Super User
Dünya ulduzu Alessandro Safinanın Sea Breeze konserti möhtəşəm keçdi
“Sea Breeze Summer Live 2023” dinləyici auditoriyasının səbirsizliklə gözlədiyi ifaçıların növbə ilə yer aldığı səhnə çıxışlarının layiqli yekunu olan konsertlə canlı musiqi mövsümləri tarixinə qovuşmuş oldu. Məşhur italyan müğənnisi Alessandro Safinanın sentyabrın 9-da baş tutan böyük solo konserti insanları adı onlar üçün hər zaman peşəkarlıqla və musiqinin keyfiyyətli ilə yanaşı çəkilən vokalçı ilə “Sea Breeze Resort”dakı görüşə topladı.
Alessandro Safina üçün Bakı musiqisevərlərinin qarşısında çıxış etmək yenilik olmasa da, onun hər bir konserti auditoriyaya olan böyük sevginin ifadəsidir. Əbəs deyil ki, tez-tez Azərbaycan paytaxtının qonağı olan müğənni öz konsertinə sevgiyə aid mahnı ilə başladı. Çünki sevgi haqqında danışmaq və xüsusən, sevgi barədə bu cür ürəkdən oxumaq ancaq Apennin yarımadası sakinlərinə xas xüsusiyyətdir. Bu gün bu vokalçının səhnədə mahnını necə rahat və sərbəst “yaşadığına” nəzər yetirəndə, onun öz konsert fəaliyyətinin hələ ilk dövrlərində tamaşaçı auditoriyasının qarşısına çıxmaqdan qorxduğunu təsəvvür etmək çətin gəlir. Bütün konsert boyu Alessandro tamaşaçılarla zarafatlaşdı, auditoriyaya öz italyan temperamentini bəxş etdi. Bir-birini əvəz edən musiqi kompozisiyaları və onlara tamaşaçıların verdiyi coşqun reaksiya ifaçı ilə musiqisevərlər arasında emosiya mübadiləsinin təzahürünə çevrilirdi. Xüsusilə bu coşqu həm də düz səhnənin qarşısındakı fan-zonada yaşanırdı.
Müxtəlif illərə aid hit mahnılar bir-birini əvəz edirdi; “Bésame mucho”, “My way”, “Smile”, “Moon River”, “Da troppo tempo”, “Guarda che luna”, “La nave va”… Bu illər ərzində vokalçının repertuarını zənginləşdirən “Notre-Dame de Paris” müziklindəki “Le temps des cathédrales" ariyası, əfsanəvi “Cats” müziklindəki “Memory” ariyası da yaddan çıxmamışdı. Alessandro Safinanın yaradıcılığını ifadə edən üslub opera roku adlandırılır. Məşhur ifaçı “Sea Breeze Summer Live” çərçivəsində baş tutan solo konsertində pop-musiqi, akademik vokal, soul və müzikl elementlərini necə məharətlə və rahatlıqla birləşdirdiyini bir daha nümayiş etdirdi. Səhnədə Alessandronu dinləyəndə dərk edirsən ki, onun seçdiyi solo karyera və opera teatrı truppasının sərt çərçivələrindən tam azad ifa tərzi, musiqi və vokal sevərlərə musiqi materialının fərdi qaydada savadlı ifasından həzz almaq, vokalçının özünə isə konsertlərində daha böyük məmnuniyyətlə çıxış etmək sevinci bəxş edir. Şübhəsiz, Safinanın adını demək olar ki, dünyanın hər bir nöqtəsində şöhrətin zirvəsinə yüksəldən məşhur “şah” əsər də tamaşaçılara hədiyyə edildi. Vokalçı “Luna” kompoziyasını elan edən kimi zal bu ifanı coşqu ilə və gurultulu alqışlarla qarşıladı.
Repertuarın intuisiya və öz imkanları daxilində seçilməsinin, musiqi ahəngdarlığı üzrə ardıcıllığın qorunub saxlanmasının sərbəstliyi hər bir kompozisiyada hiss olunurdu. Onların arasında dinləyicilərin sevinclə qarşıladıqları və hətta bəzən ifaçı ilə birgə zümzümə etdikləri “L’amuri”, “Et maintenant”, “Les temps”, “Le foglie morte”, “Vincerò”, “Blu Eternaty”, “Incanto”, “Insieme a te”, “Il mondo” mahnıları da var idi. Yeri gəlmişkən, Alessandro Safinanın yaradıcılığında duetlər onun vokal sənətinin ayrılmaz tərkib hissəsidir və hər biri böyük uğura imza atıb. Alessandro dünya musiqisevərlərinə Sara Braytman, Elton Con, Yuen Makqreqor, Barbara Hendriks, Sumi Ço ilə bənzərsiz duetlər bəxş edib. Bundan əlavə, vokalçı demək olar ki, kino aktyoru peşəsinə tam “yiyələnib”, həm də ən sevilənlərindən biri B. Lurmannın “Mulen Ruj!”unun olduğu film saundtreklərinin yazılmasında iştirak edir. Məhz buna görə, əminliklə demək olar ki, bu məşhur italiyalının malik olduğu yaradıcılıq cəsarəti sayəsində onun sənətinin qarşısında açılan üfüqlərin sayı sonsuz və tükənməzdir...
Konsertə gələnləri həm də Alessandronun EMİN ilə dueti gözləyirdi. Auditoriyanın sevimlisi olan bu iki müğənni əfsanəvi Müslüm Maqomayevin əziz xatirəsini yad edərək, onun rus və italyan dillərindəki yeni interpretasiyada şöhrət qazanmış “Sinyaya veçnost” kompozisiyasını ifa etdilər. Bu mahnıdan dərhal sonra isə EMİN Elvis Preslinin repertuarından auditoriyaya söz verdiyi və tamaşaçılar tərəfindən coşquyla qarşılanan “Can't Help Falling In Love” sürpriz mahnısını təqdim etdi.
Alessandro Safina böyük solo konserti özünün də dediyi kimi, ən sevdiyi “The Godfather” (“Xaç atası”) filmində səslənən “Parla più piano” kompozisiyası ilə başa vurdu.
Mətn: Tatyana İvanayeva
Fotolar: AzərTAC
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Əməkdar artist Afaq Abbasova İtaliyada növbəti konsertdə çıxış edib
Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyanın Toskana regionunun Torre del Laqo şəhərində italiyalı məşhur opera bəstəkarı Cakomo Puççininin 100 illiyinə həsr olunan “Puççininin qəhrəmanları” adlı konsertdə çıxış edib.
AzərTAC xəbər verir ki, italiyalı məşhur opera ifaçıları ilə eyni səhnəni bölüşən Afaq Abbasova konsert proqramında dünyaşöhrətli soprano Martina Serafinlə birgə çıxış edib. Həmçinin italiyalı məşhur aktyor və rejissor, “Oskar” mükafatı laureatı Ciankarlo Ciannini Puççinin yazdığı operalardakı arialarla bağlı fikirlərini bölüşüb.
Konsertə dair təəssüratlarını dilə gətirən Əməkdar artist çıxışından və məşhur ifaçılarla eyni səhnədə olmaqdan məmnunluğunu bildirib, eləcə də ona dəstək olan hər kəsə təşəkkür edib.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Nuri Bilge Ceylanın filmi “Oskar”a namizəd göstərilib
O Kann, Berlin və Venesiya kinofestivallarında fərqlənmişdi, indi daha ucaya yüksəlmək şansı var. Söhbət
Türkiyənin dahi kinorejissoru, “Bir dəfə Anadoluda” filmi ilə adını adlara yazdırmış
Nuri Bilge Ceylandan gedir.
Türkiyənin Anadolu agentliyi xəbər verir ki, rejissorun “Quru otlar üstünə” filmi Amerika Kinosənəti Akademiyasının 96-cı Oskar mükafatlarına namizədlər sırasında yer alıb.
Kino sənayesində 15 peşəkar nümayəndənin təmsil olunduğu münsiflər heyəti bu ekran əsərinin “Ən yaxşı beynəlxalq film” nominasiyasında “Oskar”a namizəd göstərilməsinə qərar verib.
“Quru otlar üstünə” filmi Kann Beynəlxalq Kino Festivalında aktrisa Merve Dizdara “Ən yaxşı qadın aktrisa” mükafatını qazandırıb. Maraqlı süjeti olan bu ekran əsəri Şərqi Anadolunun ucqar kəndində çalışan rəsm müəlliminin başına gələn hadisələrdən bəhs edir. Sentyabrın 22-də Adanada filmin təqdimatı olacaq.
“Hollivud”da keçirilən tətilin nəticələrindən asılı olaraq, 96-cı “Oskar” mükafatlarının təqdimatı mərasiminin gələn il martın 10-da keçiriləcəyi ehtimal edilir.
Ümid edək ki, tətil bitər, təqdimat mərasimi keçirilər və Nuri Bilge Ceylan da Oskara layiq görülər.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Şuşa Teatrına “Cırtdan” gəldi
Sentyabrın 9-da yeni teatr mövsümündə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi növbəti dəfə balacalar üçün “Cırtdan” tamaşasını təqdim etdi.
Şuşa Dövlət Musiqili Dram Teatrından bildiriblər ki, uşaqlara maraqlı anlar bəxş edən səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
“Azərbaycan Respublikasının xalq artisti” fəxri adını haqq edən əməkdar artist...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Çoxdanın aktyorlarındandır, ötən əsrdən üzübəri səhnədədir. Ömrünün böyük bir hissəsi səhnədə keçdiyi üçün artıq səhnə qoxusu bütün varlığına hopub, necə deyərlər, səhnə ətirli adamdır. Həm teatr və həm də kinoda müxtəlif obrazlar yaradıb. Təhminə və Zaur filmində oynadığı “Spartak” rolu ilə tamaşaçıların sevgisini qazanıb, məşhurlaşıb. Özünü şanslı adam sanır- bir sıra uğurlu filmlərdə rol alıb yaddaşlarda yuva qurub və heç vaxt zəif filmlərə çəkilməyib. Qəribə xüsusiyyətləri çoxdur, hər əsərdə rol almağa cəhd etmir və hər kəslə tərəf müqabili olmaq, hər rejissorun filmində çəkilmək istəmir. Bu xüsusiyyətinə görə çoxları onu kaprizli adam hesab edirlər, amma özü bunu tələbkarlıq kimi dəyərləndirir...
Haqqında söhbət açdığım Füzuli Hüseynov Balakən rayonunda dünyaya gəlib. 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. O vaxtdan bu günədək həmin teatrda çalışır. Həm teatrda və həm də filmlərdə müxtəlif obrazlar yaradıb. Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb, bir neçə ildir ki, Prezidentin mükafatını alır...
Deyir ki,- “Nədənsə dəqiq elmlərə heç vaxt həvəsim olmayıb. Etiraf edirəm ki, məhz bu səbəbdən sənədlərimi incəsənət institutuna verdim. Yəni bu sənətə tam təsadüfi gəlmişəm. Heç ailəmizdə də, məndən savayı, ömrünü incəsənətə bağlayan ikinci kimsə yoxdur...”
Xeyli vaxtdır ki, “sehirli qutuda” görünmür. Səbəbini özünəməxsus təmkinlə belə izah edir:- “Mən şou adamı deyiləm və o verilişlərə çıxmıram. Bir də çox heyiflər olsun ki, addım-addım irəliyə getmək əvəzinə, qaçaraq geri getdiyimiz seriallar ortaya çıxır. Təbii, içində normal olanı da var. Hər halda bunları ayırmaq lazımdır, artıq ələkdən keçirmək dövrdür. Bu işi professionala vermək lazımdır, çünki professional adamlar bir az sakit olurlar, özlərinə qapanırlar. Hər halda, onlardan xahiş etmək lazımdır ki, gəlib bu işi öhdələrinə götürsünlər. Ümumiyyətlə, bu kino, serial, teatr sahəsini çox normal yollarla yoluna qoymaq olar. O gün İctimai Televiziyada kino ilə bağlı problemlərdən danışırdılar. Hamının dediyindən belə çıxır ki, maddi tərəfin günahıdır. Bu, doğrudur, çünki maddi tərəfimiz kəsrdədir, ona görə də alınmır. Hələ Lenin demişdi ki, incəsənətin içində ən bahalısı, qiymətlisi kinodur. Bu, bahalı peşədir, amma kinonun görə biləcəyi işi heç bir siyasətçi görə bilməz. Bu baxımdan mən bir neçə dəfə təklif etdim ki, bəzi Avropa ölkələrində olduğu kimi, dövləti bu yükdən azad etmək üçün bir fond yaradılsın, adını nə istəyirsiniz qoyun. Hər satılan spirtli içki şüşəsindən 50 qəpik və hər çəkilən bir qutu siqaretdən 5 qəpik bu fond üçün ayrılsın. Bunu da biz dostlarla hesabladıq, ayda hardasa 6-7 milyon pul edir. Bu məbləğ filmlərin çəkilişinə, gənclərin oxumasına xərclənsin. Sonra professionallardan ibarət bir komissiya düzəldilsin, ssenarilər gəlsin, oxusunlar, fikirlərini bildirsinlər, yəni onlara maaş verərək bunları etmək olar. Təbii ki, bunu etməyəcəklər. Təsəvvür edin, ayda 5-6 milyon pul yığılacaqsa, bununla nələr etmək olmaz. Səhv etmirəmsə, Avstriyada 17 teatr var, onların illik büdcəsi 15 milyon avrodur. Bizdə isə 27-28 teatr var. Əvvəllər ümumi mədəniyyət sahəsinə ayrılan məbləğ 6 milyona yaxın idi. Bununla dövlət yalnız işçilərin maaşını verə bilər, amma qalan şeylərin hamısını bu fond edə bilərdi, vergidən də azad olmaq şərtilə. Ən azı 1-2 ilə bu sahəni çox yüksək səviyyəyə qaldırmaq olar, çünki bacarıqlı gənclərimiz var. Onların hərəsinə 50 min pul verəcəksən ki, gedin 15-20 dəqiqəlik film çəkib gətirin. Şükür Allaha ki, ustad sənətkarlarımızın bir çoxu hələ də yaşayır. Onları bir yerə toplayıb bir komissiya yaradılsın və həmin komissiya kimin filminin daha maraqlı, səviyyəli olduğunu təyin etdikdən sonra həmin qalibin inkişafı üçün nə lazımdırsa edilsin. Deyək ki, Hollivuda, Bollivuda, “MosFilm”ə gedib 6 aylıq kurs keçməlidir, onu maliyyələşdirmək olar ki, gedib öyrənib gəlsin...”
Nə qədər haqlı olduğunu deyə bilmərəm, amma doğrudan da Azərbaycan teatr və kino sənətini dirçəltmək, köhnə şöhrətini özünə qaytarmaq lazımdır...
Deyir ki,- “Götürək bizim serialları. Adam nə qədər eyni mövzuya baxar? Filan oliqarxın evində tərbiyəsizlik, bu onu vurdu, o bunu öldürdü - real heç nə yoxdur. Yazıçılarımız, başbilənlərimiz deyirlər ki, bizim qədər tarixi, mədəniyyəti olan ikinci bir dövlət yoxdur. Şərait yaradılmalıdır ki, ssenaristlər bu haqda yazsınlar. Hazırda kimin ağlına nə gəldi, qələmə alır. Anormal, köpük operalarıdır. Deyirlər ki, pulumuz azdır. Qardaşım, pul yoxdur, çəkmə də! Səni kim məcbur edir? Düzdür, bəzi filmlərimiz festivallarda iştirak edir. Digər tərəfdən, sizə bildirim ki, hər gün haradasa festival keçirilir. Kiməsə diplom verilir. Diplom almaqla kinonun, teatrın siması dəyişirmi? Əlbəttə yox. Artıq neçə ildir ki, "MAP" teatr festivalı keçirilir. Bu çox gözəldir. Maraqlı tamaşalar olur. Bakının teatral şəhər adını qazanması hamımıza xeyir gətirməzmi? Gəlin, bunun üçün çalışaq...
Mənim anlamıma görə, teatr sərbəst və azad olmalıdır. Təəssüf ki, bu cür yanaşma bizdən hələ çox uzaqdır. Peşəkar rejissor və dramaturqların yoxluğundan həmişə şikayət edirlər. Amma mən hesab etmirəm ki, ölkədə yaxşı dramaturq yoxdur. Ola bilər ki, azdır, fəqət bu “yoxdur” demək deyil. Məncə, rejissorlara münasibət dəyişilməlidir. Onlara şərait yaradılmalıdır. İmkan verilməlidir ki, sifarişlə yox, istədikləri əsəri səhnələşdirsinlər. Ümid edirəm ki, 80-ci illərdə gördüyüm teatrın imici nə vaxtsa geri qayıdacaq. Ümumiləşdirib onu da deyim ki, bəli Azərbaycan teatr, kino sənəti bu gün öz tənəzzül dövrünü yaşayır...”
Tələbkar olduğundan hər adam onunla dostluq edə bilmir. Əslində o, sadiq dostlara qarşı çox diqqətlidir, nəvazişini onlardan heç zaman əsirgəmir. Maraqlı həyat tərzi, eləcə də öz şəxsi prinsipləri var. Boş vaxtlarında balıq tutmağı xoşlayır, necə deyərlər, bu hobbidən yaranan ehtiyacını təmin etmək üçün, hətta xüsusi olaraq Rusiyanın Astraxan vilayətinə də gedir. Bir sözlə, çoxdan, lap çoxdan “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adını haqq etmiş əməkdar artist Füzuli Hüseynov məzmunlu adamlardan biridir, mənalı ömür sürməyi bacarır. Müdriklər kimi, dünənə həqiqət, sabaha isə güman, ümid kimi baxmağı xoşlayır və ən başlıcası bu gününü zövqlə yaşayır...
İstirahət günü - sentyabrın 9-u Füzuli Hüseynovun növbəti ad günü idi. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
POETİK QİRAƏT-də “Əksi-hücum”
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında sevilən şair Vaqif Bəhmənlinin yeni şeirini təqdim edir.
Yenə düşmən azğınlaşır. Görünür xırda bir əksi-hücuma ehtiyac var. Atalar düz deyib: qanmazı gərək qandırasan...
Hücum kafər xislətidi,
əksi-hücum ona cavab,
Qazilərin qismətidi,
imtahandı əksi-hücum!
Püskürtüsü, qiyamıdı
əsir Vətən toprağının!
Cana candı, qana qandı,
şərəf-şandı əksi-hücum!
Haqq nazilir, qadir Allah,
qoymur sapı üzülməyə.
Yaradandan yaranana
ərmağandı əksi-hücum!
Baş vurmaqdı qan gölünə,
qanlı köynək yalamaqdı!
Yurd yolunda şəhid olan
min-min candı əksi-hücum!
Adı bizdən, südü murdar,
leş üstünə leşi düşən
balayandı, köçəryandı,
adamyandı əksi-hücum!
Azğın ağzı, yastı başı
əzən dəmir yumruqdu o!
Qəfil qalxan qasırğadi,
dəhşət andı əksi-hücum!
Şah Şuşanın dik başına
mavi, yaşıl, alqırmızı
bayraq sancan yenilməz türk,
müsəlmandı əksi-hücum!
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Zaman şəlaləsi...
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Bağban üçün gözəl olan onun gülləridi, bağının və Bağban adının yüksəkliyi onun gördüyü işlə bağlıdır. Bəlkə o belə bağında yetişən ağacın yarpağının düşməsinə, gülünün əvvəlki tək qalmayıb solmasına, hər bahar gələndə gözlərində günəşin parlamasına və anidən batmasına pis olur, kədərlənir...
Zaman ötdükcə ətrini, gözəlliyini itirən gül sənə zamanın nə demək olduğunu, hisslərin hərdən adi, hərdənsə qeyri-adi olduğunu dərk etdirməyə çalışır...
Zaman ötdükcə mükəmməlləşmək əvəzinə sanki vaxt irəlilədikcə qum saatı kimi hisslərin süzülüb axıb getməsini nəzərə çarpdırmağa çalışır. Kimin tikana, şaxtaya, borana, aclığa, səfalətə, bəxtsizliyə dözümlü olduğuna, kiminsə hava şarı kimi sözlərini, hisslərini ifadə etməsinə səbəbdir...
Bəzən səhvlərimizi, bəzən səfehliklərimizi, saflığımızı şillə kimi üzümüzə vuran sərt bir payız küləyidir.
Nədi axı bu zaman ki, məni məndən, səni səndən, onu ondan alıb aparır, dərdləri sağaltmağı yox, ona öyrəşdirməyi müalicə üsulu kimi görür bir həkim kimi ?!..
Fiziki məfhum kimi başqa, ədəbi bədii kimi bir başqa. Məcnunlar üçün qısa zamanlar əsr kimi, başı qarışıqlar üçün uçan maşın, dustaqlar üçün gün batımı, gəlməz üçün pəncərədən yollara dikilən ümidsiz baxımı...
Ən gözəli bəlkə də varla yox, azla çox, əvvəllə sonra, təkəbbürlə təvazökarlıq, eqoizmlə empatiya, azalanla çıxılan arasındakı fərqdir...
Əsası oyuncaqlarla oynamağa, ürəkdən gülməyə, sevməyə, xoş bir günə aman verməyən, travmalarla işgəncəyə məruz qoyan, çatlaq məzar torpaqlarına səbəb olan qatı bir qatildir...
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Həmidə Ömərova: “Özüm də daxil olmaqla bütün aktrisalarımızın һalına acıyıram...”
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış aktrisa Həmidə Ömərovadır. Onunla müsahibə 1998-ci ilin martında götürülüb.
“PƏLƏNG İLİ MƏNƏ DÜŞÜR”
Həmidə Ömərova – “Anlamaq istəyirəm”, “Qızıl uçurum”, “Nizami”, “Qorxma, mən səninləyəm”, “Gümüşü furqon”, “Qəzəlxan” ... filmlərindən tanıdığımız kinoaktrisa, uzun illər “Retro” teleproqramının aparıcısı... Baş redaktorumuz Rizvan Əhmədli bir neçə ay öncə demişdi ki, Həmidə Ömərovadan niyə müsahibə almırsan? Onunla bir müsahibə elə. İki ay ərzində nə qədər cəhd eləsəm də, Həmidə xanımı heç cür tuta bilmədim. Gah dərsdə, gah çəkilişdə olur, gah da hansısa başqa bir məsələ ilə bağlı müsahibim olmağa vaxt tapa bilmirdi. Bəlkə də, bütün bunlar sadəcə söz idi, bu, adicə bir qadın kaprizi və ya ulduz şıltaqlığından doğurdu? Deyə bilmərəm, bir onu bilirəm ki, axırı Həmidə xanımla telefonda söhbət etməli oldum...
-Allo, Hәmidә xanım, salam.
- Salam.
-Yadınızdadırsa, siz hələ 2 ay әvvəl mənə müsaһibә verməyə razılıq vermişdiniz.
- Bu, olmuşdu keçәn il. Amma indi müsaһibә vermәk istәmirәm.
-Niyә?
-Pәlәng ili mәnә düşür. Böyük һörmәt bәslәdiyim Litva aktrisası Boli Qabrinayte ilә dә on iki il әvvəl pәlәng ilindә tanış olmuşam. Biz o vaxt Eldar Quliyevin "Şəһәrkәnarı gəzinti” filminә çәkilirdik. Amma, deyәsәn, bu il mәnim üçün pis başladı.
-Әgәr sirr deyilsə, nә olub ki?
-Sirdir. Son bir neçә ayda müsahibәmdә elә һey şәxsi həyatıma dair suallara cavab vermәli olmuşam. Sәnәt mәsәlәlәri isə qalıb bir tərəfdə. Mәncә, aktyorun şәxsi һəyatı bir mifә, əfsanayә çevrilmәlidir, Bu, tәkcә mənim yox, çoxlarının fikridir.
-Bu sözlәri müsaһibə vermәyә razı olmağınız kimi başa düşmək olarmı?
-Bunun "günaһı" sizdәdir. Hәr adamla dil tapa bilirsiniz (gülür).
-Yәqin ki, bu, astroloji koordinatlarımız arasındakı uyğunluqdan doğur.
-Aprelin 25-dә, buğa bürcü altında doğulmuşam.
-Әfsanәyə, mifə dönmüş sәnət adamlarından kimləri tanıyırsınız?
-Bir vaxtlar Moskvada mәndәn bir neçә kurs yuxarıda oxuyan vә həlә o vaxt artıq sovet kinosunun ulduzlarından olan Nataliya Andriçenko vә mәşһur kinorejissor Maksimilan Şelin mәһәbbәt macәrası vә evlәnmәlәrini xatırlamaq olar. Maksimilanın Nataliyaya vurulmasına sәbәb bu idi ki, Nataliya onun uşaq vaxtı vurulduğu mәşһur aktrisa Marlen Ditrixә oxşayırdı. İndi Nataliya artıq Hollivudun ulduzlarından birinә çevrilmәkdәdir.
-Öz gözəlliyinizə görə siz heç dә Nataliyadan geri qalmırsınız.
-Gәlin məsәlәni bayağılaşdırmayaq. Onların sevgisi uzunmüddәtli birgә iş prosesindә yaranmışdı. Yoxsa gәldi, gördü, vuruldu vә evlәndi yox. Bu çox qeyri-ciddi bir şey olardı.
-Ciddi aktrisa kimi başqalarından fərqinizi nədə görürsünüz?
-Mәn özüm də daxil olmaqla bütün aktrisalarımızın һalına acıyıram. Bizdә aktrisanın sənətinə hörmәt etsәlәr dә, şәxsiyyәtini lazımınca qiymәtlәndirmirlər. Gərək aktrisalar bir-birinә һörmәt etsinlәr ki, başqaları da onlara һörmәt etsin. Hәr dәfә aktrisaların bir-biri һaqqında yaydığı şaiyəlәri eşidәndә әsəbiləşirəm. Doğrudan da, Azәrbaycanda aktrisa olmaq böyük qәһrəmanlıqdır! Bax, məsәlәn, siz Barat Şəkinskya, Fatma Qədri və ya Hökümə Qurbanova kimi talantlı bir aktrisanın ananız olması ilә fәxr etmәzdinizmi?
-Mәn bütün istedadlı һәmvәtәnlәrimizlə һәr һansı bir qeyd-şәrt olmadan da fәxr edirәm. Hәmidә xanım, aktrisanın müsәlman şәrqindә faciәsi problemi “Tәһminә” və “Beşmərtəbəli evin altınçı mərtəbәsi” filmlәrindә öz əksini tapıb. Meral Konrat vә Sənubәr İsgәndərlinin bu filmlərdəki ifası sizi qane edirmi? Siz Tәһminәni oynamaq istәrdinizmi?
-Məncə, bu filmlərdə incəsənət saһəsindә çalışan qadının faciәsindən daһa çox şəxsiyyətin sərbəstliyi yolunda buxova çevrilmiş stereotiplәr əleyһinә ürəyin diqtə etdiyi qanunları qoyan insan faciəsi ön plana çәkilib. Bu insan qadın da ola bilәr, kişi dә, incəsənət adamı da ola bilər, qeyri sahənin adamı da. Hər bir aktrisa kimi, әlbәttә, mәn dә mürәkkәb problemli Təһminәni oynamaq istərdim. Amma öz tәsәvvur etdiyim kimi.
-Belə çıxır ki, Meral və Sənubərin ifası sizi o qədər də qane etmir?
-Hər aktrisa obrazı bir cür görür, qane etmək məsələsi deyil.
-Bəs, Amaliya Pənahovanın Dram Teatrının səhnəsindəki Təhminəsi sizcə necədir?
-Bax, görürsüz, adlar sadalanmağa başlandı. Təhminə ilə bağlı cavablar bitdi!
-Sizi bəzən komik rolda da görürük. Mәsәlәn, “Şirbalanın mәһәbbəti”, “Babamın babasının babası”, “Qorxma, mәn sәninlәyәm” filmlərində. Bu obrazları nә dərəcədə öz yaradıcılıq təbiətinizә uyğun һesab edirsiniz?
-Mәncә, rolun necә olmasının aktyorun tәbiәtinә dәxli yoxdur. Deyirlər ki, mәşһur komik Bәşir Səfәroğlu һәyatda çox ciddi olub. Mәn indiyә qәdәr komediyalarda çәkilsәm dә, sözün tam mənasında komik rolum olmayıb.
-Özünüzü qәһrәman rollara uyğun һesab edirsiniz, ya xarakter rollara?
-İnstitut illәrindә mənə ən çox qәһrәman rolları verәrdilər. Amma müәllimim Yevgeni Matveyev Şekspirin "İki veronalı" əsərində mәnә xarakterik Lüçettanı verdi vә ifamdan razı qaldı. Kinoda da mənim xarakter rollarım olub. "Anlamaq istәyirәm”dә Çinarә, “Tacikfilm”dә isteһsal olunan “Mən onun xoşuna gәlmişәm"dә Məhəbbət (telefonda uşaq sәsi eşidilir).
-Ailә vəziyyәtiniz barәdә nә deyә bilərsiniz?
-Bütün sirlәrimi açıb-tökdünüz. Ailәliyәm. Oğlum Rәһimin 3 yaşı var.
-Son dәfә nə vaxt filmə çәkilmisiniz?
-1993-cü ildә “İranfilm” isteһsalı olan “Divlər zindanı"nda Nuriyyәni oynamışam. Mürәkkәb, psixoloji roldur, qeyri təvazökarlıq olmasın, işimdən də razıyam.
-Son vaxtlar nә üçün az çəkilirsiniz?
-Bu mәnim јox, kinomuzun problemidir. İndi kim sponsor tapsa, o çәkilir.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
- Oğlumu götürərdim.
P.S.Dünyanın işinə bax ki, “Pələng ili mənə düşür” deyən aktrisa üstündən illər keçəndən sonra F.Mustafanın “Pələng ili” pyesində rol aldı. Bunun ona düşüb düşüb-düşmədiyini, təəssüf ki, deyə bilməyəcəm. Məqsədim bunu demək deyil, odur ki, Pələng ilinin özünə düşdüyünü deyən aktrisa bu pyesdə oynamaqla taleyi aldatmaqmı istəyirdi?
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
16-CI DƏRC
Müttəhimlər sırasından gələn etriaz səsləri o qədər yüksək həddə çatdı ki, Baş Hakim prosesə fasilə verməli oldu. Sözçülər replikalar atır, vəkillər vəsadətlər qaldırırdılar. Hətta sıradan təhqir və söyüşlər də ucalırdı. İş o yerə çatdı ki, Baş Hakim orada əyləşənlərə su şırnağı ilə islatmaq hədə-qorxusu da gəlməli oldu. Amma bu insanların heç cür sakitləşmədiyini gördükdə Baş Hakim Müttəhimlər sırasının ətrafına Divan mühafizəçiləri düzdürüb orada əyləşənləri söz verilmədən çıxış edəcəkləri təqdirdə cəzalandıracağını elan etməli oldu. Paralel olaraq da ekspertlərdən bir neçəsi “üsyankarların” qarşılarına çıxıb hansı mövzuda deyirlərsə o mövzuda fikir mübadiləsi aparmağa hazır olduqlarını bildirdilər. Yalnız bundan sonra sakitlik bərqərar oldu və yaşlı hakim çıxışını davam etdirdi:
-“Böyük Ermənistan” ifadəsi siyasi anlayış kimi e.ə. II-I əsrlər üçün, Artaşesin və II Tiqranın hakimiyyət başında olduqları və “Böyük Ermənistan”ın öz qüdrətinin ən yüksək zirvəsinə çatdığı dövr üçün xarakterikdir. Buna görə də “Böyük Ermənistan” ifadəsi yalnız e.ə. II-I əsrlərdə həm coğrafi, həm də siyasi ifadə kimi haradasa özünü doğruldur. Ancaq II Tiqran imperiyasının süqutundan sonra, yəni e.ə. 65-ci ildə “Böyük Ermənistan” da öz ömrünü başa vurdu və Ermənistan ərazicə yalnız Ərmən yaylası hüdudlarında qaldı. Coğrafi mənada isə bu ifadə erkən orta əsrlərə qədər işlədildi. 21-ci əsrdə bu ifadəni yenidən gündəmdə saxlamaq, qonşu dövlətlərə torpaq iddiası yürütmək, qonşu əraziləri işğal etməyə çalışmaq – bunlar əxlaqla, humanizmlə, dinc yanaşı yaşama təlimləri ilə əsla bir araya gəlmir.
Üçkilsədəki alban əlyazmalarını təhrif etməklə, qədim alban tarixçilərini də öz adlarına çıxmaqla ermənilər çox yalanlar yayırlar, bu isə, cənab Melkunyan, mənim opponentlərim olan xanımlar və cənablar, bir xalqa heç də şərəf gətirməməlidir.
Tamaşaçılar hakimin çıxışını alqışlarla qarşıladılar, Melkunyan dərhal mikrofona sarıldı:
-Mən kəskin etiraz edirəm.
Texniki heyət Melkunyanın mikrofonunu işə salmaq istəməyəndə Baş Hakim onlardan xahiş etdi ki, Melkunyana son söz deməsi üçün şərait yaradılmalıdır.
Yaranan şəraitdən daha səmərəli istifadə etmək üçün Melkunyan hədsiz sürətlə sözləri yanaşı düzməyə başladı:
-Möhtərəm Divan, burda bizim hüquqlarımız taptanır. Baxın, mən ötən il bizim Ermənistanın “Kovçeq Noev” qəzetinə müsahibə verərkən bir görün nələri söyləmişəm. Yaxud bizim Reqnum agentliyimizə verdiyim müsahibəmə bir baxın. Mən türk-azərbaycanlı saxtakarlığından danışmışam. Bu xalqlar bizim əzabkeş xalqımıza bir görün nə qədər məhrumiyyətlər yaşadırlar. Erməni genosidi bəs olmadımı bunlara? Torpaqlarımızı işğal etməkləri bir yana, tariximizi də saxtalaşdırmağa cəhd göstərirlər. Baş hakimcan, o biri hakimcan, bu biri hakimcan, tamaşaçıcanlar, bütün dünya birləşsin, qədim, zavallı, ən əsası, xristian bir xalqı müsəlman barbarlardan xilas etsin, xahiş edirəm.
Baş Hakim müdaxilə etdi:
-Cənab Melkonyan, mətləbə keçin. Əlahəzrət faktlara istinad edin.
Melkonyan bir qədər kəkələyərək sözünü davam etdi:
-Baxın! Azərbaycanlı müəlliflər Vediyeva və Hüseynzadə heç bir obyektivlik göstərmədən biz erməniləri Qafqazda gəlmə xalq adlandırırlar, saxta dəlil-sübutlar gətirirlər. Guya, bizim əcdadlar Frakiya vadilərindəndirlər, bizim dilimiz Qafqaz dil ailəsinə aid deyil, guya bizdə digər Qafqaz xalqlarındakı kimi kişi yox, qadın hegemonluğu hökm sürür, guya...
Baş Hakim yenidən onun sözünü kəsdi:
-Məgər belə deyil?
Melkonyan lap özünü itirdi:
-Mən bunu demək istəmirəm, demək istəyirəm ki... Demək istəyirəm ki...
Baş Hakim yorğun baxışlarla Melkonyana nəzər yetirib “Nə demək istəyirsiniz axı, cənab Melkonyan?” deyə soruşdu.
Melkonyan anidən özünə gəlib yenə sürətlə danışdı:
-Ermənilərin guya Qafqaza gəlmə xalq olduqlarını türk-azərbaycanlı alimlər erməni tarixçı Yüzbaşyanın “9-10-cu əsrlərdə ermənilərin Bizansdan köçüb gəlmələri” fikrinə istinad edib deyirlər. Bu üzdəniraq alimlər hətta ermənilərin Qafqaza Cənubi Azərbaycandan gəldiklərini iddia edirlər, İran dövlətinin ərazisinə Azərbaycan adı qoyub öz işğalçı xislətlərini...
Baş Hakim yenidən onun sözünü kəsdi:
-Cənab Melkonyan, Yüzbaşyanın iddiaları tam sübut olunub, İranın şimal hissəsi isə rəsmən Azərbaycan əyaləti adlanır. Və sizin vaxtınız da bitdi. Biz artıq hökmü elan edirik.
Erməni nazirin etirazlarının müşayiəti ilə Divanın hökmü səsləndi:
- Tam saxtakarlıqdan ibarət olan, xalqlar arasında düşmənçilik yaradan, nifaq toxumları səpən, Türkiyə və Azərbaycan dövlətlərinə konkret torpaq iddiaları ilə sonuclanan, digər xalqların tarixi nailiyyətlərini mənimsəyən, üstəlik, erməni xalqının özünü məhrumiyyətlərə düçar edən “Böyük Ermənistan” xülyası tarixçi Vardan Aravelsinin timsalında qeybedilmə cəzasına məhkum edilir.
Hökmlər müxtəlif olur. Bir insana, bir zaman kəsiminə aid olanları əksəriyyət təşkil edir. Bəzən isə hökm min illəri əhatə edən yüzlərlə insana kəsilir, belə hökmlər adi hökmlər olmurlar, onlar əbədilik statusuna yiyələnirlər.
3-CÜ PROSES
ARUTYUN ŞAXRİKYAN
Tamaşaçılar ayağa qalxaraq alqış sədaları altında hakimlərin öz yerlərinə keçmələrini müşayiət etməyə başladılar. Hakimlər öz yerlərinə keçər-keçməz kulisdən gələn əsrarəngiz səs növbəti proses barədə tamaşaçıları bilgiləndirdi:
-Divanı qurulan növbəti şəxs Şaxrikyan Arutyun Mkrtıçeviçdir.
Portretlərdən birinin ağ örpəyi götürüldü, kostyum-qalstukda, ziyalı görkəmli bəyaz saqqallı birini görcək tamaşaçılar şaşırdılar. Axı ziyalı adı ilə cinayətkarlıq əsla bir-biri ilə uyuşmur.
Bu an eynən şəkildəki görkəmdə olan şəxs iki mühafizəçinin müşayiəti altında Müttəhimlər kürsüsünə gətirildi.
Şaxrikyan yerinə keçən kimi yerindən qışqırdı:
-Mən başa düşmürəm, məni niyə mühakimə edirsiniz. Mən ziyalıyam, hüquqşünasam, bura mənim yerim deyil.
Bugünkü proses öncəsi Baş Hakimin gənc həmkarı ilə qısaca ayaqüstü söhbəti olmuşdu, gənc həmkarı ona yataq əlili olan qonşusunun prosesə ünvanladığı fikirlərini çatdırmışdı. Bu fikirlərin Divanda səsləndirilməsi yerinə düşərdi, prosesdə ittihamçı tərəfin ittiham olunan tərəf üzərində əlavə dividendlər götürməsini təmin edərdi. Odur ki, Baş Hakim Şaxrikyanın işinə başlamazdan öncə sözü gənc həmkarına vermək qərarına gəldi. O, öncə auditoriya ilə atəşin salamlaşıb söylədi:
-Bildiyiniz kimi, Divan, xüsusən Böyük Divan axirətdə çox populyardır, hamı onu gözləyir, izləyir. Divan hər gün çoxsaylı müraciətlər, eyni zamanda ürək sözləri, təriflər alır. Bizim bir pərəstişkarımız əlil olduğu səbəbindən proseslərimizi şəxsən izləyə bilməsə də burda iştirak edən övladları hər şeyi ona bircə-bircə danışırlar. Onun erməni millətçiliyi ilə bağlı prosesimizə ismarıcı var, mən prosesə başlamazdan öncə sözü gənc həmkarıma vermək istəyirəm ki, həmin ismarıcı burada səsləndirsin.
Gənc hakim məmnuniyyətlə sözə başladı. Özü də sinədəftərliyini büruzə verərək heç bir qeydə filana baxmadan aşağıdakıları söylədi.
-Cənab Baş Hakim, hörmətli Divan əhli, tamaşaçılar. Həmin şəxs Böyük Divanın erməni millətçiliyi məsələsinə baxdığını eşidib maraq xatirinə vikipediyada “dünyanın ən məşhur qatilləri” yazaraq axtarış verib. İstəyib görsün, terrorizm və soyqırımı cinayətləri üzrə ixtisaslaşdırılmış ermənilərin “yan” soyadına orada da rast gələ biləcəkmi. Nəticə ağır olub. Düz 3 erməninin soyadı dünyanın ən məşhur qatilləri sırasındadır. Böyük nəticədir. Erməni xalqı üçün qürurvericidirmi, bilmir, ancaq başqa xalqlar, onun fikrincə, bundan utanc duyarlar. Həmin şəxsin mənə ötürdüyü informasiyanı mən burda səsləndirirəm.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Varislik qanunu
CON MAKSVELLİN LİDERLİK QANUNLARINDAN
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.
«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!
Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutdu. Bu gün sonuncu - 21-ci qanundur:
21.Varislik qanunu
«Liderin əsl qiyməti onun qoyduğu irslə, varisləri ilə ölçülür»
1997-ci ildə dünyanın biznes sferasının ən yaxşı liderlərindən biri, «Koka-kola» kompaniyasının rəhbəri Roberto Qoysueta vəfat etdi. 16 illik rəhbərlik dönəmində o, «Koka-kola»-nın dəyərini 4 milyard dollardan 150 milyard dollara (3500 faiz !!!) qaldırdı, bütün avtomobil və neft kompaniyalarından bahalı etdi, bir çox aksionerini multimilyonçuya çevirdi, amma onun qoyduğu bu nəhəng irs hələ işin bir tərəfi idi. O, özündən sonra kompaniyanın işini yüksək şəkildə davam etdirəcək varislər yetişdirərək hazırlamışdı, estafeti qəbul edən bu liderlər «Koka-kola»nın uğur yolunu davam etdirirlər.
Və son olaraq kitabının yekun hissəsində Con Maksvell insanlara həyat yollarında öz arzularına çatmağı diləyərək onlara lider olmağı tövsiyə edir. Tövsiyə edir ki, insanlar öz ardlarınca başqalarını aparmağı öyrənsinlər, liderlik zirvəsinə yüksəlib yüksək nəticəyə nail olduqca sabahkı günün liderlərini yetişdirsinlər.
Məncə, əziz oxucum, liderliyin bu qızıl 21 qanununu mənimsəmək sənin dünyagörüşündə çox ciddi dəyişikliklərə səbəb olacaq.
Onlarla praktik vasitə olaraq silahlan və haydı, liderliyə doğru!
***
Digər 20 qanunla isə ötən günlər tanış olmuşdunuz:
1.Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
2.Təsir qanunu
«Liderliyin həqiqi ölçüsü təsirdir».
Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.
3.Proses qanunu
«Lider bir gün ərzində deyil, günbəgün olurlar».
Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.
Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.
«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».
Liderlik – inkişaf qanunlarına tabedir.
4.Naviqasiya qanunu
«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».
Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.
Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.
Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.
Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.
Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.
«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».
Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:
- Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;
- məqsədi lokallaşdırmaq və sistemləşdirmək;
- prioritetləri ünvanlı korrektə etmək;
- əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;
- planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;
- reallaşdırmaya fəal qoşulmaq;
- gözlənilən problemlərə uyğunlaşmaq;
- uğurları təbii şəkildə görmək və qeyd etmək;
- hər gün öz planına nəzarət etmək.
Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.
5. E.F.Xatton qanunu.
«Əsl lider danışanda insanlar ona qulaq asır».
Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.
«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.
Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.
Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.
Vəzifəcə lider birinci danışır, real lidersə sonda.
- Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;
- Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;
- Lider çoxlu informasiyaya malik olur;
- Liderlik intuisiya qabiliyyəti tələb edir;
- Liderlik təcrübədən qaynaqlanır;
Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:
- Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?
- Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?
6.Möhkəm özül qanunu
«Liderliyin əsası etibardır»
Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.
Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.
General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».
Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.
Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.
Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.
7.Hörmət qanunu.
«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».
1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.
O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.
1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.
Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.
Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.
Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.
8.İntuisiya qanunu
«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».
Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.
Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.
İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.
Liderlik elmdən daha çox incəsənətdir.
9.Maqntizm qanunu
«Siz özünüz kimi olanları cəzb edirsiniz»
Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.
Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.
İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.
10.Əlaqə qanunu
«Liderlər öncə ürəkləri tərpədirlər»
Ünsiyyət qurmaq bacarığı, hər bir kəslə dost ola bilmək qabiliyyəti qiymətli keyfiyyətdəir. Əsl liderlər gözəl bilir ki, insanları öz ardlarınca aparmaq üçün öncə ürəkləri tərpətmək lazımdır. Böyük liderlər həm ayrı-ayrı individlərlə, həm də insan qrupları ilə, kütləylə sıx əlaqə saxlamaq qabiliyyətinə malik olurlar.
ABŞ prezidentlərindən olan Ronald Reyqan Böyük Kommunikator təxəllüsünü auditoriyada harmonik anlaşma anlayışı yaratdığına, ayrı-ayrı fərdlərin ürəklərini tərpədə bilməsinə görə almışdı.
Qrupdakı insanlarla əlaqə yaratmaq üçün tezliklə hər bir insana müraciət etmək lazımdır. Liderin məqsədi onu əhatə edən adamlarla əlaqə qurmağın təşəbbüsçüsü olmaqdır.
11.Yaxın çevrə qanunu
«Liderin potensialı onun yanında olan insanlarla ölçülür».
Hər bir liderin potensialını onun yanında, çevrəsində olan insanlarla təyin etmək mümkündür. Əgər bu insanlar mənən güclüdürlərsə, onda həmin lider bütün təşkilata böyük təsir göstərmək qabiliyyətində olacaq. Yox, əgər, onlar zəifdirlərsə, lider heç nə eləyə bilməyəcək. Məhz bu da yaxın çevrənin qanunudur.
Personal düzgün seçiləndə potensial sanki raket kimi göyə yüksəlir.
Con Maksvell yazır: «Tanrı məni ən yaxşı əməkdaşlardan ibarət çox gözəl komanda ilə mükafatlandırıb. Amma mən hələ nöqtə qoymuram. Mən bundan sonra – növbəti onillikdə də ondan sonra da bu komandanı möhkəmləndirəcəyəm, öz yaxın ətrafıma digər yaxşı adamları cəlb edəcəyəm. Mən axı bilirəm ki, məndə çoxlu istifadə olunmamış potensial qalıb. Əgər mən öz imkanlarımı tam realizə etmək istəyirəmsə, mütləq özümü ən yaxşı insanlarla əhatə etməliyəm. Bu, qarşıda qoyulmuş məqsədlərə çatmağın yeganə yoludur».
Yaxın çevrə qanunu da məhz budur.
12.Səlahiyyətlərin bölünməsi qanunu
«Yalnız özünə tam güvənən liderlər hakimiyyəti başqalarına verirlər».
Yalnız müəyyən səlahiyyətlər almış insanlar öz potensialını tam aça bilirlər. Əgər lider işçilərə bu səlahiyyətləri vermirsə, onda o, öz əli ilə təşkilatında maneələr yaradır, maneələr uzun ömürlü olanda işçilər öz potensiallarını maksimal dərəcədə realizə etmək üçün işdən çıxıb başqa təşkilatlara keçirlər.
Səlahiyyətləri bölməyin bir nömrəli düşməni liderliyi itirə bilmək qorxusudur. Zəif lider həmişə güclü işçilərdən qorxur, onlara səlahiyyətlər vermir, onları sıxışdırır.
Əsl lider o qədər əvəzolunmaz olmalıdır ki, öz yerini itirməkdən heç vaxt qorxmasın.
13.Yetişdirmə qanunu
«Lider yetişdirmək üçün lider lazımdır»
Con Maksvel liderlik məsələləri ilə bağlı seminarlarda sorğu keçirərək insanları lider olmağa nəyin təhrik etdiyini öyrənməyə çalışıb. Nəticə belə olub:
Krizisə görə – 5 faiz.
Anadangəlmə qabiliyyətinə görə – 10 faiz
Başqa liderin təsiri altında – 85 faiz.
Bütün rəyi soruşulanların 85 faizinin başqa liderlərin təsiri altında lider olmaları məhz bu qanuna əsaslanır: lider yetişdirmək üçün lider lazımdır.
Con Maksvel özü öz liderlik istəyini atası – əsl lider olan Melvin Maksvellin hesabına yarandığını bəyan edir. Atası ona şəxsiyyətin inkişaf prioritetlərini, insanlarla münasibətləri birbaşa öyrədirdi. Çox şeyi də o, atasının yanında olduğundan, onu müşahidə edərək öyrənirdi. Ona görə də artıq kollecə qəbul olunanda Con liderlik məsələlərini hamıdan gözəl bilir, gözəl intuisiyası ilə qürrələnirdi.
Liderlər özləri lider yetişdirməyin qeydinə qalmalıdırlar. Bilməlidirlər ki, onların idarələri, işləri orada işləyən işçilərin arasından yeni liderlər yetişdirməkdən çox asılıdır. Daha çox güclü lider yetişdirilsə ümumi nəticədə idarənin uğur şansı da yüksək olacaq. Bütün potensial liderləri prosesə cəlb etmək, liderliyə yüksəlmək lazımdır.
«Ceneral elektrik» korporasiyası öz sahəsində dünya üzrə birinci olmaqla yanaşı, həm də lider ardınca lider yetişdirməklə məşhurdur. Bu gün onlarca kompaniyalara başçılıq edən çox güclü liderlər (Uilyam Anders, Larri Bossidi, Stenli Qoutt, Fred Qarri, Klayd Kiton, Alva O.Uey, Rodcer Şipka, Corc Cskofild və s.) «Ceneral elektrik»də yetişmişlər. Lider yetişdirmək bu kompaniyanın ən yüksək prioritetindən sayılır, hər il də kompaniya bu məqsəd üçün 500 milyon dollar xərcləyir. Kompaniyanın özünün başında isə böyük lider Cek Uelç dayanır.
Yetişdirmə qanununun məğzi çox sadədir: Konkret bir insan başqa birisini tanımalı, ona vacib olan hər şeyi öyrənməli, onu tərbiyələndirməlidir.
14.Tam etibar qanunu
«İnsanları öncə liderin özü, sonra isə onun böyük ideyası cəlb edir»
Lider böyük arzusunu tapır, sonra insanları tapır. İnsanlar öncə lideri tapırlar, sonra onun arzusunu.
Çox insanlar liderlik məsələsində hər şeyi baş-ayaq qoyurlar. Onlara elə gəlir ki, qoyduqları ideya cəzbedici olsa, insanlar mütləq bunun ardınca gedəcək, onları lider kimi qəbul edəcəklər. Halbuki liderlik tam əksinə işləyir. İnsanlar layiq bildikləri liderlərin ardınca gedirlər. Liderin ideyası isə sonra gəlir. İnsanlar «Nike» firmasının krossovkalarını ona görə almırlar ki, çox keyfiyyətlidir, ona görə alırlar ki, bu krossovkaları məşhur basketbolçu Maykl Cordan reklam edir. İnsanlar məşhur aktyor Çarlton Xestonun Milli Odlu Silah Assosiasiyasının dəstəyinə yönəli mövqeyini ona görə maraqla dinləmirlər ki, Xeston bu mövzunun gözəl bilicisidir, ona görə dinləyirlər ki, ona böyük inam bəsləyirlər. Əgər insanlar bir dəfə bir insana inanıblarsa, onun rəyinə, nöqteyi nəzərinə həmişə şans verməyə hazırdırlar.
İnsanlar, hətta ideyanı bəyənsələr belə bəyənmədikləri liderin ardınca getməyəcəklər. Bu aksiomdur. Onlar başqa lider axtarışında olacaqlar. Amma lideri bəyənib ideyanı bəyənməyəndə, yenə də liderin ardınca gedəcəklər, amma ideyasına narazılıq bildirəcək, dəyişdirilməsinə can atacaqlar.
15.Qələbə qanunu
«Liderlər komandalarının qalib gəlməsi üçün yolu tapırlar».
Qalibiyyət qazanmış liderlə məğlubiyyətə uğramış lider arasındakı fərq barədə heç düşunmusünüz? Əlbəttə, bunun üçün konkret bir keyfiyyətin adını çəkmək olmaz. Liderlik ətrafındakı hər bir situasiya fərqlidir, spesifikdir. Ancaq Can Maksvell, hər halda, bütün qalib gəlmiş liderlərə xas bir xüsusiyyət göstərə bilib: «Onlar üçün qələbənin alternativi tam yolverilməz görünür, odur ki, onlar qələbənin yolunu ciddi səylə düşünürlər, sonra da seçdikləri yolla əllərində olan bütün resurslardan istifadə edərək irəliləyirlər».
İkinci dünya müharibəsində Hitler İngiltərəni bombalayanda İngiltərənin lideri Uinston Çörçil heç nədən çəkinmədən nasist Füreri ilə qarşı-qarşıya dayandı, onun separat danışıqlara getmək təklifinə rədd cavabı verdi. Çörçil səylə qələbə qazanma yollarını axtarmağa başladı. O deyirdi: «Bizim məqsədimiz nədir? Bircə sözlə cavab verim – qələbə. Hansı vəclə olursa olsun qələbə, bütün mövcud dəhşətlərə baxmayaraq qələbə, yolu nə qədər uzun və çətin olsa da qələbə. Çünki qələbəsiz bizə yaşamaq mümkünsüzdür». Qələbəyə aparan yol – Franklin Ruzveltin liderlik etdiyi Amerika ilə müttəfiqlik oldu, bu tandem Hitler ordusunun kapitulyasiyasını bayram edə bildi.
Təzyiqlər artanda böyük liderlər özlərini ən yaxşı cəhətdən göstərə bilirlər. Onların bütün yaxşı cəhətləri üzə çıxır.
Qələbə üç tərkib hissəsindən ibarətdir:
- Komanda o zaman qalib gəlir ki, üzvlərin hamısının baxışları eyni olsun;
- Üzvlərin müxtəlif cür bacarıq və qabiliyyətləri olsun;
- Lider qələbəyə tam köklənərək üzvləri elə tərbiyələndirsin ki, onlar öz potensiallarını aça bilsinlər.
Liderlər qələbə qanununa köklənəndə bir şeyə əmin olurlar: onların ehtiyat variantları yoxdur. Bu, onlarda qələbə əzmini qoruyub saxlayır.
16.Güclü həmlə qanunu
«Həmlə – liderin ən yaxşı dostudur».
Hər bir lider bəzən öz təşkilatının fəaliyyətinə dəyişiklik etmək lüzumu ilə rastlaşır. Bu zaman açar – irəliyə hərəkətçün impuls hesab olunur, həmin nəsnə də «güclü həmlə» adlanır. Hər bir dənizçiyə məlumdur ki, hərəkətsiz gəmini idarə etmək mümkünsüzdür. Hər bir güclü lider də başa düşür ki, istiqaməti dəyişmək üçün öncə hərəkət etmək lazımdır, güclü həmlə qanununun mahiyyəti də bax elə budur.
Güclü lider həmişə lazımi işlərin baş tutması üçün vasitə tapa bilir. Güclü həmlə yaratmağa elə adam lazımdır ki, başqalarını motivasiya etməyi bacarsın. Ancaq eləsi lazım deyil ki, özünün motivasiyaya ehtiyacı olsun.
17.Prioritetlik qanunu.
«Liderlər başa düşürlər ki, aktiv fəaliyyət heç də həmişə doğru irəliləmək demək deyil»
Get-gedə qrafiki tam sıxlaşan, görüləcək işlərə vaxt tapmaqda çətinlik çəkən lider effektiv olmaq üçün seçim edərkən özünə 3 sual verməlidir:
- Nəyi mütləq etməliyəm?
Prioritetlər siyahısında ən başda edilməsi mütləq olan işlər dayanmalıdır. Bütün o işlər ki, görüləsidir, amma şəxsən sizin tərəfdən görülməsi vacib deyil, başqalarına yönəlmək də olan.
- Nə daha çox fayda verir?
Lider öz vaxtının əsas hissəsini daha çox güclü olduğu sferalara ayırmalıdır. Əgər hansısa əməkdaş liderə baxmış, işi 80 faizli effektivliklə görə bilirsə, lider onu 100 faizlik nəticəyə çatdırmaq üçün onun inkişafının qeydinə qalmalıdır ki, həmin işi ona həvalə edə bilsin.
- Ən böyük mükafat nədir?
Ən böyük şəxsi mükafat o uğurdan gəlir ki, həmin uğur liderin ürəyində alov yandıra bilir. Ehtiras qədər heç bir şey insanı enerji ilə təmin edə bilməz.
Con Maksvell özünün ən prioritet sahələrini və bunlara ayırdığı zamanı da təqdim edib:
- Liderlik; 19 faiz;
- Unsiyyət; 38 faiz;
- Yaradıcı fəaliyyət; 31 faiz
- Xarici, kənar əlaqələr; 12 faiz.
Lider gərək heç zaman fəaliyyət ilə nailiyyəti qarışıq salmasın. Bilsin ki, əsl uğur yalnız öz əməkdaşlarını məhz birinci dərəcəli əhəmiyyətli olan işlərə yönəldəndə gəlir.
18.Qurban qanunu
«Lider sonradan irəli getmək üçün yeri gələndə yolundan çəkilməyi bacarmalıdır».
Qurbanvermə – liderliyin daimi əlamətidir. İstənilən inkişaf, istənilən nəticə bol itkilərin heçabına başa gəlir. Burada həm maddiyyatla, həm karyerayla, həm ailəylə, həm imiclə, sosial vəziyyətlə bağlı qurbanlardan, itkilərlən söhbət gedir. Effektiv liderlər öz işlərini vacib saydıqları şeyə həsr etməkçün çox qurbanlar verirlər. Liderlik işində uğur qazanmaq daim dəyişikliklər, təkmilləşmələr tələb etdiyi kimi qurbanlar da tələb edir.
Lider nə qədər böyükdürsə, o, bir o qədər böyük qurbanlar verməlidir. Hətta bəşər tarixində öz ideyaları yolunda öz həyatlarını belə qurban verən liderlər də az deyil.
19.Vaxtın yetişməsi qanunu
«Ardınca insanları nə zaman aparmaq lazım olduğunu bilmək nə etmək və hansı istiqamətdə hərəkət etməyi bilmək qədər vacibdir».
Böyük liderlər gözəl bilirlər ki, insanları öz ardlarınca hansı vaxt aparsınlar. Liderin hər dəfə yeni addım atmaq istəməsi zamanı real olaraq 4 situasiya yarana bilər:
- Qeyri münasib vaxtda səhv addım atmaq – fəlakət! Təbii ki, belə bir addım fəlakətə aparır.
- Qeyri münasib vaxtda düz addım atmaq – müqavimət! Müsbət nəticə bəslənsə belə əlverişsiz şəraitin müqaviməti nəticəsində bu addım sonda uğursuzluğa gətirir və xəyal qırıqlığı yaradır.
- Münasib vaxtda səhv addım atmaq – səhv! Burada da öncə müsbət nəticə qazanmaq elementləri görünsə belə, tam fiasko ilə nəticələnir.
- Münasib vaxtda düz addım atmaq – uğur! İdeal şərait bax budur, belə vəziyyətdə uğur qazanmaq ehtimalı yüz faizə bərabər olur.
Uğur üçün tək düzgün fəaliyyət göstərmək deyil, bu fəaliyyəti məhz zamanı yetişəndə həyata keçirmək lazımdır ki, bu da vaxtın yetişməsi qanunudur.
20.Sıçrayışlı inkişaf qanunu
«Sadəcə inkişafa nail olmaqçün ardıcıllar yaradın, sıçrayışlı, çoxşaxəli inkişafa nail olmaqçünsə liderlər yaradın».
Məşhur «Papa Con» brendi hamıya tanışdır, 1984-cü ildən dünyanın ən tanınmış pitsa müəssisəsi hesab olunur. 1991-ci ildə artıq 46 ticarət nöqtəsi olan şirkətin 1998-ci ildə bu dəfə ticarət nöqtələrinin sayı 1600-ə çatdı. Bu gün Papa Con obyektləri dünyanın hər bir guşəsində qərarlaşıb, sayı on minlərlədir. Şəxsən bizim paytaxt Bakıda bir neçə belə obyekt var ki, mənim övladlarım orada iştahla pitsa yeyirlər.
Con Şatterin biznes fəlsəfəsi belə olub: «Mənim işim ondan ibarətdir ki, gələcəkdə firmamı inkişaf etdirəcək insanları yetişdirim».
Və o, liderlər yetişdirə-yetişdirə onları yeni-yeni «Papa Con» obyektlərində yerləşdirə-yerləşdirə sıçrayışlı inkişafa nail olub. Sısrayışli inkişaf qanununu praktikada tətbiq edən istənilən lider ardıcıllar silsiləsindən liderlər silsiləsinə keçir.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)