BİRİ İKİSİNDƏ – QİSMƏT MƏSİMİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yenidən Şeir vaxtı yetişdi. Bu gün sizlərə Qismət Məsimin şeirlərini təqdim edəcəyik.
Bəri başdan deyək ki, bu şeirlər bizi təəccübləndirdi. Bəlkə də bütün redaksiyanın eyni yazıdan məftun olmasına heç rast gəlinməmişdi.
Hər halda,
Mən sizə əl salladım, əlvida, dəli yollar,
Bu əl boyda bəxtimin mən boyda fəryadı var.
Çox şey əldən bulaşır, çox şey əldən yoluxur,
Kəndir hörən barmağın boğmaq istedadı var.
-deyən Qismət Məsimin adını yadınızda saxlayın.
Hər halda,
Adamlar niyə belə,
Allah niyə belədi?
Ən çox sevdiyim kəslər
məni sevsinlər deyə,
məni dəli elədi..
-deyən bu şairi hökmən yadınızda saxlayın.
Və hər halda,
Ömrü yığıb bir küncə, hara qaçır adamlar?
Nədir bu ayaqların yalınlığı, İlahi?
Çox da uzaq deyilmiş yerlə göyün arası,
Adi kəfən qədərmış qalınlığı, İlahi.
-deyən şairi unutmaq günahdır.
ŞEİR VAXTI
Qismət MƏSİM
NƏ GÖZƏL GÜLÜMSƏYİR AYRILIQ GÖRMÜYƏNLƏR
Dəlixanada güzgülər
Qadın həbsxanasında dırnaq boyaları.
Yetimlər evində soyad.
Qocalar evində arzular...
Dilənçi təşəkkürü, dilənçi duası.
Düşün, pul versən də, var,
Verməsən də, var.
Əla gülürsən,
Təbii gülür ayrılıq görmüyənlər.
Nə şirin ağıdı bu,
Bu ağının hamısını indi demə, olarmı?
Sanki başdaşının da saçları sığal istər,
əllərin daş hörüyə çəkdiyi daş sığalmı?
Baxırsan gözlərində bir yaşıl gülüş donub,
Güldüyü həqiqətlər yaxalayıb adamı.
Sinəmdə daş dikəlib,
Qoyma bu daş üstünə işləsinlər adını…
Mən itirmış adamam,
Sən həsrət qatılmayan təbii sevgi qadını.
Nə gözəl gülümsəyir ayrılıq görmüyənlər,
Bir qəlbə yara vurub
Bir qəlbdə ölmüyənlər.
BİR DƏFƏ DƏLİ OLMUŞDUM...
Bir dəfə dəli olmuşdum,
hamı məni sevirdi.
Hamı bir-bir pəncərədən
Evimi seyr edirdi…
Elə bil dünya idim,
Hər kəs baxıb keçirdi.
İt də mənimlə birgə
Bir qabdan su içirdi.
Salam verməyən qadın
Mənə salam verirdi.
Məni bağışlayırdı,
Ürək-dirək verirdi.
Allah da o vaxt məni
Ovcunda saxlayırdı.
Çiynimdə günah yazan
İşsiz yuxulayırdı.
Adamlar niyə belə,
Allah niyə belədi?
Ən çox sevdiyim kəslər
məni sevsinlər deyə,
məni dəli elədi..
***
Çatıb gördüm həyətimiz çöldədi,
Çatıb gördüm başqalaşıb evimiz.
Çoxdan bəri getməmişəm, küsüblər:
Həyətimiz, darvazamız, itimiz…
Qapı necə inciyərmiş, ilahi!
Döydüm, döydüm, cınqırı da çıxmadı.
İt yerindən dəbərmədi bir qram,
Qoz ağacı üzümə də baxmadı.
Allah məni daş edəydi, düşündüm,
Daş edəydi, burda qala biləydim.
Pilləkənin qalaqları od tutub
Məni necə yandırırdı, görəydin.
Ağ saçımı güzgümüzə göstərib,
Guya məni bağışlasın sanırdım.
Mən anamın örpəyinə bürünüb,
Bilsəz necə, bilsəz necə yanırdım.
Nə qazandım, nə itirdim, bilmirəm,
Amma gördüm
izsizlikdən çatlayıb
həyətdəki cığırların dodağı.
Amma gördüm adam kimi küsürmüş
Getməyəndə ana vətən torpağı.
3 D şeir...
Ömrü yığıb bir küncə, hara qaçır adamlar?
Nədir bu ayaqların yalınlığı, İlahi?
Çox da uzaq deyilmiş yerlə göyün arası,
Adi kəfən qədərmış qalınlığı, İlahi.
Göz yaşı imza atır son vidanın altına,
Hansı tutdu gedənin, ya qalanın naxışı?
Ədəbiyyat müəllimi, sənə də sualım var:
Feilin hansı növüdür başdaşının baxışı?..
Mən sizə əl salladım, əlvida, dəli yollar,
Bu əl boyda bəxtimin mən boyda fəryadı var.
Çox şey əldən bulaşır, çox şey əldən yoluxur,
Kəndir hörən barmağın boğmaq istedadı var.
***
Ürəyi min dəfə yerlərə vurub
"Baxma!" söyləmişdim gözümə guya.
Qapımı çırpırsan, divarım uçur,
Ömür düzəltmişəm özümə guya,
Sökür bu tənhalıq arzularımı
Hamısın hirsimdən çaxıram ömrə.
Bir divar saatı xoşuma gəlir,
Başımı dik tutub baxıram ömrə.
Səni unutmuşam, başım pozulub,
Aptekdən başıma kül soruşuram.
Hansımız ölmüşük, başa düşmürəm,
Kimin qəbri üçün gül soruşuram?
Bədheybət tənhalıq, nəhəng, darıxma,
Mənəm o təpəgöz divin yerinə.
Hər səhər oyanıb yola düşürəm
Köhnə çarpayımdan evin yerinə.
***
Alçanın ən yeməli vaxtı,
Adam ölməz, ömrüm-günüm.
İnanmırsan qızımızdan soruş, desin,
Üç ikiyə tam bölünməz, ömrüm-günüm.
Qolumuzdan tutub dartır zaman bizi,
Saata bax, bizə qalıb.
Ömür gedir, şərab gedir,
Adam elə darıxır ki…
Baxma belə getməyinə,
Belə getməz, belə getməz, ömrüm-günüm.
Tanrı bizi bağışlamaz belə getsə,
Çevrilərik qurd olarıq.
Ulaşarıq…
Tənhalığa bulaşarıq.
Bakı da çox böyükləşib,
Unutmağa gücüm çatmaz.
Adam belə ürək atmaz,
Adam belə əl götürməz, ömrüm-günüm.
Alçanın ən yeməli vaxtı,
Adam ölməz, ömrüm günüm.
İnanmırsan, qızımızdan soruş desin,
Üç ikiyə tam bölünməz, ömrüm-günüm.
***
Açıb çəmən üstə bu lal süfrəmi,
Sənə bal süzərdim susqunluğumla.
Saçına şeh kimi düşərdim, heyif,
Pis vaxtda getdin.
Kəpənəyə dönüb dəli baxışım,
Toxunardı şirin təbəssümünə,
Nazını qoyardı gözünün üstə.
Öpüb o utancaq səssizliyini,
Qonardı açılmış dizinin üstə.
ən şirin gecənə dönərdim, heyif,
pis vaxtda getdin.
Payızı seçmişdim səni sevməyə,
Elə sevərdim ki, bahar olardın.
Xəzəl xışıltısı... unutqan cığır...
Axır ki, hər bir şey gözəl olardı,
Pis vaxtda getdin..
***
Adamın adamla təkcə söhbəti yox,
Gərək susmağı da tuta...
Məsələn, zirvəylə duman kimi,
Ulduzla asiman kimi,
Çiçəklə başdaşı kimi,
Qürurla göz yaşı kimi...
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)