istəyirdim. Görüşə getmək üçün o qədər çox deyinmişdim ki, anam məcbur qalıb sırf susum deyə razılaşmışdı. Amma mən yenə susmurdum. Zibilə qalsın ki, istəklərim bitmək bilmirdi. "Bunu danış, belə de, qızı incitmə, o sənə gəlin olacaq" deyib susmurdum. Günün sonunda nəhayət ki, evə dönürdük. Hər şey yolunda idi, istədiyim olmuşdu. Amma mən yenə dinc durmadım, özümü yola atdım, bir anlıq həyəcan, bir anlıq təlaşla. Mən o qırmızı maşının önündən necə çəkildim, anam yerdə qanlar içində necə qaldı, bugünkü kimi gözlərimin önündədir. Atam əslində yaxşı bir insan idi. Amma yaxşı ata, yaxşı yoldaş olmağı bacarmırdı. Buna rəğmən sevirdi anamı. Həmişə, həmişə məni günahlandırdı, haqsız da deyildi...
Aylar keçdi, amma mən toplaya bilmirdim özümü, hər səhər, hər axşam atamın sözləri, öz çəkdiyim vicdan əzabı... Alınmırdı, sevgilim, alınmırdı, bacarmırdım özümlə.
Əlimdə çıxış yolu yoxkən, bir dostum mənə bir dərman verdi, sakitləşdirici olduğunu deyərək. Və mənim həyatım ikinci dəfə məhv oldu...
Yasəmən, vallah mən bilmirdim, bilsəm əsla içməzdim o zibili. Əsla.. Narkotik... Bir dəfə, iki dəfə… Görürdüm ki, bu məni ayırır dünyadan, unuduram hər şeyi. Vaxt keçdikcə asılılıq yaratdı. Nə qədər istədim, ata bilmədim. Üzünə baxmağa da utanıram, iyrənirsən məndən bilirəm...
-Elxan, da…
-Xaiş edirəm, sözümü kəsmə, icazə ver tamamlayım. Yoxsa bir də bu cəsarəti tapa bilməyəcəm özümdə.
“Qarşıdan gələn səssizlik, davam et işarəsi kimi idi. Yasəmənin heçnə demədən sadəcə dinləməsi, gözlərinin dolması üstümə o qədər böyük bir yük salmışdı ki...
Mən isə artıq tutmağa çalışmırdım belə göz yaşlarımı"
-İllər boyu, tam beş il boyu davam etdim bu zibilə. Çökmüşdüm, başa düşürsən? Sonra bir gün... Bir qız çıxdı qarşıma. Gözləri anamın gözləri kimi mərhəmətlə baxan, saçlarının qızılı rənginə aşiq olduğum çiçək kimi gözəl qoxan bir qız... Yasəmən, mən sənə görə dəfələrlə atmağa çalışdım, amma olmadı. Bacarmadım. Ara-sıra səni incitmələrim, özümdən çıxmalarım buna görə idi. İstifadə etmirdim deyə dəhşətli ağrılarım olurdu. Amma mən sənə söz verirəm, söz verirəm ki, nə olur olsun, mən bunu bacaracağam. Yetər ki, yenə tut əllərimi, buraxma. Qəti buraxma...
~Yasəmən
Belə... Sevdiyim adamın hansısa əclafın əlində necə zülm çəkdiyini öyrəndim o gün. O danışıb bitirəndə nə o saxlaya bildi gözyaşlarını, nə də mən. Amma sözünü tutdu. Müalicəsini tamamladı, tamamilə azad oldu. O mənə sevdiyim adamı geri verdi. Mən də bir də onun əllərini buraxmadım.
Bilirsən? Bir həftə sonra biz evlənirik. Hər şeyi geridə qoyduq və özümüzə yepyeni bir həyat qururuq. Mənim heç ailəm olmayıb, özün bilirsən. Uşaqlar evində kimsəsiz, tək böyümüşəm. O, mənə yepyeni bir həyat verdi. Artıq mənim də bir ailəm olacaq. Biletlərimiz də hazırdır. Gedirik Amerikaya. Amma narahat olma, bir də bu qədər uzun müddət ayrı qalmayacağıq səninlə. Tez-tez yazacağam artıq. Nə də olmasa, uşaqlar evindəykən də, sonrasında da sən mənim tək sirdaşım idin, gündəlik. Amma sənə bir pis xəbərim var. Artıq sən mənim tək varlığım, tək sirdaşım deyilsən. Mən tək deyiləm çünki. Tək qalmayacağam. Ümid işığı olduğum adam mənim qaranlığıma günəş olacaq. Hə, unutmadan deyim. Elxan artıq “Narkotikə yox deyək” adlı bir təşkilatın rəhbəridir. Eyni zamanda belə bir klinika açmağı düşünür. Deyir ki, keçmişini unutmaq istəmir. Onun yerinə o günlərə əsla geri dönməmək üçün yaddaşına həkk etmək istəyir...
Xoşbəxtəm, əziz gündəlik. Onun kimi birini sevdiyim, tanıdığım üçün çox xoşbəxtəm...
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
“Uşaqlıq duyğularımın rəngləri” adlı sərgiyə əsər qəbulu davam edir
Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir.
Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub.
Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir. Uşaq ikən çəkdiyiniz rəsmlə də sərgiyə qatılmaq olar.
Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır.
Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.
«Ədəbiyyat və incəsənət”
(07.09.2023)
“Adsız oğlan” - Narıngül Nadirin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Narıngül Nadirin yeni yazdığı “Adsız oğlan“ hekayəsini təqdim edir.
Bilmirəm indi bunu xatırlamaq kimə gərəkdir və nə əhəmiyyəti var?.. O, mənim sevgilim, dostum deyildi, heç qohumum da deyil...
Yəqin ki, o oğlan məni indi görsə tanımaz, tanımaz bir az böyük çıxıre... heç kim olduğumu xatırlamaz. Amma gülüşü indiki kimi yadımdadır, qəribə bir gülüş idi. Təbəssümü dodaqlarından başlayıb bütün sifətinə yayılırdı. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey... Onu bu müddət ərzində bir neçə dəfə xatırlamışam. Bir dəfə Bakıya ilk gəlişim haqqında hekayə yazanda, bir də ara-sıra şəhərə ilk gəldiyimdə yaşadığım yerlərdən keçəndə. Hər dəfə də xatırlayan kimi həmişəki mənasız, bir qəpik əhəmiyyəti olmayan bir sual yenə də beynimi tıqqıldadır: görəsən, onun adı nə idi? Əhməd, Cəmil, Murad? Bəzən o köhnə yerlərdən keçəndə adını xatırlamağa çalışsam da, heç nə alınmır. Səsin görüntüsü yoxdur ki, göz yaddaşında ilişib qalsın. Əslində heç fərqi də yoxdur. Guya nə anlamı var ki... Amma hər halda, adı var idi axı. Özü də dəfələrlə yanımda səsləndirmişdi.
İndi yay tətilindəyəm, boş vaxt tapan kimi, daha doğrusu, darıxdığımdan klaviaturanın qarşısına keçib nələrsə yazmağa çalışıram. Yəqin ki, siz məndən yaxşı bilərsiz, yazmağa ki, başladın, keçmişə qayıtmamaq mümkün deyil.
O gün şəhərin küçələrində xeyli gəzişdim. Pis çıxmasa belə deyərdim ki, o ki var, avaralandım. Köhnə qəbiristanlıq yerindən keçəndə onu xatırladım.
Qəbiristanlıq sözünü işlətdim deyə birdən elə bilərsiniz ki, söhbət dünyasını dəyişmiş birindən gedir. Əsla elə deyil. Söhbət açdığım adam yəqin ki, sağdır. Ona görə yəqin ki, deyirəm ki, qəfil ölüm- itimləri, qəzaları nəzərə almasaq və yaşını hesablasaq, güman ki, sağdır, haralardasa yaşayır.
Demək, Bakıya təzə gəldiyim vaxtlardır. Təzə deyəndə lap dəqiqi hardasa 20 gün olar. Ta Bakını necə görmüşəm, şəhər ilk dəfə gözümdə necə şəkillənib, hansı hissləri keçirmişəm, nələri düşünmüşəm, bunu yazıb başınızı çox ağrıtmaq istəmirəm. Həm çox uzunçuluq olar, həm də ilin-günün bu vaxtında niyə sentimentallıq edim ki?.. Demək, Bakıya gəlib ata ocağı kimi şəhərdə ən yaxın qohum sayılan, ərk yeri olan xalaqızıgilin evinə sığınmışam. Universitetə qəbul imtahanı verməliyəm. Mənim zamanımda Bakının yeganə universitetində oxumaq hamının arzusuydu, indi bilmirəm, deyəsən adiləşib. Həm də indi universitetlər də çoxalıb, o vaxtlar institut adlanan ali məktəblər indi universitet adlanır. Nə isə, həm ali məktəbə qəbul olunmaq, həm də şəhərdə yaşamaq istəyim olduqca böyükdür. Şəhərdə yaşamaq arzumdan da yazmıram, yazsam xeyli vaxt aparar, odur ki, bu dəfə onun üstündən də keçirəm.
Nə isə mətləbə keçim, ta söhbəti uzadıb sizi bezdirməyim...
Axşam xalaqızıgildə səhər imtahana getmək məsələmi, daha doğrusu, universitet yolunu necə getmək məsələmi xeyli müzakirə etdikdən sonra ümumilikdə qərara alırıq ki, sabah imtahana özüm tək gedəcəm. Əslində, bu qərara səs verməyən də var. Xalaqızının əri belə fikirləşir ki, tək getsəm yolda azıb qala bilərəm, şəhər də qazan kimi qaynayır, hər cür adamla doludur, ağıllısı var, axmağı var. Mən isə 3-4 dəfə universitetə getdiyimdən ürəklənmişəm və dönə-dönə israr edirəm ki, gedərəm, özü də lap rahatca gedərəm, yəni mənə görə işinizdən qalmayın. Nə var ki, avtobusun nömrəsini bilirəm, sonuncu dayanacaq universitetin qarşısıdır. Universitet də orda, düz Elmlər Akademiyası metrosunun yanındadır. Nə çətin işdir ki? Qayıdanda yolu əks tərəfə keçib yenə həmin avtobusa minirəm, gəlib ağ darvazalı köhnə zavodu keçib düşürəm. Vəssəlam! Şəhərə gələndən ağ darvazalı zavod nişangah yerimdir. Köhnə, mazut iyi verən zavoddur. Mağazaya, dükan -bazara gedəndə ağ darvazasını tapıram, vəssəlam. Ağ darvazalı zavod yerindədirsə, adam şəhərdə niyə azsın ki?..
Adətən öz sözünün üstündə durmağa israrlı olan, adamlarla həmişə bir ton yuxarıdan danışmağı sevən xalaqızının ərini birtəhər razı salırıq. Amma burasını da deyim ki, xalaqızının ərinin bir ton yuxarıdan danışmağa haqqı da var. Qohum- əqrabadan kənddən kim şəhərə gəlirsə ona tapşırırlar. Yəni o vaxt tapşırardılar, söhbətin əlbəttə indiyə dəxli yoxdur. Həm də tərsliynə baxmayaraq yaxşı adamdır. O ki deyirlər, hər nəslin bir hörmətlisi, ağsaqqalı olur, bax bu da onlardandır. Şəhərə üz tutan evsizlərin, köməksizlərin pənahıdır, kəndə gələndə qohumlar başına dolanırlar, hərə bir tərəfə çəkir. Nə isə, bu mövzunu da qoyaq bir kənara...
Bayaq dedim axı, universitetə artıq üçüncü dəfədir ki, gedirəm. İki imtahanı verib yaxşı qiymət almışam, indi üçüncüdür, bundan sonra daha biri qalıb. Bizim dövrümüzdə ali məktəbə 4 imtahan verirdilər, ballar toplanırdı, sonra ümumi müsabiqə olurdu. Kim çox bal toplayırdısa, o qəbul olunurdu, qalanlar ümidlərini gələn ilə bağlayırdılar.
Səhər evdən çıxanda xalaqızının əri sonuncu sözünü deyir:
-Bax ha, diqqətli ol ki, azıb qalmayasan.
Mən də qətiyyətlə söz verirəm ki, arxayın ol, azmaram.
Evin qarşısındakı dayanacaqda şad-xürrəm avtobusa minib düz universitetin qarşısında düşürəm.
İmtahandan çıxan kimi universitetin həyətinə toplaşan adamlar başıma yığışır.
Yerbəyerdən suallar yağdırırlar:
- Nə oldu, necə oldu, nə soruşdular? Məmmədov İlqarı gördünmü? Bizim qızı necə? Əliyev Kənan neynirdi?
Adamların aşırı canfəşanlığına həmişə gülməyim gəlib, indi də ürəyimdə gülürəm. Elə bil uzun müddət yatıb həbsxanadan çıxmışam, bunlar da məndən otaq yoldaşlarımı soruşurlar. Nə isə, birtəhər onlardan qurtulub yolu əks istiqamətə keçərək doğma avtobusumu tapıram. Yerimi rahatlayaraq başımı aynaya söykəyib xəyala dalıram.
İmtahanı yaxşı versəm də, istədiyim qiyməti ala bilməmişəm. Mən 5 gözləyirdim. İmtahn götürən qara, enlisifət qadın hər vəhclə qiymətimi kəsməyə çalışırdı və sonda elə də etdi. Bu an, yəni söhbət o andan gedir, ona nifrət edirəm, ta bağışlayın məni, hələ ürəyimdə yüngülcə söyürəm də. Hərçənd ki, ömrümdə dilimə söyüş gətirmərəm. Sonralar, mənə dərs deyəndə də onunla ulduzum barışmadı, bir-birimizə nifrət edə-edə 4 ili başa vurduq.
Başımı avtobusun aynasına söykəyib düşünürəm ki, əgər o biri imtahandan da 4 alsam, yəqin ki, müsabiqədən keçməyim çətin olacaq. Amma necə olursa-olsun, şəhərdə qalacağam, ölsəm də kəndə qayıdan deyiləm. Belə bir az yekəxanalıq kimi çıxmasın, o kəndə sığışmıram, darıxıram orda. Ora mənlik deyil. Qəbul olunmasam, işə düzəlib işləyərəm, gələn il sənədlərimi yenidən verərəm. Gələn il də alınmasa, o biri il. Dünya dağılmayıb ki?.. Burasını da deyim ki, inadkarlıq cəhətdən zəif deyiləm. Bir şey beynimə düşdüsə əl çəkmirəm.
Beləcə xeyli yol gəlirəm və birdən ayılıram. Baxıram ki, avtobus mənə tanış olmayan binaların arasıyla şütüyür. Tez qabağa keçib sürücüdən ağ darvazalı zavodu soruşuram, sürücü sürəti azaltmadan arın-arxayın tüklü üzünü qaşıyır, tələsmədən bildirir:
-Sən oranı çoxdan keçib getmisən, burda düş geri qayıt, iki dayanacaq geri qayıtmalısan.
Sürücü səbrlə izah edə-edə yolu bir xeyli də ötüb keçir.
Xalaqızının ərinin sözlərini xatırlayıram: “Diqqətli ol ki, azıb qalmayasan”.
Avtobusdan düşüb özümü tarazlayıram və yolun kənarıyla geri qayıdıram. Böyük, enli yoldur, maşınlar ara vermədən şütüyür. Kənarda bir adamlıq səki var, bəzi döngələrdə o da bitir, yox olur. Görünür, bu yolla ancaq maşınlar hərəkət edir. Az qala divara sürtünə -sürtünə yeriyirəm. Əhlikef sürücülərin bəziləri sürəti azaldaraq dilxoşluq edir, başlarını pəncərədən çıxarıb mənə sataşırlar. O zaman dəbdəydi belə şeylər. Bilmirəm, indi də küçədə qızlara sataşırlarmı? Sataşsalar da daha yəqin ki, məzmun dəyişib. O zaman başqaydı... Məsələn, iri ZİL maşınından biri başını çıxardıb irişir: “gözəlsən e gözəl”,“bəh-bəh incəbel gözəl piyada gedir”. Başqa birisi: “sənə əziyyət olar piyada getmək, gəl gedək” və yaxud, “asta yeri, ayağını daş əzər” və s. və ilaxır.
Bir tərəfdən ünvanı tapa bilməmək qorxusu, həyəcan, sürücülərin atmacaları, bir tərəfdən də isti... Əməlli- başlı tərləmişəm, paltarım bədənimə yapışıb.
Xeyli piyada yol gedirəm, az qala küçənin başına çatıram. Amma mənim axtardığım ağ darvazalı zavod yerində yoxdur. Əgər o zavod tapılmasa, axtardığım ev dünyasında tapılan deyil! Buralarda olmalıydı axı... Elə bil heç yerli-dibli olmayıb. Nə qədər baş sındırıram, istiqaməti düz tuta bilmirəm. Küçədə bir nəfər adam da yoxdur söz soruşmağa. Artıq özümdən şübhələnirəm. Bəlkə qayıdanda avtobusun nömrəsini düz oxumamışam, fikirli-fikirli qaçıb minmişəm. Özümü o ki var danlayıram: “Axmaq, qanmaz, yaddaşsız! Hələ bu ağılla universitetdə oxumaq istəyirsən. Bir ünvanı yadında saxlaya bilmirsən. Monqol...”
Daha irəli getmirəm, dayanıb gözləyirəm. Aha, qarşıdakı döngədən çıxan oğlan mənə tərəf gəlir. Gəlib çatanda düz qarşısında dayanıram, birbaşa yolunu kəsirəm. Ortabab, yaraşıqlı oğlandır, yəqin ki, məndən 5-6 yaş böyük olar. İndiki kimi yadımdadır, əynində ağ köynək var, yuxarıdan 3 düyməsi açıqdır. Qollarını yarıya qədər çırmalayıb. Qara şalvar geyinib, hələ tuflisinin rəngi də yadımdadır. Ağıllı sifəti var, adam beləsindən nəsə pis hərəkət gözləmir. Bəlkə də Allah yetirib bunu mənə. Qırımımdan görür ki, sözlü adamam, dayanıb nə deyəcəyimi gözləyir.
Birbaşa axtardığım ünvanı soruşub vəziyyəti başa salıram.
Oğlan məni başdan-ayağa süzür, bir qədər duruxur, çətin bir riyazi məsələni həll edirmiş kimi fikirləşir, sözlərimi təkrarlayır:
-Ağ qapılı zavod... Yanında balaca həyət evləri. Sonra o tərəfə doğru istiqamət...
Onun belə çox fikirləşməyinə görə ünvanı tapa bilməyəcəyindən qorxuram. Həm də qorxuram ki, birdən çıxıb gedər, tək qalaram bu çölü-biyabanda. Tez dillənirəm:
-Balaca evlərdir, köhnə, bozarmış hasarları var, divarlardan üzümlər sallanıb.
Oğlan diqqətlə üzümə baxıb gülümsünür. Təbəssümü çox qəribədir. Gülüşü dodaqlarından başlayıb bütün sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey...
Birdən qoluma toxunur.
-Gedək, deyəsən tanıdım, irəlidədir.
Sakitcə onun ardınca düşüb dabanbasma gedirəm. Oğlandan, daha doğrusu dabanından elə yapışmışam ki, indi lap dünyanın o başına da getsə ardınca gedəcəm, başqa əlacım yoxdur. Yol gedə-gedə durmadan ünvanı başa salıram:
- Ağ darvaza, iri çənlər, balaca həyət evləri...
Oğlan məni ardınca çəkib aparır, bir adam güclə yeriyə bilən dar səki ilə gedirik. Yoldan ötən maşınlar bu dəfə vıyıltı ilə yanımızdan keçib gedirlər. Küçənin başına kimi gedirik. Ağ darvazadan bir nişan yoxdur ki, yoxdur! Nəfəsimizi dərib yenidən irəliləyirik. Nəhayət uzaqdan zavod görünür. Başı göyə ucalan enli, qara boruları da var. İrəli keçib addımlarımı yeyinlədirəm. Oğlan da arxamca gəlir. Zavodun qarşısına çatırıq. Yox, bunun qapısı ağ deyilmiş, boz mavi rəngdədir. Oğlan bildirir ki, bu ərazidə bir neçə zavod var. Köhnə neftayırma zavodlarıdır, hamısı da bir-birinə bənzəyir.
Küçəni o biri üzə keçməli oluruq. Yolu keçəndə oğlan əlimdən bərk- bərk yapışır, məni maşınlardan qoruyur. Ürəyimə heç nə gətirmirəm. Eləcə dost kimi, himayədar kimi əlimdən tutub. Küçənin o üzündə əlimi geri dartıram. Deyəsən xoşuna gəlmir, amma etiraz da eləmir. Tərslikdən hava dəhşət istidir, sanki göydən od yağır, həm də çox yorulmuşuq. Bir qədər aralıda altında köhnə taxta oturacaq olan yaşıl yarpaqlı ağac görünür. Oğlan bu dəfə qolumdan tutub ağaca tərəf çəkir. Bu yerdə ağlıma xoşagəlməyən fikirlər gəlir. Nə qədər olmasa tanımadığım adamdır. Amma etiraz da edəmmirəm. Ağacın kölgəsindəki ensiz balaca oturacaqda diz-dizə söykənib əyləşirik. Diz-dizə əyləşməyimdən bir qədər narahat oluram. Bir tərəfdən də oğlan oğrun-oğrun məni süzür, sıxılıram. Nəfəsimizi dərib sərinlənirik. Oğlan ehmalca əlimi ovcuna alır. Bu dəfə sərt hərəkətlə əlimi geri çəkirəm və qaşqabağımı töküb ayağa qalxıram. Oğlan da ciddiləşir:
-Bəlkə yaxşı fikirləşəsən, başqa nə vardı evinizin yaxınlığında?
Daha heç nəyi yadıma sala bilmirəm. Ağlamaq istəyirəm.
Yenidən bərabər addımlayırıq. İkimiz də susmuşuq. Oğlan qaşqabaqlı görünür, məndən irəli düşüb gedir. Üzünü mənə çevirmədən soruşur:
-Sənin adın nədir?
Adımı söyləyirəm. Sonra o adını deyir: Əhməd, Cəmil, Murad... Nəsə anlaya bilmirəm. Bir tərəfdən külək başlayıb, o biri tərəfdən sanki qulaqlarım tutulub. İrəlidə köhnə bir qəbiristanlıq görünür. Yadıma düşür ki, bu qəbiristanlığın yanından bir-iki dəfə keçmişəm. Sevindiyimdən az qalıram qaçıb köhnə başdaşlarını qucaqlayım.
-Görmüşəm, bu qəbiristanlığı, görmüşəm, buradan keçmişəm, ev o biri üzdədir-ucadan dillənirəm. Oğlan da mənimlə bərabər sevinir, üzü işıqlanır.
-Aha, görmüsənsə deməli buralardadır, indicə tapacağıq.
Qəbiristanlığa tərəf yeriyirik. İri, xırda, düz, əyri başdaşları uzaqdan adamın üzünə dirənir. Başdaşlarının bəziləri yerə yıxılıb, bəziləri yarıyıxılıdır. Amma məlum olur ki, qəbiristanlığın o biri küçəyə çıxışı yoxdur. Deyəsən, heç başqa yerə də çıxış yoxdur burdan...
Oğlan barmaqlarını qatlayıb hesablayır, əməli-başlı baş işlədir:
-Deməli, qəbiristanlığın o biri tərəfindən keçmisən, sonra geri qayıtmısan. Sonra... Bəs niyə tapa bilməyək axı? Əgər sən deyən yerdədirsə, elə buralarda olmalıydı.
Qəbiristanılığın yanında bir qədər o tərəf -bu tərəfə fırlanırıq.
Birdən qəbirlərin arsından yaşlı, arıq, beli əyilmiş bir kişi çıxır, daha doğrusu, peyda olur. Kim bilir, bəlkə də nə vaxtsa ölmüşdü, elə indicə dirilib. Kişi iri, bulanıq gözlərini üzümüzə zilləyir, sonra birdən biədəb söyüşlərlə bizi söyməyə başlayır:
-Əxlaqsızlar, pozğunlar, dingildəşməyə sanki yer tapmırlar. Qəbiristanlığı xəlvət görüblər, gəlib burda görüşürlər. Sizin...
Yaman pərt oluruq. Oğlan kişiyə yaxınlaşıb başa salmaq istəyir ki, məsələ o deyən kimi deyil. Kişi daha da qızışır, səsini ucaldır. Oğlan da əsəbləşib səsini qaldırır.
Bu anda bir milis işçisi bizə yaxınlaşır. Bilmirəm bu adamsız yerdə o hardan çıxdı? Necə xəbər tutdu? Hələ də qaranlıqdır mənə. Kişi milisi görüb daha da bərkdən söylənir, haqqımızda, daha doğrusu oğlanın haqqında vəkalət qaldırır:
-Sevgilisini yanına salıb bayaqdan burda yüz hoqqadan çıxır. Səhər-səhər də ikisini qovmuşam, indi də bunlar... Mənə bura nəzarət etməyi tapşırıblar, işimiz gücümüz budur, axşamacan adam qovuruq burdan. Əxlaq deyilən bir şey də olmalıdır axı...
Milis oğlanı kənara çəkir. Burasını deməyi az qala unutmuşdum. O vaxtlar polisə milis deyirdilər, indi polis deyirlər. Nə isə, milis oğlanı kənara çəkir. Bəlkə də ikisi yaşıd olarlar. Amma burada milis hökmlüdür, hakimdir. Sualları o verir.
-Adın nədir sənin?
Oğlan əsəbi səslə, hirslə özünü təqdim edir:
-Əhməd, Cəmil, Murad...
Yenə də əməlli-başlı eşidə bilmirəm. Milis deyəsən bizi məntəqəyə aparmaq istəyir, az qalır ürəyim qırılıb yerə düşsün. Özüm də belə şeylərdə yaman qorxağam.
Oğlan getmək istəmir. Əsəbləşir, əl- qolu ilə nə isə danışır, mübahisə edir, milisi başa salmağa çalışır, hərdən qoluna da girir. Kənara çəkilib danışırlar. Oğlan məni göstərib nə isə deyir, bəlkə də məntəqəyə sonra gələcəyini bildirir. Deyəsən, sonda razılaşırlar.
Gözücu qəbiristanlıq tərəfə baxıram. Kişi yoxa çıxıb, görünür “vəzifəsini” yerinə yetirib gözdən itib.
Yenə də yanaşı yeriyirik. Oğlan xeyli pərt görünür, qaşlarını düyünləyib, dodaqlarını bir-birinə sıxıb. Yəqin ki, baş verənlər heysiyyətinə toxunub. Onun ürəyini almağa çalışıram. Bu boyda şəhərdə bu an təkcə güvənc yerim odur. Qəbiristanlıq gözətçisinin qarasınca söylənirəm, dinmir. Sonra milisin nə dediyini soruşuram, cavab vermir. Eləcə qaşqabaqlıdır. Üzündə tutqun kölgələr dolaşır. Bu saat razıyam əlimdən tutsun, istəyir heç buraxmasın, lap qoluma girsin. Təki bircə dəfə gülümsəsin. Qəsdən qolumu qoluna toxundururam, əhəmiyyət vermir. Bir qədər ondan irəli keçirəm, dayanıb üzünə gülümsünürəm, yenə də əhəmiyyət vermir. Özümü böyüklərin ciddiyə almadığı uşaq kimi hiss edirəm. Küsülü adamlar kimi yeriyirik. Bir qədər getdikdən sonra uzaqdan başqa bir zavod görünür.
-Odur, oradır, - qışqırıram.
Addımlarımızı yeyinlədirik.
-Oradır, yüz faiz oradır, evimizi də görürəm.
Oğlan da zavodu görür, rəngi açılır. Gülümsünür. Təbəssümü dodaqlarından başlanıb sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey... Əlimdən tutur. Bu dəfə əlimi geri çəkmirəm, eləcə əl-ələ tutub gedirik.
-O biri imtahanda gəlib səni özüm aparacam. Saat 9-da evin yanındakı dayanacaqda gözləyəcəm. Qayıdanda da özüm götürəcəm.
Dinmirəm.
Birdən zavodun qarşısında var-gəl edən xalaqızının ərini görürəm. Üz- gözündən hirsli və narahat olduğu görünür. Özümü itirirəm. Əlimi oğlanın əlindən çəksəm də artıq gecdir. Oğlan bir şey anlamır, əyilib qulağıma nəsə demək istəyir.
Xalaqızının əri başımızın üstünü alır.
Əvvəl mənə təpinir:
-Bu vaxta kimi harda qalmısan? Bu oğlan kimdir?
-Azmışdım...
Sonra oğlanın qarşısına keçir, qəzəblə onu süzür. Adın nədir sənin?
-Əhməd, Cəmil, Murad...
Həyəcandan yaxşı anlaya bilmirəm.
-Bu qızı hardan tanıyırsan?
-Yolu azmışdı, kömək etmək istədim.
Xalaqızının əri kükrəyir.
-Mənə gəlmə, mən səninçün dünənki uşaq deyiləm. Şəhərdə böyümüş adamam. Yolu azmışdı, ürəyin dözmədi qızın əlindən tutdun, əl-ələ verib gəlib buranı tapdınız...
Az qalıram deyim ki, elədir, eləcə dediyin kimidir.
Xalaqızının əri sakitləşmir:
-Bu qızı yiyəsiz görmüsən?
Ürəyim bərk-bərk döyünür. Şəhərdə qalmaq, yerləşmək ərəfəsində xalaqızının ərinin yanında inamını itirmək də az iş deyil. Hələ bunun kəndə xəbər çatmağı, hökm çıxarılmaq filan da ola bilər. Az qalıram havalanım.
Xalaqızının əri oğlanın yaxasından yapışır. Sifəti o qədər qəzəblidir ki, əyilmiş görünür, baxmağa qorxuram. Gözlərimi yumuram. Nə isə tıqqıltı, xışıltı, sillə səsləri eşidirəm. Lap hind filmlərindəki kimi... Düşünürəm ki, dəhşətli davanın ortasında oğlan qəflətən irəli atılıb xalaqızının ərinin yaxasından yapışacaq, qaldırıb yerə çırpacaq. Film davam edəcək. Sonra oğlan mənim əlimdən tutur, kaskadyorlar kimi divarın o üzünə atılırıq. Çıxıb gedirik dünyanın o biri üzünə.
Gözlərimi açıram. Sakitlikdir, üzü-üzə dayanıblar. İkisinin də paltarı əzik-üzük və tozludur. Oğlan gözlənilmədən xalaqızının ərinin qarşısına keçir:
-Bağışlayın, üzr istəyirəm. Təsadüfən belə alındı... Üzr istəyirəm.
Oğlan özünü nədəsə günahkar bilir, yaxud da xalaqızının ərini yumşaltmaq istəyir. Bəlkə də məni düşünür, vəziyyətdən çıxartmağa çalışır. Hərçənd ki, bu versiya sonralar ağlıma gəlib.
Deyəsən xalaqızının əri də xeyli yumşalıb. İrəli düşüb evə tərəf gedir və mənə əmr edir:
-Gəl ardımca!
Dönüb gözucu oğlana baxıram.
Oğlan yolu o biri üzə keçməyə hazırlaşır. Son anda baxışırıq. O, yenə də gülümsünür. Gülüşü dodaqlarından sifətinə yayılır, dünyaya ərk etmək, yaxud da meydan oxumaq, günəşə baxıb gülümsəmək kimi bir şey... Anidən mənə əl edir və uzaqlaşaraq gözdən itir. Mən onu bir daha görmürəm.
Bu hadisədən sonra bir müddət onu xatırlayıram, Ağ darvazalı zavodun qarşısından, evin yaxınlığındakı dayanacaqdan keçəndə gözüm axtarır. Hələ deyəsən bir müddət fikir çəkib qüssələnirəm də. Sonra tamamilə unuduram.
Amma hərdən yaddaşımın hansısa küncünə qonmuş, artıq çoxdan toz basmış, lazımsız, dəbdən düşmüş lent kimi kənara atılmış o hadisəni xatırlayanda yenə də ağlımdan mənasız bir fikir keçir: görəsən o oğlanın adı nə idi? Əhməd, Cəmil, Murad?
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
Şuşa Teatrında “Əlibaba və qırx quldur” nümayiş olunacaq
Sentyabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.
Ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Tamaşada rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları canlandıracaq.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
Mistik ovqat və aydın həqiqətlər
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Zemfira Məhərrəmlinin tanınmış yazar Əkbər Qoşalının “Həsrətoğlu, yaxud uçan tabut” hekayəsindən aldığı təəssüratı sizlərlə bölüşür.
Deyirlər, söz adamları, qələm əhli bizə əsərləri qədər yaxındır. Yazarın kitabları, gələcəyə əmanət etdiyi əsərləri onun el-obaya bağlılığı, xalqına, millətinə sədaqəti, narahat dünyası, yuxusuz gecələridir. Çağdaş poeziyamızın tanınmış simalarından biri, şair-publisist, tərcüməçi, ictimai xadim Əkbər Qoşalı da dəyərli və yaradıcılığa köklənmiş bir ömür yaşayır. 90-cılar ədəbi nəslinin tanınmış təmsilçisi, deməyə daim sözü olan, düşüncələrini şövqlə qələmə alan, yazıb-yaratmaqdan yorulmayan Ə.Qoşalı, ilk növbədə, incə ruhlu şairdir.
Onun yaradıcılığından türkçülük qırmızı xətlə keçir. Ə.Qoşalı ümumtürk ədəbi irsinin ənənələrini göz bəbəyi kimi qoruyur və yaşadır. Öz genetik türk yaddaşının hökmü, diktəsi ilə qədim türk eposlarından qaynaqlanan əsərlər yazır.
Söz adamı kimi Ə.Qoşalı nəsr əsərləri ilə də xalqın milli ruhunun diri qalmasına xidmət edir. Bu baxımdan, müəllifin "Həsrətoğlu, yaxud Uçan tabut" hekayəsi fikrimizə sübutdur. Yeri gəlmişkən qeyd edim ki, 2019-cu ildə qələmə alınmış bu hekayə qardaş Özbəkistanın nüfuzlu ədəbi nəşri olan "Kitab dünyası" qəzetində çap edilib. Hekayənin mayasında bədii təfəkkür sahibinin bənzərsiz təhlilləri var. Məna tutumu ağır olan bu nəsr nümunəsində fikrin emosional izharı ilə, maraqlı bədii təsvirlərlə qarşılaşırıq. Xalq dili və xalq ruhu əsərin qanına, canına hopub. Adı çəkilən hekayə yazı tərzi, üslubu ilə də fərqlidir.
İlk öncə, əsərin adı marağıma səbəb olmuşdu. Hekayəni diqqətlə oxuyub, müəllifin məqsəd və məramından agah olduqca, Əkbər Qoşalının Qarabağ həqiqətlərini, vəhşi xislətli, terrorçu Ermənistanın öz havadarlarından dəstək görərək başladığı qanlı savaşın xalqımıza gətirdiyi fəlakətləri dünyaya çatdırmaq missiyası göz önünə gəldi.
Hekayənin qəhrəmanı adına Həsrətoğlu deyilən və öz həqiqi adı az qala ellikcə unudulmuş bir şəxsdir. Qarabağ müharibəsinin dəhşətlərini öz taleyində yaşayan, axar-baxarlı yurd yerindən didərgin düşmüş məcburi köçkün soydaşımız paytaxtın tanınmış "Xor" kollektivində çalışır, aldığı cüzi məvaciblə dolanırdı. Vaxtilə gözəl səsi, avazıyla oxuyurdu. Onu alqışlayır, ifasını bəyənirdilər. Solo ifası ilə daha çox tanınsa da, tale onu "xor"a gətirib çıxarmışdı. "Və indi öncələr heç oxumadığı bir mahnının sonluğundaydı elə bil; pərdə qapanmadan özündə güc tapıb gur səslə oxumalıydı. Nəyə ümidlidir, kimə inanır və haraya gedəcək? Ona elə gəlirdi Tanrı ilə arasındakı bağ qopub, rabitə kanalı pozulub..."
Bu sənətçinin doğulub boya-başa çatdığı dədə-baba ocağına sevgisi o qədər dərin, yurdsuzluq nisgili o qədər böyükdür ki, hamı onu Həsrətoğlu ayaması (ləqəbi) ilə çağırır. Həsrətoğlunun həyatda çox şeyə əli çatmayıb. Dünyanın ən ağır dərdlərindən sayılan köçkünlük yükünü çiyinlərində daşıyan bu soydaşımızın nə normal həyat şəraiti var, nə evi-eşiyi, nə də ailəsi. Məşqə toplaşdıqları günlərin birində darısqal dəhlizdə qarşılaşdığı həmkarı - xorda yenicə çalışmağa başlayan alyanaq qızla göz-gözə gələndə ötən günlərin unudulmaz xatirəsi yada düşür. Güllü-çiçəkli kəndin ətəyində, bulaq başında gördüyü, səhəngindən su içdiyi və sonradan unuda bilmədiyi qızla təkrar görüş səhnəsi də hekayənin təsir gücünü artırır.
Müəllif qəribə davranışı, qeyri-adi düşüncələriylə fərqlənən qəhrəmanının psixoloji sarsıntılarını da məharətlə qələmə alıb. Hekayədə oxuyuruq: "Deyəsən, həyatının qalanını daha öncələrdəki kimi yaşaya bilməyəcəkdi... İllərdi özünü, öz içini yeyib bitirən Həsrətoğlunun nə cansağlığı, nə də "cib sağlığı" buna yol açmırdı... Yuxuları qarışıq, güzəranı pərişan, gələcəyi təsəvvür olunmayan bir adamdı Həsrətoğlu. Sanki hər şeyə inadkarlığı vardı. Öz bildiyini edər, öz bildiyi kimi oxuyardı..."
Bu mistik əhval-ruhiyyəli, yarıyuxu-yarıgerçək ovqatlı hekayədə acı həsrət və böyük istəyin üz-üzə gəlməsi, toqquşması bədii cəhətdən məharətlə təsvir olunub. Əsərin sonuna yaxın daha gərgin və dramatik ovqata köklənirik. Bir gecə yuxusunda doğma kəndinə, dədə-baba torpağına "gedən" Həsrətoğlu, yaşıdı olan son eloğlusunun da Qarabağ savaşında şəhid olduğunu eşidincə, "sağlamlığım cəbhəyə getməyimə imkan verməsə də, bu yataqxana otağında fələyə can verən deyiləm, gedib öz kəndimdə tapşıracam canımı" demişdi. Səhər hamı bilmişdi ki, o, gözlərini həyata əbədi yumub. Rəhmətliyin üz-gözündə itirdiyini tapan adamın xoş təbəssümü donmuşdu.
Həsrətoğlu qarabağlıydı, ölən sənətçini Bakı ətrafındakı qaçqınlar qəbiristanlığında dəfn etməliydilər. Lakin tabut daşıyan karvan Bakıdan çıxıb üzü Qarabağa doğru yön alır. Bu zaman müəllifin yaratdığı daha bir mistik, müəmmalı lövhə ilə qarşılaşırıq. Bu mistisizm nümunəsi fövqəltəbii, hansısa ilahi qüvvənin mövcudluğuna, eləcə də insanın bu qüvvələrlə ünsiyyətinin mümkünlüyünə inam yaradır.
"Vaxt gələr, hesab dönər" deyib ulularımız. Zaman dəyişdi, o unudulmaz 44 gün ərzində müzəffər ordumuz işğalçı erməni gavurların başına od ələdi, mərmiləri dolutək yağdırdı, mənfur düşmən dabanına tüpürüb qaçdı. Yurd nisgili ilə çırpınan soydaşlarımızın, qisas yanğısı ilə yaşayan polad biləkli oğullarımızın arzusu çin oldu. Elə haqqında ədəbi mülahizələrimi bildirdiyim hekayənin qəhrəmanı Həsrətoğlunun da sağlığında həyata keçməyən istəkləri gerçəkləşdi. Əslində bu, bənzərsiz bir hekayə ərsəyə gətirmiş yazıçının da ürəyində illərdən bəri qövr eləyən gözləntinin həqiqətə çevrilməsi, ədalətin qələbəsinə inamın təzahürüdür.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
Ferhat Göçer yenidən Bakıya gəlir
Sentyabrın 22-də Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin növbəti dəfə konserti təşkil olunacaq.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
“Uşaqlarda qorxu və təşviş”
“Qədim Qala” nəşriyyatında çapdan yenicə çıxan kitab “Uşaqlarda qorxu və təşviş" adlanır və kitab tək uşaqlar üçün deyil, həm də böyüklər üçündür.
Ayağınızdan yapışan o balaca əllər, hədəqəsindən çıxmış gözlər, titrəyən dodaqlar və nəhayət, qorxudan, təşvişdən xəbər verən göz yaşları. Bütün valideynlər dəfələrlə bu halın şahidi olublar. Onun quş kimi çırpınan balaca ürəyini sakitləşdirmək istəsək də, doğru yolun hansı olduğunu bilmədiyimizə görə ağlımızdan min sual keçir: Sakitləşdirmək? Qorumaq? Müzakirə etmək? Çətinliklərlə üzləşməsinə imkan vermək, müqavimət göstərməyə təşviq etmək?
Bu cür reaksiyaların səbəbi nədir? Nə üçün bəzi uşaqlar digərləri ilə müqayisədə daha çox qorxurlar, yaxud təşvişə daha çox meyillidirlər? Valideyn olaraq onlara necə kömək etmək olar?
Gördüyünüz kitabın hədəfi bütün bu suallara cavab tapmaqdır.
Kitab təkcə nəzəri biliklər verməklə kifayətlənməyib övladınızın özünəinamını gücləndirmək, qorxu və təşvişinin öhdəsindən gəlmək üçün onunla birlikdə yerinə yetirə biləcəyiniz sadə tapşırıqlar da təklif edir.
Odur ki, onu alıb övladınıza oxutmaq da gözəl olar, özünüz oxusanız da.
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)
KİNOBƏLƏDÇİdə “Bəxt üzüyü”
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Kinolar mənəviyyatımızın qidalarındandır.
Keçmiş illərdə çəkilmiş Azərbaycan filmlərinə baxarkən, onlar nostalji hisslər yaradır. Bu filmlərdən biri fə dramaturq Vaqif Səmədoğlunun eyni adlı pyesinin motivləri əsasında çəkilmiş "Bəxt üzüyü filmidir". Əvvəlcə nostalji hisslər aşılayan hissəsinə diqqət yetirək. Filmdəki bağ hissəsi Şüvəlan qəsəbəsində, dəniz Bilgəhdə çəkilib, bazar hissəsi isə Mərdəkanda. Və mən hər dəfə o filmi izləyərkən Bakı qəsəbələrinin 90-cı illərini görmüş oluram.
Məzmun cəhətdən nəzər salsaq isə...əsas hadisələr "Bəxt üzüyü”nün itməsi ilə başlayır. Təbii ki, bu üzük simvolikdir. Bütün xalqa ismarıc olaraq, insanlığımızı unutmamalı, bəxtimizi itirməməli olduğumuz işarə edilir. Qarşımızdakı kəslərə qarşı daha diqqətli olmalı, üstəlik, bu fani dünyanın "xoş" xəyallarına həyatı həsr edib, ən birinci özümüzü, sonra da ətrafımızı aldatmamalı olduğumuzu bizə ən gözəl formada çatdırırlar. Yəqin filmi izləyənlər bilər, orada balaca qızcığazın atasının sözlərindən narahat olaraq ağac altına gələrək ağacı kəsməyə çalışması... Ümumiyyətlə, Ayşad Məmmədovun həmin divar səhnəsi, o monoloq-- "Bir mən qalmışam, bir bu daş hasar", “Daş qəlbli insanları neylərdin İlahi"... kimi ifadələr həyatın acı üzünü təmsil edən monoloq olaraq şöhrət qazanmışdır. Keçmiş dəyərli filmlərmizi dərk edərək izləmək ən önəmlisidir.
Öz cümləmə sadiq qalaraq yenidən yazıram, "Ruhumuzu, mənəviyyatımızı daima qidalandıraq".
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)