Super User
Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
AzərTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti sentyabrın 6-da Çinin Qansu əyalətinin Dunhuan şəhərində təşkil olunan 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisinin açılış mərasiminə qatılıb.
Tədbir çərçivəsində mədəniyyət naziri Adil Kərimli 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisi çərçivəsində təşkil edilən İpək Yolu mədəni irsi və yeni sivilizasiya formasının qurulmasına dair Forumda çıxış edib.
Bu mötəbər tədbirə dəvətə və yüksək qonaqpərvərliyə görə təşkilat komitəsinə təşəkkürünü bildirən nazir Çinə səfərinin çox məhsuldar və yaddaqalan olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, “İpək Yolu boyu xalqların milli mədəni dəyərlərinin qorunub saxlanılması, ənənələrə və birgə məqsədlərə sadiqlik xüsusilə qloballaşma dövründə dünya sivilizasiyasının sabitliyi və tərəqqisinə böyük töhfə verir.
Vurğulanıb ki, tarixən İpək Yolu boyunca əlaqənin təmin edilməsinə mühüm töhfələr verən Azərbaycan keçmişdəki missiyasını bu gün də davam etdirir: “Azərbaycan Böyük İpək Yolu ilə bağlı çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi edib və iri regional infrastruktur layihələrinin təşəbbüskarı olub. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çindən Qərbə daşımalar üçün əlverişli marşrut təklif edir. Eyni zamanda Azərbaycanda İpək Yolu mədəni irsinin qorunub saxlanılmasına böyük əhəmiyyət verilir. Milli səviyyədə tarixi abidələrin qorunmasını təmin etmək üçün müvafiq qanunvericilik və institusional addımlar atılıb. Azərbaycan həm də UNESCO-nun İpək Yolu Proqramının fəal üzvüdür”.
Azərbaycanın mədəniyyətlər arasında dialoqa da xüsusi önəm verdiyini diqqətə çatdıran nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” haqqında məlumat verib. Hazırda BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ICESCO-nun tərəfdaş olduğu Bakı Prosesi qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilib.
Nazir çıxışının sonunda Forumun işinə uğurlar arzulayıb.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Kazanda Beynəlxalq Film Festivalı çərçivəsində Ulu Öndərin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb
XIX Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı çərçivəsində Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.
AzərTAC xəbər verir ki, bundan əlavə, “Mir” kinoteatrında “Heydər Əliyev - əfsanə insan” sənədli filmi (CBC TV-nin istehsalı) “Festivalın xüsusi tədbiri” kimi nümayiş etdirilib.
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Festivalın xüsusi tədbiri”nin açılışında festivalın icraçı direktoru, “Tatarkino”nun rəhbəri Milyauşa Aytuqanova, kinofestivalın münsiflər heyətinin üzvü, azərbaycanlı rejissor və prodüser Fariz Əhmədov, Tatarıstan Azərbaycan Milli Mədəni Muxtariyyətinin regional ictimai təşkilatının sədri Bəhram Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər.
Ulu Öndərin 100 illik yubileyinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarında kənarda da qeyd edilməsi həyata keçirilir. “Azərbaycanfilm” kinostudiyası Kazan Film Festivalının rəhbərliyinə də Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili təklifi ilə müraciət edib.
“Tatarkino”nun rəhbəri Milyauşa Aytuqanova təkliflə əlaqədar fikirlərini səsləndirib: “Festival çərçivəsində filmin nümayişinə və fotosərgi təşkil etməyə məmnuniyyətlə razılaşdıq. Rusiya ilə Azərbaycan arasında ənənəvi olaraq isti münasibətlər inkişaf edib. Bunda isə Heydər Əliyev əsas rol oynayıb. Rəmzi xarakter daşıyır ki, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər sentyabrın 5-dən 9-dək keçiriləcək Kazan Film Festivalının ilk tədbirinə çevrildi. “Mir” kinoteatrında tematik fotosərgi və filmin nümayişini təşkil etməyimiz böyük şərəfdir. Üstəlik, Tatarıstanda 20 minə yaxın Azərbaycan diasporu yaşayır”.
Fotosərgidə tanınmış mədəniyyət xadimləri, eləcə də siyasətçilərlə görüşlərdən arxiv fotoları təqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb
Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyətinin Çinə səfəri davam edir. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 6-da mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Qansu vilayətinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti əvvəlcə mədəni turizm sərgisi ilə tanış olub. Burada Çinin İpək yolu boyunca yerləşən bölgələrinin tarixinə, mədəni irsinə, İpək yolunun tarixən mədəni əlaqələrdəki roluna, “Bir kəmər, bir yol” ölkələrinin mədəni əməkdaşlığına dair eksponatlar, mədəniyyət abidələrləri, fotolar, kitablar, təsviri incəsənət nümunələri nümayiş olunur.
Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində çıxış edən Çin Kommunist Partiyasi (ÇKP) mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley, partiyanın Qansu vilayəti komitəsinin katibi Hu Çanşen, Çin Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun və digərləri çıxış edərək, tədbirin tarixi İpək yolu üzərində yerləşən ölkələr və xalqlar arasında mədəni mübadilənin və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələrdən söz açıblar.
İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin və Dövlət Şurasının (Nazirlər Kabineti) ortaq qərarı ilə 2016-cı ildən hər il ənənəvi olaraq tarixi Dunhuan şəhərində keçirilir. Sərginin təşkilatçıları Qansu vilayətinin Xalq Hökuməti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mətbuat, Nəşr, Radio, Film və Televiziya İdarəsi, Milli Turizm Administrasiyası və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasıdır. Bu ilki sərgidə dövlət rəsmiləri, ictimai xadimlər, incəsənət adamları da daxil olmaqla 1200-dən çox yerli və əcnəbi nümayəndə iştirak edir. İki gün davam edəcək sərgi çərçivəsində müxtəlif forum, konfrans, seminar, simpozium, konsert proqramları təşkil olunacaq. Çin hökuməti tərəfindən “Bir kəmər, bir yol” ölkələri arasında mədəni mübadiləni təşviq etmək üçün yaradılan Beynəlxalq İpək Yolu Sərgisi müvafiq sahələrdə insanlar arasında əlaqələr, qarşılıqlı etimad və ticarət əməkdaşlığı üçün möhkəm zəmin yaradır. Beynəlxalq platformaya çevrilən bu sərgi həm ölkə daxilində, həm də xaricdə böyük rəğbətlə qarşılanır, mühüm nailiyyətlər əldə edir.
Nazir Adil Kərimli Çin Kommunist Partiyasi Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley və Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun ilə görüşüb.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Sentyabrın 18-dən 28-nədək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.
2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq.
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və gənclər üçün xüsusi layihələrlə də yadda qalacaq. Belə ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə bədii proqramlar təşkil olunacaq. Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu karaokeyə qoşula biləcək.
ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
“İrəli”nin “Gənclər davamlı inkişaf üçün” layihəsi yekunlaşdı
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Yardımlıda gənclərin fərdi inkişafına yönəlmiş “Gənclər davamlı inkişaf üçün” düşərgəsi başa çatıb.
İctimai Birliyin mətbuat xidmətinin məlumatına görə, layihənin əsas məqsədi gənclərin cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artması ilə rəqabətədavamlı gənclər şəbəkəsinin inkişafına töhfə vermək olub.
Layihə çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri və onun tətbiq sahələri”, “Qeyri-formal təhsil və onun prinsipləri”, “Layihələrin yazılması prosesində ideyanın formalaşdırılması”, “Gənclərlə işdə rol modeli” və digər mövzular olmaqla, ümumilikdə 14 istiqamətdə təlim sessiyası keçirilib. Düşərgə müddətində, həmçinin müxtəlif komanda oyunları və qrup işləri baş tutub, gənclər öz bilik və bacarıqlarını qeyri-formal təhsil metodları vasitəsilə təkmilləşdiriblər.
Diqqətə çatdırılıb ki, layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.
Layihənin davamlılıq mərhələsində 2 minə yaxın gəncin iştirakı planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə tədbir keçiriləcək
TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyalar müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də bu layihələrə meydan verəcək.
Mərkəz 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.
2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə TÜRKSOY-un planladığı “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.
Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.
Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.
Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.
Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.
Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Zəruri qeyd: 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının proqramı üç hissədən ibarət olacaq
Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı sentyabrın 6-dan sentyabrın 10-dək Nizami Kino Mərkəzində keçiriləcək.
Festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bilet satışından əldə olunacaq bütün gəlirin qadın rejissorlara dəstək məqsədilə ianə ediləcəyini bildirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 6-cı ANİMAFİLM Festivalına üç əsas proqram daxildir. Festivala 46 ölkədən daxil olan 174 film arasından seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edilib. Həmin filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq. Bütün seçilmiş filmləri beynəlxalq münsiflər və uşaq tamaşaçılar qiymətləndirəcək və qaliblər festivalın bağlanış mərasimində mükafatlandırılacaq. Festivalın mükafat fondu 2,3 min ABŞ dolları təşkil edir.
Festivalın müsabiqədənkənar proqramında “Qadınların qadınlar üçün çəkdiyi filmlər” proqramı, Yaponiyanın “Ghibli” studiyasının “Oskar” mükafatına namizəd “Qırmızı tısbağa” (“The Red Turtle”) və “Oskar” mükafatı qazanmış “Ruhlarla sovrulanlar” (“Spirited Away”) tammetrajlı filmləri, mükafata layiq görülmüş Hindistan animasiya filmləri nümayiş etdiriləcək.
Qeyd edək ki, “Qadınların qadınlar üçün çəkdiyi filmlər” tədbirində İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Hədis Nəcəfi haqqında çəkilmiş “Hədis” filmi, müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili Pərixanım Sofiyeva haqqında gürcü filmi nümayiş etdiriləcək.
Festivalın peşəkarlar üçün proqramı çərçivəsində yerli animasiya film layihələri təqdim olunacaq və beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, ustad dərsləri və vörkşoplar təşkil ediləcək. Proqram çərçivəsində “Oskar” mükafatı qazanmış rejissor Michaël Dudok de Vittin, kanadalı animator Matthev Lyonun master-klasları, uşaqlar üçün isə gürcüstanlı rejissor Ana Chubinidze və hindistanlı Tehzeeb Khurana animasiya vörkşopları keçirəcək.
Animasiya peşəkarları üçün proqram çərçivəsində bu il bir sıra qapalı tədbirlər də təşkil olunacaq. Bunlara İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsinə seçilmiş 5 qadın rejissor üçün avropalı mentorlar — isveçrəli rejissor İsabelle Favez, fransalı prodüser Olivier Catherin ilə təlimlər, individual görüşlər daxildir. Seçilmiş animasiya layihələri “ANIMAFILM School: Pitçinq müsabiqəsi”ndə ictimaiyyətə təqdim olunacaq. Pitçinq müsabiqəsində izləyici kimi hər kəs iştirak edə bilər.
Festivalın gedişində, həmçinin Azərbaycan milli animasiya sənayesinin kommersiyalaşdırılması və ixrac imkanları perspektivləri mövzusunda dəyirmi masa təşkil olunacaq.
Həmçinin, Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 100 illiyi münasibətilə “Klassik Azərbaycan animasiya filmləri” tədbirində milli animasiyamızın inciləri olan filmlərin nümayişi keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Qalanı xatirədir...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bəlkə də sözlərinə musiqi bəstələnməsəydi Baba Vəziroğlunun şairlik taleyi elə də parlaq olmazdı. Onu bizə sevdirən, könül dünyamızın sakinlərindən biri edən nəğməyə çevrilən şeirləri oldu...
"Mən heç vaxt ictimai fiqur olmaq istəməmişəm. Bir az özümə qapalı adamam, həmişə istəmişəm ki, sakitcə başımı aşağı salım öz işimlə məşğul olum, dərdimi çəkim, sevincimi yaşayım. Amma birdən gəlib şöhrət tapdı məni, məşhur insan oldum. Ona görə bu, məndən asıl olmayıb. Və profilimə uyğun olmayan hansı verilişdə, tədbirdə məni görürsünüzsə, bilin ki, bu ancaq müsəlmançılıqdan irəli gəlir, mən ürək qıra bilmirəm. Əlbəttə, bəzən yalan danışmalı oluram. Nə yaxşı ki, mobil telefonlar məkan bildirmir, bəzən verilişin adını eşidəndə deyirəm ki, İsmayıllıdayam gələ bilmirəm. Amma nə qədər etsəm də alınmır. Nə mövqeyimə, nə profilimə, nə də ictimai yerimə dəxli olmayan o verilişlərdə məcburən iştirak edirəm. Üzüm yumşaqdır, lətifəsi sizdən uzaq nə yaxşı ki, mən qadın olmamışam, Allah bilir, sorağım haradan gələrdi. Amma narazı da deyiləm bu mənada. Qoy, mənim lap hörmətim düşsün, qoy desinlər onun orada nə işi var, amma kiminsə ürəyini qırmaqdan yaxşıdır. Mən ürək qırmağın düşməniyəm…"- söyləyir.
Xarizmatik adamdır. Özünəməxsus xüsusiyyətləri çoxdur. Sakit adam təəssüratı yaratsa da, əslində çox coşqun təbiətlidir. İncə yumor hissi var. Deyib gülməyi, zarafatı xoşlayır...
Deyir ki,- "İstəyirəm ki, mən öləndə şəhərin ən bahalı yerində, dənizə panoramı olan bir yerdə dəfn etsinlər. Ətrafımızda uzaq Qvineyadan gətirilmə həmişəyaşıl sərv ağacları nazlansın, Skandinaviya bülbülləri cəh-cəh vursun, başım üstündə sal Yunanıstan qranitindən abidəm ucalsın..."
Qibtə olunası zənginlik içində yaşamayıb, amma etiraf edir ki, keçmişinə nəzər salanda, mənəvi baxımdan çətinliklərlə dolu, çox maraqlı, rəngarəng və zəngin bir ömür yaşayıb. Bunun üçün özünü xoşbəxt sanır. Nə keçmişin xiffətini çəkir, nə də gələcəyə tələsir. Bu gününü elə yaşayır ki, xoş xatirələrlə dolu bir keçmişə çevrilə bilsin və o dünyaya alnıaçıq getsin. Gələcək haqqında çox düşünməyə qorxur, məşhur filmdə deyildiyi kimi, Allahı güldürmək istəyirsənsə, gələcək planlarından danış. Keçmişin xiffətini çəkmək bədniyyət adamların peşəsidir- söyləyir. Gələcək haqqında çox düşünməyi xəyalpərəstlik əlaməti hesab edir. Praqmatik və realist adamdır...
"Pisniyyətli adamın bircə yaxşı sözünə də bəzən aldana bilirəm, xeyirə, yaxşılığa xidmət edən şairəm. Odur ki, gözümdə hamını yaxşı görmək istəyi bəzən uğursuzluqla nəticələnir. Həyat məni öyrədə bilməyib, yəqin ki, hələ kifayət qədər böyüməmişəm. Nə yaxşı ki, böyüməmişəm, içimdəki uşaqlıq saflığının kiçik bir ərazisini də olsa, qoruyub saxlaya bilmişəm. Aldana-aldana yaşayırıq və deyəsən insan oğlu aldanmağı sevir ki, ondan hasil olan nəticə sayəsində müdrikləşə bilsin. İnsan ömür boyu özündən nağıllar uydurur və özünü həmin nağıllara inandırmağa çalışır. Bilir və dərk edir ki, hardasa bunların hamısı yalandır, amma həyat bunsuz maraqsız, bəlkə də yaşamaq mümkünsüz olar."- söyləyir…
Bəli, bizi yaşamağa vadar edən, içimizdə həyat eşqi yaradan xəyallarımızda qurduğumuz nağıllardır. Guya belə etsək, elə olar, elə etsək belə. Amma fərqinə varmırıq ki, Allahın öncədən bizim üçün yazdığı ssenarinin oyunçularıyıq. Bir sözlə, şair Baba Vəziroğlu Allahın gözəl bəndələrindən biridir, əsl şair həyatı yaşayır. Özü dediyi kimi;-
"Yenə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...
Qar yağır narın-narın,
Üzü gülür dağların.
Bu yaşıl yarpaqların
Solanı xatirədir...
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...
Niyə çıxdıq yola biz,
Coşub-daşır bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...
Xəyaldı, yoxsa yalan,
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir..."
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Bu gün ANİMAFİLM festivalı başlayır
DAHİ KİNOREJİSSOR MƏSUD PƏNAHİ DƏ BAKIDADIR
Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı bu gün açılır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 10 sentyabradək davam edəcək festival Nizami Kino Mərkəzində keçiriləcək. Ötən həftələrdə festival geniş proqramını açıqlayaraq bilet satışlarını həyata keçirib. Festivalın beynəlxalq münsiflər heyəti və xarici qonaqlarının siyahısında ünlü isimlər var.
Festivalın beynəlxalq münsiflər heyətinə 6 xarici peşəkar daxil edilib: Isabelle Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Chubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Olivier Catherin (Fransa) və Tehzeeb Khurana (Hindistan).
Festivala Avropa və Asiyadan xüsusi qonaqlar – rejissorlar və animatorlar qatılır: Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və Michaёl Dudok de Wit (Niderland krallığı, Birləşmiş krallıq).
Qeyd edək ki, Michaёl Dudok de Wit 2001-ci ildə “Ata və Qız” (Father and Daughter) filminə görə “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında nüfuzlu “Oscar” mükafatı qazanmış niderland əsilli rejissor və illüstratordur. O, bu filmə görə, həmçinin, “BAFTA” və “Annecy” (Ansi) festivalında Qran-Pri mükafatlarına layiq görülüb. Rejissor festivala digər bir filmi – Yaponiyanın tanınmış animasiya şirkəti “Studio Ghibli” ilə birgə çəkdiyi “Oscar” mükafatına namizəd olmuş “Qırmızı tısbağa” (The Red Turtle) filmini şəxsən təqdim etməyə gəlir. Bundan əlavə, tanınmış rejissorun festival zamanı “Yaradıcılıq” və “Film dili və hekayə anlatması” adlı iki fərqli masterklası keçiriləcək. Masterklas həm peşəkar animasiya, kino və incəsənət mütəxəssisləri, həmçinin, bu sahənin həvəskarları üçün nəzərdə tutulub.
Festivalın digər xarici qonağı – kanadalı kinorejissor və müəllim Matthew Lyon 25 illik kino karyerasında bir çox mükafata layiq görülmüş, “Netflix” və “Apple TV” kimi nəhənglərlə çalışan dünya animasiya sənayesinin aparıcı mütəxəssislərindəndir. O, festivalda “Peşəkarlar üçün animasiya” masterklası keçərərək iştirakçılarına uğurlu karyera quruculuğu haqqında məsləhətlər verəcək.
“Klassik Azərbaycan animasiya filmləri” tədbirində Məsud Pənahinin iştirakı ilə onun əfsanəvi “Pıspısa xanım və Siçan bəy” (Tıq-Tıq Xanım) filminin nümayişi və müzakirəsi keçiriləcək.
Hindistanın AniMela festivalının direktoru Kireet Khurana isə festivalın tamaşaçıları üçün “Mükafata layiq görülmüş ən yaxşı Hindistan animasiya filmləri” proqramını təqdim edəcək.
Qeyd edək ki, festivalın bilet satışlarından əldə olunan gəlir gənc qadın rejissorlarımıza ianə ediləcək. Festival çərçivəsində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı da təşkil olunacaq. Proqramda beş müəllif iştirak etmək hüququ qazanıb.
Layihə iştirakçılarına münsiflər heyətinin üzvləri – Isabelle Favez və Olivier Catherin peşəkar təlimlər keçəcək. Mütəxəssislər iştirakçılara qısametrajlı animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim etməyi (pitching) və istehsal etməyi öyrədəcəklər.
Vörkşopun nəticəsi olaraq müəlliflər öz layihələrini festivalın “ANIMAFILM School: Pitçinq müsabiqəsi” tədbirində ictimaiyyətə təqdim edəcəklər. Ən yaxşı layihələr festivalın bağlanış mərasimində pul mükafatı ilə təltif olunacaq.
Festivalın peşəkar proqramı çərçivəsində “Hədis” filminin rejissoru Nəzrin Ağamalıyeva və ssenaristi İsmayıl İmanın iştirakı ilə “ANIMAFILM School: “Hədis” necə istehsal olunub” adlı masterklası keçiriləcək. Beynəlxalq münsiflər heyətinin üzvləri – Tehzeeb Khurana və Ana Chubinidze isə uşaqlar üçün xüsusi vörkşoplarda animasiya nümunələri yaratmağı öyrədəcək.
Festivalın həmtəşkilatçısı “PERİ FİLM” MMC şirkətidir.
Sadəcə, Baklya kino bayramı gəlir.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Qızlara kitab cehizi verin!
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Qızlarınız gəlin köçəndə onlara Əzizə Cəfərzadənin "Anamın nağıllarıı", "Aləmdə səsim var mənim", "Bakı 1501" kitablarını hədiyyə edin.
Ümumiyyətlə ZAQS evlərində, Nigah saraylarında gəlinə hədiyyə kimi belə kitab buketləri təqdim edilsə əla olar. Klassik və görkəmli yazıçılarımızın həyat dolu kitablarını oxuyan gənclər həyatın da, ailənin də qədrini bilərlər o zaman.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)