Super User

Super User

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Mahnılar sadecə qulaqlara xitab etməklə kifayətlənmir. Bəzən bir mahnı iki insanı bir araya gətirir. Bəzən ilk dəfə, bəzən də aradan uzun illər keçəndən sonra təkrarən. Bəzən bir mahnı bir sevginin simvoluna çevrilir, hər halda "bizim mahnımız" ifadəsini hamımız eşitmişik. Və bəzən də bir sevginin təsiri ilə və ya bir sevgi hekayəsinin vəsiləsi ilə bir mahnı ərsəyə gəlir. Hər halda sevgi simvolu olmağa da elə istər notları, istərsə də sözləri ilə sevgi hissindən bəhrələnən bir mahnı layiqdir.

 

Bu gün sizlərə sözləri Nigar Rəfibəyliyə, musiqisi isə Emin Sabitoğluna məxsus olan və xalq artisti Akif İslamzadənin ifasında şöhrət qazanmış, bir çoxumuzun "Ala gözlüm" kimi tanıdığı "Neyləyim" mahnısı haqqında danışmaq istəyirəm.

Özündə həsrət motivləri daşıyan bu mahnının arxa fonunda əslində həqiqətən də elə həsrətlə sınağa çəkilmis böyük bir sevgi hekayəsi dayanır.

Belə ki, 1941-ci ildə böyük vətən müharibəsi zamanı xalq şairi Rəsul Rza bir qrup siyasi işçi ilə birlikdə Krıma gedib oradakı Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində, "Döyüşən Krım" adlanan cəbhə qəzetlərinin birində çalışmağa başlayır. 

Onun həyat yoldaşı xalq şairi Nigar Rəfibəyli Rəsulun yolunu gözlədiyi bu müddət ərzində ona ithaf olaraq bir neçə şeir qələmə alır və onlardan biri də bu şeir olur. 

 

Ala gözlüm, səndən ayrı gecələr,

Bir il kimi uzun olur, neyləyim?

Baxçamızda qızıl güllər hər səhər 

Tezdən açır, vaxtsız solur, neyləyim? 

 

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yolda qalanda,

Yasəmənlər saçın yolur, neyləyim? 

 

Əsən rüzgarın da yoxdur vəfası

Düşmüşdür başına özgə sevdası,

Lalənin cırılıb qəmdən yaxası 

Saçları pərişan olur, neyləyim? 

 

Bəlkə tez gələsən, əlac verəsən,

Sünbülün saçını yığıb hörəsən

Əlvan çiçəkləri özün dərəsən,

Gözləri yollarda qalır, neyləyim? 

 

Çəkir çiçəklərin gözü intizar,

Ayrılıqdan betər dünyada nə var?

Bu bahar axşamı səni bax Nigar

Həzin-həzin yada salır, neyləyim? 

 

Deyilənlərə görə hətda o dönəmlərdə ömür gün yoldaşı üçün hədsiz darıxan Nigar xanım Səməd Vurğuna deyirmiş ki: "Mən də  cəbhəyə getmək istəyirəm"

Və şair də ona zarafatla " Ay Nigar, mən indi bir batalyonu haradan tapım ki, səni cəbhədə müşayət eləsin" -, deyə cavab verirmiş. 

 

1950-ci ildə “Ulduz” jurnalında çap olunan “Neyləyim” şeirini məşhur bəstəkarımız Emin Sabitoğlu görüb çox bəyənir və ona musiqi bəstələmək niyyəti ilə şeiri öz qeyd dəftərinə köçürür, lakin sonra həmin şeirə müsiqi bəstələmək fikri bəstəkarın yadından çıxır.

Uzun illər sonra 1981-ci ildə Rəsul Rzanın yüksək təzyiq diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bir vaxtda Nigar xanıma da xərçəng diqnozu qoyulur və o da xəstəxanaya yerləşdirilir. Bir versiyaya görə elə Nigar xanımın xərçəng olduğu xəbərini alan Rəsul Rzanın təzyiqi birdən yüksəlir və o, dünyasını dəyişir.

Rəsul Rzanın dünyasını dəyişdiyini uzun bir müddət Nigar xanımdan gizlədirlər. Hətta  həyat yoldaşının ölümündən xəbərsiz olan Nigar xanım xəstəxanaya onu görməyə gəlmədiyi üçün Rəsuldan incidiyini deyirmiş.

Bu hadisədən bərk təsirlənən Emin Sabitoğlu o zaman həmin şeirə  bir musiqi bəstələyir. Mahnının ilk lent yazısını xəstəxanaya Nigar xanımın yanına gətirirlər  və Nigar Rəfibəyli Rəsul Rzanın öldüyünü məhz o zaman anlayır və qısa bir müddət sonra özü də dünyasını dəyişir.

Onu da qeyd edim ki, Rəsul Rzayla Nigar Rəfibəyli 1931-ci ildə "Maarif evi" adlanan və dövrün ədəbi gəncliyinin sıx topaşdığı 

mərkəzlərdən birində tanış olublarmış və 1937-ci ildə ailə həyatı qurublarmış.

Ədəbiyyatımızda böyuk rolu olan şairlərimizin ikisi də sadəcə əsərləri ilə deyil özünəməxsus sevgi hekayələri ilə də hələ uzun illər Azərbaycan xalqının qəlbində yaşayacaq və həqiqi sevginin timsalı olacaqdır.

 

Xoş dinləmələr.

https://youtu.be/F5FBJ5cesGU?si=euc9OvKwDhSE5_Ff

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)

Kaliforniya ştatından kinosevərləri təşvişə salan xəbərlər bir-birini sıralamaqdadır. Növbəti xəbər Hollivudun əsas kinostudiyalarından olan “Warner Bros.” ilə bağlıdır, kinostudiyanın rəhbərliyi bir neçə məşhur prodüser və ssenaristlə müqavilələri dayandırıb.

 

Xarici KİV-in verdiyi məlumata görə, bu siyahıya Cey Cey Abrams, Qreq Berlanti, Cak Lorre, Bill Lourens, Con Uells və bir çox başqaları daxildir.

Qeyd edək ki, sadalananların hamısı artıq öz sözünü demiş məşhur prodüserlərdir. Bu prosesə ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi tətillərin də səbəb olduğu vurğulanır. Buna görə də artıq bir çox digər şirkətlərdə işçilərin ixtisarı başlayıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)

Bazar ertəsi, 11 Sentyabr 2023 12:00

Yeni Bir Üslub! - Rəssam CP ilə müsahibə

 Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Bir çoxunuz məni "Allahsızlar Şəhəri", "Hərbidən Qeydlər", həmçinin "Kəpənək" kitabı ilə tanıyır. Lakin öz dövrünü gözləyən bir kitab daha var: İnterpolun ən təhlükəli qatillərinin saxlanıldığı "Qəfəsdəki məhbuslar" əsəri. Xeyr, bu dəfəki müsahibənin qonağı mən deyiləm. Lakin kitablarımın rəssamı olan CP ilə sizləri tanış etmək istəyirəm. Hansı ki, kitablarımla tanış olan oxucuların ilk reaksiyası belə olur:

"Bu rəsmlərin müəllifi kimdir?"

Onu kəşf etməyim mənim üçün sadəcə bir tapıntıdır. Düşünürəm ki, öz sərhədlərini zorlayan bu rəssamı sizlər də yaxından tanımalısınız.

Bu gün sizlər kitablarımın rəssamı olan CP ilə yaxından tanış olacağıqsınız.

 

-Xoş gəlmisiniz CP. Zəhmət olmasa, özünüzü oxuculara təqdim edin.

 

- Mən CP - rəssam və heykəltəraş. Bir sözlə, əsl incəsənət adamıyam. 27 yaşım var. 12 ildir rəsmlər üzərində çalışıram, yeni əsərlər çəkib yaradıram. İncəsənət çox dəyərlidir. Bu həyatda və bizim görmədiyimiz insanlara, özündən sonrakılara dünyada bir iz qoymaqdır incəsənət. Mən heç bir yeri bitirməmişəm, mənə görə, yaradıcılıq doğuşdan insanın iç dərinliklərindən gəlir.

 

-Rəssamlıqda ən çox hansı üslubdan istifadə edirsiniz?

 

- Rəssamlığın cox üslubu var, mən əsasən öz üslubumu yaratmağa və sevdirməyə çalışıram. Əsərlərimin içində modern, romantizm, empresionizim üslüblar da var.

 

-Son zamanlar rəssamlığa olan marağım o qədər artıb ki, otağımın hər tərəfini rəsm tabloları ilə doldurmuşam. Bəs sizcə, rəsm tabloları sadəcə orijinal halda müzeylərdə saxlanılmalıdır, yoxsa nüsxələnib, çoxaldılıb evlərdə və ya digər sosial məkanlarda yerləşdirilməlidir?

 

- Orijinal əsərlər müzeydə, ya da kimsə alırsa onun evində, iş otağında, harda asdığının fərqi yoxdur, orijinal əsər olması səbəbindən dəyərini itirmir.  İndi əsərlərin çəkimini elə edirlərki, birə bir orijinalına bənzəyir, amma yenə də orijinal sayılmır, çünki rəsmin ilk çəkilişində olan zaman rəssamın keçirdiyi hisslər, toxunuşlar - bunlar orijinal əsəri daha da dəyərli edir və fərqləndirir. Orijinal əsərlərin çoxaldılması, nüsxələrinin çıxarılması, məncə, yaxşı bir şeydir ki, bu da bir rəssamın əsərinin necə dəyərli olduğunu gösdərir. Bunu da bildirmək isdəyirəm ki, bütün saxta əsərlərin də özünəməxsus orijinallığı var.

 

-Ölkəmizdə rəssamlığın inkişafı ilə bağlı hansı işlər görülür, izləyirsinizmi? İnkişafdan razısınızmı?

 

- Mən çox istərdim ki, diplomu olmayan bir çox sənətçilərimizə də dəstək olunsun. Mənim emalatxanam “Salam Cinema Baku”da yerləşir, bu yerlərə təkbaşına gəlmişəm, heç bir dəstək olmadan.

 

-Hər ikimiz incəsənət adamıyıq. Sizcə, rəssamlarla yazıçıları  birləşdirən bənzərliklər və fərqliliklər hansılardır?

 

- Rəssam və yazıçılar arasında ən birinci böyük fərq duyğular və hisslərdir. Məncə, necə ki, bir rəssam bir əsər üzərində günlərlə, hətta aylarla çalışırsa, bir yazıçı da ortaya qoyacaq öz əsərinə aylarca zaman sərf edə bilir. Amma rəssam daha çox emosiya və hiss ortaya qoyduğu halda yazıçı daha çox dramatizm və məntiq ortaya qoymuş olur.

 

-Həyatlarımızı hansı rəsm tablosuna bənzədirsiniz?

 

- Həyat və yaşam daim dəyişir, eləcə də insanlar da dəyişirlər. Və bu həyatı hələ də doğru-dürüst göstərə bilən bir tablo yoxdur deyə düşünürəm.

 

-Tanıdığım çoxlu sayda rəssam var. Lakin onların arasında çox az bir qismi tanınır və ya tarixdə qalır. Sizin fikrinizcə, bir rəssam kimi qızıl hərflərlə tarixə adını yazdırmaq üçün nə etmək lazımdır?

 

- Mənim fikrimcə, rəssam özünü tanıtmalıdır, sərgilər etməli, əsərlərini kütlə qarşısına çıxarmalı və həvəsdən düşməməlidir. Mənim də bir məqsədim var, özüm çox tanınmasam da, əsərlərim tanınsın və sevilsin. Və ona görə də özümü arxa planda saxlayıb adımı belə açıqlamaqdan vaz keçirəm.

 

İndi də istəkli oxucularımıza CP-nin rəsm qalereyasını təqdim edirik.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)

 

 

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan və yeni səhnə əsərlərindən olan “Nəğməmə inan” tamaşası nümayiş olunacaq.

 

Teatrın rus bölməsində hazırlanan bu musiqili komediya növbəti dəfə sentyabrın 24-də teatrsevərlərə təqdim olunacaq.

 

Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsus olan bu səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

 

Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.

 

Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.

 

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)

Bazar ertəsi, 11 Sentyabr 2023 11:30

Ölümün intiharı

 

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

 

Səhər saat: 08.00

 

 

 

Beyin: Soruşmamaq üçün özümü güclə saxlayıram, amma yenə də alınmır. Onu bilirəm ki, səni yeyib bitirən hər nədirsə, məni yoracaq. Danış görüm nə olub?

 

Ürək: Özünün xatirinə halımı soruşursansa, heç soruşmamağın daha yaxşıdır. Səni yormağımla bağlı olan məqama gəlsək, mənim yaralarımın birinin üstünə beşini qoyub yenidən əzabıma əzab qatan sənsən.

 

Beyin: Bəsdi də, səni artıq anlaya bilmirəm. Niyə həmişə özünü haqlı çıxarmaq üçün əlindən gələni edirsən?

 

Ürək: Mənə deyənə bax, sən sanki heç etmirsən? Həm sən məni qara düşüncələrinlə doldurmasan, özüm öz yaralarımı sağalda bilərəm.

 

Beyin: Ay yazıq, sənin başqasının fikirlərinə ehtiyacın varsa və öz qərarlarını özün qəbul edə bilmirsənsə, bu olanlarda mənim günahım nədir?!

 

Ürək: Ay Allah, sən mənim düşdüyüm vəziyyəti görürsən?!

 

Beyin: Allah sənə nə edə bilər ki? Sən onun sənə bəxş etdiyi heç nəyi lazımlı yerdə və düzgün istifadə edə bilmirsən. Ən sonda da adını qoyursan ki, sənsən günahkar. Saf tapmısan də!

 

Ürək: Nə? Sənsən saf olan?! Sən mənim ilə hər gün min dildə danışırsan. Keçən dəfə sənə kiçik bir mövzu dedim, böyüdüb dağ boyda elədin. O qədər əzab çəkmişəm ki, yazıq sahibimə gecə yatmağa belə icazə verməmişəm.

 

Beyin: Mənəm min dildə danışan?! Əgər eləyəmsə, onda məni niyə dinləyirsən? Ayrıca mən heç vaxt sənin dərdlərin üçün pis fikirlər irəli sürməmişəm. Hər problemdə ağıla gəlməli olan başlıca məsələləri səninlə bölüşmüşəm. Sən isə oturub hamısını düşünüb dəli olmusan.

 

Ürək: Başlıca məsələləri söyləyirmiş, yox bir. Bir dəfə də son ağlına gələni söylə, qorxma ölməzsən. Arada bir qayğıma qal, çünki mənə bir şey olsa, sənin də sonunu gətirəcəyəm.

 

Beyin: Deyirlər ki, dərd sahibləri uzun yaşayır. Düşünüb özünü yormağa çalışma, elə əlavə bir səbəbi yoxdur. Dərd düçar olduğu qulunu bütün varlığı ilə sevib, onun od-ocağına hakim kəsilən və onu əbədi tək qoymayan yeganə məfhumdur.

 

Ürək: Bunu  kim deyir?

 

Beyin: Mən!

 

Ürək: Səfeh, boşboğaz!

 

Beyin: Özünsən!

 

Ürək: Əsla...

 

Beyin: Bundan sonra sənin işinə qarışan namərddir. Özün öz halına çarə tap. Belə də ki, mənim kimsəyə ehtiyacım yoxdur.

 

Ürək: Mənim də sənə ehtiyacım yoxdur. Xoş getdin!

 

Beyin: Sən də xoş getdin!

 

 

 

Axşam saat: 23.59

 

 

 

Beyin: Mənə bax, hələ də mənə əsəbisən?

 

Ürək: Deyəsən, milçək səsi eşidirəm. Yox, məncə, milçəyə haqsızlıq edirəm, çünki bu səs tonu onu ifadə edir ki, onun şüuru həmin həşəratın belə şüurundan kölgədə qalır. Səni daşıyanın məhz bu səfehliyinin səbəbindən halım hal deyil.

 

Beyin: Ey! Mənim fikrimcə bu qədər uzatmağın heç bir mənası yoxdur. Axı belə nə qədər davam edə bilər ki?

 

Ürək: Aydın oldu, sən mənə rahat yatmağa imkan verməyəcəksən. Nə istəyirsən, onu de!

 

Beyin: Mən səndən yaxşılığından başqa nə istəyə bilərəm ki? Öz içimdə hiss etdim ki, sənin mənim köməyimə ehtiyacın var. Sən yaxşı bilirsən ki, mən laqeyd bir dost deyiləm. Taleyimiz o qədər qəribədir ki, girdiyimiz qapıdan birlikdə çıxacağıq.

 

Ürək: Hər nə qədər mənasındakı dərinlik itsə də, dost dəyərli bir kəlimədir. Az əvvəl ölüm məsələsinə toxundun. İnsanları bir uçurum, yaxud bir qəza düşmənləri ilə birgə də həmin qapıdan çıxara bilər. Bizə də belə olacaq, ona görə ki, düşüncə və hisslərini bir -birinə düşmən edən insan öz-özünə düşməndir.

 

Beyin: Əlbəttə, bəzən elə bir an  olur ki, dözə bilmədiyin, səni yandıran bütün hisslərini bir nəfərdə söndürmək istəyirsən və elə o an ağlına yeganə insan gəlir. Ona inanırsan, güvənirsən düşünürsən ki, dilindəki bir damla su ilə səni fərahladar, lakin bəzən hər şey istədiyin kimi olmur. Sənin ruhunu heç düşünmədən külə çevirən, ən sevdiklərin olur.

 

Ürək: Əvəzsiz olan, sənə özünü xoşbəxt hiss etdirən hər şey bir gün getməyə məcburdur. Peşman olmaq üçün, bəlkələrlə yaşamaq üçün, lap elə özünü sənə tanıtmaq üçün bunlar sadəcə bir imtahandır.

 

Beyin: Bəlkə də, bu söylədiklərin bizə nəyi isə öyrətməyə çalışır. Artıq bizim üçün son parlayan günəşdir, keçən həftə bizim üçün son dəfə yağmur yağdı, ən son keçən il göyqurşağını gördük və bu sözləri sənə son dəfə deyirəm... Məni son dəfə diqqətlə dinləməyini xahiş edirəm: İkimiz də həmişə eyni səmtə baxdıq. “Fəqət hansımızın gözündə canlanan mənzərə daha parlaq oldu?” -bax bu, böyük müəmmadır. Baxdığımız o səmtdə nə baş verdi? Özünə bir dəfə də olsun heç bu sualı vermisən? Düşünürəm ki, cavab məndə çoxdan hazırdır. Biz eyni səmtə baxıb fərqli mənzərələri görərkən eyni sualları içimizdə boğacaq qədər ağır ruhlu olduq. Ola bilər ki, sən mən deyildin və mən də heç vaxt sən olmağı bacara bilmədim, amma içimizdə olan bütün suallar bizi hər zaman eyni mövqedə qarşı-qarşıya gətirdi. Və bu, sadəcə bizə şamil olmayacaq. Əgər sən belə zənn etmisənsə, çox yanılırsan.

 

Ürək: Bəs bütün bu olanlarda özümü günahkar hesab etməliyəm? Axı bir nəfər günahkar olmalıdır. Mənə ən son nə vaxt birlikdə qərar verdiyimizi söyləyə bilərsən?

 

Beyin: Bütün bu suallara cavab axtarmaq üçün səncə də artıq gec deyilmi? Ömrünün bu çağında, zahirin qırışmışkən, ruhunu dərin bir qorxu əsir almışkən və ən önəmlisi, sənə gedən bütün yolların bağlanmasına çox az bir vaxt qalmışkən gecikmiş cavablarını dinləməyi özümə rəva bilmirəm.

 

Ürək: Özüm də uduzduğumun, artıq mənim üçün hər şeyin gec olduğunun, yolun tamamilə sonunda olduğumun fərqindəyəm. Onu çox incitdilər, elə bu səbəbdən də o da məni yaralamağı seçdi. Az sonra ona içimdə olan bütün suallarla, məni vahiməyə salan qorxularımla, susduğum bütün haqsızlıqların yara izləri ilə vida edəcəyəm. Yanlış seçimləri məhz indi onu bir ip kimi özündən asır. Bu ölüm bir intihardan daha ağır olacaq, bunu hiss edirəm. Elə məhz bu an sənin düşüncələrində gəzinən ilk sual nədir?

 

Beyin: Bu sualı eşitmək istədiyinə əminsən?

 

Ürək: Düşünürəm ki, artıq əmin olub, ya da olmamağımın heç bir əhəmiyyəti yoxdur. Buna hazıram.

 

Beyin: Deyir ki, həyatda yaşadığımız bütün pis və ya yaxşı hadisələr Tanrının seçimləri olduğu təqdirdə, bir qulun alın yazısına yazılan intiharı yaşaması axı necə günah ola bilər? Hər şeyi yerlə yeksan etməyə qadir olan UCA YARADAN’IN məhz bir qulunun ayaqları altındakı kiçik bir kətili saxlamağamı, yoxsa onun boğazını öz əlinə alan mənfur ipi qoparmağamı gücü yetmir? Əgər bu bir həyat oyunu deyilsə, niyə yaşamağa məcburuq? Çox maraqlıdır,  bütün bunlara verəcək hansısa bir cavabın varmı?

 

Ürək: Mən cavab vermək üçün deyil, içimdə yaşadıb böyütmək və daha da çox özümü məhv etmək üçün yaranmışam... Deyəsən, artıq yavaş-yavaş təslim oluram. Əgər sənin gücün çatırsa, özünə mənim onu heç vaxt bağışlamayacağım düşüncələrini ək.

 

Beyin: Belə başa düşürəm ki, bu dəfə də sən intihar etmək fikrindəsən. Bəlkə, səninlə paylaşdığım bütün sirlər üçün məni də yox etməyi düşünürsən? Elədi, ay qısqanc?

 

Ürək: Sən necə qaçmaq lazımdır çox yaxşı bilirsən. Mənim üçün isə narahat olmağın əsassızdır, kədər ortağım.

 

Beyin: Bəsdi görək, ay səfeh.

 

Ürək: ..............

 

Beyin: Nə tez getdin? Bir də... bir də ki.... onun üçün məndəki son düşüncəsi sənin adına həkk olunan böyük bir peşmanlıqdır. O, sənə yaşatdığı hər şey üçün çox........

 

Ürək: ............!

 

 

 

***

 

Yeni günə salam olsun, bitən gün isə özü ilə bərabər bir çox əzabı, sevinci, kədərin yanıqlı toxumlarını külə çevirdi. Artıq əqrəblər daha həzin hərəkət edir, saniyələr əzabın hökmü altında sürünür, dəqiqələr axına qarşı üzən gəmi tək gücünün təkəbbürü əlində oyuncağa çevrilir, saatlar isə öz hökmünü çoxdan verirdi. Kimlərsə yeni günün doğan günəşi ilə birlikdə dünyaya gözlərini açarkən, bəzilərini də dünənin batan günəşi özü ilə birlikdə çoxdan tarix etmişdi. Günəşin batışını dərin bir sükutla ötürən asiman günü böyük səs-küylə qarşılayırdı. Hər kəs bir-birinin rüzgarı ilə fərqli diyarlara səpələnirdi və daha sonra alışdıqları məskəni unudub yenidən qədəm qoyduqları həyata alışmaq məcburiyyətində qalırdılar. Dünəndən qalan cavabsız suallar heç kimin maraq dairəsinə daxil belə deyildi. Səmanı ağuşuna alan qara buludlar gündüzü gecəyə çevirəcək qədər güclü idilər. Yolun mərkəzindən uzun bir karvan keçirdi. Onlar çiyinlərində çoxdandır axtardıqları vicdanlarını son mənzilinə çatdırmağa çalışırdılar. Bəziləri qara geyimdə, bəzilərinin gözündə qara eynək, bəzilərinin əlində yalandan bir əsa və yalnız bir neçəsinin gözlərində kədəri bariz görə bilirdim. Bu kasıb insan karvanı hər birinin vicdanından bir parça daşıyan tabutu göməcək boş torpağı tapa bilmirdi. Əlləri havaya açılmış, gözləri ilə bizi bir ölçüb min biçən şəxs isə üzünə çisələyən yağmur dənəciklərini silmək üçün əllərini üzündə büsbütün rəqs etdirirdi. Əlləri üzünü örtsə belə, ruhundakı etinasızlığı örtməyə onlar da çarəsiz idi. Və... ən sonda hər kəs nizama düzülmüş əsgərlər kimi eyni anda əks istiqamətə yönəlirdilər. Çıxışın qapısı onları qarşılamaq üçün hər iki qolunu büsbütün açaraq iki ayaqlı heyvan sürüsünü gözləyirdi.

 

 Səssiz və yaramaz baxışlardan uzaq bir həyat səni ağuşuna çoxdan almışdı. Artıq səni onlara xatırladan bir tək yeni qazılmış isti torpağına sancılan taxta parçası idi. Üzərində günəşin doğuşu və batışının dumanlı tarixləri həkk olunmuşdu və ən sevmədiyim səkkiz rəqəmini də elə bu taxta yatağa uzatmışdılar. Baxışlarım elə hey birotaqlı, rütubətli evimin açıq pəncərəsi ilə arasına uzun bir yol inşa edirdi. Bir zamanlar daşdan möhrü qoyulan bu səssiz insan sürüsünə o həmin pəncərədən baxırdım. İndi isə ağır payız küləyinin təsiri ilə rəqs edən pəncərəmin qiyafəsi onun tam arxasına iz salan stulun çiyinlərinə gücsüz əlləri ilə toxunaraq, -“Səssiz ol”- deyirdi.

 

Elə bir kimliyə bürün ki, sənin səssizliyin bitən əzablarının imzası olsun!

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(11.09.2023)

 

 

 

 

Məşhur sülh carçısı fotojurnalist Reza Deqatinin silsilə sərgiləri Fransanın regionlarında davam edir. AzərTAC xəbər verir ki, Bretany regionunun Vannes şəhərində fotojurnalistin “Sükutun dərinliyi” adlı sərgisinin açılışı olub. R.Deqati əsl sənətkar kimi sözünü, fikirlərini fotoları vasitəsilə ötürür. Onun reallığı əks etdirən fotoları qarşısında sözə ehtiyac olmur. Bu sərgilər hər şeyi fotoların dili ilə çatdırır.

 

Həmişə olduğu kimi, R.Deqatinin sərgilərində Azərbaycan, eləcə də onun işğalçılar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlərini əks etdirən fotolar da nümayiş olunur. Erməni işğalı dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlərimizi əks etdirən Deqati fotoları ilə ictimaiyyətə əsl həqiqətləri çatdırır.

 

Reza uzun illərdir dünyanın müxtəlif qaynar nöqtələrindən çəkdiyi fotolarla humanist baxışını beynəlxalq media, eləcə də kitablar, sənədli filmlər, konfranslar, seminarlar və sərgilər vasitəsilə Fransada və xaricdə bölüşür. O, 1979-cu ildən dünyada baş verən sarsıntıların əsl şahididir. Reza “sülh müxbiri” titullu müharibə müxbiridir. Fotoqrafiya doğma ölkəsindən didərgin düşmüş Rezanı həyata bağlayan yeganə teldir.

 

Reza Deqati Azərbaycanın 30 illik işğal dərdini də fotoları vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırır. O, sərgiləri çərçivəsində təşkil etdiyi konfranslar vasitəsilə də Azərbaycan reallıqlarını sənətsevərlərə ötürür.

 

Onun sərgilərinin komissarları Raşel Deqati və Fransada sərgilər kuratoru Pyer Bonciovanidir. R.Deqatinin sərgiləri yay fəslində yerli ictimaiyyət və xarici turistlərin ən sevimli ziyarət məkanı olur.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)

Bazar ertəsi, 11 Sentyabr 2023 11:00

“Allah da təkdi, mən də tək...”

“BİRİ İKİSNDƏ” LAYİHƏSİNDƏ YUSİF MÜRSƏLİN ŞEİRLƏRİ                                              

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində qarşıdakı üç gün Şeir vaxtıdır, Yusif Mürsəlin şeirləri ilə tanışlıqdır.

 

 

TƏK...

 

Fələyin çərxi fırlanır,

Durub baxıram gendə tək.

Ay təkcə nur saçır Yerə,

Fırlanır göydə Gün də tək.

 

Batırıq kədərə, yasa,

Ürəkdən daş asa-asa.

Arxa duranı olmasa,

Neyləyə bilər bəndə tək.

 

Dərd çəkəndə dərd çox olur,

Həm var olur, həm yox olur.

Cücərib sonra çoxalır

Düşüb torpağa dən də tək.

 

Nə atmağa daş gəzirəm,

Nə çatılmış qaş gəzirəm,

Özümə yoldaş gəzirəm,

Azmayım yolu çəndə tək.

 

Hərə bir cür toxum əkdi,

Hərə bir tərəfə çəkdi,

Tək yarandı, yenə təkdi.

Yüz iyirmi dörd mində tək.

 

Min ildi qulam Allaha

Yol gedir yolum Allaha,

Gedim qoşulum Allaha,

Allah da təkdi, mən də tək.

 

***

 

 

Dünən elə dünəndi,

İnanma ki, dönəndi.

Sabah bu gün də

dünən olacaq,

bir gün sonra

sabah da dünən olacaq.

Kim deyirsə,

dünya beşgünlükdü, inanma

dünya cəmi üç gündü,

üçü də elə dünəndi.

 

***

 

 

Belə olur bax vurulmaq,

Aşiq olmaq yox, vurulmaq.

Adam hərdən gah vurulmaq,

Gah da azadlıq istəyir.

 

Könlüm payız, qış kimidi,

Bir sevdaya tuş kimidi,

Ah da elə quş kimidi,

Ah da azadlıq istəyir.

 

Dörd divardı, bir otaqdı,

Dörd divarın dərdi dağdı,

Ruhum içimdə dustaqdı,

Ruh da azadlıq istəyir.

 

***

 

 

Mənə hamı deyir ki,

Sözü hardan tapırsan?

Gecə-gündüz yanırsan,

Közü hardan tapırsan?

 

Bir nazına dözmürük,

Kim deyir ki, bezmirik.

Biz heç səni gəzmirik,

Bizi hardan tapırsan?

 

Baxış gözdə azanda,

Naxış üzdə azanda,

Dağda, düzdə azanda

İzi hardan tapırsan?

 

Söz varmı deyilməyən?

Qapı yox döyülməyən...

Heç kimə əyilməyən

Dizi hardan tapırsan?

 

Mənəm ey, sənin bəndən,

Haqqı tapdığım gündən

Soruşan yoxdu məndən,

Düzü hardan tapırsan?

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)

 

Sentyabrın 25-də Azərbaycan Opera və Balet Teatrı Bakı Musiqi Akademiyasının (BMA) Opera studiyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını təqdim edəcək. 

Qeyd edək ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsərində rolları Atəş Qarayev (Əsgər), Fatimə Cəfərzadə (Gülçöhrə), Xalq artisti Gülyaz Məmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Səbinə Vahabzadə (Asiya), Taleh Yahyayev (Süleyman), Sadiq Məlikov (Vəli) ifa edəcəklər.

 

Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.

 

Biletləri Mərkəzləşdirilmiş və "ASAN xidmət"in kassalarından və Itıcket.az saytından əldə etmək mümkündür.

 

“Arşın mal alan” 1913-cü il oktyabrın 25-də Hacı Zeynalabdin Tağıyev Teatrının səhnəsində Hüseyn Ərəblinskinin rejissorluğu ilə tamaşaya qoyulub. O, həm də librettonun müəllifidir.

 

Səhnə əsəri dünyanın bir sıra ölkələrində – ABŞ, Fransa, İngiltərə, Almaniya, Türkiyə, İran, Misir, Polşa, Çin, Bolqarıstan, Rusiya və digər ölkələrdə nümayiş edilib.

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Arşın mal alan” 1997-ci ilin sentyabrında Əməkdar incəsənət xadimi Hafiz Quliyevin tərəfindən səhnəyə qoyulub.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)

Bazar ertəsi, 11 Sentyabr 2023 10:30

Ölümsüzlüyün mübarək, Dədə!

AŞIQ ƏDALƏTİ HƏYATDAN KÜSDÜRƏNLƏR ÇOX İDİ

 

 

Çiçək Mahmudqızı, Gəncə

(xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün)

 

 

Aşıq Ədalətin haqqında yazını hamı yaza bilər, lap elə elə uşaqdan böyüyə hər kəs. Ən azından sinəsində cövlan eyləyən qara sazdanmı, cezvlənib çaldığı “Yanıq Kərəmi”dənmi ip ucu götürüb bir xatirəni çözüb də yazmaqdan asan nə var ki. Və bilənlər onu da yaxşı bilir ki, Dədə Ədalət haqqında ən cox yazılar və şeirlər yazılan bəlkə də birinci sənətkardır. Yəni Aşıq Ədaləti tanıyıb onun haqqında şeir, yaxud məqalə yazmaqdan asan bir iş yoxdu əli qələm tutan hər kəsə... 

 

Amma zulum Ədaləti tanıyıb da, dərk edib də, duyanların dərdidi... O kəslərin dərdidi ki, onlar Dədəni ilmə-ilmə bilir, naxış-naxış toxumaq istəyir, bacarmır. O kəslərindi ki, Dədəni iliyinnən sümüyünəcən dərk edir, o ənginliklərə baş vurur, amma azıb qalacağından qoruxur... O kəslərindi ki, bu sirli dünyanın qatlarına enir, geri qayıtmağa yol tapmaq ümidini itirir... Zülüm o kəslərindi ki, onlar bu təxti-səltənət sahibinin hikmətinə bələddirlər və onun böyüklüyünə qalxacaq yazı yazmağa cəsarət etmirlər. Şahların, sultanların xəzinəsində nələrin olduğunun marağında olmayan insanlar olub ki, Dədə Ədalətin içindəki ləli-cəvahirata bənd olub, illərcən bu xəzinənin dalınca sürünüb, ona varmaq arzusunnan yaşayıb... Pinəçi Məhəmmədəlinin kirayələrdə ölən oğlunu deyirəm, Aşıq Ədaləti - Allahın ən zəngin və seçilmiş bəndələrindən biri. Təbii ki,seçilmişlərin zaman-zaman yaşadıqları məkanlarını da, yerlərini də, talelərini də Tanrı seçir... elə Dədə Ədalət kimi...

Hər kəs Aşıq Ədaləti dərk etdiyi qədər gördü... Kim nə miqdar idisə, o miqdar da ona dəyər verdi. O üzdən idi ki, onun ərşdən-kürşdən söylədiklərindən bixəbərlər onun içməyindən və söyüncündən yazdılar. Onun Haqdan gələn vergisini, tanrısal tərəflərini yox, özləri boyda, öz çəkilərində bəndəlik tərəfini gördülər. (Belə böyük, fitri istedadlı insanlarda elə xırda cizgiləri görmək də, qabartmaq da bəsirət gözünün bağlılığından dolayı bir şey də deyildi). Ancaq anlamadılar ki, Ədalətin söyüncü də haqq idi, ədalətli idi... Ona hər şey yaraşırdı, necə ki, saz Ədalətə yaraşan kimi. Çünki o, sənətinin şahıydı, sultanıydı, təkiydi, yekiydi, biriydi, dövrünün birincisiydi...

 

Fələyindən açılmamış sirdimi,
Sinəsindən yaralanmış şirdimi,
Ozandımı, ocaqdımı, pirdimi,
Dilmi tutar, yazılarmı bu hikmət?
Saz çalanda Allah olur Ədalət...

 

Səs sitəmli, sinə-körük, gözlər-qan,
Barmaqlar- dərd, kəlmələr –od, sözlər-qan
Bundan betər nə inqilab, nə üsyan,
Bundan anrı hayqırmağa nə hacət
Saz çalanda üsyan olur Ədalət
Saz çalanda Vətən olur Ədalət...

( A. Sadiq Əfəndi)

 

Bundan o yana yazmağa nə hacət?! Yerindəmi deyilmiş, heyrətdənmi deyilmiş, hikmətdənmi deyilmişdi bu misralar ? Özümü demiş, özgəmi dedizdirmişdi şairə bu heyrəti? Niyə Aşıq Ədalətə “sazın peygəmbəri” deyəndə, yaxud saz çalanda “Allah olur Ədalət”- deyəndə əli qılınclı üsyana qalxırıq? Allah hardadı ki? Allahı niyə yoxluqlarda axtarırıq? Allah elə bizim içimizdə, könül taxtımızda deyilmi? Gülən gözlərdə, sevən ürəklərdə, dilsiz tut agacının simlərdən ötürdüyü iniltisində, sızıltısında deyilmi ki? Niyə saz çalınanda özümüz oluruq, niyə saz çalınanda duyğulanırıq, duruluruq, saflaşırıq, ən ali, ilahi məqamları yaşayırıq? Biz Tanrının bir zərrəsi--bu yaşadığımız Tanrının halı deyilmi ki? Niyə saz çalınanda bizə hardansa bir işıq, bir eşq süzülüb gəlir... İşıq da, eşq də Yaradanın özündən bizə ötürdükləri deyillmi? Eşq, işıq, aşiq, aşıq –haqq aşıqlarının tanrısal üzləri, sifətləri, adları deyilmi? Yoxsa bu qədər ovsunun, sehrin sirri nədəydi ki? Şahi-mərdan nökəriyəm, dərsimi pünhan verib (A.Ələsgər)-deyən Dədə Ədalətin ömrünün son günlərənicən başı üzərində yanan işıq da o işıq deyildimi ? Bəs bu yer üzü bəndələrinin ağlımızı kəsdirmək istədikləri nədi görəsən?

Sənət meydanında yüyəninə hər əl yetməyən atını dörd nala çapıb meydan sulayan, hikkəsindən-haytasından sazını gəmirib yeyən dəli bir Ozanıydı Ədalət... Sazın, aşıqlığın (Dədə Ələsgərdən sonra, sonuncu) ocağı, səcdəgahı, piriydi --Ədalət! Tanrının möcüzəsi, sehiri, sirriydi --Ədalət ! Aşıqlıq elminin vaqifi, kamili, dürrüydü--Ədalət... Alnının hər qırışı, üzünün hər cizgisi, saçının hər dəniylə yurduydu, eliydi, ulusuydu, Vətəniydi –Ədalət !

Oxuları da çalğıları kimi ahıydı, naləydi, dərdiydi, çağrışıydı, üsyanıydi, hayqırtıydı, tarixiydi –Ədalətin! Uzaq-uzaq Altayların başından, Tanrıdağın yaşından, Ərzurumun qaşındann qopub gələn Qoca bir Türkiydi, Lələydi, Kərəmiydi, hər kimiydi,hər nəydisə saz çalıb oxuyanda bəşər övladından çox uca mərtəbədəydi –Ədalət!!!

Sərdara söz deməyən, şaha baş əyməyən, hökmüydü, hikkəydi, ədaydı–Ədalət!

Ancaq... Ancaq körpə uşaq kimi kövrək idi, imanlıydı, ədalətliydi –Ədalət! Sadədən sadə, böyüklə böyük, uşaqla uşaq olan müdrik bir danəndəydi—Ədalət!!! (bu məqamda Bəhlul Danəndəyə də çoxlarının Bəhlul Divanə dedikləri yadıma düşdü, necə ki, Dədəyə dedilər)

Dədə adını ona Osmanlıda Əziz Nesin, vergisini yuxuda Şahi-mərdan Hz.Əli, ilk dərsini atası Məmmədəli kişi vermişdi. Sazı ona, onu bizə isə Ulu Yaradan bəxş etmişdi. Kərəm Əslisini sevən kimi, Məcnunun Leylisini sevən kimi sevirdi Sazı.

“Yanıq Kərəmi”, “Fəxri”, “Hüseyni”, “Hicran Kərəmi”, “Qaraçı”, “Naxçıvani”, “Qəhrəmani”, “Mirzəcanı”, “Kərəm Gözəllməsi”, “Aran Gözəlləməsi” kimi onlarla, yüzlərlə havacatlara ürək qoyub, ömür vermişdi, beynindən ürəyinə, ürəyindən barmaqlarına süzülüb gələn hər nə varıydısa Allahınıydı, Tanrının halıydı... Elə onçun da bu dəlilik, bu vəlilik, bu vergilik Sultan qapısından ucada duran kasıb kirayə komasının qapısını ziyarətgaha cevirmişdi...

Tanrı dərdi çəkə bilənlərə verir- deyirlər. Hamıdan gizlətdiyi çox ağrıları, çox dərdləri varıydı Dədənin. Heç kimə danışıb öz ağrılarını yükləməzdi. Yaraların qaysağını açan kimi uşaq təki kövəlib ağlayırdı... Hər çiçəyin boynunu bükdürən bir mövsüm, hər insanı həyata küsdürən biri olduğu kimi Dədəni də həyata küsdürənlər varıydı. Kim bilir, bəlkə də o sazda öz taleyini, öz alın yazısını çalıb oxumağa gəlmişdi bu dünyaya...

Hər gələnin sevmədiyi, hər sevənin getmədiyi, bu gəlimli gedimli, son ucu ölümlü dünyanın nəyinə bənd olub qalasıydı ki bu Ustad?

 

Anan ölsün, gidi dünya...

Səni deyib gələnə bax, 

gəlir ağlaya-ağlaya,

Səndən dönüb gedənə bax, 

gedir ağlaya-ağlaya...

(A.Sadiq)

 

Sonunca Ölümü də gülə-gülə qarşıladı... Amma əllərini açıb göylərə-Tanrıya dogru uçanda gözlərindən iki damla yaş süzüldü. Yanağını göynədən o iki damla yaş deyə bilmədikləri son intizarı, son ağrısı, son vəsiyyəti, son ismarıcıydı bu dünyaya. Həm də ömür nağılının son iki cümləsiydi --Sizə bir nağıl danışım, aglaya-ağlaya gülün... Sazın Ədalət nağılı, Ədalət əfsanəsi...

Dərd də, sevgi də, ölüm də dünyanın əbədi və əzəli olanları, olacaqlarıdı. Əslində, dünyada nə varsa, hər şey böyük Yaradanın insanlara sınağı üçündür. Olumdan-ölümə, ölümdən Allaha qədər bir yol var ki, o yolda hər yolçunun qazana bilmədiyi bir Ölümsüzlük zirvəsi var. O zirvəni qazananlara, o zirvəyə qovuşanlara eşq olsun... Allahın izninnən halallığına, haqqına, Ədalətinə qismət olan o zirvəyə-- payız köçünə bənd olub gedən, uçan durnalardan bir ismarıc da mən yollamaq istədim --Ölümsüzlüyün mübarək, Dədə!!!

Uşaq məsumluğu ilə gülərək sifətindən göynəyə-göynəyə süzülən son iki damla yaşına belə dəyməyən bu beş-on cümlə də məndən sənin uca ruhuna bir ehtiramım olsun, Dədə, qəbul eləsən əgər...

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)

Beynəlxalq Fotoqrafiya Federasiyasının (FIAP) himayəsi altında keçirilən “COLOMBİAN MASTERCLASS CİRCUİT 2023” fotomüsabiqəsinə dünyanın 43 ölkəsindən 168 iştirakçının 1989 fotosu təqdim edilib.

AzərTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotomüsabiqəyə təqdim etdiyi “Before starting” və “Red dress” fotoları FIAP-ın qızıl medallarına layiq görülüb və bu yarışmada ən yüksək bal topladığı üçün “THUMBS UP” sertifikatı ilə mükafatlandırılıb.

 

Serbiyada keçirilən “3rd WORLD PHOTO TRIP 2023” fotomüsabiqəsində isə İlqar Cəfərovun “Red dress” və “Night tragedy” fotoları Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) qızıl medallarına, “Cleaning” fotoşəkli isə FIAP-ın fəxri lentinə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.