Super User

Super User

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu gün növbəti dəfə sizlərə bir pedaqoq təqdim edirəm. Xatirə Həsənovanı. Düşünürəm ki, bu maraqlı həmsöhbətlə söhbətim sizlərin də marağına səbəb olacaq. 

 

-Salam Xatirə xanım! İlk öncə özünüz haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirəm.

 

-Mən Həsənova Xatirə Qələmşah qızı. Siyəzən rayon sakini. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu. 19 ildir ki , pedaqoji fəaliyyətlə məşğulam. Siyəzən şəhər şəhid Rasim Ramazanov adına 5 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışmağımın 18 ili tamamdır. Bu illər ərzində  Pedaqoji fəaliyyətimdə heç bir qüsura yol verməmiş, rayon təhsil şöbəsi tərəfindən dəfələrlə fəxri fərmanla təltif olunmuşam. Fəaliyyətimdə öncüllük ilk növbədə cəmiyyət üçün mükəmməl şəxsiyyət, vətənpərvər vətəndaş və mükəmməl mütəxəssis yetişdirməkdir.

 

-Texnologiyanın, süni intellektin həyatımızda rolu haqqında fikirlərinizi bilmək istərdik.

 

-Texnologiya mənim həyatımın əsas hissəsini təşkil edir, süni intellekt isə dünyada baş verən digital transformasiyanın əsas parçalarından biridir. Dinamik inkişafda olan cəmiyyətdə rəqəmsal olmadan yaşamaq artıq mümkünsüzdür. Mütləq ki, hər bir sahədə müsbətlər olduğu kimi mənfilər də var. O, cümlədən İKT-nin də. Hər şey normada faydalıdır. Nizami Gəncəvi demişdir: 

 "Bir inci saflığı varsa da suda, 

Artıq içiləndə dərd verir o da"

 

-Bir pedaqoq olaraq müasir gənclik, onların hal-hazırdakı mütaliə səviyyəsi sizi qane edirmi?

 

-Müasir gənclik artıq Zet nəsli mərhələsini  keçərək, Siqma nəslidir. Bu çox sevindirici haldır. Artıq yeni nəsil müasir dövrün tələbi olan müasir elmlərə yiyələnir. Dünya təhsil sisteminə inteqrasiya edirik. Amma özülü möhkəm olmayan bir bina nə qədər uca olsa belə  ilk zərbədə təhlükəli ola bilir. Mükəmməl şəxsiyyət hərtərəfli, İntellektual, Məsuliyyətli, Uzaqgörən, Fikrini faktlarla mükəmməl çatdıran olmalıdır. Bunların hamısının yolu mütaliədə kəsişir. Əfsus olsun ki, gəncliyimizin mütaliəyə marağı məni qane etmir.

 

-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra  üstünlük verirsiniz?  

 

-Mən hər zaman oxuyuram. Əsasən dram, fantastika, poetik, triller janrına daha çox üstünlük verirəm.  Poetika ruhumu, dram dünyanı, fantastika xəyallarımı, triller isə artan həyəcan, təlaş, sürpriz, intizar hislərimi qidalandırır ki, hər əsərdən sonra baxış bucağımda fərqi hiss edirəm.

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Kitab oxumaq gözəl fəaliyyətdir. Amma bunu vərdişə çevirmək üçün hədəf təyin etmək lazımdır. İnsan hər zaman hədəfə doğru addımlayır. Bu vərdişi qazanmaq üçün ilk növbədə hazırkı maraq dairəsinə uyğun, kiçik ölçülü və həcmli, rahat daşına biləcək kitablardan başlamalı, diqqətimizi çəkən hissələrin altından xətt çəkməli , gündəlik səhifə hədəfi seçib hər gün artırmalı və s. - mən belə düşünürəm.

 

-Bir pedaqoq olaraq gənclərə hansı məsləhətlərinizi verərdiniz?

 

-Gənclər şüurlu seçim edərək addım atsınlar, daxili potensiallarını nəzərə alaraq peşə seçib, hansı sahədə olmalarından asılı olmayaraq peşəkar olsunlar. Ədalətli,  dürüst, mərhəmətli olub, Allahı unutmadan şəxsi inkişaflarına yol açan cığırlardan keçib düz yolda addımlasınlar.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Çərşənbə, 20 Dekabr 2023 16:30

Əsrin oğurluğu - SSENARİ

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 

31 dekabr, saat 08:00.

Telefona zəng gəlir...

+ Alo

- Alo, rəis üzürlü sayın bu vaxtı narahat edirəm. Amma, təcili gəlməlisiniz. 

+ Niyə ? Nə olub ? 

- Şəhərdəki marketlərin birində soyğun hadisəsi baş verib. 

+ Yaxşı, siz nəzarətdə saxlayın mən gələnə qədər, heç kəs müdaxilə etməsin birazdan gəlirəm. 

                          

Saat 08:15

“Yeni il  günü də heç market soyarlar ?! Durum hazırlaşım... Nəysə, gedək görək bu gün başımıza nə gəlir”

 + Əzizim, çay süz içim, getməliyəm təcili.

- Hara belə? Hələ vaxta var axı.

+ Deyir, marketlərin birində soyğun olub, getməliyəm. Yenə hansısa adam nəfsinin ucbatından özünü bədbəxt eliyib. 

- Yazıq kişi... Heç olmasa bir tikə çörək yeyərdin. Bu arada, yəqin ki, məzuniyyət götürüb gedəcəyik də Parisə. Mən bunun üçün hətta pul da toplamışam. Atam, qardaşımgil də yeni ilə görə bir az köməklik edib. Deyiblər, gedin istirahət edin. Bir sözlə, əla bir tətil keçirə bilərik. Hə, əzizim nə deyirsən ?

+ Əlbəttə, gedərik. Parisə gedərik, sevgililər şəhərinə... Məndə də kartda maaşdan  yığışıb qalan pulum var, bu gün üçün az istifadə edirdim, toplayırdım. Nəysə, bu günü yola verək, görək sonra bu barədə danışarıq.  

- Yaxşı. Yaxşı yol sənə, diqqətli ol. 

 

Saat 09:06 İş yeri

+ Hə, gətirin görək nəyimiz var, nəyimiz yox. 

- Deməli belə, cənab kapitan ! Hadisədən sonra, təhlükəsizlik kameralarına baxdıq, araşdırma etdik. Hadisə təxminən gecə  saat 04:15 radələrində baş verib. Marketdən sadəcə, pul oğurlanıb, başqa heç nəyə  ziyan verilməyib. Özü də maraqlısı burasındadır ki, kassada 8.500 AZN məbləğində pul olub, amma oğru sadəcə, 3300 manat götürüb. Nə bir  qəpik çox, nə də bir qəpik az. 

+ (Gülümsəyərək) Hə, nədi indi deyirsən ki, oğru insaflı çıxıb? Yaxşı bəs sonra, tuta bilmisiniz bəs həmin oğrunu ? Zərərçəkənlə necə danışıq aparmısınız ? Hadisə şahidlərini necə, onların izahatları alınıb ?

- Əlbəttə, cənab kapitan. Zərərçəkənlə də danışıq aparmışıq, şahidlərlə də görüşüb izahatlarını almışıq. İşin digər maraqlı tərəfi burasındadır ki, oğru elə həmin marketdə işləyirmiş. Marketin müdiri ilə bu barədə danışıq apardıq, amma bir şey öyrənə bilmədik. Dedi ki, son vaxtlar gərgin, əsəbi görünürmüş. Yalandan gerçəkdən bir sözlər dedi, amma inanmadım yenə də. 

+ Həə, demək belə. Maraqlıdı... Məlumat üçün çox sağ olun, indisə zəhmət olmasa oğrunu yanıma göndərin.  Onunla danışmaq istəyirəm. Mənə də maraqlı olan bəzi məqamlar var. Özün də nəzarət elə, otağa heç kəs gəlməsin. 

- Baş üstə cənab Kapitan. 

 

Saat 10:47

Oğrunun gəlməsini gözləyən kapitan, oğru gələnə qədər telefonla başını qatmağa çalışır...

“Oğlum Fuad uzun müddətdir ki, ağır xəstədir. Təcili əməliyyat olunmalıdı. Maddi köməyinizə ehtiyacım var. Ümumi məbləğ 5000 manatdı, məbləğinsə sadəcə  1700-ü toplanıb, geriyə qalır 3300-ü. Həkimlərsə yalnız məbləğ tamamlandığı halda əməliyyat edəcəklərini deyirlər. Əməliyyatsa, 31-i günü olmalıdır mütləq. Xahiş edirəm hər bir kəsdən, Allah xatirinə kömək edin, yardımınızı əsirgəməyin”

Həə, belə yazıb camaatın hissləri ilə oynayıb, onları aldadıb kart hesabına pul yığan nə qədər şərəfsizlər var...

Bir gün birisi belə həqiqətən olsa, insanlar yardım etməyəcək. Birinin nəfsinin güdazına o biri də gedəcək. 

Tələsməyin, yaxın zamanda sizinlə şəxsən məşğul olacam. 

 

Saat 10:58, qapı döyülür...

+ Buyurun...

- Olar ?

+ Əlbəttə, buyurun əyləşin. 

- Çox sağ olun. 

+ Yəqin ki, burda olma səbəbinizi bilirsiniz. Doğrusu, sizə baxanda adam deməz ki, heç nəfsinin güdazına gedən birinə bənzəyirsiniz. Nəysə, gəlin belə edək...

Mən sizə suallar verəcəm, sizsə mənə hər şeyi olduğu kimi danışacaqsınız. 

 

Söhbətin ortasında oğurluq edən şəxsə zəng gəlir...

 

+ Bu sizin telefonunuzdu ? Verin mənə. 

Alo

- Alo, Vasif bəy bu mənəm, oğlunuzun həkimi, Murad. Oğlunuzun vəziyyəti heç də yaxşı deyil, təcili əməliyyat olunmalıdı. Xəstəxana rəhbərliyi isə əməliyyata yalnız siz pulu gətirəcəyiniz halda başlayacaqlarını deyirlər. Vallah mənlik bir şey yoxdu, başqa əlimdən gələn hər şey etməyə hazıram. Günorta saat 2-yə qədər sizin vaxtınız var, yoxsa övladınızın vəziyyəti getdikcə ağırlaşır. 

 

Həkimin söylədikləri polisin fikirlərini qarışdırmış, bir az də kövrəltmişdi. 

 

+ Demək siz işlədiyiniz marketi buna görə soymusunuz və yalnız sizə lazım olan puldan artığını da buna görə götürməmisiniz,  elədi ? 

- (Gözləri dolaraq) Bəli, cənab polis elədi. Bir gün axşam mən, yoldaşım və oğlum hər zamankı kimi işdən gəldikdən sonra birlikdə oturmuşduq. Qəfil masa ətrafında oğlumun vəziyyəti pisləşdi, təcili yardım çağırıb həkimə apardıq. Həkimlər müayinədən sonra bizim də uşaqda daha əvvəl müşahidə etmədiyimiz  xərçəng olduğunu dedilər və tez bir zamanda əməliyyat olunmasa övladımızı itirə biləcəyimizi dedilər. Əməliyyat üçün məbləği deyəndə donub qaldım, dünya başıma hərləndi, nə edəcəyimi bilmədim. Mən marketdə işləyirəm 250 manat məvacibə. Həmin pulla isə həm kommunal, həm xeyir-şər, həm də ailə daxili tələbatı qarşılamaq çox çətin olur. Borclar yaranır. Həmin məbləği necə tapacağım barədə isə heç bir fikrim yox idi. Sosial şəbəkədə insanlar kömək edər deyə elan, kart hesabı paylaşdım. Düzdü Allah kömək olan hər kəsdən razı olsun, kömək etdilər, amma sadəcə 1700 manat toplana bildi. Geriyə qalan məbləğ isə qalırdı. 

Qohumlarımdan, dostlarımdan kömək istədim. Amma heç biri kömək etmədi, hər biri başqa-başqa bəhanələr gətirərək məni yola verdilər. Necə deyərlər, dost dar gündə tanınar. İş yerimdə mənlə işləyən hər kəs əlindən gələn dəstəyi göstərirdi onsuz da. Baxmayaraq ki, onların da vəziyyəti məndən heç də fərqli deyildi. Marketə xeyli borcum var idi, düşündüm ki, müdirdən kömək istəsəm, bəlkə insaf göstərib mənə yardım edər, çünki vəziyyətimdən onun da xəbəri var idi. 

Yanına getdim, hadisəni danışdım. O isə qarşılığında marketin vəziyyətinin heç də yaxşı olmadığını, ərzaq şirkətlərinə borclarının olduğunu dedi. Bir sözlə, dedi ki, “sən marketə olan borcunu nə vaxt olsa verərsən. Belə köməklik edə bilərəm yalnız. Yoxsa özündə bilirsən məndə də pul yoxdu.”Kassirlə aram yaxşı olduğundan söhbət zamanı günlük gəlirin, xərcin nə qədər olduğunu deyirdi və mən bilirdim ki, müdir yenə yalan danışır. Hətta, bu yaxınlarda eşitdim ki, həyat yoldaşına xəyanət etdiyi yerdə şəklini çəkiblər. İndi də bunu şəklini çəkən adam kefi istəyəndə zəng edib pul qarşılığında şantaj edir. 

Nəysə, həkim bu məsələni mənə deyəndə ayın 13-ü idi. Gecələri yata bilmirdim. Beynimdə "necə olacaq?, necə edəcəm?" fikirləri məni əməlli-başlı narahat edirdi. Çünki cəmi bir övladımız var, hər şeydən hər kəsdən çox sevdiyimiz bir övladımız... Mənsə bu vəziyyətdə əli qoynunda sakit oturub oğlumun ölümünə tamaşa edə bilməzdim. 

Onsuz da illərdi övladımız olmurdu, nəhayət Allah üzümüzə baxıb bizə bir övlad vermişdi. Onu da itirsəm necə olar ?! Necə yaşayaram ?! Başqa valideynlər övladından fəxrlə danışanda mən necə olaram ?! Qarşıdan da yeni il gəlir, indi insanlar isti evlərində ailəsi ilə birlikdə, yolka ətrafında  oturub  xoşbəxtdirlər. Mən və mənim kimilərindən xəbəri belə yox. Bəlkə də bu, Allahın bizə bir imtahanıdır. Bəlkə də məni yoxlayır, görüm bu çətin vəziyyətdə nə edəcəm deyə. 

Hə, indi hər şeyi bilirsiniz cənab polis. Marketdən götürdüyüm pullar da üstümdədi, oğlumun həyatı isə əzrailin əllərində...

İcazə verin heç olmasa bu pulları həkimə deyilən vaxtda  verə bilim, oğlum əməliyyat olunsun. Sonra isə məni həbs edərsiniz. Təki oğlum əməliyyat olunub, yaxşılaşsın. 

 

Saat 13:07

Polis dərin fikirə getmişdi, Atanın söylədikləri onu o ki, var kövrəltmişdi. Beynində səhər həyat yoldaşıyla planlaşdırdığı Paris səyahətilə Gözü yaşlı Atanın çarəsiz vəziyyətini və bir insan ölümünü müqayisə edirdi. Uzun sükutdan sonra nəhayət polis dilləndi:

+ Neçə illik polis həyatımda ilk dəfədir ki, belə halla qarşılaşıram. Nə qərar verəcəyimi doğrusu mən də bilmirəm. Amma bir planım var, sizə mən kömək edəcəm. Sizi, çox güman, iş yerinə yenidən götürməyəcəklər. Siz aparıb əməliyyat üçün pulu verərsiniz xəstəxanaya, oğlunuz əməliyyat olunar. Oğlunuz ayılandan sonra onunla görüşüb, sağollaşıb gələrsəniz yenidən yanıma. Çünki sizi bir müddət  içəridə saxlamalıyam ki, heç olmasa ara bir az sakitləşsin. Çıxandan sonra isə sizə bir iş taparıq, işləyib yenidən  həyatınıza davam edərsiniz. Amma, bu barədə qətiyyən heç kəsə bir kəlmə belə demirsiniz. 

- Çox sağolun, cənab polis. Allah sizdən razı olsun. Nə deyəcəyimi bilmədim doğrusu. Əməliyyat vaxtına çox az qalır, çatdıra bilərik ?

+ Tələssək, çatdırarıq. . 

 

Saat 13:43

Polis maşındaykən telefonla zəng vurdu.

+ Alo, əzizim. Sənə bir şey deyəcəm. Sual vermədən səyahət üçün topladığımız pulu sənə indi atacağım kart hesabına göndərərsən. Səni sevirəm. 

Nəhayət, onlar xəstəxanaya gəldilər, hər şey hazır vəziyyətdə idi. Pul artıq kart hesabına yüklənmiş və xəstəxana hesabına köçürülmüşdü. Artıq əməliyyat gedirdi...

+ Hə, demək belə, artıq əməliyyat gedir. Narahat olmayın, oğlunuz sağalacaq, necə dediniz, "oğlum əzrailin əlindədir". İndi isə oğlunuzu həmin əllərdən geri almaq üçün həkimlər çalışırlar. Bu arada kartda əlavə sizi bir neçə müddət idarə edəcək pul var, istifadə edərsiniz. 

- Çox sağ olun cənab polis. Allah sizdən razı olsun, Allah sizi qorusun. Bilmirəm nə deyim ki, sizin bu yaxşılığınızın ifadəsi olsun.  

+ Hə, bir də, məncə, oğlunuz fəxr etməlidir ki, sizin kimi atası var... Hələlik. 

 

Əməliyyatdan 4 saat sonra, saat 20:15. 

 

- Ata: Hə oğlum özünü necə hiss edirsən ? Yaxşısan ?

- Oğul: Biraz yaxşıyam, Ata. 

- Ata: İstirahət et, dincəl. Yeni ilin mübarək oğlum !

-Oğul: Ata, Ana, sizi çox istəyirəm, yaxşı ki varsınız. 

-Ana, Ata: Bizdə səni çox istəyirik oğlum. 

- Ana: Heç soruşa bilmədim, a kişi, sən bu qədər pulu birdən-birə necə tapdın ? Hələ sənin işlədiyin marketi hansısa əclaf yarıb. Pul oğurlayıb. İndi işin necə olacaq ?

- Ata: Niyə əclaf deyirsən, bəlkə hansısa vacib problemi olan biridi, əlacsız qalıb bunu edir... Pulu müdir verdi, çatışmayan hissəsini də iş yoldaşlarım kömək etdi. İndi bir müddət market qaydasına düşənə qədər başqa yerdə işləyəcəm ki, heç olmasa boş dayanmayım, həm borcumuza görə, həm də xəstəxana xərclərinə görə. 

- Ana: Allah müdirindən razı olsun, görürsən, sən hər dəfə onu pisləyirdin, bəyənmirdin, amma o, necə bir yaxşılıq edib. 

- Ata: Hə, eləymiş. Yanılmışam fikrimdə, nə bilim. Kartda bir az pul var burda, ehtiyacınızı ödəyərsiniz. Nə lazım olsa alıb istifadə edərsiniz. Yeni işimlə əlaqədar gec-gec gələcəm bir müddət. Amma,  özüm də əlaqə saxlayacam tez-tez. 

- Ana: Yaxşı, özündən muğayat ol. Əminəm ki, bir gün hər şey yaxşı olacaq. Oğlumuz da tez sağalıb ayağa qalxacaq. 

- Ata: Mütləq elə olacaq ! Ürəyini buz kimi saxla. Hə, bir də, al bu hədiyyəni, sabah oğlumuza verərsən. İstədiyi əsgər paltarıdı. Deyərsən ki, şaxta baba gətirib. Mənim əvəzimə də öpərsən. Sən də özündən muğayat ol, balamızdan muğayat ol. Hələlik...

     

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Çərşənbə, 20 Dekabr 2023 14:00

Xatirə yarası - ESSE

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Ağaclarda qalmış ən son yarpaqlar da bir-bir qopub üsulca düşür budaqlardan. 

Son çiçək, son yağış, köç edən son quş dəstəsi - son durna qatarı, son yarpaq deyərkən yavaş-yavaş payızı da ötürürəm artıq...

Soyuqlar düşür, yaraların sızıldadığı qış fəsli qədəm qoyur təbiətə. 

Qış öz kəskin soyuqluğuyla, şillə tək üzümüzə çırpılan sazaqlı yağışlarıyla həm də yaraların əslində heç vaxt sağalmadığını, sağalsa belə izinin, xatirəsinin həmişə orada durduğunu anladır insana...

Bəs bir ömür necə keçər bu sağalmayan yaralar, kölgə kimi arxamızca sürünən bu xatirələrlə?

Yəqin ki, bu sualın ən gözəl cavabı "həyat"dır. Həyat dinməyən acılarla, sağalmayan yarlarla bir ömür necə yaşanar,  zamanla onu öyrədir insana.

Üstündən zaman keçib yaşananlar hər nə qədər keçmişə çevrilsə də, yaralar hər nə qədər sağalıb qabıq bağlasa da mütləq izləri, xatirələri bir çapıq kimi ruhumuzda, bədənimizdə həkk olur.

Zamandan daha hökmlü, yaddaşdan daha iti bir şey varsa o da xatirələrdir.

Acısı da, şirini də fərq etməz xatirələr isə təzə yara kimidirlər. Və onlar heç vaxt sağalmırlar, sadəcə biz müvəqqəti olaraq onların varlığını yaddan çıxarırıq. Niyə təzə yara, çünki, bəzən əlində-qolunda, ya ayağında təzə bir yara olur. Sən bir anlıq o yaranı unudursan. Unutduğun üçün də ehtiyyatsızlıq edib onu harasa toxunduranda canın çıxır. 

Xatirələr də eyni ilə belədir. Sən xatırlamadıqca, yad etmədikcə müvəqqəti olaraq unutduğun üçün keçdi sanırsan. Amma yaranın harasa dəyməsi kimi, qarşına həmin xatirəni xatırladacaq nəsə çıxır,  bəzən oxuduğun bir yazı, ya adicə bir söz, bir səs, bir insan, üzünə çırpılan bir yağış damlası belə sənə hansısa bir anı, hansısa bir günü, hansısa bir insanı xatırladır. Və xatırladığın o xatirə eynən harasa dəyən təzə yara kimi incidir səni. 

O yara hər zaman ordadır əslində və heç vaxt da sağalmayıb. Sağalsa belə izi, çapığı durur orda və hava hər soyuq olanda o yaranın yeri mütləq göynəyir...

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bol izləyicisi olan rubrikamız yenidən Bakıya qayıdıb. Xəzər rayonundakı 121 nömrəli tam orta məktəbdəyik. Direktor Zaur Yusifov və öncül şagird Səkinə Əsədova ilə görüşürük. 

 

DİREKTOR

 

Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Yusifov Zaur Rəfail oğlu 20.02.1979-cü ildə Lerik rayonu Monidigah kəndində anadan olmuşdur. 1985-ci ildə Sabir Əliyev adına Monidiga kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1996-cı ildə ADPU-nin fizika fakultəsinə qəbul olmuş, 2000-ci ildə Universiteti bitirmişdir. 2002-ci ildə Lerikdəki İ.Nuriyev adına Qosmalian kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. 2004-cü ildən pedaqoji fəaliyyətini Lerik qəsəbə M. Bağışov adına 3 nömrəli tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. 2008-ci ildə  Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam elətdirir.

 

ŞAGİRD

 

Mən, Səkinə Əsədova Mehdi qızı Bakı şəhərində dünyaya göz açmışam. Hal - hazırda Bakı şəhərinin Xəzər rayonunda, 121 nömrəli tam orta məktəbdə oxuyuram. 10-cu sinif şagirdiyəm. Ən böyük arzum universitetə qəbul olmaqdır. Qarşıma məqsəd qoymuşam ki,  arzuladığım hər şeyə nail olacağam. Ədəbiyyatı, esselər yazmağı çox sevirəm.

 

ESSE

 

“Təbiət”

 Biz təbiətin qoynunda böyüyürük. Su, torpaq, yel və od birləşir, bir-birini tamamlayır və nəticədə təbiət mövcud olur. İnsanlar yarandığı ilk vaxtlardan təbiəti öyrənməyə başlayıblar. Onlar ilk vaxtlarda bitkinin cücərməsini müşahidə ediblər. Təbiət bir ildə dörd fəsil dəyişir. Əvvəlcə qış fəsli gəlir, qış fəslində təbiət yatır. Bəzi heyvanlar qış yuxusuna gedir, üç ay mövcud olan qış fəsli bitir və yaz fəsli gəlir. Yazda təbiət oyanır. Güllər açılır və yaz fəsli təbiətin oyanışı hesab olunur. Payız fəslində artıq ağaclar yarpaq tökməyə və soyunmağa başlayır. Bir sözlə, bir il ərzində görün, təbiətdə nə qədər dəyişiklik olur?!

Təbiəti qorumaq bizim hər birimizin borcudur. Lakin insanlar buna əməl etmirlər. Boşuna su israf edir, ətrafı zibilləyirlər. Buna misal olaraq zibilliyə atılan sınıq şüşə qabları bir çox heyvanın yaralanmasına və hətta ölümünə səbəb olur. Düşünə bilərsiniz ki, bu zaman təbiətə necə zərər gəlir?!

Düzdür, təbiətə zərər gəlmir, orada yaşayan canlılara ziyan gəlir. Heyvanların belə şəkillərdə yaralanması, təbiətə zərər gəlməsi təəssüfedici bir haldır. Başqa cür də desək, bəzən insanlar meşələrdə manqal yandıranda təmiz söndürmürlər, bu da bir çox yanğınlara səbəb olur və nəticədə təbiətimizdə böyük problemlər müşahidə olunur.

Əgər yaşamaq istəyiriksə, təbiətimizi yaşatmalıyıq.

Təbiət bizim evimizdir, evimizi qoruyaq!

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

AYB-DƏ TƏDBİR KEÇİRİLƏCƏK

 

22 dekabr 2023-cü il tarixdə, saat 12.00- da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Heydər Əliyev-100.  Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur:

Alim, yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq” mövzusunda tədbir keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Sadiq Qarayev məlumat verib. 

 

Tədbirin moderatoru AYB-in Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu olacaq. 

Xatırıadaq ki, Sadıq Qarayev biologiya üzrə fəlsəfə doktorudur, “Sahibsiz kölgələr”, Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və detektiv janrların sintezində romanlar ərsəyə gətirib. 

Bu günlərdə onun 44 günlük Vətən müharibəsindən bəhs edən  “N saylı qəhrəmanlıq” romanı işıq üzü görüb. 

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Müsahiblərdən rəhmətə gedəni də var, fəaliyyətini davam etdirəni də.

Növbəti müsahib müğənni Məhəbbət Kazımovdur. Ondan müsahibə1998-ci ilin oktyabrında götürülüb.

 

“TƏKCƏ ÜRƏYİMDƏN GİLEYİM YOXDUR”

Müsaһibimiz tanınmış müğәnni Mәһәbbәt Kazımovdur.

 

-Gəlin, söhbətimizə ondan başlayaq ki, nә vaxt, һarada doğulmusunuz?

 

-(gülür) Mәnim üç doğum tarixim var. Komsomol biletindә bir cür yazılıb, pasportda başqa cür. ‘'Metrika"nı әsgәrlikdәn qayıdandan sonra almışam. Ona görə dəqiq bilmirәm. Amma sәnәdlәrə görə 53, 54 vә ya 56-cı ildir. Laçının әn ucqar dağ kəndindә, boyüklәrin dediyinә görә, el dağdan qayıdanda doğulmuşam.

 

-Bir müğәnni kimi xalq arasında sevilsәniz dә, uzun müddәt televiziyada görünmәmәyiniz nә ilә bağlı idi?

 

-Qarabağ müһaribәsi başlayandan sonra elә bil ruһdan düşdüm. Әvvәllәr isə һәr 2-3 aydan bir televiziyada çıxış etmişəm, Gülarә xanım Әliyevanın rәһbәrlik etdiyi “Dan ulduzu" instrumental ansamblının solisti olmuşam.

 

-Daһa çox xalq maһnıları, tәsniflәr vә muğamlar ifa edәn bir müğәnni kimi һәr һansı bir xalq çalğı alәtlәri ansamblının solisti olmaq daһa tәbii olardı.

 

-"Dan ulduzu"na gәlmәyimin sәbəbkarı böyük bәstәkar Oqtay Kazımov olub. O, mәni Gülarә xanımın yanına gətirdi. “Ay mənim məhəbbətim” mahnısını oxudum, bəyənildim və ansambla qəbul olundum. Bu mahnı mənim həyatımda böyük rol oynadı. Tamaşaçılar məni bu mahnı ilə tanıdılar.

 

-Niyә әksәrәn zildәn oxunan maһnılara üstünlük verirsiniz?

 

-  İstәr zildәn oxu, istәrsə bәmdәn, elә fәrqi yoxdur, gәrәk ürәkdәn oxuyasan. Mәn meyxana demirәm ki... Sәsim nә qәdәrdirsә, oradan da oxumalıyam. Bәzilәri elә qışqırıq salırlar ki, gәl görәsәn. “Bakıda lyuboy oğlan mәni istәyir", mәn bilmirәm daһa nә! Mәncә, bu cür boş һay-küy musiqi sənәtinә, xalqın adına tәһqirdir.

 

-“Bakı toylarının kralı” ilә münasibәtlәrinizi korlamaqdan eһtiyat etmirsinizmi?

 

— Musiqimizin һeç vaxt taxtdan düşmәyәn kralları Cabbardı, Seyiddir, Arif Babayevdir. Saxta, keçici һay-küylә “kral" olmaq olmaz. 20 ildir ki, sәnәtdәyәm, 2 otaqlı mәnzildә yaşayıram. Fondda bircə maһnım qalıb, amma bәsimdir. Xalq gәrәk һәqiqi sәnәti qondarma şeylәrdәn ayırsın. İndi çoxları utandığından xoşu gәldi-gәlmәdi, “bakılı balasını" toya dәvət edir. Guya bu, aristokratlıq әlamәtidir. Zövqlәr tamam korlanıb. Belә getsә, milli musiqimiz tamam yaddan çıxacaq.

 

-Mәncә, belә bir tәһlükәdәn tәxminәn 80-cı illәrin әvvәllәrindә danışmaq olardı.

 

-Muğam sәnәtinә maraq bizdә son bir neçә ildә zәiflәyib. Toylarda, el şәnliklәrindә içәri girən kimi toy sahibi xahiş edir ki, muğam oxumayım. “Spisok” yazıb verirlər ki, gərək bu mahnılar oxunsun. Çox vaxt üzümə salıb muğam oxuyuram.

 

-Dediyiniz “spisokda” ən çox hansı mahnılar olur?

 

-“Bakılı balasıyam”, “Qaş qara, kiprik qara”, “Madam popuqay” (gülür).

 

-Heç mәcbur qalıb oxumusunuzmu bu maһnıları?

 

-Mәnә lәnət olsun, mәn belә şeylər oxusam. Millәti bakılı, kürdәmirli, lәnkəranlı, naxçıvanlı "balasına” bölməyin nә mәnası var. Hamımız azәrbaycanlıyıq. “Qarabağ şikәstәsi” az qala qırmızı kitaba düşüb, mәn durub “Bakılı balasıyam" oxumalıyam?

 

-Bizim “Qarabağ şikәstәsi” oxumağa nә dәrәcәdә mәnәvi һaqqımız var? Qarabağ yad əllərdədir.

 

-Bu sözünüzlә razı deyilәm. Elә Qarabağ yad әllərdә olduğu üçün “Qarabağ şikәstәsi" oxumaq lazımdır ki, xalqın yadından çıxmasın.

 

-Mayın 18-i Laçının ermәnilәr tәrәfindәn işğalı günü idi. Rәһbәrlik etdiyiniz “Laçın” ansamblı nә kimi tәdbirlәr keçirdi?

 

-Mәn Laçın һәsrәtimi vә mәһәbbətimi “Laçınım” maһnısında ifadә etmişәm.

 

-Maһnılarınızı özünüz bәstәlәyirsiniz?

 

-Doxsan faizini, әn çox da Mәmmәd Arazın sözlәrinә: “İnnәn belә o gözlәrә baxmaram”, “Ağarma saçım”, “Sәnsiz yaşayışım yaşayış deyil"... Mәmmәd Araz әn çox sevdiyim şairdir. Yәqin ki, mәn һeç onun yadında da qalmamışam. Bilmir ki, onu bu qәdәr sevirәm. Çünki cәmi iki dәfә görüşmüşük.

 

-Bәstәkarlardan kimә üstünlük verirsiniz?

 

-Oqtay Kazımova. İndi o, çox acınacaqlı vәziyyәtdә yaşayır. Nәdәnsә istedadlı adamların bəxti olmur. İndi onun qayğıya, kömәyә böyük eһtiyacı var. Bәlkә elә diqqәtsizlikdәn bu günә düşüb, kim bilir.

 

-“Laçın” ansamblı ilә qastrol sәfәrlәrindә olmusunuz?

 

-Moskva, Sankt-Peterburq vә Tümenә yola düşmәk fikrimiz var. Görәk qismәt olsa...

 

-Niyә belә ümidsiz danışırsınız ki?

 

-Çünki göydә milçәk uçanda da incәsәnәtә toxunur.

 

-Sәnәtdә qazandığınız uğurlara görә özünüzü kimә borclu һesab edirsiniz?

 

-Böyük qardaşım Әһliyәtә. Әn çәtin günlərimdә mәnә dayaq duran o olub.

 

-Hәyatınızda tәsadüflәrin rolu olub?

 

-Məni sənətə gәlişim tәsadüfi olub. Bakının Binә kәndindә bostançı işlәyirdim, kәlәm suvarırdım, özüm üçün elә-belə oxuyurdum. Briqadirimiz Canəli kişi dedi ki, sənin yaxşı səsin var. Məni gətirdi görkəmli muğam ustası Nəriman Əliyevin yanına. Allah onların hər ikisinə rəhmət eləsin. Bir ildən sonra Asəf Zeynallı adına musiqi məktəbinin muğam şobәsinә daxil oldum, orada Ağaxan Abdullayevdәn dərs aldım.

 

-Hansı sәnәtkarı yüksək qiymәtlәndirirsiniz?

 

-Mәncə, һazırkı dövrdə muğam sәnәtinin bütün incәliklərinә yiyəlәnәn tәlәbә yoldaşım, dostum Alim Qasımovdur. Mən onun sәnәtinә qibtә edirəm.

 

-Övladlarınızdan sənət yolunuzu davam etdirәni var?

 

-İki qızım, bir oğlum var. Böyüyünün 7 yaşı var. Gec ailə qurmuşam.

 

-Elə niyə?

 

-Mәnim һәyat yolum çox çətin olub. Hәr şeyә iynә ilә gor qaza-qaza, böyük әziyyәtlәr baһasına nail olmuşam.

 

-Xarakteriniz irәliləyişinizә mane olmayıb ki?

 

-Mәn һeç kəsә baş әymәmişәm. Qürurum buna yol vermәyib. Yaltaqlıq etmәmişәm. Heç bir dostun, tanışın köməyindәn istifadә etmәmişəm. Bәlkә dә, sәһvimdir bu mənim, nə bilim? Bir cәһәtdәn özümdən razıyam ki, һәmişә küsәnlәri barışdırmışam, adamları birliyә çağırmışam. Rәһbәrlik etdiyim “Azәri” Muğam Ocağının әsas vәzifәsi dә sənət adamlarını birliyә çağırmaqdır.

 

-Sәnәtkar ürәklә işlәyir. Ürәk dә yaman şeydir. Bir il, beş il, on il, bir da görürsən başladı sancmağa.

 

-Dünyada olan һәr şeydәn giley edә bilәrәm, tәkcә ürəyimdәn gileyim yoxdur. Sağ olsun ürәyim, һәlә ki, dözür mәnim әziyyәtlәrimә.

 

-Hәyatınızda әn xoşbəxt gün nә vaxt olub?

 

-Ailә qurduğum gün. Çünki mәn ailәni һәyatdakı uzun çәtinliklәrdәn sonra qurmuşam vә təmiz ailә qurmuşam.

 

-Qorxduğunuz sual var?

 

-Mәn һәyatda һeç nədən qorxmamışam. Bircә dost xәyanәti qorxudur mәni.

 

-Cavab vermәk istәdiyiniz sual...

 

-Sizin һamıya verdiyiniz bir sual var, çox әjdaһa sualdır, uçan xalça һaqqında.

 

-Elә isә һәmin suala cavab verin.

 

-Əgər  anam sağ olsaydı, onu götürərdim özümlə, oturardım o sehrli xalçanın üstünə, gedərdik Laçına.

 

-Gün o gün olsun ki, arzunuz çin olsun.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

 

 

 

 

 

 

 

Çərşənbə, 20 Dekabr 2023 15:30

QİRAƏT SAATInda “Eşq mələyi”

“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

15-ci hissə

 

Yuxusuz gecə

 

Süleyman yerindən durdu, yalnız indi romanın içindən çıxarkən Ülkərin bətnindəki körpəsinin qatilinə çevrilərkən yaşadığı dəhşətli hisslərdən qopa bildi, əlləri əsə-əsə Elginə mesaj yazdı, yazdı ki, “Sən çox acımasız, zalım birisən. Həta yazdıqların həqiqət olsa belə, sən oxucuda ümid cücərtiləri yaratmaq əvəzinə, -- halbuki bu, ədəbiyyatın birbaşa borcudur, -- sən bu ümidləri qırırsan. Sonunadək qırırsan”.

Həyat yoldaşı kabinetə girib əsnəyə-əsnəyə ona yatmaq zamanının keçdiyini bildirəndə üzrxahlıq elədi ki, sən get yat, əlimdəki işi bitirməmiş yata bilmərəm, çox vacib sənəd-sünəd işidir.

Həyat yoldaşı ona “gecən xeyrə qalsın” söyləyibkabinetdən çıxdı. O isə acgözlüklə romanın üzərinə çökdü. Əmin idi ki, bu gecə yatmayacaq. Səhərə qədər oxuyacaq.

 

 

16-cı hissə

 

Yenə də güzgü ilə baş-başa

 

Gecə saat bir tamam idi. Fasiləsiz saatlarca oturmaq bütün bədənini keyitmişdi.

Durdu, azacıq hərəkətlər elədi ki, bədəninin keyini açsın.

Mətbəxə keçdi, qrafindən su töküb içdi. Bura ilk dəfə gəldiyi gün Onunla çay süfrəsi açanda ağlına da gətirə bilməzdi ki, bu evdə növbəti günlər də qalası olacaq, hələ lap bu evin qadını olmaq təklifini də alacaq.

Onun mənzili çox gözəl idi, zövqlə bəzədilmişdi. Üç otaqdı, iri mətbəx, iri hamam otağı, küçəyə və həyətə baxan iki eyvan var idi. Həyətə baxan eyvan şüşəbəndliydi. Küçəyə baxan eyvanda həsir masa və iki oturacaq çox romantik görünürdü, otur, saatlarca izdihamlı küçəyə tamaşa elə. Qonaq otağı sanki muzey idi, divarda göz oxşayan rəsmlər, adamın ağlını alan çilçıraq, vazlar, dekorativ qablar sıralanmışdı. O, gözəllik aşiqi idi, xoşlayırdı bu sayaq əntiq şeyləri. Servantın üstünə stolüstüsaat kolleksiyası düzülmüşdü, ən müxtəlif ölçüdə, rəngdə, siferblatda saatlar düzülmüşdü. Bir saata baxanda adamı vaxtın ötməsi elə də təntitmir, amma birdən-birə onlarca saatın əqrəbləri çaqqıltı altında irəliləyəndə adam ömrün necə sürətlə keçməsindən sanki dəhşətə gəlir.

Ülkər kimi, Onun da tale hekayəti uğursuz olmuşdu. Universitetdə oxuyanda anasının tövsiyəsi ilə bir uzaq qohumuna baxıb bəyənmiş, evlənmişdilər, heç altı ay çəkməmişdi ki, gəlinin ağciyər xərçəngi xəstəsi olması aşkarlanmışdı, tezliklə də gəlin dünyadan getmişdi. Sonra bir daha ailə qurmaq fikri onu məşğul etməmişdi. Ta ki Ülkərlə rastlaşanadək.

Tək yaşayan kişinin ev səliqəsi ürəyəyatımlı idi. Heç nə pozulmamışdı, hər şey yerindəydi. Bu cür kişilər ailə həyatında da nizamlı, dürüst olurlar, Ülkər dərhal bu qənaətə gəldi.

Madarı xatırladı. İşdən gələndə paltarlarını hara gəldi vızılladırdı, heç nəyinin yeri bilinmirdi. Yazıq anası, o boyda kişini uşaq kimi izləyirdi, danlaya-danlaya qalmışdı. Rasim də görüşəndə nizam-intizamsızlıq edər, yemək yeyəndə yanında qadın olduğunu unudub acgözlük edər, suyu hortuldadardı.

O isə bir başqadır, çox mədəni, çox alicənabdır.

Sudan doymamışdı, yanğısı çox idi. Qrafindəki su ilıqdı, soyuducunu açdı, qazlı “Borjomi” suyu var idi, sərin suyu stəkana süzüb başına çəkdi, dalbadal iki stəkan içdi, yanğısı xeyli azaldı.

Güzgünün qarşısına qayıtdı.

Saat 2-yə qalmışdı. Gözləri acışırdı. Bəlkə yatsın? Amma hara yatır? Onun gəlişinə 9 saat 18 dəqiqə qalmışdı. Onun gəlişinə qədər Ülkər qərar qəbul etməliydi.

“Hə”, yoxsa “yox”. “Yox”, yoxsa “hə”?

Yolayrıcı. Hansını gedəsən, bilmirsən. Biri aşkar işıqlıdır, ətrafı gül-çiçəklidir, yol özü hamar, təmizdir. Digəri gahdan qaranlıq, gahdan dumanlı-çiskinli. Daş-kəsəkli, palçıqlı. Kim birincini qoyub ikincini seçər? Heç kim. Kim azacıq tərəddüd edər? Yenə heç kim. Amma Ülkər tərəddüdlər burulğanındaydı. Ülkər xoşbəxtlik yolunu seçməyə qorxurdu. Buna mənəvi haqqının çatmaması səbəbindən qorxurdu.

İndiyə qədər yaşadığı sərt ailə, ucqar rayon qayda-qanunları, üstəlik də mental qayda-qanunlar buxovundan yetərincə əziyyət çəkmişdi, zorla ərə verilməsi bir yana, ərindən zülm görəndə ondan ayrılmasına belə imkan verilməmişdi, yaşadığı cəmiyyətdə “qonşu nə deyəcək, qohum-əqrəba nə deyəcək” adında tabular vardı, başqasına görə həyat qurmaq məcburiyyəti vardı, halbuki heç kəsin keç kəsin həyatına qarışmasına ixtiyarı yoxdur, hər kəs öz həyatının şahı olmalıdır.

Elə ailə həyatından sonrakı dönəmlərdə də bu buxovlar onu sıxıb, bu buxovlara əsaslanan başqaları ona xoşbəxt olmağa imkan verməyiblər, onu öz ambisiyalarına qurban ediblər. Biri övladının gələcəyini, biri ərinin taleyini, biri ehtirasının hüdudsuzluğunu, biri məntiqi düşüncəsinin isbatını əsas tutaraq onun üzərinə həmlələr edib, onu sınaq poliqonuna çeviriblər. O, nə qədər vuruşmaq istəsə də, bütün döyüşlərdən məğlub çıxıb, toplu-tüfəngli, silah arsenallı rəqiblərinə bata bilməyib.

Güzgüyə baxa-baxa taleyini qaldığı yerdən xatırlamağa davam etdi.

Həqiqətən də, bir film kimi tale yaşamışdı. Ədəbiyyatdan və kinematoqrafiyadan başı çıxanlar bu filmin janrını heç cür müəyyənləşdirə bilməzdilər. Drammı idi, melodrammı idi? Bəlkə tam gözlənilməzliklərlə dolu triller idi?

 

 “Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

 

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Dünyada bir çox mədəniyyəti yaradan türklər, həm də dünyaya mətbəx

mədəniyyətini gətiriblər. Dünyanın harasında yaşadıqlarından asılı olmayaraq,

məskən saldıqları yerlərdə əcdadlarından qalan uruf-adətləri unutmayıblar.

Mədəniyyətləri eyni, musiqiləri oxşar, mətbəxləri də eyni.

 

Sizi bu gün Saxa yakutlarının- şimal türklərinin ləzzətli mətbəxlərinin bir çox türk xalqlarının menyusunda olan, lakin fərqli adla təqdim olunan məzəli bir yeməyini təqdim edirəm. Əvvəlcədən qeyd edim ki, təqdim etdiyim Salamat desertini şimalda yaşayan türkdilli xalqların əksəriyyəti hazırlayır. Bu yeməyin 40-dan artıq növü məlumdur.

Yakutların bayram süfrələrinin, qonaqlar üçün açdıqları süfrələrinin ən gözəl

təamlarından biri də Salamatdır. Salamat elə bizim analarımızın bişirdiyi quymağa bənzəyir.

 

Bu ləzzətli təamı hazırlamaq üçün:

600 qram kərə yağı ,

100 və ya 120 qram un,

400 millilitr qaynar su

duz zövqə görə götürülür.

Kərə yağını çuğun tavada əridirik və əriyən yağı qarışdıra-qarışdıra, içərisinə

ələnmiş unu yavaş-yavaş tökməyə başlayırıq. Dayanmadan yağ və unu nisbətən

güclü odun üstündə qarışdırırıq. Unun yağda qovrulmuş ətri gəldikdən sonra,

qaynamış suyu asta-asta tavanın içərisinə əlavə edirik. Bundan sonra ocağın istisini azaldırıq.

Kütləni dayanmadan tez-tez qarışdırmaq lazımdır ki, içərisində düyünlər əmələ gəlməsin.

Yenə də tavadakı və ya dərin qazandakı qarışığı qarışdırmaqda davam edirik. Bu proses yeməyin üzünə ərinmiş yağ çıxana qədər davam edir. Yağ yeməyin üstünə çıxdımı, Saxa yakutlarının şah deserti sayılan Salamat hazırdır.

Onun içərisinə zövqə görə şam ağacının qozasının tumlarını, qızardılmış qoyun və ya mal dilinin dilimlərini, eləcə də şüyüd qata bilərsiniz. Bu inqridentlərin hamısını birdən bir Salamatın içərisinə qatmaq olmaz. Onlar ayrı-ayrı

salamatların içərisinə zövqə görə əlavə edilə bilər.

Sonra isə çömçə ilə kasalara və ya piyalələrə əlavə edib, qonaqlarınızı yeməyə dəvət edin. Bu desert süfrəyə isti- isti verilir.

Elə isə, xoşunuza gəldisə, bizim quymağa oxşayan, lakin ondan daha da incə və

ləziz dada malik Salamat desertini hazırlayıb, dadına baxın.

Nuş olsun!

 

P:S. Kərə yağını yağlılığı yüksək olan, südün üzərindən yığılan qaymaq və ya xamayla da əvəz etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Çərşənbə, 20 Dekabr 2023 12:30

“Qəlpə” - TURAL CƏFƏRLİNİN HEKAYƏSİ

 

“Ədəbiyyat və incəsənət” portalı gənc yazıçı Tural Çəfərlinin yeni yazdığı “Qəlpə” hekayəsini təqdim edir.

 

 

 

Həkim Güləliyevin üzündə donub qalan təbəssümün ağrıya çevrilməsindən bir az ötmüşdü. Cərahiyyə masasındakı əsgərin sol qolunu qəlpələrdən təmizlədikcə damarları soxulcan kimi tərpənir, təzədən yerinə qayıdırdı.

 

Yarım saat bundan qabaq palataya köçürülən polkovnik Paşayevin yaxınları üstündən barıt qoxusu hələ getməyən zabiti görüb sakitləşdilər. Xəstəxana dəhlizində labirtinə düşən qohumlar, boz dəsmalla gözünü silən qocalar, əllərində telefon qurdalanan cavanlar olub-bitənlərdən hələ xəbərsiz idilər. Əsgər Ağayevin ürəyi kəfkirli saat kimi işləsə də, əzaları sanki ətçəkən maşınından keçmişdi... Qara xəbərlərin içində ağ xalatlıların hər gəlişi bir dünyanın varlığı və ya yoxluğu haqqında məlumat demək idi.

 

- Cek London, Drayzer, Tven...- Əsgər Ağayevin xırıltılı səsi palatada sükutu pozdu. Ağrıdan dodaqlarını gəmirən Ağayev tavanda hörümçək toruna gözünü zilləyib sayıqlamağa başladı.

 

- Su, su, su verin... Ağayevin səhra çölünə dönən dili ağzında qurumuşdu.

 

Tibb bacısı dəmir stəkanda suyu Ağayevə uzatdı. Bir qurtum su içib, dayandı. Ətrafa göz gəzdirdi. Hər tərəf ağ pambıq kimi görünürdü...

 

Ağayev filologiya fakültəsini keçən il bitirmişdi. Magistraturaya qəbul olsa da, maddi çətinliklərdən dolayı təhsilini davam etdirə bilməmişdi. Beləliklə hərbi xidmət və taleyinə yazılan qanlı müharibə... Əsgər yoldaşlarını soyadlarına görə yox, sevdiyi yazıçıların adları ilə çağırardı.

 

Məsələn, əsgər Məmmədova Mark Tven, əsgər Dadaşova Drayzer, əsgər Cəfərova Cek London deyə müraciət edirdi. Bunu bölük komandiri kapitan İsayev də sezmişdi. Belə müraciət xoşuna gəlsə də, əsgər Ağayevə bunu ümumi vəziyyət üçün qadağan etmişdi...

 

Bir dəfə hərbi hissəyə yoxlama gəldi. Əsgər Ağayev yaraşıqlı, qamətli olduğu üçün həmişə ön cərgədə dururdu. Yoxlama rəisi polkovnik Paşayev qəfil Ağayevə axınlaşıb soruşdu:

 

-Əsgər, kitab oxuyursan?

 

-Bəli, cənab polkovnik- əsgər Ağayev özünü itirmədi.

 

-Kimləri oxuyursan?

 

-Əsasən klassikləri. Tolstoyu, Drayzeri, Çexovu...

 

Ağayev başını daha da dikəltdi. Polkovnik bığaltı gülümsəyib, razılıq əlaməti olaraq əlini Ağayevin çiyninə vuraraq onu təbrik etdi. Bu hadisə bütün alaya yayıldı. Hərbi hissənin kitabxanasını əsgər Ağayevə tapşırdılar. Deyilənə görə, bunu şəxsən polkovnik Paşayev əmr

 

etmişdi...

 

 

 

***

 

 

 

27 sentyabr... Səhər “Qalx” komandası bu dəfə daha həyəcanlı və vahiməli səsləndi. Alay döyüş hazırlığı vəziyyətinə gətirildi. Əsgər Ağayev kitabxanaya baş çəkib dərhal geri qayıtdı. Əlində Tolstoyun kitabını görən kapitan İsayev əsəbləşdi:

 

-Ağayev, kitab oxumağa getmirik. Silahını götür, kaskanı da unutma! Əsgər Ağayevin qaşları çatıldı. Cəld yaxasını açıb, kitabı sinəsinə qoydu. Silahını götürüb, dəmir kaskanı başına keçirdi.

 

-İrəli, addımla marş!-Kapitan İsayev var gücü ilə bağırdı. Səsinin vahiməsi müharibənin sərt üzündən xəbər verirdi...

 

-“Birinci”, mən “Şahinəm” necə başa düşdün qəbul....

 

-...........

 

- Birinci, birinci!!!

 

-Birinci qəbulda!

 

-Biz kəndi aldıq, kənd bizdədi.... Necə başa düşdün qəbul!

 

-........

 

 

 

***

 

Xəstəxana həyətində skamyanın yanında bardaş qurub oturan yaşlı kişinin görüntüsü ətrafa vecsiz bir görüntü saçırdı. Pencəyinin yaxası qədimi orden və medallarla dolu idi. Elə bil üstündə dəmirdən çiçəklər açmışdı... Heç kim ona fikir vermir, yanından yel kimi ötüb keçir, bu vecsizliyin fərqinə varmırdılar.

 

Əsgər Ağayevin yaxınları əllərini boş ciblərinə salıb çıxarır, baxışlarında közərən ümidlərini dən kimi ətrafa səpirdilər. Palatada zarıltı səsləri artırdı, əl-ayağa dolaşan xadimələr acığını pol dəsmalını döşəməni bərk-bərk silməklə

 

çıxmağa çalışırdı...

 

 

 

***

 

-Aaa, işə bax, Mark Tven topa güllə qoyandı. Hələ Drayzerə bax, snayperçidi.

 

Əsgər Ağayev dəli kimi gülməyə başladı. Kapitan İsayev bunu görüb Ağayevə tərəf qaçdı.

 

-Özünə gəl, Ağayev, pusquya düşmüşük. Cəld ol!!!-Ağayev özünə gəldi. Tez silahını götürüb irəli atıldı.

 

 

 

Mark Tvenin ayağını qoparan qəlpə əsgər Ağayevin qoluna girmişdi. Ağayev qolundan həmin qəlpənin bir hissəsini çıxarıb cibinə qoymuşdu. Bundan sonra qanaxması dayanmadı. Sanitarın üzündəki dəhşət ifadəsi buza dönmüş dağ kimi böyüməyə başladı…

 

Aytacın telefonuna gələn sonuncu mesajdan sonra halı xarab olmuşdu. Kirpiklərinə şeh düşmüş, ala gözləri dan yeri kimi qızarmışdı. O, nişanlısının yaralı bədəninə toxunduqca titrəyir, aya bənzər bənizi qəmin xəzanında saralırdı. Hərbi xidmətinin bitməsinə cəmi bir ay qalmışdı. Cəmi otuz gün. Otuz gecə. Həsrətin, ayrılığın bitməyən otuz təqvim günü- sanki sonsuzluq kimi görünürdü. İndi isə o nişanlısının soyuq bədəninə duyğularını, hisslərini, sevgisini ötürmək istəyir, sızıldayan ağrılarına məlhəm olmağa çalışırdı...

 

Palata on səkkiz... Tibb bacısının üzünə qonan kədərin bir adı var: “Ölüm”... Bu adı heç kim eşitmək istəmir, xəbəri özündən uzaqlaşdırmaq üçün var-gəl edir, addımlarının sayını çoxaldırdı .

 

Cərahiyyə otağından qara bulud kimi dolan baş həkimin ağ xalatında ağ nöqtələr güclə sezilirdi. Həmin gün baş həkim Abbasov rəsm emalatxanasından çıxan rəssam kimi üstü al-qırmızı rəngə boyanmışdı, soyuq tərin içində buza dönən

 

üzünü hamıdan gizlətməyə çalışırdı...

 

 

 

***

 

Əsgər Ağayevin nişanlısı Aytacın söyüd salxımı kimi çiyninə düşən saçları bir ayın içində ağardı. Əlində Ağayevin cibindən çıxan qəlpəni saxlayır, onunla yatıb, onunla durur, hamıya qəlpənin tarixçəsindən danışırdı. Bir ara qohum-əqrəba qəlpəni gizlətmək istədi, ancaq Aytac qəlpəni qoynuna basıb bütün varlığı ilə onu özündə saxlayırdı…

 

Həkimlərin bütün səylərinə baxmayaraq əsgər Ağayevin Vətən eşqi ilə döyünən ürəyinin döyüntüsü kilidə düşdü. Nə Aytacın büllür kimi göz yaşları, nə də yaxınların duaları kömək olmadı. Dəfn günü güclü qar yağdı. Hər yan ağ pambıq kimi idi… Aytacın göz yaşları kirpiklərində buzlayıb, donmuş şəlaləni xatırladırdı…

 

 

 

“Bir azdan öləcəm. Lap az vaxtım qalıb... Kimə nə deyim, kimi çağırım bu son

 

anımda?” Dəftərin axırıncı vərəqindəki yazı bu sualla başlayır…

 

 

 

Mərmi yağış kimi yağırdı. Birdən uzaqdan ayağı qucağında uzanan Mark Tven göründü, arxasında sağ qoluna sarı uzanan Drayzer də orda idi… Cek London üzü səmaya sarı gülümsəyirdi. Sanki buludları izləyir, nəsə xəyal edirdi…

 

Bitdi… Post bizdədi. Qələbə! Eşidirsən Drayzer, eşidirsən Mark, eşidirsən Cek

 

London? Eşidirsiz? Post bizdədi… Qə-lə-bə…!!!

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(20.12.2023)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində Şeir vaxtıdır, İsmayıl İmanzadənin şeirləri ilə tanışlıqdır.        

 

 

 

AZƏRBAYCAN TORPAĞIYAM

 

Bir dünyayam, təbiətin

nəfəsindən yaranmışam.

Gözlərindən alov yağan

al günəşin həvəsində

yaranmışam.

Qarlı dağlar bəyaz rəngli

“nur çələngim”.

Zaman-zaman igidləri

haraylayıb

“Yallı”m, “Cəngi”m!

Koroğlunun, Cavanşirin

Ruhları dilə gəlir yaddaşımdan.

İllər boyu

Kirpiyimlə od daşıdım

ilk yaşımdan...

Nəsimilər dönməzliyim,

Dədəm Qorqud

ağlım mənim.

Dastanlara sığışmayıb

Babək adlı oğlum mənim.

Yer üzünü dolaşdıqca

Nizaminin, Füzulinin izi ilə,

nələr gördüm batmanqılınc

Şah babamız Xətainin,

Cavad xanın gözü ilə...

Mənə Zəfər bəxş elədi

İmzasını Qarabağda

Qanlarıyala sinəm üstə

Nəqş eləyən Şəhidlərim,

Qazilərim!

Zaman-zaman,

Qobustanda varlığımdan

Söhbət açıb qayaüstü

yazılarım.

Araz mənim sözlü dilim,

“Dəli-dolu” Kür eşqimdir.

Coşqun Xəzər

dünya boyda gur eşqimdir.

Xəritədə bir nöqtəyə

bənzəsəm də,

Ürəklərdə-diləklərdə

yaşıl çinar yarpağıyam.

Bayrağımla-növrağımla

Qitə-qitə, ölkə-ölkə

Şan-şöhrəti dildə gəzən

Azərbaycan torpağıyam!

 

 

ŞƏHİDLİYİN ZƏFƏR NƏĞMƏSİ  

(Allah cəmi şəhidlərimizə rəhmət eləsin!)

 

Tanrı dəhgahınadır, Şəhidim, son səfərin,

Yadlara göz dağıdır qazandığın Zəfərin.

Hamı sənə ürəkdən deyir, əhsən, afərin!

Vətən-yurd sevgisidir halal qazancın-varın –

Əbədi yolçususan nur saçan sabahların!

 

Şəhidim, sən – “Qarabağ-Azərbaycandır!”– dedin,

Torpağım, dağım-daşım ürəkdir-candır-dedin!

Şəhid, ya Qazi olmaq, şərəfdir-şandır-dedin!

Nəqş elədin imzanı torpağa al qanınla –

Tanındın hər tərəfdə isminlə, ünvanınla!

 

Uğrunda can verdiyin bu ana torpaq sənin,

Döyüş günü səsini əks etdirən dağ sənin.

Bayraqdarı olduğun üçrəngli bayraq sənin,

Şəhid ucalığında vətən daşına döndün  

Azadlıq nəğməsinə, Zəfər marşına döndün!

 

Ünyetməyən məkana qalxıb ölümsüz oldun,

Andında, peymanında, ilqarında düz oldun.

Qarı düşmən önündə hər an yenilməz oldun,

Məzarın and yeridir, adın hər qəlbdə naxış –   

Şəhidim, əhsən sənə, hünərinə min alqış!

 

 

ŞUŞA

(“Şuşa etüdləri” lirik poemasından)

 

Yolun-cığırın təzə,

Aylı-ulduzlu gecən...

Nur saçan səhərin var.

Ta dilim gəlmir deyəm,

Nalə çəkən sızıltın,

Nisgilin, qəhərin var.

Hərdən başının üstən

Ruhuma sığal çəkən

Əlçim-əlçim çən keçir…

Şəhid ucalığından

Tanrının dərgahına

Gedən yol səndən keçir!

 

***

 

Beşiyisən Qarabağın,

Dil açır pöhrən-budağın.

Göz dağıdır daşın, dağın –

Yağıya-namərdə, Şuşa!

 

Yurdun taleyi-baxtısan.

Əbədi xanlıq taxtısan.

Nəğmə-sənət paytaxtısan –

Bir cənnətsən yerdə, Şuşa!

 

Nə xoşdur avazın, səsin,

Aləmə sığmır həvəsin!

Var olsun Topxanan, Kirsin –

Məlhəmsən min dərdə, Şuşa!..

                       

Xarıbülbülün bir dadım,

Gözəl hüsnündən doymadım…

Yadında qaldımı adım –

Gələsiyəm bir də, Şuşa!

 

 

BAŞINI DİK TUT, VƏTƏN!   

 

Dikəlt ucа qəddini,

Bаşını dik tut, Vətən!

Bu ələmi, bu dərdi

Demirəm, unut, Vətən!

Bilirəm, zаmаn-zаmаn

Ürəyində sızlаyаn

Yаrаlаrın dərindi.

Аzаdlıq аmаlınа

Sığındıqcа dil аçаn,

Şəhidlər Хiyаbаnı

Qibləndi-аnd yеrindi!

Sil gözünün yаşını,

Dikəlt qəddini yenə!

Аl çiçəklər bəzəsin

Hər аn rəddini yenə!

Bаşını dik tutmаğа

Hаqqın vаr sənin, Vətən!

Bu qeyrət savaşında,

Bu millət savaşında,

Şəhid ucаlığınа

Qоy dönsün qəmin,

Vətən!

Al günəşli sabahlar

Olsun həmdəmin,

Vətən!!!

              

 

ŞƏHİDİM   

 

Şəhidim, əhsən sənə,
Vətənə bəxş etdiyin
Zəfərin nə gözəlmiş!
Yurd amalınla birgə
Şəhid ucalığından
Tanrının dərgahına
Səfərin nə gözəlmiş!

Könlümüzü oxşadı
Yenilməz hünərindən
Soraq verən hər anın.
Gəzdi dildə-ağızda
Torpağın sinəsinə
Al qanınla yazdığın
Qəhrəmanlıq dastanın...

Bu müqəddəs savaşda
Düşmən bağrı çatladan
Cəsarətinə alqış!
Nəsillərə nümunə –
Ülvi Vətən eşqinə,
Saf niyyətinə alqış!

Şəhidim, ölümünlə
Dönüb ölümsüz oldun,
Qazandığın bu halal
Şöhrət, ad-san sənindir!

Haqqın var zaman-zaman
Əbədi yaşamağa,
İndi hamıdan qabaq
Uğrunda can verdiyin
Qarabağ, Ana Vətən –
Azərbaycan sənindir!

 

 

SALAM, ŞƏHİD ÇİNARIM  

(Tarixi düşmənlərimiz zaman-zaman Cəbrayıl şəhərinin simvolu kimi adı dillər əzbəri olmuş 800 yaşlı Dədə Çinarın varlığına son qoymuşlar).

 

Əzəl gündən düşmənə

Sağalmaz göz dağıydın.

Əl çatıb, ün yetməyən

Şəhid ucalığıydın.

Çiynində dərd yüküydü

Ağır elsiz-obasız

Ötüb keçən hər çağın.

Düşmən bilməsin deyə,

Gizlicə sızlayırdı

Kökün, gövdən, budağın.

Yuxunu ərşə çəkən

Dirinin, Ağoğlanın,

Teyin, Gordubabanın...

İllərlə bağlı qalan

Cığırıydı, yoluydu.

Ağır ocağım-pirim

Hacı Qaraman kimi

Gözlərin yol çəkirdi,

Təkcə həyat eşqindən

Varlığına sığınan

Büllur Kəhriz halıydı...

Düşmənin caynağında

Buğum-buğum doğranıb

Qalansan da odlara,

Sən son “nəfəsində” də

Xudafərin əzminlə

Üz vermədin yadlara...

Bizim Cəbrayıldakı

Ulu Çinar Babamız,

Dar ayaqda köksünü

Sipər edib torpağa

Yenilməz igid oldun.

Şərəfli ölümünlə

Doğma ana Vətənin

Uğrunda candan keçən

Ərən oğullar kimi

Ölmədin, şəhid oldun!..

  

 

BÖYÜK MƏRCANLIDAN BİR QATAR KEÇİR   

 

(Uzun illərdən bəri uzaq qürbət eldə ata yurdumuz Cəbrayılın-Böyük Mərcanlının həsrətiylə yaşayan eloğlum Anar Natiq oğluna)

 

Böyük Mərcanlıdan bir qatar keçir,

Fit çalıb səsləyir doğma yolları.

Böyük Mərcanlıdan bir qatar keçir,

İsinir relslərin polad qolları.

 

Mahmudlu, Soltanlı, Qumlaq anbaan

Göz dikir qatarın yoluna yenə.

Açıb qollarını Hacı Qaraman,

Şükr edir Tanrının böyüklüyünə.

 

Yenə Cəbrayılda günəş nur saçır,

Topcağa, Gəyənə tanış səs düşür.

Diridə al-əlvan çiçəklər açır,

Qatarı görməkçün bəhsəbəhs düşür...

 

Elə bil tələsir Muğana Araz,

Sular soraq verir Xudafərindən.

Çatır Ağoğlana, Teyə xoş avaz,

Ulu Tumasata qalxır yerindən.

 

Həkəri, Mincivan, Ağbənd... bir anda

Çıxır pişvazına gələn qatarın.

Toy-büsat iz salır ürəkdə, canda,

Avazı durulur kamanın, tarın.

 

Böyük Mərcanlıdan bir qatar keçir,

Yönü Naxçıvana, üzü Şərura.

Zəngəzur özünə təzə yol seçir,

Boyanır yurd-oba işığa, nura...

 

Hər eldə Zəfərdən bir nişanə var,

Haqqa tapınanın qatlanmaz dizi.

Böyük Mərcanlıya yön alan qatar

Doğma torpaqlara səsləyir bizi.

 

 

SALAM, VİRAN QALMIŞ EVİM-EŞİYİM...           

 (Bir vaxtlar çoxlarını məftun edən evimin xarabalıqları önündə düşüncələrim)

 

Salam, mənim viran qalmış evim-eşiyim,

Köksündəki “əl izləri” söylə yadınmı?

Yağmalanan künc-bucağın, yuvam-beşiyim,

Ta yanına qayıtmışam, tanımadınmı?

 

Kim sökübdür tavanını, çarhovuzunu?

Susuzluqdan çat-çat olub dilin-dodağın.

Gizli-gizli sızlamısan illər uzunu,

Güllələrə tuş gəlibdir pöhrən, budağın.

 

Heç çatdımı qulağına səsim-harayım,

Səksəkəli gözlərindən yuxun qaçdımı?

Söylə hanı xartut, innab, ağ şanı... payım,

Məndən sonra çiçəklərin bir də açdımı?

 

Görən, hanı aynabəndin, qapın, pəncərən,

  divarın yerindədir, nə də çardağın.

Heç oldumu əncirini, narını dərən,

Kol-kos basmış bağım-bağçam sənin göz dağın...

 

Yağıyamı qismət oldu dəmir darvazan,

Bu qapıdan adlamışdı neçə dost-tanış.

Oyaqdırsa, qoy eşitsin bəxtini yazan,

Ta susmağın yeri deyil, bir az din, danış.

 

De, budursa ozamankı yazı otağım,

Yandırılmış kitabların külü hanı bəs?

Nə qələmim yerindədir, nə də  varağım,

Əlyazmamı soraqlayıb gəzməyim əbəs!

 

Hər daşında qəlpə izi, barıt qoxusu,

Yağış kimi yağa biləm keşkə bir anlıq.

Qərib eldə hədər getdi ömrün çoxusu,

Bir də geri qayıdarmı, görən, cavanlıq?..

 

Yolun-izin ürəyimin şah damarıydı,

Hardan gəldi bu ayrılıq, bu ölüm-itim?

Bir zamanlar burda keçən ömrüm yarıydı,

Ta bilmirəm yaşamağa varmı möhlətim...

 

Keçən keçdi, olan oldu... nə deyim daha,

Nəfəsimlə isindinsə, təzədən sevin.

Gəl birlikdə yönümüzü tutaq sabaha,

Düşmən bilsin öz sahibi varmış bu evin...

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.