Dünya ulduzu Alessandro Safinanın Sea Breeze konserti möhtəşəm keçdi Featured

 

“Sea Breeze Summer Live 2023” dinləyici auditoriyasının səbirsizliklə gözlədiyi ifaçıların növbə ilə yer aldığı səhnə çıxışlarının layiqli yekunu olan konsertlə canlı musiqi mövsümləri tarixinə qovuşmuş oldu. Məşhur italyan müğənnisi Alessandro Safinanın sentyabrın 9-da baş tutan böyük solo konserti insanları adı onlar üçün hər zaman peşəkarlıqla və musiqinin keyfiyyətli ilə yanaşı çəkilən vokalçı ilə “Sea Breeze Resort”dakı görüşə topladı.

 

Alessandro Safina üçün Bakı musiqisevərlərinin qarşısında çıxış etmək yenilik olmasa da, onun hər bir konserti auditoriyaya olan böyük sevginin ifadəsidir. Əbəs deyil ki, tez-tez Azərbaycan paytaxtının qonağı olan müğənni öz konsertinə sevgiyə aid mahnı ilə başladı. Çünki sevgi haqqında danışmaq və xüsusən, sevgi barədə bu cür ürəkdən oxumaq ancaq Apennin yarımadası sakinlərinə xas xüsusiyyətdir. Bu gün bu vokalçının səhnədə mahnını necə rahat və sərbəst “yaşadığına” nəzər yetirəndə, onun öz konsert fəaliyyətinin hələ ilk dövrlərində tamaşaçı auditoriyasının qarşısına çıxmaqdan qorxduğunu təsəvvür etmək çətin gəlir. Bütün konsert boyu Alessandro tamaşaçılarla zarafatlaşdı, auditoriyaya öz italyan temperamentini bəxş etdi. Bir-birini əvəz edən musiqi kompozisiyaları və onlara tamaşaçıların verdiyi coşqun reaksiya ifaçı ilə musiqisevərlər arasında emosiya mübadiləsinin təzahürünə çevrilirdi. Xüsusilə bu coşqu həm də düz səhnənin qarşısındakı fan-zonada yaşanırdı.

 

Müxtəlif illərə aid hit mahnılar bir-birini əvəz edirdi; “Bésame mucho”, “My way”, “Smile”, “Moon River”, “Da troppo tempo”, “Guarda che luna”, “La nave va”… Bu illər ərzində vokalçının repertuarını zənginləşdirən “Notre-Dame de Paris” müziklindəki “Le temps des cathédrales" ariyası, əfsanəvi “Cats” müziklindəki “Memory” ariyası da yaddan çıxmamışdı. Alessandro Safinanın yaradıcılığını ifadə edən üslub opera roku adlandırılır. Məşhur ifaçı “Sea Breeze Summer Live” çərçivəsində baş tutan solo konsertində pop-musiqi, akademik vokal, soul və müzikl elementlərini necə məharətlə və rahatlıqla birləşdirdiyini bir daha nümayiş etdirdi. Səhnədə Alessandronu dinləyəndə dərk edirsən ki, onun seçdiyi solo karyera və opera teatrı truppasının sərt çərçivələrindən tam azad ifa tərzi, musiqi və vokal sevərlərə musiqi materialının fərdi qaydada savadlı ifasından həzz almaq, vokalçının özünə isə konsertlərində daha böyük məmnuniyyətlə çıxış etmək sevinci bəxş edir. Şübhəsiz, Safinanın adını demək olar ki, dünyanın hər bir nöqtəsində şöhrətin zirvəsinə yüksəldən məşhur “şah” əsər də tamaşaçılara hədiyyə edildi. Vokalçı “Luna” kompoziyasını elan edən kimi zal bu ifanı coşqu ilə və gurultulu alqışlarla qarşıladı.

Repertuarın intuisiya və öz imkanları daxilində seçilməsinin, musiqi ahəngdarlığı üzrə ardıcıllığın qorunub saxlanmasının sərbəstliyi hər bir kompozisiyada hiss olunurdu. Onların arasında dinləyicilərin sevinclə qarşıladıqları və hətta bəzən ifaçı ilə birgə zümzümə etdikləri “L’amuri”, “Et maintenant”, “Les temps”, “Le foglie morte”, “Vincerò”, “Blu Eternaty”, “Incanto”, “Insieme a te”, “Il mondo” mahnıları da var idi. Yeri gəlmişkən, Alessandro Safinanın yaradıcılığında duetlər onun vokal sənətinin ayrılmaz tərkib hissəsidir və hər biri böyük uğura imza atıb. Alessandro dünya musiqisevərlərinə Sara Braytman, Elton Con, Yuen Makqreqor, Barbara Hendriks, Sumi Ço ilə bənzərsiz duetlər bəxş edib. Bundan əlavə, vokalçı demək olar ki, kino aktyoru peşəsinə tam “yiyələnib”, həm də ən sevilənlərindən biri B. Lurmannın “Mulen Ruj!”unun olduğu film saundtreklərinin yazılmasında iştirak edir. Məhz buna görə, əminliklə demək olar ki, bu məşhur italiyalının malik olduğu yaradıcılıq cəsarəti sayəsində onun sənətinin qarşısında açılan üfüqlərin sayı sonsuz və tükənməzdir...

 

Konsertə gələnləri həm də Alessandronun EMİN ilə dueti gözləyirdi. Auditoriyanın sevimlisi olan bu iki müğənni əfsanəvi Müslüm Maqomayevin əziz xatirəsini yad edərək, onun rus və italyan dillərindəki yeni interpretasiyada şöhrət qazanmış “Sinyaya veçnost” kompozisiyasını ifa etdilər. Bu mahnıdan dərhal sonra isə EMİN Elvis Preslinin repertuarından auditoriyaya söz verdiyi və tamaşaçılar tərəfindən coşquyla qarşılanan “Can't Help Falling In Love” sürpriz mahnısını təqdim etdi.

Alessandro Safina böyük solo konserti özünün də dediyi kimi, ən sevdiyi “The Godfather” (“Xaç atası”) filmində səslənən “Parla più piano” kompozisiyası ilə başa vurdu.

 

Mətn: Tatyana İvanayeva

Fotolar: AzərTAC

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.