Super User
Qalanı xatirədir...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bəlkə də sözlərinə musiqi bəstələnməsəydi Baba Vəziroğlunun şairlik taleyi elə də parlaq olmazdı. Onu bizə sevdirən, könül dünyamızın sakinlərindən biri edən nəğməyə çevrilən şeirləri oldu...
"Mən heç vaxt ictimai fiqur olmaq istəməmişəm. Bir az özümə qapalı adamam, həmişə istəmişəm ki, sakitcə başımı aşağı salım öz işimlə məşğul olum, dərdimi çəkim, sevincimi yaşayım. Amma birdən gəlib şöhrət tapdı məni, məşhur insan oldum. Ona görə bu, məndən asıl olmayıb. Və profilimə uyğun olmayan hansı verilişdə, tədbirdə məni görürsünüzsə, bilin ki, bu ancaq müsəlmançılıqdan irəli gəlir, mən ürək qıra bilmirəm. Əlbəttə, bəzən yalan danışmalı oluram. Nə yaxşı ki, mobil telefonlar məkan bildirmir, bəzən verilişin adını eşidəndə deyirəm ki, İsmayıllıdayam gələ bilmirəm. Amma nə qədər etsəm də alınmır. Nə mövqeyimə, nə profilimə, nə də ictimai yerimə dəxli olmayan o verilişlərdə məcburən iştirak edirəm. Üzüm yumşaqdır, lətifəsi sizdən uzaq nə yaxşı ki, mən qadın olmamışam, Allah bilir, sorağım haradan gələrdi. Amma narazı da deyiləm bu mənada. Qoy, mənim lap hörmətim düşsün, qoy desinlər onun orada nə işi var, amma kiminsə ürəyini qırmaqdan yaxşıdır. Mən ürək qırmağın düşməniyəm…"- söyləyir.
Xarizmatik adamdır. Özünəməxsus xüsusiyyətləri çoxdur. Sakit adam təəssüratı yaratsa da, əslində çox coşqun təbiətlidir. İncə yumor hissi var. Deyib gülməyi, zarafatı xoşlayır...
Deyir ki,- "İstəyirəm ki, mən öləndə şəhərin ən bahalı yerində, dənizə panoramı olan bir yerdə dəfn etsinlər. Ətrafımızda uzaq Qvineyadan gətirilmə həmişəyaşıl sərv ağacları nazlansın, Skandinaviya bülbülləri cəh-cəh vursun, başım üstündə sal Yunanıstan qranitindən abidəm ucalsın..."
Qibtə olunası zənginlik içində yaşamayıb, amma etiraf edir ki, keçmişinə nəzər salanda, mənəvi baxımdan çətinliklərlə dolu, çox maraqlı, rəngarəng və zəngin bir ömür yaşayıb. Bunun üçün özünü xoşbəxt sanır. Nə keçmişin xiffətini çəkir, nə də gələcəyə tələsir. Bu gününü elə yaşayır ki, xoş xatirələrlə dolu bir keçmişə çevrilə bilsin və o dünyaya alnıaçıq getsin. Gələcək haqqında çox düşünməyə qorxur, məşhur filmdə deyildiyi kimi, Allahı güldürmək istəyirsənsə, gələcək planlarından danış. Keçmişin xiffətini çəkmək bədniyyət adamların peşəsidir- söyləyir. Gələcək haqqında çox düşünməyi xəyalpərəstlik əlaməti hesab edir. Praqmatik və realist adamdır...
"Pisniyyətli adamın bircə yaxşı sözünə də bəzən aldana bilirəm, xeyirə, yaxşılığa xidmət edən şairəm. Odur ki, gözümdə hamını yaxşı görmək istəyi bəzən uğursuzluqla nəticələnir. Həyat məni öyrədə bilməyib, yəqin ki, hələ kifayət qədər böyüməmişəm. Nə yaxşı ki, böyüməmişəm, içimdəki uşaqlıq saflığının kiçik bir ərazisini də olsa, qoruyub saxlaya bilmişəm. Aldana-aldana yaşayırıq və deyəsən insan oğlu aldanmağı sevir ki, ondan hasil olan nəticə sayəsində müdrikləşə bilsin. İnsan ömür boyu özündən nağıllar uydurur və özünü həmin nağıllara inandırmağa çalışır. Bilir və dərk edir ki, hardasa bunların hamısı yalandır, amma həyat bunsuz maraqsız, bəlkə də yaşamaq mümkünsüz olar."- söyləyir…
Bəli, bizi yaşamağa vadar edən, içimizdə həyat eşqi yaradan xəyallarımızda qurduğumuz nağıllardır. Guya belə etsək, elə olar, elə etsək belə. Amma fərqinə varmırıq ki, Allahın öncədən bizim üçün yazdığı ssenarinin oyunçularıyıq. Bir sözlə, şair Baba Vəziroğlu Allahın gözəl bəndələrindən biridir, əsl şair həyatı yaşayır. Özü dediyi kimi;-
"Yenə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...
Qar yağır narın-narın,
Üzü gülür dağların.
Bu yaşıl yarpaqların
Solanı xatirədir...
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...
Niyə çıxdıq yola biz,
Coşub-daşır bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...
Xəyaldı, yoxsa yalan,
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir..."
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Bu gün ANİMAFİLM festivalı başlayır
DAHİ KİNOREJİSSOR MƏSUD PƏNAHİ DƏ BAKIDADIR
Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı bu gün açılır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 10 sentyabradək davam edəcək festival Nizami Kino Mərkəzində keçiriləcək. Ötən həftələrdə festival geniş proqramını açıqlayaraq bilet satışlarını həyata keçirib. Festivalın beynəlxalq münsiflər heyəti və xarici qonaqlarının siyahısında ünlü isimlər var.
Festivalın beynəlxalq münsiflər heyətinə 6 xarici peşəkar daxil edilib: Isabelle Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Chubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Olivier Catherin (Fransa) və Tehzeeb Khurana (Hindistan).
Festivala Avropa və Asiyadan xüsusi qonaqlar – rejissorlar və animatorlar qatılır: Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və Michaёl Dudok de Wit (Niderland krallığı, Birləşmiş krallıq).
Qeyd edək ki, Michaёl Dudok de Wit 2001-ci ildə “Ata və Qız” (Father and Daughter) filminə görə “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında nüfuzlu “Oscar” mükafatı qazanmış niderland əsilli rejissor və illüstratordur. O, bu filmə görə, həmçinin, “BAFTA” və “Annecy” (Ansi) festivalında Qran-Pri mükafatlarına layiq görülüb. Rejissor festivala digər bir filmi – Yaponiyanın tanınmış animasiya şirkəti “Studio Ghibli” ilə birgə çəkdiyi “Oscar” mükafatına namizəd olmuş “Qırmızı tısbağa” (The Red Turtle) filmini şəxsən təqdim etməyə gəlir. Bundan əlavə, tanınmış rejissorun festival zamanı “Yaradıcılıq” və “Film dili və hekayə anlatması” adlı iki fərqli masterklası keçiriləcək. Masterklas həm peşəkar animasiya, kino və incəsənət mütəxəssisləri, həmçinin, bu sahənin həvəskarları üçün nəzərdə tutulub.
Festivalın digər xarici qonağı – kanadalı kinorejissor və müəllim Matthew Lyon 25 illik kino karyerasında bir çox mükafata layiq görülmüş, “Netflix” və “Apple TV” kimi nəhənglərlə çalışan dünya animasiya sənayesinin aparıcı mütəxəssislərindəndir. O, festivalda “Peşəkarlar üçün animasiya” masterklası keçərərək iştirakçılarına uğurlu karyera quruculuğu haqqında məsləhətlər verəcək.
“Klassik Azərbaycan animasiya filmləri” tədbirində Məsud Pənahinin iştirakı ilə onun əfsanəvi “Pıspısa xanım və Siçan bəy” (Tıq-Tıq Xanım) filminin nümayişi və müzakirəsi keçiriləcək.
Hindistanın AniMela festivalının direktoru Kireet Khurana isə festivalın tamaşaçıları üçün “Mükafata layiq görülmüş ən yaxşı Hindistan animasiya filmləri” proqramını təqdim edəcək.
Qeyd edək ki, festivalın bilet satışlarından əldə olunan gəlir gənc qadın rejissorlarımıza ianə ediləcək. Festival çərçivəsində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı da təşkil olunacaq. Proqramda beş müəllif iştirak etmək hüququ qazanıb.
Layihə iştirakçılarına münsiflər heyətinin üzvləri – Isabelle Favez və Olivier Catherin peşəkar təlimlər keçəcək. Mütəxəssislər iştirakçılara qısametrajlı animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim etməyi (pitching) və istehsal etməyi öyrədəcəklər.
Vörkşopun nəticəsi olaraq müəlliflər öz layihələrini festivalın “ANIMAFILM School: Pitçinq müsabiqəsi” tədbirində ictimaiyyətə təqdim edəcəklər. Ən yaxşı layihələr festivalın bağlanış mərasimində pul mükafatı ilə təltif olunacaq.
Festivalın peşəkar proqramı çərçivəsində “Hədis” filminin rejissoru Nəzrin Ağamalıyeva və ssenaristi İsmayıl İmanın iştirakı ilə “ANIMAFILM School: “Hədis” necə istehsal olunub” adlı masterklası keçiriləcək. Beynəlxalq münsiflər heyətinin üzvləri – Tehzeeb Khurana və Ana Chubinidze isə uşaqlar üçün xüsusi vörkşoplarda animasiya nümunələri yaratmağı öyrədəcək.
Festivalın həmtəşkilatçısı “PERİ FİLM” MMC şirkətidir.
Sadəcə, Baklya kino bayramı gəlir.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Qızlara kitab cehizi verin!
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Qızlarınız gəlin köçəndə onlara Əzizə Cəfərzadənin "Anamın nağıllarıı", "Aləmdə səsim var mənim", "Bakı 1501" kitablarını hədiyyə edin.
Ümumiyyətlə ZAQS evlərində, Nigah saraylarında gəlinə hədiyyə kimi belə kitab buketləri təqdim edilsə əla olar. Klassik və görkəmli yazıçılarımızın həyat dolu kitablarını oxuyan gənclər həyatın da, ailənin də qədrini bilərlər o zaman.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Qadınlarda sonsuzluq əlamətləri
Əlbəttə ki, ailələrin ən əsas problem sonsuzluqdur və məhz bu problem yeni qurulan ailələrin üçdə ikisinin süqutunu təmin edir. “Ədəbiyyat və incəsənət” portalının Qızıl məsləhətlər rubrikası bu iş işləyir, iş başında mama-ginekoloq Yaqut Qasımovadır.
Tibbin qanunları var, bunlar dəyişməzdir. Əgər kişi və qadın 1-2 il mütəmadi qaydada cinsi əlaqədə olursa və bu zaman hamiləliyə qarşı heç bir vasitədən istifadə olunmursa, lakin hamiləlik baş vermirsə, bu cür cütlük sonsuz hesab olunur. Sonsuzluğun səbəbkarı hər iki tərəf ola bilər.
Bəs qadının sonsuz olduğunu necə müəyyən etmək olar?
Hamilə qala bilməmək
Müəyyən müddət qadının hamilə qalması mümkün olmursa, bu, sonsuzluğun ilkin əlamətlərindən biridir. Bir ildən sonra həkim sonsuzluq istiqamətində diaqnoz qoya bilər. Bundan əlavə, 35 yaşlı qadının 6 ay ərzində hamilə qala bilməməsi də sonsuz olduğunu göstərir.
Ağır və sancılı keçən menstruasiya dönəmi
Ağır və ya ağrılı keçən menstruasiya dönəmi döllənməyə təsir edə və daxildə gizli problem olduğuna işarə verə bilər. Bəzi qadınlar menstruasiya vaxtı bir neçə gün normal qanama yaşayarkən, digərləri mütəmadi olaraq ağır və ağrılı kramplar yaşaya bilir. Bu cür problemlə üzləşənlərdə qarnın alt bölgəsində uşaqlığın xaricində uterus mukozasına bənzər toxuma meydana gəlib, müxtəlif orqanlara yayılan endometrioz ola bilər. Bu, sonsuzluq üçün risk faktorudur.
İntim əlaqədə ağrı
Cinsi əlaqədə ağrı və ya displaziya qadının döllənməsinə təsir edə biləcək sağlamlıq probleminin əlaməti ola bilər. İnfeksiyalar, endometrioz və miyomalar bu cür sağlamlıq problemlərinə misaldır.
Tünd və ya donmuş qan rəngi
Əgər menstruasiya qanı normaldan daha soyuqdursa, bu həyəcan siqnalı ola bilər. Qan ilk günlərdə parlaq qırmızı olur, sonradan tündləşə bilər. Lakin ilk günlərdə görülən tünd və soyuq qan endometriozisə işarə edir.
Menstruasiya tsiklinin nizamsız olması
Menstruasiya tsikli qadınlarda zamanla dəyişir. Bununla belə bir çox qadın həmin etapı nizamlı keçirir. Hər dövr arasındakı vaxt təxminən eynidir. Nizamsız menstruasiya tsikli göstərir ki, mütəmadi olaraq yumurtalama getmir. Bu da sonsuzluğa gətirib çıxaracaq. Ovulyasiya uşaqlıqlığa bir yumurta buraxmaq deməkdir. Nizamsız ovulyasiya polikistik yumurtalıq sindromu, piylənmə, həddən artıq arıqlıq və tiroid problemlərdən qaynaqlana bilər.
Hormonal pozğunluq
Hormonal dəyişikliklərin simptomları spesifik deyil. Qadın bunu hiss etməyə və altda gizlənən səbəbi görməyə bilər. Ancaq həkimin analizlər nəticəsində hormonal problemləri aşkar etməsi mümkündür.
Piylənmə
Piylənmə döllənməyə mənfi təsir edir. Bu problemlə üzləşən qadınların hamilə qalmaq şansı daha aşağıdır və hamiləlik müddətində çəkinin artması risk yaradır.
Allah bütün qadınların köməyi olsun, onları sonsuzluq əzabına tuş eləməsin. Növbəti dəfələrdə daha effektiv mübarizə yollarına birlikdə baxacağıq.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
13-CÜ DƏRC
Baş Hakim söz götürdü:
-Divanın qaydalarına görə müttəhimə bir prosesin başlanğıcında, bir də sonunda “Özünüzü günahkar sayırsınızmı?” deyə müraciət olunur. Müttəhim Zatikyan Stepan Seqbosoviç! Özünüzü günahkar sayırsınızmı?
Müttəhim yerində qurcalana-qurcalana “Yox” söylədi, ardınca da, guya terror aktını təşkil etmədiyini, ümumiyyətlə orada iştirak etmədiyini, əlində çoxlu alibləri olduğunu dilə gətirdi.
Baş Hakim başını bulayıb üzünü Divan heyətinə tutdu ki, ittiham aktının oxunması təmin edilsin.
Divan heyətindən bir nəfər kürsüyə çıxıb aramla ittiham aktını oxumağa başladı:
-1977-ci ilin 8 yanvar gününü Moskva sakinləri heç vaxt unutmayacaqlar. Həmin gün uzun müddət ölkə əhalisindən gizlədilən inanılmaz bir hadisə baş verdi. 1 böyük və 14 kiçik qardaş xalqın yaşadığı yenilməz Sovet İttifaqında bu qardaşlardan biri nankor çıxdı – kiçik qardaş böyük qardaşa xəyanət etdi. Həmin gün Moskva vaxtı ilə saat 17:33-də İzmaylovo metro stansiyasında metro vaqonuna qoyulmuş bomba partladı. Yeraltı partlayışın ardınca iki yerüstü partlayışlar da özlərini çox gözlətmədilər. Saat 18:05-də xalq arasında KQB adı ilə tanınan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin binasının yaxınlığında – Dzerjinski küçəsindəki 15 saylı ərzaq mağazasında partlayış oldu. Saat 18:10-da isə 25 Oktyabr küçəsində yerləşən 5 saylı ərzaq mağazası partlayışa məruz qaldı. Nəticədə metro teraktı 7 nəfərin ölümünə səbəb oldu, ümumən 3 teraktda 37 nəfər müxtəlif dərəcədə xəsarət aldılar. İstintaq müəyyənləşdirdi ki, teraktları milliyyətcə erməni olan 3 şəxs – Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan həyata keçirmişlər. Qapalı keçən məhkəmə onlara güllələnmə hökmü çıxardı, 1979-cu ilin 30 yanvarında hökm icra olundu. Qeyd edək ki, cinayətkarlarıntapılması heç də asan başa gəlmədi, onların axtarışına KQB-nin, Daxili İşlər Nazirliyinin və Prokurorluğunun ən yaxşı müstəntiqləri cəlb olunmuşdular. Prosesə KQB general-mayoru Vadim Udilov rəhbərlik edirdi.
Ekspert arayışı oxuyub bitirəndə Baş ekspert Baş Hakimə müraciət etdi:
-Cənab Baş Hakim, Divan adından şahid qismində cənab Vladimir Udilovun çıxışının təmin olunmasını sizdən xahiş edirik.
Baş Hakim sözügedən şahidi çıxış üçün dəvət etdi. Şahid Divan heyəti və tamaşaçılarla salamlaşıb dərhal mövzuya keçdi. Orqan işçisinə xas konkretliklə 43 il əvvəl baş vermiş və uzun zaman qaranlıq qalmış bir hadisəyə işıq tutmuş oldu:
-Əməliyyat “Partladanlar” kod adı altında həyata keçirilirdi. Caniləri şəxsən görən 500-dən artıq şahid ifadələri dinlənildi. Həmin şahidlərin bir qismi burdadır, təkrar üzləşdirmə keçirilsə Zatikyanı tanıya bilərlər. Hadisə yerlərindən götürülmüş qəlpələrdən partlayış törədilərkən istifadə olunan bombanın detalları, istifadə olunan materiallar müəyyənləşdirildi. Bu materialların istehsal və satış yerləri şübhəli bilinən ərazi traektoriyasını cızmağa kömək etdi: Yerevan, Rostov və Xarkov. Dərhal belə bir versiya ortaya çıxdı ki, terror aktını ukraynalı və erməni millətçilər törədə bilərdilər. Çünki həmin dövrdə Qərbi Ukraynada bəzi millətçi ünsürlər – benderlər meydan sulayırdı, Daşnaksütunun erməni terroru isə dünyanı silkələməkdə idi. İzə çox tez düşüldü. Daşkənd aeroportunda bir KQB əməkdaşı sərnişinlərin birinin əlindəki çantaya diqqət yetirdi. Çanta şahid ifadələrinə görə terrorçuların çantalarının eyni idi. Dərhal vətəndaş saxlanıldı, məlum oldu ki, bu çanta Ermənistanda istehsal olunur. Paralel olaraq ekspertlər də müəyyənləşdirdilər ki, bombanın elektrik qaynağı xüsusi ftor-kalsium örtüklü elektrodla olunub, belə elektrodlar isə yalnız müdafiə sənayesi komplekslərində istifadə edilirdi. Demək, terrorçuların həmin qurumla əlaqəsi üzə çıxdı. 1977-ci il oktyabrın sonunda Moskvanın Kursk vağzalında daha bir terakta cəhd qeydə alındı. Moskva- Yerevan qatarına bilet alan cinayətkarlar içində bomba olan çantanı gözləmə zalında qoyub bir neçə dəqiqəlik çıxmışdılar. Bir milliyyətcə dağıstanlı olan çoxuşaqlı vətəndaşın ayıq-sayıqlığı nəticəsində (o, skamyada yiyəsiz qalmış və uşaqlarının qurdalamağa başladıqları çantanın içinə boylanıb orada işə düşmüş saat mexanizmini görmüş, dərhal vağzal milisinə xəbər vermişdi) partlayışın qarşısı alındı, istintaq isə çox gərəkli faktlarla təmin olundu. Çantanın içindən üzərində Ermənistanın atributları olan göy idman kostyumunun pencəyi və 56 ölçülü qulaqlı papaq aşkarlandı, qulaqlı papaqdan isə qara baş tükləri tapıldı. Dərhal Zaqafqaziya istiqamətində bütün milis sisteminə pencəyi olmayan göy idman şalvarındakı qarasaç insanın axtarışı tapşırıldı, tezlilklə Gürcüstan – Ermənistan sərhəddində 55 saylı Moskva –Yerevan qatarının 3-cü vaqonunda belə bir şəxs aşkarlandı. Bu, 1949-cu il təvəllüdlü fəhlə Akop Stepanyan idi. Yanındakı yoldaşı isə 1954-cü il təvəllüdlü rəssam Zaven Baqdasaryan idi. Onlar Moskvaya nə səbəbə getdiklərini izah edə bilmədilər. Beləcə, bu iki şəxs həbs edildi. Stepanyanın anası oğlunun çantasını tanıdı, axtarış zamanı onların mənzilindən isə teraktlar törədilən partlayıcı qurğunun analoqu tapıldı. İcraçılar ifadə verərkən teraktların təşkilatçısını – Stepan Zatikyanı ələ verdilər. Onlar bildirdilər ki, Zatikyanla qonşudurlar, terror aktına Zatikyan onları qorxudaraq məcbur edib, milli zəmində həbs həyatı görmüş həmin şəxs onlara bildirib ki, erməni xalqını əzdiyinə görə rusları cəzalandırmaq lazımdır.
Şahid nəfəsini azacıq dərib çıxışına davam etdi:
-SSRİ Ali Məhkəməsində proses 1979-cu il yanvarın 16-dan 20-dək keçirildi. Özü də tam qapalı. Zatikyan orada belə bir çıxış etdi:”Mən sizin məhkəməni saymıram, heç bir müdafiəyə də ehtiyacım yoxdur. Mən müttəhim deyiləm, mən hökm çıxaranam. Rus imperiyasının haqqı yoxdur məni mühakimə eləsin. Bunu qulaqlarınıza sırğa edin!” Onun son sözləri isə hamını şoka saldı. O, erməni dilində çığırtılar elədi, yumquq düyünlədi. Tərcümə elədilər ki, o, “Hamıya çatdırın, bizə yalnız intiqam qalır. İntiqam, intiqam, intiqam!” –deyə çığırırmış. Yanvarın 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti bu 3 terrorçunun əvf edilməsi barədə xahişi rədd etdi, hökm icra olundu.
Son olaraq şahid bunları dedi:
-Sovet dövləti daha çox ideoloji hakimiyyətə sığınırdı, orda kommunizm, qardaşlıq, bərabərlik, sovet insanı amalları aparıcı idi. Amma bununla belə, Ermənistan millətçilik siyasəti güdür, Kreml nə qədər bunu ört-basdır etsə də, ermənilər hamı üçün pis nümunə göstərirdilər. Elə bu sözügedən proses zamanı Ermənistan rəhbərliyi özünü çox qəribə aparması ilə diqqət çəkirdi. Birinci katib Karen Dəmirçiyanın tapşırığı ilə ölkədə heç bir qəzet ermənilərin Moskvada qanlı terror törətmələri barədə yazmamışdı. Dəmirçiyan istintaq qrupuna da mane olur, izi Ermənistanda axtarmamağa çağırır, müxtəlif şantajlara əl atırdı. Yalnız Kremlin sərt müdaxiləsindən sonra bu adam geri çəkilməyə məcbur olmuşdu. Ermənistan KQB-sinə rəhbərlik edən Yüzbaşyan da özünü qəribə aparırdı. O, SSRİ KQB-sindən Daşnaksütunun yerinə yaradılmış ASALA-nın mövcudluğunu cidi-cəhdlə gizləməyə müvəffəq olmuşdu. Moskva teraktını da məhz ASALA həyata keçirmişdi. Erməni rəhbərliyindən beş-betər ermənipərəst olan sovet disidenti, arvadı erməni akademik Saxarov da erməni millətçiliyinə rəvac verməkdəydi. Zatikyanın azadlığı üçün bu şəxs hətta ovaxtkı SSRİ rəhbəri Leonid Brejnevin qəbuluna da getmiş, qapalı xarakterli məhkəməni insan hüquqlarının pozulmasının təməli adlandırmışdı, demişdi, “Hətta Zatikyanın qohumları belə buraxılmayan qapalı məhkəmə aşkarlığın pozulması deməkdir, belə məhkəmədən ədalət ummaq olmaz”. Amma hər halda ermənilərin və ermənixislətlilərin müdaxiləsinə baxmayaraq zəfər qalib çıxdı, qana susamış canilər cəzalarını aldılar.
Baş Hakim çıxışçıya minnətdarlıq bildirib sözü ekspertlərə verdi. Açılış prosesində ilk ekspert mətnini Baş ekspert özü oxumağa başladı:
-Zatikyanın cinayəti tam olaraq sübut edildi, əks arqumentlər gətirən tərəf ortaya bircə ciddi alibi belə qoya bilmədi. Sovet Hökuməti bu aksiyadan bərk təşvişə düşdü, ideoloji işdə sapıntılar olması aşkarlandı. Bu, SSRİ tarixinə 1927-ci ildə Lenin mavzoleyinə bomba atılmasını nəzərə almasaq, ilk terror aktı kimi düşdü, ermənilər burda da bir neqativ likə imza atdılar. Həmin dövrə qısaca nəzər yetirəndə nə görünür? Gücünü get-gedə artıran sarsılmaz bir SSRİ dövləti kapitalist Amerikası ilə apardığı soyuq müharibədə böyük üstünlüklər əldə edir, 5 illik planlar uğurla həyata keçirilir, daxili və xarici siyasətin uğuru fonunda xalqlar dostluğu da geniş vüsət alır. Zatikyanın terroru məhz belə bir zamanda həyata keçmişdi. Üstəlik, az öncə - 1976-cı ilin dekabrında ölkə böyük coşğu ilə Leonid Brejnevin 70 illiyini qeyd etmişdi. Demək, siyasətdə böyük boşluqlar var imiş. Hadisə baş verən gün insan tələfatı metro partlayışı zamanı qeydə alınmışdı, metro qatarı İzmaylovsk stansiyasından Pervomaysk stansiyasına yol alarkən açıq havada partlamışdı. Ekspert rəyinə görə, partlayış tuneldə baş versəydi daha çox insan həlak olacaqdı. Təhlükəsizlik xidməti yuxarıdan gələn təlimata görə hadisəni ört-basdır etmək üçün qatarı çəkib Pervomaysk stansiyasına aparmışdı, orada dərhal onun üstünü qapatmışdılar, bununla belə, dağılmış vaqonu, qana bələnmiş insanları (məktəblərdə tətil olduğundan xəsarət alanların içində çoxlu uşaq da var idi) bir çox şəxs görmüşdü. SSRİ-nin ört-basdır siyasətinə görə hadisə barədə yalnız yanvarın 10-da məlumat verilmişdi. Ölkənin TASS adlı əsas informasiya agentliyinin verdiyi xəbər çox qısa olmuşdu:” Metroda xırda partlayış olub, xəsarət alanlara tibbi yardım göstərilib, istintaq gedir.” Vəssalam. Hətta digər iki partlayışın adı belə çəkilməmişdi. İstintaq müəyyənləşdirmişdir ki, ərzaq mağazalarındakı partlayışlarda da daha çox itki ola bilərdi, burada da bəxtigətirmə amili əsas rol oynamışdı. Dzerjinski küçəsindəki mağazadakı terakt zamanı partlayıcı qurğu nəhəng piştaxta-soyuducunun altında quraşdırılmışdı ki, məhz bu nəhəng piştaxta-soyuducu da partlayış dalğasını öz üzərinə götürmüşdü. 25 oktyabr küçəsindəki digər mağazada isə partlayıcı qurğu mağaza həyətindəki çuqun zibil qabının içində quraşdırılmışdı ki, burada da çox iri çuqun qab partlayışı boğa bilmişdi. Qəlpələr ətrafa böyük sıçrayışla səpələnmişlər, istintaq qrupu onların bir qismini Tarix-arxiv institutunun damından tapmışdır. 2-ci Dünya Müharibəsindən sonra heç bir dəhşətə şahid olmayan moskvalılar sözün həqiqi mənasında şok keçirmişdilər. Şəhərdə ölən və yaralananların fantastik sayı barədə şayiələr gəzirdi. Sovet rəhbərliyi terrorçuların tapılması üçün bütün qüvvəsini məhz bu səbəblərdən səfərbər etmişdi. “Partladıcılar” şərti adını almış istintaq işinə məhz bu səbəbdən ən təcrübəli orqan işçiləri cəlb edilmişdilər. Ovaxtkı Ermənistan rəhbəri Dəmirçyan cinayətin izləri istintaqçıları Yerevana gətirib çıxaranda hər vəclə onların qarşısında sipər çəkmiş, “qədim və mədəni xalqı terrorda ittiham etmək qanunsuzluqdur, sizdən ölkə rəhbəri Brejnevə şikayət edəcəyəm” demişdir. O, hər vəclə istintaqa mane olurdu, məsələnin tam ciddiliyini görəndə Moskvaya – “erməni xalqına şər atan” KQB-dən şikayətə getmişdi, əliboş geri dönəndə isə gecə saat 2-də istintaqa rəhbərlik edən Vadim Udilovu yanına çağırmış, onunla dil tapmağa çalışmışdı. Amma təcrübəli çekist Dəmirçiyanı başa salmışdı ki, əllərindəki təkzibedilməz faktlar bu işin Zatikyangil tərəfindən həyata keçirilməsini tam sübut edir, bircə damcı şübhə ola bilməz.
Baş Hakim bu yerdə Baş ekspertin çıxışına müdaxilə edib Stepan Zatikyana sual etdi:
-Bu sual məni hədsiz narahat edir, cənab Zatikyan, orta məktəbi qızıl medalla bitirib instituta daxil olduqdan – qarşıda Sovet ideologiyasının dediyi kimi, işıqlı sabahlar parlayan zaman necə oldu ki, siz millətçi ideologiyası ilə zəhərləndiniz, gizli təşkilat yaratdınız, 4 il həbs cəzası aldınız, sonra isə çox sayda insanın qətlini həyata keçirib güllələnmə cəzasına məruz qaldınız? Sizi nə vadar etdi ki, öz axarlı həyatınızı axardan çıxardınız?
Zatikyan saymazyana cavab verdi:
-Mən bütün məhkəmələri ədalətsiz hesab edirəm, çünki onlar ədalətin taptalanmasına xidmət edir. Sizin məhkəmənizi də həmçinin.
Baş Hakim məyusluğunu gizlətmədən üzünü Baş ekspertə tutdu:
-Zəhmət olmasa davam edin.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Pərvanə Seyidlinin həm hekayəsi, həm rəsmləri
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Hörmətli oxucularımız. Sizə Pərvanə Seyidlini təqdim edirəm. Pərvanə 1994-cü ildə Xızı şəhərində anadan olmuşdur. 2001-ci ildə Sumqayıt şəhəri 14 saylı orta məktəbin I sinfinə daxil olmuş, 2012-ci ildə məktəbi bitirmişdir. O, yaxşı mətnlər yazmaqla yanaşı, həm də gözəl rəssamdır. Uğurlar Pərvanə xanım!
Oxucularımıza Pərvanə xanımın bir hekayəsini və bir neçə rəsm əsərini təqdim edirik.
Cənnətə məktub...
Bu yazımı zamansız dünyayla vidalaşıb şəhidlik məqamına ucalan qəhrəman analara həsr edirəm.
Həyat sınaqlarla doludur. İnsan deyilən varlıq dünyaya gəldiyi bir vaxtdan sınaqlardan keçməyə başlayır. Hər kəs öz payına düşənləri yaşayır. Kimiləri bu sınaqlardan sevinərək çıxır, kimiləri isə silinməz izlər qoyaraq…
Bu gün sevinc və kədər bir-birini əvəz edir. Bu gün yoxluğundan var olduğum qəhrəmanımı sizinlə tanış etmək istəyirəm. Hər kəs Ana ola bilər, amma hər kəs sənin kimi qəhrəman ola bilməz. Qəhrəmanlar qəhrəman olaraq dünyaya bəxş edilir, onlar sonradan yaradılmır. Səni necə vəsf edəcəyimi bilmirəm. Saçların uzunmuydu?, gözlərin qəhvəyiydi, yoxsa mavi? Nələri sevib-sevmədiyini belə bilmirəm. Çünki mən səni tanımadan böyüdüm.
Mənim əzizim gəncliyinin ta başlarından ömrünü doya-doya yaşamayıb, canı bahasına səbrsizliklə gözlədiyi qızını görmədən, qoxusunu duymadan, ana kəlməsini belə eşitmədən dünyayla vidalaşıb əbədi olaraq Allahın yanına getdin. Sən mənim üzünü görmədiyim, heç bir zaman saçları ağarmayacaq, hər zaman cavan qalan, iyirmili yaşlarında cavan yaşda torpaq olanımsan. Nə sən məni tanıdın, nə də mən səni tanıdım. Səni mənə xatırladan nə səsin var, nə də ki, siman. Bir- birimizdən uzaq düşdük. Sən Allahın dərgahında şəhidlik məqamına ucaldın, mənsə bu vəfasız dünyanın sınaqlarıyla həyatı davam edirəm. Əzizim, bura çox soyuqdur, o incəcik bədəninin üşüdüyünü hiss edirəm. Dur gedək desəm əlimdən tutub mənimlə gələrsənmi? Ömrü kimi, ümidləri də, arzuları da yarım qalanım, şəhadətə ucaldığın anda cənnət qapısında səni kimlər qarşıladı? Kaş ki, son anlarında nə hiss etdiyini bilərdim, görən qəlbində nələr vardı? Kaş ki, qəlbimə axan göz yaşlarımı görə biləydin. O zaman bəlkə də ürəyin dözməzdi, gələrdin. Mən də sevinərdim ki, cənnətdən qonağım gəlib...
Məndən nigaran qalma, əzizim, sən rahat yat, cənnətdə məni gözlə. Zamanı gələndə Allahın izniylə görüşəcəyik. İlk görüşümüz olacaq, amma heç vaxt bir-birimizdən ayrılmayacağıq, itirmək qorxusuyla yaşamayacağıq. Əbədi olacağımız günə kimi xudahafiz. Səni cox sevirəm, mənim qəhrəmanım...
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1444 şəxsi peşə kurslarına cəlb edib
Növbəti Açıq Portfel xəbərini “Ədəbiyyat və incəsənət” portalı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə istinadən verir.
Agentlik tərəfindən bu ilin avqust ayı ərzində 1444 şəxs əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 500 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay, 944 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir.
Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatına dəstək verilməsi işləri də aparılır. Ötən ay peşə hazırlığı kurslarını bitirən 834 nəfərdən 795-i (95,3 faizi) işlə təmin olunub.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Bu axşam havanin üzü dönəcək
Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirir ki, müraciətdə deyilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 6-sı axşamdan başlayaraq 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Qurban qanunu
CON MAKSVELLİN LİDERLİK QANUNLARINDAN
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.
«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!
Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 18-ci qanundur:
18.Qurban qanunu
«Lider sonradan irəli getmək üçün yeri gələndə yolundan çəkilməyi bacarmalıdır».
Qurbanvermə – liderliyin daimi əlamətidir. İstənilən inkişaf, istənilən nəticə bol itkilərin heçabına başa gəlir. Burada həm maddiyyatla, həm karyerayla, həm ailəylə, həm imiclə, sosial vəziyyətlə bağlı qurbanlardan, itkilərlən söhbət gedir. Effektiv liderlər öz işlərini vacib saydıqları şeyə həsr etməkçün çox qurbanlar verirlər. Liderlik işində uğur qazanmaq daim dəyişikliklər, təkmilləşmələr tələb etdiyi kimi qurbanlar da tələb edir.
Lider nə qədər böyükdürsə, o, bir o qədər böyük qurbanlar verməlidir. Hətta bəşər tarixində öz ideyaları yolunda öz həyatlarını belə qurban verən liderlər də az deyil.
***
Digər 17 qanunla isə ötən günlər tanış olmuşdunuz:
1.Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
2.Təsir qanunu
«Liderliyin həqiqi ölçüsü təsirdir».
Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.
3.Proses qanunu
«Lider bir gün ərzində deyil, günbəgün olurlar».
Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.
Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.
«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».
Liderlik – inkişaf qanunlarına tabedir.
4.Naviqasiya qanunu
«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».
Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.
Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.
Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.
Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.
Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.
«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».
Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:
- Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;
- məqsədi lokallaşdırmaq və sistemləşdirmək;
- prioritetləri ünvanlı korrektə etmək;
- əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;
- planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;
- reallaşdırmaya fəal qoşulmaq;
- gözlənilən problemlərə uyğunlaşmaq;
- uğurları təbii şəkildə görmək və qeyd etmək;
- hər gün öz planına nəzarət etmək.
Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.
5. E.F.Xatton qanunu.
«Əsl lider danışanda insanlar ona qulaq asır».
Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.
«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.
Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.
Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.
Vəzifəcə lider birinci danışır, real lidersə sonda.
- Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;
- Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;
- Lider çoxlu informasiyaya malik olur;
- Liderlik intuisiya qabiliyyəti tələb edir;
- Liderlik təcrübədən qaynaqlanır;
Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:
- Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?
- Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?
6.Möhkəm özül qanunu
«Liderliyin əsası etibardır»
Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.
Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.
General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».
Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.
Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.
Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.
7.Hörmət qanunu.
«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».
1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.
O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.
1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.
Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.
Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.
Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.
8.İntuisiya qanunu
«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».
Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.
Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.
İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.
Liderlik elmdən daha çox incəsənətdir.
9.Maqntizm qanunu
«Siz özünüz kimi olanları cəzb edirsiniz»
Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.
Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.
İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.
10.Əlaqə qanunu
«Liderlər öncə ürəkləri tərpədirlər»
Ünsiyyət qurmaq bacarığı, hər bir kəslə dost ola bilmək qabiliyyəti qiymətli keyfiyyətdəir. Əsl liderlər gözəl bilir ki, insanları öz ardlarınca aparmaq üçün öncə ürəkləri tərpətmək lazımdır. Böyük liderlər həm ayrı-ayrı individlərlə, həm də insan qrupları ilə, kütləylə sıx əlaqə saxlamaq qabiliyyətinə malik olurlar.
ABŞ prezidentlərindən olan Ronald Reyqan Böyük Kommunikator təxəllüsünü auditoriyada harmonik anlaşma anlayışı yaratdığına, ayrı-ayrı fərdlərin ürəklərini tərpədə bilməsinə görə almışdı.
Qrupdakı insanlarla əlaqə yaratmaq üçün tezliklə hər bir insana müraciət etmək lazımdır. Liderin məqsədi onu əhatə edən adamlarla əlaqə qurmağın təşəbbüsçüsü olmaqdır.
11.Yaxın çevrə qanunu
«Liderin potensialı onun yanında olan insanlarla ölçülür».
Hər bir liderin potensialını onun yanında, çevrəsində olan insanlarla təyin etmək mümkündür. Əgər bu insanlar mənən güclüdürlərsə, onda həmin lider bütün təşkilata böyük təsir göstərmək qabiliyyətində olacaq. Yox, əgər, onlar zəifdirlərsə, lider heç nə eləyə bilməyəcək. Məhz bu da yaxın çevrənin qanunudur.
Personal düzgün seçiləndə potensial sanki raket kimi göyə yüksəlir.
Con Maksvell yazır: «Tanrı məni ən yaxşı əməkdaşlardan ibarət çox gözəl komanda ilə mükafatlandırıb. Amma mən hələ nöqtə qoymuram. Mən bundan sonra – növbəti onillikdə də ondan sonra da bu komandanı möhkəmləndirəcəyəm, öz yaxın ətrafıma digər yaxşı adamları cəlb edəcəyəm. Mən axı bilirəm ki, məndə çoxlu istifadə olunmamış potensial qalıb. Əgər mən öz imkanlarımı tam realizə etmək istəyirəmsə, mütləq özümü ən yaxşı insanlarla əhatə etməliyəm. Bu, qarşıda qoyulmuş məqsədlərə çatmağın yeganə yoludur».
Yaxın çevrə qanunu da məhz budur.
12.Səlahiyyətlərin bölünməsi qanunu
«Yalnız özünə tam güvənən liderlər hakimiyyəti başqalarına verirlər».
Yalnız müəyyən səlahiyyətlər almış insanlar öz potensialını tam aça bilirlər. Əgər lider işçilərə bu səlahiyyətləri vermirsə, onda o, öz əli ilə təşkilatında maneələr yaradır, maneələr uzun ömürlü olanda işçilər öz potensiallarını maksimal dərəcədə realizə etmək üçün işdən çıxıb başqa təşkilatlara keçirlər.
Səlahiyyətləri bölməyin bir nömrəli düşməni liderliyi itirə bilmək qorxusudur. Zəif lider həmişə güclü işçilərdən qorxur, onlara səlahiyyətlər vermir, onları sıxışdırır.
Əsl lider o qədər əvəzolunmaz olmalıdır ki, öz yerini itirməkdən heç vaxt qorxmasın.
13.Yetişdirmə qanunu
«Lider yetişdirmək üçün lider lazımdır»
Con Maksvel liderlik məsələləri ilə bağlı seminarlarda sorğu keçirərək insanları lider olmağa nəyin təhrik etdiyini öyrənməyə çalışıb. Nəticə belə olub:
Krizisə görə – 5 faiz.
Anadangəlmə qabiliyyətinə görə – 10 faiz
Başqa liderin təsiri altında – 85 faiz.
Bütün rəyi soruşulanların 85 faizinin başqa liderlərin təsiri altında lider olmaları məhz bu qanuna əsaslanır: lider yetişdirmək üçün lider lazımdır.
Con Maksvel özü öz liderlik istəyini atası – əsl lider olan Melvin Maksvellin hesabına yarandığını bəyan edir. Atası ona şəxsiyyətin inkişaf prioritetlərini, insanlarla münasibətləri birbaşa öyrədirdi. Çox şeyi də o, atasının yanında olduğundan, onu müşahidə edərək öyrənirdi. Ona görə də artıq kollecə qəbul olunanda Con liderlik məsələlərini hamıdan gözəl bilir, gözəl intuisiyası ilə qürrələnirdi.
Liderlər özləri lider yetişdirməyin qeydinə qalmalıdırlar. Bilməlidirlər ki, onların idarələri, işləri orada işləyən işçilərin arasından yeni liderlər yetişdirməkdən çox asılıdır. Daha çox güclü lider yetişdirilsə ümumi nəticədə idarənin uğur şansı da yüksək olacaq. Bütün potensial liderləri prosesə cəlb etmək, liderliyə yüksəlmək lazımdır.
«Ceneral elektrik» korporasiyası öz sahəsində dünya üzrə birinci olmaqla yanaşı, həm də lider ardınca lider yetişdirməklə məşhurdur. Bu gün onlarca kompaniyalara başçılıq edən çox güclü liderlər (Uilyam Anders, Larri Bossidi, Stenli Qoutt, Fred Qarri, Klayd Kiton, Alva O.Uey, Rodcer Şipka, Corc Cskofild və s.) «Ceneral elektrik»də yetişmişlər. Lider yetişdirmək bu kompaniyanın ən yüksək prioritetindən sayılır, hər il də kompaniya bu məqsəd üçün 500 milyon dollar xərcləyir. Kompaniyanın özünün başında isə böyük lider Cek Uelç dayanır.
Yetişdirmə qanununun məğzi çox sadədir: Konkret bir insan başqa birisini tanımalı, ona vacib olan hər şeyi öyrənməli, onu tərbiyələndirməlidir.
14.Tam etibar qanunu
«İnsanları öncə liderin özü, sonra isə onun böyük ideyası cəlb edir»
Lider böyük arzusunu tapır, sonra insanları tapır. İnsanlar öncə lideri tapırlar, sonra onun arzusunu.
Çox insanlar liderlik məsələsində hər şeyi baş-ayaq qoyurlar. Onlara elə gəlir ki, qoyduqları ideya cəzbedici olsa, insanlar mütləq bunun ardınca gedəcək, onları lider kimi qəbul edəcəklər. Halbuki liderlik tam əksinə işləyir. İnsanlar layiq bildikləri liderlərin ardınca gedirlər. Liderin ideyası isə sonra gəlir. İnsanlar «Nike» firmasının krossovkalarını ona görə almırlar ki, çox keyfiyyətlidir, ona görə alırlar ki, bu krossovkaları məşhur basketbolçu Maykl Cordan reklam edir. İnsanlar məşhur aktyor Çarlton Xestonun Milli Odlu Silah Assosiasiyasının dəstəyinə yönəli mövqeyini ona görə maraqla dinləmirlər ki, Xeston bu mövzunun gözəl bilicisidir, ona görə dinləyirlər ki, ona böyük inam bəsləyirlər. Əgər insanlar bir dəfə bir insana inanıblarsa, onun rəyinə, nöqteyi nəzərinə həmişə şans verməyə hazırdırlar.
İnsanlar, hətta ideyanı bəyənsələr belə bəyənmədikləri liderin ardınca getməyəcəklər. Bu aksiomdur. Onlar başqa lider axtarışında olacaqlar. Amma lideri bəyənib ideyanı bəyənməyəndə, yenə də liderin ardınca gedəcəklər, amma ideyasına narazılıq bildirəcək, dəyişdirilməsinə can atacaqlar.
15.Qələbə qanunu
«Liderlər komandalarının qalib gəlməsi üçün yolu tapırlar».
Qalibiyyət qazanmış liderlə məğlubiyyətə uğramış lider arasındakı fərq barədə heç düşunmusünüz? Əlbəttə, bunun üçün konkret bir keyfiyyətin adını çəkmək olmaz. Liderlik ətrafındakı hər bir situasiya fərqlidir, spesifikdir. Ancaq Can Maksvell, hər halda, bütün qalib gəlmiş liderlərə xas bir xüsusiyyət göstərə bilib: «Onlar üçün qələbənin alternativi tam yolverilməz görünür, odur ki, onlar qələbənin yolunu ciddi səylə düşünürlər, sonra da seçdikləri yolla əllərində olan bütün resurslardan istifadə edərək irəliləyirlər».
İkinci dünya müharibəsində Hitler İngiltərəni bombalayanda İngiltərənin lideri Uinston Çörçil heç nədən çəkinmədən nasist Füreri ilə qarşı-qarşıya dayandı, onun separat danışıqlara getmək təklifinə rədd cavabı verdi. Çörçil səylə qələbə qazanma yollarını axtarmağa başladı. O deyirdi: «Bizim məqsədimiz nədir? Bircə sözlə cavab verim – qələbə. Hansı vəclə olursa olsun qələbə, bütün mövcud dəhşətlərə baxmayaraq qələbə, yolu nə qədər uzun və çətin olsa da qələbə. Çünki qələbəsiz bizə yaşamaq mümkünsüzdür». Qələbəyə aparan yol – Franklin Ruzveltin liderlik etdiyi Amerika ilə müttəfiqlik oldu, bu tandem Hitler ordusunun kapitulyasiyasını bayram edə bildi.
Təzyiqlər artanda böyük liderlər özlərini ən yaxşı cəhətdən göstərə bilirlər. Onların bütün yaxşı cəhətləri üzə çıxır.
Qələbə üç tərkib hissəsindən ibarətdir:
- Komanda o zaman qalib gəlir ki, üzvlərin hamısının baxışları eyni olsun;
- Üzvlərin müxtəlif cür bacarıq və qabiliyyətləri olsun;
- Lider qələbəyə tam köklənərək üzvləri elə tərbiyələndirsin ki, onlar öz potensiallarını aça bilsinlər.
Liderlər qələbə qanununa köklənəndə bir şeyə əmin olurlar: onların ehtiyat variantları yoxdur. Bu, onlarda qələbə əzmini qoruyub saxlayır.
16.Güclü həmlə qanunu
«Həmlə – liderin ən yaxşı dostudur».
Hər bir lider bəzən öz təşkilatının fəaliyyətinə dəyişiklik etmək lüzumu ilə rastlaşır. Bu zaman açar – irəliyə hərəkətçün impuls hesab olunur, həmin nəsnə də «güclü həmlə» adlanır. Hər bir dənizçiyə məlumdur ki, hərəkətsiz gəmini idarə etmək mümkünsüzdür. Hər bir güclü lider də başa düşür ki, istiqaməti dəyişmək üçün öncə hərəkət etmək lazımdır, güclü həmlə qanununun mahiyyəti də bax elə budur.
Güclü lider həmişə lazımi işlərin baş tutması üçün vasitə tapa bilir. Güclü həmlə yaratmağa elə adam lazımdır ki, başqalarını motivasiya etməyi bacarsın. Ancaq eləsi lazım deyil ki, özünün motivasiyaya ehtiyacı olsun.
17.Prioritetlik qanunu.
«Liderlər başa düşürlər ki, aktiv fəaliyyət heç də həmişə doğru irəliləmək demək deyil»
Get-gedə qrafiki tam sıxlaşan, görüləcək işlərə vaxt tapmaqda çətinlik çəkən lider effektiv olmaq üçün seçim edərkən özünə 3 sual verməlidir:
- Nəyi mütləq etməliyəm?
Prioritetlər siyahısında ən başda edilməsi mütləq olan işlər dayanmalıdır. Bütün o işlər ki, görüləsidir, amma şəxsən sizin tərəfdən görülməsi vacib deyil, başqalarına yönəlmək də olan.
- Nə daha çox fayda verir?
Lider öz vaxtının əsas hissəsini daha çox güclü olduğu sferalara ayırmalıdır. Əgər hansısa əməkdaş liderə baxmış, işi 80 faizli effektivliklə görə bilirsə, lider onu 100 faizlik nəticəyə çatdırmaq üçün onun inkişafının qeydinə qalmalıdır ki, həmin işi ona həvalə edə bilsin.
- Ən böyük mükafat nədir?
Ən böyük şəxsi mükafat o uğurdan gəlir ki, həmin uğur liderin ürəyində alov yandıra bilir. Ehtiras qədər heç bir şey insanı enerji ilə təmin edə bilməz.
Con Maksvell özünün ən prioritet sahələrini və bunlara ayırdığı zamanı da təqdim edib:
- Liderlik; 19 faiz;
- Unsiyyət; 38 faiz;
- Yaradıcı fəaliyyət; 31 faiz
- Xarici, kənar əlaqələr; 12 faiz.
Lider gərək heç zaman fəaliyyət ilə nailiyyəti qarışıq salmasın. Bilsin ki, əsl uğur yalnız öz əməkdaşlarını məhz birinci dərəcəli əhəmiyyətli olan işlərə yönəldəndə gəlir.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)
Fariz Əhmədov: “Beynəlxalq film festivalları Azərbaycan kinosunu xarici auditoriyaya çatdırmaq üçün böyük fürsətdir”
Kinoprodüser, rejissor Fariz Əhmədovun müəllifi olduğu filmlər bir çox beynəlxalq festivalların qalibi olub. Rejissor özü də belə festivallarda münsiflər heyətinin üzvü kimi Azərbaycanı təmsil edir. Fariz Əhmədov avqustda keçirilən beynəlxalq festivalın münsiflər heyətinin sədri qismində çıxış edib. AzərTAC-a müsahibəsində rejissor Azərbaycan filmlərinin bu festivalda qazandığı uğurlar və ümumən belə kino tədbirlərində iştirakın önəmindən danışıb. Daycest bölümündə “Ədəbiyyat və incəsənət” həmin müsahibəni diqqətinizə çatdırır.
- Bu yaxınlarda beynəlxalq festivalın münsiflər heyətinin sədri kimi çıxış etdiniz və başqa bir beynəlxalq festivalda münsiflər heyətinin üzvü olacaqsınız? Gəlin birincidən başlayaq. Bu hansı festival idi?
- Əvvəlcə onu bildirim ki, yenicə qayıtdığım festival 25-29 avqust tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən 4-cü Lendok Beynəlxalq Film Festivalı idi. Festival bədii və sənədli olmaqla iki bölmədən ibarətdir. Mən sənədli filmlər bölməsində münsiflər heyətinin rəhbəri idim. Bədii filmlər üzrə münsiflər heyətinin rəhbəri isə özbəkistanlı rejissor, ssenarist Əli Xamrayev olub. Festival proqramında Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Moldova, Rusiya, Özbəkistan, İran, Tacikistan istehsalı olan filmlər iştirak edirdi. Mənim rəhbəri olduğum sənədli film nominasiyasında filmlər arasında təəssüf ki, Azərbaycandan film iştirak etmirdi.
- Bədii film kateqoriyasında filmlərimiz olub və siz uğurla geri qayıtmısınız. Filmlərimiz hansı uğurları əldə ediblər?
- Bədii bölmədə 3 filmlə təmsil olunurduq. Birinci film mənim də prodüseri olduğum “Mərmər soyuğu” filmi idi. Bu film artıq keçən ildən etibarən bir neçə festivalda uğur əldə edib. İctimai Televiziya, Azərbaycanfilm, Bakı Media Mərkəzi və Fransanın “Arizona” prodakşn şirkətinin birgə istehsalı olan filmin rejissoru Asif Rüstəmovdur. “Mərmər soyuğu” filmi festivalda münsiflər heyətinin “Ən yaxşı ortaq istehsal” adlı Xüsusi mükafatına layiq görüldü. Digər mükafat alan filmimiz “Çılpaq” adlanır. İctimai TV-də istehsal olunan filmin rejissoru Hikmət Rəhimovdur. Film festivalın “Ən yaxşı operator işi” mükafatına layiq görüldü. Filmin operatoru İman İmanovdur. Onu da təbrik edirik. Proqramdakı digər film isə Azərbaycanla Rusiyanın müştərək istehsalı idi. Azərbaycan tərəfdən filmin prodüseri “Narimanfilm”dir.
- Festivalda Azərbaycandan nümayəndə heyəti olaraq kimlər iştirak edirdi?
- Festival rəsmi və qeyri-rəsmi proqramdan ibarət idi. Rəsmi proqram çərçivəsində postsovet ölkələrində kino istehsalı ilə məşğul olan studiya rəhbərlərinin dövlət qurumları ilə görüşləri keçirilirdi. Bizdən “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, rejissorlar Asif Rüstəmov, Hikmət Rəhimov və Rusiyada yaşayan həmyerlimiz, rejissor Rodion İsmayılov festivalın qonaqları arasında idilər.
- Artıq uzun müddətdir ki, həm filmlərinizlə iştirakçı kimi, həm də münsiflər heyətinin üzvü kimi müxtəlif beynəlxalq festivallarda iştirak edirsiniz. Festivalların əhəmiyyəti bizim üçün nədən ibarətdir?
- Əgər hər hansı bir rejissor film çəkirsə, onun birinci uğuru filmin daha çox tamaşaçı tərəfindən izlənilməsidir. Film bir baxışdır, bir dünya görüşüdür. Xüsusilə də rejissorun baxışıdır. Rejissor istəyər ki, çatdırmaq, demək istədiklərini tamaşaçı görsün və anlasın. Bu zaman tamaşaçı auditoriyasının əhəmiyyəti ortaya çıxır. Biz yerli auditoriyaya, öz tamaşaçılarımıza filmimizi nümayiş etdirdik. İstəyərik ki, daha doğrusu, vacibdir ki, xarici tamaşaçılar da bizim yerli filmləri izləsinlər. Ona görə də bacara bildiyimiz qədər filmlərimizi festivallara göndərməliyik. Bu, aksiomadır. Mütləq göndərməliyik. Çalışmalıyıq ki, festivallarda özümüz də maksimum dərəcədə iştirak edək. Birincisi, bu, rejissorun, prodüserin yeni tanışlıqları, bəlkə yeni iş imkanları, yeni kino bazarı əldə etmək və yeni layihəyə qoşulmaq şansıdır. Üstəlik, sənətdəki yeni tendensiyaları festivallardakı filmlər vasitəsilə müəyyən etmək mümkündür. Hər bir yeni şəxslə tanışlıq insanın dünya görüşünün artmasında rol oynayır. Sizə belə bir fakt deyim. Biz yaxşı ki, bu festivalda iştirak edirdik. 4-cü Lendok Beynəlxalq Film Festivalında paralel olaraq ortaq layihələrin maliyyələşdirilməsi ilə bağlı pitçinq bölməsi keçirildi. Təqdim olunan layihələr arasında provokativ bir layihə diqqətimizi cəlb etdi. Bu layihədə qəhrəman erməniəsilli bir şəxs idi. İlk olaraq “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Nazim Hüseynov elə pitçinq zamanı, proqramın münsiflər heyətinin önündə öz iradını bildirdi, layihə müəllifini bir növ susdurdu. Əlbəttə ki, layihə özünə dəstəkçi tapa bilmədi. Daha sonra isə biz həmin rejissorla söhbət apardıq. Ona başa saldıq ki, hər hansı bir mövzunu işləyəndə araşdırmaq lazımdır. Provokativ fikirləri, faktları dəqiqləşdirmədən filmə çevirmək olmaz. O rejissor da bizi başa düşdü. Yəqin ki, bundan sonra o tipli layihələr reallaşdırmayacaq. Yəni, demək istədiyim odur ki, bu da festivalda, əslində, bizim başqa bir uğurumuzdur. Bizim nümayəndə heyəti festivalın ən hörmətlə qarşılanan peşəkar heyəti idi. Hətta “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov Sankt-Peterburq şəhərinin Qanunverici Məclisi tərəfindən mədəniyyət və incəsənətin inkişafında şəxsi töhfəsinə, yüksək peşəkarlığına, uzun illər vicdanlı əməyinə və qazandığı uğurlara görə fəxri fərmanla təltif edildi.
- Bu uğurlara görə hər birinizi təbrik edirik. Kazan şəhərində iştirak edəcəyiniz festival barədə fikirlərinizi bilmək istəyərdik.
- Bəli, Kazan Beynəlxalq Film Festivalı artıq uzun müddətdir ki, keçirilir. Bölgənin ən uğurlu və prestijli festivallarındandır. Mən özüm festivalda filmlərimlə iştirak etmişəm, həm də qalib olmuşam. Bu dəfə münsiflər heyətinin üzvü kimi dəvət ediblər. Qeyd edim ki, Azərbaycandan, demək olar ki, hər il bu festivalda iştirak edən filmlərimiz olur və əksəriyyəti də qalib olaraq qayıdır. Bu ilin başqa bir özəlliyi də budur ki, “Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə bu il Kazan film festivalı çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək: həm fotosərgi, həm də film nümayişi nəzərdə tutulur. Ümumiyyətlə, bu festival regiondan əsas kino xadimlərini öz ətrafına toplayır.
- Maraqlı məlumatlar üçün təşəkkür edirik. Ümid edirik ki, filmlərimiz, kino xadimlərimiz daha çox festivallarda iştirak etsinlər, adlarını və bizim filmləri xarici tamaşaçılara çatdırsınlar.
- Mən də təşəkkür edirəm, sizin arzunuza qoşuluram.
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)