Super User
Astanada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sərgi təşkil olunub
Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Yıldız Sarayı fotokolleksiyasında XIX əsr Türk dünyasının mədəni irsi” adlı sərgi təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir ki, sərgidə Osmanlı imperiyasının nadir incilərindən olan Yıldız Sarayının arxivindən seçilmiş, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın maddi-mənəvi irs nümunələrini əks etdirən fotoşəkillər nümayiş olunub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sərgini açıq elan edərək, təşkilat tərəfindən bu layihənin ilk dəfə cari ilin yanvar ayında Türkiyə Respublikasının 100 illiyi çərçivəsində İstanbul şəhərində həyata keçirildiyini bildirib. O, Milli Saraylar Dolmabahçe İncəsənət Qalereyasında təşkil olunmuş sərgidə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi təbrik məktubunun oxunduğunu vurğulayıb.
Günay Əfəndiyeva sərginin Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü ərəfəsində Astanada keçirilməsinin rəmzi məna daşıdığını bildirərək, layihənin Türk ölkələrinin keçmişindən bu gününə uzanan körpü rolunu oynadığını bildirib. Fondun prezidenti Türk Dövlət Başçılarının Zirvə toplantısının onilliyini müasir dövrdə sarsılmaz qardaşlığın bariz nümunəsi kimi qiymətləndirib.
Günay Əfəndiyeva layihənin Türk dünyasının ümumi irsini, memarlığını, milli geyimlərini, adət-ənənələrini və bir çox digər elementlərini ehtiva etməsindən bəhs edib. O bildirib ki, sərgi, eyni zamanda, bu il Türk dünyasında qeyd olunan möhtəşəm yubileylərə, o cümlədən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə, Sultan Beybarsın 800 illiyinə, Xoca Əhməd Yasəvinin 830 illiyinə, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunur. Fondun prezidenti , həmçinin Qarabağı Türk dünyasına qaytaran Azərbaycanın, bir əsri şərəflə tamamlayan Türkiyə Cümhuriyyətinin bütün Türk dünyasına yaşatdıqları qüruru simvolizə etdiyini vurğulayıb.
Sonda tədbir iştirakçıları türk xalqlarının köklü tarixini və mədəniyyətini özündə ehtiva edən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər.
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
Zəfər” festivalı çərçivəsində Uşaq Filarmoniyasında konsert keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında musiqili tədbir keçirilib.
AzərTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, vokal sinfi, “Sədəf” xalq çalğı alətləri ansamblı, oğlanlardan və qızlardan ibarət rəqs kollektivləri çıxış edib.
Konsertdə “Qaytağı”, “Nəlbəki”, “Şuşanın dağları”, “Şələqoy”, “Qaval”, “Lakkuti”, “Şənlik”, “Yaşa” rəqsləri, “Bayatı-Şiraz”, “Söz olmasaydı”, “Bulaq üstə”, “Qarabağ”, “Ey Azərbaycanım” və digər musiqilər ifa edilib.
Mədəniyyət və incəsənət xadimləri, şəhid ailələrinin və qazilərin övladları və digər qonaqlar konsert proqramını izləyiblər.
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
Xəzər Universitetində duyulan Kərkük qoxusu
Şəmsəddin Kuzəçi - bu ad sizə nə deyir? Ən azından kərkük bayatıları yadınızdadır, deyilmi? Bax bunlar bir canlı orqanizmin iki hissəsidir.
“Ədəbiyyat və incəsənət” portalı Nəzakət Məmmədlinin Xəzər Universitetində gerçəkləşən Şəmsəddin Kuzəçi ilə görüş barədə yazısını təqdim edir.
Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda görkəmli Kərkük şairi, araşdırmaçı-yazar, ictimai xadim dr. Şəmsəddin Kuzəçi ilə görüş keçirdik. Görüşdə qocaman alim, Kərkükü və Kərkük ədəbiyyatını bizlərə tanıdan və sevdirən əməkdar elm xadimi, prof. Qəzənfər Paşayev, Hollandiya Kərkük diasporunun sədri Neşet Əhməd, dos. Şəlalə Ana, dos. Xatirə Yusifova, Şəhram Oromi, Xəzər universitetinin tələbələri və b. iştirak edirdilər.
Öncə professor Qəzənfər Paşayev Kərkük ədəbiyyatı, folkloru haqda məlumat verdi. Sonra Şəmsəddin Kuzəçi taleyinə ağır sınaqlar düşən Kərkükün tarixindən və bü günündən, milli kimliyinə sahib çıxan Kərkük insanının qarşılaşdığı çətinliklərdən bəhs etdi. "Xoyrat" adlanan Kərkük bayatılarından və öz şeirlərindən nümunələr söylədi. Canımızın bir parçası olan əziz Kərkükün, müqəddəs Kərbəlanın, Füzulinin, Hələbdə şəhid olan Nəsiminin, Kərkükdə uyuyan peyğəmbərlərin, övliyaların qoxusunu aldıq.
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
POETİK QİRAƏTdə Nazim Əhmədlinin “Əllərimdən bərk yapış” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Nazim Əhmədli görüşür.
Nə qapı, nə baca var,
hardan girim saraya;
barılar çox qəlbidi,
əl çatmır yuxarıya;
körpü bir tağın üstə,
qar yatıb dağın üstə;
ruhum yarpağın üstə,
payız düşüb araya;
çıxıb getdim naxıra,
kim qalıbdı axıra;
mən yaşıla baxıram,
üzüm dönmür sarıya;
kimdə bir az can qalıb,
nə dağ, nə aran qalıb;
ortalıqda qan qalıb,
qaysaq gəlmir yaraya;
qayıdın, açın yolu,
ağaclar saçın yolub;
ürək yarıcan qalıb,
ömür çatır yarıya;
hər çiçəkdə min naxış,
buludlar yağış-yağış;
əllərimdən bərk yapış,
ayrılıqlar qarıyar.
Ədəbiyyat və incəsənət”
(06.11.2023)
Qənirsiz Qənirə - Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı şair, publisist, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının “Qənirsiz Qənirə” yazısını təqdim edir. Mərhum millət vəkili, ictimai xadim, xalqın sevimlisi Qənirə Paşayevanın vəfatından hamımız sarsılmışıq. Amma doğmaları və dostlarının sarsıntısı bir başqadır. O cümlədən də Əkbər bəyin!
Qənirə xanım Paşayevanın vəfatının 40 günü ərəfəsindəyik...
İnanırsızmı, mən də, Qənirə xanımla ortaq dostlarımızın bir çoxu da hələ inanırıq ki, nə isə çox ciddi bir yuxu içindəyik, qəflətdəyik və deyilənlər, yazılanlar, eşitdiklərimiz, gördüklərimiz gerçəkliyi tam yansıtmır və bir qədər keçmiş Qənirə xanımdan zəng, yaxud ismarıc gələcək... Zəng və ismarıc gələcək ki, “ay qardaş, sizdəmi mənim ölümümə inandınız? İş-güc tökülüb qalıb, tez olun yığışın, mən də gəlirəm”...
Qənirə xanım kimi həyat dolu, millətə, vətənə, mədəniyyətə, Xeyirə, tərəqqiyə… xidmətdən yorulmayan bir vəfadarın belə vaxtsız-vədəsiz gedişini qəbullanmaq doğrudan da çətindən çətindir. Ancaq gözlədiyimiz möcüzə baş vermədi – nə o, komaya düşdükdən sonra, nə də… Həkimlərini dinləyərkən məhz dua və möcüzə sözlərinin ifadə olunması da durumun kritikliyini göstərirdi, əslində. Əslində, ağlımızla qavrayırdıq – başa düşürdük ki, hər şey ola bilər, hazır olmalıyıq; amma gəl gör, könül, vicdan “hər şeyə hazır olmağı” qəbul edirdimi? Könül, vicdan ağılla “düşünmür” axı…
Və olanlar oldu…
Qənirə xanım bir kitabının adını “Məndən sonra…” qoymuşdu. Rəhmətlik elə bil bilirdi, elə bil ürəyinə dammışdı ki, həyatdan vaxtsız köçəcək – daha çox iş görmək, daha çox çalışmaq, daha çox… daha… daha… xeyirxahlıq eləmək istəyirdi, istəyirdi…
Biz əslində Qənirə xanım haqqında krçmiş zamanda danışmaq, onun adı yanında “Rəhmətlik” deməyə də öyrəncəli deyilik (hərçənd diriyə də rəhmət düşür) – özümüz öz sözümüzə diksinirik, elə bil günah işləyirik… Biz sövq-təbii ona hələ də “Günü ağ olmuş” demək istəyirik…
Mən gözümü açıb, ağlım kəsəndən atamdan, mamalarımdan (atamın bacılarından) “Fətalının itkin canı”nı eşidirdim. – Fətalı əmim II Dünya Müharibəsindən sonra məktub yazıbmış – yazıbmış ki, “növbəti məktubum çox gec gələ bilər, narahat olmayın”… Nə növbəti məktub, nə özü gəlməyincə, atam əmisi – elağsaqqalı Molla İsmayıldan istixarə xahiş edib; rəhmətlik, İsmayıl babamın istixarə edərək, dediyi sözləri dərin intizarla bölüşürdü... “Bahoo… nə yaman uzaq görünür… Gələcək, a bala, ancaq çox uzun zamandan sonra”… Bax, o sözdən tutaraq və qardaşlarının əbədi ayrılığını qətiyyən qəbullanmayaraq, heç vaxt Fətalı əmimin ölmüş ola biləcəyini qəbullanmadılar. “Fətalının goru haqqı”, “Fətalının qəbrinə and olsun”… kimi cümlələr qurmadılar, eləcə “Fətalının itkin canı” deyib durdular. – Bu, atamın və bacılarının ən kəskin andı idi… Təsəvvür edin, illər ötür, nəslin, el-obanın ən yaşlı insanları bu dünyaya gözlərini əbədi yumurdu, amma 1910-cu il doğumlu Fətalı əmimin ölmüş ola biləcəyi qəbul görmürdü… Onun canı itkiniydi…
Bunu niyə xatırladım? Mənə və ortaq dostlarımıza elə gəlir, sanki Qənirə xanım haqqında əbədi ayrılığı qəbullanaraq danışmaq, yazmaq vəfasızlıq olar… Bəli, sanki, günah işləmiş kimi olarıq… Ancaq ağılla könlün qarşıdurmasında ağıl deyən olur enində-sonunda… El necə deyir? – “Torpağın üzü soyuqdur”… Təki ürəyimiz soyumasın… Qənirə xanımın ürəyimizdəki yeri dəyişməyib – öz yerində-göyündədir…
Ruhuna alqış!
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
“Dua etdim, duyulmadı…” - Aysel Nəsirzadənin şeirləri
Gənc şair Aysel Nəsirzadə yeni şeirlərininin “Ədəbiyyat və incəsənət” portalında təqdimatını davam etdiririk.
YAŞLI ADAM
Hər səhər pişikləri yemləyən,
yaşlı adam,
Burda tək sən idin,
ağıllı başlı adam.
Hər səhər pəncərəm açılanda,
İlk sənin səsin gəlirdi...
Pişt... Pişt...Pişt...
Ya da kış...kış...
Göydələnlər insanları
insanlardan ayırır,
Bəlkə də insanlıqdan...
Bu qədər yad içində,
Tək sən idin doğma olan,
Ötüb keçən günlərimi xatırladan.
Təmiz ürəkli adam,
Hər səni görəndə
Xəyalım uçardı taxta qapılı həyətimizə.
Heç orda qapımız da bağlı qalmazdı.
Qonşuların biri açırdı,
biri örtürdü...
Səssiz qalmazdı küçəmiz.
Uşaqların qəhqəhəsi,
Həyətlərdən yüksələn
"bayağı" mahnıların səsi.
Bilirdin ki, yaşayırsan...
Ağlasan, səsini duyan olacaq,
Kimsə gəlib həyan olacaq.
Burda qapı qonşumu belə tanımıram.
Hərdən,
kiməsə salam verirəm ,
Kimdənsə salam alıram.
Bu səhər pəncərəmi açdım,
Ac pişiklərin miyoltusu,
Qurulan çadırın xışıltısı vardı.
Bir də hıçqırıb ağlayan uşaq səsi...
Babasına ağlayırdı,
Yaşlı adamın son beşik nəvəsi...
QUM SAATI
Ömrümə şeir boylanır,
Kəm xoşbəxtlik misrası.
Yuxulu dəniz səhəri,
Boylanır son hecası.
İlk iki heca düşüb ,
Qalıb gün batımında.
Ömür süzülüb gedir,
Bitir qum saatında.
Həyat mənasız gəlir,
Düşünürsən keçmir vaxt .
Yel qanadlıdı illər,
Gənclikdən yoxdu soraq.
Göz dikilir göylərə,
Günəş çıxır, Ay batır.
Göz göyə dikilsə də
Son mənzil torpaqdadır.
Nə var-dövlət, nə mal-mülk?
Nəfsini tox tutana.
Əbədi heç nə yoxdur
Borcluyuq quru cana.
HƏYATA YARIYAMAĞAM…
Elə tutubdur tərsliyim,
Ağlamağa ərinirəm.
Mən yetimin fağır qızı,
Bəxti yavər görünürəm.
Ruhumda bir yorğunluq var,
Yükü ürəyimi əzib.
Deyingənəm bu aralar,
Öz anam da məndən bezib.
Dua etdim, duyulmadı,
Əlim ətəyimə düşdü.
Günahlarım yuyulmadı,
Ölüm gəlib, son görüşdü.
Ümidimin üstü yırtıq,
Həyata yarıyamağam.
Hamı ev sahibi olmuş,
Bu dünyaya mən qonağam.
ŞƏHİDƏ ANASI AĞLADI
Nakam qalan ömürlər yığıldı üstü üstə,
Vətənə uzun ömür oldu.
“Başın sağolsun” deyənlər
baş alıb getdi bir-bir,
Ananın təskinliyi təklənmiş qəbir oldu.
Evdə xatirə izi, əşyalar dil-dil ötdü.
Hamı ağıllı çıxdı, hamı dili öyütlü.
Dırnağı daş görməzlər misallar gətirdilər,
“Şəhidlər ölməz” deyib qışqırıq götrdülər.
Evin oğlu Elin oğlu adın aldı,
Qürururlandı hər kəs, hamı
Xala ...bibi...
Əmi...dayı..
Ucu toxunan hər kəsin şəhid qohumu oldu.
Amma,ömrü boyunca anası yas saxladı,
Anası xatırladı,
Bir tək anası ağladı-
ŞƏHİDƏ ANASI AĞLADI.
*
Yalanla yanlış sözünün məsafəsi qədərdi,
Aramızdakı məsafə.
Nəzəriyyə təcrübəyə dönüncə
İsbatın etdi zaman.
Mən sənin həyatındakı yanlışam,
Sən mənim həyatımdakı yalan
GECİKMİŞ MÜKAFAT
Qəlbimdə dəmlənən şeir,
Süzülməyə varaq gəzir.
Saçlarımın sığalı kəm,
Əllərini daraq gəzir.
Eşqin qəlbimə möhürlü,
Ayrılığa, vidaya son.
Bitsin həsrətin dövranı
Ayrı qalan il-aya son.
Gedək səndən, məndən qopaq,
Gedək özümüzə gələk.
“Biz” olmağa niyətlənək,
Birlikdə ağlayaq, gülək
İkimizə bir dilək tut,
Arzularda ən başa at.
Yaradandan səbrimizə
Bu eşq gecikmiş mükafat.
*
Gecədir
Gündüzün dəm almış vaxtı.
Gün nə qədər yorğunluqla qaynasa,
Gecə o qədər simsiyah,
Yer üzü zülmət,
Göy üzü ah.
Gecənin ən zülmət yerindən
Sökülməyə başlar dan.
Bu “heç vaxt ümid kəsilməz”in işərəsidir
Öz quluna Allahdan!
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
XV əsrdə Şərq müsiqisinin dahisi Əbdülqadir Marağayi - ONUN 670 İLLİYİNƏ TƏNTƏNƏ QATMALIYIQ
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın mədəniyyət tarixini kifayət qədər bikirikmi? İnanın ki bilmirik. İndi əlimizə mikrofon alıb izdihamlı bir Bakı küçəsində “Əbdülqadir Marağayi kimdir” sualı ilə 100 respondenti dindirsək, inanın ki, ən yaxşı halda onlardan 5-6-sı Güney Azərbaycandakı Marağa şəhərinin adını eşitdiklərinindən, “nəsə tanış gəlir” söyləyəcəklər. Vəssalam.
Bəs kimdir o?
XIV–XV əsrlərin görkəmli Azərbaycan alimi, musiqiçisi, müğənnisi, şairi, xəttatıdır Əbdülqadir Marağayi. Onun barəsində yazımın sonunda geniş bəhs edəcəm. İndilikdə isə qeyd edim ki, bu gün Beynəlxalq Muğam Mərkəzində Marağayinin 670 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Tədbiri Beynəlxalq Muğam Mərkəzi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə təşkil edilir.
Tədbirdə Əməkdar incəsənət xadimi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəya Ağayeva Ə.Marağayinin yaradıcılığı mövzusunda məruzə ilə çıxış etdikdən sonra Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər Xalq artisti Munis Şərifov) konsert proqramı təqdim olunacaq.
Konsertə giriş sərbəstdir.
İndi isə keçək əsas məsələyə, təqdimata. Əbdülqadir Marağayini tanımaq hər bir azərbaycanlınln borcudur.
Bəllidir ki, musiqi Azərbaycan xalqının həyatının bütün sahələrində həmişə xüsusi yer tutub. Görünür, elə buna görə də orta əsrlərdə bütün Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərini əhatə etmiş Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi iki korifey məhz Azərbaycandan çıxıb.
Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub.
Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda geniş yayılmış segah, nəva və üşşaq muğamlarına uyğun vəznlərdə qələmə alıb.
Onun atası Mövlana Qeybi tanınmış musiqiçi idi. Əbdülqədir özünün "Ma-qasid əl-Əlhan" adlı əsərində bu barədə yazır:
"Mənim atam Qeybi müxtəlif elmlərdə və xüsusilə də musiqidə çox qabağa getmişdi. O, mənim təhsilim üçün, xüsusən də musiqi elmini öyrənməyim üçün çox iş görmüşdür."
Onun oğlanları və nəvələri də tanınmış musiqiçilər olub. Əbdülqədir Marağayinin kiçik oğlu Əbdüləzizin musiqi nəzəriyyəsinə dair "Niqavət ül-ədvar" əsəri hazırda "Nuri Osmaniyyə" kitabxanasında saxlanmaqdadır. Onun nəvəsi Məhəmmədin "Ma-qasid ül-ədvar" əsəri də həmin kitabxanadadır.
Əbdülqədir dörd yaşında ikən Quranı əzbərləyir, on yaşında musiqi elminin əsaslarını mənimsəyir, qrammatika, ritorika və üslubiyyatı öyrənir və artıq onu da atası ilə birlikdə alim və şeyxlərin məclislərinə dəvət etməyə başlayırlar. O, məclislərdə Quran ayələrini avazla oxuyur və mürəkkəb musiqi əsərləri ifa edirdi.
O, eyni zamanda musiqi təhsilini artırır və Şərqin bir çox musiqi alimlərinin musiqi nəzəriyyəsinə həsr edilmiş əsərlərini öyrənir. Musiqiçilər arasında o, nəzəriyyə üzrə nüfuz sahibi kimi məşhurlaşır. Tezliklə onun şöhrəti öz şəhərinin hüdudlarını aşır və Əbdülqadiri Təbrizə - sultan sarayına məclislərə çağırırlar. Həmin məclislərdə dövrün ən tanınmış müğənni və şairləri, ifaçıları heç də zəif şair və musiqiçi olmayan sultan Üveys Cəlairin başına yığışırdılar. O da gənc musiqişünasın şöhrətini daha da artıran bir fərman da verir. Fərmanda Əbdülqədiri "dövrün yeganəsi, musiqidə tayı-bərabəri olmayan" adlandırır.
Sultan Üveysin vəfatından sonra da Əbdülqədir onun oğlu Sultan Hüseynin sarayında qalmaqda davam edir. Sultan Hüseyn sənətkara atasından da artıq hörmət-izzət göstərir.
1377-ci ildə Marağayi "Əlhani-siqanə" (Otuz nəğmə) adlı əsərini yazır. Bu əsər onun həyatında baş vermiş bir epizodla bağlı idi. Saray məclislərinin birində Sultan Hüseyni Marağayiyə təklif edir ki, Ramazan ayının hər gününə bir musiqi əsəri həsr etsin. Marağayi razılaşır. Bu vaxt məclisdə iştirak edən məşhur Azərbaycan musiqiçisi, onun gələcək qaynatası Rizvanşah Təbrizi 100.000 qızıl dinardan mərc gəlir və şərt qoyur: hər dəfə musiqi yazılan gündən ancaq bir gün qabaq onun muğamı, ritmi, quruluşu və sözləri onlar tərəfindən müəyyənləşdiriləcək. Şeirlər məclisin görkəmli şairləri tərəfindən ərəb və fars dillərində yazılır. Sultan Hüseyn də bir şeir yazır və Marağayidən bu şerə Hüseyni ladında musiqi bəstələməyi xahiş edir. Marağayi olduqca sərt çərçivə daxilində işləməyə məcbur olsa da, şərti yerinə yetirir və vaxtında 30 nəğməni hazır edir.
Onun istedadına heyran qalan Rizvanşah Təbrizi Marağayiyə nəinki uduzduğu pulları göndərir, həmçinin qızını da ona ərə verir.
Marağayi Sultan Hüseynə “Bahar ritmi" adlı bir əsər də həsr edir. Bu əsər onlar Təbrizdəki saray bağçasında gəzərkən bədahətən yaranır.
1380-ci ildə hakimiyyətə gələn Azərbaycanın yeni sultanı Əhməd ibn Üveys də alim-musiqiçinin istedadını layiqincə qiymətləndirir. Marağayi onun şərəfinə otuz ayrıca bölmədən ibarət "Dövri-şahi" adlı bir əsər yazır.
Teymurun Azərbaycana gəlişindən sonra bir çox incəsənət xadimləri Səmərqəndə aparılır. 1397-ci ildə Teymurun çıxardığı edam cəzasından canını qurtaran Marağayi də bunların siyahısına düşür. Elə həmin ildə Teymur özünün fərmanı ilə başıbəlalı alimi "bütün musiqi bilicilərinin padşahı" adlandırır.
1399-cu ildə Əbdülqədir Təbrizə, Teymurun oğlu Miranşahın sarayına qaytarılır. Lakin doğma şəhərin havası ilə nəfəs almaq səadəti uzun çəkmir. İkicə ildən sonra Teymur onu yenə ölüm cəzasına məhkum edir, bu dəfə artıq ona xəyanət etmiş oğlu Miranşahın yaxın adamı kimi. Ancaq yenə də Marağayi edam olunmaqdan canını qurtara bilir. Əgər birinci dəfə onu Qibleyi-aləmə türkcə müraciəti xilas etmişdisə, bu dəfə sənətkar, Teymurun qəzəbini səngitmək üçün Qurandan bir surəni ustalıqla oxuyur. Və yenidən Səmərqəndə, Teymurun sarayına aparılır.
Marağayi Səmərqənddə də yaradıcılığından qalmır, yeni-yeni musiqi əsərləri və musiqişünaslıq risalələri yazır. Onun "Kənz əl-əlhan" ("Melodiyalar xəzinəsi") risaləsindəki melodiyalar Urməvinin hərfi-ədədi sistemi ilə verilmişdi. Burada hərflər səslərin yüksəkliyini, rəqəmlər uzunluğunu göstərir, ladın və vəznin adı isə melodiyanın ritm və quruluşunu bildirirdi.
İngilis musiqişünası C. Fermer bu risaləni təhlil edərək, yazır ki, Marağayinin yaratdığı bir çox melodiyalar indiyəcən türklər arasında "Giyar", yaxud da "Kiyar"adı ilə yaşamaqdadır.
Marağayi "Came əl-əlhan" ("Melodiyalar məcmusu") adlı nəzəri əsərini 1405-ci ildə yazmağa başlayır və 1413-cü ildə başa çatdırır. Daha sonra o, "Məqasid əl-əlhan" ("Melodiyaların məqsədi"), "Lahiyyə" ("Musiqi"), "Şərh əl-ədvar" ("Dövrələrə şərhlər") və "Fəvaid-i əşərə" ("On fayda") adlı əsərlərini qələmə alır. Onun sonuncu əsərləri yüksək mürəkkəblik dərəcəsi ilə fərqləndiyindən, peşəkar musiqiçilər, hazırlıqlı nəzəriyyəçi və ifaçılar üçün nəzərdə tutulmuşdu. Ella Zonisin sözlərinə görə, "Came əl-əlhan"da ilk dəfə olaraq, fars musiqisinin geniş not yazısı verilib.
Marağayinin əsərlərində muğam nəzəriyyəsinə və o dövrün şifahi musiqi ənənəsinin digər janr və formalarına geniş yer ayrılıb. Muğamlar haqqında o yazır:
"Muğamın səsləri səslənmənin gözəlliyi və incəliyi prinsipinə əsaslanır. Bunların sayı səkkizə, yaxud ona çatır."
Daha sonra deyilir:
"Türklər Üşşaq, Nıva, Busalik muğamlarına üstünlük verirlər, ancaq qalan muğamlar da onların yaradıcılığına daxildir."
Bu sözlərdən aydın olur ki, muğam termini altında o, müxtəlif musiqi əsərlərinin əsasını təşkil edən başlıca ladlardan birini nəzərdə tutur.
Marağayi öz musiqi risalələrininin əksər qismini fars dili və Azərbaycan türkcəsinə yazdığı şeirlərlə tamamlayır. Azərbaycan türkcəsində yazdığı şeirlərindən birində Marağayi öz həyatından gətirdiyi epizodu təsvir edir: bir dəfə o, ağır xəstələnir və yatağının başına yığışmış ən yaxşı həkimlər belə sənətkara kömək eləyə bilmirlər. Onda udu əlinə alıb, oxumağa başlayır: "Ey həkimlər, əgər Əbdülqədir öz çarəsini udda taparsa, təəccüblənməyin. Çünki o, musiqini özü üçün ən yaxşı dərman bilir."
Marağayi türk xalqlarının musiqisinə, xüsusilə aşıq musiqisinə böyük diqqət yetirir. O öz əsərlərində doqquz əsas türk ladını və bütün şərq xalqları üçün ümumi olmaqla türk musiqisində daha çox işlənən ladları müəyyənləşdirib ayırır (Üşşaq, Nəva, Busalik, Nehoft, Bayatı-Novruz). Marağayi yazır ki, həmin türk ladlarından monqol musiqiçiləri də istifadə etmişlər.
Marağayi öz əsərlərində o zaman mövcud olmuş və müxtəlif musiqi risalələrində təsvirini tapmış alətlər barədə də maraqlı məlumatlar verir. Simli alətlərdən kamança, hicaq, ney-tənbur, rübab, rüdhani və s., nəfəs alətlərindən ağ ney, qara ney, balaban, zurna və başqaları onun əsərlərində təsvir olunur. Maraqlıdır ki, onun təsvir etdiyi alətlərdən biri Təbriz-Şirvan tənburu adlanır. Elə buradaca Marağayi başqa bir tənburun-türk-monqol tənburunun da təsvirini verir ki, bu da hələ o zamanlar Təbriz və Şamaxı musiqi mədəniyyətindəki oxşar və fərqli cəhətləri aşkarlayır.
Marağayi Yaxın və Orta Şərq ölkələrində musiqi elminin inkişafında böyük rol oynamışdır. Musiqişünaslıq elminin bu iki azərbaycanlı dühasının- Səfiəddin Urmavi və Əbdülqədir Marağayinin əsərləri, demək olar ki, orta əsrlərdə yaranmış bütün musiqi risalələrinin (XV əsrdə Əl-Ləzin, yenə XV əsrdə Əbdürrəhman Cami, XVI əsrdə Mahmud Çələbi, XVII əsrdə Dərviş Əli və s.) əsasında durmuşdur.
Marağayi ömrünün son illərini Heratda keçirib. O, 1436-cı ildə burada vəfat etmiş və buradaca dəfn olunmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Rəhim Təkindən “Usta” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Rəhim Təkinin şeirlərini təqdim edir.
Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxıb, ali məktəb təhsili alıb, indi isə sevgi ilə, diqqət ilə içindən coşan duyğuları qələmə alır.
USTA
Nə bir nə on, nə yüzü?! min gəmim batıb usta!
Gəmim batıb da şərab küplərim atıb usta!
O körpəkən də durub öz ayaqları üstə,
Bu bəxt elə ayaq üstündə də yatıb usta!
Yana-yana soyumaq birdən olsa çatladacaq,
Bu çatlaq indi gəlib çiynimə çatıb usta!
Dedim məni o gözəl qız dolandırar başına,
Dolandırıb daşımı, daş ürək atıb usta!
Onu unutmağa xatir çoxum gedibdi mənim,
Azalmağa gedirəm, day əlim batıb usta.
Bu qədər dava nədir mömin ilə dinsizdə?
O bir baxışda behişti alıb-satıb, usta.
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
Tərçüməçi problemi aradan qaldırılsaydı gözəl olardı…
İntiqam Yaşar, “Ədəbiyyat və incəsənət”
Çağdaş özbək ədəbiyyatında özünəməxsus yer tutan yazarlardan biri də Xasiyyət Rüstəmdir. Azərbaycanla Özbəkistan arasında qardaşlığın get-gedə möhkəmlədiyi, eləcə də mədəni əlaqələrin yüksəldiyi bir dönəmdə oxucularımıza Xasiyyət Rüstəmin öz yaradıcılığı, Azərbaycana münasibəti barədə bəzi fikirlərini çatdıracağıq.
AZƏRBAYCANA SƏFƏRİ BARƏDƏ
Ötən illərdə Azərbaycana səfərlərim o qədər yaxşı keçib ki, o günləri heç yaşamadım doğrusu. Gözəlim Bakını gəzməyim, Sumqayıtda Əli Kərim adına Poeziya evində, ondan sonra Gədəbəydə keçən təqdimatlarım və mənim yaşadığım günlər heç xatirələrimdən çıxmaz, bir ömür, bu dəqiqdir. Mən o qədər gözəl insanları gördüm ki, Gədəbəydə, bu cür insanlar, bu cür evlər, bu cür yollar, belə, asiman… Hamısı üçün darıxmışdım sanki. Amma heç fərqində olmamışam. Görən kimi çox içdən xoşbəxt oldum. Çox gözəl günlər yaşadım. O qədər gözəl günlər ki, bunu sözlə ifadə edə bilmirəm.
O ki qaldı Şuşaya, mən Şuşanı başqa cür təsəvvür edirdim desəm yalan olardı, başqa cür təsəvvür etməmişdim. Şuşanı elə Şuşa kimi təsəvvür etmişdim. Şuşaya sözün əsl mənasında heyran qaldım. Mən həyatımda ilk dəfə gördüm Şuşanı. Lakin, mənim xəyalımda da Şuşa elə olduğu kimi idi. Ağaclarından otlarına qədər tanıyırdım Şuşanı. Heyran qaldım, çox həyəcanlandım. Xurşidbanı Natəvanın və digər şəxsiyyətlərin güllələnmiş heykəllərini gördüm, ermənilər tərəfindən dağıdılmış muzeyləri gördüm. Çox üzüldüm. Mədəniyyətə atılmış daş Kəbəyə atılmış daş kimidir. Heykəllərdəki güllə yerlərini gördüyümdə ürəyim ağrıdı. Sanki, o güllələri mənə atmışdılar.
AZƏRBAYCANLILAR BARƏDƏ
“44 gün” adlı kitabım Azərbaycanda təqdim olunanda nəyi gördüm? Onu gördüm ki, insanlar vətənlərini necə sevirlər. Bunu anlamaq mümkün idi. Onların gözlərindən tutmuş geyimlərinə qədər bu haqda danışırdı. Mən bunu çox gözəl hiss etdim, anladım ki, Azərbaycanda vətənini sevməyən insan yoxdu. Hər kəs öz vətənini sevir, doğrudur. Amma bunu göstərmək də asan deyil. Azərbaycanlılar bunu bacarır.
“44 GÜN” KİTABI BARƏDƏ
Bilirsinizmi, 44 günlük müharibə içində bir başqa günlər yaşadıq. Mənim evimdə uşaqlarım, ailəm, anam, çevrəmdəkilər bir başqa cür keçirdilər bu günləri. Mənim anam bacıma deyirdi ki, bacından soruş, Azərbaycanda vəziyyət necədir? Bacım deyib, internetdə oxudum vəziyyət bir az yaxşıdır. Anam deyib, sən internetə inanma, sən bacından soruş. Anam üçün mən Azərbaycan kimi idim o günlərdə. Bu kitab çox az vaxtda yazıldığı üçün kitab halında hazırlamaq, çap etmək, qısa vaxtda necə oldu, bilmirəm. Bunu kitabın oxucuları bilir. Amma bu kitab mənim tərəfimdən məcburiyyətdən yazılmadı, məni heç kim məcbur etmədi ki, yazam. Bu yazıları yazdıqdan sonra baxdım ki, bu yazılarda qısa zamanda mənim ailəm və çevrəmdəkilərin düşüncəsi, hissləri, şəxsi keyfiyyətləri, bir növ, əks olunub. İnsan içindəki duyğuları, hissləri kağıza yaza bilirsə, bu onun üçün mühüm bir şey kimi görünür. Bu mənim üçün zəruri idi. Bu hisslər keçdikdən sonra bir əhəmiyyəti qalmır. Amma kağıza yazdıqların o ankı hissləri əbədiləşdirir. Mənim gündəlik yazmaq kimi bir adətim var, hər gün yazmalıyam onu. Bir dəfə gözdən keçirəndə gündəliyimi, o günləri bir daha gözümdə canlandırdım. Ondan sonra düşündüm ki, özüm üçün, Azərbaycan xalqı üçün kitab şəklində bir xatirə olsun.
ÖZBƏKİSTAN-AZƏRBAYCAN ƏLAQƏLƏRİ BARƏDƏ
Ədəbi əlaqələr əvvəlkindən xeyli yaxşıdır. Bilmirəm biz yaxşı etdik bunu, yoxsa başqa bir səbəbi var, amma əvvəllər çox pis idi. Mən bilirdim. Misal üçün, bizim oxucularımız, övladlarımız, ədəbiyyat adamlarımız Azərbaycandakı Əkbər Qoşalını da, İntiqam Yaşarı da, Ümid Nəccarini də bilməzdi, tanımazdı. Allaha şükür “Kitab dünyası” qəzetində biz xeyli Azərbaycan müəllifini çap etdik, bunlardan Rüstəm Behrudi, Rəsmiyyə Sabir, Təranə Turan və s. - çox adları saymaq olar. İndi hər kəs onları tanıyır. Əvvəllər tanımırdılar, təsəvvürləri yox idi. Azərbaycanlı şair və yazarlar haqqında təəssüratları var artıq bizim oxucuların. Əvvəllər yox idi. Çünki yayımlanmırdı. Məsəlçün, mənim onların nə yazdıqları haqqında məlumatım yox idi. Mən görmürdüm.Sadəcə bir neçə nəfər vardı: Sabir Rüstəmxanlı, Anar, Elçin. Belə böyük yazarların da qısa-qısa yazıları, zaman-zaman çap olunurdu. Amma indiki nəsil haqqında, indiki nəsil şair- yazarlar haqqında məlumat yox idi. Şükür, indi bir başqa durumdur.
“KİTAB DÜNYASI” QƏZETİ BARƏDƏ
Bizdə “Kitab dünyası” qəzeti heyəti mənə deyir, siz Azərbaycanlıları çox yayımlayırsınız. Mən də deyirəm ki, bəli, ədəbiyyatın nə dili var nə milliyəti. Mənim üçün bu belədir. Bir yazıçının, şairin, milliyətindən daha əsas onun əsəridir. Mən buna diqqət edirəm. Çünki mənim qəzetimin oxucusu əsəri oxuyur, şair-yazıçının həyatı və ya məmləkəti haqqında məlumatı deyil. Ona görə mən oxucularıma yaxşı nümunələr təqdim etmək istəyirəm. Biz “Kitab dünyası” qəzetini ayda iki dəfə çap etdiririk, bir növ oxucularımızı qonaq edirik. Bilirsiniz necədir?! Qonaq qəbul edəndə istəyirsiniz ki, ən yaxşısını ona təqdim edəsiniz. Biz də elə edirik, yaxşısını təqdim etmək istəyirik. Bu istər italyan olsun, istər vyetnamlı, istər azərbaycanlı, fərq etmir. Əsas odur ki, gözəl bir əsər ortaya qoysun.
ÖZBƏKİSTANDAN AZƏRBAYCAN ƏDƏBİYYATI NECƏ GÖRÜNÜR?
Sizin çox yaxşı ədəbiyyatınız var. Dilinizdə şeirlərinizin çox gözəl ahəngi var, bir musiqi kimidir. Sizin ədəbiyyatda şeirlər öz musiqiləri ilə yaranır sanki. Bu sadəcə Fars ədəbiyyatında və sizlərdə var, başqa heç yerdə yoxdur. Mən daim deyəcəm bunu. Ahənglər sizdə və fars, taciklərdə var. Mahnının musiqisi olduğu kimi, sizin də şeirlərinizin musiqisi var. Ona görə qulağa çox xoş gəlir, xitab edir.
Mən gəncliyimdə Maqsud Şeyxzadədən oxuyanda elə bilirdim özbəkdir, azərbaycanlı olduğunu bilmirdim. Bilmirəm niyə belə idi o zaman. Elə ki, universitetə başladım, onda bildim və şok oldum. O qədər çox tanınırdı ki bizdə. Azərbaycanlılardan bizə, Özbəkistana, gedib- gələn çoxdur. Misal üçün, Xəlil Rza Ulutürk, Rəsul Rza. Bəxtiyar Vahabzadəni çox sevirəm. Azərbaycanca oxusam belə çox yaxşı anlayıram onları. Keçmişdən qalma bir kitabı var məndə Bəxtiyar Vahabzadənin, tədbirlərin birində birinin əlində gördüm və o kitabı mənə verərsinizmi dedim. Əlbəttə verdi. Mən oxuduqca gördüm ki, Özbək türkcəsinə çox yaxındı Azərbaycan türkcəsi. Bilmirəm, bəlkə əvvəllər də belə olub,yoxsa sonra sivilizasiya belə edib. İndiki dövrdə bizdə tərcüməçi problemi var, bu məhdudiyyəti aradan qaldırsaydılar yaxşı olardı. Çünki tərcümə çox şeyləri həll edə bilir. Şeirdə tərcümə məsələsi xüsusən çox vacibdir.
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)
Varisin “Qızıl cib saatı” – KAMAL ABDULLA YAZIR
“Ədəbiyyat və incəsənət” portalı Xalq yazıçısı, Akademik Kamal Abdullanın yazıçı Varisin yeni çıxmış “Qızıl cib saatı” romanı barədə yazdığı resenziyasını diqqətinizə çatdırır. Xatırladaq ki, roman 1893-1993-cü illər ərzində Konstantinopoldan (İstanbuldan) tutmuş Qarabağa qədər erməni məsələsini Britaniya arxivinə və Azərbaycan Xalq Cumhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının arxiv materiallarına istinadən çözür.
Postmodern estetikada Umerto Ekonun ortaya qoyduğu belə bir sual var: Aristotel və ya Herodot niyə şair deyil, amma Homer, Vergili şairdir. Halbuki hər biri öz yazdıqlarını bir ədəbi, əbədi mətn kimi yaradıblar. Bəzi müasir ədəbi mətnlərdə biz bir zamanlar bir-birindən ayrılmış tarix və ədəbiyyatın sintezini müşahidə edirik. Hətta burada sərhədlərin hiss edilməyəcək dərəcədə itməsi halları da olur. Demək ki, önəmli olan əlahəzrət mətndir, yerdə qalan təfərrüatdır.
Varisin oxuduğum “Qızıl cib saatı” romanı yuxarıda dediyim məsələlər baxımından olduqca maraqlıdır. Roman bir-birinə paralel addımlayan iki süjetdən ibarətdir. Birinci sujet əri Qarabağ döyüşlərində şəhid olan, atasının qisasını almaq üçün 17 yaşında müharibəyə gedən və əsir düşən oğlunun intizarında əriyən və bu intizarın bitməsi naminə evində gənc ermənini əsir saxlayan, ona öz balası kimi qayğı göstərən ananın hisslərinin dramını detallı şəkildə bizə anladır. İkinci süjet isə daha çox gündəlik xarakterli olub İstanbul ermənisinin 1918-ci ilin mart ayında ermənilərin Azərbaycanda törətdiyi soyqırımı öz gözüylə görüb qələmə almasından, erməni vəhşiliyinin erməninin öz dili ilə tarixi faktlarla, tarixi şəxslərin adları ilə ifşasından bəhs edir.
Romanda müəllifin çox yaxşı nağılçı olması aydın şəkildə hiss edilir. Roman insan taleyinin məhrumiyyətlərindən detallı şəkildə bəhs etdiyindən birnəfəsə oxunur. Oxucu sanki baş verən prosesin hansı nəticə ilə bitəcəyi üçün darıxır. Həm də Əsli ananın əzablarının tez bitməsini istədiyindən romanı da tez oxuyub bitirmək istəyir.
Roman ermənilərin yüz il öncə Bakıda törətdikləri azərbaycanlı qırğınlarına tutulan güzgü, həmçinin hazırda da davam edən Qarabağ münaqişəsinin ədalətli həlli üçün aparılan informasiya savaşında çox yaxşı silahdır. Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş insanpərvər obrazıdır. Bu obraz əksər hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil, sadəcə, onun əməllərinin təsviri ilə ədəbi qəhrəmana çevrilir.
Roman Azərbaycanın haqq səsini dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir.
Mən belə bir romanın ərsəyə gəlməsi münasibətilə Varisi təbrik edirəm, “Qızıl cib saatı” romanına gözəl ədəbi tale arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)