BİRİ İKİSİNDƏ – Könül Məmmədovanın hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalınin “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Nəsr saatıdır, sizlərə Könül Məmmədovanın “Möcüzələr diyarı” hekayəsi təqdim edilir.

                                     

 

Kral həmişəki kimi saray əyanları, kral əshabələri, zadəganları ilə birlikdə dəniz qırağında səhər gəzintisində idi. Dalğaların ləpədöyənə, sonra da kralın əbasının ətəyinə dəyməsi, məiyyətini islatması heç kimi narahat etmirdi. Kral Qızıl Henri səltənətinə güvənib heç kimi sıxmırdı, sadə vətəndaşlar kimi azad və rahat yaşayırdı. Krallığında qoyduğu qayda-qanunu isə heç kim pozmağa cəsarət etməzdi. Bu, kralın qəddarlığından yox, ədalətindən irəli gəlirdi. Yeni doğan günəşin işığında kralın yaşıldan qəhvəyiyə doğru dəyişən ala gözləri dənizin üzündə cansız qalan qızı gördü. Kral qara saçlarının ön hissəsində xal kimi görünən sarımtıl saçlarını əli ilə axraya atıb, diqqətlə dənizə baxdı. Həyəcanla qızı dənizdən çıxartmağı əmr etdi. Əl-ayağa düşən əyanlar qızı dənizdən çıxartdılar. Kral ilk dəfə gözünü bir qızdan çəkə bilmirdi. Əyanlar kralın qıza baxdığını görüb daha da vəlvələyə düşdülər, bir-birlərinin qollarına vurub pıçıldaşdılar. Kralın istəyi ilə naməlum qızı ayıltmağa çalışdılar.

Möcücələr diyarının kralı Qızıl Henri 13 yaşında taxta çıxmışdı. Atası kral III Uzunsaçlı Lotharın illərlə uşağı olmurdu. Övlad həsrəti ilə yaşayan III Uzunsaçlı Lothar illərlə özünə baxmır, saçları uzandıqca uzanırdı, fikir etməkdən gözlərinin əti o qədər sallanmışdı ki, gözləri açıq olanda da yumulu görünürdü.  Kralın varisi yox idi deyə, hamının gözü var-dövlətində, hakimiyyətində idi.  III Uzunsaçlı Lotharın uzun saçlarını qınasalar da, bu saçlar ona döyüşlərdə uzun kəndir kimi kömək edirdi. 24 il sonra kral III Uzunsaçlı Lothar saçlarını kəsdi, oğlu Henri dünyaya gəldi. O, dünyaya gələndə ölkələrində möcüzə baş verdi. Bu ölkədə daha heç vaxt fəsil dəyişmədi. Həmişə yaz oldu. Elə o gündən günəşin qızılı şəfəqlərindən ilhamlanıb Henrini “Qızıl Henri” deyib əzizlədilər. Günəşin şüaları ölkədə kimsə xəstələndiyi vaxt batardı. O zaman möcüzələr diyarında yağış yağardı. Qızıl Henrinin 13 yaşı olanda ildırımlar çaxdı, yağış dayanmadan yağdı, qar yağanda atası böyrək çatışmazlığından dünyasını dəyişdi. Kralın yoxluğuna dözməyən kraliça həmin gün kral ilə əbədi qovuşdu. O gündən taxta çıxan kral Qızıl Henri ölkədə xəstələnməyi qadağan etdi. Heç bir ölkədən bu ölkəyə qonaq gələ bilməzdi, krallıqdan heç kim kənara çıxmazdı. Möcüzələr diyarının əhalisi 36 il idi həmişə yaz fəsli olan ədalətli ölkələrində şadlıq, bolluq, firavanlıq içində yaşayırdı. Hamı ölkə əhalisini ailəsi bilirdi. Tək dərdləri kral Qızıl Henrini evləndirmək idi. Kral indiyənə qədər heç bir qızın üzünə gülümsəməz, heç bir qıza elçi gözü ilə baxmazdı. Ta bu günə kimi...

 Kral Qızıl Henri ilk dəfə idi bir qızın üzünə baxıb gülümsədi. Bütün saray əhli həm sevinirdi, həm də sevincdən göz yaşlarını gizlədə bilmirdi. Kralın üzünə gülümsədiyi su pərisi kimi gözəl qız dənizdə boğulmuşdu. Sarayın təbibləri qızı ayıltmağa çalışdılar. Nəhayət, qız gözlərini açdı. Su pərisinin dəniz gözlərində öz əksini görən kral, gözünü o gözlərdən çəkə bilmirdi. İlk dəfə idi illlər sonra ölkəyə yad insan gəlmişdi. Ölkə əhalisi bundan narahat olmurdu, əksinə, xoşhal idilər. Ümid edirdilər ki, kral su pərsi ilə evlənəcək. 18 yaşlı su pərisi Abelya başına gələnləri nəql edib dedi ki, onun ata-anası yoxdur. Anası o, dünyaya gələndə dünyasını dəyişib, atası da bir qəza nəticəsində əbədi olaraq gözlərini yumub. Nənəsinin himayəsində böyüyən su pərisi Abelya dənizin dibindən yosunları yığarkən burulğana düşüb, sonrası yadında deyil. İndi gözünü bu diyarda açıb.

Kral əshabələri Abelyanı saraya gətirdilər. Abelya libasını dəyişib kral ilə bərabər şam etdi. Kralın ürəyindəki sevgini artıq hər kəs hiss etmişdi. Kral baş vəzirə bildirdi ki, Abelyanı möcüzələr diyarının kraliçası kimi görmək istəyir. Bu şad xəbər dildən-dilə gəzdi. Abelyanı kraliçalıq taxtına hazırlayırdılar. Qəfil Abelyanın temperaturunun yüksəlməsi, gözünün qızarması, qanlı nəfəsi hamını təşvişə saldı. İlk dəfə aşiq olan Kral bu xəbəri bilsəydi, Abelyanı krallıqdan uzaqlaşdıracaqdı. Əyanlar qərar verdilər ki, Abelyanı gizlədib sağaltmağa çalışsınlar. Abelyanı zirzəmidə gizlətdilər. Təbiblər Abelyanın dərdinə dərman tapa bilmirdilər. Təbiblərdən birinin də halı pisləşdi. Məlum oldu ki, Abelyanın xəstəliyi keçiçidir. Kralın sərt reaksiyasından qorxan əyanlar əl-ayağa düşdülər.  Bütün xəstəliklərdən uzaq olan təbiblər, kral əshabələri Abelyanın ölkəyə gətirdiyi Yustinian vəbasından da xəbərsiz idilər. Xəstəliyin səbəbi, bir millimetrdən kiçik olan, siçanların tükləri arasında gizlənən, uçucu bir həşəratın mədəsində ölümcül vəba bakteriyasını daşıması idi. Bu böcəklər ətrafdakı digər siçanların tükləri arasında uçaraq yerləşir, sürətlə çoxalırdılar və bu yoluxucu xəstəlik onlardan insana taun çöpü vasitəsilə keçirdi. 

Bir neçə gün idi krallıqda günəşsiz səhər açılırdı. Göy üzü tutqun idi, buludlar qaralmışdı.  Kral Qızıl Henri nə baş verdiyini təxmin edirdi. Amma öz səbrini basaraq əyanlardan cavab gözləyirdi. Abelyanın halı getdikcə pisləşirdi. Əl-ayağa düşən təbiblər nə edəcəklərini bilmirdilər, artıq özləri də xəstəliyin daşıyıcısı idilər. Nəhayət, çarəni qapılar arxasında gizlənməkdə tapdılar. Yağış yağmağa başladı. Əhali narahat idi, hamı bir-birinə şübhə ilə yanaşırdı. Kral krallığında ilk dəfə baş verən hadisədən təlaşlı idi, əsəblə o tərəf-bu tərəfə gedirdi. Qurtuluş yolu yox idi. Vəziyyəti bilən baş vəzir xəbəri krala çatdırdı. Kral beyni ilə ürəyi arasında savaşırdı. Ürəyi Abelyanın ölməyini istəmirdi, onun ölkədən getməsini də istəmirdi, amma beyni öz qoyduğun qanuna ilk özün əməl et deyirdi. Sarayda həyacan təbili çalındı. Təbiblər qaçaraq gəldi: “Artıq Abelyanın halı çox pisdir. Ona qulluq edən xidmətçi də, aşpaz da xəstələnib. Nə xəstəlikdisə, yoluxucu xəstəlikdir”.  Kral təcili qərar verməli idi: Abelya getsin, yoxsa qalsın. Əslində, qərar bəlli idi, amma kralın sevgisi imkan vermirdi ki, onu dilinə gətirsin. İki daş arasında qalan kral təkliyə çəkildi.  Göy üzünə zillənən ala gözləri tünd-qəhvəyi rəngə büründü. Gözündən axmayıb ürəyinə süzülən göz yaşlarını içində boğaraq məşvərət otağına gəldi. Kralın əmrindən əvvəl vəzirin çıxışı kralın narahatlığını daha da artırdı: “Kral həzrətləri, mən belə fikirləşirəm ki, Abelyanın dəniz vasitəsilə gəlişi bizim düşmənlərimizin işidir. İllərdir ölkəmizə gələ bilməyən düşmən içimizə xəstəlik salıb bizi zəiflətmək, işçi qüvvəmizi, əsgər sayımızı azalmaq istəyir. Sonra da hücum edib torpaqlarımızı zəbt etmək niyyətindədir”.  Vəzirin dedikləri kralın beyninə batdı, ürəyinə daş basaraq casusun edamına əmr verdi və yenə otağına çəkildi. Hər kəs kral Qızıl Henrinin əzab çəkdiyini bilirdi, amma heç kim cürət edib bir kəlmə danışa bilmirdi. Edam anında cəlladın əlləri qızdırmadan titrəyib yerə yıxıldı, artıq cəllad da Yustinian xəstəliyə yoluxmuşdu. II cəlladın vəzifəsi qəddarlıq olsa da ürəyi çox yuxa idi, kralını dünyada hər kəsdən çox sevirdi. Kralın sevdiyini öldürməyə əli gəlməyən II cəllad tələsik Abelyanı krallığın ən ucqar nöqtəsinə – dağ zirvəsindəki qalaya apardı. Hər kəsə dedi ki, Abelyanı öldürdüm, basdırdım.  Kralın artıq üzü gülmürdü, gözündən tökə bilmədiyi yaşlar yağış damlaları kimi buluddan torpağa tökülürdü. Xəstəliyin yoluxma sayı günü-gündən artırdı. Bu vaxt krallığa gələn məktub Kralın iztirabını daha da artırdı. Məktubda buyrulurdu: “Əziz kral Qızıl Henri həzrətləri, ölkənizə giriş-çıxış qadağası olsa da, bildirmək istəyirik ki, dünyada ölümcül Yustinian vəbası yayılıb. Əhalinizi hər ehtimala qarşı qoruyun. Siz insanlara giriş-çıxışa qadağa qoya bilərsiz, amma böcəklərə, siçovullara, siçanlara yox”. Kral aldığı məktubdan sonra özünə gələ bilmədi. Yemir, içmir, verdiyi qərara görə əzab çəkirdi. Abelyanın, sevdiyi ilk qadının edamına nahaq qərar vermişdi. İlk dəfə verdiyi ədalətsiz qərar ilə barışa bilmirdi. Saray əhli də,  əhali də kral qədər məyus idi. Vəzir kralın hüzuruna gələrək üzr istədi. Artıq heç bir üzr krala kömək edə bilməzdi, nə etmək olardı, olan olmuşdu. Kralın susqunluğu vəzirə cavab idi. Kral bir insan qarşısında susurdusa, o adam ölkəni tərk etməli idi. Vəzir də cavabını almışdı.

Kral yaman dərdə düçar olmuşdu. Bir yandan sevdiyinin həsrəti, bir yandan da ölkəsində xəstəliyin günü-gündən artması. Bütün təbiblər xəstəliyə dərman axtarırdı. Bu vəziyyətdə tək xoşbəxt olan II cəllad idi. O, Abelyanın sağ olmasına sevinirdi, amma cəsarət edib krala deyə bilmirdi. Artıq kral da yoxlucu xəstəliyə tutulmuşdu.

Abelya da vicdan əzabından qovrulurdu. Möcüzələr diyarına gətirdiyi xəstəliyin qurbanları dayanmadan artırdı. Abelya səbəb olduğu xəstəliyə dərman tapmaq istəyirdi. II cəlladın da xəstəliyə yoluxması onun istəyini daha da artırdı. II cəllad onun gözü qarşısında əriyib gedirdi. Abelya qızdırma içində yansa da cəsarətini toplayaraq ayağa qalxdı. Dağ başında olan şəfalı otlardan dərman düzəltməyə çalışdı.  Düzəltdiyi dərmanları cəlladın üzərində sınayırdı, amma bir nəticə yox idi. Abelya məyus olsa da, dərman axtarmağa davam edirdi. Cəllad kralın ölüm ayağında olduğunu eşidib tez saraya gəldi. Fikirləşdi ki, Abelyanın sağ olduğunu desə, kral bəlkə, sağalar. Amma yağan qar cəlladın son sözünü ürəyində qoydu.

Kralın halı saatbasaat pisləşirdi. O, Abelya deyib sayıqlayırdı. Baş vəzir dünya təbiblərini gətirsə də, kralın dərdinə çarə tapılmırdı. Bu vaxt saraya gələn Abelya hər kəsi təəccübləndirdi. II cəlladın yalanı üzə çıxdı, ilk dəfə əhali bir yalana sevindi. Kralın otağına daxil olan Abelya ona heyrətlə baxdı. Toqquşan baxışlardan ətrafa qığılcımlar səpələndi. Kral Qızıl Henri isə elə bildi ki, havalanır, gözünə adam görünür. Abelya ona toxunanda yerindən dik atıldı. Abelyanın sağ olduğuna inana bilmirdi, onun əlindən tutub son nəfəsinədək dəniz gözlərinə baxmaq istəyirdi. Abelya bu vaxt çantasından sonuncu düzəltdiyi dərmanı çıxarıb kralın dodaqlarına sürtdü. Kralın can verdiyini görən Abelya göz yaşları içində qaşıq-qaşıq dərmanın hamısını ona verdi. Qəfil kralın gözündə işıqlar parlamağa başladı. Dərman kralı sağaldırdı. Abelya xəstəliyə çarə tapdığına, kralın sağaldığına elə sevindi ki, ilk öpüşünü kralın dodağına qondurdu.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.