Super User

Super User

İordaniyanın “Nabd” portalı ərəb turistlərə qış mövsümündə Azərbaycana səyahətə yollanmağı tövsiyə edib.

 

AzərTAC xəbər verir ki, ərəb turistlər üçün nəzərdə tutulmuş geniş məqalədə Azərbaycan paytaxtının ən yaxşı məkanları barədə məlumat və fotoşəkillər yerləşdirilib.

Yazıda qədim tarixi olan İçərişəhərin əcnəbi turistlərin ən sevimli məkanı olduğu qeyd edilib. Oxucuların diqqətinə çatdırılıb ki, buradakı müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri Azərbaycan xalqının qiymətli xəzinəsi kimi qorunub saxlanılır, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Məqalədə Dənizkənarı Bulvar, Dağüstü park, turistlərin sevimli məkanı olan Nizami küçəsi, müasir Bakının rəmzlərindən biri olan “Alov qüllələri”, Şirvanşahlar sarayı, Milli Azərbaycan Tarixi Muzeyi, Qız qalası, Azərbaycan Təbabəti Muzeyi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, hələ 1909-cu ildə Xəzər dənizinin ətrafında salınan bulvar paytaxt sakinlərinin və şəhərin qonaqlarının istirahət yeridir. Burada Bayraq meydanı, müxtəlif attraksionlar, restoran və kafelər, ticarət obyektləri yerləşir.

Ərəb ölkələrindən olan potensial turistlərin diqqətinə çatdırılıb ki, Bakıdan kənarda – Azərbaycanın Qəbələ, Quba, İsmayıllı, Şəki və digər rayonlarında da görməli yerlər, qədim tarixi abidələr var. Bölgələrdə turistlərin istirahəti üçün yüksək şərait yaradılıb, təbiətin qoynunda ən müasir standartlara cavab verən komfortlu otellər fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Şənbə, 04 Noyabr 2023 13:30

“Səsin sehrində bitən gül” - HEKAYƏ

Pərviz Yəhyalı, “Ədəbiyyat və incəsənət” üçün

 

İlıq payız günəşinin şəfəqləri maşının bağlı şüşələrindən içəri keçməyə israrlı idi. Yolun hər iki tərəfi göz işlədikcə şoranlıq və kimsəsizliyi ilə yorucu təsir bağışlayırdı. Göylə yerin birləşdiyi üfüq xəttinə diqqət yetirdikcə ona elə gəlirdi ki, dünya elə beləcə bomboz düzənlikdən ibarətdir.  

Zaman elə bir uçur. Dostunun atasının dəfininə getdiyi gündən düz bir il ötürdü. Yaddaşında bir il əvvəlki gün elə bil dünən olubmuş kimi bütün təfərrüatı ilə qalmışdı. Dəfndən qayıdarkən edilən zəngə görə maşını saxlayıb, yerə düşdüyü və onun üçün bir göz qırpımı anına bərabər, əsilində isə yarım saat danışdığı yeri yadında dəqiq saxlamışdı. Bütün ətraf ağappaq şoran torpaq üstə adda-budda kiçik yovşan kollarından ibarət olsa da, bir neçə yulğun ağacı diqqət çəkirdi. Gedəcəyi ünvana hələ 60 klometr qaldığını yol kənarı göstəricidən oxudu. Dəqiq buradır. Yulğun ağaclarını görcək yəqin etdiyini qəti əminliklə xatırladı. Sürəti azaldıb, maşını saxladı. 

Bu bir ildə heç nə dəyişməyib. Ucsuz-bucaqsız düzənlik kədərli və kimsəsiz görkəmi ilə günəşlə göz-gözə idi. İlk ağlına gələn buraların qaranlıq gecələrinin vahiməli səssizliyindəki mənzərənin necə olduğu oldu. Yəqin dilsiz-ağızsız şoran düzənlik dan doğuşunda hər səhər çox sevinir. Axı ona bu dünyada tək gülümsəyən yalnız günəşdir. 

Ayaq ləpirləri qar üstündə düşən iz təki açıq-aydın qalırdı. Susuzluqdan çat-çat olmuş şoran yəqin ki, dərinliyində gizlətdiyi torpağa yorğanlıq edir. Ya da burda torpaq ölüb deyə şoranlıq onu dəfn edib. 

Dünyanın belə səssiz və yetim qalmış yerində havadan belə kədər süzülür. Gülümsədi. Günəş şüalarının bayaq maşının icərisinə keçmək istədiyi təkidini indi başa düşürdü. Günəş də yəqin bu şoran düzənliklərə boylanmaqdan yorulur deyə. 

 

İki gün idi ki, əməlli-başlı küsüşmüşdülər. Bir-birlərinə ərkləri payızın bu vədəsi yaz yağışı kimi yaxşıca islatmışdı onları. Hər ikisi də özünə söz vermişdi ki, daha barışmayacaqlar. Səsini eşitməsə sabahı açılmaz bildiyi, amma sabahın açılmağı o yana, hələ bir səfərə də çıxıb. Düzdür yuxusuz gecəsinin qaranlığı çəkilsə də milyon illərin günəşi bu səhər çox sönük və parıltısiz idi. Bəlkə də acığından onu bütün yol boyu şüşə arxasında qoymuşdu. 

- Aaa bu nədir? -deyə lap ucadan qışqırdı. Təəccüblü səsi bütün ətrafa yayıldı. Az qala tapdalayacağı süpürgəgülü çiçəyinə sığal çəkmək üçün dizləri üstə çökdü. Süpürgəgülünün kiçiçik çıçəklərini qoxuladı. Çox ətirli idi. Ağappaq şoranlıqda çiçək açmış bu balaca fidan möcüzə idi. Susuz, torpaqsız, duzu dizə çıxan şoranlıqda kiçicik gözəllik onu məftun etmişdir. Qanırılıb özündən bir neçə metr aralıdakı yulğunlara baxdı. 

Bu o yer idi ki, bir il əvvəl burda dayanıb indi iki gündüz bir gecə “küsülü” olduğu ilə telefon söhbəti etmişdi. Onun səsinin sehri çatdığı şoranlıqda belə gül bitirib. Nəhayətsiz üfüq xəttinə boylandı. Şoran düzənlik ona o qədər döğma gəldi ki…

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Onun yumoru Azərbaycanda çox sevilir. 

“Arkadaşım” obrazı ilə milyonları güldürən Tolga Çevik “Tolgshow” adlı şousu ilə bu gün - noyabrın 4-də Bakıda tamaşaçıların qarşısına çıxacaq.

 

“Yönetmen” obrazını canlandıran Fırat Parlak və “Minik” ləqəbli musiqiçi Özer Atikin müşayiəti ilə tamamilə improvizasiya edilən şou Bakı Konqres Mərkəzində baş tutacaq.

 

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Rusiyanın Xalq artisti Emmanuil Vitorqan sabah - noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək. 

Rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək. 

 

Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub. 

Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O, bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir. 

 

Tamaşaya biletləri Iticket.az saytında və şəhərimizin kassalarında əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

-Zəhmət olmasa azərbaycanlı oxuculara özünüz haqqında məlumat verərdiniz,  

Umut bəy.

 

-Umut Meriç Berberoğlu. 14 sentyabr 2000-ci ildə Hatay vilayətinin İskenderun rayonunda anadan olmuşam. 2007-ci ildə Namık Kamal İbtidai məktəbində oxumağa başladım. 2008-ci ildə orta məktəbdə oxuyarkən esse yazmağa və məktəb jurnalı üçün yazmağa başladım. 2015-ci ildə jurnalda məqaləm dərc olunub. 2019-cu ildə “Rotary Peşə və Texniki Anadolu Liseyi”ndə oxuyarkən “İskenderun” qəzetində köşə yazısı yazmağa başladım. 19 may 2019-cu ildə “İşgal Altında Çırpınan Şehir: İstanbul” adlı romanımı yazmağa başladım. 2020-ci ildə Osmaniye Qorqud Ata Universitetinin Tarix fakültəsinə qəbul oldum. Həmin il “Sarı Zeybəklər” qəzetinin mədəniyyət müdiri oldum və köşə yazısı yazmağa başladım. 2021-ci ildə İzmir Bakırçay Universitetinin Tarix fakültəsinə keçdim. Elə həmin il “İşgal Altında Çırpınan Şehir: İstanbul” adlı romanım işıq üzü gördü. Hal-hazırda “Nvarneyok” və “Dəniz Kartalı” qəzetində köşə yazıları yazmağa davam edirəm, Kanal “Ses Tv”-də Tarix və sənət proqramının moderatoruyam, Tələbə Koçluğu Təhsil Məsləhətçiliyi sertifikatım var. Eyni zamanda ssenari yazmağa başlamışam. 

 

-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-Anam təqaüdçü Türk dili və ədəbiyyatı müəllimidir. Ədəbiyyata marağım uşaqlıqdan başlayıb. Anamın qalın kitablarını götürüb oradan ədəbiyyatla bağlı məlumat alırdım. Sonralar anam kitablar almağa başladı. Uşaqlıq və yeniyetməlik illərim çoxlu kitab oxumaqla keçdiyindən ədəbiyyata marağım bu gün də davam edir.

 

-Dünya ədəbiyyatından hansı yazıçıları və əsərləri bəyənirsiniz?

 

-Mən ümumiyyətlə türk ədəbiyyatını izləyirəm, amma daha çox dünya ədəbiyyatından klassikləri oxumuşam. Tolstoy, Dostoyevski və Şekspir izlədiyim və zövqlə oxuduğum müəlliflərdir. Xüsusən də Tolstoyun "İnsan nə ilə yaşayır?" kitabını böyük sevgiylə oxumaq və nəzərdən keçirmək şansım oldu.

 

-Yazarkən hər hansı bir rutininiz varmı?

 

-Mən köşə yazılarımı, romanlarımı ümumiyyətlə tarixi miqyasda yazıram, diqqətim Türkiyə Cümhuriyyəti Dövləti və Mustafa Kamal Paşa üzərindədir. İlk növbədə yazacağım mövzunu müəyyənləşdirirəm, o mövzuda kitablar oxuyuram, əgər varsa, bu mövzuda məqalələrə baxıram və sonra yazmağa başlayıram. Yazarkən motivəedici musiqi dinləməyi xoşlayıram.

 

-“İşgal Altında Çırpınan Şehir: İstanbul” romanınız haqqında qısa da olsa məlumat verə bilərsinizmi? 

 

-“İşgal Altında Çırpınan Şehir: İstanbul” romanımda 1918-ci il noyabrın 13-də İstanbulun faktiki işğalını, 1920-ci il martın 16-da isə rəsmi işğalını qələmə aldım. Kitabımda uydurma və real personajlar olsa da, uydurma hadisələri və dialoqları da daxil etdim. Kitabım ümumiyyətlə zaman istiqamətli deyil, hadisə istiqamətlidir. Onu biblioqrafiya əsasında və reallıqdan tamamilə qopmadan yazdım.

 

-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi?

 

-Hər bir yazıçı kimi, ölkəmizdə kitab oxumağın bugünkü vəziyyəti məni də qane etmir. Xüsusilə Minillik dövründə texnologiyanın inkişafı ilə telefonla daha çox vaxt keçirməyimiz və ya daha çox televizora baxmağımız qaçılmaz bir həqiqətdir. Xüsusən də bu gün kitab oxuma nisbəti azalıb. Bunun səbəbi texnologiyanın günbəgün irəliləməsi və izlənilməsidir. Təbii ki, texnologiyanın bu cür inkişafı ölkənin xeyrinə olub, amma bu dəfə kitablar arxa planda qalıb. İnsanlar özlərini kitab qoxusundan məhrum etməkdədirlər. Səyyar kitabxanalar və mütaliə platformaları internetə keçdikcə kitab satışı və oxuma nisbətləri  buna görə azalıb. Təbii ki, insanlar kitab oxuma vaxtını İnstaqram bildirişlərinə uyğun tənzimləməli oldular ki, bu da oxuma nisbətinin həyəcanverici dərəcədə aşağı düşməsinə səbəb oldu.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?

 

-Azərbaycan Ədəbiyyatına nəzər saldıqda, Füzuli və Nəsimi ilə bir müddət maraqlandım və dəyərli əsərlərini öyrənmək şansı qazandım.  Xüsusilə Füzulinin “Su kasidesi” və “Leyli və Məcnun” əsərini oxuduğumu xatırlayıram.

 

-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?

 

-Gələcəkdə ölkəmiz adına daha çox çalışmaq, Atatürkü və Türkiyə Cümhuriyyətini daha yaxşı izah edə biləcək əsərlər yazmaq istəyirəm. Öz sahəm üzrə yaxşı akademik olmaq və Cümhuriyyət tarixi kafedrasında işləmək istəyirəm.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz?

 

-Mən ümumiyyətlə çap mənbələrini çox sevirəm. İndi kitab bahalı olduğuna  görə elektron kitab oxumaq həddinə gəlib çatmışıq, amma yenə də ikinci əl kitab satanlardan və ya internetdən kitab sifariş edib bu şəkildə oxumağı xoşlayıram. Artıq yazdığım kitab internetdə satışda olduğu üçün onu yoxlayarkən istər-istəməz başqa kitablara baxıram və kitab almaq üçün bəhanə tapıram və təbii ki, kitabı qoxulamaqla oxuyuram.

 

- Bir  gənc yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Yazmaqdan qorxmayın. Əvvəlcə kiçik sadə mətnlər yazın. Gündəlik tutun və həyatınızda baş verənləri yazın. Sonra esse yazmağa başlayın, bunu etməkdən qorxmayın. Roman yazmaq üçün ilk növbədə çox oxumaq, təkcə kitablar deyil, həm də jurnallar, qəzetlər oxumaq lazımdır. Qoy yazı sizdən qorxsun, kağızı atmaqdan belə çəkinməyin. Həmişə bir şey yazın və ya nəsə yazmaq üçün ideyalar irəli sürün. Siz Qurtuluş Savaşı illərində döyüş meydanlarında əsərlər vermiş əcdadların nəvələrisiniz, bu şüurla yazmağa başlayın.

 

-Dəyərli zamanınızdan vaxt edərək  fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram Umut bəy, sizə həyat və yaradıcılıqda uğurlar arzulayıram.

 

 -Mən də sizə və bütün yaradıcı heyətə təşəkkür edirəm, Habil bəy.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Sabah Heydər Əliyev Sarayında Türkiyə (Ankara) teatrının təqdimatında “Harika Kanatlar-Viking” musiqili-interaktiv tamaşa təqdim olunacaq.

 

Musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan və uşaqların sevgisini qazanan yeni “Harika Kanatlar - Viking” musiqili-interaktiv tamaşa noyabrın 5-də tamaşaçıların ixtiyarına veriləcək.

Yalnız bir gün və iki seans olacaq musiqili-interaktiv tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.

Saat 12:00 və 15:00-da baş tutacaq möhtəşəm, interaktiv, əyləncəli “Harika Kanatlar - Viking” ailəvi musiqili-interaktiv tamaşanın biletlərini şəhərimizin kassalarından əldə edə bilırsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Gənc şair Aysel Nəsirzadə yeni şeirlərini “Ədəbiyyat və incəsənət” portalına təqdim edib. Onları sizin ixtiyarınıza veririk. 

 

 

NÖQTƏ QOYULDUQCA…

 

Kağız üşüyər-

Üstünə səpilən soyuq sözlərdən.

Nöqtə qoyulduqca

Ümid doğar isinməyə.

Səbəb olar günəşin doğuşu,

Ən kədərli insanda

Səbəbsiz gülməyə...

 

                             *

 

Saçını yola tökən

                  söyüd ağacı, 

Birləşməyən yol-

                    Sonu cığır.

Sevincdən doğan acı-

               Qanadı qırıq arzular.

Yüklənmiş beyin-

              Beyindən didərgin ağıl.

Gerçək- həyat,

Gerisi nağıl.

 

QURUDULMUŞ ÇİÇƏKLƏR 

 

Qurudulmuş çiçəklərdən 

gül ətri gəlməz bəlkə,

Ancaq xatirə qoxusu var

ruhu saran.

Hər kəsi bir gün keçirəcək,

Həyat ağır sınağından

Oğurlayacaq

ən məsum gülüşlərini dodağından.

Kirpiklərin nəm qalan hissəsindən

Asılacaq ümidlər.

Yalnızlığın rütbətindən

Yosun tutar ürəklər.

Uzaqlaşdıqca uzaqlaşarsan,

Ən yaxın saydıqlarından

Qürub çağı doğmalaşar,

Sübh çağı soyuyarsan həyatdan

 

KÖRPƏLƏR EVİ

 

Dünyaya gələn hər körpə,

Sevgidən doğulmur.

Sevgisizlikdən yaranan uşaqlar tamamlayır ‐ körpələr evinin siyahısını.

Ana sevgisi, ata zəhmətiylə böyümür onlar. O körpələrin ahıdır

göydəki qara buludlar, Lənətlənir yer üzü.

ʺAnaʺ kəlməsini

söyləyə bilməyən körpələrə

ʺBalamʺ‐ xitabı da gərəksiz,

dayə nəvazişi də soyuq.

Necə inanaq xoşbəxt gələcəyə?

 Bu sevgidən kasıb körpələr

 Böyüyəcək taleyini söyə‐söyə

Ehtiyacdan töküləndə küçəyə...

 

**

 

Dibçəklərə əsir edilən güllərin

Özgürlüyü yoluxa ürəklərə.

Sevgi hissiylə bəslənən,əzizlənən,

Qanadlanıb uçmadan

Ruh vücuda sarılaraq yaşaya azadlığı.

Bu dünyanı cənnət edə 

O dünyada cənnətə qovuşmaq istəyənlərin saflığı.

 

YOL BİR NƏFƏS

 

Öz dibinə kölgə salmaz 

şam ağacı

Dərd gözünü zilləyər

Sevinc baxar qıyğacı

Həyatları  ölçər zaman

Ömür adlı

Bir gün gəlib keçmək bilmir

İllər isə yel qanadlı

Uzaq gəlir hər şey uzaq

Ümid əsir arzu əbəs

Bu dünyadan o dünyaya

Uzaq deyil yol bir nəfəs

 

**

 

Lupanın bir üzünü tutsaq ümidimizin ən xırdaca zərrəsinə, 

Bir üzünü Günəşə.

Yenidən alov alsa ümidlərimiz, 

Buz bağlayan qəlbimizi sarsaq 

Ümid dolu atəşə.

Ömrü əmanət etsək

İkicə xoş kəlməyə,

Bir içdən gələn gülüşə

Yaşayıb getsək belə.

 

HƏSRƏT İLMƏ-İLMƏ HÖRƏR PAYIZI

 

Göylər qara bulud libasın geyər,

Sapsarı saralar yerin bənizi.

Rüzgar gah qaş çatar ,gah xəfifləyər,

Həsrət İlmə-ilmə hörər payızı.

 

Gündüzlər qısaldar boyun ölçüsün,

Gecə uzun-uzun cəng eyləyəndə.

Günəş min ədayla gülüşün yayar,

Arada-sırada yel səngiyəndə.

 

Qəm,kədər qovrular söz arasında,

Hər kəlmə kağızın sinəsin dağlar.

Düşərsən xatirə burulğanına,

Canlanar gözündə ən gözəl çağlar.

 

Çəkər tənhalığa öz havasıyla,

Milyonlar içində darıxarsan tək.

Bax belə yaşarsan xəzəl ömrünü,

Öl(ü)mü xatırladar “payız mübarək”

 

NƏ TEZ UNUTDUN MƏNİ

 

Viranə könlümdə bayquş ulayar,

Uğramaz səmtimə nə yaz, nə bahar.

Unudulmağın da bir zamanı var,

Nə tez unutdun məni?

 

Kimə gileylənim, kimə dərd yanım,

Bilməm kimi düşmən, kimi dost sanım.

Ay Məni hamıdan tez anlayanım,

Nə tez unutdun məni?

 

Sözə ümidlənib, səsə sığındım,

Ən çox güvəndiyim kəsə sığındım.

Deyilmiş ürəkdə əbəs sıxıntım,

Nə tez unutdun məni.

 

Bir quru hal xoşu, salamı kəsən

Əhsən yaddaşına qəlbinə əhsən,

Sən ki unutmağa həvəsliymişsən

Nə tez  unutdun məni

 

LÖVBƏR SALMAZ GƏMİLƏR

 

Bu limana lövbər salmaz gəmilər,

Susar qağayılar sahil boyunca.

Günəş də dənizə qıyğacı baxar,

Çəkilər qınına  yerdən doyunca.

 

Rüzgar qayalara çırpar dalğanı,

Dənizə atılmış dərdlər dağılar.

Buxarlanıb göyə çıxan hər dərdə,

Yağış söylər həzin-həzin ağılar.

 

Yer üzü islanar insan ahıyla,

Allahı unudan yadına salar.

Yenə o sahildə bərk qaya üstə,

Bəxtindən gileyli bir cavan ağlar.

 

APARDI

 

Budandı arzumun qolu‐qanadı, 

Solub xəzəl oldu, quşlar apardı. 

İntizarla açdım səhərlərimi, 

Gecəmi sel kimi yaşlar apardı.

 

Gülüşüm yarımçıq, kəm‐kəsir oldu, 

Arzum gözlərimdə lap əsir oldu. 

Ürəyim kədərə tələsir oldu, 

Ömrümü bəlkələr, kaşlar apardı.

 

Gedən karvanımı kim çəkib əylər? 

Həyat nə eləsə, tək mənə eylər. 

Deyin, sahib çıxsın ruhuma göylər, 

Cismimi torpaqlar, daşlar apardı.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları iTicket.Az saytından növbəti maraqlı tamaşanı tapıb sizinlə bölüşürlər:

 

Sankt-Peterburqun “Kukla formatı” teatrının quruluşundakı “Qırmızı çiçək” tamaşası noyabrın 26-da Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.

 

Bir çoxu “Qırmızı çiçəyin” xalq nağılı olduğunu zənn edir... Ancaq bu nağılın hekayəti yazıçı Sergey Aksakovun özünün uşaqlığı ilə bağlıdır, ona qırmızı çiçək haqqında rəvayəti Pelageya adlı anbardar qadın nəql edibmiş. Artıq yetkinlik yaşına çatan və sevimli nağılını qələmə alan Aksakov sonralar Pelageyanın bu saysız-hesabsız nağıllarına gecə-gündüz yorulmadan qulaq asa biləcəyini həssaslıqla xatırlayırmış.

Quruluşçu rejissor Anna Viktorova və aktrisa Olga Donets (Pelageya) qədim rus folklor modelinə uyğun olaraq yaradılan kuklaların köməyi ilə Gözəl qız və Bədheybətin hekayətini danışmağa qərar veriblər. Səhnədə yalnız anbardar qadın Pelageya bir vaxtlar kiçik Seryoja Aksakova nəql etdiyi kimi, indiki dövrün uşaqlarına sevgi və sədaqət haqqında gözəl bir nağıl danışır...

Tamaşanın premyerası 24 aprel 2014-cü ildə baş tutub.

Tamaşa bir çox beynəlxalq festivalların iştirakçısıdır. 2015-ci ildə Bangkokdakı Ümumdünya Kukla Karnavalında (World Carnival of Puppets) aktrisa Olga Donets oynadığı rola görə “Ən yaxşı aktrisa” adını qazanıb, tamaşa özü isə “Baş mükafat” nominasiyasına layiq görülüb. Aktrisa 2017-ci ildə Astanadakı Ümumdünya Kukla Karnavalında bu uğurunu təkrarlayaraq, "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olub.

Çoxsaylı rəylər bütün tamaşa boyunca uşaqların və onların valideynlərinin maraq və diqqətini özünə cəlb etməyi bacaran yeganə aktrisanın parlaq oyunundan bəhs edir. Bununla yanaşı, onun kukla köməkçiləri də parlaq xarakterə malikdirlər, onlar həvəslə rəqs edirlər və zarafatlaşırlar. Ancaq ən tələbkar və həssas auditoriya uşaqlardır, onları aldatmaq və müxtəlif fəndlərlə ələ almaq mümkün deyil.

Tamaşanın nümayişi Sankt-Peterburq Mədəniyyət Komitəsi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sankt-Peterburq teatr mövsümləri” XVII İllik Mədəniyyətlərarası Festivalı çərçivəsində keçirilir və Heydər Əliyev ilinə həsr olunur.

Tamaşa saat 12:00 və 15:00-da başlayır və yaşı 4+ olan auditoriya üçün tövsiyə olunur. Müddəti antraktsız 55 dəqiqədir.

 

Biletlər teatrın kassasında, şəhərin mərkəzi kassalarında, həmçinin iTicket.Az saytında onlayn satılır.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Vüqar Əli paytaxtın "QQallery" qalereyasında "Dastan" adlı fərdi sərgini təqdim edir. 

Bu ekspozisiyaya 30-dan çox rəsm əsəri daxil edilib. 

Sərgi dünən - noyabrın 3-də açılıb, bu gün davam edəcək.

Vüqar Əlini öz mənzərəli dastanlarında dərin fəlsəfi məzmunu və etik istiqamət üzrə dəyişməz estetik dəyərləri tərənnüm edən aşıq adlandırmaq olar. Rəssam xalqının keçmişinə və bu gününə biganə deyil.

Rəsmlərində onun müasir problemlərə, dövrün qəhrəmanlıq nümunələrinə aludəçiliyi özünü aydın şəkildə büruzə verir. Müəllif bəşəriyyətin həyatını öz daxili aləmində hiss edir, eyni zamanda, sadə insanların həyat tərzini peşəkarlıqla duya bilir. Rəssamın əsərləri həqiqət və yeniliyin təzahürləri ilə doludur.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

“Ədəbiyyat və incəsənət” portalı Təqvim şeirləri rubrikasında şair Elman Tovuzun Məmməd İsmayılın 84 illiyinə həsr etdiyi şeirini təqdim edir. 

 

 

*

Bu mәnәm a kәndim, tanımadınmı?

Bu hәmin Mәmmәddir—

bir az sınıxıb,

Bir az sıxıb onu şәhәr havası,

Dәrmanı dağların sәhәr havası.

Mәni tanımayır tәzә cavanlar,

Özümmü çıxmışam yaddan, adımmı?

Sәnin qucağında arzuladığım

Günlәrdәn qayıdıb gәlmişәm sәnә

Bu mәnәm, a kәndim, tanımadınmı?

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.