Super User

Super User

Çərşənbə axşamı, 07 Noyabr 2023 12:15

Günün fotosu: İstanbulda iki böyük şəxsiyyətin benefisi

Günün fotosu: İstanbulda iki böyük şəxsiyyətin benefisi

 

 

Rüstəm Behrudi, “Ədəbiyyat və incəsənət”

 

Bütün sirlərin, bilməcələrin qızıl açarı məntiqdir!

Səlis olsun, ya qeyri -səlis, fərq etməz!

 

İstanbulda iki böyük söz, fikir düşüncə və elm adamının- Rafiq Əliyev və 

Kamal Abdullanın birlikdə yazdığı kitabın təqdimat mərasimi keçirilmişdir!

Elm və mədəniyyət adamlarının, akademisiyənləri toplaşdığı təqdimat mərasimində çıxış eləyənlər kitabın elmi dəyərindın danışmış müəlliflərə yeni uğurlar arzulamışlar!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.

 

Bəstəkarlar İttifaqından verilən məlumata görə, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir. 

Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13x18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).

Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.

Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.

İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.

Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.

Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.

Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.

Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər. 

Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

Ötən gün Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Qələbənin ildönümünə həsr olunmuş “Zəfər Zirvəsi” adlı “workshop” keçirib. Bu gün və sabah da nümayiş davam etdiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı Xətai Sənət Mərkəzinə istinadən xəbər verir ki, tədbir rəssamların yaradıcı ünsiyyətini, təcrübəsini və texnika incəliklərini öz aralarında və sənətsevərlərlə bölüşmə imkanına xidmət məqsədilə elan olunub.

“Workshop”da iştirak üçün 18 yaşdan yuxarı rəssamlar (yağlı boya, qrafika, akvarel, qarışıq texnika, vitraj, gil) və heykəl ustaları müraciət ediblər. “Workshop” iştirakçı sayından asılı olaraq hər dəfə 20 rəssam olmaqla noyabrın 6-7-8-də növbəli şəkildə Xətai Sənət Mərkəzinin qarşısında təşkil olunur. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

 

Konsert Muğam Mərkəzinin fəaliyyətə başlamasının 15 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində keçiriləcək.

Proqramda BMM-in solistləri, Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və xanəndə Hüseyn Məlikov çıxış edəcək. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, udda Vasif Yusibli, nağarada Amil Mustafayev, balabanda Rafael Əsgərov müşayiət edəcək.

Konsertə giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

Çərşənbə axşamı, 07 Noyabr 2023 16:00

Əsərləri Avropanı dolaşan, Almaniyada yaşayan bəstəkar...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Özünü təhsilə, yaradıcılığa həsr edib. 1999-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Xədicə Zeynalovanın mükafat almış "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig van Beethoven", beş hissəli "Qarabağ suita"sı, "Qarabağ həsrəti", "Odlar ölkəsindən şəkillər", solo Arfa və Orkestr üçün konsert, simli kvartet üçün “Miniatürlər”, “Səma” viola və akkordeon üçün duet, Simfonik orkestr üçün “Qarabağ” simfonik poeması, kamera orksteri üçün “Azerbaijani Fairy Tale” və s. bir çox musiqi əsərləri indiyədək Kanada, Fransa, Avstriya, İsveç, Almaniya, İsveçrə, Kipr, İngiltərə, ABŞ, Gürcüstan, Yunanıstan, Türkiyə Oman Sultanlığı və eləcə də bir sıra ölkələrdə ifa olunub. Qeyd etmək lazımdır ki, bəstəkarın bir çox əsərləri Almaniyanın müxtəlif şəhərlərində uğurla ifa olunaraq MDR Radio, WDR Radio, Deutschlandfunk, Radio Bremen, SWR Radio, Cosmo Radio, RBB Berlin Radiolarında yayımlanmışdır.

 

On yeddi ildir ki, Almaniyada yaşayır. Zəngin mədəniyytə malik olan bu məmləkətdə Azərbaycan musiqisini yorulmadan təbliğ edir, almanlara sevdirməyə səy göstərir. Haqqında söhbət açdığım Xədicə xanım Zeynalova Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gəlib. Səkkizinci sinfədək 27 nömrəli məktəbdə oxuyub. Sonra indiki Sumqayıt Musiqi Kollecinə qəbul olunaraq, dörd il də orada təhsil alıb. 1994-cü ildə həmin kolleci musiqi nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1994-1998-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq və musiqişünaslıq fakultəsində Prof. Xəyyam Mirzəzadənin sinfində bakalavr, 1998-2000-ci illərdə isə magistr dərəcələrinə yiyələnib. Hər iki dərəcədən də fərqlənmə diplomuna layiq görülüb. Eyni zamanda 1995-2005-ci illərdə Sumqayıt Musiqi Kollecində müəllim işləyib, musiqi nəzəriyyəsi fənnini tədris edib. Həmçinin 2000-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb. 2005-ci ildən Almaniyanın Detmold şəhərində yaşayır… 

 

Atası Əbdülrəhim Sumqayıtda yaşasa da Bakıda, İçərişəhərdə doğulub boya-başa çatıb. Hərbiçi olub, hazırda istefadadır. Anası Əzizə xanım qida sənayesi üzrə mütəxəsisdir…

 

Xədicə xanım Almaniyada Detmold Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsilini davam etdirib və oranı da fərqlənmə diplomu ilə başa vurub. 2006-2012-ci ildə Almaniyanın Paderborn Universitetində Doktoranturada ilk azərbaycanlı bəstəkar və musiqişünas olaraq "Azərbaycanın 20-ci əsr musiqi mədəniyyəti və Qərb musiqisinin təmayülləri" mövzusunda dissertasiyasını böyük uğurla və fərqlənmə ilə müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Bu Dissertasiya Almaniyada bizim musiqi mədəniyyətimiz haqqında yazılan 400 səhifəlik ilk elmi iş və kitabdır. 

2012-ci ildən Musiqi və İncəsənət Məktəbində fortepianodan, 2013-cü ildən isə Detmold Konservatoriyasında müsiqi nəzəriyyəsindən dərs deyir…

 

Xədicə Zeynalova bəstəkar və musiqişünas kimi Almaniyada nüfuzlu Friedrich-Ebert-Stiftung Doktor Təqaüdü mükafatı, DAAD Təqaüdü mükafatı, Almaniya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, Almaniya Şimali Reyn Westfaliya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, GVL Fondunun Təqaüdü mükafatı, GEMA və Musikfonds Fondlarının Təqaüdü mükafatı laureatıdır.

X.Zeynalova 2020-ci il Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 2020-ci ildə diaspor quruculuğu işində göstərdiyi xüsusi fəallığa görə” Təşəkkürnamə, 2021-ci il Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Nizaminin 880 illiyi” Medalı ilə, həmin il Nizami və Yunus Əmrə İlində Türksoyun təşkil etdiyi "Türk Dünyasının Şah əsərləri" layihəsində bəstəkar kimi “Təşəkkürnamə” və Azərbaycan Mədəniyyətinin beşiyi Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında “Azərbaycan Respublikasının Diaspor Fəalliyyətində xidmətə görə” medalı ilə təltif edilmişdir.

Dəfələrlə beynəlxalq bəstəkarlıq müsabiqələrinin laureatı seçilib... 

Xədicə Zeynalova 2021-ci il noyabr ayında  "Zəfərə doğru" Zəfərimizə həsr edilmiş "Harmony of Sound" adlı ilk Alman-Azərbaycan beynəlxalq Musiqi Festivalı təşkil etmişdir və yaratmışdır. Beynəlxalq Musiqi Festivalı "Odlar diyarından" adı altında Azərbaycanın zəngin musiqi mədəniyyətinə həsr edilmişdir və Almaniyada 3 gün ərzində 3 müxtəlif şəhərlərdə keçirilmişdir.  Bundan əlavə Festivalda bütün gələn qonaqlara və festival dinləyicilərinə "Xarı Bülbül" döş nişanları təqdim edilmişdir. 

 

Xədicə Zeynalovanın "Odlar diyarından Azərbaycan Almaniya arasında körpülər" adlı ilk CD musiqi albomu Azərbaycan Demokratik Respublikasının 100 illik Yubileyinə həsr edilib və dünyaşöhrətli "Deutschlandfunk Radio Şirkəti"ndə ərsəyə gətirilib. Haqqında Alman mətbuatında xeyli məqalə dərc olunub.

Bəstəkarın "Heinrich və Leyla" simfonik orkestr üçün əsəri isə Almaniya-Azərbaycan tarixinin 200 illik yubileyinə həsr edilmişdirş X. Zeynalovanın “Heinrich və Leyla” adlı CD albomu Azərbaycan Respublikasının Diaspora Fondunun dəstəyi ilə Amerika Briləşmiş Ştataları və Almaniyada 2022-ci ilin may ayında işıq üzü görmüşdür...

 

Səyahət etməyi xoşlayır. Artıq avropa ölkələrinin bir çoxunda turist kimi səfərdə olub. Getdiyi ölkələrin muzeylərini ziyarət etməkdən zövq alır. Söylədiyinə görə, gözəl rəsm əsərinə baxıb ilhamlanır. Bu isə yeni musiqi əsərinin yaranmasına səbəb olur...

 

Otuzdan çox kitabın müəllifidir. Həmin əsərlər Hollandiya, İngiltərə, Almaniya və Azərbaycan nəşriyyatlarında işıq üzü görüb.

2016-cı ildə şərq və qərb musiqi alətlərindən ibarət "Bridge of Sound" ansamblını, eləcə də eyniadlı cəmiyyəti yaradıb. İstəyir ki, ansanblı ilə birlikdə dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olub, ölməz Azərbaycan bəstəkarlarının musiqilərini bütün dünyaya sevdirsin. Şəxsi studiya yaratmaq arzusundadır. İnanırıq ki, o, tezliklə bu arzusuna da çatacaq…

 

Çox mehriban insandır. Söhbətimiz boyu onun nə qədər alicənab, yüksək zövqlü, kübar bir xanım olduğuna şahidlik etdim. Zarafat deyil, 2019-cu ilin yanvar ayından hər il keçirilən qadın bəstəkarların beynəlxalq müsabiqəsinin münsiflər heyətinə seçilən yeganə azərbaycanlıdır…

 

Bəli, milli musiqimizi xaricdə sevə-sevə təbliğ edən, iştirakçısı olduğu tədbirlərdəki çıxışlarında "Azərbaycan" kəlməsi dilindən düşməyən, vətəni göz bəbəyi qədər əziz bilən bir vətənpərvər soydaşımız haqqında da söhbətim beləcə başa çatdı. Mərhum xalq şairi Cabir Novruzun sözləri ilə desək:

"Onun əvəzi olmur, o hər kəsdən irəli.

Gözdən əzizi olmur, Vətən gözdən irəli"...

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

Çərşənbə axşamı, 07 Noyabr 2023 10:45

Sumqayıtda söz bayramı, Zəfər bayramı!

“Heydər Əliyev - 100" çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə Poeziya Evində "Söz bayramı- Zəfər bayramı" adlı tədbir keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı Əməkdar jurnalist Əli Nəcəfxanlının həmin tədbirdən bəhs edən yazısını diqqətinizə çatdırır. 

 

 

Sumqayıtın göz oxşayan Poeziya Evi növbəti maraqlı tədbirə evsahibliyi etdi. “Heydər Əliyev - 100" çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə burada "Söz bayramı- Zəfər bayramı" adlı tədbir keçirildi. 

Azərbaycanın dövlət himni ilə başlayan tədbir Ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda həyatını qurban vermiş Şəhidlərimizin xatirəsinin yad edilməsi ilə davam etdi.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin  M.Füzilinin "Söz" qəzəli və R.Rzanın "Ərk qalası" şeiri ilə tədbir iştirakçılarını salamladı, Ulu öndərin ədəbiyyatımızın inkişafında rolu və xidmətlərindən söz açdı. 44 günlük Vətən müharibəsi və əldə etdiyimiz böyük qələbə - Zəfər günündən bəhs edərək bildirdi ki, bu qələbə Ali Baş Komandanın qətiyyəti, ordumuzun gücü və xalqımızın birliyi nəticəsində əldə edilmişdir.

1 saylı məktəbin şagirdi Bəyazid Bəylərov "Şəhidimin  səsiyəm" şeirini dedikdən sonra Milli qəhrəman Polad Həşimov adına 28 saylı məktəbin şagirdləri rəqs nömrəsi ilə çıxış etdilər və işğaldan azad olunmuş ərazilərin hər birinə  həsr olunmuş bir bəndlik şeir səsləndirdilər.

Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Rafiq Yusifoğlu, Məryəm Aslanqızı, Süleyman Hüseynov, Zakir Zahir, Rəfiqə Şəms, Eyruz Məmmədov, Sübhan Quliyev, Hafiz Ataxanlı, Hümbət Həsənoğlu, Lilpar Cəmşidqızı, Mirzəcan Ağabalayev, Əli Niyazbəyli, Elşad Xaqan Davudoğlu, Xatirə Fərəcli, Gülnar Ümid, Hikmət Fərzəli, Nəriman Nərimanlı, Əliyar Mərdiyev, Elçin Səlimli, Ədalət Əroğlu, Mənsurə Xələfbəyli, Vüsal Ağa və Elvin İntiqamoğlunun  oxuduğu şeirlər məclisə əsl bayram ovqatı bəxş etdi.

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin araya-ərsəyə gəlməsində onlara dəstək olan Sumqayıt şəhər İcra Hakimiyyətinə,  Abşeron- Xızı Regional Mədəniyyət idarəsinə və iştirakçıların hər birinə dərin təşəkkürünü bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sara Nacinin   şeirlərini təqdim edir. 

 

 

Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub.  1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib.  O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.

 

 

ÖP MƏNİ

 

Bu terrasda səmanın bir parçası mənim olsun

Bir neçə qırmızı ulduzun sayrışmağıyla

Bir ulduz, atanın ev yolunu itirməməsinə görə

Biri də bacımın,

Çörəyin taleyindən narahat olmasın deyə

O Güləndə

Mən heç nədən narahat deyiləm və o uzaq ulduz sənin üçün

İndi uçurtma baxışın

Göyün harasını bəndə çəkir?

Xatırlayırsan? O günlərdə sən, mən və əncirin kənarlarındaydıq

O qara ağac məşuqələri toprağa bağlanardı

Onlardan mürəbbə hazırlayıb satardıq

O günlərin şirinliyi ilə öp məni sevgilim

Öp məni.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

Heyran Zöhrabova, " Ədəbiyyat və incəsənət" 

 

Yar gəlir görüşə, gözüm aydın yar. 

Sürüşə-sürüşə, gözüm aydın. 

İslanıb üstü-başı 

Yaz yağışından yarımın, 

Tökülür bir can alan 

Naz baxışından. 

Ah! Qurbanam nazına, 

Yurdumun qızına, 

Qışına, yazına, 

Ah! Bal kimi sözünə, 

Qap-qara gözünə,

Ay kimi üzünə. 

Gülüm xoş gəlmisən, mənimkisən. 

Ay ötür, il dolanır 

Öz gözəlimsən, gözəlim 

Ay ötür, il dolanır, 

Öz gözəlimsən. 

 

Tofiq Quliyev bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biridir. 

 

Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. 

1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsində S.İ. Turiçin sinfində təhsil almışdır.

1931-ci ildə hələ 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin "Uşaq və buz" şeirinə "Dərsə gedən bir uşaq" adlı nəktəbli mahnısını bəstələmişdir.

1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, eyni zamanda iki fakultədə fortepiano və dirijorluq sənəti üzrə təhsilini davam etdirmişdir.

O, konservatoriyada R.M.Rudolfun sinfində polifoniya, harmoniya, musiqi forması dərsləri almış. Dahi bəstəkar Üzeyir Hacıbəyovdan xalq musiqisinin əsaslarını və muğam sənətinin sirlərini öyrənmişdir.

1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dram Teatrında orkestrin rəhbəri, drijor vəzifəsində çalışmışdır.

1936-cı ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Üzeyir Hacıbəyovun şəxsi təşəbbüsü və təklifi ilə bir qrup istedadlı gənc musiqiçi ilə birlikdə P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakultəsində təhsilini davam etdrimişdir. 

Bir müddət H.Y.Neyqauzdan fortepiano dərsləri almışdır.

1937-1939-cu illərdə A.N.Tfasmanın Ümumittifaq Caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərmişdir.

1939-cu ildə Bakıya dönərək Niyazi ilə birlikdə Azərbaycan Dövlət Estrada orkestrini yaratmışdır.

1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Estrada Orkestri çıxış etmişdir və onun adı musiqi tariximizə  Azərbaycan estrada və milli caz musiqisinin banisi kimi yazılmışdır.

1948-ci ildə yenidən Moskvaya gedərək konservatoriyanın üçüncü kursuna daxil olaraq drijorluq və kompozisiya üzrə yəhsilini davam etdirmişdir.

1951-ci ildə Koservatoriyanı bitirərək drijorluq üzrə Aspiranturaya daxil olmuşdur. 

1954-cü ildə Aspiranturanı bitirmişdir.

1954-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında orkestr sinfinə rəhbərlik etmiş, opera hazırlığı və alətşünaslıq sinifləri üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1957-ci ildə Azərbaycan Bəstəkarlar ittifaqı İdarə Heyyətinin üzvü seçilmişdir

1959-cu ildə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

1958-1959-cu illərdə M.Maqamayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-1964-cü illərdə isə direktoru vəzifəsində işləmişdir. 

1968-ci ildə Azərbaycan Bəstəkarlar ittifaqının katibi, 1973-cü ildə birinci katibi seçilmişdir. 

1990-200-ci illərdə, ömrünün sonunadək Azərbaycan Bəstəkarlar ittifaqının sədri olmuşdur.

2000-ci il oktyabr ayının 4-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. 

 

O, müxtəlif illərdə "Azərbaycanın Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülmüş, "Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin fərmanı ilə Azərbaycanın "Xalq Artisti" fəxri adına layiq görülmüşdür.

O, həmçinin "Musiqi mədəniyyəti" ixtisası üzrə professor adına layiq görülmüş və  "İstiqlal ordeni" ilə təltif olunmuşdur. 

 

"İyirminci bahar", "Səbuhi", "Qayğı", "Nəsimi", "Görüş", "Qızmar günəş altında", "Qaynana", "Ögey ana", "Bəxtiyar", "Onu bağıslamaq olarmı", "Möcüzələr adası", "Telefonçu qız", "Dərviş Parisi partladır", "Şir evdən getdi" "Qayıdış" kimi bir çox filmə müsiqi bəstələmişdir. 

 

"Ağacda leylək", "Axşam mahnısı", "Dostluq mahnısı", "Bakı haqqında mahnı", "Neftçilər mahnısı", "Axşam görüşləri", "Arzular", "Darxıma," "Əziz surət", "Qızıl üzük", "Mehriban ailəyik", "Mən ki səni sevirəm", "Pəncərəmə qondu çiçək", "Sənə də qalmaz", "Tez gəl", "Yar gəlir görüşə" kimi bir-birindən gözəl bir çox mahnıya can vermişdir. 

 

O, eyni zamanda 30-dan çox tamaşaya musiqi bəstələmiş, "Turacı" kimi bir neçə xalq rəqsini fortepiano üçün işləmiş, "Rast", "Zabul", "Segah" muğamlarını nota almaqla bərabər, onları fortepiano üçün hazırlamışdır. 

 

Və sonda xüsusi ilə onu da qeyd etmək istərdik ki, Bakı Metropoliteni "Əhmədli", "Xalqlar dosluğu", "Neftçilər", "Ulduz" stansiyaları üzrə qatarlarda səsləndirilən "Bakı", "Əziz dost", "Dostluq və yaxud neftçilər haqqında mahnı", "Tez gəl" musiqi parçalarının bəstəsi də Tofiq Quliyevə məxsusdur. 

 

"Biz bu dünyadan hamımız gedəcəyik, ancaq mahnı, musiqi yaşayacaq. Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır."

Heydər Əliyev

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2923)

Çərşənbə axşamı, 07 Noyabr 2023 10:15

Vaxtsız, vədəsiz ayrılıq

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Qənirə xanımla 20 ilə yaxındır şəxsən tanışdıq, yaradıcı əməkdaşlıq edirdik. Son üç il boyunca bilavasitə bir yerdə çalışırdıq – o, Milli Məclisin Mədəniyyət Komitəsnə sədr seçildikdən bir qədər sonra məni Komitənin eksperti vəzifəsinə dəvət etdi və o gündən sonra, demək olar, ailə üzvlərimizdən çox bir-birimizi görürdük. Qənirə xanımın başçılıq etdiyi balaca kollektiv və özünün təbirincə desək, könül dostları qrupu faktiki olaraq, durmadan çalışırdı… Təsəvvür edin pandemiya məhdudiyyətləri, II Qarabağ Müharibəsi, müharibədən sonrakı məsuliyyətli sürəc və Qənirə xanımın yüksək iş temposu… - biz son 3 ilin necə gəlib-keçdiyini hiss etmədik… O, insanların həyatına xeyirxahlıqla və sürətlə toxundu, zəngin xatirələr yaratdı və sürətlə də - vaxtsız-vədəsiz bizdən əbədi ayrıldı…

 

Qənirə xanım komaya düşən gündən şəxsən mənim telefonuma gələn zənglər, ismarıclar saysız-hesabsız idi… Yalnız yaxınlar, doğmalar, ortaq dostlar deyil, respublikamızın həmən-həmən hər guşəsindən, Türk dünyasının hər ölkə və topluluğundan yazır, zəng edir, maraqlanırdılar… Çoxuna da vaxtlı-vaxtında cavab verə bilmədim… Nə gizlədim, biz Qənirə xanımın itkisinə qətiyyən hazır deyildik. İlk günlər özəlliklə dözülməzdi… İş yoldaşmız çox haqlı olaraq, deyirdi, “elə bil vakkuma düşmüşük”… Hələ indicə yavaş-yavaş toparlanmağa çalışırq. Toparlanıb, onun yarımçıq qalan işlərini tamamlamaq istəyirik. Özəlliklə, bir neçə kitabı gün üzü görməsini gözləyir – əhdə vəfa olaraq, o işləri görməliyik. Sağ olsun, naşir dostlar, xeyirxah insanlar, vəfalı qardaşlar kitabların nəşrini üstəndiyini bildiriblər. Necə deyərlər, həyat davam edir…

 

Xalq yazıçısı ANARın 2014-cü ilin avqustunda – rəhmətlik Arif Əmrahoğlunun “40”ı ərəfəsində yazdığı “Arif Əmrahoğlunun şəkli” yazısını xatırlayıram:

 

“...Qırx gün bundan qabaq Arifin dəfnində çıxış edə bilmədim. Yaxın adamların matəmində danışmaq mənimçün  çətin olur.

 

Arifin xəstəliyi elə sürətli keçdi, elə qısa müddətdə təsəllisiz sonluqla tamamlandı ki, kədərlə gözlənilsə də  gözlənilməz ölümünə  də bir söz  yaza bilmədim. İndi vəfatından qırx gün sonra on yeddi il çiyin-çiyinə işlədiyim, etibarını, sədaqətini hər an duyduğum mənə çox yaxın, çox munis bir insan haqqında bir neçə kəlmə yazmağa ehtiyac hiss edirəm.

 

...Qırx gündür hər səhər işə gələndə ağrı və təəssüflə Arifin şəklinə baxıram. Fikirlidir, elə bil görüb bitirə bilmədiyi işlərin, ailəsinin fikrini çəkir. Ağıllı və müdrik insandı, amma  bəzən uşaq kimi sadəlövh, məsum olurdu. Şəklinə baxıram, bilmirəm  bəlkə mənə elə gəlir, sifətində bir az günahkar  ifadə də var. Sanki dünyada şərin, pisliyin, bəd əməllərin tar-mar edilməsi üçün edə biləcəyini etmədiyi üçün özünü günahkar  sayır. Əzizim Arif, sənin heç bir günahın yoxdur, bütün varlığınla xalqımızın, onun ədəbiyyatının, elminin, təhsilinin, dilinin  inkişafı üçün əlindən gələni səxavətlə,  fədakarlıqla, təmənnasız və iddiasız  elədin. Səhhətinə, xəstəliklərinə məhəl qoymadan elədin.

 

Şəklinin qarşısında, masa üstündəki güllər solacaq, qırxından sonra şəklini masanın üsündən götürüb iş otağının divarında asacayıq. Və bura gələn hər kəsi o saf, təmiz çöhrənlə qarşılayacaqsan. Xatirən  qəlbimizdə heç zaman solmayacaq”...

 

Ustad yazıçının rəhmətlik Arif Əmrahoğlu haqqındakı bu təsirli yazısındakı duyğuları, düşüncələri mən eyni dərəcə ilə Qənirə xanıma, onun şəklinə baxarkən özümün keçirdiyim hisslərə şamil edərdim. Deyərlər, ağlın yolu birdir, məgər duyğunun, düşüncənin də yolu eyniymiş... Doğmanı əbədi itirincə keçirilən hisslər çox oxşarmış... Yəqin bu cümlələr sadəlöhv təsir bağışlayır – olsun... Bilirsiz, biz ailə üzvlərimizi, qohumluq-əqrabalıq xətti ilə doğmalarımızı itirəndə çox sarsılırıq, əlbəttə– bu təbiidir. Ancaq ailə üzvün olmayan, sonradan tanıdığın, doğmalaşdığın bir insanın itkisi səni dərindən sarsıdırsa – bu, artıq fərqli hadisədir, bir dəyərdir. – Onun əbədi ayrıldığına sarsılmağın, axıtdığın göz yaşları bir başqa dəyərin ifadəsidir. Bu, həm işıqlı dünyaya gözlərini əbədi yuman insanın həm də göz yaşı axıdan, sarsılan insanın dəyəridir. “Soyuq məzara zinnət insan”çün axıdılan göz yaşları dəyər yağmurudur...

 

Qənirə xanımın son günlərini xatırlayıram... Son iki gün işə erkəndən gəldi, beynəlxalq tədbirlər, çoxsaylı xarici qonaqlar vardı, onlarla planlaşdırılmış görüşlərdə iştirak etdi. Qatıldığı, çıxış etdiyi ən son tədbir Milli Kitabxanada Qazaxıstandan gəlmiş aydınların iştirakı ilə kitab təqdimatı oldu... Çıxış etdi, sonra köməkçisi mənə yaxınlaşıb, “xanım getmək istəyir, bir az narahatdır” dedi; mən təqdimat törəninin aparıcısı Nizami müəllimə (Akd. Nizami Cəfərov) yaxınlaşıb, Qənirə xanımın Sərdarlı ailəsi ilə birgə Qazax nümayəndə heyətinə qiymətli hədiyyəsi olduğunu, mümkünsə, bunu bir an öncə gerçəkləşdirmək lazım olduğunu söylədim. Nizami müəllim dərhal Qənirə xanımı və Sərdarlı ailəsini dəvət etdi, onlar mili ornamentli hədiyyəni təqdim etdilər və tədbir də az sonra yekunlaşdı... Nə biləydik, bu, onu son görüşümüzdür... Nə biləydik?.. Bəlkə bir az dərdləşər, bir az söhbətləşər yaxud evinə bərabər gedərdik... Ona ölüm ha yaraşdırmırdıq... Səhər o başdan bildik ki, gecə halı pisləşib və gecəykən Mərkəzi Klinikaya aparılıb... Klinikanın önünə getdik, ortaq dostlar, ailəü zvləri hər gün yığışdıq, dərdləşdik, söhbətləşdik, dağılışdıq... – Nə edə bilərdik ki? Ortaq dostumuz Elşad Eyvazlının həyəcanlı səsi yadımdadır: “Qardaş, bircə təsəvvür elə ki, orda yatan bizik, bizim yerimizdə Qənirə xanım... O, heç dinc durardımı? Aləmi bura tökərdi. Biz heç nə edə bilmirik”... Biz nə edə bilərdik ki? – Dua edirdik, alxış söyləyirdik, ağxalatlı görər-görməz üstünə cumur, sual yağışına tuturduq... İndi də dua edirik, yaxşı əməllərini xatırlayırıq, yarımçıq qalmış işlərini (kitablarını) düşünürük... Getdiyimiz bir ünvan daha artıb: indi yalnız evinə getmirik, II Fəxri Xiyabanda qəbrini ziyarətə gedirik...  

 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

Çərşənbə axşamı, 07 Noyabr 2023 13:00

POETİK QİRAƏTdə Musa Ələkbərlinin “Mələyi” şeiri

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Musa Ələkbərli görüşür. 

 

MƏLƏYİ

 

Qaldı zirvələrin yalçın belində,

Qoynuna çəkmədi dərə mələyi.

Bu dəli sevgimin ağlı olmadı

Göydən ulduz kimi dərə mələyi.

 

Könül ovsanmadı tapdığı ovnan,

Illlərlə yaşadı ”xəyal-plov”nan.

Kimdi sənə qıyan bu qaçdıqovnan,

Gərək tanrı özü verə mələyi.

 

Heç kəsin gözündə nəm olmazıydı,

Bunca həsrət olmaz, qəm olmazıydı.

Mələklər dünyada kəm olmazıydı,

Evində görsəydi hərə mələyi.

 

Bir gözəl görüncə qəşş eləmişik,

Hüsnünü ürəyə nəqş eləmişik.

Çoxumuz göylərə bəxş eləmişik,

Orda axtarırıq hələ mələyi.

 

Ay Musa, qəlbində yasdı, hüzrdü,

“Üzr”ün günahından betər üzrdü.

Gənclik ötüb keçdi, ömrün üzüldü,

Endirə bilmədin yerə mələyi.

 

Ədəbiyyat və incəsənət”

(07.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.