Bakıda “DokuBaku” sənədli kino festivalı çərçivəsində sənədli kinonu özləri üçün peşə seçmiş gənc azərbaycanlı kinorejissorlar üçün “Doklad iSchool” ikinci onlayn təlim kursu başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalı AZƏRTAC-a istinadən xəbər verir ki, bu kurs “Goethe-Institut Baku” İnstitutunun, “Pitch the Doc” veb-platformanın, yüksək keyfiyyətli sənədli layihələrin birgə istehsalı üçün “Sunny Side of the Doc” beynəlxalq məkanın və “CinéDOC-Tbilisi” sənədli kino festivalının dəstəyi ilə təşkil edilib. Kurslarda təlim keçmək üçün müəllimlər qismində sənədli kino rejissorları və prodüserlər Mariam Çaçiya və Nik Voyt dəvət edilib.
Kursun müdavimləri mövzu axtarışından və ssenarinin yazılmasından başlamış, layihənin pitçinqdə müdafiəsinə və həyata keçirilməsinə qədər sənədli kinonun yaradılmasının bütün mərhələləri ilə tanış olublar. Kursun altı müdavimindən dördü – Anar Salahov, Aynur Kazımova, Natiq Əsgər və Zeynəb İsgəndər öz layihələrini uğurla müdafiə ediblər. Məzunlara bu kursu bitirmələri barədə diplomlar, habelə öz filmlərinin büdcəsinin əsası kimi kiçik məbləğdə pul mükafatı təqdim edilib.
“DokuBaku” festivalı və onun əsasında təşkil edilmiş onlayn təhsil kursu göstərdi ki, bu layihə klassik təlim rejimindən onlayn platformaya keçməklə asanlıqla adaptasiya edilə bilər. Layihənin müəllifləri qeyri-adi çeviklik və koronavirus pandemiyasının nəticəsi olan indiki şəraitə tezliklə uyğunlaşmaq qabiliyyəti nümayiş etdiriblər.
“Doklad iSchool” kursunun direktoru, “DokuBaku” Beynəlxalq sənədli kino festivalının həmtəsisçisi və direktoru İmam Həsənov deyib: “Sənədli film Azərbaycan əhalisini arasında populyar janr deyil. Ölkəmizdə çəkilmiş sənədli filmlərin əksəriyyəti kinematoqrafiyanın müasir tələblərinə uyğun gəlmir. Lakin layihə müəlliflərinin səyləri sayəsində məhz sənədli kinoya maraq göstərənlərin sayı ilbəil artır. Festival iştirakçılarının sayının artması, filmlərin nümayişində iştirak edən tamaşaçıların sayı, eləcə də sənədli kinonun yaradılması və prodüserliyi üzrə kursun müdavimlərinin sayı bu fikri təsdiqləyir. “Doklad iSchool” kursunu həqiqətən “DokuBaku”nun ilk böyük qələbəsi hesab etmək olar.
Qeyd etmək lazımdır ki, “Doklad” Azərbaycanda 2020-ci ildən bəri fəaliyyət göstərən ilk və hələlik yeganə beynəlxalq layihədir. Bu layihənin məqsədi hadisələrə özlərinin müstəqil baxışı olan yeni rejissorlar yetişdirmək, ümidverici gənclərin cəmiyyətdə işıqlandırılmayan problemlərini geniş auditoriyaya çatdırmaqdır.
Ümid edək ki, ölkəmizdə bu cür beynəlxalq layihələr davamlı olacaq.