Super User
ABŞ-da yaşayan beynəlmiləl ailənin istedadlı qızları…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
İlahə Süleymanova- Hosman əslən Tərtər rayonundandır. 17 ildir ki, Banqladeş əsilli Anwor Hossainla (Ənvər Hüseyn) ailə qurublar. 4 övladları var- 2 qız, 2 oğlan. İlahə xanım Bakı Asiya Universitetini bitirib. Bir müddət "Lukoil" neft şirkətində tərcüməçi işləyib. Ömür-gün yoldaşı maliyyə məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır. Hazırda ABŞ-ın Nyu York ştatında yaşayırlar.
Bu gün mən sizə İlahə xanımdan deyil, qızları Şevrin və Şannendən söhbət açmaq istəyirəm. Şevrinin 15, Şannenin 13 yaşları var...
Əvvəlcə Şevrin barəsində
O, 9-cu sinifdə oxuyur, dərs əlaçısıdır. Eyni zamanda rəqsə gedir. "Broadway Dance" məktəbinin rəqqasələrindən biridir və 6 fərqli rəqs üzrə məşq edir. Şevrin bir çox ölkələrdə yayımlanan, uşaqların çox sevdiyi “Super Why” cizgi filminin baş qəhrəmanlarını səsləndirib...
İndi də Şannen haqqında
8-ci sinifdə oxuyur. Musiqi alətlərinə çox böyük marağı var. Piano və skripkada sərbəst ifa edir…
"Bacılar, ay bacılar…"
"Travel Channel"də yayımlanan "Mysteries at the Museum" filmlərində hər iki bacı birlikdə müxtəlif rollar alıblar. Bundan əlavə karatenin Takvando növü ilə birgə məşğul olurlar, "Swim Team" üzgüçülük məktəbinə gedirlər…
Son 6 ildə bu iki bacı birlikdə və ayrılıqda filmlərdə, verilişlərdə, uşaq talk şou proqramlarında, reklamlarda çəkiliblər və müxtəlif cizgi filmlərini səsləndiriblər.
Şannenin ilk rolu ona böyük şöhrət gətirib. Bollivud ulduzu Priyanka Çoprani haqqında çəkilən reklam çarxında sənətkarın uşaqlığını canlandırıb.
Şannen 3 il öncə dünyada tanınan, 45 ölkədə yayımlanan "Master Chef Junior" telemüsabiqəsinə qatılmışdı.
Bu müsabiqə Amerika və Kanadada yaşayan 8-13 yaşlı uşaqların arasında aparılır. Təxminən 4 mərhələdən ibarət olan seçim turuna minlərlə uşaq qatılsa da cəmi 24 iştirakçı seçilir. Şannen də bu 24 uşağın arasında olub. O, bütün sınaqlardan uğurla keçdiyi üçün bu müsabiqədə iştirak etmək hüququ qazanıb. Yarışmaya münsiflik edən insanların arasında Qordon Ramsey, Kristina Tosi, Aaron Şancez kimi dünya şöhrətli aşpazlar da var. Əgər Şannen bu müsabiqənin qalibi olsaydı 100 min dollar pul mükafatına layiq görüləcəkdi…
Azərbaycana sevgi
Haqqında ABŞ mətbuatında çox məqalələr yazılıb, çox müsahibələrin qəhrəmanı olub. Qəzetlərdən birinin əməkdaşı Şannenə sual verir,- “Sən bu qədər fərqli və dadlı yeməklər hazırlamağı necə öyrənmisən?” O isə- “Anam Azərbaycandan olduğu üçün evdə həmişə yemək hazırlayır. Və adətən bişirdiyi yeməklər çox fərqli olur. Anamın vətəni olan Azırbaycanı insanların çoxu tanımır. Mən xüsusi olaraq kulinariya kurslarına getməmişəm. Elə evdə anamdan öyrənmişəm yemək hazırlamağı, çünki bu işi sevə-sevə edirəm, demək olar ki, elə anam mənim ilk müəllimimdir. Mən Azərbaycan mətbəxinin təamlarını da hazırlaya bilirəm. Atam Banqladeşdən olduğu üçün, gələcəkdə məni o yerlərə aparsa hind yeməklərini də hazırlamağı öyrənərəm. Bilirsiniz, hind yeməklərinin tərkidində çoxlu fərqli ədviyyat olur. Əslində, mən həm atamın və anamın birgə mədəniyyətinin təcəssümüyəm"- deyə, cavab verir…
Bu da yekun…
Bəli, ABŞ-ın Nyu York ştatında bir beynəlmiləl ailə də var. Həmin ailədə ANA azərbaycanlıdır. Övladlarına Azərbaycanı sevdirən bu anaya, balalarını həmişə xoşbəxt görməyi arzulayıram…
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)
REDAKSİYANIN POÇTUNDAN – Coşqun Xəliloğlunun şeiri
“Ədəbiyyat və incəsənət” portalının poştuna daxil olan məktublardan daha birini diqqətinizə çatdırırıq. Coşqun Xəliloğlu yazdığı “Gözlərin aydın, Vətən” şeirinin dərc edilməsini xahiş edir. Şeir vətəndaşlıq poeziyasının uğurlu nümunəsidir, onu oxucularımıza təqdim edirik.
GÖZLƏRİN AYDIN, VƏTƏN!
Necə də xöşbəxtik biz, qələbə çalınıbdır,
Müqəddəs torpağımız yağıdan alınıbdır,
Hiyləgər düşmənimiz pis günə salınıbdır,
Ruhsuz yaşaya bilməz, bütöv olammaz bədən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Üçrəngli bayrağımız əzizdir canımızdan,
Törpağımız güc aldı tökülən qanımızdan,
Dəmiryumruqdur-ordum, xalqım, Ali Komandan,
Neçə bəxtiyar olur, arzuya, kama çatan,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Qarabağ ki var, bizim şanımız, şöhrətimiz,
Vətənin hər qarışı əbədi sərvətimiz,
Necə güclüdür bu xalq, göründü qüdrətimiz,
Bundan sonra yaşayar millətimiz xöşbəxt, şən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Biz həmişə olmuşuq düz sözlü, düz ilqarlı,
Başımızı dik tutub yaşamışıq vüqarlı,
Hər günümüz xoş keçsin, yaylı, qışlı, baharlı,
Laləzardır yurdumuz, min cür nemətlər bitən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Azadlığa qovuşub torpağımız, daşımız,
Bizə dəstək-arxadır böyük Türk qardaşımız,
Biryolluq azad olub Xankədimiz, Şuşamız,
Sevinc ilə, qürurla, fərəhlə deyirəm mən:
-Anam gözlərin aydın, gözlərin aydın, Vətən.
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)
5 min hektarlıq ərazimi geri istəyirəm!
İbrahim Nəbioğlu yazır
“Ədəbiyyat və incəsənət” portalı Türkiyədə yaşayan tanınmış jurnalist İbrahim Nəbioğlunun bir zamanlar Qazax rayonunun ermənilərə pay verilmiş torpaqlarından bəhs edən “5 min hektarlıq ərzimi geri istəyirəm!” yazısını təqdim edir.
Bir neçə gün idi ki, ağlıma sürəkli Qazağın Kəmərli kəndinin 5 min hektarlıq torpaqları düşürdü. Bu torpaqlar 1985-ci ildə Moskvanın xəyanətkarlığı nəticəsində Qazağın İncə dərəsinin qonşusu olan Ermənistanın Noemberyan rayonuna peşkəş edilmişdi.
O Noemberyan rayonuna ki, onu özü belə 1930-larda Qazaxdan alınaraq ermənilərə verilmişdi. Qazax camaatı o rayona hələ də öz tarixi adı ilə çağırır – Barana…
Bu qarşıma ilk çıxan Paşinyanın Azərbaycan və Ermənistan arasında imzalanacaq Sülh Müqaviləsinin 3 prinsipi haqda açıqlaması oldu. “Bakı ilə razılaşdırılmış” Sülh Müqaviləsinin üç prinsipi adlandırıb Paşinyan onları…
I prinsip
Erməni liderin sözlərinə görə I prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır.
Yəni Bakı Ermənistan Respublikasının 29,8 min kvadratmetr ərazisini,
İrəvan isə Azərbaycanın 86,6 min kvadratmetr ərazisini tanıyır.
[Paşinyan qeyd edir ki, “rəqəmlərin dəqiqliyi tənqidə səbəb olur... Siyasi müstəvidə razılıq əldə olunub və ideya tərəflərin təsiri altında olmayan mənbəyə istinad etməkdən ibarətdir. Eyni zamanda, tərəflər anlayır ki, sərhədlərin demarkasiyası və delimitasiyası bu mənbəyə istinadən aparılacaq”, - Ermənistan KİV-i Paşinyandan sitat gətirir].
II prinsip
Bu prinsipə görə tərəflər sərhədlərin delimitasiyasını Alma-Ata bəyannaməsinə əsasən razılığa gəlməlidirlər. Yəni, tərəflər ondan çıxış edirlər ki, Sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığı tanınmalıdır.
[Paşinyan parlamentdəki çıxışında deyib ki, bu məsələdə o dövrün reallığını əks etdirən xəritələrin olması vacibdir və bu xəritələr mövcuddur].
III prinsip
Paşinyan III prinsipin keçdikləri ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olacaq regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasında açılması haqqında olduğunu söyləyib.
*
Bu sətirləri oxuyan bir çox izləyicimin ağlına təbii olaraq ilk gələn Qazağın 7 kəndi ilə Naxçıvanın Kərki kəndidir. Həm Bağanıs Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Qızıl Hacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri (Qazax rayonu) və Kərki (Naxçıvan) illərdir erməni işğalı altındadırlar.
Daha əvvəllər də yazdığım kimi əgər Qarabağın tamamı üzərində hakimiyyəti bərpa etmək təkcə bizim məsələmiz idisə, Zəngəzur koridorunun açılmasında maraqlı olan dövlətlər çoxdur – Türkiyə, Rusiya, İngiltərə, Çin, Hindistan, Ermənistan və təbii ki, Azərbaycan.
Qarabağ məsələsi kökündən həll olunduğu üçün indi nəhayi hədəfimiz Sülh Müqaviləsidir.
Ancaq mənim narahatlığım ermənilərin son anda bir “qəmbərqulu” çıxardıb anklav və eksklav “labirintlərində boğulan” 7 kəndimizi “danışıqlar bataqlığına” sürükləmə cəhdlərinə təşəbbüsdür.
Ancaq 7 kəndlə bağlı mövqeyimiz qətidir.
Daha vacib olan isə 1985-də ildə Ermənistanın Noemberyan rayonuna verilmiş 5 min (!!!) hektar ərazidir.
Zənnimcə, burada diqqət ediləsi xüsus bu səfalı, cənnət sayılan torpaqların Ermənistana rəsmi olaraq fevral 1985 tarixində keçməsidir. Çünki, Paşinyan son parlament çıxışında Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq taniyacaqları torpaqların 1977-ci il Sovet ensiklopediyasından götürüləcəyini bildirib. Belə olan halda 5 min hektar ərarzinin Kəmərli kəndinə aid olduğu o xəritələrdən də bəlli olacaq…
Bu gün əziz eloğlum, dostum Vidadi Akhundovla telefonda xeyli söhbət etmişəm.
Onun üçün bu məsələ ikiqat ağrılıdır. Çünki anası Əksiparalı, atası isə Kəmərlidəndir. Bu vətənpərvər dostumla babalarımın torpaqlarına xəyali səyahət etdim. Telefonun o biri ucunda Vidadi 5 min hektar ərazinin coğrafi adlarını çəkdikcə içimdən keçən giziltini ifadə etməyə çətinlik çəkirəm.
Adların gözəlliyinə bir baxın:
Xanımın Yurdu,
Battaxlı,
Ağoğlan,
Bəhməz torpağı,
1-ci vı 2-ci Dərəbəyli,
Cəvit meşəsi,
Pirə dərəsi,
Qaraqaya,
Vələsli,
Tənəhli,
Bağman,
Soyuqbulaq,
Daşbulaq,
Almalı bulaq
Qılınckəndi,
Məlikli meşələri
və adlarını unutduğumuz daha neçə Yurd yerimiz, Türk elimiz, Vətən torpağımız…
Unutmamaq lazımdır ki, 1985-ci ilə qədər də Qazağın bir neçə kəndindən də ermənilərə “pay” verilib. Bu haqda tanınmış şair, publisist, hörmətli Fəridə xanım Ləmanın “Qılınckəndin Dastanı” adlı kitabında çox önəmli xüsuslar var. Məncə, hər birimizin kitabdakı faktları öyrənməliyik.
Bir neçə gün sonra Zəfər Bayramını qeyd edəcəyik.
Bu Böyük Bayramı idrak edəcəyimiz bu günlərdə Qazax və Naxşıvanın tarixi torpaqlarının əsil sahibinə qaytarılması üçün məsələni sürəkli gündəmdə tutacağınıza inanmaq istəyirəm...
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)
Yolunu gözlədiyimiz roman
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair İbrahim İlyaslının (AYB Poezya seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya evinin direktoru) resenziyasını təqdim edir. Resenziya Sadiq Qarayevin yenicə çapdan çıxmış “N saylı qəhrəmanlıq” romanı barədədir.
Çağdaş Azərbaycan nəsrinin taleyi məni həmişə düşündürüb. Özüm poeziyada qələm çalsam da, oxucu olaraq nəsr əsərlərinə dah çox üstünlük verirəm. Ürəyimcə olan milli roman, hekayə oxumaq istəyirəm. Təəssüf ki, yeni nəsil nəsr yazanlarımızın sayı az olmasa da, ciddi nəsr əsərləri ortaya qoyan yazıçılarımızı barmaqla saymaq olar. Mahiyyət etibarı ilə hekayə, povest, roman bütün zamanlarda bir janr olaraq eyni mahiyyəti daşısa da, dövrün tələbləri ilə də uzlaşmağa məhkumdur. Müəllif unutmamalıdır ki, XXI əsrin nəsrini yazır...
İndiyə kimi heç bir romanını oxumadığım Sadıq Qarayevin ““N” saylı qəhrəmanlıq” romanının əlyazmasını oxumağa başlayanda, doğrusu, necə bir əsərlə qarşılaşacağım haqda içimdə bir rahatsızlıq, nigarançılıq baş qaldırdı. Romanın adı məni o qədər də açmadı. Təbii ki, ilk oxuduğum ithaf cümləsi oldu və bu cümlədə diqqətimi cəlb edən, Vətən müharibəsində qazandığımız qələbənin yalnız müzəffər ordumuzun yox, birbaşa məhz azərbaycançılıq məfkurəsinə bağlanması oldu. Müəllif üçün bu geniş və dərin anlayışın – azərbaycançılıq məfkurəsinin əsərdə bütün spektrləri ilə açılmasının zor bir iş olacağını düşündüm. Bu həqiqətən də belədir.
Romanın birinci fəsli olan “Müharibə tumurcuqları”nın müqəddəs bir “And”la başladığını görüncə, müəllifin bu anda sadiq qalacağına məndə inam yarandı. Əslində, hər bir ciddi və inanclı qələm adamı bir əsərə imza atmaqla bir anda da imza atmış olur...
Şuşanın özünəməxsus bədii təsviri ilə başlayan romanda ilk diqqəti cəlb edən qədim türk gələnəyində namus rəmzi sayılan “papaq” məsələsi oldu. Ermənistan rəhbərinin və ətrafındakı harın zabitlərin hərmədən asılmış papaqlarının nə zamansa boş qalacağına yazıçının ustalıqla işarə etməsi, mənə elə gəlir, eyni zamanda “Qordi düyünü”nə dönmüş Qarabağ düyününün burdan açılacağını nişan verir: “Ona görə də, öz papaqlarının altında yeyib-içən yüksək rütbəli hərbçilərin qıraqda dayanıb, onlara tərəf baxan şəxsə acıqları tutmuşdu.”
Müəllifin “tumurcuq” sözünə fəlsəfi anlayış, eyni zamanda bioloji mövcudat olaraq ilginc baxışı oxucuda bu anlayışa fərqli və ciddi bir maraq oyadır. Tamam fərqli, hətta, deyərdim əks qütblərdə dayanan müharibə və tumurçuq sözlərinin yanaşı qoyulması yazıçıdan bunun içəriliyini də açmaq, oxucunu buna inandırmaq yetənəyi tələb edir. Oxucu əsər boyu bu tumurcuğun çiçəkləyəcəyini, bar verəcəyini, bu bara kimin sahiblənəcəyini intizarla gözləyir. Hələ “tumurcuq”da olan azərbaycançılıq məfkurəsinə baxış açısı da məhz elə burdan başlayır. Köklü-köməcli bir ağacın rişələrindən - azərbayçançılıq ideyasından qidalanan tumurcuq partlamağa hazırlaşır. Elə bu partlayış da ardınca müharibə sözünü özünə bənd edir: “Müharibə tumurcuqları!”
Romanın maraqlı tərəflərindən biri də əsərin süjetinin, eləcə də bədii həllinin real hadisələr və obrazlarla şaxələnməsidir. Müəllifin əsər boyu real faktlara, olmuş hadisələrə və arxiv materiallarına istinad etməsi ilk baxışda romanda publisistik ruhu qaldırsa da bunların əsərin əsas süjeti ilə bədii çulğaşması oxucunu yormur, əksinə, onu düşündürür və ona daha çox informasiya ötürür. Artıq uzun illərdir ki, uluslararası təkilatların və super güclərin maraq dairəsində qapanıb qalmış Qarabağ probleminə əsərdə elə beynəlxalq kontekstdə də yanaşma maraq doğurur. Başlanacaq müharibənin qaçılmazlığı bədii-publisistik boyalarla oxucuya ilginc mesajlar ötürür.
Ümumiyyətlə, müharibədən yazmağın çətin olduğunu, hadisələrin, daha doğrusu döyüşlərin getdiyi məkanı, eləcə də savaşın özünü təsvir etməyin başqa mövzulu əsərlərə nisbətən kolay olmadığını yazıçılar yaxşı bilirlər. Müharibədə birbaşa iştirak etməyən yazıçı üçün isə bu ikiqat ağırdır deyə düşünürəm. Maraqlıdır ki, müəllif qələmin, axtarışlarının və təsəvvürünün gücü ilə bu ağırlığı da qaldıra bilib. Hiss olunur ki, yazıçı buna təkcə istedadı ilə deyil, eyni zamanda böyük zəhmət bahasına nail olub. O, bütün hallarda, sanki yaratdığı obrazların yanındaymış kimi çıxış edir.
Bu mənada, kəşfiyyat qrupundan ayrı düşmüş azərbaycanlı(Əli) və erməni(Zori) kəşfiyyatçının “zabit ləyaqəti” adına dialoqu, onların hərəkətlərinin dramatikliyi oxucuda əsərin süjet xəttinə xüsusi maraq oyadır. Kəşfiyyatçımız Əli əsir götürdüyü xüsusi təyinatlı erməni kəşfiyyatçı-mayorunu onu parçalayacaq ayının cəngindən qurtarır. Sonra onun yaralarını sarıyır. Düşmənə zabit ləyaqətinin nə olduğunu isbatlayır.
– Məni niyə xilas etdin? – erməni zabiti yoğun səslə, güclə eşidiləcək və təngnəfəs halda dedi.
– İnsanlıq naminə xilas etdim. Gedib Azərbaycan zabitinin bəşəri vicdanından gələcəkdə nəvələrinə danışarsan.
Zabit ləyaqətindən dəm vuran erməni kəşfiyyatçı sonda vədinə xilaf çıxır və onda zabit ləyaqətinin omadığı bu ordunun ləyaqətsiz zabitlərin ordusu olduğunu ortaya qoyur. Əlbəttə, bu cür zabitlərin komandanlıq etdiyi ordunun əsgərləri hər cür müharibə cinayətləri törətməyə, əsirlərə ən iyrənc bir şəkildə işgəncələr verməyə hazırdır və bunu edirlər. Amma qarşısında qədim türklərin mərdanə savaş gələniyinə sadiq, qəlbi vətən eşqi, azərbaycançılıq məfkurəsi ilə dolu bir Azərbaycan ordusunu görüncə onların rəzaləti başlayır. Bütün bunlar roman boyu ayrı-ayrı obrazların timsalında özünü parlaq şəkildə büruzə verir və Azərbaycan ordusunun apardığı ədalətli müharibənin həm də ləyaqətli mahiyyətini ortaya qoyur.
Romanda Azərbaycanın Ali Baş Komandanın, Azərbaycan generallarının, zabit və əsgərlərinin, eləcə də öz ordusuna hər an dəstək olan mülki vətəndaşların, liderinin ətrafında yumruq kimi birləşən bir xalqın parlaq obrazları xüsusilə diqqəti cəlb edir. Müəllifin hərb sənətinə dərindən bələd olduğu, döyüşlərin getdiyi əraziləri az qala qarış-qarış tanıması açıq-aydın şəkildə özünü göstərir. Hiss olunur ki, yazıçı bunun üçün bütün mümkün vasitələrə əl atıb, böyük zəhmət çəkib, əsgər və zabitlərlərlə söhbət edib, sonda istəyinə çata bilib.
Briqada komandiri polkovnik Nizami Mövlanovun qəhrəmanlıqla bağlı fikirləri isə müharibənin özəyini izah edir. Qərargah rəisi ilə onun dialoquna diqqət yetirək: Komandirə diqqətlə qulaq asan qərargah rəisi dedi:
– Həmişə düşünürəm ki, bax, müharibə başladı, əmr verildi, əsgər və zabit irəli atıldı. Və o anda snayper, mina, ya mərmi səbəbilə şəhid oldu. Digər hərbçi sağ qalır, qəhrəmanlıqlar edir. Həm mükafatlar alır, həm də qəhrəman kimi tanınır. Bu, onun haqqıdır. Bəs birinci necə oldu, onun həyatı necə, hansı qəhrəmanlıqla yadda qaldı?
Komandir Mövlanov qərargah rəisinin üzünə diqqətlə baxıb dedi:
– Müharibələrdə N sayda qəhrəmanlıqlar olur. Onların hamısı toplanır, bütün şəhidlərin arasında bərabər bölünür. Beləliklə, şəhidlərin hamısı bir nəfər, biri isə hamısı deməkdir. Belə olan halda, hamının payına eyni qəhrəmanlıq düşür.
– Bəs sağ qalanlar qəhrəmanlıq edibsə, onlara pay düşmür? - Qərargah rəisi sual etdi.
– Sağ qalanların da qəhrəmanlıqlaır toplanır, sağ qalanlar arasında bölünür. Məsələn, sən irəlidə beş erməni öldürürsən, Qəmbərov da özünü təhlükəyə atıb, briqadanı silah-sursatla, şəxsi heyəti ərzaqla təmin edir. Tibb heyəti yaralını ölümdən xilas edir. Rabitəçi xəbər verir, xəbər gətirir və s. Belə olan halda, hansı qəhrəmanlıq daha üstündür? Sadəcə olaraq, insanlar ancaq daha çox düşmən əsgəri öldürməyi qəhrəmanlıq sayır.
– Deyirsiniz ki, beş əsgər öldürməklə snaryad daşımaq eyni cür qəhrəmanlıqdır? -Qərargah rəisi gözlərini qıyıb, sual etdi və maraqla cavab gözlədi.
– Vaxtında gətirilən snaryad, neçə düşmən əsgəri öldürə bilər. Atəş nöqtəsi susdura, neçə əsgərimizi xilas edə bilər. Partlayan snaryadda həm gətirənnin, həm də atanın payı var. Döyüş, müharibə vahid orqanizmdir. Bütün qəhrəmanlıqlar yığılır, bölünür, hamıya eyni çatır.
Müəllif əsərdə başqa generalların obrazlarını öz adları ilə yaratdığı halda, müharibənin başlandığı gündən qələbə qazanılıncaya qədər Ali Baş Komandanla birbaşa ünsiyyətdə olan, ona müharibənin gedişi ilə bağlı gündəlik raport verən yeganə generalın adını isə gizli saxlayır. Mənə elə gəlir, diqqətli oxucu bu obrazın sorağında olacaq, özündə həm ideal hərbiçi, həm də yüksək insani keyfiyyətləri birləşdirən, geniş səlahiyyətləri olan, qeyri-adi generalın kimliyi ilə maraqlanacaq və bu maraq onu əsəri yenidən, bir daha oxumağa sövq edəcək. Mən isə düşünürəm ki, yazıçı təxəyyülünün məhsulu olan bu general obrazı, əslində, Ali Baş Komandana Vətən uğrunda savaşda öz ruhu ilə həmişə dəstək olan, onu qələbəyə ruhlandıran, hesab sorduğu qədər də hesabat verdiyi bir ilahi gücdür, bəlkə də bütövlükdə azərbaycançılıq məfkurəsini yaradan insanın və ya bütövlükdə Azərbaycan xalqının ümumiləşmiş obrazıdır.
Əsərdə Vətən müharibəsində qazanılmış zəfər, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq məfkurəsinin qalibiyyəti olaraq ortaya qoyulur. Bu mənada, çağdaş, eləcə də gələcək Azərbaycan oxucusunun bu romandan öyrənəcəyi və örnək alacağı yetərincə mesajlar var. Müəllifin epiloq əvəzi hər bir azərbaycanlıya müraciətlə qələmə aldığı “Azərbaycançılıq məfkurəsi” adlı yazıda bu mesajlar öz ifadəsini daha yığcam və aydın bir şəkildə tapıb. Ümumən əsərdə Azərbaycançılıq məfkurəsinin elmi-fəlsəfi mahiyyəti sadə və bədii dillə, ustalıqla əks olunub.
Romana münasibəti bir cümlə ilə ifadə edəsi olsaq belə deyərdik: Yazıçı öz istəyinə nail olub, yolunu gözlədiyimiz romanı yaza bilib. Yeri gəlmişkən onu da deyim ki, mənə elə gəlir bu roman son zamanlar mediada daha çox dövriyyəyə buraxılmış: “Azərbaycanda zəfər tariximizə həsr olunmuş sanballı bir əsər yoxdur” mesajına layiqli bir cavab olacaq.
Onu da deyim ki, nədənsə S.Qarayevin ““N” saylı qəhrəmanlıq” romanı mənə gənclik çağlarımızda böyük həvəslə oxuduğumuz, S.M. Ştemenkonun SSRİ ilə faşist Almaniyası arasında gedən müharibədən bəhs edən “Baş ştab müharibə illərində” romanını xatırlatdı. Müharibələrdən bəhs edən əsərlərin, adətən, ortaq mənzərələri olur axı...
Sonda, belə uğurlu bir əsər ortaya qoyduğu üçün romanın müəllifi Sadıq Qarayevi təbrik edir, ona yaradıcılıqda davamlı uğurlar və başarılar diləyirəm.
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)
Akselerativ mədəniyyətin proqressoru
Bahəddin Həzi yazır
Ötən gün professor Qulu Məhərrəmlinin doğum günü idi və “Ədəbiyyat və incəsənət” portalı bu münasibətlə Elman Eldaroğlunun yazısını vermişdi. Bu günsə professordan Bahəddin Həzi bəhs edəcək.
Epiqraf:
"Ayıq intellektualların öz milləti qarşısında həqiqət öhdəliyi var..."
(B.H.)
...Emmanuel Munyenin "şəxsiyyətin mədəniyyəti" deyimini çox sevdim. Bəlkə də müəyyən mənada, ya da tam olaraq şəxsiyyət elə mədəniyyət deməkdir. Hər şəxsə də şəxsiyyət demirik axı.
Əgər bu yazının qəhrəmanı olan professorun şəxsiyyətini iki kəlmə ilə ifadə etmək istəsəm, belə deyərdim: "akselerativ mədəniyyət". Bunun da açması: hər an sürəti artan hərəkətin mədəniyyəti. Artan sürət də özü bir davranış ərdəmidir. Belə adamlar haqqında deyirlər: "Civə kimidir, bir an yerində dura bilmir..."
Professorun "durduğu" yer özü də yetərincə yüksək məqamdır. Ancaq o, ictimai akselerator kimi həm öz sürətini, həm də cəmiyyətin gəlişmə tezliyini yüksəldən bir ziyalı tipidir. Bioloji qanunlar onu yaşlanmaya doğru çəksə də, ictimai missiyası hər yaşda cavanlığını yaşamağa həvəsləndirir. O, qocalmaq əvəzinə köhnələn tipaj deyil, köhnələrsə, qocalacağını bilənlərdəndir. Ona görə yaşlanmaqdan deyil, köhnəlməkdən qorxur. Ona görə bütün daxili yanma enerjisini kreativliyə, innovativliyə ,"konvertasiya" edir.
Fikir vermişəm: o, özündən yaşlıların əhatəsində heç də "yaşlanmır", amma cavanların çevrəsində daha çox cavanlaşır.
Elmi tezisi də belə çağlayan şövqlə və həlim prinsipiallıq və səmimi kompetensiya ilə elə rahat izhar edir ki, sanki... daha bir gözəl qadına kompliment deyir.
Sözün doğrusu, professor çevrəsindəki zəriflərə dediyi komplimentləri toplasa, ayrıca seçilmiş külliyyat olar. Hər cür zərifliyi, illah da zərif cinsin gözəlliyini könüldən görmək və gerçək dəyərini biçmək özü də incə gücün ruh olayıdır. Professorun ruhunu cavanlaşdıran həm də bu özəlliyidir.
Görmüşük, insan, adətən, yaşlandıqca keçmişə (ya da öz keçmişinə) sığınar. Günün ictimai-mənəvi təcilindən qopuq qalanda insan istəsə də, istəməsə də, mental olaraq geri qayıdar, dünənki xatirələrin içində özünə yer eləyib, oturar. Və... ayaqlarını uzadıb əcəlinin addım səslərini dinşəməyə başlar.
Ancaq bütün bunlar Qulu Məhərrəmli deyil; onun yaşayıb bitirdiyi hər bir il sanki özü ilə daha bir illik cavanlıq havası gətirir. Yaşadıqca (və yaşlandıqca), hər an öz sürətini də artırır, başqalarını da ardınca irəliyə çəkir - baxırsan, günlərini sayan gümansız ahılı da "cavanlıq oksigeni" 8ilə tənəffüsə çıxarır.
Bu, fenomenal bir davranış modudur, nadir sayılacaq şəxsiyyət modelidir. İstənilən (və hətta istənilməyən - çıxılmaz!) həyat situasiyasında da özü qalmaq, ətrafa -hadisələrə, proseslərə ayıq və nikbin baxmaq hər kəsə nəsib məziyyət deyil. Təqib olunanda da, təqdir olunanda da onun həyat eşqi eyni tonda, eyni tonallıqda, eyni rəngdə, eyni biçimdə, eyni ritmdəydi. Hətta o işsizliklə, dışlanmaqla sınağa çəkiləndə də təbəssümünün içdənliyi, ünsiyyətinin enerjisi dəyişmir. O, hər cür həyati, elmi, ictimai savaşlardan sonra qalibiyyətin məsuliyyətini də, məğlubiyyətin "təntənəsini" də eyni cür yaşayıb. Tutaq ki, Elmlər Akademiyasının kürsülərində növbəti dəfə elməyaxın, yaxud elmdənkənar zehniyyətlərə "uduzanda" da, Qulu Məhərrəmli bu məğlubiyyətin... müsbət enerjisini ətrafa saçmışdı.
Yəqin ki, oxuyana qəribə gəldi: "təntənəli məğlubiyyət" nə demək oldu indi?!
Məsələ də ondadır; professor bilir ki, haqlıdır. Onu da bilir ki, rəqib inzibati olaraq güclüdür. Ancaq ona bu məğlubiyyətin təntənəsini yaşadan - haqlı olduğunu bilməsinin verdiyi gücün pozitiv enerjisidir.
Professor dəqiq bilir ki, kimsəsiz səhradakı tənhanın səsi səssizlliyi yaralayar, öldürməz. Dərhal öldürməz. Ancaq bu, "heç vaxt öldürməz" anlamına da gəlmir.
Bəli, hamının hamılıqla "Stokholm sindromu"na yoluxduğu - qatilinə ümidsiz aşiq olduğu coğrafi torpaq və tarixi zaman dilimində tənha intellektualların işi həmişə çətin idi.
Professor da bu çətinliyə alışıb, hətta bu çətinliyə sarılıb yaşayan aydınlardandır. O bilir ki, söylədiyi doğru söz tumurcuğu zamanla açılıb kəlam olacaq, pöhrələyib cümlə olacaq, pərdaxlanıb fikir olacaq. Hətta böyüyüb-böyüyüb ictimai mövqe olacaq. Ona görə də bugünkü cari, anlıq, "konyuktur" məğlubiyyət zaman içində məzmununu dəyişib, qalıcı qalibiyyətə çevriləcək.
Bir vaxtlar "Yeddi oğul istərəm" filmi komsomolun vəsfi olaraq qavranılırdı, amma indi o "ekrana" tərsdən baxırıq; əsərin formal fabulası əsl məzmununu için-için dəyişdi.
Odur ki, kimlərsə bugünkü forma üzərində qələbə illüziyasını bayram edərkən, ictimai proqressor sabahkı gerçək məzmunun yolunu möhkəm daxili inam və müdrik təmkinlə gözləmişdi. Zaman professorun haqlı olduğunu özünə də, hər kəsə də dəfələrlə göstərdi. Yüzillərlə "palaza büründürülüb elnən süründürülən" bir insan cəmiyyətində aydın olmaq, həm də Sözün Aydını olmaq asan iş deyilmiş! Üstəlik də... aydın qalmaq.
Dediyim kimi, ayıq intellektualların hər zaman öz milləti qarşısında həqiqət öhdəliyi vardı. Elə bəşəriyyət qarşısında da.
Bu yükü daşımaq - dünyanın, ölkənin, ən azı çevrənin ağrısı ilə yaşamaq... elə-belə gəlməsin. Həm də zamanla korlanan, həqiqət fəhmi, ciddiyyət hissi korşalan bir zəmanədə.
Bir vaxtlar sevgi romanları oxuyanların oğul-uşağı indi xəyanət videolarına "abunədir". Belə bir ortamda həqiqətə sədaqət ikiqat "bahalıdır"; özünə sadiq qalmaq narahat ziyalıya həmişə baha başa gəlir.
Professorun da başına gəlməyən qalmadı; hətta həbsxananın kandarından döndü. Adamlıqdan məhrum birisi onu azadlıqdan məhrum etdirmək istəmişdi. Professor daha bir "təntənəli məğlubiyyət" perspektivi qarşısında idi. Amma bu da sonda qalibiyyətlə sonuclandı.
Professorun üzərində qurulmuş məhkəmə (əsl məzhəkə) davam edərkən mən "Penitensiar Universitetin müstəqbəl professoru" adlı bir yazı yazmışdım. Orda əsas fikri yüklədiyim belə bir cümlə vardı: "Qulu Məhərrəmli həbs olunsa, həbsxanalarda intellektual səviyyə çox yüksələcək".
Bəlkə də bu ağ-qara yumordakı ciddi "pozitiv təhlükə" yetkililəri duyuq saldı və professordan əl çəkdilər.
Bunu istəyən ciddi qəbul edə də bilər. Amma gerçək budur ki, bir ara neqativ anlamda təhlükə professorun başından heç əskik olmurdu.
Məşhur alim və ictimai xadim Aydın Məmmədovun özündən də məşhur bir sözü var: "Başıma bəla başım".
Böyük insanların başına bəla... ən çox öz
ağıllı-qürurlu başının ucbatından gəlib. Bir də danışan dilinin, yazan qələminin. Bunun hər üçü bir şəxsiyyətdə cəmləşibsə, sonrasını siz düşünün.
...Makedoniyalı İsgəndər: "Ləyaqətlə yaşadığıma görə öz atama, bir də Aristotelə minnətdaram" demişdi. Çünki o, bioloji olaraq atasının, şəxsiyyət olaraq müəlliminin meyvəsiydi. Professor Qulu Məhərrəmli də çox meyvələr yetişdirdi; o, məmləkətin ən azman bar ağaclarından biridir. Kölgəsi qalın, həmişəcavan, qürurlu, bərəkətli...
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)
“Cümə günü Əbülfətqızının 10 sualı ilə”də Namiq Dəlidağlı
“Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının budəfəki qonağı AYB və AJB-nin üzvü, dörd publisistika kitabının həmmüəllifi, "Ağ gecənin nağılı", "Otel otağından reportaj" və “Əllidə ələnənlər” adlı şeirlər kitabının müəllifi, "Manevr.az" və "Dəlidağ.az" xəbər saytlarının qurucusu, "Dəlidağ" Ədəbi Birliyinin sədri, şair, jurnalist Namiq Dəlidağlıdır.
Xoş gördük, dəyərli yaradıcımız- Namiq bəy. Yaradıcılığınızla tanış olarkən sözlərin əynində poetik donu görüb suallarımı verməyə çox tələsirəm. Elə isə birinci sualımız özünü "qaranəfəs" halda çatdırdı.
-Namiq bəy, Kəlbəcərin işğaldan azad olunduğu gün özünüzü necə hiss etdiniz? Olarmı ki, o hissləri sözlərlə ifadə edib bizlərə də bir daha o həyəcanı təkrar yaşadasınız?
- Sözsüz ki, özümü çox xoşbəxt hiss etdim. Elə hisslər, duyğular var ki, gerçəkdən onu sözlə ifadə etməyə, dilə gətirməyə adam çətinlik çəkir. O xoş xəbəri eşidəndə hansı hissləri keçirdiyim barədə çoxlu misallar çəkə bilərəm. 28 il göynəyən, hər gün duz basılan yarama bir anın içində su səpildi, ağrı-acıdan xilas oldum, qanıma, iliyimə işləyən yurd-yuva həsrətimə son qoyuldu, uşaqlıq və gənclik xatirələrim bar verən ata ocağına qayıtmaq fürsətim yarandı – bu xoşbəxt anları yaşadım, gözəl duyğulara kökləndim.
Bu xoş və xoşbəxt anları, günləri bizə yaşadan əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, igid döyüşçülərimizə can sağlığı diləyirəm.
-“Bütün fırtınalar həyatınızı pozmaq üçün gəlməz, bəziləri yolunuzu təmizləmək üçün gəlir." (P. Koelyo)
Namiq bəy fırtına ilə üz-üzə gələndə ona qəzəbli gözlərlə baxır, yoxsa, "Nə fırtınalar gördüm" - deyib səbrə yoldaş olur?
- Bu fikir bir yazıçı təxəyyülünün məhsuludur. Razılaşmaq da olar. Hər kəsin həyatında fırtınalar, təlatümlər olur. Yəqin ki, yolumuza davam etmək üçün bu od-alovun içindən keçməli, çətinliklərə sinə gərib dözməliyik. Mən də bu sədləri keçmək üçün yaranmışam.
Qarğış da tale payıdı,
nə verdin qəbulum, Tanrım.
Dərd verən əlin var olsun,
böyükdür səbrim, Tanrım – deyib təsəlliyə üz tuturam.
-Torpağa bir tabut söz basdırdılar...
çəkəcək canına sözün qanını,
yeyib dadlanacaq, sözü, şeiri,
gözü doymayacaq bu şirin daddan.
Namiq bəy, bu misralar unudulmaz şairimiz Məmməd Aslanın xatirəsinə həsr etdiyiniz şeirdəndir. (Allah rəhmət eləsin.) Onu xatırlarkən ilk nə yadınıza düşür?
- Yerişi, duruşu sözü qədər ağır olan, bir Türk kişisi, bir Türk şairi yadıma düşür. M.Aslanı dilimizin saflığını qoruyan, şeirimizin, sözümüzün namını çəkən böyük şair, publisist kimi xatırlayıram. Ruhu şad olsun.
-“Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy libaslara bürünsün." (Mişel de Monten)
Dəyərli Yaradıcımız, gözəl donda yalanla qarşılaşanda hansı misralarınızı qəlbiniz səssizcə səsləndirir?
- Mişel de Montenin sitat gətirdiyiniz fikri mənə “Ən acı həqiqət ən şirin yalandan yaxşıdır” deyimini xatırlatdı.
Bəzi hallarda xırda yalanlar danışmağa mən də “məcbur” oluram. Ancaq tez-tez dilimə gətirdiyim bir söz var ki, “doğruya zaval yoxdur, çəksələr, min divana”.
-Namiq bəy ənənəvilikdən uzaq, fərqli üslubda yazdığı yazıları ilə qəlblərə toxunur. Gənc yazarlara "çərçivədən çıxmağa" ehtiyat edənlərə nə söyləyərdiniz?
- Yazdıqlarım nə qədər “qəlbə toxunur”, onu deyə bilmərəm. Kiməsə məsləhət vermək, tövsiyə eləmək xarakterimə yaddı. Bu gün gənc yazarlar bizdən yaxşı görüb-götürür, dünyagörüşləri fərqlidi. Çox şeyi biz onlardan öyrənməyə çalışırıq. Məncə, "çərçivədən çıxmağa" ən çox yaşlı nəslin ehtiyacı var.
-Ədəbi tənqiddə "qızıl meyar" nədir?
- Bu gün bizdə ədəbi tənqid yox dərəcəsindədir. Bunu mənə qədər də dəfələrlə deyiblər və fikirlərini əsaslandırıblar. Bildiyimiz kimi ədəbi tənqidin əsas vəzifəsi ədəbiyyatın inkişafına xidmət etmək, ədəbi prosesləri izləmək, yeni ədəbi hadisələrin təhlilini aparmaq və sairədir. İndiki ədəbi tənqidin “qızıl meyarı” məmur və imkanlı yazıçıları tərifləmək, onları “dahi”, “böyük” yazıçı, şair mərtəbəsinə qaldırmaqdı. Qalanını da özləri bilir... Bu gün tənqidimiz arzuolunan səviyyədə deyilsə, deməli, ədəbiyyatımız da inkişaf etmir.
-Payız adam, bu fəsil sənin çiyinlərindən
nimdaş plaş kimi asılı qalıb.
Qış kürkünü görmədim.
Dörd ildi gözlərimdə bir fəsildə qalmısan:
bomboz rəngdə.
(Namiq Dəlidağlı)
Namiq bəy, " Payız adam" yenə nimdaş paltarındadırmı?
- Yaradıcı adamlar həm də özlərini ifadə edir – yazdıqlarında, yaratdıqlarında. “Payız adam” nimdaş libasında arzularının ardınca hələ də yol gedir...
-Bilmirdin ki, qarşına
namərd - nadan çıxacaq,
zalım dövran çıxacaq?! ...
"Özü yıxılan ağlamaz",
dur çırp üstünü- başını,
sil gözlərinin yaşını.
"Yaşamağa öyrənginən",
bu dövran sevmir " naşını."
( Namiq Dəlidağlı)
Namiq bəy, namərdləri sözlə "dəyişmək" olur və bacarmısınızmı?
- Nadanlar söz qansaydı, yəqin ki, nadan olmazdı. Bəzi hallarda hansısa bir sözlə onlara təsir etmək olar. Ancaq bu misralar onları tərbiyə etmək üçün yox, öz yaşadıqlarımın, həyatımın bədii tərcümanıdır.
-“Həyat nərdivanlarını çıxarkən insanlarla yaxşı davranmaq lazımdır. Çünki yerə enərkən yenə eyni insanlara rast gələcəyik." (Uliyam Şekspir)
Namiq bəy, olubmu ki, onlar nərdivanı çıxanda yuxarıdan aşağı baxıb "məndən yoxdur"- deyib, amma nərdivandan enəndə: "Namiq qardaşım, səndən yoxdu da, yeganə dostumsan" - söyləyib. Bəs o zaman Namiq Dəlidağlı o "sadiq" dosta nə söyləyib?
-Şair gözəl deyib:
Bu dünya nərdivandı,
Qalxanda mehribandı.
Enəndə nə yamandı.
Həyatımız eniş-yoxuşludu. Bizi “göyün yeddi qatına” qaldıran nərdivan-dövran həm də aşağı salır. Ona görə də bu qalxma və enmə növbəlidi. Gərək, pillələri qalxanda enəcəyini də düşünəsən. Dostlarımın yox, doğmalarımın, qohumlarımın “yuxarı qalxanda” “məndən yoxdu”, düşüncəsində olduqlarını daha çox hiss etmişəm. Ancaq kimsə yıxılanda sevinməmişəm.
-Namiq Dəlidağlının özünün özünə tez-tez verdiyi sual hansıdır?
-Sualı adətən cavab almaq üçün veririk. Cavabım olmayacaq deyə, özümə sual vermirəm. Sadəcə, bəzi fürsətləri fövtə verdiyim üçün təəssüfləndiyim məqamlar olur.
-Dəyərli Yaradıcımız - Namiq bəy, qiymətli şair ömrünüzdən rubrikamıza vaxt ayırdığınız üçün Sizə minnətdarıq, yaradıcılıq uğurları və ən əsas sağlam ömür diləyirik.
Sonda hansı sualımızı daha çox bəyəndiyinizi bilmək istərdik.
- Diqqətinizə görə təşəkkür edirəm. Suallarınızın hamısı dillənməyim üçün imkan yaratdı. Birinci sualınız isə həyatımın boşluğunu dolduran doğma yurdla bağlı olduğu üçün daha gözəl idi.
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)
Mənim üçün dəniz nədir? - ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Salam, mən Mavi.
Dənizin, səmanın və onun gözlərinin ahəngindən doğulan Mavi.
Həyat rəngarəng tonları ilə gözəldir amma, mavi bir başqadır mənim üçün.
Mavi mənim evim kimidir. Hüzurun, sükutun və özümlə dərdləşdiyim həyatın tək çaları mavidir gözümdə.
Ən gözəl mavi tonu hansıdır desən, Xəzərin mavi sularını deyərdim.
Uşaqlığım və gəncliyim Bakıda keçdiyindən dənizə həmişə bir başqa aşinalığım olub.
Balaca olanda dəniz mənim üçün yay əyləncəsinin ən gözəl tərəfi olardı.
Anamın evdə hazırladığı yeməklər, atamın samovar çayı və dəniz kənarı pikniki bir başqa gözəl edərdi.
Sahildə inşa olunan qumdan qalalar və masmavi suda özünü balıq kimi hiss edən körpə qızcığaz..
Uşağlığımın ən özəl çağları dəniz sahilində ləpələrin sildiyi qəlbimin bir ömür saxlayacağı xatirələrlə doludur.
Hətta yadıma gəlir, ilk dəfə adımı yazanda 5 yaşım var idi, əlimdə çubuq bir az düşünüb hərf-hərf adımı yazmışdım dənizə.
Aradan illər keçdi, o qız böyüdü, həyatı, düşüncələri, əhatəsi demək olar ki, tamamilə dəyişdi.
Dəyişməyən bir neçə şey qalmışdı..
Üç-beş uşaqlıq vərdişi, bir neçə gizli xatirə və dəniz sevgisi.
Bir gün böyüdüyümün fərqinə varmışdım.
Təbii ki, həmən gün də Xəzərin qayalara çırpılıb geri dönən ləpələri ilə səssizcə dərdləşirdim.
Uzun müddət idi gəlmirmişəm buralara, uzun müddət idi unutmuşdum dənizin qoxusunu ciyərlərimdə hiss etməyi, ümumiyyətlə hiss etdiyim hər şeyi hiss etməyi, doya-doya yaşamağı, ağlamağı, öz-özümə dərdləşməyi unutduğumu xatırladım. Kiminə görə melanxolik, kiminə görə səmimiyyətsiz buz dağı, kiminə görə də, dərd ortağı idim. Mənə görə mən kim idim, onu yalnız dəniz bilirdi.
Ağlamağıma, gülməyimə, səssizliyimə, zaman-zaman üsyankarlığıma dözən, bəzən sadəcə boş-boş danışan ruhumdakı uşağı bir dəfə belə qapısından qovmadan, qınamadan, yaralamadan, incitmədən, köz tutan yaralarını təzədən qanatmadan, doğmalaşmışdı dəniz mənə. Zamanın izini silə bilmədiyi hər nə var idisə Xəzərin suları silərdi hər dəfəsində sahil kənarından.
Bəzən arzularımı danışardım, bəzən duzlu suyuna öz göz yaşlarmı qarışdıradırdı dəniz.
Mənə dənizi sevdirənlərdən biri də sən olmuşdun sevgili..
Bax indi sən yoxsan bəlkə, amma gözlərinin yadigarı dəniz var yanımda və mən əminəm ki, o məni yalnız buraxmayacaq..
Yalnız son zamanlar ümidim ged-gedə tükənir..
İllər sonra dənizimiz olmaz deyə qorxuram hərdən..
Hər dənizə gedəndə onun insanlardan necə küsdüyünə, insanların onu necə incitdiyinə fikir verirəm.
Bəşər övladı özünü o qədər düşünən olub ki, dənizin tən ortasında neft yatağı inşa edərkən neft tullantılarını dənizə axıdaraq suyu çirkləndirib, onun övladlarını: suitiləri, balıqları, tısbağaları, qurbağaları və daha adını bilmədiyim neçə çeşid heyvanı həm zəhərləyib onların ölümünə yer açır həm də, onların nəsillərinin tükənməsinə səbəb olur. Dənizin suyunu çirkləndirən insan sahili çirkləndirməkdən utanarmı heç? Təbii ki, yox. Sahilə nəzər salıram, birbirindən gözəl restoranlar, birbirindən özəl arxirekturaların düz qarşısında içki şüşələri, qarpız, dondurma, qarğıdalı qabıqları və daha çeşid-çeşid zibillər..
Əminəm ki, dənizə aşiq tək mən deyiləm.
Bilirəm ki, dəniz tək mənim xəyallarımın sığındığı liman deyil.
Bəlkə, bir çoxumuz ən azı mənim qədər dənizdən savayı narahatsınız, axı insan aşiq olduğunu incitmək, qıymaq istəməz..
Məhz buna görə bir çoxumuzun ruhundan xəbərdar olan dənizimizə sadəcə biz sahib çıxa bilər, onun yaralarına məlhəm ola bilərik.
Əks halda baş vermə ehtimalı olan hadisələr isə həqiqətən məni qorxudur..
Quruyan göz yaşlarından sonra söz yaşlarını da quruda biləcəyin dənizin üçün çalış, çalış ki, dənizin qurumasın, ən azı qurumağına səbəbkarlardan biri olma, sənin olana heç olmasa bircə dəfə sahib çıx, qayğı və mərhəmət göstər..
Mən xəyallarımın sığınacağını itirmək istəmirəm.
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)
Cənnətin itirilmiş xəritəsi - İsbiru və sabiru
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
"Zaman geciksə də, nəticə geciksə də, səbr edən mütləq zəfər çalar..."
İmam Əli
Bir dəfə bir tələbə yoldaşım
"Səbrin sonunda nə olur?"-, deyə bir sual vermiş, mən də cavabında: "Məsələn tırtıl kəpənəyə çevrilir..."-, dermişdim.
Tırtıl kəpənəyə çevrilir demişdim, çünki uşaqkən bir dəfə bir cizgi filmi izləmişdim. Filmin baş qəhrəmanı kiçik bir tırtıl idi. Bu kiçik tırtıl həmişə gözəl qanadları olan kəpənəkləri həsrətlə izləyir, özü də bir gün gözəl bir kəpənəyə çevrilib onların sırasına qatılmaq, qanadlarını çırparaq çiçəkdən-çiçəyə qonmaq, səmada pərvazlanmaq istəyirdi.
Fəqət günlər keçsə də bu kiçik tırtıl niyəsə kəpənəyə çevrilmirdi.
Bəzi böcəklər kiçik tırtılı ələ salır ona gülürdülər.
"Sən balaca, çirkin bir qurdsan, heç vaxt gözəl qanadları olan bir kəpənəyə çevrilə bilməyəcəksən"-, deyirdilər.
Kiçik tırtıl bu sözləri eşitdikcə onun ümidləri tamamilə qırılır və o çox kədərlənirdi.
Lakin bəzi müdrik və mehriban böcəklər də vardı ki, onlar qayğı və nəvazişlə kiçik tırtıla səbr etməli olduğunu söyləyir və hər cəhdlə onu bir gün onun da gözəl bir kəpənəyə çevriləcəyinə inandırmağa çalışırdılar.
Bu, az da olsa kiçik tırtılı ümidləndirirdi. Kiçik tırtıl inanırdı ki, bir gün bir möcüzə baş verəcək və o da mütləq gözəl bir kəpənək olacaq. Və səbrlə bu möcüzənin baş verməsini gözləyirdi.
Beləcə, günlər keçir və bir gün balaca tırtıl bir pup düzəldib onun içinə girir. Bir müddət keçdikdən sonra o möhtəşəm möcüzə baş verir, pup qırılır və o kiçik tırtıl bənzərsiz gözəllikdə qanadları olan möhtəşəm bir kəpənəyə çevrilir.
Bu kəpənəyin o qədər gözəl qanadları olur ki, bütün böcəklər həsədlə onun qanadlarına tamaşa edirlər.
O öz gözəl qanadlarını ədayla çırparaq səmada pərvazlanıb digər kəpənəklərlə birlikdə yaşıl çəmənlərdə baş qaldıran rəngarəng çiçəklərin arasında uçmağa başlayır.
Bəli, Əziz oxucu, səbrin sonu bir tırtılın kəpənəyə çevrilməsi anı kimidir.
Bu səbəbdən də mənim üçün hər zaman kəpənəklər yer üzündə ümid, səbr və möcüzələrin təcəssümüdür.
Ərəb dilində "İsbiru və sabiru" deyə çox sevdiyim bir ifadə var.
"Səbr edərkən, səbr etməyə səbr etmək" kimi tərcümə olunan bu kiçik ifadənin necə də gözəl və böyük bir anlamı var.
Bəli, bəzən səbr də yorular çünki və bu zaman səbr etməyin özünə də səbr etmək gərək olar.
Doğrudur, əlbəttə hər tırtıl kəpənəyə çevrilə bilmir təəssüf ki, eləcə də insan da hər dilədiyinə yetişə bilmir bəlkə, amma səbr edib dilədiyinə çatanda da, çox gözəl olur.
Bəzən Allah gecikdirəndə, daha da gözəl olur nəticə və yaxud da bəzən Allah sənin istədiyini sənə vermir, sən məyus olursan. Lakin sən Allahın sənin üçün uyğun bildiyi bu qərara səbr edərək bəzən bir zaman sonra anlayırsan ki, elə bəlkə də o şeyin olmamağı məsləhət imiş, elə bəlkə də xeyirlisi belə imiş. Çünki bizim xeyir bildiyimizdə bir ziyan, olmadı deyə kədərləndiklərimizdə isə bir xeyir vardır, onu biz öz baxış bucağımızdan görə və bilə bilmərik, amma Allah görər və bilər.
Həzrəti Əlinin də dediyi kimi Allahın məni sevdiyini istədiyim hər şeyi verməməsindən anlayıram.
Səbr etmək sizə ən çətin gələn anlarda həzrəti Zəhranın "O qədər səbr etdim ki, səbr mənə baxıb utandı"-, sözlərini xatırlayın.
Səbr edin və də səbr edin.
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)
Dost dosta tən gərək - AKTUAL
Uraqan Abdullayev, “Ədəbiyyat və İncəsənət”
İnkişaf etmək üçün etməli olduğunuz şeylərdən biri də düzgün dost mühiti qurmaqdır. Əgər dost mühitiniz yeyib içib kef edən insanlar üzərində qurulubsa işiniz çox çətin olacaq. Çünki siz bir balaca öz üzərinizdə inkişaf edib öz halınızı daha da yaxşılaşdırdığınız zaman, yəni bir balaca onları keçdiyiniz zaman belə dostlar bunu hiss edəcək və sizə paxıllıqları tutmağa başlayacaq: "nolub daha bizi bəyənmirsən?", "həə, bir az məşq edən kimi şişdin" kimi sözlərlə sizi utandırmağa çalışacaqlar.
Belə anlarda edə biləcəyimiz tək şey var, ya çox güclü bir psixologiyaya sahib olub onların düşüncə frekansını dəyişməlisiniz (ki, bu çox çətin bir şeydir.), ya da o mühiti ordaca buraxıb yeni bir dost çevrəsi qazanmalısınız.
Bu məsələni bütün dostlarımla bir-bir müzakirə etdiyim zaman onlar da öz mühitlərini günahlandırmağa başladılar. Misal üçün: "Kursa yazılmaq istəyirəm, yanımda adam yoxdur." Belə bir düşüncə ilə heç zaman inkişaf edə bilməzsiniz.
Sən yola çıx, yol özü sənə görünəcək. Yəni "köhnə dostlarla birlikdə edim, çünki tək sıxılıram" desəniz hər zaman o dost mühitinizdən asılı olaraq qalacaqsınız.
Mən də əvvəllər məşqə getmək üçün yanımda adam axtarırdım. Amma indi sadəcə stadiona gedirəm və orda qaçan adamlarla tanış olub dostlaşıram. Ora gələn adamların da əsas məqsədi qaçmaq olduğu üçün çox gözəl bir münasibət yaranmış olur. Həm də sağlam bir rəqabət başlayır. Bax sizi inkişaf etdirən, bu sağlam rəqabəti özünüzdə formalaşdırmaqdır...
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
53-CÜ DƏRC
13-CÜ PROSES.
TELMAN QDLYAN
Bu da nəhsinci – 13-cü proses. Axirət insanı üçün 13 rəqəmi, qara pişik, tək səbir kimi nəhs əlamətləri bir əhəmiyyət kəsb etməz, amma bu gün ittiham olunan Əsas dünyanın nümayəndəsi olduğundan 13 rəqəmi onu çox ilgiləndirirdi.
-Qalxın, Divan gəlir!
Tamaşaçılar ayağa qalxıb Divan heyətini alqışladılar. Səhnədə növbəti portretin üzərindən ağ örpək götürüldü. Yaşlı bir kişiydi, xırda gözləri ilə diqqəti cəlb edirdi. Həmin an mühafizəçilər portretdəki şəxsi müttəhim kürsüsünə gətirdilər, kulisdən isə onun adı oxundu:
-Özbək xalqına qarşı amansız cinayətlərdə ittiham olunan Telman Xorenoviç Qdlyan, 80-ci illər SSRİ prokurorluğunun xüsusi müstəntiqi, “Pambıq işi”, yaxud “Özbək işi” deyilən tarixə düşmüş ən çirkin və ən amansız istintaq işinin rəhbəri.
Qdlyan “Gərək elə bu nəhs rəqəm mənə düşəydi?” kəlmələriylə narazılığını bildirib müttəhimlər kürsüsündə əyləşdi.
Dərhal arayış səsləndi:
-Arayış: ““Pambıq işi”, yaxud “özbək işi” Özbəkistan SSR –də Rəşidov idarəçiliyi dönəmində iqtisadi cinayətlər və korrupsiya faktlarını araşdırmaq məqsədi ilə keçirilmiş istintaqların, qaldırılmış cinayət işlərinin ümumi adıdır. Bu prosesə geniş önəm verilmiş, bununla digər Sovet Respublikalarındakı milli kadrlara da “yolunu azmamaq” dərsi verilmişdir. Həmin vaxtda SSRİ iqtisadi tənəzzül dövrünə qədəm qoyurdu, bu proses xalqa günahkarlar təqdim etməyə hesablanmışdı ki, tutalım, uzaq Pribaltikada hansısa bir latış ərzaq qıtlığına görə ölkə rəhbərliyini deyil, Özbəkistanın hansısa kolxoz sədrini müqəssir bilib lənətləsin. Ümumilikdə 800 cinayət işi qaldırılmış, 4 mindən artıq insan cinayət məsuliyyətinə cəlb olunmuşdur.”
Qdlyan yerini rahatladı, onun prosesi 13-cü idisə, demək, o, müttəhimlər sırasını 13-cü tərk etmişdi, orada cəmi 4 nəfər qalmışdı, müttəhimlər kürsüsündən müttəhimlər sırasında qalmış həmin o 4 nəfərə əl elədi, yumruğunu düyünləyib tərpətdi, ermənicə “menk xaktenq” söylədi, erməni dili tərcüməçisi “O dedi ki, biz qalib gələcəyik” deyə Qdlyanı tərcümə elədi, dərhal auditoriyadan narazı ifadələr, fit səsləri eşidildi.
Baş Hakim prosesi açıq elan etdi, bir şəxsin bütün bir xalqa qənim kəsilməsini mümkün edən sovet imperiyasını lənətləyib özbək xalqının dərdinə şərik olduğunu bildirdi, dərhal Qdlyanın tərcümeyi-halı ilə tanış olmaq üçün diktorların dinlənilməsini istədi.
Kişi diktor uca səslə oxumağa başladı:
-Telman Xorenoviç Qdlyan 1940-cı ildə Gürcüstanın Axalkalaki bölgəsində, ermənilərin kompakt yaşadığı Böyük Samsar kəndində anadan olub. Saratov hüquq institutunda təhsil alıb. Əmək fəaliyyətinə Ulyanovsk vilayəti prokurorluğunda müxtəlif vəzifələrin icrası ilə başlayıb, 1983-cü ildə SSRİ Prokurorluğu yanında xüsusi mühüm işlər üzrə baş müstəntiq təyin olunub. Həmin il onu Özbəkistandakı pambıq pripiskası və korrupsiya işini araşdırmaq üçün ora yollayıblar, həmin iş nəticəsində başda aqrar-sənaye birliyinin rəhbəri A.Adılov olmaqla bir neçə yüksək vəzifəli məmur, hətta nazir həbs olunub, bir neçəsi, o cümlədən daxili işlər nazirinin müavini Davıdov intihar edib, Özbəkistana rəhbərlik edən şəxslər – 1-ci katib və Nazirlər Sovetinin sədri vəzifəsindən kənarlaşdırılıb. Bu proses, hətta 1-ci katib Şaraf Raşidovun intiharı səviyyəsinədək gedib çıxıb.
Sonra diktor –Diqqət monitora- söylədi, hamı monitora baxmağa başladı. Monitorda SSRİ Mərkəzi Televiziyasının 1989-cu ilə aid “Pambıq işi” ilə bağlı süjet göstərilirdi. Qdlyan idi, Moskvada – SSRİ rəhbərlərinin qarşısında şəstlə dayanıb onlara həbsxanalara saldığı özbəklərdən müsadirə olunan qızıl-zinyət əşyalarından yaranmış təpəni göstərirdi.
Diktor mətni isə oxunmaqda idi: - Bəli, 1983-cü ildə - SSRİ rəhbəri Andropovun dövründə başlayan və 1991-ci ildə digər rəhbər olan Qorbaçovun dövründə yekunlaşan bu proses doğrudan da Qdlyana böyük məşhurluq gətirmişdi. O, özünü teleulduz ampluasında çox gözəl hiss edirdi. Qorbaçov perestroykasının tarixin ağ ləkələrini aradan götürmək missiyasını həyata keçirən “Vzqlyad” proqramına çıxır, kommunist rejimin cinayətlərini Özbəkistan üzərində isbatlamağa çalışırdı. Hətta SSRİ rəhbərliyinin təmsilçisi Yeqor Liqaçov söyləmişdi ki, Telman Qdlyan və onun həmkarı Nikolay İvanov SSRİ-nin dağılmasına Pambıq işi prosesi ilə ciddi töhvə vermişlər.
Süjet nümayişi bitəndən sonra diktor mətni davam etdi:
-Rəsmən Sovet və Rusiya ictimai-siyası xadimi kimi tanınan müstəntiq Qdlyan SSRİ dağılanda isə Moskvada yeni prosesə cəlb olundu, bu dəfə korrupsiyaya qurşanmış ittifaq rəhbərlərinə kompromat toplayırdı, demokratlara qoşulması, Qavriil Popovla birgə bütün müxalifət mitinqlərində iştirak etməsi isə siyası ambisiyalardan daha çox özünüqoruma instinktləri ilə bağlıydı. Çünki onu istintaq altında olanlardan rüşvət almaqda ittiham edənlər vardı. Qdlyanın başında həmişə zil qara panama olardı və insanlar uzaqdan tribunadakı panamalını görməyə alışmışdılar.
Baş Hakim diktora xitabən söylədi:
- Moskvada həmin o mitinqlərin birinin mən də canlı şahidi olmuşam, Qavriil Popovu mən də tanıyırdım, demək ki, böyründəki panamalı Qdlyan imiş. Amma diktorun indicə ötəri toxunduğu bir detalı mütləq şərh etmək lazımdır. Mühakimə etdiyimiz şəxsin demokrat libasına bürünməsinin konkret səbəbi 1989-cu ilin mayında SSRİ Prokurorluğunun ona qarşı cinayət işi qaldırması idi. SSRİ-nin o vaxtkı prokuroru A.Suxarev 2011-ci ildə keçmiş xatirələrindən söz aşarkən “Pambıq işi”nə də toxunmuş, belə söyləmişdi. Bir dəqiqə, qoyun oxuyum.
Baş Hakim Qdlyanın “Mən etiraz edirəm. Bu, şər və böhtandır” deyə çığırmasının müşayiəti altında qeyd dəftərindən oxumağa başladı:
-”Mən baş prokuror idim, ən son işim Qdlyanın işi oldu. O, prokurorluq əməkdaşı olsa belə korrusiya yolunda dayanmışdı. Qdlyan o dövrdə çox məşhurlaşmışdı, Ali Sovetin deputatlığına yüksəlmişdi. Mənimçünsə bu iş şərəf işi idi. Biz dərhal müəyyən sanksiyalara nail olduq. 1990-cı ilin fevralında o, partiya sıralarından xaric edildi, aprelddə SSRİ Ali Soveti Qdlyanın fəaliyyətindəki nöqsanları faş elədi, ardınca o, Prokurorluqda tutduğu vəzifəsindən də azad edildi. Amma Ermənistanda dərhal öz adamlarına yiyə duranlar tapıldı, Qdlyanı Ermənistan Alı Sovetinin deputatı etdilər, o, Moskvada yaşaya-yaşaya toxunulmazlıq statusu əldə etməklə dərhal “Demokratik platforma” deputat qrupunda yer aldı, ”Demokratik Rusiya” hərəkatına üzv oldu. Çox təəssüf ki, SSRİ-nin dağılması səbəbindən “siyasi şəraitin dəyişməsi” formulirovkası ilə 1991-ci ildə Qdlyanın cinayət işinə xitam verildi.”
Qdlyan yerindən var gücü ilə bağırdı:
-Bu necə mötəbər yerdir ki, orada boş, absurd sözlər səslənir? Suxarev sadəcə o vaxtlar mənim karyera yüksəlişimi həzm edə bilməyib yerimə göz dikmişdi, sonradan da ağlına gələnləri yazdı, onun cızma-qaralarının ədalət divanına əsla dəxli yoxdur.
Baş Hakim “Biz Divanda ən mötəbər mənbələrə müraciət edirik, cənab Qdlyan” sözləri ilə Qdlyanı yerində oturdub diktordan davam etməsini xahiş etdi. Diktor da davam etdi:
-Qdlyan əməllicə əl-qol açmışdı, hətta o dövrün olduqca populyar proqramı olan, Qorbaçov perestroykasının ruporu sayılan “Vzqlyad” teleproqramının aparıcısı Yevgeni Dodolevlə birgə “Piramida 1” kitabını ərsəyə gətirmişdi. Rusiya Xalq Partiyasını təsis etmiş, İnsan hüquqlarının müdafiəsi və mərhəmət Fondlarını yaratmışdı. Xüsusən, Özbəkistanda törətdiyi qanunsuzluqlar və haqsızlıqlar, insan haqlarının kökündən tapdanması, şantaj və cəzavermələrlə dolu istintaq, dəlil-sübutsuz insanları həbs etmək, onların həyat yoldaşlarını, azyaşlı uşaqlarını belə həbsxanaya salmaq kimi qansızlıqlar və rəzalətlər törədən bir kəsin “mərhəmət”, “insan hüququ müdafiəçisi” ampluası hədsiz riyakarlıq kimi görünürdü. 1991-ci ilin avqustunda qiyam nəticəsində SSRİ-də hakimiyyət dəyişikliyi olanda demokrat imicli Qdlyan da həbs olunaraq VDV kazarmasında yatmalı oldu. Həbsdən çıxdıqdan sonra daha aktiv şəkildə ictimai fəaliyyətə qoşuldu, Dodolevlə birgə “Piramida 2” və “Qanunsuzluq dövrünün mafiyası. Kreml işi” kitablarını da yazdı. Bu kitablarda Qdlyan özünü Kreml və Özbəkistanın qorxunc korrupsioner mafiyası ilə təkbaşına mübarizə aparan qəhrəman ampluasında təsvir etmişdi.
Yaşlı hakim özünü saxlaya bilməyib yerindən söz atdı:
-Çox riyakar bir siyasət!
Qdlyan da sükutda qalmayıb ona dərhal cavab qaytardı:
-Xeyir, mən həqiqətən demokrat olmuşam, Qorbaçovun devrilməsi, yerinə demokrat Yeltsinin gəlməsi bizim iradəmiz hesabına baş tutub. O vaxtlar...
Baş Hakim müdaxilə edib Qdlyandan diktora mətni oxuyub tamamlamasına imkan verməyi xahiş etdi.
Diktor oxunuşa davam etdi:
-1992-1994-cü illərdə Qdlyan siyası olimpdə bir az da parladı, Yeni Rusiya siyası blokuna rəhbərlik etməyə başladı. Rusiya Prezidenti yanında İctimai Palataya üzv seçildı. 1995-ci ildə ictimai-siyası vəzifələrinə birini də əlavə etdi, “Novıy vzqlyad” qəzetində köşə aparmağa başladı. Yazılarında hey Özbəkistan və Kreml mafiyasını vurur, onları “vətən mafiyası-daxili faşistlər” kimi qələmə verirdi. 1995-1999-cu illərdə yaşadığı Moskvanın Babuşkino dairəsindən Dövlət Dumasına deputat seçildi. Avroparlamentlə əlaqələr üzrə nümayəndə heyətinə başçılıq etdi. Rusiya regionları üzrə deputat qrupunun üzvü oldu, “Rusiya-Yunanıstan” parlament qrupuna başçılıq etdi. O ki qaldı, bugünkü Qalyana, Qdlyan hələ də ona “çörək vermiş” Özbəkistan işi barədə müsahibələr verir, açıqlamalarla gündəmə gəlir. Hələ də özünü qəhrəman sanır. Özbəkistanda isə onun əməllərinə gec də olsa lazımi qiymət verilməsini tələb edirlər.
Diktor mətnini bitirdi, Baş Hakim ona minnətdarlıq edib ekspertlərdən xahiş elədi ki, Özbəkistan – Ermənistan münasibətləri barədə mütləq arayış səsləndirsinlər. Amma indilikdə isə diktorun son cümləsinə aydınlıq gətirilməsini istədi Baş Hakim: Özbəkistanda Qdlyandan nə kimi narazılıqlar və şikayətlər var? Bu ki, prosesə əlavə rəng qatır, çalarlar verir?
Baş ekspertin göstərişi ilə ekspertlərdən biri – alman kürsüyə çıxıb öz alman dəqiqliyi ilə hazır arayışı oxumağa başladı:
-“Yaxın zamanda Özbəkistanın bir qrup ictimai xadimi respublika prokurouna müraciət edərək 80-ci illərdə SSRİ Prokurorluğunun xüsusi işlər üzrə müstəntiqi olmuş, hazırda Moskvada yaşayan milliyyətcə erməni Telman Qdlyan barədə cinayət işi açmağı xahiş etdi. Müraciəti imzalayanlar tarixçi-publisist Şöhrət Salamov, psixoloji elmlər doktoru Mahmud Yuldaşev, Kaşkadarya vilayət Daxili İşlər Nazirliyi siyası şöbəsinin keçmiş müdiri Ollomurod İsakulov, ehtiyatda olan podpolkovnik Şokir Dolimov və yazıçı Akbar Mirzo idilər”.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)