Super User

Super User

 

 “Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərin təqdimatını yekunlaşdırır.

 

 

İbrahim Malik oğlu Vəlizadə

 

Şəhid İbrahim Malik oğlu Vəlizadə 1997-ci ildə aprelin 2-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

2018-ci ildə Ali Hərbi məktəbi bitiribdikdən sonra leytenant kimi Xüsusi Təyinatlılar Bölüyündə xidmətə başlayıb. Müharibə başlayan gündən ön sıralarada döyüşən qəhrəmanımız Murovdağ, Suqovuşan istiqamətində bir çox yerlərdə döyüşüb. Murovdağa ilk bayraq sancanlardan olub.

Oktyabr ayının 6-da Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşını çıxararkən, snayper gülləsinə tuş gəlib. Qarın nahiyəsindən, sonra isə başından vurulub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, İbrahim Malik oğlu Vəlizadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması” medalı və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif olunub. Ailəlidir, bir övladı var. Övladına şəhid Fərid Əhmədovun adını verib.

Şəhid İbrahim Vəlizadə oğlu dünyaya gələndən sonra onu cəmi bir dəfə görüb. Şəhidlik zirvəsinə ucalmamışdan əvvəl həyat yoldaşına “Kaş oğlumu bir dəfə də qucaqlaya, öpə biləydim”, – deyib. Vətənə olan sevgisi toyunda da özünü göstərib. Şadlıq sarayına "Vağzalı" ilə deyil, Azərbaycanın Dövlət Himni ilə daxil olub, başları üzərindən Azərbaycan bayrağını asdırıb.

Oktyabrın 6-da şəhid olan qəhrəmanımızın nəşi noyabrın 30-da yoldaşının ad günündə ailəsinə təhvil verilib.

 

Salam, igid, qəhrəman,

Salam, cənab leytenant.

Sən şəhid Vəlizadə,

Mən şair Elşad Barat.

 

Şad oldum tanışlığa,

Necədir fəsillərin?

Yazın, qışın necədi?

Göz yaşıyla yuyulmuş

Məzar daşın necədi?

 

İndi and içiləndə

Şəhidlərin ruhuna,

Vətənə and içilir.

Şəhidlərin məzarı

Lap uzaqdan seçilir.

 

Seçilir şəhidlərin

Vətənə məhəbbəti.

Seçilir vətən eşqi,

Qəlbinin həraraəti.

 

Vətən sənin balana

Balası kimi baxır.

Bircə dəfə gördüyün

Oğluna sahib çıxır.

 

Bu torpaqda hamıdan

Çox sizin haqqınız var.

İndi sizin ailəniz

Vətənədir yadigar.

 

Bilirəm ki, bilirsən,

Görürsən olanları.

Zəfər çaldı ordumuz,

Daha yerdə qalmadı

Şəhidlərin qanları.

 

 

 “Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

 

 

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bəlkə də bu gün onu ailəsindən, qohumlarından və dostlarından başqa anan tapılmayacaq. Axı nomenklaturada onun adı olmayıb vaxtı ilə. 

Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub,  onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında – düz 71 il öncə Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub. Və biz bu gün Adil Mirseyidi böyük hörmətlə anır, quruluşların, hakimiyyətlərin fövqündə dayanan bu fövqəlinsana Allahdan rəhmət diləyirik. Ruhunuzu hönkürdəcək bir şeirini də sizlərə ərməğan edirik:

Bəzən vağzallarda qatar gecikir

hardasa dağlarda bahar gecikir

gecikmiş məhəbbət romanları var

aynada xatirə dumanları var

 

mən şeir yazıram gecə yarısı

sancır ürəyimi bir bal arısı

ağlama gözünün yaşlarını sil

gecəyə qar yağır umrumda deyil

 

hanı rahatlığım dincliyim hanı

o qafası sərxoş gəncliyim hanı

mən sənin ömründən çıxıb gedərəm

alnıma bir güllə sıxıb gedərəm

 

pəncərə önündən bir kölgə keçir

mənim gümanımdan bir bəlkə keçir

çox uzun bir gecə dekabr ayı

sanki gülümsəyir oyuncaq ayı

 

gəl otur yanımda səssiz sədasız

ayrılaq bu gecə qansız qadasız

son dəfə bir şeir oxuyum sənə

hər şeyi təzədən başlayaq yenə.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Gərək bu cür sənətkarlar əsla unudulmasın. Əliövsət Şirəli oğlu Sadıqov 1906-cı il dekabr ayının 21-də Şəkidə anadan olub, mədrəsədə təhsil aldıqdan sonra atası ilə birgə Şəki İpək fabrikində çalışıb. 1926-cı ildə məşhur xanəndə Hüseynqulu Sarabski Şəki ipək fabrikində zəhmətkeşlərin qonağı olarkən fabrikin rəhbərliyi 20 yaşlı usta Əliövsəti ona təqdim edib, Əlövsər “Bəh-bəh” xalq mahnısını necə oxuyubsa Sarabski onu Bakıya dəvət edib. Bu hadisə Əliövsətin həyatında önəmli dönüş yaradıb, Bakıya gələn Əliövsət ustad sənətkarlar M.Maqomayev və C.Qaryağdıoğlunun rəyi ilə Opera və Balet Teatrına qəbul olunub, Azərbaycan Dövlət Konservatoriyasında da vokal dərsi alıb. 1930-cu ildən muğam operalarında baş rolların mahir ifaçısına çevrilmiş Əlövsətə şöhrəti M.Maqomayevin “Şah İsmayıl” operasında oynadığı Şah İsmayıl obrazı gətirib. Tamaşadan sonra böyük Maqomayev “Mən əsl Şah İsmayılı tapdım” deyərək Əlövsəti ürəkdən təbrik edib. 1963-cü ilə qədər Əliövsət Sadıqov Azərbaycan operasının səhnəsində görkəmli sənətkarlarımız Həqiqət Rzayeva, Rübabə Muradova, Gülxar Həsənova və başqaları ilə çiyin-çiyinə çalışaraq opera sənətimizi inkişaf etdirib, gənc nəslə örnək olub. Ə.Sadıqovun oxuduğu parçaların lent yazıları Azərbaycan radiosunun Qızıl Fondunda, Azərbaycan Dövlət Səs Yazıları Arxivində mühafizə edilir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, 1940-cı ildə “Əməkdar artist”, 1956-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2 dəfə “Şərəf nişanı”ordeni və medallarla təltif edilib. 1971-ci il noyabr ayının 17-də vəfat etmiş müğənni II Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Ümummilli lider Heydər Əliyevin Uğur mövzusuna uyğun olan aforizmlərini də nümunə gətirmək istəyirəm:

 - Kim ki, biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur;

 - Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma məhz öz yerini, özünəməxsus olan yerini tapmalıdır;

 - Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyil.

 - Bir hadisənin qarşısını almaq – o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.

Heydər Əliyevin bir fikri isə, məncə sabaha ümidi olmayan şəxslərə əsl töhfədir: «İnsan həmişə ümidlə yaşamalıdır. Hətta ən ağır anında belə sabahkı xoş günə olan ümidi onu tərk etməməlidir».

 

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyev 24 yaşında xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifa­qının Hərbi vətənpərvərlik şöbəsinin müdiri vəzifəsini qazanıb, ikinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada müqavimət hərəkatında iştirak etdikdən sonra 1946-1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda təhsil alıb, 1958-1963-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında redaktor vəzifəsində çalış­ıb, 1963-1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işlə­yib. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azər­baycanlı döyüşçülərin Avropa müqa­vimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. “Mübahisəli şəhər”, “Şor cüllütü”, “Əncir ağacı”, “Mə­nə “sən” de”, “Çörək” kimi məşhur əsərlərin müəllifidir. Müasir nəsrimizdə müharibə möv­zusunun görkəmli nümayəndəsi olan yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub.  Yazıçının 1966-cı ildə çap olunmuş “Düyünlər” romanı Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən bəhs edən ilk irihəcmli əsər­lərdəndir. 1976-cı ildə əmək veteranı, 1981-ci ildə müharibə veteranı olan yazıçı 1967 və 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəxri fərmanına, 1977-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb, 1984-cü ildə “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunub.

Süleyman Vəliyev 1996-cı il mart ayının 7-də Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

Cümə axşamı, 21 Dekabr 2023 10:00

İlin ən qısa günü, Krossvord və Türkmənbaşı

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Bu günün – 21 dekabrın əsas hadisələrini diqqətinizə çatdırıram.

İlin ən qısa günü

Təqvim üzrə gecənin ən uzun, gündüzünsə ən qısa olduğu bu 21 dekabr günü insan özünü nə qədər kədərli hesab etsə də bir təsəllisi də var, sabahdan etibarən gündüzlər uzanacaq, gecələr qısalacaq. Üzü bahara doğru gedəcəyik.

 

Krossvordun yaranışı günü

1913-cü ilin 21 dekabr günündə Nyu-Yorka Liverpuldan mühacirət etmiş jurnalist Artur Uinn tarixdə ilk dəfə sözləri damalara salaraq onları horizontal və vertikal yerləşdirməklə uzlaşmalarını təmin etmiş, kəşf etdiyi nəsnəyə “cross word puzzle” adını qoymuşdur, 32 sözlük ilk krossvord “Nyu-York uorld” qəzetində dərc edilmişdir. Sirr deyil ki, indi krossvord ən maraqlı məşğuliyyətlərdən hesab olunur, onun skanvord növünün Azərbaycanda necə populyar olmasını təsəvvür etmək üçün bir yolunuzu Binə və Sədərək yarmarkalarına salın, mallarını satanların əksəriyyətini qəzetə sarı əyilib baş sındıran görəcəksiniz. Onları təbrik etməyəkmi?

 

Fənər günü

Qaranlıqda irəliləmək üçün olduqca lazımlı bir vasitə olan fənərin də ayrıca günü varmış. Amma ağıllı telefonlar həm kompüteri, telefonu, televizoru, radionu, həm kinoteatrı, yaddaş kitabçasını, kalkulyatoru, həm kitabı, fotoaparatı, videokameranı əvəzlədikləri kimi fənərin də funksiyalarının götürüblər, indi bircə dənə ayfon görün bir nələrə qadirdir. Güman ki, tədricən adlarını çəkdiyimiz cihaz və əşyalar büsbütün arxaikləşəcəklər. Bax onda insanlar Fənər günündə qaranlığa işıq saçmaq üşün ulu babalarının gəzdirdikləri əl fənərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər.

 

Və digər əlamətdar hadisələr

Bu gün Şərqi Asiyada Dunçji festivalına start veriləcək, ilin ən uzun gecəsi münasibəti ilə düzənlənir bu festival. Farsdilli ölkələrdə - İran, Tacikistan və Əfqanıstanda isə Şəb-e Yalda festivalı başlayacaq, bu festival da “ən uzun və ən zülmət gecənin” şəninə həsr edilir. Türkmənlər öz mərhum ataları Saparmurat Atayeviç Niyazovun xatirə gününü qeyd edəcəklər. Məmurlara əlini öpdürən, özünü türkmənlərin atası adlandıran bu şəxs tarixin ən avtokrat rəhbərləri sırasında layiqli yer tutmaqdadır. O ki qaldı amerikalılara, onlar Milli qızardılmış krevetka gününü bayram edəcəklər.

2012-ci ilin bu günündə YouTube-da ilk dəfə hansısa videoklipə baxış sayı 1 milyard dəfəyə çatmışdı, bu, cənubi koreyalı ifaçı PSY-nin “Gangnam Style” klipi idi. 2007-ci ildə postsovet ölkələrindən xoşbəxt üçlük – Latviya, Litva və Estoniya Şengen zonasına daxil olmuşlar. 1991-ci ilin bu günündə Azərbaycan Ukraynanın müstəqilliyini tanımışdır. Demokratiya sevənlər, xəbəriniz olsun ki, 1967-ci ilin bu günündə gürcülərin 3-cü prezidenti olmuş və hazırda həbsdə yatan Mixail Saakaşvili dünyaya gəlib. 1937-ci ildə Hollivudda ilk tammetrajlı cizgi filminin premyerası baş tutub, “Ağbəniz və yeddi qnom” filmini düz 750 rəssam ərsəyə gətirmişdi. 1846-cı ildə şotland cərrah Robert Liston tarixdə ilk dəfə əməliyyat zamanı narkozdan istifadə edib. 1824-cü ildə isə Parkinson xəstəliyini kəşf etmiş ingilis həkim Ceyms Parkinson dünyadan köçüb.

 

Talesiz rəssamın və bəxtsiz şairin elegiyası

Bu gün mərhum şair və rəssam Adil Mirseyidin doğum günüdür. Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub,  onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub. Onun barəsində bir azdan ayrıca yazı təqdim edəcəyəm.

 

Bu gün yazıçı Süleyman Vəliyevin doğum günüdür

Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyevin də bu gün doğum günüdür. Onun barəsində də ayrıca yazı təqdim edəcəyəm.

 

Məşhur opera müğənnisi Əlövsət Sadıqovun da doğum günüdür

Gərək bu cür sənətkarlar əsla unudulmasın. Onun barəsində isə əməkdaşımız Könülün ayrıca yazısı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) əsas prioritet məsələlərindən biri də film nümayişlərini təşkil etməkdir. Bu sahədə əsas məqsəd yerli kinorejissorların filmlərini nümayiş etdirməklə onlara dəstək olmaq, yeni xarici filmləri tamaşaçılar üçün əlçatan etmək və tamaşaçılarda film müzakirəsi ənənəsini formalaşdırmaqdır.

 

AKİ-dən AzərTAC-a bildirilib ki, bu il ərzində “Visla” Polşa film festivalı ilə əməkdaşlıq çərçivəsində 6 tammetrajlı bədii film, İsveç Krallığının Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində isə 4 tammetrajlı bədii film nümayiş olunub.

Azərbaycan kinosunun 125, “Azərbaycanfilm”in 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illik yubileyi münasibətilə keçirilən film nümayişləri də maraqla qarşılanıb.

2023-cü ilin ilk nümayişində “Səadət sorağında üç qəhrəman” başlığı adı altında üç qısametrajlı sənədli film – Elvin Aşirovun “Eviniz haradadır”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Aynur Kazımovun “Unudulmuş arzular” yer alıb.

Fevral ayında İlkin Yusifin “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filmi, Arif Babayevin 95 illik yubileyi münasibətilə “Gün keçdi” bədii filmi, “Ən yeni tariximiz kinoda” başlığı altında Qulu Əsgərovun “Hasar”, Əli-səttar Quliyevin “Mən qardaşımı axtarıram”, Rüstəm Babazadənin “Son payız” qısametrajlı bədii filmləri və Nikita Mixalkovun “Şahidsiz” tammetrajlı bədii filmi Azərbaycan dilində dublyajla nümayiş olunub. Həmçinin Elmar İmanovun “Ayrı-ayrı” və “Tabutçunun yelləncəyi” bədii filmləri martda nümayiş edilib. Aprel ayında İlqar Nəcəfin “Suğra və oğulları” və İsmayıl Səfərəlinin “Balıqçının qızı” tammetrajlı bədii filmlərinə yer ayrılıb.

Cari ilin mayında tanınmış rejissor, Xalq artisti Oktay Mirqasımın 80 illik yubileyi münasibətilə “Günaydın mələyim” tammetrajlı bədii filmi tamaşaçılara təqdim olunub.

Rejissor İlqar Safatın “Sahə”, Andrey Tarkovskinin “Güzgü” tammetrajlı bədii filmləri isə yay aylarında göstərilib.

İlin yeni mövsümündə “Üç evin hekayəsi” başlığı altında Amil Amalın “Vulkan üzərində ev”, Kamal Müşfiqin “Motivator”, Leyla Qənbərlinin “Qırmızı ev” qısametrajlı sənədli filmləri (sentyabr), Şirin Əhmədovun “Qütb ulduzu”, Elnur Paşanın “Yalnız məzar” qısametrajlı bədii filmləri nümayiş olunub.

Bu ilin son aylarında AKİ tərəfindən Tofiq Ağazadənin “Yeddi oğul istərəm” tammetrajlı bədii filmi, “Sənədli film gecəsi” başlığı altında Elvin Aşirovun “Gülyetərin qayıdışı”, Pərviz Həsənovun “Fəsillər”, Orxan Adıgözəlovun “Nigaran” qısametrajlı sənədli filmləri və Rəşad Babayevin “Biletsizlər” tammetrajlı bədii filmi nümayiş edilib.

 

 “Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

Mənzil-qərargahı ABŞ-ın Minneapolis şəhərində yerləşən East View kompaniyası son illərdə Rusiya nəşriyyatlarında kitabları işıq üzü görmüş 19 yazıçının kitablarını, o cümlədən Azərbaycan yazıçısı Varisin kitablarını (“AMİN” və “Yanvarın 13 günü”) planet üzrə yaymaq üçün yayım hüququ əldə etmişdir.


“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, East View İnformation Servises – ingilis dilində və əcnəbi dillərdə (Çin, yapon, rus, ukrain və ərəb) informasiya məhsullarını realizə edən ən nüfuzlu kompaniya olaraq dövri çap nəşrlərini, kitabları və DVD-diskləri yaymaqla məşğuldur və 30 ildir ki, dünya üzrə yüzlərlə kitabxanalara xidmət edir, akademik cəmiyyətlərlərin, elmi, korporativ və dövlət strukturlarının təhqiqat tələbatlarını ödəməklə unikal kontent və texnologiyalar təqdim edir.

Varisin yazıçı dostu Əlibala Məhərrəmzadə ilə birgə yazdığı “AMİN” romanı (2021-ci ildə Moskvada, İSP nəşriyyatında 5000 tirajla ilk dəfə nəşr edilib, 2023-cü ildə təkrar nəşr edilib) 30 illik dövr ərzində Qarabağ müharibəsi barədə  Rusiyada nəşriyyat hesabına çıxan hələ ki, azərbaycanlı yazıçıya aid yeganə romandır.

Varisin “Yanvarın 13 günü” romanı isə (2016-cı ildə Moskvada, İSP nəşriyyatında 5000 tirajla ilk dəfə nəşr edilib, 2020-ci ildə təkrar nəşr edilib) bir-biri ilə əlaqəsi olan 13 hekayətdən ibarətdir ki, 2016-cı ildə Moskva Ədəbiyyat Mükafatını qazanmış bu romanın bir hekayətində Şuşanın ermənilər tərəfindən işğal olunması, bu işğal nəticəsində yüzlərlə tarixi abidənin, məktəb və kitabxananın dağıdılması, hətta dünyada yalnız Şuşada bitən xarı-bülbül çiçəyinin işğaldan sonra daha açmaması təsirli boyalarla əks etdirilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bəli, bir vaxtlar bütün dünyaya “mənim torpaqlarım işğal edilib” deyərək tarixi torpaqları bir yana, müstəqillik dövrü sərhədlərindəki 90 min kvadrat kilometrlik ərazindən itirdiyi 20 minin təəssübünü çəkən Azərbaycan indi öz sərhədlərini bərpa da edib, üstəlik, bir vaxtlar sahib olduğu tarixi torpaqlarına da ən azı mənəvi iddia etmək istəyini ortaya qoyub. Əsl metamorfoz. 

 

Şərqdə İrəvan, Göyçə, Zəngəzur var, Borçalı var, şimalda Dərbənd var, mənəvi iddiamız yetən torpaqlardır bunlar, cənubda isə tam iddia edəcəyimiz, başkəndi Təbriz olan Güney Azərbaycan var. Və yəqin ki, “21 Azər” sözləri sizə nələrisə deyir. Bu səhər mənim diqqətimi bir xəbər çəkdi. Niderlandın Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) “Qarabağ” idman klubunun ofisində “21 Azər hərəkatı”na həsr olunmuş tədbir keçirilib, tədbirdə Niderlandda fəaliyyət göstərən Azərbaycan və türk Assosiasiya və icmalarının üzvləri iştirak ediblər. “21 Azər hərəkatı”na dair film nümayiş olunub, 

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov çıxış edərək “21 Azər hərəkatı”nın xalqımızın tarixinin mühüm hissəsi olduğunu vurğulayıb.

BAK sədrinin müavini Sima Cəfərova isə XX əsrdə Cənubi Azərbaycanda baş verən mühüm ictimai-siyasi proseslərdən söz açaraq, “21 Azər hərəkatı”na qədər Səttarxan, Xiyabani və digər milli oyanış hərəkatının tarixini xatırladıb. Digər çıxışçılar da “21 Azər hərəkatı”nın Azərbaycanın milli mübarizə tarixində mühüm yer tutmasından danışıb, Azərbaycan Milli Hökumətinin mühüm xidmətlərindən söz açıblar. Çıxışlarda Azərbaycan xalqının tarixində mühüm yer tutan “21 Azər hərəkatı” ilə yanaşı, digər milli mübarizə hərəkatlarından, 44 günlük Vətən müharibəsindən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən də geniş bəhs olunub.

Tamam. Bu yerdə nöqtə qoyaq. “21 Azər hərəkatı” barədə informasiyalar Avropayanın gündəminə daşıdılır. İran rejimindən bezən demokratik Qərbə bir ipucu verilir. Bu, böyük prosesin bir başlanğıcı olsun! Allah köməyimiz olsun! 

 

Şəkildə: 21 Azər hərəkatı günləri (qapaq); Rotterdamdakı tədbirdən (iç).

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı cari il ərzində səhnələşdirdiyi tamaşaların toplusunu hazırlayıb.

 

Bu barədə AzərTAC-ın Tbilisi bürosu xəbər verir. Xəbərdə deyilir ki, “Heydər Əliyev İli”nin yekununa həsr olunmuş “Teatr axşamı”nda toplu tamaşaçılara təqdim edilib.

Tamaşalar toplusunun təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, mədəniyyət və incəsənət xadimləri, iş adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Teatrın bədii rəhbəri və tamaşaların quruluşçu rejissoru Turqay Vəlizadə deyib ki, tamaşalardan ibarət toplunu hazırlamaqda məqsəd Ulu Öndərin adını daşıyan teatrın kollektivin “Heydər Əliyev İli”nə töhfə verməsidir.

Səfir Faiq Quliyev çıxışında Ulu Öndərin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı rolundan, teatr, mədəniyyət və incəsənət ustalarına qayğısından danışıb. Bildirib ki, ölkələrimiz arasındakı münasibətlər bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf edir.

Diplomat Tbilisinin mərkəzində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni binanın inşası məqsədilə torpaq sahəsinin ayrıldığını xatırladıb.

Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, onun mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib.

Sonra teatrın aktyorları Mixail Bulqakovun “Morfi” əsərinin, Pərvin Nurəliyevanın “Mən öləndə ağlama”, A.Çexovun “Ayı", Tamaz Badzağuanın "Pəncərənin o biri tərəfi” və digər əsərlərin motivləri əsasında hazırlanmış tamaşalarından hissələr təqdim ediblər.

Tamaşalarda rolları teatrın aktyorları Nərmin Həsənova, Nəriman İsfahanlı, Fuad İsfahanlı, Mədinə Həsənova, Leyla Qasımova və Turqay Vəlizadə oynayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.