“Ədəbiyyat və incəsənət” portalı şair, publisist, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının “Qənirsiz Qənirə” yazısını təqdim edir. Mərhum millət vəkili, ictimai xadim, xalqın sevimlisi Qənirə Paşayevanın vəfatından hamımız sarsılmışıq. Amma doğmaları və dostlarının sarsıntısı bir başqadır. O cümlədən də Əkbər bəyin!
Qənirə xanım Paşayevanın vəfatının 40 günü ərəfəsindəyik...
İnanırsızmı, mən də, Qənirə xanımla ortaq dostlarımızın bir çoxu da hələ inanırıq ki, nə isə çox ciddi bir yuxu içindəyik, qəflətdəyik və deyilənlər, yazılanlar, eşitdiklərimiz, gördüklərimiz gerçəkliyi tam yansıtmır və bir qədər keçmiş Qənirə xanımdan zəng, yaxud ismarıc gələcək... Zəng və ismarıc gələcək ki, “ay qardaş, sizdəmi mənim ölümümə inandınız? İş-güc tökülüb qalıb, tez olun yığışın, mən də gəlirəm”...
Qənirə xanım kimi həyat dolu, millətə, vətənə, mədəniyyətə, Xeyirə, tərəqqiyə… xidmətdən yorulmayan bir vəfadarın belə vaxtsız-vədəsiz gedişini qəbullanmaq doğrudan da çətindən çətindir. Ancaq gözlədiyimiz möcüzə baş vermədi – nə o, komaya düşdükdən sonra, nə də… Həkimlərini dinləyərkən məhz dua və möcüzə sözlərinin ifadə olunması da durumun kritikliyini göstərirdi, əslində. Əslində, ağlımızla qavrayırdıq – başa düşürdük ki, hər şey ola bilər, hazır olmalıyıq; amma gəl gör, könül, vicdan “hər şeyə hazır olmağı” qəbul edirdimi? Könül, vicdan ağılla “düşünmür” axı…
Və olanlar oldu…
Qənirə xanım bir kitabının adını “Məndən sonra…” qoymuşdu. Rəhmətlik elə bil bilirdi, elə bil ürəyinə dammışdı ki, həyatdan vaxtsız köçəcək – daha çox iş görmək, daha çox çalışmaq, daha çox… daha… daha… xeyirxahlıq eləmək istəyirdi, istəyirdi…
Biz əslində Qənirə xanım haqqında krçmiş zamanda danışmaq, onun adı yanında “Rəhmətlik” deməyə də öyrəncəli deyilik (hərçənd diriyə də rəhmət düşür) – özümüz öz sözümüzə diksinirik, elə bil günah işləyirik… Biz sövq-təbii ona hələ də “Günü ağ olmuş” demək istəyirik…
Mən gözümü açıb, ağlım kəsəndən atamdan, mamalarımdan (atamın bacılarından) “Fətalının itkin canı”nı eşidirdim. – Fətalı əmim II Dünya Müharibəsindən sonra məktub yazıbmış – yazıbmış ki, “növbəti məktubum çox gec gələ bilər, narahat olmayın”… Nə növbəti məktub, nə özü gəlməyincə, atam əmisi – elağsaqqalı Molla İsmayıldan istixarə xahiş edib; rəhmətlik, İsmayıl babamın istixarə edərək, dediyi sözləri dərin intizarla bölüşürdü... “Bahoo… nə yaman uzaq görünür… Gələcək, a bala, ancaq çox uzun zamandan sonra”… Bax, o sözdən tutaraq və qardaşlarının əbədi ayrılığını qətiyyən qəbullanmayaraq, heç vaxt Fətalı əmimin ölmüş ola biləcəyini qəbullanmadılar. “Fətalının goru haqqı”, “Fətalının qəbrinə and olsun”… kimi cümlələr qurmadılar, eləcə “Fətalının itkin canı” deyib durdular. – Bu, atamın və bacılarının ən kəskin andı idi… Təsəvvür edin, illər ötür, nəslin, el-obanın ən yaşlı insanları bu dünyaya gözlərini əbədi yumurdu, amma 1910-cu il doğumlu Fətalı əmimin ölmüş ola biləcəyi qəbul görmürdü… Onun canı itkiniydi…
Bunu niyə xatırladım? Mənə və ortaq dostlarımıza elə gəlir, sanki Qənirə xanım haqqında əbədi ayrılığı qəbullanaraq danışmaq, yazmaq vəfasızlıq olar… Bəli, sanki, günah işləmiş kimi olarıq… Ancaq ağılla könlün qarşıdurmasında ağıl deyən olur enində-sonunda… El necə deyir? – “Torpağın üzü soyuqdur”… Təki ürəyimiz soyumasın… Qənirə xanımın ürəyimizdəki yeri dəyişməyib – öz yerində-göyündədir…
Ruhuna alqış!
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)