Sentyabrın 1-də Mədəniyyət Nazirliyinin və “CBC FM” radiosunun birgə təşkilatçılığı ilə yeni mövsümdə “Mədəniyyət dalğası” verilişi ictimaiyyətə təqdim ediləcək.
Nazirlikdən verilən məlumata görə, layihə Azərbaycanın zəngin mədəniyyətini təbliğ etmək, mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə daha yaxından tanıtmaq, mədəni həyatımızda baş verən yenilikləri efirdən səsləndirmək və dinləyiciləri maarifləndirmək məqsədi daşıyır.
Radio verilişi hər həftənin cümə günü saat 11:00-da “CBC FM”də yayımlanacaq. Verilişdə həftənin ən son mədəniyyət xəbərləri təqdim ediləcək, həmçinin qonaqlarla mədəniyyət sahəsində baş verən yeniliklər müzakirə olunacaq.
Qeyd edək ki, “Mədəniyyət dalğası” verilişi, eyni zamanda, “CBC FM”in rəsmi sosial media hesabında da canlı izlənilə bilər.
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)