Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Bu gün sənə bu məktubu taleyüklü bir qəza nəticəsində yazıram. Qəribədir ki, ilk dəfədir danışacaq elə də çox sərgüzəştlərim yoxdur. Bu aralar heç kədərli deyiləm, bəlkə də, səni zamanla unutduğum üçündür. Doğrusu, heç bilmirəm niyə sənə bu məktubu yazıram?
Ya da niyə bu sualı düşünərək özümə dərd edim ki?
Yazmaq istəyirəm, yazıram. Bir müddət sonra yenə yazmaq istəsəm, onda da yazacağam. Məgər, yazmaq da pulladır?
Məktubun əvvəlində qeyd etdiyim kimi bu məktubu taleyüklü bir qəza nəticəsində yazıram. Narahatlığa heç bir əsas yoxdur. Sadəcə uzun müddət sonra ani olaraq səni xatırladım. Böyüklərimiz, ölmüş birini yuxuda gördüyü zaman oyanıb "Həmd surəsi " oxuduğu kimi, mən də səni xatırladıqdan sonra istədim ki, bu sətirlərlə səni yad edim. İstəklər bəzən çox qəribə olur, bunu özüm də qəbul edirəm. Bəlkə də, bu istək deyil, kiçik bir bəhanədir. Amma bunu bilməyini istəyirəm ki, əvvəlki kimi sıxlıqla bəhanələr uydurmuram. İndi bəhanələr yerini daha dolğun və inandırıcı fikirlərə verib. Ötüb keçən zaman mənə bir məsələni çox yaxşı öyrədib ki, unutmaq unutmağa çalışmaqdan daha asan imiş. Bu aralar asana doğru qaçıb, çətindən uzaqlaşmağa çalışıram. Halbuki, bu mənim xüsusiyyətimin tamamilə əksinədir. Məhz indi qəbul edirəm ki, insan yaş artdıqca etmərəm dediyi hər şeyi edərək özünə belə yad olan birinə çevrilir. Xatırlayırsansa, dedim ki, unutmağı seçmişəm. Buna istəsən nümunə də göstərə bilərəm. Məsələn, artıq bilmirəm ki, səni bu lazımsız canımın hansı hissəsinə gömmüşəm. Bir onu bilirəm ki, hələ də mənimləsən. Elə ən kədərlisi də budur ki, sənin olanı, səninlə olanı nə qədər axtarsan da, həndəvərində tapa bilmirsən. Bəzən düşünürəm ki, bəlkə də bütövlüklə ruhuma hopmusan?
Hər necə olursa olsun, bir mövzu dəqiqdir ki, səni axtarmaqdan yorulmuşam. Bütün bu sətirlər ağuşunda elə bil özümlə mübarizə aparıram. İndi yeni bir sual yarandı, -"Bu unutmaqdır, yoxsa yorulmaq? " Ola bilərmi ki, heç biri olmasın? Tamamilə fərqli bir nəticəyə gəlsək, bu, təslim olmaqdan başqa bir şey deyil. Bəli, mən deyəsən əqidəmin gücünə təslim olaraq sənsizliyə alışmağı seçmişəm. Sənsizliyə alışmağın mənə nəyi qazandıracağını deyə bilmərəm, amma uduzdurmayacağını da bariz görür və bilirəm. Həm də artıq uduzsam da, vecimə belə deyil.
İlahi, bunlar necə də boş sətirlərdir!
O qədər qarışıq duyğular içərisindəyəm ki, yazdığım sətirlər də qarmaqarışıqdır. Deyəsən, aclıq başıma vurub. Desəm, bəlkə də, heç inanmayacaqsan, amma sən çox yaxşı bilirsən ki, mən fikirlərimi ifadə etmək məsələsində aciz biri deyiləm. Artıq əvvəlki kimi çox yemək yeyə bilmirəm. İlk oxuyanda çox güləcəyini təsəvvür edə bilirəm. Lakin unutma ki, mən sənə heç vaxt yalan danışmamışam. Bir də artıq əvvəlki kimi çox danışan biri deyiləm. Zaman sanki bütün alışılmış hisləri, duyğuları, qaydaları öz ağuşuna alaraq bizdən qoparır. Doğmalar zamanla yada çevrilir. İndi dərin bir sükut dənizinin içində üzməkdəyəm. Həyat mənə mənfur şillələrini bir-biri ardına vurur!
Məncə, artıq dayanmaq vaxtıdır. Çünki, nə yazacaq, nə də illərin mənə verdiklərini danışacaq qədər taqətə sahib deyiləm. Qələmi əlimə almağa sövq edən bu kiçik taleyüklü qəza yenə səninlə mənim arama uzun bir körpü inşa etdi...
İndi unutmaq alışmaq qədər asandır.
İndi uzaqlıq təslim olmaq qədər acizdir.
İndi əqidəm iradəmə məğlub olmağı seçir.
Sən isə cismimə hopmuş ruhun ilə hər zaman mənimləsən!
(©️Jalə İslam)
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)