Super User

Super User

 

Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında çıxışı zamanı Ermənistanın xarici işlər nazirinin Azərbaycana qarşı əsassız və yalan iddialarını qətiyyətlə rədd edirik.

 

AzərTAC xəbər verir ki, bu fikirlər UNESCO Baş Konfransının 42-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər nazirinin çıxışına Azərbaycanın etiraz bəyanatında bildirilib.

“Ermənistanın Azərbaycanı Ermənistana könüllü getmiş ermənilərə qarşı qondarma “etnik təmizləmə” aparmaqda ikiüzlü şəkildə ittiham etməkdə davam etməsi və bu məqsədlə beynəlxalq platformalardan sui-istifadə etməyə cəhd göstərməsi, eyni zamanda, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətməsi, Azərbaycan Respublikasının qanunlarını pozması qətiyyən qəbuledilməzdir. Ermənistanın 30 illik hərbi təcavüzü ərzində bir milyona yaxın azərbaycanlının insan haqları pozulub”,- deyə cavab bəyanatında vurğulanıb. Qeyd edilib ki, Ermənistanın əsassız iddiaları BMT-nin regiona səfər edən qurumlarının, eləcə də Ermənistanda fəal çalışan nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir.

Azərbaycanın Qarabağ bölgəsində mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialara gəlincə, Ermənistanın bu məsələ ilə bağlı Azərbaycana qarşı iddialar irəli sürməsi qəbuledilməzdir. Çünki Ermənistan özü indiki ərazilərində, eləcə də işğal altında olmuş ərazilərimizdə Azərbaycan mədəniyyət nümunələrini qəsdən dağıtması, mənimsəməsi, dəyişdirməsi və qanunsuz daşınması ilə tanınır.

“Bir daha Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının çoxsaylı beynəlxalq platformalardan yalan və böhtan xarakterli ritorikası ilə davam etdiyinin şahidi oluruq ki, bunun da sülh sazişinin şanslarını sarsıtmaq niyyətində olduğu aydındır”,- deyə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin I katibi Nahid Ömərov etirazını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

 

Dünya Mədəniyyəti Həftəsi 2024-cü il mayın 9-dan 12-dək Gürcüstanın paytaxtında təşkil olunacaq. Tədbirdən məqsəd dünya səviyyəli istedadların aşkarlanmasıdır. Bu böyük mədəniyyət hadisəsinin təşkilatçıları hər kəsi öz istedadı ilə bu tədbirə çalar qatmağa dəvət edir.

 

AzərTAC təşkilatçıların bəyanatına istinadla xəbər verir ki, müsabiqədə incəsənət xadimləri, modelyerlər, musiqiçilər və rəqqaslar iştirak edə bilər.

Bu çoxşaxəli layihənin təşkilatçılarının adıçəkilən sahələrin hər birinin təmsilçilərinə müraciətində gözləntiləri müəyyən edilib. Müraciətdə deyilir:

“İncəsənət: Əl işlərinizi nümayiş etdirin və beynəlxalq mədəniyyətlərin zəngin aləminə öz yaradıcı töhfənizi verin.

Moda: “Mercedes-Benz Fashion Week Tbilisi”də iştirak edin, gürcüstanlı və beynəlxalq dizaynerlərlə birgə öz dəbli dizaynınızı göstərin.

Teatr: Öz teatr quruluşlarınızı həyata keçirin və rəvayət etmənin gözəlliyini dəyərləndirən tamaşaçılarla ünsiyyət qurun.

Musiqi: Öz musiqi istedadınızı rəngarəng auditoriya ilə bölüşün və tədbirin mədəni tamaşalarında iştirak edin.

Rəqs: Maraqlı çıxışlarınızda tamaşaçıları valeh edən dünya rəqs formalarının müxtəlifliyini və gözəlliyini nümayiş etdirin”.

Daha geniş məlumatı

 www.cultureweektbilisi.com saytından öyrənmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün 2023-cü il üzrə qrant müsabiqəsini elan edib. Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının mədəniyyət siyasətini və prioritet sahələrini həyata keçirilməsinə dəstək olmaq üçün innovativ, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Qrant müsabiqəsinin prioritet mövzuları:

1. Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi (Azərbaycanın mədəni, ədəbi irsinin, incəsənət nümunələrinin və milli mənəvi dəyərlərin təbliği istiqamətində təşəbbüslər; Mədəniyyət sahəsində dövlət və özəl sektor arasında faydalı əməkdaşlığın qurulması üçün təşəbbüslər; Azərbaycan mədəniyyətinin təbliğində İKT imkanlarından istifadənin təşkil olunması üzrə təşəbbüslər; Ölkənin regionlarında yerləşən tarixi və mədəniyyət abidələrin innovativ yanaşma ilə məlumat bazalarının yaradılmasına dəstək verilməsi);

3. Mədəni və yaradıcı sənayelərilərin dəstəklənməsi (Mədəni və yaradıcı sənayelərin inkişafı sahəsində dövlət-özəl sektor – vətəndaş cəmiyyəti əməkdaşlıq modellərinin yaradılmasını və sınaqdan keçirilməsini dəstəkləyən təşəbbüslər; Mədəni və yaradıcı sənayelərin rəqabətə dözümlülüyünün artırılması üçün kadr potensialının yüksəldilməsinə dəstək məqsədilə bacarıqların artırılması layihələri; Mədəni və yaradıcı sənayelərin inkişafı, investisiyaların cəlb olunması sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, müxtəlif növ tədbirlərin təşkili üzrə təşəbbüslər);

4. İşğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı (İKT imkanlarından istifadə etməklə işğaldan azad olunmuş ərazilərin mədəni irsi, işğal dövründə mədəni irsə dəymiş ziyan haqqında məlumatlandırıcı resursların yaradılması üzrə təşəbbüslər; Repatriasiyaya hazırlaşan gənclər və uşaqlar üçün işğaldan azad olunmuş ərazilərə işğaldan öncəki mədəni həyat haqqında məlumatlandırıcı layihələr; Beynəlxalq və yerli mediada Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin daha geniş tanıdılması məqsədilə təbliğat layihələri);

5. Mədəniyyət sahəsində könüllülüyün inkişafı (Mədəniyyəti həyat tərzinin ayrılmaz və zəruri parçası kimi təşviq etmək; Mədəniyyətin iqtisadi inkişafa töhfəsini gücləndirmək istiqamətində təşkil edilmiş layihələrdə iştirak; Mədəniyyətimizin müxtəlif sahələrinin və mədəni irsimizin tədqiqi, qorunması, inkişafı və təbliği istiqamətindəki fəaliyyətlərdə iştirak; İnsan və cəmiyyətin mədəni inkişafı ilə bağlı layihələrin təşkilində iştirak);

6. Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi, tədqiqi, təbliği, arxiv irsinə dəstək;

7. Azərbaycan mədəniyyətinin beynəlxalq təşviqi (Azərbaycan mədəniyyətinin xarici kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, qlobal onlayn platformalarda və ensiklopedik resurslarda təmsil olunması əmsalının yüksəldilməsi üçün müasir dövrün tələblərinə uyğun mədəni-informasiya resurslarının yaradılması üzrə təşəbbüslər);

8. Mədəniyyət naminə sülh (Peace4Culture) (Sülhün mədəniyyətin inkişafında, mədəni irsin qorunmasıda əhəmiyyəti barədə layihələr; Müxtəlif mədəniyyətlər və ənənələrə qarşı tolerantlıq və anlayışın aşılanması; Bərabərlik və barışın təşviq edilməsi barədə təbliğat; Qəzəb, qərəz, nifrət, müxtəlif fobiyalar və mənfi ictimai təmayüllərin və ehkamların qarşılıqlı hörmətə və inama çevrilməsi mövzusunda təbliğat və layihələr);

9. İnsan və cəmiyyətin mədəni inkişafı (Mütaliə mədəniyyətinin inkişafı və stimullaşdırılması üçün fəaliyyətlər və çoxtərəfli əməkdaşlıqların qurulıması üzrə təşəbbüslər; Rəqəmsal kitabxana xidmətlərin yaradılması və ya təkmilləşdirilməsi; Uşaq və gənclərdə azərbaycanlı milli kimliyinin və mədəni dəyərlərin formalaşdırılması üzrə təşəbbüslər; Dövlət və mədəniyyət müəssisələrində çalışanların İKT və innovasiya sahəsində bilik və bacarıqlarının artırılması).

 

Qrant müsabiqəsinin iştirakçılarına verilən tələblər:

1. Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı olmalıdır;

2. Müsabiqə iştirakçısı olan qeyri-hökumət təşkilatının mədəniyyət sahəsində layihələrin icrası və tədbirlərin təşkili ilə bağlı müvafiq təcrübəsi olmalıdır;

3. Müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatı aşağıdakı sənədləri təqdim etməlidir:

* Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əslinin elektron  surəti;

* Dövlət Reyestrindən Çıxarışın əslinin elektron surəti;

* Nizamnamənin əslinin elektron surəti;

* Qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin FİN kodu və əslinin elektron surəti;

1. Mədəniyyət Nazirliyindən əvvəllər qrant almış, lakin qrant müqaviləsinin yekunlaşmasına baxmayaraq müqavilə üzrə öhdəliklərini qrant müsabiqəsinin başlamasına qədər tam yerinə yetirməyən qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilməz;

2. Eyni qeyri-hökumət təşkilatı tərəfindən qrant müsabiqəsinə birdən artıq layihə təqdim edilə bilməz.

 

Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinə verilən tələblər:

1. Layihə təklifinin müddəti minimum 2 ay, maksimum 6 ay müddəti əhatə etməklə, Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir;

2. Qrant müsabiqəsinə təqdim olunmuş layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Media haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.

 

Layihə təklifləri ilə bağlı əlavə tələblər:

Aşağıdakı prinsiplərə əsaslanan layihə təklifləri seçim prosesi zamanı əlavə üstünlük qazanacaq:

1. Regional əhatəlilik – Layihə təkliflərində yalnız Bakı şəhəri və Abşeron rayonu ilə kifayətlənməməli, Azərbaycanın digər şəhər və rayonlarını da əhatə etməlidir.

2. Çoxtərəfli əməkdaşlıq – Layihə təkliflərində mütəxəssislərin cəlb edilməsi nəzərə alınmalı, mərkəzi və yerli səviyyədə dövlət qurumları ilə sıx əməkdaşlıq və tərəfdaşlıq şəklində layihələri həyata keçirməlidirlər. Müvafiq olduğu hallarda özəl sektor və maraq qrupları cəlb edilməlidir.

3. İnnovativlik – Layihə təklifləri yeni, indiyədək istifadə olunmayan mexanizmlər və metodologiya əsasında qurulmalıdır. Xüsusilə, inkişaf etmiş ölkələrdə sınaqdan keçirilmiş informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanların istifadəsinə üstünlük verilməlidir.

4. Müxtəliflik və İnklüzivlik – Layihə təkliflərində sağlamlıq imkanları məhdud, risk qruplarında və sosial müdafiəyə ehtiyacı olan şəxslərin, gənclərin, qadınların iştirakçılığının təmin olunması ilə bağlı konkret yanaşmalar öz əksini tapmalıdır.

5. Davamlılıq – Layihə təkliflərinin hazırlanması zamanı nəzərdə tutulan nəticələrin davamlılığı mütləq nəzərə alınmalı və bu meyarın necə qarşılandığı dəqiq və aydın şəkildə layihə təklifində göstərilməlidir.

 

Müsabiqəyə müraciət üçün son tarix: 23 noyabr 2023-cü il

Sənədlərin qəbulu grants.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir

Müsabiqəyə müraciət üçün tələb olunan sənəd formaları:

1. Layihə təklifi forması

2. İcra planı forması

3. Xərclər smetası forması

 

Qrant müsabiqəsi ilə bağlı suallarla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına və ya Mədəniyyət Nazirliyin qaynar xəttinə (Tel: 147) müraciət etmək mümkündür.

 

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın Ali diplomatik medalı – ölkənin görkəmli dövlət xadimi və diplomatı Nazir Tyuryakulovun adına medal ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, medal Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasında Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu tərəfindən Günay Əfəndiyevaya təqdim olunub.

 

Fondun prezidenti bu medala Qazaxıstanın qədim və zəngin mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması, dəyərlərinin geniş miqyasda yayılması, ölkənin Türk Dünyası ilə inteqrasiyasının gücləndirilməsi yönündə fəaliyyətlərinə, eləcə də xarici siyasətinin uğurla həyata keçirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.

 

İclasda iştirak edən Türk dövlətlərinin xarici işlər nazirləri və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Türk Dünyasının ortaq irsinin qorunması, təbliği istiqamətində və türk xalqları arasında həmrəyliyinin daha da gücləndirilməsində xidmətlərinə görə Günay Əfəndiyevaya təbrik və təşəkkürlər ifadə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2023)

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah, Cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından, ürəyim sərinlik tapar. Inşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyǝm. Allah böyükdü. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.

İmza: İbrahimov Mübariz/18.06.10 

 

Bu gün Zəfər günüdür və mən bu gün Mübarizdən yazmaq istədim. Hansı ki, Qarabağın geri qaytarılması bəlkə də ən çox onun arzusu idi, hansı ki, bunu ən çox bəlkə də o gözləyirdi. Hansı ki, yurd-yuvasından min bir əzabla, min bir işgəncəylə qovulan Xocalı sakinlərinin qisasını bəıkə də ən çox o almaq istəyirdi. O Mübarizdən ki, o, son məktubunda "Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm" yazırdı.

Mübarizi tanıtmaq üçün nə uzun və nə də bəzəkli cümlələrə gərək yoxdur. Mübariz kim olduğunu və nələrə qadir olduğunu bir gecənin içində bütün dünyaya bəyan edib.

Mübariz ermənilərin cəsədindən belə qorxduqları idi.

Mübariz öz amalı yolunda qorxmazlığın, cəsarətin, şücaətin təcəssümü idi.

Mübariz içinə illərlə qəlpələr yığılmış bir qumbara, bir mina kimi idi sanki və hər mina kimi o da əvvəl-axır mütləq bir gün partlamalı və içindəki qəlpələri saçmalıydı. 

 

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonun Əliabad kəndində anadan olub. 1994-2005- ci illərdə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsil alıb. 13 yaşından etibarən idamnın boks növü ilə də məşğul olub.  O, orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılıb.

Hərbi xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı bölüyündə başlıyıb. Xidməti zamanı çavuş rütbəsi alıb və 2007-ci ildə çavuş rütbəsi ilə də hərbi xidmətini başa vurub. Mübarizin Komandiri Zaur Məcidovun sözlərinə görə O Mübarizə xidmət etdiyi bölükdə qalıb onlarla birlikdə xidmətinə davam etməyi təklif edib, lakin, Mübariz ona "Böyük bir məmnuniyyətlə sizinlə birlikdə xidmət edərdim, bu mənim üçün fəxrdir, amma ki, mən ön xətdə xidmət etmək istəyirəm"-, söyləyib.

Valideynləri əvvəl onun hərbiyə getməsinə razı olmadıqları üçün o, bir müddət bankların birində mühafizəçi və daha sonra BibiHeybət məscidində bağban kimi mülki işlərdə çalışdıqdan və  qərarında səbatlı olması ilə  ana-atasını razı saldıqdan sonra 2009-cu ilin avqustunda  gizir rütbəsi ilə hərbi qulluqçu kimi yenidən hərbi xidmətə başlayıb. 

2010-cu ilin aprel ayından etibarən isə öz israrları nəticəsində nəhayət istəyinə nail olub və hərbi xidmətinə Tərtər rayonun N saylı hərbi hissəsində düşmənlə təmas xəttində davam edib.

2010 cu ilin iyun ayının 18-dən 19 na keçən gecə Mübariz ailəsinə xitabən bir məktub yazıb qoyduqda sonra təkbaşına təxminən 1 kilometrlik minalanmış ərazini keçərək erməni tərəfinə sızmış və işğalçı ermənistan ordusunun çoxlu sayda əsgər və zabitini məhv etmiş və onlara məxsus olan silah anbarını partlatmışdır. Təqribən 5-6 saat ərzində bir ordu ilə təkbaşına savaşmış Mübariz bu zaman elə bir şərait yaratmışdı ki, ermənilər onların üzərinə böyük bir ordunun gəldiyini zənn etmişdi. 

Mübarizin təkbaşına  ernənilərə qarşı başlatmış olduğu bu qeyri-bərabər döyüş iyunun 19-da  səhər saatlarında onun şəhadətə qovuşması ilə başa çatır. 

Ermənistan tərəfi bir neçə ay qəhrəmanımızın nəşini qaytarmaqdan boyun qaçırıb, lakin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da Gizir Mübariz İbrahimovun və həmçinin şəhid baş leytenant Fərid Əhmədovun nəşini Azərbaycan tərəfinə təhvil vermişdir. 

2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində  şəhidimizlə vida mərasimi keçirilib və o, ikinci Fəxri Xiyabanda dəfn olunub. 

Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın milli qəhrəmanı" adı verilib.

Biləsuvar şəhərində lisey-məktəb kompleksi  və küçə onun adını daşıyır.

Daha çox dedektiv əsərlər müəllifi olan yazıçı Elxan Elatlı Mübariz İbrahimovun həyatı və şərəfli döyüş yolundan bəhs edən "Qisas gecəsi" adlı roman yazmışdır. 

Yazıçı Varisin 2018-ci ildə Avrasiya Materikinin Ədəbiyyat üzrə 3-cü LiFFt Festivallar Festivalınln qızıl medalına layiq görülən, 2019-cu ildə London Ədəbiyyat Mükafatının şort-listinə düşən məşhur “Metamorfoz” romanında Mübarizdən bəhs edən bircə abzas onun adını beynəlxalq miqyasda oxuculara tanıtmışdır. 

Atası Ağakərim İbrahimov Mübariz  haqqında  danışarkən "O bir mələk idi. Yerdə çox yaşaya bilməzdi..."-, deyib.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası elə bir əlamətdar gün olmaz ki, həmin gün barədə bir tədbir həyata keçirib xüsusən gəncləri maarifləndirməsin. Bugünkü Zəfər Günü münasibətilə kitabxananın hazırladığı videomaterial və guşə barədə ayrıca sizi bilgiləndirmişdik. 

İndisə sizə sabahkı tarix üçün hazırlanmış töhvə barədə danışacağıq. 

9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar kitabxana videomaterial hazırlanaraq izləyicilərə təqdim edib. Bu materialda Azərbaycanın dövlət rəmzi bayrağımızın yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materialda ümumi məlumatlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədikləri dəyərli fikirlər, səs yazıları da öz əksini tapıb. Materialda 30 illik həsrətdən sonra işğaldan azad olunan əzəli Azərbaycan torpaqlarında, Zəfər Paradında vüqarla dalğalanan Azərbaycan Bayrağının görüntüləri də təqdim edilir.

Videomaterialda milli istiqlal şairi Əhməd Cavadın, Xalq şairi Bəxtiyar Vahabzadənin müəllifi olduqları və milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biri olan Azərbaycanın dövlət bayrağına həsr edilən şeirlərindən parçalar da yer alır. Bundan əlavə izləyicilər materiallarda Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi haqda da maraqlı məlumatlar əldə edə bilərlər.

9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2023)

“Ədəbiyyat və incəsənət” portalı Zəfər Günündə Poetik Qiraət rubrikasında məhz Zəfər Günü ovqatlı şeir təqdim edir. Şeirin müəllifi şair Elxan Yurdoğludur. 

Birini də mənə ver, qardaş, o silahlardan,
Qoy oğlum görsün məni – vətənçün silahlanan.
Dünənədək tutduğu qələmi silah sanan
Şair bu gün əsgərlə yan-yana dayanmalı,
Çiyin-çiyinə durub, can cana dayanmalı.

Bir ölsək min dirilək, yüz ölsək milyon olaq,
Bir manqa qeyrətiylə coşub batalyon olaq.
Biz zəfər yürüşündə lap ölsək də, son olaq,
Bizdən sonra gələnlər yaşasın qürur ilə,
Ey şəhid övladları, dur, bu xalqı müjdələ.

Mübarizin yazdığı məktuba cavabam mən,
Öldürmək günah, amma bu yolda savabam mən.
Yaramdan qan axsa da, sanmayın bitabam mən,
Gücüm yetər can üstə dirçəlib can almağa,
Tökülən qana qarşı qanmazdan qan almağa.

Nə qürurlu mənzərə – düşmən üstə tank gedir,
İlahi ədalətdir – haqsız üstə haqq gedir.
Ordunun arxasınca yumruq olan xalq gedir,
Selə dönən bu xalqın axınını kim saxlar,
Qığılcıma bənddilər – şimşəktək çaxacaqlar.

Ey səngər oğlu əsgər, mən də sənin əsgərin,
Əmr elə, əmrin ilə düşmənə sinə gərim.
Darmadağın eləyim, leşi leş üstə sərim,
Bəsdi, səbr edib dözdük, səbrin daşan vaxtıdır,
Qanımızın qisasçün artıq coşan vaxtıdır.

Füzuli sevdasında, Cəbrayıl eşqindəyik,
Kəlbəcər, Laçın üçün can vermə məşqindəyik.
Bu gün xəbər gəlsin ki, Xankəndi köşkündəyik,
Zəngilan, Qubadlıdan keçsin zəfər yolları,
Bülbülə naz eləsin xarıbülbül kolları.

Sarsın yaralarını Ağdamım, Xocavəndim,
Xocalını doyunca qucaqlayım… kövrəldim.
Ayaq səslərimizdən gülsün yüzlərlə kəndim,
Əsgəran, Ağdərədə türkün səsini duyam,
Xanın avazındayam – Şuşa havasındayam.

Hayına Naxçıvandan, Bakıdan ərlər gələr,
Qazax, Quba, Lənkəran, Şəkidən nərlər gələr.
Kişilərin yanında xanım əsgərlər gələr,
Yetər ki, haqq yürüşün zəfərlə müjdələnsin,
Dörd tərəfin üçrəngli bayrağımla bəzənsin.

Zəfərlərin müjdəsi Aprel zəfəri olsun,
Bu savaş ordumuzun zəfər səfəri olsun.
Polad Həşimovun da bundan xəbəri olsun,
General şəhidimin yerdə qalmasın qanı,
Artıq sevinən görək bütün Azərbaycanı.

Bu, vətən savaşıdır, bu, torpaq savaşıdır,
Qarabağçün darıxan bir bayraq savaşıdır,
Bu, haqqını istəyən xalqın haqq savaşıdır,
Qoy haqqın uğrunda da canımız olsun fəda,
Hamı bilsin, Qarabağ Azərbaycandır, nida!

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2023)

 

Çinin ən iri şəhərlərindən olan Şanxayda Azərbaycanın turizm potensialının təqdimatı olub. AzərTAC xəbər verir ki, Çinin turizm şirkətlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bir çox məsələlərə toxunub.

 

O, qeyd edib ki, mədəni irsi, rəngarəng təbiəti, qədim və müasir memarlığı olan Azərbaycanın yüzillər ərzində İpək yolu üzərində ticarət və mədəniyyət körpüsü rolunu oynadığını, bu tarixi irsin müasir dövrdə ölkəmizin turizm potensialını zəniginləşdirdiyini deyib. Bildirib ki, son illər Azərbaycanda turizm sənayesi böyük inkişaf yolu keçib, turizm xidmətlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, nəticədə ölkəmiz dünyanın müxtəlif bölgələrindən olan səyahətçilərin populyar turizm məntəqəsinə çevrilib.

Fuad Nağıyev Çinin Azərbaycan üçün əsas turizm bazarlarından biri olduğunu qeyd edərək, pandemiyanın səngiməsindən sonra iki ölkə arasında turist səyahətlərinin sayında çoxalma müşahidə olunduğunu, cari ilin yanvar-oktyabr ayında ölkəmizə gələn çinli turistlərin sayının ötən illə müqayisədə bir neçə dəfə artdığını bildirib. O, ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə agentliyin yeni konsepsiya hazırladığını, bu çərçivədə çinli turistlər üçün cəlbedici və uyğun şəraitin təmin olunacağını deyib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Cavanşir Bayramov ölkəmizin turizm potensialı, təbiət, tarixi-mədəni, dəniz, sağlamlıq da daxil olmaqla müxtəlif turizm növləri üzrə mövcud şərait və yaradılan infrastruktur barədə məlumat verib.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin nümayəndələri Ruslan Abdullayev və Rinat Əzizov ölkəmizin milli aviadaşıyıcısı haqqında məlumat verib, şirkətin dekabrda açılacaq Bakı-Pekin-Bakı birbaşa, müntəzəm uçuşlarının iki ölkə arasında turist səfərlərinin sayının çoxalmasına müsbət təsir edəcəyini, AZAL-ın qarşıdakı illərdə Çinin daha bir neçə şəhərinə birbaşa uçuşlar açmağı planlaşdırdığını diqqətə çatdırıblar.

Sonra Azərbaycanın turizm potensialını, ölkəmizin təbii gözəlliyini, tarix-mədəni irsini, dadlı mətbəxini əks etdirən video nümayiş olunub, AZAL-ın keçirdiyi lotereyanın qalibinə Pekin-Bakı-Pekin bileti təqdim edilib.

Oxşar təqdimatların Çinin Quancou, Çendu və Pekin şəhərlərində də keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, dünyanın ən böyük turizm bazarı olan Çindən Azərbaycana daha çox turist cəlb olunması üçün 2018-ci ilin dekabrından Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir, 2019-cu ildə Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb, həmin il Azərbaycan Turizm Bürosu və Çinin tanınmış onlayn səyahət platformaları olan "Ctrip.com İnternational Ltd" və "Qyer" arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Bundan başqa, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə “ASAN Viza" sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirir. Pandemiyanın səngiməsi ilə Çindən Azərbaycana səyahətlərin sayında davamlı artım müşahidə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2023)

 

Azərbaycan tarixinə Zəfər salnaməsi kimi yazılan 44 günlük Vətən müharibəsindən 3 il ötür. Bu gün 8 Noyabr  – Zəfər Günüdür. Və bu əlamətdar günlə əlaqədar bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsi qəhrəmanlarına, şəhid analarına həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, rejissor Samir Qulamovun eyniadlı pyesi əsasında və quruluşunda səhnələşdirilən əsərdə SSRİ Xalq artisti Fikrət Əmirovun musiqilərindən, həmçinin Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib.

İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Səhnə əsrində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Prezident mükafatçıları Əmrah Dadaşov, Mehriban Zaliyeva, Hüseyn Əlili, Səmədzadə Xasiyev, aktyorlar Nəzrin İsmayılzadə, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev və balet artistləri iştirak edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2023)

14-CÜ BAKI BEYNƏLXALQ QISA FİLMLƏR FESTİVALI BAŞLAYIR

 

Bəli, Bakı növbəti kino forumuna evsahibliyi etməyə hazırlaşır. Noyabrın 10-da Nizami Kino Mərkəzində 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyidir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

Beləki, Beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, Yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulub.

Bu il beynəlxalq müsabiqənin filmlərini “Qızıl Pəri” mükafatçısı, filmləri Rotterdam, “Kinoşok”, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda nümayiş olunub, mükafatlar qazanan Yavər Rzayev, Kann mükafatçısı, Moskva, Tokio festivallarının baş mükafatçısı, rejissor Rza Mirkərimi, Berlinali mükafatçısı, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov, tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu qiymətləndirəcək.

“Asiya istedadları”nın münsiflər heyətində Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, müasir Azərbaycan nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar, bir sıra beynəlxalq kinofestivalların qalibi, rejissor, ssenarist Ramin Fərzaneh yer alır.

Yerli müsabiqədə yarışan filmləri rejissor, ssenarist, teatr, kino və televiziyada öz dəsti- xətti ilə fərqlənməyi bacaran əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Elçin Şıxlı, müasir Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir Mehdiyev qiymətləndirəcək.

Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 3 film yarışacaq.

Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. Beləki, “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı- BAFTA namizədlərinin xüsusi nümayişi olacaq.

“Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər göstəriləcək.

“Panorama”da isə gələcəyinə böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim olunacaq.

Festivalda yer alan yerli və xarici qısa filmlər 6 gün müddətində saat 11: 00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif dövrlərə aid beş qısa film - Zaur Məhərrəmovun “ Bakı eyvanları”, Nicat Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri göstəriləcək. Həmçinin festivalın açılış günü “Azərbaycan kinematoqrafiyasında xidmətlərinə görə” bir neçə kino xadimi “Qızıl Nar” mükafatı ilə təltif ediləcək.

Festival müddətində noyabrın 12-də tanınmış kinorejissor Rza Mirkəriminin “Şərq rejissorunun özəlliyi” mövzusunda master -klası, noyabrın 14-də qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intellect texnologiyasının tətbiqi” adlı müharizəsi baş tutacaq.

Festival qaliblərinin mükafatlandırılma mərasimi noyabrın 15-də Nizami Kino Mərkəzində keçiriləcək.

Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Counsil”, Azərbaycan Prodüserlər Gildiyası, Yunus Əmrə İnstitutu yer alır.

Qeyd edək ki, Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, Mədəniyyət qəzeti, Mədəniyyət jurnalı, Kinoyazar saytı, “KinoBiz” platforması festivalın media tərəfdaşıdır.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.