“Ədəbiyyat və incəsənət” portalı Aktual rubrikasında bu gün yazıçı, pedaqoq, ictimai fəal Şəmil Sadiqin mülahizələrinə yer ayırır.
Nədənsə həmişə müəllim dedikdə, cins olaraq hamının ağlına kişi cinsi gəlir. Dilimizdəki “kişi” sözü isə artıq öz mənasını dəyişib, başqa dona girib. Bu söz daha çox mərd, ağzıbütöv, ləyaqətli, namuslu insana ünvanlanan bir etalondur. Bu cür insan isə erkək də olur, qadında da. Deməli, izahlı lüğətimizdə bu sözün ilk mənası olaraq yuxarıda qeyd etdiyimiz və bir çoxunu da unutduğumuz müsbət yüklü sözlərin daşıyıcısına verilən ad olmalıdır.
Türkiyə türkcəsində “kişi” sözü nəfər mənasında işlədilir. Deməli, bizim dildə də bu söz cins anlayışından uzaqlaşıb və yeni məna kəsb elədiyini qəbul etməliyik.
Hə, gələk mövzuya. Mən də “təhsilimizi kişiləşdirməliyik” dedikdə hamımız kimi “erkəkləşdirməyi” nəzərdə tutmuşdum. Amma məqalənin adını yazan kimi və “kişi” sözünün mənasına varan kimi fikrimi dəyişdirdim. Çünki mən düşünürdüm ki, orta məktəbdə dərs deyən müəllimlərin çoxluğunu kişi cinsindən etsək, ürəyimdə tutduğum bütün problemlər həll olunmuş olar. Fəqət “arvad kimi kişidənsə, kişi kimi arvad yaxşıdır” deyimi də fikrimin dəyişməsinə səbəb oldu. Qaldım çaşbaş. Əlimi klaviaturadan götürüb düşündüm, qərara gəl, kişiləşdirməliyik, yoxsa erkəkləkləşdirməli? Çox düşünsəm də, qərara gələ bilmədim. Lənət şeytana, nə olardı ki, bütün erkək insanlar kişi olardı, mən də bu məqalədə mətləbdən uzaqlaşmaya idim. Amma oxucunun intellektinə və məntiqinə güvənərək “onlar başa düşərlər, mən nə deyirəm”, – deyib keçirəm mətləbə.
Orta məktəb təhsilimizdən narazı olmayan insanımız yoxdur demək olar ki… Sıravi vətəndaşlar düzgün təhsil verilmədiyindən, müəllimlərin məsuliyyətsizliyindən, müəllimlər kurikulumdan, maaşın azlığından, Təhsil Nazirliyi müəllimlərin işinə vicdanla yanaşmamasından, özlərini təkmilləşdirməməsindən narazıdır. Sözün düzü, hamısı haqlıdır. Amma mən elə bilirəm ki, bunların yeganə baiskarı boş-bikar xanımların məktəblərdə kişilərin yerini tutmasıdır.
Bu gün istənilən orta məktəbin müəllimlərinin statistikasını çıxartsaq, ən yaxşı halda 90-nın 10-a olar. Yəni 10%-i kişi olar. O da başqa bir yerdə iş tapa bilməyən, iş qabiliyyətini itirən ahıl kişilər. Yerdə qalanlar isə qadınlardır. Şair təbiətli insan olduğuma görə qadınlara qarşı bir antipatiyam yoxdur. Çünki şeirlərimin baş qəhrəmanları xanımlar, ilham pərimin də cinsi zərifdir.
Birinci olaraq bunun necə baş verdiyini araşdırmaq istərdim. Necə oldu ki, məktəbdə işləyən insanların çoxu qadınlar oldu? Hamımıza məlum olan səbəblərdən biri orta məktəbdə maaşın az olmasıdır. Elə buna görə də ailə dolandırmaq kimi ağır bir yükü çiyninə götürən kişilər bu az maaşlı, az “xalturalı” işdə işləməkdən yayındılar. İkincisi isə mentalitetimizin günahlarıdır. Hamımız məktəbə ən axırıncı iş kimi baxdıq və müəllimlik sənətinə daha çox qızlarımızı göndərdik. – Qadındır da nə edəcək, qoy gedib müəllimdən-zaddan işləyib başın girələsin, – dedik. Beləcə, bu sənət “arvad peşəsi” kimi formalaşdı. Sonra da qadın müəllimlərin ərləri ən təmiz, namuslu bir yer kimi məktəbi seçdi. Savadlı, savadsız xanımlarını məktəbə düzəltdilər. Sənin mənə pulun lazım deyil, get başını qat, gününü keçir, – dedilər. Hə, bir də ona görə ki, hamı əxlaq baxımından ən saf yer məktəbi bilir axı. Ona görə xanımlarını məktəbə göndərməklə gözləri arxalarınca qalmadı. Bizim üçün əxlaqsızlıq daha çox bir evli kişinin bir qadından və ya bir evli qadının bir kişidən xoşu gəlməsi hesab edildiyindən, qeybət, ara vurmaq, kiminsə ayağının altını qazmaq, evini yıxmaq o qədər də əxlaqsızlıq hesab edilmir.
Və beləcə həm məktəblərimiz, həm tədrisimiz, həm əxlaqımız, həm də oğlanlarımız arvadlaşmağa başladı. Əslində bu da avropa standartlarına yaxınlaşma demək idi. Axı müasir dünyada din, millət ayrımı olmadığı kimi, cinsi ayrım da yoxdur.
Sadəcə bu peşəni sevənlər və bu peşəyə hörmət bəsələyənlər, ən azından bu peşəyə çörək ağacı kimi baxanlar müəllimliyə qayıtsa, bəlkə, onda təhsilimizdə də kişiləşmə gedə. Sözümün üstündə dururam, kişiləşmə ha, erkəkləşmə yox.
Xanımlar məndən inciməsin, amma qəlbimin dərinliyində təhslin erkəkləşməsini də istəyirəm. Çünki ha axtarıram Aristoteldən, Nizamidən, Mirzə Şəfidən, Mirzə Cəlildən, Hüseyn Caviddən, Abdulla Şaiqdən bu yana adlı-sanlı qadın müəllim yadıma düşmür. İstisnalar qaydaları pozmur…
P.S. Müəllimin cinsi olmaz. Ona görə də dilimizdə “müəllimə” ifadəsi yoxdur. Amma təəssüf ki, yazıq uşaqların dili elə vərdiş edib ki, qabaqlarına kim çıxır “müəllimə” deyirlər. Belə getsə, dilimizdə cins kateqoriyası yaranacaq.
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)