“Qar adamı” - Güneyli yazar İlqar Müəzzinzadənin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla sizlərə İlqar Müəzzinzadənin maraqlı bir hekayəsini təqdim edir. 

 

İlqar 18 oktyabr 1985-ci ildə Xiyav şəhərində anadan olmuşdur. O, ilk təhsilini bitirdikdən sonra İnşaat Mühəndisliyi, Ümumi Psixologiya üzrə bakalavr dərəcəsi və Klinik Psixologiya magistri almışdır. Onun 2017-ci ildə “Ürəyində dönüşsüz bilet” adlı şeirlər kitabı, 2020-ci ildə “Caddə” adlı hekayələr kitabı və 2021-ci ildə isə “Kaizen planlaşdırma” adlı psixologiya üzrə kitabı çap olunmuşdur. O, hekayə, poeziya, ədəbi tənqid və psixologiya sahəsində çalışır.

 

 

QAR ADAMI

 

Yuxuda bir qar adamı görürəm. Mənim nə qar ilə problemim var idi, nə də qar adamı ilə! Söz burda idi, evə girmişdi, çıxmaq fikri də yox idi.

Otuz il subay qalmamışdım ki, sonunda bu buza oxşar qar ilə evlənəm. Pis-pis kobud və soyuq heykəli ilə qucaqlamaq da istəyirdi. Bir təhər qopmalı idim. Baş açmırdım, qadın bir qar adamından çox, erkək bir cinə bənzəyirdi. Sanki damlarda olanları da bu yönəldir kimi davranırdı. Bir an dama sarı qaçıb qar adamlarına baş çəkdim. Hərəkətsiz və düzənli bir sırada dayanmışdılar.

Yenə pəncərə qırağına getdim. Saat gecə biri sovuşmaqda idi. Evdə zalın bucağındakı balkonun qırağında, soyuq kafelin üstündə lüt ayağımla dayanmışdım, sazaq ayağımı sancırdı. Qar dənələri getdikcə yekəlirdilər. Qoz boyda, qırıq-qırıq, havada fırlayaraq, hər yerə yox, balkona çox yağırdı, beş metr otaylığa isə az. Dam ilə balkonda hər yerdən çox gəzişirdilər.

Balkonda özünü tərpədib, üst-başını silkələdi. İrəli gəldi. Qarnının ortasından bir təpik geydirdim. Yerə tökülüb dağılsa da, yenə qar adamı şəklinə qayıdırdı. Vurduğum təpik heç vecinə də deyildi. Peyk antenası boşqabının böyüründən sovuşub, qırmızı dəmir qapıya söykəndi. Evə girmək istəyirdi. Ayaqlarım donuxub, əllərim keyimişdi. Dəmir qapının soyuq qıfıl yerini çəkib açdım, içəri keçdi. Boyu bir metr olardı. Başını yuxarı qaldırıb üzümə zilləndi.

Qar qırmızı çırağın işığında işıldayırdı. Yumşaq və pambıq telefon telinə, xiyaban qırağında sıralanmış ağacların xollarına düşür, qırmızı işıq altında şəhərə sərilirdi. Xiyaban qırağındakı ağacların budağı arasında uçuşub üşüyən sərçələr isti yer axtarırdılar, amma nə isə, bu isti heç də qar adamının könlücə ola bilməzdi. Çıxıb dam yolundan kürəyi götürdüm, başını bədənindən ayırmaq istəyirdim. Damın üstündən yerimək səsi gəldi. Səsin olub-olmamasına şübhələndim. Səs getdikcə ucalırdı, pəncərə qırağından ayrılıb, dama sarı getdim. Bir neçə qar adamı damın üstündə oturmuşdu. Başqa qonşu damlar və balkonlarda da habelə.

Qara asfaltın çirkin sir-sifəti, yavaş-yavaş qar quşunun altında itirdi. Ötən ay, damda manqalda bişirdiyim kababın közləri də, qar dənələri altında itməkdə idi. Qar dənələri, hansısa bir şəhəri təsxir etmək istəyən komanda paraşütizmləri kimi kirpiklərimə qonduqca, ürəyimə soyuq bir şübhə sarılırdı. Sevirdim qarı, yağmasına varam, qarışam, qaynayam, zarafatlaşam. “Hooooy gözümə ala-bula dəyirsən ha!” bir-bir tutub öpəm. Dodağımda soyuq yaş oturmuşdu, dişlərim üşüyürdü, amma nə isə bu qar adamı çox nanəcib birisinə oxşayırdı, zərrə-zərrə göydən yağan gözəl qar dənələrindən düzəldilmiş qar adamı deyildi sanki.

Dam yolunun soyuq qara mərmərli daşlarının üstündən, ayaq yalın sovuşub evə düşdüm. Qar adamı openin üstündə sırtıqca oturmuşdu. “Mənə qızıl almırsan, mənə lap son moda olmuş paltarlar hədiyyə etmirsən, xarici səfərlərə aparmırsan” deyən qadınlara bənzəyirdi. Nə papağı var idi, nə burnunda yerkökü, hər nəyi qardan düzələn yalnız ağappaq bir heykəl idi. Onun kristallarının arasında narın sarı-narıncı işıltılar parlayırdı. Yuxu gözümü çıxardırdı, davalarımı atmışdım, amma dama papaqsız çıxdığım üçün, sinüzitim yenə incitməyə başlamışdı. Bilmirəm elə doğurdan ağrıyırdı, yoxsa yuxu idi! Başıma ağrı sıçrayırdı. 

Gecə saat 01:30 olardı. Mən isə hələ də qar dənələrinin ovsununda idim, sehirli yağmasına dalmışdım. Pəncərənin arxasından bir an belə qopa bilmirdim. Nəfəsimdən şüşə buğlanmışdı. Qar adamı məni qucaqlayıb öpmək istəyirdi. Çox zorlu olsaydı da müsibətlə ayrılıb kürəyi əlimə götürmüşdüm. “Mənim səninlə heç bir sabahım yox, açıl get burdan” deyə bağırmışdım. Kürək ilə başını bədənindən ayırmaq istəyirdim. Üstünə yürümüşdüm. Çırpışmışdıq. Çilçırağın qırılıb yerə düşməsini də vecinə almamışdı, qucaqlamaq istəyirdi. Soyuqluğunu mənə təqdim etmək üçün. Pəncərənin şüşəsini silib ara-sıra eşiyə baxırdım. Qar dənələri balkon üstünə toplanmaqda idi. üst-üstə qalandqdan sonra, təzədən dönüb qar adamına dönüşürdülər.

Pəncərədən ayrılmışdım, qar adamı zalın bucağına getmişdi. Əlində bir kubik var idi. sarı-narıncı rəngində. Qarın böyümüş kristalları kimi idi. O, kristalın işıqla sayrışan əşyasını, xırıltı, xırpıltı, cırınq-cırınq səslər içində, qabağına qoyub başını üzərinə əymişdi. Yuvasını oğurluq qır-qızıldan doldurmuş qarğa kimi idi. Ara-sıra balkona çıxıb, bir qucaq qar gətirirdi və uşaqlarımızdır deyirdi, sonra da qabağına töküb qovurğa kimi hərdən birini ağzına atırdı.

Yenə də dam yolunu soyuq mərmərindən keçib, evə qayıtdım. Soyuq, cırıq corabımdan dabanıma süzüb sancırdı. Qar adamı yox idi. Balkona sarı getdim. Otağı, şkafı, vannanı, tualeti, hər yeri alt-üst elədim; kaş yenə də dədəsi evinə cəhənnəm olmuş qadınlar kimi olaydı. Kəbini icraya qoymayıb, çıxıb gedənlər kimi. Evdə bir yaş da görmədim. Demək su olub yerə də getməmişdi. Zala qayıtdım. Mebelin bazası qırağında səkkiz bucaqlı kristalı işıldayırdı. Əlimə götürdüm. Göz qırpımında əriyib yox oldu. Əlim üşümürdü. Sanki əlimə isti su dağıldı. Aşpazxanaya gedib əlimi soyuq suya tutdum. Üzümə su vurdum. Yuxu içində yuxu görürdüm, qorxu canıma çökürdü. Openin altındakı üst-üstə qalanmış şey-şüylərə gözlərim sataşdı, soyuducunun içində hər nə var idisə, eşiyə tökülmüşdü, meyvə, tomat pastası, mürəbbə, limonada kimi. Soyuducunun öz-özünə açılması ilə diskindim. Ansızın ağ bir əl yaxamdan yapışdı. Uzun barmaqlarını boğazıma sardı. Gözlərim kəlləmə çıxdı. Nəfəsim kəsildi. Bir an danışmağa belə fürsət vermədi. Sonra  da öz şikarını çəngəlləri arasında boğub göylərə aparan qartal kimi, yuxarı qovzayıb aşağı çırpdı, yerdə sürüyüb soyuducunun içinə təpdi. Qapını bağlayıb bağrına basdı, dayanmadan öpməyə başladı. Başım gicəllənir, nəfəsim kəsilməkdə idi. Lap boğulurdum, həm soyuqdan, həm havasızlıqdan. Soyuducunun içi qap-qaranlıq idi. Və həmişə uşaqlığımdan soyuducu qapısının açılıb-bağlanmasında, çırağının necə yanıb-sönməsi mənim üçün sual idi. İndi soyuducunun içində bu fikirləri bir anlıq belə beynimdə dolandırsam da, yalnız buraxılıb eşiyə qaçıb canımı qurtarmağa çalışırdım. Demək qapı bağlananda çırağın necə sönüb-sönməmək tapmacasını kəşf etməyə heç də yaxşı fürsət deyil idi. Kvant fizikində kvark zərrələri kimi bir şey idi, baxsan var, baxmasan yox! Qar adamına baxmamağa çalışırdım. Bu həçəldən necə olursa olsun qurtarmalı idim. Bağrına basıb dodağımı yeməyə çalışsa da, başa sala bilmirdim ki, mənim sənin ilə heç sabahım ola bilməz. Qışqırdım. Səsim çıxmadı. Bir neçə dəqiqə soyuducunun içində qucağında dartındım. Qaranlıq və soyuq hər tərəfimi keyitmişdi. Soyuducu yerə aşdı, çətinliklə eşiyə çıxıb ayağa durdum. Başını bədənindən qoparmaq istəyirdim, hər nə qədər zor verdim tərpənmədi. Çox yoğun, qoca və köklü bir ağac kimi idi. Tez başını mənə sarı tutub qucağına götürdü. Qıçlarımdan yapışıb yuxarı qaldırdı, sonra son gücü ilə kitabxanaya tərəf tulladı, sifəti kitablara öz günüsü kimi yanaşan qadınlar kimi olmuşdu. Soyuducunun qulpu belimə keçdi, bağırtım göyə ucaldı. Özümə gələnə kimi yenə yox oldu. Soyuducunun içindən çıxıb zalın bucağına qayıtdım. Soyuducuya sarı addımlayıb qapısına yaxılan qar dənələrinə əlimi sürtdüm. İşıldayıb sarı işıqla yox oldular. Yerdə bir zərrə belə su qalmamışdı.

Soyuducunun qapısını örtüb zala qayıtdım. Əlini sinəsinə salıb bir başqa səkkiz bucaqlı kristal çıxartdı. Onun kristalları alma boyda olardı. Qarın sarı-narıncı dənələri balaca lampalar kimi yanıb-sönürdü. Elə bil şəhərdə bir iş görüləcəkdi. Yoxsa bu qədər qar ordusunu mənə görəmi tökmüşdü dam üstə? İşıq dalğaları səkkiz bucaqlı kristalın ortasına süzüb Savalan dağının rəsmini yaradırdı. Sonra da şəhərin damlarını göstərirdi. Sanki damlarda olanlara siqnal verirdi.

Ayağa qalxıb soyuducuya sarı getdi. Qapısını açıb içinə keçdi. Daha təcrübəli idim, bayaqkı oyun başıma gəlməsin deyə, bu dəfə soyuducuya yaxın düşməyəcəkdim. Bir daha çıxıb zalın bucağındakı qara mebelə qayıtdı. Saat beş, səhər açılıb dan sökülüncə, hər yarım saatdan bir, soyuducuya girib zalın bucağına qayıdırdı.

Dama çıxdım. Qar adamları başqa damlarda olanlar ilə yer dəyişirdilər. Binada ərləri ilə yatmayıb, başqa evlərdəki kişilərin yatağına gedən qadınlar kimi idilər. Sərçələr qrupunun uçuşunu xatırladan qar dənələri, dama qonduqda, yenə də qar adamı formasına qayıdırdılar.

Pillələrdən qaça-qaça evin içinə qayıtdım. Zaldakı qar adamını damlarda olanların başqanı olduğunu sanırdım. Dama çıxanda zal ilə otağın sobası sönmüşmüş, çıraqlar da habelə. Evdə soyuq hökm sürməkdə idi. nəfəsim qaranlıq evin soyuğunda buğlanırdı. Xalçanın qıraqlarında zalın divarına yapışıq sərilmiş yorğanı qucağıma aldım. Mebelin üstündə dizlərimi qarnıma yığarkən, yorğana bürünüb, qar adamının işlərinə baxırdım. Mən ilə rahatlıq hiss etməsini düşünürdüm. O isə məni təsxir etmiş sanırdı, bəlkə də təhlükəsizliyimə özünü inandırıb vücudunu toxunulmaz düşünürdü. Bəlkə də elə ilk evə girdiyində mənim  çevrilmə sürəcimi başlamışdı; məni də özü kimi bir qara çevirib, ömürlük sevgi yaşatmaq istəyirdi.

Yorğan içində tərləmişdim. Bəlkə də əriməkdə idim. Varlığımın nə olduğuna yavaş-yavaş şübhələnirdim, barmaqlarım keyiyib, dırnaqlarım ağarmaqda idi. gözlərim qaranlıq çalırdı.

Yorğandan ayrılıb otaqdakı güzgüyə sarı getdim, qırov bağlamışdı. Qar adamının səkkiz budaqlı kristalında Savalan ətəklərini görə bilirdim. Savalan sığınacağında hərbi təlim görən əsgərlərin düzülüşünə bənzəyən bir formada minlər qar adamı düzülmüşdü, dağın başında dörd qatlı bina ucaldıqda yüzlər katapult kimi sistemlər, qartal daşının çevrəsinə yerləşirdi. “Ağa pox yedim” deyə ucadan bağırsaydım da, səsim çıxmırdı. Qucaqlayıb mən səninəm desəydim də eşitməz, görməz kimi öz işini görürdü. İş belə qabağa gedirdi ki, biraz sonra bütün şəhər qar altına getsin.

Qara buludlar Qartal daşının üstündə toplaşıb vur hay qar yağdırmaqda, maşınlar boyda qar topuları yetişdirməkdə idilər. Qar topular oluşduqdan sonra şəhərə sarı tuş tuturdular. Şəhər qar ilə basdırılacaqdı. Qartal daşı getdikcə qar talalarının altında itməkdə, bir qarlı dağa çevrilməkdə idi...

 

*

 

Bilmirəm haçan yuxudan durmuşdum. Səhər çağı idi, acıxmışdım. Belimin ağrısından tərpənə bilmirdim. Barmaqlarımın da ikisi çıxmışdı. Çətinliklə paltarımı geyinib evdən çıxdım. Saat səhər 10:00 zad olardı. Çörəkçi Hüseynəlidən sümü almağa getdim. Ordan da sınıqçı Əlinin yanına gedib çıxığı saldıracaqdım. Hüseynəli ağappaq rəsim dəftəri kimi olmuşdu. Daha çörək bişirmişdi, yarım metrlik buz qaliblərini kürənin qabağına uzatmışdı. Kürədən şaxta eşiyə püflənirdi. İki dənə yarım metrlik buz alıb evə döndüm.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.