Pandemiya şəraitində mədəni-kütləvi tədbirlərə yasaq qoyulsa da böyük Azərbaycan bəstəkarı Cahangir Cahangirovun 100 illiyi təmtəraqla olmasa belə ölkəmizdə hər halda keçirildi, anım tədbirləri oldu, televiziyalar, radiolar onun musiqilərini səsləndirdilər.
Cahangir Şirgəşt oğlu Cahangirov 1921-ci il iyun ayının 20-də Bakının Balaxanı kəndində anadan olmuşdur. Yeddiillik musiqi məktəbini bitirdikdən sonra 1937-ci ildə Teatr Texnikumunda təhsil almışdır. Üzeyir Hacıbəyli onu Azərbaycan Dövlət Filarmoniyasında yaratdığı xor kapellasına dəvət etmişdir. Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq kursunda oxumuş, 1940-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi şöbəsinə daxil olmuşdur. Ü.Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmiş, bəstəkarlıq ixtisası üzrə B.İ.Zeydmandan dərs almışdır. Müharibə illərində Cangir Cahangirov təhsilini yarımçıq qoymalı olmuş, yalnız 1951- ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.
O, 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Mahnı və Rəqs Ansamblının Xor qrupuna, 1942-ci ildə “Sazçı qızlar” ansamblına, 1944- 1960-cı illərdə isə Azərbaycan Radio Verilişləri Komitəsi nəzdindəki xora rəhbərlik etmişdir. 1949-cu ildə “Arazın o tayında” vokal-simfonik poeması, 1956-cı ildə “Dostluq nəğməsi” süitası, 1959-cu ildə “Füzuli”, 1973-cü ildə “Nəsimi” kantataları, 1962-ci ildə “Sabir”, 1984-cü ildə “Hüseyn Cavid - 59” və 1985-ci ildə yazdığı faşizm üzərində qələbənin 40 illiyinə həsr edilmiş “Böyük qələbə” oratoriyaları böyük uğur qazanmışdır. “Almas” (C.Cabbarlı), “Xəyyam” (H.Cavid), “Od içində” (Ə.Məmmədxanlı) və s. teatr tamaşaları ilə yanaşı, həmçinin, “Koroğlu” (1960), “Yenilməz batalyon” (1965), “Dağlarda döyüş” (1967), “Dəli Kür” (1969), “Qatır Məmməd” və s. filmlərinə də musiqilər bəstələmişdir. Onun “Azad” (1957 - M.İbrahimovun “Azad qız” povestinin motivləri əsasında) və “Xanəndənin taleyi” (1978) operaları, “Təzə gəlin” (1976) operettası, skripka ilə orkestr üçün konserti (1951), Azərbaycan Xalq çalğı alətləri orkestri üçün “Osetin süitası”, “Misir lövhələri”, xor üçün əsərləri, “Nazənin”, “Xəzər”, “Dan ulduzu, bir də mən”, “Ana”, “Zəriflik”, “Necə əl çəkim”, “Zərif gülüşlüm”, “Ana yurdum”, “Bahar olsun”, “Bakım” və s. mahnıları bu gün də Azərbaycanın misilsiz sənət əsərləri hesab olunmaqdadır. Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərə görə böyük bəstəkar 1950- ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1959-cu ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi”, 1963-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. 1978-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif edilmişdir.
Cahangir Cahangirov 1992-ci il mart ayının 25-də Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Nə qədər ki, dillər əzbəri olan musiqisi səslənməkdədir, böyük bəstəkarın xatirəsi heç vaxt unudulmayacaq.