Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının yaradıcı kollektivi Turqut Özakmanın "Ocaq" adlı səhnə əsəri ilə Bakıda çıxış edib.
Sumqayıt Dövlət Dram Teatrının 55 illiyinə həsr olunan və Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında göstərilən tamaşadan əvvəl İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov "Qonaq teatr" layihəsindən və onun əhəmiyyətindən danışıb.
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Sumqayıt Teatrına göstərilən diqqətə görə İttifaqa və tamaşaçılara dərin təşəkkürünü bildirib.
Çıxışlardan sonra istedadlı aktyorların iştirakı ilə nümayiş olunan tamaşa teatr mütəxəssisləri, media nümayəndələri və sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Tamaşanın sonunda Sumqayıt Dövlət Dram Teatrı və teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olunub.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən "Qonaq teatr" layihəsi çərçivəsində bir çox bölgə teatrlarının yaradıcı kollektivləri Bakıya səfər edərək, maraqlı səhnə əsərləri ilə çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(05.07.2023)