Bu isti yay günlərində kino pavilyonlarında hərarət ikiqat duyulur. Belə ki, film çəkilişləri fasilə bilmədən davam etməkdədir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Məryəm” filminin çəkilişləri üzərində hazırda son tamamlanma işləri aparılmaqdadır. Şəkinin, Qaxın, Zaqatalanın və Balakənin gözəl təbiəti maraqlı bir filmin yaranmasına şahidlik edir.
Nə barədədir “Məryəm” filmi? Ekran əsərinin süjet xətti mühacirətdə yaşayan Məryəm adlı xanımın uzun illər sonra indiyədək ölmüş bildiyi atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar rayonda yerləşən psixiatrik xəstəxanada, çətinliklər içində tapan Məryəm yeni reallıqla üz-üzə qalır. Burda qalıb, əziyyətlərə qatlaşıb atasına yiyəlikmi etsin, onu dardanmı çıxarsın, yoxsa qayıdıb rahat həyatınımı yaşasın? Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan edir. Sonda, təbii ki, xeyir şər üzərində qalib gələ bilir.
Bəs filmin yaradıcı heyətinə kimlər daxildir? Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğludur. Baş rolu Təhminə Rafaella və Ayşad Məmmədov ifa edirlər.
“Ədəbiyyat və incəsənət” portalı filmin yaradıcılarının mediaya verdikləri açıqlamaya istinadən bildirir ki, filmin premyerasının 2022-ci ildə olacağı nəzərdə tutulub. Film bir sıra beynəlxalq festivallara göndərildikdən sonra şəhərin kinoteatrlarında nümayiş etdiriləcək.