Super User
Üfüq xətti - ESSE
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Üfüq xəttində sıraya düzülmüş arzular, nə üçün buraya toplaşmısınız? Səmanın sinəsi hamınız üçün yetərlidir. Niyə məhz burada, həyəcan və səbirsizliklə gözləyirsiniz?
Neçə baxışlar toqquşmuşdur bu səmada. İldırımlar bəlkə də, o baxışların toqquşmasından yaranmışdır. Yağışlar isə o baxışların göz yaşlarıdır. Çünki o toqquşmuş baxışlar çoxlarına yalnız kədər adlı bol "leysanlar" vermişdir. Bu baxışların sahibləri acılardan qurtulmaq üçün, arzularının gerçəkləşməsi üçün onları üfüq xəttinə yola salmışdır. Yenəmi anlamadın məni?
Yaxşı, dostum mən sadə cümlələrdən bir ağac əkib budaqları ilə fikrimi şaxələndirim. Sən də sadəcə sus və dinlə.
Yer kürəsi dairəvidir deyirlər, amma biz yerlə göyün birləşməsini deyil, onların nə qədər uzaq olduqlarını öz gözlərimizlə görürük. Gördüklərimiz elmin isbatını anlamır. Bilirsənmi niyə? Çünki qəlbimizdə bəzən elə boşluq yaranır ki, bu boşluq hər saniyə kainatda tək və qərib olduğumuzu xatırladır. Bu zaman biz yer və göyün ayrı qalıb əziyyət çəkməsini düşünürük.
Amma birdən yol çəkən və kədərdən sarsılan gözlərimizdə üfüq xətti canlanır. Bir anlıq bu mənzərə möhtəşəm qalibiyyət hiss etdirir və kədər, qəm Günəş böyüklüyündən ani imtina edib kibritin közərən və sönən nöqtəsinə çevrilir. Bax, bu zaman dostum, qəlbi dərd zəncirləri ilə sıxılanlar arzularını üfüq xəttinə yola salırlar ki, göy və yer birləşdiyi yerdə onların arzuları da sevinsin, bəlkə, bu arzular da həyata keçib sahiblərinə kainat boyda sevinc yaşatdılar. Hə dostum, indi üfüq xəttində sıraya düzülmüş arzuların həyəcanını anladınmı? Qanadsız qanadlanmağı, susmaqla danışmağı, gülüşlə ağlamağı və daha nələri deyim?
Sən sualını üfüq xəttində gözləyən arzulara ver, mən isə artıq bu möhtəşəm mənzərənin seyrində suallarıma cavab tapmışam.
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)
POETİK QİRAƏT
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənin adına şəhər” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Əlizadə Nuri görüşür.
Sənin adına şəhər
Mən sənin adına şəhər salmışam,
Bu gün ad qoyuram küçələrinə.
Oturub şəhəri tumarlayıram-
Saçını sərmisən gecələrinə...
Başqa şəhərlərə yaman dərd olub,
Udur acısını tütün şəhərlər.
Mən sənin adına şəhər salmışam
Qaçıb xəritədən bütün şəhərlər.
...Gəl, öz şəhərini göstərim sənə,
Uzaqda deyil ki, könlüm yanıdı.
Mən sənin adına şəhər salmışam
Ürəyim- şəhərin baş meydanıdı.
...Tikdim ürəyimin sahillərində,
Qorxdum gözlərimdən keçə, yan keçə.
Qala qapısıyam mən bu şəhərin-
Təkcə sənin adın qapıdan keçər...
Tanrı bu şəhərə səni şah seçib,
Nə fərqi: - sarayı, ya taxtı olsun.
Bir şəhər salmışam sənin adına
Saldım ki, eşqin də paytaxtı olsun!
...Qapını gün açar, pəncərəni ay,
Bir yanı gündüzdü, bir yanı axşam.
Nə olsun, dünyanı verə bilmədim
Sənə SEVGİ adlı şəhər salmışam...
Girib bu şəhəri gəzirəm hərdən,
Çıxmaq istəyəndə kimsə "qal" deyir.
Sənə dünya boyda şəhər salmışam-
Gör sənə bu "şəhər" darısqal deyil?!.
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)
1980-ci ildə “Babək” filminə görə Uzaq Şərqdəki hərbi hissədə necə qiyam qalxdı
Etibar Əbilov, «Ədəbiyyat və incəsənət” üçün
Xalq artisti Rasim Balayevə zəng etmişdim. Zəfər bayramını təbrik etdim.
-Bu bayram başqa bayramlara bənzəməz, Zəfər bayramı bizim ən böyük bayramımızdır- deyə Rasim müəllim çavab verdi.
Sonra isə- Sənin mənə o vaxt əsgərlikdən yazdığın məktubu indiyə qədər saxlayıram - dedi.
-Neçəncu il idi o məktubu mənə göndərəndə?- Rasım müəllim soruşur.
-1980-çi il.
-Gör necə il kecir- Rasim müəllim sözünə davam edir, -Bilirsən, nə qədər adama oxumuşam o məktubu?
-Mən də Sizin yazdığınız cavab məktubunuzu saxlayıram.
Rasim müəllimin yanında kimsə var. Rasim müəllim mənim yazdığım məktubun məzmununu həmin adama danışır.
Gəlin əhvalatı sizlərə ərz edim.
1980-ci ildə Uzaq Şərqdə hərbi xidmətdə idim. Bir şənbə günü xəbər verdilər ki, axşam əsgərlər üçün film nümayiş etdirəcəklər. Film də Azərbaycan filmi. Bir azdan filmin adını da bildik: Azərbaycan kinostudiyasında yeni çəkilmiş "Babək" filmini göstərəcəkdilər.
Başqa millətlərin arasında cəmi 21 azərbaycanlı idik. Allah bilir, axşamı necə gözləyirdik. Həm də həyəcanlı idik.
Nəhayət axşam gəldi. Film iki seriyalı olduğundan 1-ci seriyanı axşam yeməyindən əvvəl, ikinci seriyanı isə yeməkdən sonra nümayış etdirəcəkdilər.
Təxminən 300 nəfərlik zal. Bütün yerlər tutulub. Əyləşməyə yeri olmayanlar döşəmədə oturub. Ayaq üstə dayananlar da var. İşıqlar söndü və film başladı. Və filmin təxminən 5-ci dəqiqəsindən sonra filmə tamaşa edənlərin hamısı demək olar ki, artıq bu filmin cazibəsinə düşdülər. Nəhayət, birinci hissə sona çatdı. Əsl mərəkə də bundan sonra başladı. Bir anda fit səsi, qışqırıq səsi, ruslara xas olan söyüşlər zalı başına götürdü. Səs-küydən qulaq tutulurdu. Hamı filmin ikinci hissəsini tələb edirdi. Bu o demək idi ki, bütün hərbi hissə axşam yeməyindən imtina edir...
Bütün zabit heyəti kluba gəldi. Səhnədən qışqırır, əsgərləri intizama dəvət edirdilər. Səs-küy onların nə dediyini eşidilməz edirdi. Bu bir qiyam idi. Və bu qiyamı bir Azərbaycan filminə görə ən intizamlı sovet əsgərləri qaldırmışdılar. Həmin dəm həmin zalda olan 21 Azərbaycan övladının qəlbini bir qürur hissi bürümüşdü. Bir Azərbaycan övladı üçün yad eldə bundan qürurverici nə ola bilərdi ki?
Bir azdan səhnədə hərbi hissə briqadasnının komandiri, polkovnilk Yaraşuk göründü. Zabitəli, həm də qəddar bir adam olan Yaraşuk əlini qaldırıb gür və zəhmli səsi ilə sakitləşməmizi tələb etdi. Hüss olunurdu ki, əsəbi olduğu qədər də narahatdır, həm də qorxur. Mən inanmıram ki, o vaxtlar hər hansısa Sovet hərbi hissəsində əsgərlər tərəfindən hər hansı bir filmə, yaxud konsertə görə belə kütləvi itaətsilik hadisəsi baş vermiş olsun. Buna görə hərbi hissənin rəhbərliyini də, əsgərlərin bəzisini də cəzalandıra bilərdilər. Polkovnik Yaraşukun əsəbi narahatlığı da buna görə idi.
...Nəhayət salon qismən də olsa sakitləşəndən sonra polkovnik Yaraşuk zəhmli və əsəbi səslə sözə başladı:
-Əgər yeməyə getməsəniz bu filmin ikinci hissəsini görməyəcəksiniz.
Zalı yenə də uğultu bürüdü. Amma Yaraşuk gür səsi ili salonu sakitləşdirdi:
-Mənə diqqətlə qulaq asın. Mən sizə əmr edirəm! Hamınız ayağa qalxıb yeməyə gedirsiniz. Yeməkdən sonra gəlib filmin ikinci hissəsinə tamaça edəcəksiniz. Mən sizə söz verirəm. Dediyimə əməl etsəniz bu filmi sizin üçün sabah yenidən nümayiş etdirəcəyəm.
Başqa çıxış yolumuz yox idi. Komandir briqadanln əmrinə tabe olduq. Yeməyimizi tez-tələsik yeyib qayıtdıq və böyük bir zövqlə filmin ikinci hissəsinə tamaşa etdik...
Komandir Yaraşuk da sözünü tutdu. Səhər nahar yeməyinən sonra filmə yenidən tamaşa etdik.
Həmin hadisədən bir, ya iki gün sonra baş rolun ifaçısı Rasim Balayevə məktub yazmaq fikrinə düşdüm. Yazdım da. Yadımdadır, kazarmada məktubu yazarkən bir rus əsgəri (soyadı Soldatov) mənə yaxınlaşıb nə yazdığımı soruşdu və biləndə ki, Babəkə (Rasim Balayevə) məktub yazıram, rişxəndlə mənə dedi:
-Sən elə bilirsən O (Rasım Balayev) sənə cavab yazacaq? O Ulduzdu. Məşhur aktyordu... O bəlkə də heç məktubunu oxumayacaq. Oxusa da heç vaxt sənə cabab yazmayacaq.
Mən isə: -Əgər o Nəsimini, Babəki oynayıbsa, hökmən çavab yazacaq -dedim.
Mən heç məktubu hansı ünvana göndərəcəyimi də bilmirdim. Bircə onu bilirdim ki, Azərbaycan Kinostudiyası Cəfər Cabbarlı küçəsində yerləşir. Məktubu həmin ünvana göndərdim. Və az keşməmiş Rasim müəllimdən sayğı dolu bir cavab məktubu aldım. Bütün hərbi hissə mənim Rasim Balayevdən (Babəkdən) aldıgım məktubdan danışırdı. Əsl qəhrəmana çevrilmişdim.
...İndi telefonun o başında olan Rasim Balayev yanındakı adama həmin məktubdan danışırdı.
Mən Rasim müəllimi yaşadığım Neftçala şəhərinə dəvət etdim. O dedi:
-O vaxtlar filmlərə çəkiləndə tez-tez zədələr alırdım. Cavanlıq idi deyə əvvəllər fikir vermirdim. Yaşa dolduqca həmin zədələrin fəsadları da üzə çıxır. Neçə vaxtdır ayaqlarım ağrıyır. Uzaq səfərlərə çıxa bilmirəm. Amma sağlıq olsun. Ayağımdakı ağrılar keçsin, hökmən gələcəm Neftçalaya. Gəlib səninlə görüşəcəm.
-Sağlıq olsun, -dedim, -gözləyəcəyəm Rasim müəllim!
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)
Əsas tarixi günlərimizin 8 rəqəmi
Gülnaz, “Ədəbiyyat və incəsənət”
Növbəti Zəfər gününü yaşadıq. Zəfər günü düşüncələrimi sizlərlə bölüşmək istəyirəm.
Azərbaycanın bu günü - Zəfər günü nələrdən keçmədi ki?! Bugünkü Zəfər dünənki zəfərlərin nəticəsidir: 1918-ci ilin 28 Mayı - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı o gün ki, şərqdə ilk dəfə müstəqilliyə imza atdıq. 1991-ci ilin 18 Oktyabrı - 1920-ci il əlimizdən alınan müstəqilliyimizin bərpası günü və nəhayət, 2020-ci il 8 Noyabr - şanlı tarixə qızıl hərflərlə yazılan, illərlə gözlənilən o qürurverici gün...
1918, 28 May, 18 Oktyabr, 8 Noyabr - 8 rəqəmində sanki bir uğur, bir zəfər yatır xalqımız üçün. Həmçinin bizim sonsuza qədər haqq-ədalət carçısı olduğumuzu göstərir. Axı bu rəqəm özündə həm də sonsuzluq simvolunu daşıyır. Vətən üçün edilən yaxşılıq milyonlara edilən yaxşılıq, ən böyük xeyirxahlıq, ən böyük fədakarlıqdır. Bütün bunları millətindən əsirgəməyən minlərlə qəhrəman oğullarımızın da sonsuz əbədiyyəti və xalqın onları yaşatması bu rəqəmdə öz əksini tapır.
Biz bu edilənlərin qarşısında çox acizik, amma o mələklərin xatirinə, onların adına- şəhid adına layiq qarşılamalıyıq bu günü. Onlar gecələr yuxusuz, aclıq, susuzluq bilmədən döyüşmədilər ki, biz küçələrə axışıb bayağı mahnıların səsini qaldıraraq maşının pəncərəsini endirib "Qarabağ" deyə qışqıraq. Hələ "bayramdır" deyib yeyib-içən insanları demirəm. Şəkil çəkdirmək, kiməsə göstəriş üçün o torpaqlara ayaq basanlar, etməyin, şəhid qardaşlarımızın qanı var orada.
Nə gözəl olardı, bu günü onların ailələrinin yanında olardıq. Heç olmasa, ildə bir dəfə Zəfər günü. Bax onda mənəvi gücümüzü göstərərdik göydəki şahidlərimizə ki, biz sizi belə anırıq, bizi qoruyanlara belə baş çəkirik, sizin ailə bizim də doğmalarımızdır. Necə də sevinərdilər başımızın üstündəki qəhrəmanlar.
Duyğularını - yaxınlarını görmək arzusuyla gözləyən gözlərini, qulaqlarını; doğmalarını qucaqlayan qollarını, ən son azad etdiyi torpaqlarda gəzən ayaqlarını qurban verən fədakarları demirəm hələ. Onların utanmasına yol verməyək. Əlimizdən nə gəlirsə, biz də onlara qurban edək. Onların yaşama həvəslərini yüksəldək. Biz bu təmiz ruhlu insanların yanında olduğumuzu hiss etdirdikcə xoş arzular baş qaldırar. Unutmayaq ki, unutmasınlar!
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)
Meyd in Çina turizmimizə möhür vurur
Könül, “Ədəbiyyat və incəsənət”
Növbəti Açıq Portfel statistikasını Dövlət Turizm Agentliyinə istinadən təqdim edirəm.
Demək, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 20 mindən çox çinli ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çoxdur.
Qeyd edim ki, Azərbaycan Turizm Bürosu yerli tərəfdaşlarla birlikdə noyabrın 15-17-də Pekində keçiriləcək Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM 2023) turizm sərgisində təmsil olunacaq.
Və ardınca Çinlə və turizmlə bağlı əldə etdiyim digər məlumatları da sizə əlçatan edirəm. Belə ki, Çin turistləri üçün “China Ready” konsepsiyasının tətbiqi planlaşdırılır. “China Ready” layihəsi Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi istiqamətə çevirmək məqsədi daşıyan proqramın bir hissəsidir. Proqram turizm sənayesinin çinli qonaqları qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulub.
Proqram çərçivəsində mehmanxanalar, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla turizm sənayesi nümayəndələrinə təlimlər təşkil ediləcək. İlkin olaraq 100 iştirakçı üçün nəzərdə tutulan, Çin mədəniyyəti, turist gözləntiləri, çin dilinin tədrisinin nəzərdə tutulduğu 12 aylıq təlim proqramının sonunda iştirakçılara “Çinli turistlərin dostu” sertifikatı təqdim ediləcək.
Bundan əlavə, turizm və qonaqpərvərlik sənayesi nümayəndələri Azərbaycanı çinli səyahətçilərə effektiv şəkildə təqdim etmək üçün xüsusi təlimatlar və strategiyalar haqqında məlumat əldə edəcəklər. Həmçinin çinli ziyarətçilər üçün ödəniş variantlarının təklif edilməsi, ənənəvi Çin yeməklərinin hotel menyularına inteqrasiyası və daha çox birbaşa uçuş variantlarının təklif edilməsi kimi münasib imkanların yaradılması planlaşdırılır.
Bir sözlə, turizmimizdə Çin faktoruna önəm verilir, əlbəttə ki, dünyanın ən çox əhalisi olan dövlətlə bu əməkdaşlıq olduqca faydalıdır.
Çoxları Çin deyəndə keyfiyyətsiz məhsul anlamını xatırlayıb ağız büzür. Şəxsən mən düşünürəm ki, Çin böyük imkanlar və şanslar rıçaqıdır.
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
57-Cİ DƏRC
Birinci xanım diktor ara verib baxışları ilə estafeti ikinciyə ötürəndə publika öz sevimlisini alqışlara qərq etdi, gözəl, ecazkar uzunboy, uzunlibaslı xanım öz məlahətli səsi ilə tamaşaçıları alqışladı, ona heyranlıqla baxan Baş Hakim səmtinə də bir əsrarəngiz baxış yönləndirib mətn oxunuşunu davam etdirdi. Misilsiz faciədən danışdığı üçün səsindəki kədər də aşkar sezilirdi:
- İşğala qədər Xocalı rayonunda 56 mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər, səhiyyə müəssisələri, kənd təsərrüfatı və sənaye müəssisələri, aeroport və s. fəaliyyət göstərirdi. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklı məşğul idi. Bura olduqca qədim bir ərazi olduğundan zəngin tarixi abidələrə malik idi. Memarlıq abidələrindən 15-ci əsrə aid nadir türbə, 1356-1357-ci illərə aid dairəvi türbə xüsusi əhəmiyyət kəsb edirdi, onların ətrafinda son tunc və ilk dəmir dövrünə aid nekropol və kurqan çölü dünyada insanların məskunlaşması tarixinin əsl töhvələri sayıla biləcəkdi. XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dövrünə - eramızdan əvvəl VIII-VII əsrlərə aid arxeoloji abidə idi...
Divanın Baş Hakimi bu yerdə müdaxilə etdi, söylədi ki, Xocalıda ermənilər tərəfindən məhv edilən, dəyişikliklərə məruz qalan abidələr bütün bəşəriyyətin sərvətləri idi, bir xalqın digər xalqa təcavüzü dünyanı həm də çox qiymətli, zəngin bir xəzinədən məhrum etmişdir. Ona görə də Xocalı qətliamı ikiqat bəşəri cinayət hesab olunmalıdır.
Baş hakim diktorlara fasilə verib bu yerdə Xocalı abidələri ilə bağlı daha geniş məlumat verilsin deyə tarixçi-etnoqrafa söz vermək istədiyini bildirdi. Hakimlər kollegiyasının narazılıq bildirməməsi səbəbindən söz əsa ilə gəlib tribunaya çıxan olduqca yaşlı, sahəsinin gözəl bilicisinə verildi. O, tamaşaçılarla salamlaşıb dərhal mətləbə keçdi:
-Xocalı abidələri əsasən eramızdan əvvəl II minillikdə və I minilliyin əvvəllərində mövcud olmuşdur. Dünyanın ən qədim sakinlərindən sayılan Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkişaf səviyyəsini öyrənmək üçün həmin mədəniyyətə məxsus qəbir abidələri və qəbirlərdən toplanmış maddi mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edir. Axı dünyanın tarixini öyrənmək üçün əlimizdə bu cür xəzinə sayılacaq mənbələrlə çox da elə öyünə bilmirik. Bəri başdan soyləyim ki, ermənilər tərəfindən bu maddi-mənəvi irs xəzinəsinin dağıdılması bəşəri cinayətdir, bu cinayət ən yüksək formada cəzasını almalıdır. Keçək təfərrüatlara. Xocalıdakı tarixi əhəmiyyət kəsb edən əsas abidələrin adlarını gözəl xanımlar məndən əvvəl sadaladılar. Mən Xocalı ərazisində aparılan arxeoloji qazıntılardan danışmaq istəyirəm, bu qazıntılar zamanı müxtəlif tipli saxsı qablar, qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin kimi silahlar, qızıldan, tuncdan, balıqqulağından, əqiqdən, şüşədən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri aşkar edilmişdi. Burada çoxlu sayda “Qoç və yəhər” şəkilli qəbir daşları, Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. kimi müqəddəs islam ziyarətgahları var idi. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid “Əsgəran qalası” mövcud idi. Qalanı Qarabağ xanı Pənah xan tikdirmişdi. Qala iki istehkamdan ibarət idi. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdi. Sol sahildəki qala dördkünc bürclüydü. Divarların qalınlığı 3 metrə çatırdı. 1810-cu ildə Rusiya ilə İran arasında müharibədən sonrakı sülh danışıqları “Əsgəran qalası”nda aparılmışdı. Rayonun Kosalar kəndi ərazisində “Məhəmməd ağanın otağı” tarixi abidəsi, “Darılı Piri”, “Ələm ağacı” ziyarətgahları və daş qəbirlər vardı. Rayonun Meşəli kəndi ərazisində - Meydan yaylağında - müqəddəs ziyarətgah “seyid qəbri”, “Yeddi kilsə” adlı Alban kilsəsi vardı. Bundan əlavə daha dörd yerdə Alban kilsəsi mövcud idi. Arxeoloji qazıntılar zamanı tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin bizim e. ə. 807-788-ci illərə aid adı yazılmışdı. Əsasən eramızdan əvvəl XVII-XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaşayış yerlərindən, daş qutu qəbirləri, müxtəlif tipli kurqanlardan, siklop tikililər və menhirlərdən ibarətdi. Adını çəkdiyimiz mədəniyyətə aid yaşayış yerləri bir qayda olaraq, çay kənarlarında, təbii-coğrafı cəhətdən əlverişli yerlərdə, xüsusi ilə strateji cəhətdən müdafıəsi qismən asan olan təpələr üzərində salınırdı. Yaşayış yerlərində evlər əksər hallarda yarımqazma halında olub, yuxarı hissəsi yonulmamış çay daşlarından palçıqla suvamaq yolu ilə tikilirdi. Evlərin əksəriyyəti çoxgözlü olaraq bütün tayfa üzvlərinə aid olurdu. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdi ki, çox vaxt tayfa evləri uzunsov olub, düzbucaqlı formada inşa edilmişdir. Bəzən uzunluğu 17–18 m, eni isə 8–10 m olan bu cür evlər xüsusi arakəsmələr vasitəsilə bir neçə hissəyə bölünmüşdür. Tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərində, yəni е. ə. II minilliyin sonunda artıq bu cür evlərin döşəmə və divarları xüsusi ağ maddələrlə suvanır və böyük ailə evləri kiçik ailə evləri ilə əvəz olunurdu. Bütün bımlar primitiv şəkildə də olsa, yerli əhalinin müxtəlif tikinti texnikasına malik olmasını parlaq surətdə sübut edir. Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin böyük bir qismini də siklop tikililəri təşkil edirdi. Əsasən yüksək təpələrdə və alçaq dağlarda bina edilmiş bu abidələr yerli əhali tərəfindən Qalaça, Örtük daşı, Hasar, Düzülü daş və s. adlanırdı. Siklop tikililərinin xarakterik cəhəti ondan ibarətdir ki, bu abidələr yonulmamış iri dağlardan suvaqsız olaraq müəyyən bir plana riayət olunmadan tikilmişdi. Bu tikililər bəzən iki və hətta üçqat divarla əhatə olunurdu. Siklop tikililərdə qapı yerləri üç sal daşdan düzəldilmişdı. Bu abidələr əsasən, e. ə. II minillikdə və I minilliyin əvvəllərində mövcud olmuşdur. Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkişaf səviyyəsini öyrənmək üçün həmin mədəniyyətə məxsus qəbir abidələri və qəbirlərdən toplanmış maddi mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edirdi, dünyanın əvəzsiz sərvəti idi.
Tarixçi-etnoqrafçı xidməti personaldan su istədi, ağzına kimi suyla dolu stəkanı başına çəkdi, ardınca birini də istədi, onu da içəndən sonra nitqinə davam etdi:
-Arxeoloji tədqiqatlardan aydın olmuşdur ki, Xocalı mədəniyyət sahiblərinin bir neçə tip qəbir abidəsi olmuşdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təşkil edir. Yeri gəlmişkən, təkcə elə Xocalıda daş kitabələr və qəbirüstü abidələri öyrənən Epiqrafika elmi ilə yanaşı, bir görün neçə elm sahəsi üçün zəngin məlumat mənbəyi var idi - insan haqqında, onun əcdadları haqqında olan Antropologiya elmi, qədim yazı abidələri haqqında Arxeoqrafiya elmi, maddi mənbələr əsasında qədim insanların həyatını öyrənən Arxeologiya elmi, daş kitabələr və qəbirüstü yazıları öyrənən Epiqrafika elmi, müxtəlif xalqların həyatını öyrənən Etnoqrafiya elmi, şəcərəni, nəsil-soy qohumluğunu öyrənən Geneologiya elmi, qədim dövrlərin nişan, möhür, emblemlərini öyrənən Heraldika elmi, tarixi mənbələrin təsdiqinə yönəli Mənbəşünaslıq elmi, qədim sikkələr barədə Numizmatika elmi və digərləri. Bilirsiniz, uzun illər dünyaya qapalı olan, tarixi özünə lazımi səviyyədə saxtalaşdıran Sovetlər Birliyinin tərkibində olan bu diyar dünya elminə qapalı olmuşdur deyə dünya elmi bu zəngin xəzinədən az qala bixəbər idi. Sovetlər dağılan kimi isə erməni işğalı bu zənginliyi bəşər irsindən qopararaq elmi yenidən ac qoymuşdur. Mən davam edirəm. Qarabağ düzlərinin bir növ təbii yaraşığı olan kurqanlar müxtəlif quruluşlu və müxtəlif tərkibli hündür təpələrdən ibarət olub, vaxtilə süni surətdə qəbirlərin üstünə tökülmüşdür. Kurqanlar bəzən sadəcə olaraq torpaqdan, yaxud daşdan, bir çox hallarda isə daşla torpağın qarışığından tökülmüşdür. Kurqanların özləri müxtəlif olduğu kimi, onların altındakı qəbirlər də müxtəlif olmuşdur. Ölünü dəfn etmək üçün bəzən kurqanın altında “ev” tikilmiş, dairəvi hasar çəkilmiş, bəzən isə daş qutular düzəldilmişdir. Xocalı kurqanlarında aparılmış qazıntılar nəticəsində müəyyən edilmişdir ki, 3-4 min il bundan əvvəl bu ərazidə iki cür dəfn adəti olmuşdur. Onlardan biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək imiş. Hər iki halda kurqanlar həm ailəvi, həm də tək-tək şəxslərə məxsus düzəldilmişdir. Ailəvi kurqanlarda bəzən əllidən artıq skelet aşkara çıxarılmışdır. Ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürməmişdir və alimlərin ehtimalına görə bu adət, qalıqları indi də dünyanın bir çox xalqları arasında, xüsusən induslar arasında mövcud olan müqəddəs ayin ilə əlaqədar idi. Lakin istər ölü yandırmaq, istərsə də ölünü olduğu kimi dəfn etmə adətində kurqan qəbirləri üçün xarakterik olan ümumi bir əlamət vardır. Bu əlamət həmin qəbirlərdə dəfn olunan adamın axirət dünyaya böyük var dövlətlə yola salınması idi. Hər bir kurqan özü ayrılıqda bir xəzinəni xatırladır. Kurqan qazıntıları zamanı oradan aşkar edilmiş maddi mədəniyyət qalıqları yerli əhalinin ibtidai dini ideologiyasını, onun təsərrüfat həyatını, hərbi ləvazimatını, incəsənətini, məişətini və bir sıra başqa sahələrini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Xocalı kurqanlarının tədqiqi nəticəsində məlum olmuşdur ki, bizim danışdığımız dövrdə Qarabağın sakinlərinin həyatında sənətkarlığın iki böyük sahəsi mühüm yer tulmuşdur. Onlardan biri dulusçuluq, digəri isə metal işləmə sənətidir. Xocalıda tapılmış külli miqdarda gil qabları kolleksiyası sübut edir ki, Qarabağ dulusçuları bu sənət sahəsində çox yüksək inkişaf pilləsinə qalxmışdılar. Onlar hazırlayacağı qablar üçün xüsusi, yararlı gil mədənləri aşkar etmişdilər və bəşər tarixində ilk texniki tərəqqi üsullarından biri olan ayaq çarxının sirlərinə dərindən bələd olmuşdular.
Alim yenidən qurumuş dodaqlarını stəkanın dibində qalmış bir qurtum suyla islatdı, qurumuş boğazını nəmləndirdi ki, mətni rahat oxuya bilsin. Və davam etdi:
-Qarabağ dulusçuları hazırladıqları gil qabları bişirmək üçün dairəvi dulus kürələrindən istifadə etmişlər. Bir qayda olaraq dulusçular Tunc dövründə hazırladıqları gil qablarının hamısının üzərini cilalamış və onları qara rəngdə bişirmişlər. Qabların bədii tərtibatına da ciddi fikir verirlərmiş. Belə ki, əksər qabların üzərində müxtəlif həndəsi fıqurlar, nəbati təsvirlər cızılmışdır. Tam fərqlilik, özünəməxsusluq əlamətlərini də deyim sizə.
Bu zaman erməni sırasında əyləşmiş bir təqsirləndirilən ayağa durub “Mən akademik Aqanbekyanam. Bu qəbir-məbir, qaya-maya barədə uzun moizəni bizə niyə dinlədirsiniz, məqsədiniz nədir” deyə çığıranda Baş Hakim “Məqsədimiz odur ki, bəşəriyyəti hansı qədim mədəni izlərdən məhrum etdiyiniz barədə məlumatlanasınız” cavabı ilə onu yerində oturtdu, alimə davam etmək işarəsi verdi. Alim davam etdi:
-Qədim xocalılılar qabların üzərində cizdiqları naxış xətlərinin içərisini xüsusi ağ maddə ilə doldurmuşlar. Bu da Qarabağ qablarının ən mühüm xüsusiyyətlərindən biridir. Zaman keçsə də qabların üzərindəki xüsusi naxışlar bu ağ maddələrlə açıq-aşkar görünmüş, öz yaraşığını və şövqünü itirməmişdir. Xocalı-Gədəbəy mədəniyyətinə məxsus gil qabların xüsusiyyətlərindən biri də odur ki, dulusçu ustalar hazırladıqları qabların çiyini üzərində xüsusi göbələkvarı çıxıntılar düzəltmişlər ki, bu da qablara xüsusi gözəllik verir. Xocalıdakı Beş saylı kurqandan aşkar edilmiş bir ədəd gil qabın qulpu üzərində isə buğda dənləri təsvir edilmişdir. Alimlərin tədqiqatı nəticəsində məlum olmuşdur ki, 3-4 min il bundan əvvəl Qarabağın sakinləri mədəni buğda əkinçiliyi ilə məşğul olmuşdur. Xocalıda həmçinin Qarabağda bağçılığın inkişafını da sübut edən xeyli maddi mədəniyyət qalıqları da aşkar edilmişdir ki, bunların içərisində şaftalı, üzüm tumları və s. əsas yer tutur. Öncə qeyd etdiyimiz kimi, Tunc dövründə Qarabağda inkişaf etmiş mühüm sənətkarlıq sahələrindən biri də metalişləmə olmuşdur. Bütün Zaqafqaziyada mis ilə qalayın qarışdırılmasından tunc metalın alınması sirlərinə ilk dəfə bələd olanlardan biri də Qarabağın qədim sakinləridir. Bu möhkəm metaldan yerli əhali silahlar hazırlamışdır. Ox ucları demək olar ki, Qarabağ abidələrindən tapılan ən çox silah növləridir. Qarabağ qılınclarının dəstəklərinin baş hissəsi formasına görə digərlərindən fərqlənir. Belə ki, Qarabağın qədim qılınclarının dəstək hissəsinin bağında ikitərəfli çıxıqları olur və həmin çıxıqlar qılıncın əsas hissəsinə doğru maili düzəldilir. Bu çıxıqlar bəzən zoomorf formada, bəzən isə müxtəlif həndəsi cizgilərlə bəzədilirdi. Eramızdan əvvəl birinci minilliyin başlanğıcında Qarabağın qədim sakinləri artıq dəmir istehsalının sirlərinə bələd olmuşdular. Xocalı abidələrinin öyrənilməsi nəticəsində burada bütün Azərbaycan üçün yeganə olan iki mühüm tip abidə də aşkar edilmişdir. Bu abidələrə keçib çıxışımı yekunlaşdırmazdan öncə xidməti personaldan yenə su istəyəcəyəm. Lütfən mənə bir yox, iki stəkan su gətirin.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)
“Yıxıb sürüyəcək qlobal tənqid…”
“Ədəbiyyat və incəsənət” portalının Gülüş Klubunda bu dəfə sizlərlə şair Rəfail İncəyurd baş-başadır. O, “Xəyal” adlı şeirində cəmiyyətdəki nöqsanları və ədalətsizlikləri incə ehyamla dilə gətirib.
Xəyal
Oturub bir əsər yazacam bir gün,
Mən özüm olacam baş qəhrəmanım.
Finalda o qədər yüksəldəcəm ki,
Xata çıxardacaq şöhrətim-şanım.
Xata çıxardacaq şöhrətim-şanım,
Çəkib deyəcəklər: -Eyy, həddini bil!
Yıxıb sürüyəcək qlobal tənqid,
Deyəcək: -Bu süjet həyatı deyil.
Deyəcək: -Bu süjet həyatı deyil,
Xoşa gəlməyəcək xəbər-mübtədam.
Deyəcək: -Bu adam xəyalpərəstdi,
Bu qədər ucalmaz sıravi adam.
-Bu qədər ucalmaz sıravi adam,
Eləyir şübhəli fikrə meyil o.
Təftiş eləyəcək sosioloqlar:
-Siyasi cəhətdən yetkin deyil o.
-Siyasi cəhətdən yetkin deyil o,
Qələmi olsa da, bilmir həyatı.
Düz yola qayıdıb ola bilərdi
Dövlət Mükafatı laureatı!
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)
“Bütün yasaq, ekzotik, erotik, dəyərli əsərləri, əsil ədəbiyyat incilərini təqdim edəcəyik…”
Nərgiz İsmayılova ilə blits-müsahibə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
-Nərgiz xanım, xoş gördük.
-Xoş gördük.
-Siz həm elm xadimi, həm yazar, həm naşirsiniz. Ədəbiyyatda son zamanlar gedən proseslərə necə baxırsınız?
-Son zamanlar ədəbiyyatımızda ən maraqlı əsərləri yaşlı nəslin nümayəndələri yaradır. Gənclərin yaratdıqlarını çox bəyənmirəm. Çünki əksər gənclərimiz yenə yaşlı nəsli yamsılayır, onların bir növ, prototipləri imicini yaradırlar. Bu isə tamamilə gözə girmək, təsdiqlənmək yanğısıdır. Məncə, bu bizə lazım deyil. Bu körpüdən keçməyənlərə, gerçək ədəbiyyat aşiqlərinə salam olsun.
-Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası məsələsi sizi qane edirmi?
-Məncə, Azərbaycan ədəbiyyatında kifyət qədər yazarın əsəri tərcümə olunaraq dünyaya təqdim olunub. Bu gün ədəbiyyatımızda qəribə bir struktur formalaşıb. AYB-nin üzvü olan yazarlar belə iki yerə bölünüb. Azad və asılı yazarlar. Azad yazarlar öz hesabına, asılı yazarlar isə xüsusi dəstəklər hesabına dünyaya çıxış əldə edir. Asılı yazarlar daha çox təbliğ olunsa da, daha çox azad yazarlar sevilir, oxunur. Azad yazar dediyim isə heç bir şəkildə bilinən “azad” anlayışı ilə əlaqəli deyil. Yəni burdakı azad anlayışı ruhsallığı, qüruru özündə əks etdirir. Və əsas olaraq dünya standartlarına uyğunluğu.
-Bu gün gənc nəsillə, yaşlı nəsil arasında münaqişə var, bunu necə dəyərləndirirsiniz?
-Bu, məncə, şirin münaqişədir. Bu gün gəncik və getdikcə bizlər də yaşlı nəsil olmaq yolunda irəliləyirik. Bu kimi məsələlər hər bir xalqın ədəbiyyatında mövcuddur. Əsas odur ki, sonda birləşirik. Bizim xalqımız böyüyə hörmət etməyi bacarır. Böyüklərimiz isə barışmaq, bağışlamaq hissinə malikdirlər. Bu əladır.
-“Yarasa” yayınlarının rəhbərisiniz, hansı kitabları tərcümə edib mühitə təqdim edəcəksiniz?
-Bütün yasaq, ekzotik, erotik, dəyərli əsərləri, əsil ədəbiyyat incilərini... Bu yolda artıq ilk addımları atmışıq. Maraqla da qarşılanıb.
-Sizcə sevgi nədir?
-Mən artıq heç özüm də bilmirəm sevgi nədir. Pozitiv notlarla səsləşən hər şey sevgidir. Ancaq eşq tamam ayrı fəlsəfədir. Di gəl, bunların hər ikisi məhvə məhkumdur. Mənim həyatımda tutqu və ağıl əsas meyarlardır.
-Təşəkkür edirik müsahibə üçün.
-Siz sağ olun. Ədəbiyyat sahəsində göstərdiyiniz eleqant fəaliyyətə görə portalınıza təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)
“Azərbaycanı tanı" - QIZ QALASI
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
https://youtube.com/watch?v=0xeuEOyQVDA&si=9B2Ni0R8exr6Uh2m
Oxuyarkən dinləyə biləcəyiniz, ruhunuzu oxşayacaq ən gözəl mahnı bu idi fikrimcə. Xoş mütaliələr
Bir ölkəni tanımaq üçün onun incəsənətini, mədəniyyətini tanımalısan. Tarix boyu minlərlə dövlət yaranıb, inkişaf edib və bir qismi də süqut edib. Bəs biz onları hardan bilirik? Abidələrdən.
Bir Azərbaycanlı olaraq, xüsusən də, bir Qarabağlı olaraq bütün şəhərlər doğmadır mənə. Amma bəlkə xatirələrimin çoxluğundandır, bəlkə səmalara ucalan binaların göstərdiyi mənzərələrə olan sevgimdən. Digər şəhərlərdən daha fərqlidir Bakı mənim üçün. Bakı... Azərbaycanın göz bəbəyi, incisi... Bəs sənin incin kimdir? Mənə görə elə məhz Qız qalasıdır.
Əsrlərin izlərini, qanını, ruhunu öz divarlarına həkk etmiş Qız qalası... Tarixini, haqqındakı əfsanələri az-çox hamımız eşitmiş olarıq. Amma mən bir az da xatırlatmaq, daha geniş məlumatlandırmaq istədim:
Qız qalası - uca qüllə şəkilli bu möhtəşəm, bənzərsiz abidənin hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Bu, qala haqqında qısa elmi məlumat. Bəs bunun tarixi və bədii tərəfi? Növbə Azərbaycanı, onun incisini tanımaqdadır.
Qalanın divarları üzərindəki minlərlə kitabədən birində ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi". Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu desələr də, bu cür lakonik məzmunlu kitabələrdə adətən memarların adının qeyd edildiyini bilirik. "Davudun oğlu Məsud"un Qız qalasını inşa edən memar olduğu söyləntiləri daha güclü bir iddiadır.
Bu qalanın hansı dövrdə tikildiyinin özü də müəmmadır. Sırf bu kitabəyə görə Xll əsrdə tikildiyini deyənlər də var, Vll əsrə aid əfsanələr və rəvayətlər danışan da, hətta Şumerlər dövrünə aid edən də.
Qız qalasının tarixini bir az da adının etimologiyasıyla əlaqələndirsək, qarşımıza çox sayda əfsanə və rəvayət çıxacaqdır. Rəvayətlərdən biri bizi Atəşpərəstlik dövrünə aparır. Atəşin qızının öz canını fəda etməsi, daha sonra onunla birgə sönən günəş olduqca maraq çəkən miflər və hadisələrdir. Halbuki, bu fəda ediş elə də asan olmamışdı, çünki atəşin mələyi, qoruyucusu düşməninə, başı üzərinə and içdiyi Sasani şahına vurulmuşdu... Sondaysa həm sevgilisini dövlətinə, həm də özünü sevgisinə qurban verərək ölümlə üzləşir. Elə qala da onun şərəfinə Qız qalası, bəzi mənbələrdə isə Güzə Qalası olaraq adlandırılır. Hətta bir deyimə görə, Güzə qalası işıq və od Tanrısının da evi olur, qız buna görə o müqəddəs qalanın divarlarına xalqını qoruyacağına and içir. Və bir sevgi daha qurban olur torpaq davasına...
Bir digər əfsanədəysə vəfasız məşuq və ölüncə sevən aşiq var. Gənc oğlan sevdiyi qızla gecələr gizlincə bu qalanın yanında görüşərmiş, lakin bir gün onun o qədər də gözəl olmadığına diqqət yetirir. Sevgisi soyuyan oğlan evinə qayıdarkən fikir düşüncədən Xəzərin sularında boğulur. Bundan xəbərsiz aşiq də sevgilisinin ölümünü duyan zaman bu qaladan atılaraq intahar edir...
Hər iki əfsanə də olduqca maraq doğurur. Maraq doğurmasının bir digər səbəbi, bu qala hər hansı hadisələrə görə kiminsə şərəfinə tikilmir. Sadəcə, o, aşiq xanımların şərəfinə adlandırılır. Bəs nə vaxt tikilib? Naməlum.
Döyüşçü bir xalq olan Azərbaycan xalqıyıq biz. Bunu nəzərə alaraq düşünmək olar ki, hər hansı bir dövrdə müdafiə məqsədli tikilmiş ola biləcək bu qala sonralar sevgilərin qatilinə dönüşüb. Elə müasir dövrdə də azmı intahar etdi aşiqlər burada?
Nə səbəbə tikilmiş olur olsun. Qız qalası daim mənim üçün səbəbini bilməsəm də fərqli, doğma bir yer tutacaq. Ümidim odur ki, əsrlər də keçsə bu qala daim yerində qalacaq, gələcək nəsillərə ən dəyərli miraslarımızdan olacaq.
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)
Güneyli Ruqiyyə Kəbiri “Mehrqan Ədəbi Ödülü”nü qazandı
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Tanınmış Güney Azərbaycan yazıçısı, “Güneydən gələn səslər” rubrikasında keçmişdə hekayəsi nəşr olunan Ruqiyyə Kəbirinin “Mürr ağacının kəhrəba gözləri” adlı romanının Farsca tərcüməsi “Mehrqan Ədəbi Ödülünün” 21-22-ci dövründə, ana dilindən Farscaya tərcümə olunan 25 əsər arasında birinci yeri qazandı.
Hörmətli yazıçımız Ruqiyyə xanım Kəbirinin bu münasibətlə təbrik edib ona daha da yaradıcılıq uğurları arzulayırırq.
Ruqiyyə Kəbirinin həmən ödül tədbiri üçün yazdığı danışıq mətnini hörmətli oxuculara təqdim edirik:
“Sözümə başlamamışdan öncə mərhum Daryuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Məhəmmədifərin qətlə yetirilməsi və Qəzzə-İsrail savaşında sivil insanların öldürülməsi ilə bağlı dərin təəssüfümü bildirirəm, Azərbaycan diyarından, Zeynəb Paşa, Pərvin Etisami, Mərziyyə Üskülü və adları hər hansı bir tarixi sənəddə qeyd olmayan cəsarətli qadınların diyarından “Mehrqan” ədəbi ödülünün əməkdaşlarına və zalda hazır olan şəxslərə salamlar və sevgilərimi sunuram.
Sözümə yaşam mənşəyi olan qadın adı ilə başlayıram. Bu yaşam mənşəyinin davamı, ən azı ədəbiyyat ərsəsində zehni hasarları dağıdıb, azadlıq deyilən mənaya çatır. Qadın yaşam mənşəyidirsə, ana dili bu yaşamın güvənli evidir. Hanna Arendt demişkən: “Ana dilinin yerini tutacaq heç bir şey yoxdur.” Azınlıq ədəbiyyatı yazıçısı olaraq, ana dili ilə qalib dilin arasındakı boşluğu doldurmaq mümkün deyil desəm, mübaliğə etməmişəm. Ana dilləri qalib dil olan şəxslər üçün bəlkə dediyim söz anlaşılmaz ola bilər, ancaq qalib dilin ədəbiyyat və başqa elmlər üzərindəki sültəsi sona çatmasa, məşhur güney Azərbaycan yazıçısı Rza Bərahəninin bəhs etdiyi sağalmaz yara nəsildən-nəsilə davam edəcək deyə düşünürəm. Artırmalıyam ki, azınlıq ədəbiyyat dediyimdə, qəsd etdiyim şey İrandakı fərqli dilləri danışanların nüfus sayısı deyil, bütün ərsələrdə qalib dilin müsəllət olduğu halda, etnikaların yaratdığı ədəbiyyatdır.
Ana dilindən Farscaya çevrilən əsərlərə ödül vermək, “Mehrqan Ədəbi Ödül” təşkilatçılarının İranda çox dilliliyə və mədəni plüralizmə dəyər verdiklərinin göstərgəsi olduğuna görə təqdirə layiqdir. Ancaq bunun azınlıq ədəbiyyatı üçün yetərli olmadığını düşünürəm və “Mehran Ədəbi Ödülü” təşkilatçılarından bir addım daha irəli atmaqlarını və azınlıq ədəbiyyatı əsərlərini orijinal dildə qiymətləndirmələrini tələb edirəm. Sonunda romanı Azərbaycan Türkcəsindən Farscaya tərcümə edən mərhum Həmzə Fərahəti və əsəri çap edib, jüri heyətinin əlinə çatdıran “Nişanə” nəşriyyatının müdiri hörmətli Səmii xanıma minnətdarlığımı bildirərək, “Mehrqan ədəbi ödülü” əməkdaşları və jüri heyətinə sayğılarımı sonuram.
Dil və mədəniyyət ayrı seçkiliyin sona çatması ümidi ilə”.
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)