O Kann, Berlin və Venesiya kinofestivallarında fərqlənmişdi, indi daha ucaya yüksəlmək şansı var. Söhbət
Türkiyənin dahi kinorejissoru, “Bir dəfə Anadoluda” filmi ilə adını adlara yazdırmış
Nuri Bilge Ceylandan gedir.
Türkiyənin Anadolu agentliyi xəbər verir ki, rejissorun “Quru otlar üstünə” filmi Amerika Kinosənəti Akademiyasının 96-cı Oskar mükafatlarına namizədlər sırasında yer alıb.
Kino sənayesində 15 peşəkar nümayəndənin təmsil olunduğu münsiflər heyəti bu ekran əsərinin “Ən yaxşı beynəlxalq film” nominasiyasında “Oskar”a namizəd göstərilməsinə qərar verib.
“Quru otlar üstünə” filmi Kann Beynəlxalq Kino Festivalında aktrisa Merve Dizdara “Ən yaxşı qadın aktrisa” mükafatını qazandırıb. Maraqlı süjeti olan bu ekran əsəri Şərqi Anadolunun ucqar kəndində çalışan rəsm müəlliminin başına gələn hadisələrdən bəhs edir. Sentyabrın 22-də Adanada filmin təqdimatı olacaq.
“Hollivud”da keçirilən tətilin nəticələrindən asılı olaraq, 96-cı “Oskar” mükafatlarının təqdimatı mərasiminin gələn il martın 10-da keçiriləcəyi ehtimal edilir.
Ümid edək ki, tətil bitər, təqdimat mərasimi keçirilər və Nuri Bilge Ceylan da Oskara layiq görülər.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)