Super User
Teatrlar isti yay günlərində belə gündəmdədir
Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev və nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında ölkədə fəaliyyət göstərən teatr müəssisələrinin rəhbərləri ilə görüş keçiriblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ilk öncə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, Qələbəyə aparan yoldan bəhs olunub.
Görüş mədəniyyət, xüsusilə teatr sahəsində mövcud problemlərin müzakirəsi ilə davam edib. Eyni zamanda, bu sahədə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb.
Sonda müəssisə rəhbərlərinə qısa zamanda teatr sahəsində mövcud olan problemlərin həlli istiqamətində təkliflərin hazırlanması və nazirliyə təqdim edilməsi tapşırılıb.
Deyəsən, bu payız ölkənin teatr həyatında canlanma görəcəyik.
Sənsizliyin baş hərfi hansıdır?
Ötən gün "Azərkitab-Kitab Mərkəzi"nin nəzdində fəaliyyət göstərən Cabir Novruz adına poeziya evində gənc şair El Romanın "Sənsizliyin Baş Hərfi" adlı kitabının təqdimatı keçirildi. Kitabı ələ alan kimi ilk təəssürat nə olur? Gənc şair - poeziyanın insanın qəlbinə rahatlıq gətirməsinin, dərin hiss və həyəcan yaratmasının əhəmiyyətini öz şerlərində peşəkarlıqla əks etdirib.
Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Rəşad Məcid, “525-ci qəzet”in redaktoru Yusif Rzayev, yaradıcı gənclər və oxucular iştirak edirdi. Rəşad Məcid çıxış edərək El Roman poeziyasının məziyyətlərindən, çağdaş poeziyamıza gənc şairlərin töhfələrindən bəhs etdi. Şair öz kitabı, yaradıcılığı barədə danışdı, oxucuların suallarını cavavlandırdı, imzalı kitablar kitabsevərlərə hədiyyə edildi.
Tədbir karantin qaydalarına uyğun olaraq, paralel olaraq, həm də online formada keçirilirdi.
Bəli, poeziyamızda gəncliyin nəfəsi aydın duyulmaqdadır.
https://edebiyyatveincesenet.az/az/resm-qalereyasi/itemlist/user/43-superuser?start=19090#sigProGalleriaeaf44dbe7e
“YARAT” “XX əsrin son çiçəkləri” solo sərgisini təqdim edir
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlıq Muzeyində yay rejimində sərgilər fəaliyyət göstərirlər. Hazırda muzeydə rəssam Rəşad Ələkbərovun "Özünsən!" solo sərgisi, “XX əsrin son çiçəkləri: Y nəsli" qrup sərgisi, eləcə də "Öz adanı kəşf et" adlı sərgi ziyarətçilər üçün açıqdır.
Qeyd edək ki, sərgi ilə tanış olmaq istəyənlər çərşənbə axşamı və bazar günü olmaqla saat 12:00 - dan 20:00-dək bələdçi ilə sərgiyə baxış keçirə bilərlər. Eyni zamanda saat 21:00 – dan 22:00-dək sərgiyə sərbəst (bələdçisiz) baxmaq mümkündür.
Azərbaycan Rəngkarlıq Muzeyi
Dövlət Bayrağı Meydanının ərazisində yerləşir, muzey Heydər Əliyev Fondu tərəfindən təsis edilib. Muzeyin təntənəli açılışı 2015-ci ilin iyun ayında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Burada həm tanınmış, həm də nisbətən az tanınan rəssamların Milli Rəsm Qalereyası və Müasir İncəsənət Muzeyi kimi dövlət kolleksiyalarından götürülmüş əsərləri təqdim edilir. 2018-ci ilin əvvəlindən, YARAT Müasir İncəsənət Məkanına bu il ərzində müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər keçirmək və tədbirlər proqramını təşkil etmək səlahiyyətləri verilib.
Sərgi çox maraqlıdır, buyurub gələ bilərsiniz!
Bakı “Mədəniyyət naminə sülh” deyir!
Ötən gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının təqdimat mərasimi keçirildi.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və tanınmış ictimaiyyət nümayəndələri iştirak edirdilər.
“Ədəbiyyat və incəsənət” portalı Azərtac-a istinadən bildirir ki,
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə tədbir iştirakçılarını salamlayaraq təqdimatın proqramı haqqında məlumat verib. Bildirib ki, 3 hissədən ibarət tədbirdə layihə haqqında məlumat veriləcək, beynəlxalq təşkilatların rəhbərlərinin videomüraciəti təqdim olunacaq və sonda tədbir nazir Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosun iştirakı ilə panel müzakirələrlə davam edəcək.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə keçən tədbirdə əvvəlcə “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının məqsədi, hədəfləri, fəaliyyət istiqamətləri barədə məlumat verildi.
Aparat rəhbəri bildirdi ki, kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımının dünyaya çatdırılmasına nail olmaqdır. Həmçinin dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır.
Sonra Böyük Britaniyanın Sülh, Etimad və Sosial Münasibətlər İnstitutu İdarə Heyətinin sədri, professor Mayk Hardi və İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciətləri dinlənildi.
Müzakirələrdən əvvəl çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, "Mədəniyyət naminə sülh" qlobal kampaniyası sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlarından diplomatların, ictimai-siyasi xadimlərin, görkəmli mədəniyyət və incəsənət adamlarının, media nümayəndələrinin, elm xadimlərinin işğaldan azad edilmiş ərazilərə dəvət edilməsi və sülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi planlaşdırılır.
Nazir qeyd etdi ki, dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyinin və sadiq olduğu dəyərlərin dünyaya düzgün çatdırılması olduqca vacibdir: “Bu kampaniya eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyimizi nümayiş etdirir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri elan etmişdir. Bununla əlaqədar “Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır”.
Anar Kərimov onu da əlavə etdi ki, “Mədəniyyət naminə sülh” kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının qoşulması üçün açıqdır: “Bu qlobal layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, foto və video, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos tədbirin əhəmiyyətindən danışdı, dünyada sülhün, təhlükəsizliyin qorunmasında birgə çalışmağın zəruriliyini qeyd etdi: “Dünya pandemiya böhranı və onun iqtisadi nəticələri üzləşdi. Biz gələcək üçün yeni yol tapmalı, birgə yaşamalıyıq. Azərbaycan bu yeni təşəbbüslə müraciət etdi və mən buna dərhal reaksiya verdim. Biz bu günün reallığına və problemlərinə cavab vermək üçün yeni mexanizm və alətlər tapmalıyıq. Biz daha yaxşı cəmiyyət qura, birgə sülh içində yaşaya bilərik”.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafının şahidi olduğunu söyləyən Migel Angel Moratinos dedi: “Bu gün mənim üçün həm də xüsusi gündür, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Prezident İlham Əliyevlə görüşdüm. Mən ümid, ləyaqət, sevinc hisslərinin şahidi oldum. Azərbaycanın dövlət başçısı ilə konstruktiv müzakirəmiz, dialoqumuz oldu. O, ölkənin tarixində yeni səhifənin açıldığını dedi. İnanıram ki, Azərbaycan xalqı üçün yeni səhifə, gələcək qarşıdadır”.
Sonra diplomatik korpus və KİV nümayəndələrini, habelə digər tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Təqdimatın sonunda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə təqdimat iştirakçılarına təşəkkür etdi, gələcəkdə layihənin fəaliyyət planının təqdim ediləcəyini diqqətə çatdırdı.
Uğurlu olsun!
Musa Ələkbərlinin şeirlər kitabı çıxdı
Azərbaycanda kitabın və ədəbiyyatın təbliği yönündə ən əhəmiyyətli iş görənlərdən biri də professor Elçin İskəndərzadənin rəhbərlik etdiyi "Vektor" Beynəlxalq Elmlər Akademiyasıdır. Akademiyanın təsis etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı nüfuzlu mükafatdır, akademiya öz laureatlarının kitablarını da dərc etdirir.
Budur, bu iyun günlərində gözəl şairimiz Musa Ələkbərlinin “Sən elə bir sevdasan ki..." şeirlər kitabı "Vektor" Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Vektor" nəşrlər evinin maliyyəsi hesabına nəfis şəkildə nəşr edilmişdir. Qeyd edək ki, Musa Ələkbərli ötən il Şahmar Əkbərzadə adına mükafata layiq görülmüşdü.
Elçin İskəndərzadənin yazdığı "Uca eşqin poeziyası" adlı lakonik və məzmunlu önsözlə açılan kitabda şairin lirik şeirləri yer almışdır. Ən çox “Sevgi şeirlərinə” görə sevilən ustad şairin kitabının geniş oxucu kütləsi, xüsusən gənclik tərəfindən seviləcəyi şübhəsizdir.
Mədəniyyət Nazirliyi “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan etdi
Bu arada Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi daha bir işi sükunət nöqtəsindən qaldırdı. Nazirliyinin tabeliyindəki kitabxanaların kitabxana fondlarının yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edildi.
Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.
Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 40 nüsxə alınacaq.
İştirakçılar tərəfindən nəşrlər 22.07.2021 tarixinədək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilməyəcək.
Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.
Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.
Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.
Müsabiqədə iştirak qaydaları bunlardır:
Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, jurnal redaksiyaları, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.
22.06.2021 tarixindən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 2 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir.
Müsabiqəyə son iki ildə çap olunan nəşrlər təqdim edilməlidir.
Müsabiqəyə təqdim olunan nəşrlərin satınalınması qaydası
Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.
Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. Satınalma müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.
İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.
Məlumat üçün bildiririk ki, müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və Azərbaycan Milli Kitabxanasına təhvil verilir.
Uğurlu olsun!
“Yenilməz batalyon”, lüksemburqlu olmaq xoşbəxtliyi və Kişilər Günü.
20-30 iyunun təqvimi Varisin təqdimatında.
20 iyun. Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun 100 illik yubileyi.
Yaxşı musiqi də yaxşı xatirə kimidir, bəzən elə məqamda gəlib səni kədərin acısından qopara bilir ki, ona ömrün boyu borclu qalırsan.
1921-ci il iyun ayının 20-də Bakının Balaxanı kəndində anadan olmuş, böyük Üzeyir Hacıbəylidən dərs almış Cahangir Cahangirov Azərbaycan musiqi tarixində çoxsaylı operaları, vokal-simfonik poemaları, süitaları, oratoriyalarıyla, ölməz “Füzuli” kantatası ilə, həmçinin, “Koroğlu”, “Yenilməz batalyon”, “Dağlarda döyüş”, “Dəli Kür” kimi filmlərə yazdığı ecazkar musiqiylə, “Zəriflik”, “Necə əl çəkim”, “Zərif gülüşlüm”, “Ana” kimi dillər əzbəri olan mahnıları ilə əvəzsiz yer tutur. Təsadüfi deyil ki, Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərə görə Cahangir Cahangirov SSRİ Dövlət mükafatına, “Qırmızı Əmək Bayrağı” ordeninə, Azərbaycan SSR-in “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Görkəmli incəsənət xadimi 1992-ci il mart ayının 25-də 71 yaşında Bakı şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Ruhu şad olsun!
Efirlərdən, internetdən günümüzü işğal eləyən, zövqümüzü korlayan bəsit mahnılardan bir günlük qopmağımız yetər. Gəlin, Şövkət Ələkbərovanın ifasında “Zərif gülüşlüm” mahnısını dinləyək.
Ürkək baxışına, xoş yerişinə.
Zərif gülüşünə, verrəm dünyamı.
Doğrudan da bir vaxtlar mənəvi dünyanın gözəllikləri maddi dünyanı kölgədə qoyurdu, insanlar bir zərif gülüşə dünyanı verə bilirdi. Amma çox təəssüf ki, hazırkı dünyamızda mənəvi deqradasiya elə bir həddə çatıb ki, ürkək baxış, xoş yeriş, zərif gülüş tam olaraq dəyərdən düşüb.
20 iyun. Ümumdünya Qaçqınlar Günü.
Allah şəfa versin, hazırda xəstə yatan müğənni Ağadadaş Ağayevin bir mahnısı var, deyir, “Qaçqınam, köçkünəm, halımı bilən yox”. Hər il iyun ayının 20-də BMT Ümumdünya Qaçqınlar Gününü qeyd etməklə bütün dünyanı qaçqınların vəziyyətinə diqqət ayırmağa çağırır, mərhumiyyətlər şəraitində cəsurluq, mətanət, iradə nümayiş etdirən bu insanlara mənəvi dəstək verilir.
BMT-nin açıqlamasına görə dünyada 15,4 milyon qaçqın var ki, onların da beşdə dördü kasıb ölkələrin payına düşür. Qaçqınların ümumi sayının dörddə birindən bir qədər çoxu isə 3 ölkəyə - Pakistan, İran və Suriyaya aiddir.
Dünya qaçqınları sırasında bir vaxtlar 20 faiz torpağı erməni daşnakları tərəfindən işğal edilməsi səbəbi ilə 1 milyondan artıq qaçqını ilə Azərbaycan əhalisi də yer almaqdadır. 44 günlük qalibiyyətli müharibə nəticəsində torpaqlarımızın böyük qisminin düşməndən azad edilməsi tezliklə qaçqın sayımıza da əl gəzdirəcək, inşallah. “Qaçqınam” mahnısı da daha gündəmdən düşəcək.
20 iyun. Türkiyənin ünlü sənətkarı Zülfü Livanelinin 75 illik yubileyi.
Bir vaxtlar qürbətdə yaşayıb da “Merhaba” şarkısı ilə qayıdış etməsi çox möhtəşəm alınmışdı Zülfü Livanelinin. Yaşlı nəsil yəqin xatırlayar.
Zülfü Livaneli 1946-cı ildə Konyada dünyaya göz açmış məşhur türk bəstəkarı, müğənnisi, kinorejissoru, yazıçısıdır, üstəlik də siyasi xadimdir, solçudur, Nazim Hikmət sevdalı bu şəxs həbs və mühacirət həyatı yaşayıb. Türkiyə xaricində, o cümlədən Azərbaycanda da tanınır və sevilir. Uğur bioqrafiyasına ötəricə nəzər yetirək. Sənətçi 1987-ci ildə yazdığı ssenariyə özü də rejissorluq edərək “Yer Demir Gök Bakır” filmi ilə debüt edərək dərhal Almanyada və Fransada ödüllər qazanmışdır; sonrakı illərdə “Duman” filmi ilə inanılmaz uğurlara imza atmışdır, Qızıl palma və Qızıl antilopa layiq görülmüşdür, 1989-cu ildə kino kritikləri bu filmi “Ən yaxşı Avropa filmi” adlandırmışlar; 1993-cü ildə ilk kitabı olan “Diktatör ile Palyaço”nu ortaya qoyaraq bu dəfə publisist kimi füror qoparmışdır, qəzet yazılarından ibarət bu kitab ölkənin ictimai-siyasi həyatında gerçək bir silkələnməyə səbəb olmuşdur; müğənni və bəstəkar kimi sənətçi 1997-ci ilin 19 may günündə Ankara Hipodromunda 500.000 izləyiciyə konsert verərək Türkiyə tarixinin ən yüksək izləyici sayına sahib konsertinə imza atmışdır; Zülfü Livanelinin yazıçılıq karyerasında ən böyük uğuru isə 2001-ci ildə “Bir kedi, Bir Adam, Bir Ölüm”, habelə “Engereğin Gözü” adlı romanlarını nəşr etməsi olmuşdur.
“Her şey insanı sevmekle başlıyor” söyləyir Zülfü Livaneli. Bəlkə də elə bu insan sevgisidir ki, onu bu qədər genişşaxəli uğurlar qazanmağa sövq edir. Vallah, billah insan kapitalı ən bahalı kapitaldır, öz insanını maddi dəyərlərdən aşağıda tutan toplumlar, quruluşlar heç vaxt inkişaf edə bilməzlər.
21 iyun. Günəşin bərqərar olması (Summer Solstice), yaxud Yayın rəsmən qüvvəyə minməsi günü.
Bu dövr yayın heç də ən qızmar dövrü olmasa belə bu gün Günəş günü adlandırılır. Bu gün bizim planetimiz günəş ətrafında fırlanarkən elə bir mövqe alır ki, günəşin şüaları Şimal yarımkürəsindəki “ən dərin quyuların dibinə belə işıq saça bilir”. Bu proses tək Yer kürəsində müşahidə edilmir, Yer kürəsinin ardınca dərhal Marsda da günəşin aktiv qızmarlığı başlayır, Uran planetində isə bizdə üç ay çəkən bu proses nə az, nə çox, düz 42 il (!) davam edir.
Bu günü BMT-nin bayram kimi təqvimə salmasında ona istinad edilir ki, mədəni irs inanclarına görə günəşlə bol, gündüzün ən uzun, gecənin ən qısa olduğu bu gündən etibarən torpağın məhsuldarlığı artır, bol ruzu yaranır.
Necə deyərlər, ruzunuz bol olsun!
21 iyun. Beynəlxalq Yoqa günü.
Yoqa nədir? Qədim Hindistanda yaranmış fiziki, mənəvi, ruhani, cismani praktikaların bir araya gəlməsidir ki, Sanskrit dilində bədənlə şüurun birləşməsi anlamını verir. Bu gün yoqa ilə bütün dünyada məşğul olurlar, Azərbaycanda da yoqasevərlər az deyil. Ölkəmizdə Yoqa Federasiyası fəaliyyət göstərir ki, federasiyaya da Leyla Əliyeva başçılıq edir.
Yoqa hər şeydən əvvəl düzgün nəfəs alma texnikasını öyrətdiyinə görə insanın həyat keyfiyyətini yüksəldir, sağlamlığını möhkəmlədir. Ürək atışlarını stabilləşdirir, qan təzyiqi və dövranını normallaşdırır. Yoqa əsəb gərginliyini aradan qaldırdığı üçün depressiya, panika kimi əlamətləri də aradan çıxarır.
Yoqa onurğanın elastik olmasında, daxili orqanların düzgün işləməsində, yuxusuzluğun və kökəlmənin qarşısının alınmasında da böyük rol oynayır. Bir sözlə, çox faydalı və dəyərli bir təmrindir yoqa.
21 iyun. İngiltərə yazıçısı Şarlotta Brontenin (1816-1855) 205 illik yubileyi.
“Ceyn Eyr” romanını oxumasanız belə, yəqin ki, ən azı eyniadlı filmə baxmısınız. Viktoriya dövrü yazarlarının qızıl pleadasını təşkil edən Şarlotta Brontenin dünya ədəbiyyatı tarixində yer tutmasına tək elə bu əsəri bəs edir. Heç bir gücün qarşısında əyilməyən, heç bir çətinliyə təslim olmayan zərif cinsin nümayəndəsinin ölməz obrazını yaratmaqla bu xanım yazar bütün dövrlər üçün aktual olan, “olum, yoxsa ölüm” sualı qədər kəskin duran əbədiyaşar mövzuya qucaq açmış, özü də ölməzlik qazanmışdır.
21 iyun. Beynəlxalq skeytbordinq günü.
Bir küçəyə diqqət edin, nə qədər uşaq, yeniyetmə, hətta gənc ayağının altına bir taxta alıb şütüməkdədir. Bax həmin taxta skeytbord adlanır, ona qısaca skeyt deyirik. Ötən əsrin 50-ci illərindən məişətə və idmana daxil olan bu qurğunu heç görməmisinizsə barı bu gün – bayramında görün. Sürməmisinizsə bu gün bir-iki metr sürün. Digər günlər onsuz da bunu etməyəcəksiniz. Həyat fərqlilikləri ilə gözəldir.
22 iyun. Böyük Vətən Müharibəsinin başlanması.
1941-ci il iyunun 22-də faşist Almaniyasının bizim də sakini olduğumuz SSRİ-yə hücumu ilə sovet tarixinə “Böyük Vətən Müharibəsi” adı ilə daxil olmuş müharibə başladı. Filmlərdən həmin epizod bizə kişi diktorun sərt səslə “Ot sovetskoqo informbyuro” söyləməsi kadrları ilə tanışdır. Faşizm üzərində qələbə digər xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətləri hesabına əldə edilmişdir. II Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlı idi. 1941-1945-ci illərdə ümumiyyətlə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək şəxs səfərbər edilib cəbhəyə göndərilmişdi. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od püskürən cəbhələrdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinin hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etmişlər, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə qovuşmuşdur. Mehdi Hüseynzadə, Qafur Məmmədov, Həzi Aslanov kimi qəhrəmanların adları isə hərb tarixinə qızıl hərflərlə yazılmışdır.
23 iyun. Beynəlxalq Olimpiya günü.
Beş qitəni göstərən göy, sarı, qara, yaşıl və qırmızı rəngli məşhur beş halqa.
1948-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Sankt-Moritsedəki 42-ci sessiyasında qərar qəbul edildi ki, 23 iyun tarixi Olimpiya günü kimi qeyd edilsin. Bilirsiniz ki, 1996-cı ildən bizim ölkəmiz də müstəqil bir dövlət kimi Olimpiya oyunlarına qatılır, daha əvvəllər isə azərbaycanlılar Olimpiya Oyunlarında SSRİ-nin bir hissəsi kimi yarışıblar, dəqiq bilirəm ki, voleybol və həndbol yığmalarının tərkibində İnna Rıskal və Rəfiqə Şabanova, futbol yığmasının tərkibində isə İqor Ponomaryov və Arif Əsədov olimpiya medallarına layiq görülüblər.
Müstəqil Azərbaycanın idmançıları indiyə qədər Yay Olimpiya Oyunlarında güləş, boks, cüdo, taekvando, güllə atıcılığı, ağır atletika kimi idman növlərində, cəmi 45 medal qazanıblar. 1996-cı il Atlanta olimpiadasında güləşçi Namiq Abdullayevin gümüş medalı tarixə müstəqil Azərbaycanın ilk olimpiya medalı kimi düşüb, 2000-ci il sentyabrın 21-də isə Sidney olimpiadasında stend atıcısı Zemfira Meftahəddinova Azərbaycana ilk qızıl olimpiya medalını gətirərək tarix yazıb. Təbii ki, idmansevər ölkədə gerisi də gələcək, medal sayı 45-də məhdudlaşmayacaq.
O ki qaldı qış olimpiya oyunlarına, əlbəttə, ölkəyə şimallı legioner gətirmək elə də çətin deyil. Amma qarı, buzu transfer etmək mümkünsüz olduğu üçün qış idman növləri bizlik deyil.
23 iyun. Beynəlxalq Dul Qadınlar Günü.
Sən demə BMT təqvimə belə bir bayram da salıb, dünya üzrə çoxmilyonlu dul qadınları, xüsusən himayələrində uşaq olanları qorumağı zəruri bilib. Hər birimizin qonşuluğunda, iş yerində, qohum-əqrəbasında belələrinə rast gəlmək olar. Çox şeyə gücümüz, cəsarətimiz çatmasa belə bir ədəd qızılgüllə bu gün bir dul qadını sevindirək, Allaha da xoş getsin.
23 iyun. Lüksemburqun milli bayramı.
Dünyanın ən təhlükəsiz, əhalisinin ən xoşbəxt olduğu 998 kvadrat millik bu cırtdan dövlət dünyada yeganə Hersoqluqdur, Beynəlxalq Valyuta Fondunun məlumatına görə dünyanın ən varlı ikinci dövlətidir. Ümumi Daxili Məhsul burada adambaşına 92049 dollara (fantastika!!!) bərabərdir.
Lüksemburqun özəllikləri çoxdur, onlardan biri də Chiggeri adlanan restorana sahib olmasıdır ki, bu restoran öz müştərilərinə dünyada ən böyük şərab kolleksiyası təqdim edir, düz 2200 çeşiddə. Deyilənə görə, o restorana təşrif buyurmaq prestijli sayılır, bizim imkanlılardan da oraya güzar edənlər az olmayıb.
Əhalisi çox az, Yasamaldakı qədər, cəmi 614 000 olan bu ölkə hər bir sahədə gücünü sınayır, 11 nəfər bekar tapıb futbol da oynada bilir və Azərbaycan yığmasına qalıb gələnlər sırasında təbii ki, lüksemburqlular da yer tuturlar.
26 iyun. BMT günü.
Uşaq vaxtı məndən soruşanda ki, böyüyəndə kim olacaqsan, deyirdim, BMT-nin baş katibi. Uşaq təxəyyülü ilə elə sanırdım ki, BMT dünyanı idarə edən əsas qurum, onun başında duran da dünyanın əsas simasıdır. Amma zaman göstərdi ki, BMT sadəcə tövsiyəverici, xahişedici bir qurummuş, yumruğunun gücü isə ən qaxşı halda qoz-fındıq qırmağa yetərmiş.
Rəsmənsə bu qurum bütün dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanması və dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılmış universal beynəlxalq təşkilat hesab edilir. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da imzalanıbdır deyə 26 iyun günü BMT Günü kimi qeyd edilir. Statistiklər üçün deyim ki, BMT-nin altı əsas orqanı var – Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. BMT-nin – Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Uşaq Fondu (UNICEF), İnkişaf Proqramı (BMTİP) və Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi ixtisaslaşmış təşkilatları da mövcuddur. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür.
BMT dünya xalqlarını bir araya gətirən forumdur. O, xalqlara ayrı-ayrı mübahisələrin və ya problemlərin həlli yollarını tapmağa və bəşəriyyətin narahatçılığına səbəb olan istənilən məsələ ilə bağlı tədbir görməyə kömək edən bir mexanizm təqdim edir (və ya buna cəhd edir), beynəlxalq gərginliyin azaldılmasında, münaqişələrin qarşısının alınmasında mərkəzi rol oynayır. BMT qlobal ekologiya, kosmik fəza və dənizin dibi ilə bağlı olan məsələlərlə də məşğul olur. O, həm də bir çox xəstəliklərin kökünü kəsmək, ərzaq istehsalını genişləndirmək, aclıqdan əziyyət çəkən xalqlara kömək etmək hayındadır. Bu gün koronavirus adlı bəlayla vuruşmağa da BMT özündə güc axtarmaqdadır.
Hazırda BMT-nin başında dayanan şəxs portuqaliyalı Antonio Quterrişdir. Mən biləni, uşaq vaxtı o, əsla BMT-nin baş katibi olmağı arzulamırmış, onun arzusu futbolçu olmaq imiş.
26 iyun. Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü.
Əsrin bəlası deyirlər narkomaniyaya. Rəsmi məlumatları bilmirəm, amma qeyri-rəsmi məlumatlar, xalq deyimləri də var, bu deyimlərə görə “narkomaniya” sözü ilə Papanin, Yasamalı, Siyəzən və s. bu kimi sözlər assosiasiya təşkil edir. Azərbaycanda narkomaniya arzuolunmaz hala çatıb, son 15 ildə dövlət başçısı narkomaniya ilə mübarizəyə dair 15 fərman və 56 sərəncam imzalayıb.
“Narkomaniya” yunan sözüdür, narko - bihuşluq, maniya - isə asılılıq deməkdir, yəqin bilirsiniz. Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qədim zamanlardan yaranmışdır. Hələ qədim dövrlərdə tiryəkdən qədim misirlilər bəzi xəstəliklərin müalicəsində istifadə edirdilər, ondan həvəsləndirici, eləcə də sakitləşdirici vasitələr hazırlayırdılar. Tiryəkdən ilk dərman XVI əsrdə alınmışdı və onu icad edən isveçrəli həkim Paraselsin şərəfinə adlandırılmışdı, amma sonralar bunun zəhərli maddə kimi orqanizmə əks təsirini, ölümə səbəb olduğunu müəyyənləşdirmişlər. XIX əsrin ortalarında leksikona “narkotik”, “narkotik vasitələr” terminləri daxil olmuşdur.
Hazırda dünyada təqribən 300 milyon insan narkotiklərdən istifadə edir. Ən dəbdə olan narkotik vasitələr tiryək laləsindən alınan morfin və heroin, ekstazi kimi amfetaminlər, LSD kimi hallusinogenlər, kokain, eləcə də çətənə bitkisindən alınan həşiş, marixuana, konaplya maddələridir. Narkotiklərdən ölüm statistikasına diqqət yetirmək də maraqlı olardı. Əhalisinin hər 1 milyon nəfərinə düşən ölüm sayına görə 1-ci yerdə ABŞ dayanır. ABŞ-ın göstəricisi 300,7 nəfərdir. Mən ABŞ-ın liderliyinə təəccüb etmirəm. Dünyanın ən demokratik və ən azad ölkəsi olmağın başgicəlləndirici xaosu, zərərli vərdişlərə meyillilik ənənəsi, dünya mühacirlərinin kütləvi axını, gecəqonduların antisanitariya basqısı şəraitində hər şey ola bilər. Amma Avropanın ən nümunəvi iki şimal ölkəsinin növbəti iki yerdə dayanması isə məni təəccübləndirir. İsveç (173,5 nəfər) və Estoniya (134,3 nəfər) nə ağılla belə yüksək yerdə qərarlaşıb, mənə çatmır. Azərbaycanın 1 milyon nəfərə cəmi 3,8 ölümlə 67 yerdə dayanmasına isə düzü, şərh vermək istəmirəm.
26 iyun. Azərbaycanın Silahlı Qüvvələri Günü.
Uzun illər sovet ideologiyası bizdən əsil tariximizi gizlədib, 23 fevralı de yure Sovet Ordusu günü, de fakto isə Kişilər bayramı kimi qeyd etmişik, xəbərimiz də olmayıb ki, bizim kişilər günümüzün tarixi tam başqadır. Bu da həmin tarix: Yüz il müstəmləkəçi Rusiya İmperiyasının tərkibinə daxil edilmiş Şimali Azərbaycanın millətçi burjuaziyası, Müsavat firqəçiləri 1918-ci ildə yaranmış şəraitdən istifadə edərək (Çar devrilmişdi, imperiya ərazisində ikihakimiyyətlik, anarxiya hökm sürürdü) may ayının 28-də Azərbaycanın istiqlaliyyətini elan etdilər, Azərbaycan Xalq Cumhuriyyətini qurdular. Tiflisdə qurulan bu hökumət tezliklə Gəncəyə köçməyi planlayırdı, amma Azərbaycanın ərazi bütövlüyü tam təmin edilməmişdi, Bakı onda erməni Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinə tabe idi. Artıq iyun ayının əvvəlində Şaumyan əksəriyyəti ermənilərdən ibarət olan 20 minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı savaşa başladı. Məqsəd milli hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq, ümumən onu devirmək idi. Həmin dönəmdə məhz güclü, nizami ordu elan edilmiş istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını təmin edə bilərdi. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi, Azərbaycan Milli Ordusunun təməli qoyuldu. General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundular. Tezliklə Qafqaz İslam Ordusunun, xilaskarımız türklərin köməyi ilə Bakı erməni-rus qüvvələrindən azad edildi, milli hökumət Bakıya köçdü.
1919-cu il milli ordu quruculuğunda həlledici mərhələyə çevrildi, ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Çox təəssüf ki, 1920-ci ilin 28 aprelində böyük qüvvə ilə rusların XI Qırmızı Ordusu Azərbaycana soxularaq ölkəmizi yenidən işğal etdi. Bakı buxtasına yan alan XI ordunun hərbi gəmiləri toplarını parlament binasına tuşlayaraq milli hökuməti devirdilər. Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyuldu. Milli Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi, komandirlərin böyük hissəsi repressiyaya məruz qaldı. Yalnız 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli ordu quruculuğunun yeni dönəmi başladı. Azərbaycan Prezidentinin 22 may 1998- ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edildi.
Qarabağ müharibəsindəki məğlubiyyətdən, torpaqlarımızın 20 faizinin işğalından sonra ordumuz məğlub ölkənin ordusu idi. O dönəmlərdə 26 iyunu kişilər günü kimi qeyd etmək tarixə bir ironiya təsiri bağışlayırdı. Amma ötən ilin payızındakı 44 günlük 2-ci Qarabağ müharibəsi ordumuza parlaq qələbə gətirdi. 27 il işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Hadrut rayonlarında, Şuşa şəhərində indi Azərbaycan bayrağı dalğalanır. 44 gün ərzində ordumuz işğal altında olan 300-ə yaxın kəndi, 5 şəhəri, 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Hətta daha çoxuna qadir idi, düz İrəvana kimi gedib mənfur düşmənin mövcudiyyatına son qoymağa qadir idi, amma... Nə isə.
Yaşasın Azərbaycan ordusu! Kişilər Günümüz mübarək!
27 iyun. Beynəlxalq Balıqçı Günü.
Düşünmədən tilovunuzu götürün (yoxdusa da alın) və Xəzərə, Kürə, Araza, Qanıxçaya, Girdmançaya, Həkəriçaya, Qudyalçaya, Viləşçaya, Samurçaya - kimə hansı su hövzəsi yaxındırsa ora yollanın. Balıqçı gününü elan etməklə dünya başbilənləri yəqin nəsə düşünüblər də. Bəlkə tilovlara qızıl balıq məhz bü gün düşəsidir?
30 iyun. Beynəlxalq Asteroid Günü.
Asteroidlər – hərdən yerə düşən kosmik cisimlərdir. Hər gün 100 tondan çox asteroid və komet qalıqlarından ibarət qalıqlar “kocmik zibil” adı altında yerə tökülür. Onların çoxu atmosferdəcə parçalanır, yalnız meteoritlər gəlib yerə çata bilirlər. Yəqin bilirsiniz, 65 milyon il əvvəl asteroidin yerə düşməsi nəticəsində dinozavrlar məhv olmuşdular, demək, əvvəllər asteroidlər daha qorxunc imişlər. Amma indi ən böyüyü avtomobil ölçüsündə olan asteroid ildə bir dəfə gözəl odlu kürə yaradaraq yerə şığıyır, ən nəhəng asteroid isə futbol meydançası ölçüsündə olur ki, təqribən 2000 ildə bir dəfə yerə qonaq gəlir. Əgər siz ömrünüzdə bir dəfə göydən yerə gələn odlu kürə görsəniz, qorxmayın, ürəyinizdə arzu tutun. Mistikaya görə, asteroid görənlərin arzuları çin olur. Onsuz da çin olmayan arzulardan bezarsınız.
30 iyunun şeir bəndi.
Yeniyetməliyimdən bəri tutduğum gündəliklərimdə hər gün bəyəndiyim şeirlərdən bir-iki bənd qeyd olunub. Bəzən misralar günlərin yükünü tamamən daşıya bilirlər, biləsiniz. 30 iyun tarixlərinə göz yetirdim, gözümə bu bənd sataşdı:
Burda çiçəklər tez solur,
Burda küləklər saç yolur.
Öldüm qurtardım, nə olur,
Apar məni buralardan.
Rüstəm Behrudi
Böyük bəstəkarın 100 illiyi qeyd edildi
Pandemiya şəraitində mədəni-kütləvi tədbirlərə yasaq qoyulsa da böyük Azərbaycan bəstəkarı Cahangir Cahangirovun 100 illiyi təmtəraqla olmasa belə ölkəmizdə hər halda keçirildi, anım tədbirləri oldu, televiziyalar, radiolar onun musiqilərini səsləndirdilər.
Cahangir Şirgəşt oğlu Cahangirov 1921-ci il iyun ayının 20-də Bakının Balaxanı kəndində anadan olmuşdur. Yeddiillik musiqi məktəbini bitirdikdən sonra 1937-ci ildə Teatr Texnikumunda təhsil almışdır. Üzeyir Hacıbəyli onu Azərbaycan Dövlət Filarmoniyasında yaratdığı xor kapellasına dəvət etmişdir. Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq kursunda oxumuş, 1940-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi şöbəsinə daxil olmuşdur. Ü.Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmiş, bəstəkarlıq ixtisası üzrə B.İ.Zeydmandan dərs almışdır. Müharibə illərində Cangir Cahangirov təhsilini yarımçıq qoymalı olmuş, yalnız 1951- ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.
O, 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Mahnı və Rəqs Ansamblının Xor qrupuna, 1942-ci ildə “Sazçı qızlar” ansamblına, 1944- 1960-cı illərdə isə Azərbaycan Radio Verilişləri Komitəsi nəzdindəki xora rəhbərlik etmişdir. 1949-cu ildə “Arazın o tayında” vokal-simfonik poeması, 1956-cı ildə “Dostluq nəğməsi” süitası, 1959-cu ildə “Füzuli”, 1973-cü ildə “Nəsimi” kantataları, 1962-ci ildə “Sabir”, 1984-cü ildə “Hüseyn Cavid - 59” və 1985-ci ildə yazdığı faşizm üzərində qələbənin 40 illiyinə həsr edilmiş “Böyük qələbə” oratoriyaları böyük uğur qazanmışdır. “Almas” (C.Cabbarlı), “Xəyyam” (H.Cavid), “Od içində” (Ə.Məmmədxanlı) və s. teatr tamaşaları ilə yanaşı, həmçinin, “Koroğlu” (1960), “Yenilməz batalyon” (1965), “Dağlarda döyüş” (1967), “Dəli Kür” (1969), “Qatır Məmməd” və s. filmlərinə də musiqilər bəstələmişdir. Onun “Azad” (1957 - M.İbrahimovun “Azad qız” povestinin motivləri əsasında) və “Xanəndənin taleyi” (1978) operaları, “Təzə gəlin” (1976) operettası, skripka ilə orkestr üçün konserti (1951), Azərbaycan Xalq çalğı alətləri orkestri üçün “Osetin süitası”, “Misir lövhələri”, xor üçün əsərləri, “Nazənin”, “Xəzər”, “Dan ulduzu, bir də mən”, “Ana”, “Zəriflik”, “Necə əl çəkim”, “Zərif gülüşlüm”, “Ana yurdum”, “Bahar olsun”, “Bakım” və s. mahnıları bu gün də Azərbaycanın misilsiz sənət əsərləri hesab olunmaqdadır. Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərə görə böyük bəstəkar 1950- ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1959-cu ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi”, 1963-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. 1978-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif edilmişdir.
Cahangir Cahangirov 1992-ci il mart ayının 25-də Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Nə qədər ki, dillər əzbəri olan musiqisi səslənməkdədir, böyük bəstəkarın xatirəsi heç vaxt unudulmayacaq.
Gənc kino mütəxəssisləri üçün beynəlxalq təlim kursu keçirilib
Bakıda “DokuBaku” sənədli kino festivalı çərçivəsində sənədli kinonu özləri üçün peşə seçmiş gənc azərbaycanlı kinorejissorlar üçün “Doklad iSchool” ikinci onlayn təlim kursu başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalı AZƏRTAC-a istinadən xəbər verir ki, bu kurs “Goethe-Institut Baku” İnstitutunun, “Pitch the Doc” veb-platformanın, yüksək keyfiyyətli sənədli layihələrin birgə istehsalı üçün “Sunny Side of the Doc” beynəlxalq məkanın və “CinéDOC-Tbilisi” sənədli kino festivalının dəstəyi ilə təşkil edilib. Kurslarda təlim keçmək üçün müəllimlər qismində sənədli kino rejissorları və prodüserlər Mariam Çaçiya və Nik Voyt dəvət edilib.
Kursun müdavimləri mövzu axtarışından və ssenarinin yazılmasından başlamış, layihənin pitçinqdə müdafiəsinə və həyata keçirilməsinə qədər sənədli kinonun yaradılmasının bütün mərhələləri ilə tanış olublar. Kursun altı müdavimindən dördü – Anar Salahov, Aynur Kazımova, Natiq Əsgər və Zeynəb İsgəndər öz layihələrini uğurla müdafiə ediblər. Məzunlara bu kursu bitirmələri barədə diplomlar, habelə öz filmlərinin büdcəsinin əsası kimi kiçik məbləğdə pul mükafatı təqdim edilib.
“DokuBaku” festivalı və onun əsasında təşkil edilmiş onlayn təhsil kursu göstərdi ki, bu layihə klassik təlim rejimindən onlayn platformaya keçməklə asanlıqla adaptasiya edilə bilər. Layihənin müəllifləri qeyri-adi çeviklik və koronavirus pandemiyasının nəticəsi olan indiki şəraitə tezliklə uyğunlaşmaq qabiliyyəti nümayiş etdiriblər.
“Doklad iSchool” kursunun direktoru, “DokuBaku” Beynəlxalq sənədli kino festivalının həmtəsisçisi və direktoru İmam Həsənov deyib: “Sənədli film Azərbaycan əhalisini arasında populyar janr deyil. Ölkəmizdə çəkilmiş sənədli filmlərin əksəriyyəti kinematoqrafiyanın müasir tələblərinə uyğun gəlmir. Lakin layihə müəlliflərinin səyləri sayəsində məhz sənədli kinoya maraq göstərənlərin sayı ilbəil artır. Festival iştirakçılarının sayının artması, filmlərin nümayişində iştirak edən tamaşaçıların sayı, eləcə də sənədli kinonun yaradılması və prodüserliyi üzrə kursun müdavimlərinin sayı bu fikri təsdiqləyir. “Doklad iSchool” kursunu həqiqətən “DokuBaku”nun ilk böyük qələbəsi hesab etmək olar.
Qeyd etmək lazımdır ki, “Doklad” Azərbaycanda 2020-ci ildən bəri fəaliyyət göstərən ilk və hələlik yeganə beynəlxalq layihədir. Bu layihənin məqsədi hadisələrə özlərinin müstəqil baxışı olan yeni rejissorlar yetişdirmək, ümidverici gənclərin cəmiyyətdə işıqlandırılmayan problemlərini geniş auditoriyaya çatdırmaqdır.
Ümid edək ki, ölkəmizdə bu cür beynəlxalq layihələr davamlı olacaq.
Məryəm atasını xilas eləməyə gəlir
Bu isti yay günlərində kino pavilyonlarında hərarət ikiqat duyulur. Belə ki, film çəkilişləri fasilə bilmədən davam etməkdədir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Məryəm” filminin çəkilişləri üzərində hazırda son tamamlanma işləri aparılmaqdadır. Şəkinin, Qaxın, Zaqatalanın və Balakənin gözəl təbiəti maraqlı bir filmin yaranmasına şahidlik edir.
Nə barədədir “Məryəm” filmi? Ekran əsərinin süjet xətti mühacirətdə yaşayan Məryəm adlı xanımın uzun illər sonra indiyədək ölmüş bildiyi atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar rayonda yerləşən psixiatrik xəstəxanada, çətinliklər içində tapan Məryəm yeni reallıqla üz-üzə qalır. Burda qalıb, əziyyətlərə qatlaşıb atasına yiyəlikmi etsin, onu dardanmı çıxarsın, yoxsa qayıdıb rahat həyatınımı yaşasın? Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan edir. Sonda, təbii ki, xeyir şər üzərində qalib gələ bilir.
Bəs filmin yaradıcı heyətinə kimlər daxildir? Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğludur. Baş rolu Təhminə Rafaella və Ayşad Məmmədov ifa edirlər.
“Ədəbiyyat və incəsənət” portalı filmin yaradıcılarının mediaya verdikləri açıqlamaya istinadən bildirir ki, filmin premyerasının 2022-ci ildə olacağı nəzərdə tutulub. Film bir sıra beynəlxalq festivallara göndərildikdən sonra şəhərin kinoteatrlarında nümayiş etdiriləcək.