Opera və Balet Teatrı Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edib

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hər il keçirilən “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının ilk günü bəstəkar Firəngiz Əlizadənin “İntizar” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi tərəfindən nümayiş olunub. 

 

AzərTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. 

Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev mübahisəli dramaturji xətti, həmçinin Azərbaycanın milli mənəvi dəyərlərini tamaşada təqdim edib. 

Teatrın simfonik orkestrı Əyyub Quliyevin rəhbərliyi ilə bəstəkarın müasir polifonik, zəngin, fəlsəfi, klassik və milli çalarlarla dolu əsərini yüksək səviyyədə səsləndirib. Sevil Hacıyevanın rəhbərlik etdiyi teatrın xor kollektivi yalnız ifaları ilə deyil, xoreoqrafik səhnə hərəkətləri ilə yadda qalıb. Tamaşada Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Ramil Qasımov, Səbinə Vahabzadə, İlahə Əfəndiyeva, Tural Ağasıyev, Samir Səmədov, gənc solistlər Taleh Yahyayev, Fəhmin Əhmədli, Aysel İbrahimova, Vüqar Əliyev çıxış etdilər. Baş rolların ifaçıları İnarə Babayeva ilə Ramil Qasımovun duetləri, Əkrəm Poladovun Ata obrazını səmimi canlandırması, Səbinə Vahabzadə ilə Tural Ağasiyevin emosional ifası, ilk dəfə yad adam obrazında çıxış edən Taleh Yahyayevin inandırıcı oyunu, İlahə Əfəndiyeva və Aysel İbrahimovanın nazlı-qəmzəli gəlinlər obrazlarını canlandırması tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Həmçinin tamaşada dərviş rolunda çıxış edən balet artisti Əməkdar artist Samir Səmədovun, gənc xanəndə Anar Ömərovun ifasında “Qarabağ şikəstəsi” Şəki sakinləri, həmçinin ölkəmizə təşrif buyuran xarici qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Festival çərçivəsində TURKSOY-un 30 illiyi münasibətilə solistlərə və tamaşanın bədii heyətinə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, festivalda Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.