20-30 iyunun təqvimi Varisin təqdimatında.
20 iyun. Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun 100 illik yubileyi.
Yaxşı musiqi də yaxşı xatirə kimidir, bəzən elə məqamda gəlib səni kədərin acısından qopara bilir ki, ona ömrün boyu borclu qalırsan.
1921-ci il iyun ayının 20-də Bakının Balaxanı kəndində anadan olmuş, böyük Üzeyir Hacıbəylidən dərs almış Cahangir Cahangirov Azərbaycan musiqi tarixində çoxsaylı operaları, vokal-simfonik poemaları, süitaları, oratoriyalarıyla, ölməz “Füzuli” kantatası ilə, həmçinin, “Koroğlu”, “Yenilməz batalyon”, “Dağlarda döyüş”, “Dəli Kür” kimi filmlərə yazdığı ecazkar musiqiylə, “Zəriflik”, “Necə əl çəkim”, “Zərif gülüşlüm”, “Ana” kimi dillər əzbəri olan mahnıları ilə əvəzsiz yer tutur. Təsadüfi deyil ki, Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərə görə Cahangir Cahangirov SSRİ Dövlət mükafatına, “Qırmızı Əmək Bayrağı” ordeninə, Azərbaycan SSR-in “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Görkəmli incəsənət xadimi 1992-ci il mart ayının 25-də 71 yaşında Bakı şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Ruhu şad olsun!
Efirlərdən, internetdən günümüzü işğal eləyən, zövqümüzü korlayan bəsit mahnılardan bir günlük qopmağımız yetər. Gəlin, Şövkət Ələkbərovanın ifasında “Zərif gülüşlüm” mahnısını dinləyək.
Ürkək baxışına, xoş yerişinə.
Zərif gülüşünə, verrəm dünyamı.
Doğrudan da bir vaxtlar mənəvi dünyanın gözəllikləri maddi dünyanı kölgədə qoyurdu, insanlar bir zərif gülüşə dünyanı verə bilirdi. Amma çox təəssüf ki, hazırkı dünyamızda mənəvi deqradasiya elə bir həddə çatıb ki, ürkək baxış, xoş yeriş, zərif gülüş tam olaraq dəyərdən düşüb.
20 iyun. Ümumdünya Qaçqınlar Günü.
Allah şəfa versin, hazırda xəstə yatan müğənni Ağadadaş Ağayevin bir mahnısı var, deyir, “Qaçqınam, köçkünəm, halımı bilən yox”. Hər il iyun ayının 20-də BMT Ümumdünya Qaçqınlar Gününü qeyd etməklə bütün dünyanı qaçqınların vəziyyətinə diqqət ayırmağa çağırır, mərhumiyyətlər şəraitində cəsurluq, mətanət, iradə nümayiş etdirən bu insanlara mənəvi dəstək verilir.
BMT-nin açıqlamasına görə dünyada 15,4 milyon qaçqın var ki, onların da beşdə dördü kasıb ölkələrin payına düşür. Qaçqınların ümumi sayının dörddə birindən bir qədər çoxu isə 3 ölkəyə - Pakistan, İran və Suriyaya aiddir.
Dünya qaçqınları sırasında bir vaxtlar 20 faiz torpağı erməni daşnakları tərəfindən işğal edilməsi səbəbi ilə 1 milyondan artıq qaçqını ilə Azərbaycan əhalisi də yer almaqdadır. 44 günlük qalibiyyətli müharibə nəticəsində torpaqlarımızın böyük qisminin düşməndən azad edilməsi tezliklə qaçqın sayımıza da əl gəzdirəcək, inşallah. “Qaçqınam” mahnısı da daha gündəmdən düşəcək.
20 iyun. Türkiyənin ünlü sənətkarı Zülfü Livanelinin 75 illik yubileyi.
Bir vaxtlar qürbətdə yaşayıb da “Merhaba” şarkısı ilə qayıdış etməsi çox möhtəşəm alınmışdı Zülfü Livanelinin. Yaşlı nəsil yəqin xatırlayar.
Zülfü Livaneli 1946-cı ildə Konyada dünyaya göz açmış məşhur türk bəstəkarı, müğənnisi, kinorejissoru, yazıçısıdır, üstəlik də siyasi xadimdir, solçudur, Nazim Hikmət sevdalı bu şəxs həbs və mühacirət həyatı yaşayıb. Türkiyə xaricində, o cümlədən Azərbaycanda da tanınır və sevilir. Uğur bioqrafiyasına ötəricə nəzər yetirək. Sənətçi 1987-ci ildə yazdığı ssenariyə özü də rejissorluq edərək “Yer Demir Gök Bakır” filmi ilə debüt edərək dərhal Almanyada və Fransada ödüllər qazanmışdır; sonrakı illərdə “Duman” filmi ilə inanılmaz uğurlara imza atmışdır, Qızıl palma və Qızıl antilopa layiq görülmüşdür, 1989-cu ildə kino kritikləri bu filmi “Ən yaxşı Avropa filmi” adlandırmışlar; 1993-cü ildə ilk kitabı olan “Diktatör ile Palyaço”nu ortaya qoyaraq bu dəfə publisist kimi füror qoparmışdır, qəzet yazılarından ibarət bu kitab ölkənin ictimai-siyasi həyatında gerçək bir silkələnməyə səbəb olmuşdur; müğənni və bəstəkar kimi sənətçi 1997-ci ilin 19 may günündə Ankara Hipodromunda 500.000 izləyiciyə konsert verərək Türkiyə tarixinin ən yüksək izləyici sayına sahib konsertinə imza atmışdır; Zülfü Livanelinin yazıçılıq karyerasında ən böyük uğuru isə 2001-ci ildə “Bir kedi, Bir Adam, Bir Ölüm”, habelə “Engereğin Gözü” adlı romanlarını nəşr etməsi olmuşdur.
“Her şey insanı sevmekle başlıyor” söyləyir Zülfü Livaneli. Bəlkə də elə bu insan sevgisidir ki, onu bu qədər genişşaxəli uğurlar qazanmağa sövq edir. Vallah, billah insan kapitalı ən bahalı kapitaldır, öz insanını maddi dəyərlərdən aşağıda tutan toplumlar, quruluşlar heç vaxt inkişaf edə bilməzlər.
21 iyun. Günəşin bərqərar olması (Summer Solstice), yaxud Yayın rəsmən qüvvəyə minməsi günü.
Bu dövr yayın heç də ən qızmar dövrü olmasa belə bu gün Günəş günü adlandırılır. Bu gün bizim planetimiz günəş ətrafında fırlanarkən elə bir mövqe alır ki, günəşin şüaları Şimal yarımkürəsindəki “ən dərin quyuların dibinə belə işıq saça bilir”. Bu proses tək Yer kürəsində müşahidə edilmir, Yer kürəsinin ardınca dərhal Marsda da günəşin aktiv qızmarlığı başlayır, Uran planetində isə bizdə üç ay çəkən bu proses nə az, nə çox, düz 42 il (!) davam edir.
Bu günü BMT-nin bayram kimi təqvimə salmasında ona istinad edilir ki, mədəni irs inanclarına görə günəşlə bol, gündüzün ən uzun, gecənin ən qısa olduğu bu gündən etibarən torpağın məhsuldarlığı artır, bol ruzu yaranır.
Necə deyərlər, ruzunuz bol olsun!
21 iyun. Beynəlxalq Yoqa günü.
Yoqa nədir? Qədim Hindistanda yaranmış fiziki, mənəvi, ruhani, cismani praktikaların bir araya gəlməsidir ki, Sanskrit dilində bədənlə şüurun birləşməsi anlamını verir. Bu gün yoqa ilə bütün dünyada məşğul olurlar, Azərbaycanda da yoqasevərlər az deyil. Ölkəmizdə Yoqa Federasiyası fəaliyyət göstərir ki, federasiyaya da Leyla Əliyeva başçılıq edir.
Yoqa hər şeydən əvvəl düzgün nəfəs alma texnikasını öyrətdiyinə görə insanın həyat keyfiyyətini yüksəldir, sağlamlığını möhkəmlədir. Ürək atışlarını stabilləşdirir, qan təzyiqi və dövranını normallaşdırır. Yoqa əsəb gərginliyini aradan qaldırdığı üçün depressiya, panika kimi əlamətləri də aradan çıxarır.
Yoqa onurğanın elastik olmasında, daxili orqanların düzgün işləməsində, yuxusuzluğun və kökəlmənin qarşısının alınmasında da böyük rol oynayır. Bir sözlə, çox faydalı və dəyərli bir təmrindir yoqa.
21 iyun. İngiltərə yazıçısı Şarlotta Brontenin (1816-1855) 205 illik yubileyi.
“Ceyn Eyr” romanını oxumasanız belə, yəqin ki, ən azı eyniadlı filmə baxmısınız. Viktoriya dövrü yazarlarının qızıl pleadasını təşkil edən Şarlotta Brontenin dünya ədəbiyyatı tarixində yer tutmasına tək elə bu əsəri bəs edir. Heç bir gücün qarşısında əyilməyən, heç bir çətinliyə təslim olmayan zərif cinsin nümayəndəsinin ölməz obrazını yaratmaqla bu xanım yazar bütün dövrlər üçün aktual olan, “olum, yoxsa ölüm” sualı qədər kəskin duran əbədiyaşar mövzuya qucaq açmış, özü də ölməzlik qazanmışdır.
21 iyun. Beynəlxalq skeytbordinq günü.
Bir küçəyə diqqət edin, nə qədər uşaq, yeniyetmə, hətta gənc ayağının altına bir taxta alıb şütüməkdədir. Bax həmin taxta skeytbord adlanır, ona qısaca skeyt deyirik. Ötən əsrin 50-ci illərindən məişətə və idmana daxil olan bu qurğunu heç görməmisinizsə barı bu gün – bayramında görün. Sürməmisinizsə bu gün bir-iki metr sürün. Digər günlər onsuz da bunu etməyəcəksiniz. Həyat fərqlilikləri ilə gözəldir.
22 iyun. Böyük Vətən Müharibəsinin başlanması.
1941-ci il iyunun 22-də faşist Almaniyasının bizim də sakini olduğumuz SSRİ-yə hücumu ilə sovet tarixinə “Böyük Vətən Müharibəsi” adı ilə daxil olmuş müharibə başladı. Filmlərdən həmin epizod bizə kişi diktorun sərt səslə “Ot sovetskoqo informbyuro” söyləməsi kadrları ilə tanışdır. Faşizm üzərində qələbə digər xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətləri hesabına əldə edilmişdir. II Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlı idi. 1941-1945-ci illərdə ümumiyyətlə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək şəxs səfərbər edilib cəbhəyə göndərilmişdi. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od püskürən cəbhələrdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinin hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etmişlər, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə qovuşmuşdur. Mehdi Hüseynzadə, Qafur Məmmədov, Həzi Aslanov kimi qəhrəmanların adları isə hərb tarixinə qızıl hərflərlə yazılmışdır.
23 iyun. Beynəlxalq Olimpiya günü.
Beş qitəni göstərən göy, sarı, qara, yaşıl və qırmızı rəngli məşhur beş halqa.
1948-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Sankt-Moritsedəki 42-ci sessiyasında qərar qəbul edildi ki, 23 iyun tarixi Olimpiya günü kimi qeyd edilsin. Bilirsiniz ki, 1996-cı ildən bizim ölkəmiz də müstəqil bir dövlət kimi Olimpiya oyunlarına qatılır, daha əvvəllər isə azərbaycanlılar Olimpiya Oyunlarında SSRİ-nin bir hissəsi kimi yarışıblar, dəqiq bilirəm ki, voleybol və həndbol yığmalarının tərkibində İnna Rıskal və Rəfiqə Şabanova, futbol yığmasının tərkibində isə İqor Ponomaryov və Arif Əsədov olimpiya medallarına layiq görülüblər.
Müstəqil Azərbaycanın idmançıları indiyə qədər Yay Olimpiya Oyunlarında güləş, boks, cüdo, taekvando, güllə atıcılığı, ağır atletika kimi idman növlərində, cəmi 45 medal qazanıblar. 1996-cı il Atlanta olimpiadasında güləşçi Namiq Abdullayevin gümüş medalı tarixə müstəqil Azərbaycanın ilk olimpiya medalı kimi düşüb, 2000-ci il sentyabrın 21-də isə Sidney olimpiadasında stend atıcısı Zemfira Meftahəddinova Azərbaycana ilk qızıl olimpiya medalını gətirərək tarix yazıb. Təbii ki, idmansevər ölkədə gerisi də gələcək, medal sayı 45-də məhdudlaşmayacaq.
O ki qaldı qış olimpiya oyunlarına, əlbəttə, ölkəyə şimallı legioner gətirmək elə də çətin deyil. Amma qarı, buzu transfer etmək mümkünsüz olduğu üçün qış idman növləri bizlik deyil.
23 iyun. Beynəlxalq Dul Qadınlar Günü.
Sən demə BMT təqvimə belə bir bayram da salıb, dünya üzrə çoxmilyonlu dul qadınları, xüsusən himayələrində uşaq olanları qorumağı zəruri bilib. Hər birimizin qonşuluğunda, iş yerində, qohum-əqrəbasında belələrinə rast gəlmək olar. Çox şeyə gücümüz, cəsarətimiz çatmasa belə bir ədəd qızılgüllə bu gün bir dul qadını sevindirək, Allaha da xoş getsin.
23 iyun. Lüksemburqun milli bayramı.
Dünyanın ən təhlükəsiz, əhalisinin ən xoşbəxt olduğu 998 kvadrat millik bu cırtdan dövlət dünyada yeganə Hersoqluqdur, Beynəlxalq Valyuta Fondunun məlumatına görə dünyanın ən varlı ikinci dövlətidir. Ümumi Daxili Məhsul burada adambaşına 92049 dollara (fantastika!!!) bərabərdir.
Lüksemburqun özəllikləri çoxdur, onlardan biri də Chiggeri adlanan restorana sahib olmasıdır ki, bu restoran öz müştərilərinə dünyada ən böyük şərab kolleksiyası təqdim edir, düz 2200 çeşiddə. Deyilənə görə, o restorana təşrif buyurmaq prestijli sayılır, bizim imkanlılardan da oraya güzar edənlər az olmayıb.
Əhalisi çox az, Yasamaldakı qədər, cəmi 614 000 olan bu ölkə hər bir sahədə gücünü sınayır, 11 nəfər bekar tapıb futbol da oynada bilir və Azərbaycan yığmasına qalıb gələnlər sırasında təbii ki, lüksemburqlular da yer tuturlar.
26 iyun. BMT günü.
Uşaq vaxtı məndən soruşanda ki, böyüyəndə kim olacaqsan, deyirdim, BMT-nin baş katibi. Uşaq təxəyyülü ilə elə sanırdım ki, BMT dünyanı idarə edən əsas qurum, onun başında duran da dünyanın əsas simasıdır. Amma zaman göstərdi ki, BMT sadəcə tövsiyəverici, xahişedici bir qurummuş, yumruğunun gücü isə ən qaxşı halda qoz-fındıq qırmağa yetərmiş.
Rəsmənsə bu qurum bütün dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanması və dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılmış universal beynəlxalq təşkilat hesab edilir. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da imzalanıbdır deyə 26 iyun günü BMT Günü kimi qeyd edilir. Statistiklər üçün deyim ki, BMT-nin altı əsas orqanı var – Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. BMT-nin – Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Uşaq Fondu (UNICEF), İnkişaf Proqramı (BMTİP) və Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi ixtisaslaşmış təşkilatları da mövcuddur. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür.
BMT dünya xalqlarını bir araya gətirən forumdur. O, xalqlara ayrı-ayrı mübahisələrin və ya problemlərin həlli yollarını tapmağa və bəşəriyyətin narahatçılığına səbəb olan istənilən məsələ ilə bağlı tədbir görməyə kömək edən bir mexanizm təqdim edir (və ya buna cəhd edir), beynəlxalq gərginliyin azaldılmasında, münaqişələrin qarşısının alınmasında mərkəzi rol oynayır. BMT qlobal ekologiya, kosmik fəza və dənizin dibi ilə bağlı olan məsələlərlə də məşğul olur. O, həm də bir çox xəstəliklərin kökünü kəsmək, ərzaq istehsalını genişləndirmək, aclıqdan əziyyət çəkən xalqlara kömək etmək hayındadır. Bu gün koronavirus adlı bəlayla vuruşmağa da BMT özündə güc axtarmaqdadır.
Hazırda BMT-nin başında dayanan şəxs portuqaliyalı Antonio Quterrişdir. Mən biləni, uşaq vaxtı o, əsla BMT-nin baş katibi olmağı arzulamırmış, onun arzusu futbolçu olmaq imiş.
26 iyun. Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü.
Əsrin bəlası deyirlər narkomaniyaya. Rəsmi məlumatları bilmirəm, amma qeyri-rəsmi məlumatlar, xalq deyimləri də var, bu deyimlərə görə “narkomaniya” sözü ilə Papanin, Yasamalı, Siyəzən və s. bu kimi sözlər assosiasiya təşkil edir. Azərbaycanda narkomaniya arzuolunmaz hala çatıb, son 15 ildə dövlət başçısı narkomaniya ilə mübarizəyə dair 15 fərman və 56 sərəncam imzalayıb.
“Narkomaniya” yunan sözüdür, narko - bihuşluq, maniya - isə asılılıq deməkdir, yəqin bilirsiniz. Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qədim zamanlardan yaranmışdır. Hələ qədim dövrlərdə tiryəkdən qədim misirlilər bəzi xəstəliklərin müalicəsində istifadə edirdilər, ondan həvəsləndirici, eləcə də sakitləşdirici vasitələr hazırlayırdılar. Tiryəkdən ilk dərman XVI əsrdə alınmışdı və onu icad edən isveçrəli həkim Paraselsin şərəfinə adlandırılmışdı, amma sonralar bunun zəhərli maddə kimi orqanizmə əks təsirini, ölümə səbəb olduğunu müəyyənləşdirmişlər. XIX əsrin ortalarında leksikona “narkotik”, “narkotik vasitələr” terminləri daxil olmuşdur.
Hazırda dünyada təqribən 300 milyon insan narkotiklərdən istifadə edir. Ən dəbdə olan narkotik vasitələr tiryək laləsindən alınan morfin və heroin, ekstazi kimi amfetaminlər, LSD kimi hallusinogenlər, kokain, eləcə də çətənə bitkisindən alınan həşiş, marixuana, konaplya maddələridir. Narkotiklərdən ölüm statistikasına diqqət yetirmək də maraqlı olardı. Əhalisinin hər 1 milyon nəfərinə düşən ölüm sayına görə 1-ci yerdə ABŞ dayanır. ABŞ-ın göstəricisi 300,7 nəfərdir. Mən ABŞ-ın liderliyinə təəccüb etmirəm. Dünyanın ən demokratik və ən azad ölkəsi olmağın başgicəlləndirici xaosu, zərərli vərdişlərə meyillilik ənənəsi, dünya mühacirlərinin kütləvi axını, gecəqonduların antisanitariya basqısı şəraitində hər şey ola bilər. Amma Avropanın ən nümunəvi iki şimal ölkəsinin növbəti iki yerdə dayanması isə məni təəccübləndirir. İsveç (173,5 nəfər) və Estoniya (134,3 nəfər) nə ağılla belə yüksək yerdə qərarlaşıb, mənə çatmır. Azərbaycanın 1 milyon nəfərə cəmi 3,8 ölümlə 67 yerdə dayanmasına isə düzü, şərh vermək istəmirəm.
26 iyun. Azərbaycanın Silahlı Qüvvələri Günü.
Uzun illər sovet ideologiyası bizdən əsil tariximizi gizlədib, 23 fevralı de yure Sovet Ordusu günü, de fakto isə Kişilər bayramı kimi qeyd etmişik, xəbərimiz də olmayıb ki, bizim kişilər günümüzün tarixi tam başqadır. Bu da həmin tarix: Yüz il müstəmləkəçi Rusiya İmperiyasının tərkibinə daxil edilmiş Şimali Azərbaycanın millətçi burjuaziyası, Müsavat firqəçiləri 1918-ci ildə yaranmış şəraitdən istifadə edərək (Çar devrilmişdi, imperiya ərazisində ikihakimiyyətlik, anarxiya hökm sürürdü) may ayının 28-də Azərbaycanın istiqlaliyyətini elan etdilər, Azərbaycan Xalq Cumhuriyyətini qurdular. Tiflisdə qurulan bu hökumət tezliklə Gəncəyə köçməyi planlayırdı, amma Azərbaycanın ərazi bütövlüyü tam təmin edilməmişdi, Bakı onda erməni Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinə tabe idi. Artıq iyun ayının əvvəlində Şaumyan əksəriyyəti ermənilərdən ibarət olan 20 minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı savaşa başladı. Məqsəd milli hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq, ümumən onu devirmək idi. Həmin dönəmdə məhz güclü, nizami ordu elan edilmiş istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını təmin edə bilərdi. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi, Azərbaycan Milli Ordusunun təməli qoyuldu. General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundular. Tezliklə Qafqaz İslam Ordusunun, xilaskarımız türklərin köməyi ilə Bakı erməni-rus qüvvələrindən azad edildi, milli hökumət Bakıya köçdü.
1919-cu il milli ordu quruculuğunda həlledici mərhələyə çevrildi, ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Çox təəssüf ki, 1920-ci ilin 28 aprelində böyük qüvvə ilə rusların XI Qırmızı Ordusu Azərbaycana soxularaq ölkəmizi yenidən işğal etdi. Bakı buxtasına yan alan XI ordunun hərbi gəmiləri toplarını parlament binasına tuşlayaraq milli hökuməti devirdilər. Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyuldu. Milli Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi, komandirlərin böyük hissəsi repressiyaya məruz qaldı. Yalnız 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli ordu quruculuğunun yeni dönəmi başladı. Azərbaycan Prezidentinin 22 may 1998- ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edildi.
Qarabağ müharibəsindəki məğlubiyyətdən, torpaqlarımızın 20 faizinin işğalından sonra ordumuz məğlub ölkənin ordusu idi. O dönəmlərdə 26 iyunu kişilər günü kimi qeyd etmək tarixə bir ironiya təsiri bağışlayırdı. Amma ötən ilin payızındakı 44 günlük 2-ci Qarabağ müharibəsi ordumuza parlaq qələbə gətirdi. 27 il işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Hadrut rayonlarında, Şuşa şəhərində indi Azərbaycan bayrağı dalğalanır. 44 gün ərzində ordumuz işğal altında olan 300-ə yaxın kəndi, 5 şəhəri, 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Hətta daha çoxuna qadir idi, düz İrəvana kimi gedib mənfur düşmənin mövcudiyyatına son qoymağa qadir idi, amma... Nə isə.
Yaşasın Azərbaycan ordusu! Kişilər Günümüz mübarək!
27 iyun. Beynəlxalq Balıqçı Günü.
Düşünmədən tilovunuzu götürün (yoxdusa da alın) və Xəzərə, Kürə, Araza, Qanıxçaya, Girdmançaya, Həkəriçaya, Qudyalçaya, Viləşçaya, Samurçaya - kimə hansı su hövzəsi yaxındırsa ora yollanın. Balıqçı gününü elan etməklə dünya başbilənləri yəqin nəsə düşünüblər də. Bəlkə tilovlara qızıl balıq məhz bü gün düşəsidir?
30 iyun. Beynəlxalq Asteroid Günü.
Asteroidlər – hərdən yerə düşən kosmik cisimlərdir. Hər gün 100 tondan çox asteroid və komet qalıqlarından ibarət qalıqlar “kocmik zibil” adı altında yerə tökülür. Onların çoxu atmosferdəcə parçalanır, yalnız meteoritlər gəlib yerə çata bilirlər. Yəqin bilirsiniz, 65 milyon il əvvəl asteroidin yerə düşməsi nəticəsində dinozavrlar məhv olmuşdular, demək, əvvəllər asteroidlər daha qorxunc imişlər. Amma indi ən böyüyü avtomobil ölçüsündə olan asteroid ildə bir dəfə gözəl odlu kürə yaradaraq yerə şığıyır, ən nəhəng asteroid isə futbol meydançası ölçüsündə olur ki, təqribən 2000 ildə bir dəfə yerə qonaq gəlir. Əgər siz ömrünüzdə bir dəfə göydən yerə gələn odlu kürə görsəniz, qorxmayın, ürəyinizdə arzu tutun. Mistikaya görə, asteroid görənlərin arzuları çin olur. Onsuz da çin olmayan arzulardan bezarsınız.
30 iyunun şeir bəndi.
Yeniyetməliyimdən bəri tutduğum gündəliklərimdə hər gün bəyəndiyim şeirlərdən bir-iki bənd qeyd olunub. Bəzən misralar günlərin yükünü tamamən daşıya bilirlər, biləsiniz. 30 iyun tarixlərinə göz yetirdim, gözümə bu bənd sataşdı:
Burda çiçəklər tez solur,
Burda küləklər saç yolur.
Öldüm qurtardım, nə olur,
Apar məni buralardan.
Rüstəm Behrudi