Super User
BİRİ İKİSİNDƏ - Gülay Tahirlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Gülay Tahirlinindir.
Gülay TAHİRLİ
ÖZAY ÜÇÜN
Oğlum, bizim də küçələrdən
Gülümsəyən adamlar keçəcək.
Sallanan qaşqabaqlar
Quşların lələyinə ilişib buralardan köçəcək.
Yer günəşin ətrafında fırlanan kimi,
Bir də görəcəksən hansısa baba
Tutub hansısa nənənin əlindən,
Elə dolana-dolana rəqs edir.
Bu şəhərdə təbəssümlər çıxacaq taxta,
Sıxışdıracaq iki dodağı
Bir-birinə yapışdıran, büzüşdürən
Nə varsa!
Yaşamağı öyrədən məktəblər açılacaq.
Ən yüksək maaşı şükran dərsi
deyən müəllimlər alacaqlar.
Oğlum, bu şəhərdə adamlarla
Pişiklər dost olacaqlar.
İtlər insanların sevgisindən məst olacaqlar.
Əl-ələ tutub gülləni atacaqlar
Mərhəmətsizliyin yuvasına.
Ay mənim qaraqaş, qaragöz balam,
Ay kirpikləri uzunum!
Bu şəhərdə atalar gecə rahat yatacaqlar,
Yorğanın altında qısılıb
Qollarını alınlarına, əllərini ürəklərinə qoymadan.
Alınlarını köynəyin qollarına silə-silə,
Şalvarların ciblərini yoxlamadan...
Qaça-qaça keçməyəcəklər
Adamlar ağacların yanından,
Görüb keçəcəklər,
Duyub keçəcəklər.
Sanma, ağacları yenə kəsəcəklər.
Bu şəhərdə binalar
Utanacaq ağacların yerində durmağa.
Ay mənim qaraqaş, qaragöz balam,
Ay kirpikləri uzunum!
Gec oldu daha, gəl yataq.
Lay-lay... Lay-lay...
Ay mənim qaraqaş, qaragöz balam,
Ay kirpikləri uzunum!
***
Səni sevirəm!
Ey həmişə günəşə açılan pəncərəm!
Gözləri dənizlərdən dalğalı,
Ey əlləri Tanrı sığalı,
Qolları yuvam adam!
Biz yuva qurmağı leyləklərdən öyrənmişik,
Ordan-burdan çör-çöp yığıb,
Dimdiklərində gətirib yuva qururlar
İşıq dirəklərinin ta başında.
Bizim çör-çöpümüzün
Arxasınca küləklər düşüb,
Vüsalı ələyən ələklər düşüb.
Neçə dəfə çör-çöpümüz
Əlimizdən sürüşüb,
Tutmuşuq bir-birimizdən, qalxmışıq yenə.
Səni sevirəm!
Mənə eşqi öyrədən adam –
Müəllimlərin ən böyüyü!
Mən bu məktəbə gələndə
Qısqanclığımı evdə qoyub gəlmişəm,
Azadlıq gətirmişəm əllərimdə gül yerinə.
Özümlə barışıq olduğum tək yer
Kirpiklərinin arasıdır.
Mən məni səndə sevdim,
Mən məni səndə bildim.
Yanılır Dekart, düşünmək nədir?!
Hiss edirəmsə, varam!
Düşünməkdən o tərəfə bir yer var e,
Bax ordayam,
Ordayam.
Səni sevirəm!
İşdir, qəzadır, birdən bitsə hər şey,
Ayrılıqda belə açılar qollarımız, bilirəm!
Səni sevirəm!
Səni yalınayaq,
Səni yalınruh sevirəm!
***
Torpağın çat-çatdır, Vətən!
Görürəm – bağrın yarılır...
O torpaq altında nə qədər toxum cücərmədən ölür.
Nə qədər ağacın kökü var, gövdəsi yox...
O torpağın üstündə
Adamların ürəyi var, sevdası yox...
Mən ən çox sənə bənzəyirəm, Vətən!
Ürəyim sənin kimi parçalanıb.
Xəritən kimi kiçilmişəm,
Zərrə-zərrə biçilmişəm,
Nə qədər idim,
Nə qədər olmuşam, Vətən!
Xəbərin varmı Güneyindən?
Mənim də solumdan xəbərim yoxdur.
Ən çox sevdiyimiz,
Ən çox ağrıyan yanımız,
Mənim solum – sənin Güneyin.
Hərdən Kür kimi hiss edirəm özümü,
Azalıram, azalıram...
Mən – çölün düzündə,
Adamlar cəhənnəm,
Tanrının unutduğu ağac – sozalıram...
Ən çox torpağına bənzəyirmiş adam.
Minillik yaralarını əlimdə sıxsam, sıxsam...
Ürəyim soyuyarmı, görən?
Sən xoşbəxt olsaydın, axı mən də...
Mən də, bəlkə...
Deyirəm, başımı qoyum Xəzərə,
Göy üzündən Tanrını çağırım,
Gəlsə,
Qağayılar imkan versə,
Ona çox yox, bir-iki kəlmə söz deyəcəyəm...
Darıxma, Vətən, darıxma.
O quşlar ki, var.
Təbrizindən dən gətirib
Bakında əkən quşlar.
Onlara baxıb deyirəm ki,
Ümid var.
***
Bir dibçək gülümüz vardı,
Atam baxıb sevincək deyərdi ki,
Gülün tavanı dəlib keçməyinə az qalıb.
Doğrudan da, az qalmışdı.
Sonra atam gözlərini bir anda birdəfəlik yumdu.
Gülsə yavaş-yavaş qurudu...
Yox, suyunu tökdük, torpağını yumşaltdıq,
Gedib-gəlib əzizlədik,
Olmadı...
Atam öldü,
Gül də öldü...
O gülün gücündən istəyirəm hərdən,
"Olmaq, ya da olmamaq: budur bütün məsələ".
O gülün qolları yox idi ki,
Tutub yaşama həbs etsinlər,
Qanadı içində, sözü içində,
Sevgisi içində, közü içində.
Dünya həm də o gülündü,
İtin, pişiyin, çiçəyin, böcəyin...
Amma elə bil Tanrı
Olmaq və olmamaq arasındakı
O böyük boşluğu, sadəcə, insan üçün yaradıb.
Bu dünyada insana özəl bircə yer var:
Olmaq və olmamaq arasındakı o boşluq –
Hamının kəşf etdiyi,
Heç kimin adını qoymadığı...
***
“Evim” dediyim adam çölə atdı məni,
Bir quru canımı götürüb çıxdım,
Nəyim varsa, orada da qaldı.
Eşqi ürəyimə əsa etmişəm,
Ona görə ölmədim, yaşayıram.
Ey çarmıx adam,
Mən niyə səni özümə İsa etmişəm?!
Qaldırmışam əllərimi,
Nə zaman istəsən, gəl!
İsa da olsan, çarmıx da olsan, gəl.
Onu da bil ki,
Daha sənin bağçanda açan deyiləm.
Yox, yox, o adam deyiləm.
Özüm çöl olandan sonra
Daha “Evim” demərəm sənə.
Evlər uçur.
Evlər uçur...
Evlər uçur!
Ağaclar yaşayır, nəfəs olur,
Quruyur, kötük olur,
Ölür, soba olur.
Nə böyük günah imiş
Eşqi evə qapamaq.
Eşqin məkanı çöllərdir.
Eşqin dostu ağaclardır, adamlar yox.
***
O ki sənin alnından yox,
Gözlərinin kənarından salardı yollarını.
Sevməzdi paralel xətlər qalağını,
Onunku yarım ulduzlar idi.
O nə istədi səndən?
Nə vüsal, nə xoşbəxtlik...
Heç nə!
Dünyanın bütün tamahlarından,
Arzularından arınmışdı sevgisi.
O bilirdi, o, alına yazılmamışdı,
O, tale deyildi.
Tanrıdan necə gəlmişdisə, elə idi,
Çoxalmamışdı, azalmamışdı.
İndi isə günün günorta çağında
Dayanıb pəncərə qırağında
Aya baxır.
Gülümsəyir və baxır.
O ayın altında xoşbəxt,
Sağ-salamat sən varsan,
Yanında da...
Yanında...
Yanındakı önəmli deyil.
Gözlərini açsa, ay gedəcək,
Günəş gülümsədərmi onu?
Ehhh...
Onsuz da kimsənin yolu keçməyəcək
Yarım ulduzlardan.
Heç olmasa alnını qoru.
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
55-Cİ DƏRC
Qdlyan nisbətən asta templə, inamsız danışmağa başladı:
- Bütün işləri başqaları aparıblar, vilayət prokuroru Buturlin və müavini Qaydanov aparıb, “pambıq işi” onlarlıqdır. O vaxt Qorbaçov qurultayda deyəndə ki, “Qdlyan və İvanovun apardığı pambıq işi”, mən onun sözünü kəsib demişdim ki, Allahdan qorxun, mən pambıq işinə baxmamışam, mən korrupsiya işinə baxmışam.
Yaşlı hakim əsəbini cilovlaya bilmədi:
-O boyda prosesi danmaq necə ola bilər axı? Məndə bir mənbə var, siz pambıq işinə aidiyyatınızı danmaq istəyəndə “Azadlıq” radiosu sizə belə bir sual verir: ”Özbək mətbuatı günü bu gün də yazır ki, məhz Qdlyan özbək insanlarının taleyi ilə oynayıb”. Sizin cavabınız isə belədir: ”Bizim qrup cəmi 62 adamı həbs edib. Digər minlərlə həbs olunanın bizə dəxli yoxdur. Biz hətta görəndə ki, Özbəkistan DİN minlərlə insanı pambıq pripiskası adı altında həbs edir, Moskvaya İvanovla birgə şikayət də yazmışıq. Yazmışıq ki, Özbəkistanda terrora son qoyulsun! Biz başçıları tuturduq, xırda adamları isə biz tutmurduq”. Bu müsahibədə nə qədər səmimi olmusunuz?
Qdlyan “Tam səmimi” söylədi.
Belədə Baş Hakim başını bulayıb ekspertlərə üz tutdu, dedi ki, proses boyu əksər izləyicidə “Bəs niyə Özbəkistan” sualı doğur, Kreml rəhbərliyinin Özbəkistanda bir erməni müstəntiqin əli ilə həyata keçirdiyi bu misilsiz cəza üsülunun haradan qaynaqlandığını bilmək istəyirlər, belə bir açıqlama verə bilərsinizmi?
Baş ekspert ekspertlərlə məsləhətləşməyə başladı, fürsətdən istifadə edib Baş Hakim qəhvə gətizdirib içdi, yaşlı hakim su işəcəyini bildirdi, gənc hakim isə prosesin gedişinı necə valeh olmuşdusa hətta boğazından su belə keçirmək istəmirdi.
Nəhayət, arayış hazır oldu və səsləndirildi:
-20-ci əsrin ortalarında Özbəkistan SSRİ-nin pambıq plasdarmasına çevrilmişdi. Ölkənin bütün münbit torpaqları pambıq sahələri edirdilər. SSRİ Dövlət Plan idarəsi beşillikdən beşilliyə Özbəkistanın pambıq planını artırırdı, özü də reallığı nəzərə almadan, zorən, acımasız şəkildə. Hətta gübrələrin, pestisitlərin, toksiki maddələrin normadan artıq istifadəsi, məktəblilərin və tələbələrin zorən pambıq tarlalarına işləməyə qovulması belə kömək etmirdi. Yeri gəlmişkən, bu zorakılıq nəticəsində təhsil müəssisələrinin iflic olması ilə yanaşı ekologiyaya da ciddi zərər vurulurdu. Aral dənizinin suyu qurumuş, bura kimyəvi maddələr poliqonuna çevrilmişdi. Pambıq planı özbək xalqına əsl düşmənçilik edir, onu get-gedə fəlakət girdabına sürüyürdü. Belədə Moskvanın plan tələbini ödəmək üçün yerli pambıq təsərrüfatı həqiqətən pripiska etməyə məcbur olur, ikili mühasibatdan istifadə edirdi. Saxtakarlıq piramidası həqiqətən var idi, respublikaya rəhbərlik edən Raşidov saxta rəqəmlərlə Kreml qarşısında hər halda duruş gətirə bilirdi. Özbəkistanın yüksək rəhbər eşalonunda korrupsiya hallarına yol açılmışdı, bu barədə Moskvaya müntəzəm məlumatlar gəlirdi. Amma günahı öz ağlasığmaz planlarında görmək əvəzinə Kreml günahı özbək cinayətkarlığında və korrupsiyasında görmək yolu seçmışdı.
1979-cu ildə Buxara vilayəti OBXSS-inin rəisi Muzaffarova qarşı iqtisadi cinayətkarlıq maddəsi ilə cinayət işi açılmışdı, 1982-ci ildə bu iş Qdlyana verildi. Və bununla da özbək xalqının zülm və iztirablarından keçən məşəqqətli bir dövrə start verildi.
Həmin dövrdə Özbəkistanda bu irimiqyaslı istintaq prosesinə start verilməsi iki səbəbdən idi, Rusiya mənbələrinə görə, bunun birinci səbəbi hakimiyyətə yenicə gəlmiş Andropovun keçmiş KQB rəhbəri olması idi, Andropov Özbəkistandakı korrupsiya halları barədə kifayət qədər məlumatlı idi. İkincisi isə, Andropovun ovaxtkı Özbəkistan rəhbəri Raşidovla yaxşı münasibətlərinin olmaması idi.
Şahid ifadələrinə görə, Andropov zəng edib Raşidova deyirmiş: -Şaraf, 3 milyon ton pambıq olacaq? Bax a, başınla cavabdehsən.
Raşidov da cəmi 500 min pambıq tədarükü gücünə malik bir respublikada bu 3 milyonu yaratmaq üçün müxtəlif təşəbbüslərə əl atmalı olurdu.
1983-cü ilin yanvarında Andropov Raşidova şifahi töhmət verib istefa ərizəsi yazmasını tələb etdi, lakin Rəşidov ərizə yazmadı. Fevralda Andropov Rəşidova qarşı açıq hücuma keçdi, Kommunist Partiyası Siyası Bürosunun Özbəkistanda pambıq işi ilə bağlı istintaq işinə başlaması barədə qərarını imzalatdı, SSRİ Prokurorluğuna təcili komissiya yaradıb əməli işə keçmək tapşırıldı. SSRİ Prokurorluğunda bu sahəyə Prokurorluğun istintaq bölməsinin rəisi Q. Qaragözöv kuratorluq edirdi, milliyyətcə erməni olan bu şəxsin məhz erməni Qdlyanı istintaqın başına qoyması buradan qaynaqlanırdı.
1983-cü ilin 31 oktyabrında Özbəkistanın rəhbəri Şaraf Raşidov evinə gedib özünü güllələdi.
Şərəf Rəşidovun ölümündən sonra pambıq işi daha geniş vüsət aldı, öz əlaqələri ilə birtəhər Kremlin müstəntiqlərinə sinə gərən Rəşidovdan sonra özbək xalqı hardasa arxasız və yiyəsiz kimi göründü, Kremlin yeni təyin etdiyi rəhbər – Usmanxodjaev təbii ki, Rəşidov kimi qarşıdurmaya gedə bilməzdi. Həmin dönəmdə Qdlyan da istintaqda hakimi-mütləq ampluasını qazana bildi.
Növbəti arayışı – sonrakı dövr barədə məlumatları digər ekspert oxudu:
-Özbək işi 1989-cu ilə qədər davam etdi. Özbəkistanın pambıqtəmizləmə sənayesi naziri B. Usmanov, Buxara vilayəti OBXSS-inin rəisi Muzaffarov ölüm cəzasına məhkum olundular, birinci katib Usmanxojayev, öncəki ölkə rəhbəri Brejnevin kürəkəni – ölkə hüquq-mühafizə sistemində Özbəkistan üzrə kuratorluq edən general-polkovnik Çurbanov, MK katibləri Salimov, Abdullayev, Daşkənd, Fərqanə, Namanqan, Qaraqalpaq və Surxandarya vilayət partiya komitələri katibləri Musaxanov, Umarov, Radjabov, Kamalov və Karimov, Özbəkistan Nazirlər Sovetinin sədri Xudayberdıyev, respublika DİN generalları Yaxyayev, Norov, Norbutaev, Djamalov, Satarov və Sabirov həbs edildilər. İstintaq vaxtı yüksək post tutanlardan Erqaşev, Davıdov və Qaipov intihar etdilər.
Özbəkistan xalqına əsl divan tutulurdu, həbs edilənlərin qohum-əqrabaları, ailə üzvləri təzyiqə məruz qalırdı, istintaq altında olanlara qarşı şantaj, zor tətbiqi kimi iyrənc üsullara əl atılırdı, bütün xalq təhqir olunurdu. Qdlyan külli miqdarda rüşvət alır, istintaq altına saldığı hər kəsdən ev-eşiyini satıb ona milyonlar ödəməsini tələb edirdi, bu barədə artıq Moskvaya da siqnallar çatırdı. Təsadüfi deyil ki, Kremlin hesab soracağını bilən erməni müstəntiq oradakı yüksək rütbəliləri də dolaşdırmaq, ən azı adlarına qara yaxmaq istəyirdi ki, ona ittiham səsləndirənlər, məsələn Liqaçovun dili gödək olsun. O, Qorbaçova yazdığı raportunda Liqaçovun, Qrişinin, Romanovun və digər Mərkəzi Komitə rütbəlilərinin özbəklərdən rüşvət alıb onların korrupsiya əməllərinə göz yumduqlarını iddia edirdi.
1991-ci ilin 25 dekabrında müstəqil Özbəkistanın rəhbəri İslam Karimov “Pambıq işi” ilə bağlı bütün həbsdə olanların azad edilməsi barədə qərar verdi. Müstəqil Özbəkistanın rəsmi dairələri 80-ci illərdə respublikada baş verənləri Kremlin “korrupsiya ilə mübarizə” adı altında özbək xalqına qarşı yönəlmiş bir aksiyası elan etdi.
Baş Hakim ekspertə minnətdarlıq bildirib zəruri bir əlavə etdi:
-Biz dəyərli ekspertlərimizdən “Niyə bəs Özbəkistan” sualına cavab aldıq. Amma həmin suala başqa bir cavabı isə yazıçı-tarixçi Fyodr Razakovun “Politbüroda korrupsiya. Qırmızı özbəyin işi” adlı əsəri verir. Buyurub diktorlar oxusunlar.
Xanım diktorlardan biri səhnəyə çıxıb kitabdan bir parçanı oxumağa başladı:
-“1982-ci ildə SSRİ rəhbəri Leonid Brejnev çox qoca və xəstə idi. Noyabr ayında Mərkəzi Komitə Plenumu çox vacib kadr dəyişikliklərinə rəvac verməyi planlaşdırırdı. Bunlardan biri – Politbüroya müsəlman liderin irəli çəkilməsi idi. Hətta Brejnev özünü yalnız partiya lideri kimi saxlayıb ölkə idarəçiliyini yeni liderə ötürmək istəyirdi, bu liderin də Şaraf Raşidov olacağı ehtimalı var idi. Brejnevin son səfərlərini müsəlman Bakısından sonra müsəlman Daşkəndinə eləməsi məhz bu səbəbdən idi. Gözlənilmədən məhz plenum ərəfəsində Brejnev vəfat etdi. Şaraf Raşidov Orta Asiyanın müsəlman liderləri arasında ən nüfuzlusu idi, 22 il idi ki yüksək postda əyləşmişdi, öz şansını gözləyirdi. Onun Hindistan, Pakistan, İran və İrak rəhbərləri ilə, bütün müsəlman dünyası rəhbərləri ilə gözəl münasibətləri var idi. Raşidovun Kremlə yolunu kəsmək lazım idi, Kremldəki qərbə yönümlü kadrlar bu avtoritar müsəlman kommunistinin qələmini qırmaq barədə düşünürdülər. Qərbyönümlülərin ideoloqu isə Andrey Yakovlev idi, bu şəxsi Amerika kəşfiyyatı satın almışdı, bu faktdır. Yakovlev 1959-cu ildə ABŞ-ın Kolumbiya Universitetində stajirovka aparanda xüsusi xidmət onu “verbovka” etmişdi. Sonradan Qorbaçovun hakimiyyətə gətirilməsi, SSRİ-nin dağıdılması da məhz bu ideoloqun dəst-xətti ilə həyata keçirildi. Beləliklə, Raşidova görə Özbəkistan qorxunc bir plana qurban getdi. SSRİ-nin pambıq səltənətini yoxlamaq, orda korrupsiya faktları tapmaq və Raşidovu həbs eləmək - “pambıq işi”nin kökündə məhz bu dururdu. Telman Qdlyanın – milliyyətcə erməninin istintaqın başına gətirilməsi isə çox yəqin ki, erməni-türk düşmənçiliyinin effekt verəcəyini, Qdlyanın daha sərt və daha qaniçən obrazda özbəklərə divan tutacağına hesablanmışdı.
Şaraf Raşidova qarşı kompromat toplamaq çətin idi, Qdlyanın desantı hər cür imtiyaz almaqla Özbəkistanda istədiyini eləsə də Şarifovu konkret ittiham etmək mümkün olmurdu. Qdlyan o dönəmdə Özbəkistanın 1-ci katibindən də səlahiyyətli idi, o Özbəkistanın şahı, Allahı idi. Amma yenə də Raşidovu aşağılamaq imkanı əldə edə bilmirdi. Mənim arxivimdə bir material var. Bir müstəntiqin xatirələridir. O, Qdlyan qrupunda idi, amma yarım ilə qrupdan qaçmışdı, çünki Özbəkistanda törədilən qanunsuzluqlardan qorxubmuş, yazırmış ki, insanlar məhkəməsiz və istintaqsız həbs olunur.
Bilirsiniz, özbəklərdə belə bir məsəl var, deyirlər zaman çayda ən təmiz suları saxlayır, şirkab axıb gedir. 1992-ci ildə Şaraf Raşidovun cinayətkar damğası üstündən götürüldü, ona Daşkənddə abidə də qoyuldu. Bu, həm də rəmzi idi, korrupsioner Raşidovun bəraəti deyildi, pambıq işi adı altında ləkələnən on minlərlə özbəyin, bütövlükdə isə tolerant, əməksevər, düzgün, sadə özbək xalqının bəraəti idi.”
Nəhayət Baş Hakim saatına baxıb prosesin yekunlaşmalı olduğunu anladı, son olaraq mühakimə olunana bir sual tuşladı. Həqiqətən kəskin və kəsərli sual idi, insanlara sual verib gözlərinə baxaraq cavablarının doğru olub-olmadığını həmişə rahatca müəyyənləşdirən Qdlyan bu dəfə özü aldığı sualdan baxışını gizləməli oldu.
-Cənab Qdlyan, sizin həyat yoldaşınız Susanna Akopovna terapevtdir. Oğlunuz Martin Butırka istintaq idarəsinin rəis müavini, qızınız Anjela da Moskva Baş əmlak idarəsinin hüquq şəbəsinin müdiridir, uşaqlarınızın hər ikisi sizin yolunuzla gedir. İndi sizə bir sual verək. 1989-cu ildə SSRİ Prokurorluğu “pambıq işi”ndəki əməllərinizdə cinayət tərkibi görüb sizə qarşı cinayət işi açmışdı, bax onda həbs edilsəydiniz, yaxud 1991-ci ilin avqustunda dövlət çevrilişi ilə bağlı həbs edildiyiniz məqamda həbsxanadabir gün deyil, daha çox saxlansaydınız necə olardı ki, həyat yoldaşınızı və uşaqlarınızı sizə qarşı ifadə vermək üçün həbsxanaya salaydılar? Bu sizə xoş gələrdimi?
Cavab əlüstü gəldi:
-Bu nə sözdür, əlbəttə ki yox.
-Bəs onda siz özünüz niyə Özbəkistanda onlarca insanı həmin vəziyyətə salmışdınız?
Qdlyan cavab tapmaq üçün dərin fikrə qərq oldu.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
Əslində, hamı uğurlu ola bilər, lakin...
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
«İnsanlar sənə uğursuz olacağını və ya kifayət qədər uğurlu olmayacağını dedikləri zaman ayaqlarını yerə daha möhkəm bas, güclü ol və səni məhv etmələrinə icazə vermə. Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».
Mayk Cordan
Heç vaxt düşünməyin ki, siz heç nəyə qadir deyilsiniz. Valideynlər, heç vaxt övladlarınıza deməyin ki, «səndən bir şey çıxmayacaq». Uğur libası ölçüsüz olduğundan, o, hər kəsin ölçüsünə uyğun gələ bilər. Yetər ki, onu geyinmək istəyi olsun.
İdmanda uğur qazanma etalonlarından biri sayılan məşhur amerikalı basketbolçu Maykl Cordanın yuxarıda qeyd etdiyim kəlmələrini çox bəyənirəm və onu uğur qazanmağa çalışan gənclərə bir örnək heçab edirəm.
İlk dövrlərdə uğurun həmişə ondan yan keçdiyindən üzülən, amma içindəki inam hissinə öz hədsiz çalışqanlığı və məqsədyönlülüyü ilə təkan verən Maykl Cordan sonradan dünya basketbol tarixinin ən yaxşı müdafiəçisi, ikiqat Olimpiya, altıqat NBA çempionu oldu, basketbolun dünyada populyarlaşmasında əvəzsiz rol oynadı. Təsəvvür edin, 1984-cü ildə Nike firması məhz Maykl üçün Air Jordan adlı idman ayaqqabısı hazırladı ki, indi Air Jordan böyük satış həcminə malik məşhur bir brendə çevrilib. Bu gün bu şəxs Oakley Inc. kompaniyasının rəhbəri, «Şarlott Xornets» basketbol klubunun sahibidir. Haqqında hətta film də çəkilib, Çikaqo şəhərində abidəsi də qoyulub.
Özünəinam bir görün nələrə qadirmiş!
Heç vaxt uğurlu insanlara uğurun qızıl nimçədə qismət olmasını da düşünməyin. Bütün zirvəyə gedən yollar daşlı kəsəklidir, şümal, rahat yola əsla rast gəlinməz.
Bəşər elmində ən cahanşümül nailiyyətə imza atan Nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn 4 yaşına kimi danışa bilmir, 8 yaşına kimi oxumağı belə bacarmırdı. Dahi Ziqmund Freyd ilk dəfə alimlərə öz nəzəriyyəsini açıqlayarkən itələyib onu səhnədən qovmuşdular. XX yüzilliyin ən nəhəng siyasi lideri Uinston Çörçil yalnız 65 yaşında rəhbər posta gəlmiş, baş nazir kürsüsünə yiyələnə bilmişdi. Dəfələrlə tennis üzrə Devis Kubokuna layiq görülən Sten Smiti yeniyetməliyində yöndəmsiz adlandırıb tennis oynayanların toplarını daşımağa belə layiq bilməmişdilər. Amerikalı ulduz müğənni Bruno Mars uzun müddət istedadsız sayılır, uğur qazana bilmirdi, ailəsi ilə tavanı və döşəməsi olmayan evdə yaşamışdı. Dünya avtomobil sənayesinin ən nəhəng siması Henri Ford ilk dönəmlərdə gücünü fermer təsərrüfatında sınamışdı və qurduğu təsərrüfat tam iflasa uğradığından yarıtmaz adını almışdı. Məşhur Bakı milyonçusu Seyid Mirbabayev uzun illər müğənnilik etmiş, kasıbçılıq çəkmişdi. Dünyaca məşhur Lev Tolstoyu oxuduğu universitetdən dərslərə hazırlıq səviyyəsinin aşağı olması səbəbindən qovmuşdular. Frans Kafka və Vasiliy Rozanov isə ümumiyyətlə, sağlıqlarında gördükləri işin – yazıçılığın və filosofluğun bəhrəsini görməmiş, layiq olduqları qiyməti ala bilməmiş, ehtiyac içində, səfalətdə, ağır xəstəlik keçirərək dünyalarını dəyişmişlər. Yalnız ölümlərindən illər keçəndən sonra onların əsərləri əl-əl gəzmiş, dillər əzbəri olmuşdu.
Bütün uğur hekayətləri müxtəlif olsa belə, onların hamısında əvvəldən sonadək iki personaj iştirak edir: İnam və qətiyyət!
Mən əbəs yerə kitabın bu bölməsini ünlü Maykl Cordanın epiqrafı ilə başlamadım ki. Necə gözəl səslənir: «Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».
Mən özüm də nə vaxtsa sıfırdan başlamışam və o vaxt nə davranış qaydaları, nə işgüzar danışıqların aparılması, nə də bu yolda necə hərəkətə başlamaq barədə təsəvvürüm belə yox idi. İşə ciblərim boş halda, yalnız müstəqil və azad olmaq, heç kəsdən asılı olmamaq arzusu ilə başlamışdım. Ən əsası, özümə inanır və qətiyyətli idim!
Siz də qətiyyətli olun. Onda mütləq bacaracaqsınız. Özü də uğurla bacaracaqsınız!
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
Ukraynalı Çaykovski, Süleyman Qanuni və öldürülən heyvanların xatirəsi günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
6 noyabr. Kişilər Günü
Biz gözümüzü açandan 8 martın qadınlar günü kimi qeyd edilməsinə şahidik. Amma kişilər günü nədənsə qeyd edilməyib. Keçmişdə guya 23 fevral kişilər günü idi, əslində həmin günün təyinatı ordu günüydü. İndi isə sovetlər dönəmi öz işinin dalınca getdiyi kimi 23 fevral da gedibdir, milli ordu gününün isə təyinatı kişilər günü deyil, elə silahlı qüvvələr günüdür. Amma təqvimdə varmış axı kişilər günü. Budu bax, 6 noyabr. Xüsusən Şərqi Avropada geniş qeyd edilən bir gün. Özü də yaranışı 2000-ci ilə təsadüf edir. Amma bu günü şəxsən biz azərbaycanlılar heç vaxt qeyd edən deyilik. Niyə? Ondan başlayaq ki, təqvimdə 19 noyabr günü də var, Beynəlxalq Kişilər Günü. Onu ABŞ, Avstraliya, Böyük Britaniya, CAR, Hindistan və s. ölkələrdə qeyd edirlər. Bu 6 noyabrın qeyd ediılməsinin isə təşəbbüskarı Azərbaycana Dağlıq Qarabağ boyda dərd vermiş Mixail Qorbaçovdur. O, həyat yoldaşı, məkrli Raisaya sevgisini izhar etmək üçün bu günü BMT strukturlarında təsdiqlədib, qadınla kişi sevgisinin qarşılıqlı bayramlar şəklində ailə təməlini möhkəmlətməsinə istinad edib. İndi ruslardan tutmuş polyaklara, çexlərə qədər hamısı bu kişilər gününü qeyd edirlər, bizsə gəlin onun üstünü qara qələmlə xətləyək.
Yeri gəlmişkən, məktəblərdə 8 noyabr – Zəfər günündə qızların oğlanları təbrik etməsi ənənəsi yaranıb. Bu çox gözəl təşəbbüsdür. Azərbaycanlı kişisinə elə məhz qələbə, zəfər yaraşar!
6 noyabr. Müharibə və konfliktlər zamanı ətraf mühitin ekspluatasiyasının qarşısının alınması günü
Heç də uzağa getməyək, bar-bar bağıraq, dünya ictimaiyyətinə məhz bu gün mesajlar ötürək, görsünlər ki, erməni barbarları meşələrimizi necə dağıdıblar, yandırıblar, su hövzələrini necə zəhərləyiblər, flora və faunaya necə divan tutublar. Yerin təkini qazıb faydalı qazıntıları necə vəhşicəsinə istismar ediblər. Dünyada misli görünməmiş barbarlıq nümunələri göstəriblər bu insanlıqdan uzaq olanlar. Heç faşistlər işal etdikləri ərazilərdə bu cür həngamələr qoparmamışdılar.
Məhz bu gün Azərbaycanın sözügedən problemi aktual olacaq, hər kəs bu işə öz töhfəsini verə bilər.
6 noyabr. Beynəlxalq insan əlindən ölən heyvanların xatirəsi günü
İnsanlar heyvanları ya gülləylə öldürürlər, ya başını kəsib ətini yeyirlər. Bu günü kim təqvimə salıbsa yəqin o, bizim zavallı qoyunları bəzəyib-düzəyib, geyindirib-keçindirib kütləvi qətliama məruz qoymamızdan da bixəbərdir. İnsan heyvanın həyatının qənimidir, yüzə yüz belədir. Haçansa amma əksinə olub, qədim insan heyvanların qurbanı olub.
İndi belə bir günü təqvimə salmaqda məram odur ki, ildə bir gün heç bir insanın əlində heyvan ölməsin. Qəssablar, eşidirsiniz? Dana kəsməyə bir gün fasilə verəkmi? Broyler sahibləri. Bir gün toyuqqırmanı dayandıraqmı?
Saksafon gününü, fin və isveçlilərin vərəsəlik gününü, ABŞ-ın naços gününü (qarğıdalı çipsləri ilə müxtəlif ədvalardan ibarət qəlyanaltı) də qataq heyvanların xatirəsi gününün gözünə.
6 noyabr. Çaykovski və saksafon
1991-ci ilin bu günündə mühüm bir hadisə baş verib. SSRİ Kommunist Partiyası buraxılıb. 1951-ci ildə Kreşatikdə Ukrayna milli televiziyası öz yayımlarına başlayıb. 1947-ci ilin 6 noyabrı əslən azərbaycanlı filosof, teoloq, Rusiyada islam dininin görkəmli nümayəndəsi Heydər Camalın doğum günüdür. 1945-ci ildə görkəmli aktrisamız Zərnigar Ağakişiyeva dünyaya göz açıb. 1931-ci ilin bu günündə şair, yazıçı, publisit Tofiq Mahmud dünyaya gəlib. 1917-ci ildə RSDRP (yəni bolşevik partiyası) Petroqradda qiyama başlamaq əmri verib. 1893-cü ildə böyük bəstəkar Pyotr Çaykovski dünyadan köçüb (bilirdinizmi, Çaykovski rus deyil, ukraynalıdır?).1814-cü ildə belçikalı usta, saksafonu icad edən Adolf Saks doğulub. 1600-cü ildə yapon tarixinin ən böyük samurayı – Konisi Yukinaqa vəfat edib.
1494-cü ilin bu günündə isə Trabzonda dünyaya sahiblənməyi bacarmış dahi türk imperatoru Sultan Süleyman Qanuni – Möhtəşəm Süleyman dünyaya gəlib.
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
Dünən Baba Pünhan günü idi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Dünən təqvimi vərəqləyəndə günə təsadüf edən əsas tarixi hadisələrə diqqət etdim, Beynəlxalq Menecer günü, ingilisdilli ölkələrdə Qay Foks – yəni alov və atəşfəşanlıq günü, Beynəlxalq Sunami barədə informasiyaların yayılması günü və sair günlər. Təbii ki, sunami barədə bilgilər məni cəlb etdi.
Sunami böyük təlafat və dağıntılar gətirməklə bir çox ölkələrə ziyan vurur. Ən dəhşətli sunamilərin tarixinə nəzər yetirsək belə bir mənzərə görərik: 2011-ci il, Yaponiya, 2009-cu il, Samoa və Tonqa, 2004-cü il, Hind Okeanı sahilləri dövlətləri, 2001-ci il, Peru, 1999-cu il, Türkiyənin Aralıq dənizi sahilləri, 1998-ci il, Papua-Yeni Qvineya, 1976-cı il, Filippin və 1960-cı il, Çili.
BMT-nin təşəbbüsü ilə qeyd edilən bu gündə sahil hövzəsi əhalisinə sunami təhlükəsi barədə tam məlumat verilir, təhlükəsizlik qaydaları başa salınır.
Amma sunami qaldın sunami yerində, mənimçün 5 noyabr gününün əsas özəlliyi böyük satirikimiz Baba Pünhanın doğum günü olmasıdır.
1948-ci ilin bu günündə Kürdəxanıda Baba Pünhan dünyaya gəlib. Düzü düz, əyrini əyri yazan satirik şair. Biz ədəbiyyat adamıyıq, bu səbəbdən də ədəbiyyat adına uğur qazanan hər kəs bizim üçün qiymətlidir. O cümlədən də adı dillər əzbəri olan, böyük Sabirdən sonra satira janrının layiqincə davam etdirən Baba Pünhan.
Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.
Sadəcə, mükəmməl yazılıb, söz ola bilməz.
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
Mədəniyyət Nazirliyində yeni təyinat
Mədəniyyət Nazirliyində növbəti təyinat baş tutub. Belə ki, nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nazir Adil Kərimlinin müvafiq əmrinə əsasən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Əlifəttah qızı Kərimova şöbənin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Sevil Kərimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) sənətşünaslıq ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Təsviri incəsənətin tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb. O, Azərbaycan Milli İncəsənət Muzeyində müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Turizm və Menecment Universiteti, ADRA və ADMİU-da pedaqoji fəaliyyət göstərib. 2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Sənətşünaslıq və Memarlıq üzrə Ekspert şurasının sədr müavini olub.
Uğurlar!
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
“Günəşə toxunan uşaq” - Bakıda qırğız hərarəti
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət”
Türk dövlətləri arasında mədəni əlaqələri çox alqışlayır, ölkəmizdə baş verən silsilə mədəniyyət tədbirlərini izləyir, bu tədbirlər çərçivəsində mədəni əlaqələrimizlə birlik olmağımıza çox sevincliyiəm. TÜRKSOY-un bu yolda xidməti çoxdur.
TÜRKSOY-un təşkil etdiyi I Beynəlxalq TÜRKSOY Teatr Festivalı çərçivəsində Qırğızıstanın Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrının “Günəşə toxunan uşaq” tamaşasını izlədim. Bu yazı yarandı. Qeyd edim ki, tamaşa tanınmış qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Raevin dramaturji məhsuludur.
Günəşi tutmaq görəsən necə olur? Günəş bizim içimizdə olan həqiqətdir. Günəşi tutan pak, təmiz olmalıdır. Çünki həqiqətin gözünün içinə yanız beləsi baxa bilər. Günəş bizim içimizdə olan həqiqətdir.
Tamaşaya baxdım və bütün gün boyu o tamaşanın təsiri altında oldum. O qədər təsirləndim ki, bu yazı doğuldu.
Qırğız türkcəsini başa düşməyə çətinlik çəksəm də aktyor oyunu, güclü mətn, istedadlı rejissor işi mənim üçün bir yeni dünya aça bildi. Bu dünya Sovet dövründə Türk insanının öz canında özgə ideologiya daşıya bilməməsidir. Türk dövlətlərinin çəkdiyi əzabları, onların canına xəstəlik kimi daraşan, yad cəmiyyət formasının nə qədər dözülməz olması idi. O dövrdə doğulan hər körpə bunu qan yaddaşında, genetik kodunda hiss edirdi ki, düşdüyü dünya onun dünyası deyil. Ən çox analar uşaqlara oxuduğu laylalarla Türk soyunun nə qədər güclü olduğunu bildirirdi. Tamaşa hər şeydən əvvəl dramaturji əsərin gücündən asılıdır. Bunu hamımız bilirik. Sultan Rayev bu gözəl dramaturji əsərində istədiyi bütün məqamları öz oxucusuna çatdıra bilmişdir. Onun səhnə həlli isə ayrı, sehirli bir aləmdir.
Əsər sovetlər dövründə ucqar kənd sakinlərinin başından keçən bir hekayədir. Burda ayrı-ayrı xarakterlər vasitəsilə dövrün incə mövzuları ortaya çıxır. Rəhbərliyin idarəçiliyinin, partıya sıralarına keçməyin təntənəsinin, təmtəraqlı kürsülərin fonunda əslində hansı özbaşınalığın baş verməsindən bəhs edilir. Türk insanının, kəndlisinin çəkdiyi haqsızlıq ortaya çıxır.
Yazıçının yaratdığı xarakterlərın hər biri danışıq və rəftarıyla öz oxucusuna mesaj verir. Əsərin bəsit göstərdiyi bütün hadisələrinin altında məna, düşündürücü məqam var. “Mən bu rejimin altında əzilib məhv oluram, çapalayıram” məqamı.
Ən çox diqqətımi çəkən isə bu əsərdə olan zavallı qadınlardır. Heç bir haqqı olmayan, zülmlər, işgəncələr içində qovrulan qadınlar.
Günəşi tutmağa çalışan uşaq obrazı isə şikəstdir. O dövrün yaratdığı və beyinlərə möhürlədiyi bütün düşüncələr kimi.
Türk insanı soyundan dönməzdir. Yalnız sovet dövrü bir çox məqamda onu dəyişməyə nail olmuşdur. Əsər həmin dövrü əks etdirir. Şikəst, sevgi dolu uşaq zorlanmış ananın atıb qaçdığı bir körpədir. O körpəni götürüb öz balası kimi böyüdən ana da vaxtıyla atılmış bir qadındır. Başqa bir zülmə düçar olan digər anadır. Bu iki ana obrazı, övlad sevgisi, paklıq simvolu gözlərimdən yaş düyünlənənə qədər sızlatdı ürəyimi. Şikəst övlada olan sevgi isə bütün analar adına bir gözəllik idi.
Tamaşa qara, çıxılmaz fonda günəşi unutmayan insanlardan bəhs edir. Bu əsərdə Ana və uşaq obrazları sevgi və əzabın içində gedən yoldu.
Rejissor işi çox gözəldir. O baxımdan gözəldir ki, əsərdə olan bütün hadisələri bizə teatr diliylə anlatır, əsərin bütün məqamlarının haqqını verdiyi halda belə bunu ədəb, tərbiyə fonunda edir. Bu, ən önəmli məqamdır. Tamaşanın son dərəcə güclü olduğuna işarədir bu. Mən yüzlərlə tamaşaya baxmışam və çox vaxt bunun şahidi olmuşam. Rejissorlar bu məqamı anlaya bilmirlər ki teatr xronika deyil, teatr ayrı bir aləmdir. Rejissor məharəti budur: əsərin məqamlarını tamaşaçını sarsıtmağı bacararaq, eyni zamanda onu yormadan çatdırmaq.
Bu baxımdan “Günəşi tutan uşaq” tamaşasında rejissorun əməyini çox yüksək qiymətləndirirəm. Aktyor oyununa gəldikdə isə orda bir kolzoz sədri obrazı var, nə qədər gözəl aktyor oyunu nümayiş olunub. Ömür boyu etdiyi günahlardan dualarla yuyulacağını düşünən obraz. Yusuf obrazı var, həqiqət üçün vuruşur və onu öldürürlər. Həqiqət axtaran bir tük kişisi obrazıdlr. Tamaşada güclü məqamlardan biri də budur: Şikəst Uşağı boyudən ana ölür. Uşaq onun ölümüylə barışa bilmir, anasının onu sevgiylə yuyundurduğu kimi özünün və ananın sözləriylə özüylə danışa-danışa üstünə su çiləyir.
Qırgız türkcəsində oxunan bayatılar xüsusilə diqqətimi çəkdi. Bu bayatılar qulaqlarımdan hələ də getmir. Bayatının musiqisindən nə deyildyini anlayırdım. Tamaşanın sonunda sovetlər birliyinin yaratdlğl bu zibillik həyatı insanlar yerdən götürüb təmizləyirlər və günəşə doğru gedirlər. Uşaq isə cəmiyyətin təpiyi altinda qalır, yalnız bütün eybəcərliklərin sonunda günəşi tutmağı bacarır.
Günəşi tutmağa çalışan hər halıma, hər ovqatıma uyğun bir tamaşa seyr etdim, bunu sizinlə bölüşmək istədim. Günəş bizim içimizdə olan həqiqətdir.
Günəşlə qalın!
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
Dünən Qənirə xanımın “Addım-addım Türkiyə" sənədli filmi təqdim olundu
Könül, “Ədəbiyyat və incəsənət”
Hələ də onun yoxluğuna inana bilmirik. Daim göz önündə, fəaliyyətdə olan, bu fəallığı və çalışqanlılığı ilə “od-alov insan” epitetinə tuş gələn Qənirə xanım necə ola bilər axı, mövcud olmasın?
Budur, cismani ölüm varsa da mənəvi yaşayış hələ davam edir, onun ortaya qoyduğu işlər hələ davam edir.
Noyabrın 3-də yenidən hamı onun işığına yığışmışdı, bu dəfə Nizami Kino Mərkəzinə. Qənirə Paşayevanın Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” adlı sənədli filminin təqdimatı idi.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin lentə aldığı filmin rejissoru Elnurə Kazımovadır. Film işlənərkən 64 gün ərzində Türkiyənin 57 vilayətində çəkilişlər aparılmışdı.
Bu təqdimat mərasimində Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, QHT rəhbərləri iştirak edirdilər.
NİZAMİ CƏFƏROV
Təqdimat mərasimini açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov keçmiş həmkarının Vətəninə, xalqına bağlı olduğunu, insanların onu çox sevdiyini və ona inandıqlarını vurğuladı: “Qənirə Paşayeva anadan jurnalist doğulmuşdu. Sonra siyasətdə də uğur qazandı. Ünsiyyəti, səmimiyyəti, insansevərliyi onu həmişə digərlərindən fərqləndirirdi. O, çox yaradıcı insan idi və öz dövlətinə sadiq idi. Qənirə xanımı Türk dünyasında çox sevirdilər. O, bu məhəbbəti əməlləri ilə qazanmışdı”.
CAHİT BAĞCI
Qənirə Paşayevanın Türk dünyasını, türkləri çox sevdiyini diqqətə çatdıran Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı bildirdi ki, Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunan “Addım-addım Türkiyə” sənədli filmi Türkiyənin tanıdılmasına bir töhfədir. “Qənirə Paşayeva Türk dünyasının cəsur qadını idi. O, az ömür sürsə də, üç insan ömrünə bərabər iş görərək, özündən sonra iz qoyub getdi, - deyə C.Bağçı əlavə etdi.
RÖVŞƏN MƏMMƏDOV
Qənirə Paşayevanı milli təfəkkürə malik insan, jurnalist, şəxsiyyət kimi xarakterizə edən, onun təkcə Azərbaycanın deyil, bütöv Türk dünyasının övladı olduğunu deyən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onun zəhməti ilə ərsəyə gələn filmin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, Qənirə Paşayeva karyerasına jurnalist kimi başladığı kimi, onun jurnalist kimi son işi də çəkdiyi sənədli film oldu. AzTV-nin sədri Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” sənədli filmi ilə Qənirə Paşayevanın izləyicilərə mesajlar verdiyini vurğuladı.
DİGƏRLƏRİ
Mərhum deputatın əmisi Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, qardaşı Hüseyn Paşayev, Milli Məclisin deputatı Arzu Nağıyev onunla bağlı xatirələrini bölüşdülər.
Filmin rejissoru Elnurə Kazımova Qənirə Paşayeva ilə birgə ərsəyə gətirdikləri ekran əsərindən danışdı. Filmin çəkilişində mərhum deputatın çox əziyyət çəkdiyini dilə gətirən rejissor Qənirə xanımın xatirəsinə ehtiram olaraq filmi davam etdirəcəyini bildirdi.
Çıxışlardan sonra sənədli film nümayiş olundu. Və çox bəyənildi. Tanıdığımız Türkiyəni Qənirə xanım bizə yenidən tanıtdı. O həmişə belə idi, ən adi mətləblərin heç də adi olmadığını aşkarlayır, hər mövzuda nikbinliyə köklənir, ən zülmətdə belə ümid çırağı yandırırdı.
Ruhun şad olsun, Qənirə xanım!
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
Mədəniyyət naziri Naftalan şəhərində mədəniyyət müəssisələrinə baxış keçirib
Tərtər rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edən mədəniyyət naziri Adil Kərimli qəbuldan sonra Naftalan şəhərinə səfər edib, şəhərdəki bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Əvvəlcə Naftalan şəhər Heydər Əliyev Mərkəzinə baş çəkilib. Mədəniyyət ocağının tarixi, maddi-texniki imkanları və cari vəziyyəti ilə bağlı məlumat verilib.
Daha sonra Naftalan Şəhər Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına baxış keçirilib. Müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Nazir son olaraq Naftalan şəhər Uşaq musiqi məktəbində olub, müəllim və şagird kollektivi ilə görüşüb. Təhsil ocağında istedadlı, yaradıcı potensiallı uşaqların bacarıqlarının qiymətləndirilməsi və tanıdılmasının vacibliyi diqqətə çatdırılıb.
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
Uca sözün gerçək ünvanı: Mahirə Nağıqızı
Yusif Alıyev, Fizika elmləri doktoru, dosent
“Ədəbiyyat və incəsənət” portalı Fizika elmləri doktoru, dosent Yusif Alıyevin söz və elm adamı, professor Mahirə Nağıqızının 63-cü doğum günü münasibətilə qələmə aldığı “Uca sözün gerçək ünvanı: Mahirə Nağıqızı” yazısını təqdim edir.
Bəşəriyyətdə Yer üzünün əşrəfi sayılacaq insan peyda olduqdan sonra bir-birini anlamaq üçün höccə-höccə sözlərlə danışıb dil yaratdılar. Sonra bu dildən istifadə edilib bəzəkli, düzəkli ədəbiyyat yaradıldı. Ədəbiyyatı yaradanlar isə seçilmişlər oldular. Ədəbiyyat zəncir halqaları kimi toxuna-toxuna uzanaraq keçmişdən üzü gələcəyə doğru yol gəldi.
Bu bütün xalqlarda belə oldu. Amma bizim üçün isə Azərbaycan ədəbiyyatının ağırlığına çiyin verən nəhəng ədəbiyyat xidmətçiləri, dil yaşadıcıları daha maraqlıdır.
Bəllidir ki, türkün at belinə minib, qılınc çəkərək Doğudan Batıya dəfələrlə köç etməsi haqqında olan-qalan məlumatlar yad mənbələrlə yanaşı folklorumuzda, ədəbiyyatımızda yaşayaraq günümüzə kimi gəlib çıxmışdır.
Xüsusən bu mövzuda zərifliyi ilə daim zirvədə olmağı bacarmış xanım-xatun ədəbiyyat yaradıcılarımızın yaradıcılığında dərdimiz dərd kimi, sevincimiz sevinc kimi, özümüz özümüz kimi möhürlənərək gəlib bizləri tapmışdır. Ehtimal olunan ən qədim yazılı ədəbiyyatımızın banisi də məhz VIII yüzildə yaşayıb, yaratmış xanım Zibeydə Xatun olmuşdur.
Üzü Zibeydə Xatundan, Məshəti Gəncəviyə, ondan Xan qızı Natavana, ondan Təsnifi-Gülşada, ondan da Aşıq Pəriyə, ondan da ta Mirvarid Dilbaziyə kimi gələn ədəbiyyat yolunda irəliləyən poeziya karvanı nəhayət gəlib uca sözün gerçək ünvanı Mahirə Nağıqızı məqamına da yetişdi. Və onu da öz ədəbiyyat yüklü barxanası ilə bu karvana qoşub haqq yolu gedən zəvvara çevirdi.
Mahirə Nağıqızı danışmağa yavanlıq edib, qələmə tökdü sözlərini. O haqdan gələn ulu səslə oturub, duran dərviş olub dedi ki:
Dinib dillənmədim ki mən,
Pıçıltımnan, lal yığıram.
Tanrım, göndərdiyin dərdi
Zənn elədim bal, yığıram.
Bəli, Mahirə xanım ruhuna Tanrıdan gələn səslə ucaldı hər yanda. Çiyninə ağır bir missiya biçilmiş soyun övladı olmaq məsuliyyətini isə daha dərindən dərk edərək, ən gənc yaşlarından Həsən Mirzə yolunda mətinləşməyə başladı.
Daşlı-qayalı ədəbiyyat dağında özünə bir məkan seçdi, Mahirə xanım. Şirin türkcəsindəki sözlərlə qala burada tikdi özünə. Qala bürclərində özü durub dilinə dil uzadanların gözünə söz körüyü ilə qızmış misralar, beytlər, bəndlər sancdı.
Həlim, həzin, yüklü və işıq sürətilə türk ellərini dolanıb gələn şeirlərindən ibarət kitabları işıq üzü gördü. Hər kitab isə bir ideya mənbəyi, tərbiyə istiqaməti, sevgi ünvanı idi. Çünki professor Mahirə Nağıqızı gözəl bilirdi ki, ədəbiyyatın əsas qayələrindən biri insanlara ruhsal zövq verməkdirsə, biri də insanlara əxlaq aşılamaq, tərbiyə vermək, mənəviyyatı zənginləşdirməkdir. Bax Mahirə xanım bu yöndə də öz mənəvi missiyasını ən yüksək formada icra edən vətəndaşdır.
Onun elmi-tədqiqat yaradıcılığından, elm və təhsil təşkilatçılığından, ictimai fəallığından isə danışdıqca insan qarşısında sübh günəşinin işıq salaraq işıqlandırdığı al qırmızı üfiq görsənir. Al qırmızı rəng isə Mahirə xanımın poeziyasının rəngidir. Çünki onun yaradıcılığı da qədim yurd yeri kimi yaralıdır. Mahirə xanımın yaradıcılığındakı azadlıq eşqi də al qırmızı rəngdədir. Çünki ilahidən gələn bir ünlə onun ruhunda qaynayan eşqin də rəngi al qırmızıdır ki, bu da babalarımızın Vətən torpaqları uğrunda axıtdığı qanların rənginin simvoludur. Mahirə xanımın bayatıları da al qırmızıdır, çünki Nazlı ananın söylədiyi nənnilər al qırmızı yanaq Dərələyəz gözəllərinin şəninə qoşulurdu. Bir sözlə onun misralarındakı güllər, çiçəklər də al yanaqlı lalə kimidir.
Öz poeziya yükünü el-oba, yurd-yuva, vətən-millət yükündən götürmüş şairə, ailim Mahirə xanım heç kimə dərd yükləməz, dərdlilərin dərdini dağıdar, könüllər qırmaz, qırıq könüllülərin könlünü alar.
Bax bu gün el dəyəri ilə dəyərlənmiş, söz təhnəsində yoğrulmuş, həqiqət sacında bişmiş dəyərli Mahirə xanımın həm də 63 yaşı tamam olur. Mahirə xanım ulu nənəsi Zibeydə Xatundan ərmağan gələn UCA SÖZü anası Nazlı xanımın dilindən alaraq Tanrı əmanəti kimi gələcəyə ötürür. Onu Zefsin dərgahından od götürüb insanlara verən Prometey kimi Qafqaz dağına zəncirləsələr də o UCA HƏQİQƏTi deyəcək, çünki mayası düzlükdən, saflıqdan yoğrulub.
Əzizimiz Mahirə xanım, sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə söz kimi ucalıq, su kimi saflıq, sübh kimi aydınlıq, sünbül kimi bərəkətlilik, sevgi kimi xoşbəxtlik arzu edirəm.
Tanrı yazıb, yaradan eşqinizi heç zaman söndürməsin!
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)